ROMAN - Toni Morrison "Evə qayıdış"

Tərcümə: İlqar Əlfi

1931-ci il fevralın 18-də Ohayo ştatının Loreyn şəhərciyində fəhlə ailəsində dünyaya gəlib. Uşaq yaşlarından mütaliəyə böyük maraq göstərib. Özünün yazdığına görə, ən sevimli yazıçıları Ceyn Ostin və Lev Tolstoydur.

Morrison müsahibələrindən birində deyir ki, onda yazıçılığa həvəs oyadan çox söhbətcil atasının uzun qış gecələrində danışdığı maraqlı əhvalatlar olub. Həmin əhvalatların qəhrəmanları Amerikanın qaradərili sakinləri idi. Bu mənada onun qəhrəmanlarının zəncilər olması da təsadüfi deyil. Harvard Universitetində bakalavr, Kornell Universitetində magistr dərəcəsi alan Toni Morrisonun elmi işinin mövzusu Folkner və Virciniya Vulfun əsərlərində intihar mövzusu olub.

Yazıçının ilk əsəri 1970-ci ildə yazdığı “Ən mavi gözlər” romanıdır. Onun “Sevgili” romanı 1987-ci ildə Pulitser mükafatı alıb. T.Morrison 1993-cü ildə Nobel mükafatına layiq görülüb.

Oxucularımıza təqdim etdiyimiz “Evə qayıdış” romanı Toni Morrisonun son əsərlərindəndir.                                    

 

EVƏ QAYIDIŞ

(Roman)

  (əvvəli ötən sayda) 

8 

Ceki paltarı çox yaxşı ütüləyirdi. Döşəməni o qədər də yaxşı yumurdu, amma Lenora ona ciblərin, manjetlərin, yaxalığın, köbələrin öhdəsindən məharətlə gəldiyinə görə dözürdü. Xırdaca əlləriylə ütünü necə ustalıqla hərəkət etdirdiyinə, odun sobasının hərarətini necə tənzimlədiyinə baxmaq zövq verirdi. Ütünün istiliyini, paltarı yandırmayıb asan ütüləməsini gözəl hiss eləyirdi... On iki yaşı vardı, çılğın uşaq oyunlarını işə böyük adamlar kimi yanaşmaqla gözəl uzlaşdırırdı. Yolda saqqızı şartək şişirtməsini, top-top oynamasını, palıdın budağından təpəsi üstə asıldığını görmək olardı. On dəqiqədən sonra isə balıq təmizləyir, toyuq yolurdu. Döşəməni yaxşı yuya bilməməsinin günahını da Lenora özündə görürdü. Taxtanın başına adi cır-cındır sarıyırdılar, kəndirdən toxunan, əsl döşəmə əsgisi yox idi. Lenora fikirləşirdi, qıza desin, dizlərini yerə qoyub yu, amma onun bədənini belə vəziyyətdə görmək istəmirdi. Salemdən dəfələrlə xahiş etmişdi ki, mister Heyvudla Ceffriyə ərzaq dalınca gedəndə döşəməsilən də alsın. O isə belə cavab verirdi: “Sən maşın sürə bilirsən. Özün get də”. – Bu, döşəmə silmək üçün harasa getməməkdən ötrü bəhanələrindən biri idi.

Lenora köksünü ötürür, çalışırdı ki, Salemi birinci əri ilə müqayisə etməsin. Ah, o, necə gözəl insan idi. Həm də yalnız qayğıkeş, zirək kişi, yaxşı xristian deyildi, üstəlik, pul qazanırdı. Onun əsas yoldan qəsəbəyə burulan yerdə benzindoldurma məntəqəsi vardı – benzin tökmək üçün ən münasib yer sayılırdı. Gözəl insan idi. Faciədir, çox böyük faciədir ki, belə bir adamı güllələdilər. Ona kimsə paxıllıq edir, məntəqəni ələ keçirmək istəyirdi. Sinəsinə kağız da qoymuşdu: “Rədd olun cəhənnəmə. Dərhal”. Depressiyanın tüğyan etdiyi vaxtlar idi, şerifin adi qatili axtarmaqdan qat-qat vacib qayğıları vardı. Həmin kağızı götürüb dedi ki, təhqiqatla məşğul olacaq. Lap məşğul olsa belə, nəticəsi barədə heç nə demədi. Xoşbəxtlikdən, ərinin pulu, sığortası, Lotusda, Corciyada əmisi oğlunun boş evi vardı. Qorxurdu, ərini öldürənlər ona da bir şey eləyərlər. Odur ki, evini satdı, maşına yerləşən nəyi vardısa, hamısını götürüb, Alabamanın Hartvill şəhərindən Lotusa köçdü. Qorxusu yavaş-yavaş unudulurdu, amma tək-tənha yaşayıb, özünü təhlükəsiz hiss etməsinə bəs etmirdi. Dul kişi olan Salem Mani ilə evlənməsi, müvəqqəti olsa belə, bu problemi həll etdi. Lenora evin təmiri üçün adam axtarırdı. Tanrı Konqreqasiyası kilsəsinin pastoru ilə danışdı. Pastor da bir neçə adamın adını çəkdi, amma eyhamla bildirdi ki, belə işlər üçün Salem Maninin vaxtı da var, səriştəsi də. Düz deyirdi, çünki Salem bu ətrafda evli olmayan tək-tək kişilərdən idi, güclərini, imkanlarını birləşdirmələrinə heç nə mane olmurdu. Lenora sükan arxasına oturdu, Maunt-Heyvenə nikah şəhadətnaməsi dalınca getdilər, amma məmur qadın sənədi verməkdən imtina etdi, çünki heç birinin doğum haqqında şəhadətnaməsi yox idi. Hər halda, o, belə izah etmişdi. Lakin bu özbaşınalıq onların qarşısını kəsmədi. Kəbinlərini Tanrı Konqreqasiyasında kəsdilər.

Alabamadan sonra burada yurd salan kimi özünü təzəcə təhlükəsizlikdə hiss etməyə başlamışdı ki, Salemin evlərindən qovulmuş qohumu oğlu Lüter, arvadı İda ilə digər oğlu Frenk, nəvəsi ikinci Frenk, bir də təzə doğulmuş ağlağan qızı ilə tökülüşüb gəldi.

Bu, dözülməz idi. Salemlə onun yaxşı ev-eşik qurmaq səyləri boşa çıxmışdı. Bir dəqiqə belə tək qalmaq mümkün olmurdu – artıq həyətdəki kiçik evə köçməyə hazırlaşırdı. Adəti üzrə, erkən durub səhər yeməyinə gedəndə bütün ev boyu yerə sərilmiş – yatan, uşağını əmizdirən, xoruldayan bədənlərin üstündən keçməyə məhkum idi. Amma buna da alışdı: yeməyini kişilər gedəndən, İda körpəsini özüylə tarlaya aparandan sonra yeyirdi. Ən çox gecələr uşaqların ağlaşma səsindən bezirdi. İda da günlərin birində ondan xahiş etdi ki, körpə qızını saxlasın, çünki artıq böyüyüb, tarlada iş görə-görə uşağa göz qoya bilmir. Onda Lenoraya elə gəldi, dəli olacaq. Rədd edə bilməzdi, razılaşdı, həm də, əsasən, körpəyə əsl analığı, onsuz da, dördyaşlı qardaşı elədiyinə görə boyun qaçırmadı.

Bu qaçqın, evsiz qalmış ailə ona minnətdar olsa da, bütün arzularını yerinə yetirsə də, heç vaxt şikayətlənməsə də, Lenora üçün o üç il çox ağır keçdi. Onların qazancından heç nə götürmürdü: “qoy pul yığsınlar, özlərinə ayrıca ev tutub burdan çıxsınlar”. Darısqallıq, narahatlıq, əlavə işlər, ərinin biganəliyi... onun sakit limanını təməlindən uçurmuşdu. Həyat onu beləcə aldatmışdı. Getdikcə sıxlaşan narazılıq buludları isə artıq hansı səmtə üzəcəyini bilirdı: indi oğlanla qızın başının üstünü alırdı. Hər şeyin bədəlini uşaqlar ödəyirdi, amma Lenora elə bilirdi ki, onlara qarşı əzazillik eləmir, sadəcə özünü ciddi nənə kimi aparır.

Qız maymaq idi, dəqiqəbaşı gərək irad tutaydın, səhvini düzəldəydin. Doğulduğu şərait də uşağa yaxşı bir şey vəd etmirdi. Yəqin, onun yöndəmsizliyinin, yaddaşsızlığının bir tibbi adı da vardı. O qədər unutqan idi ki, döysən də, döyməsən də, toyuq hinini bağlamağı hər gecə unudur, yeməyi üst-başına dağıdırdı. “Sənin iki paltarın var. İki! Hər yemək yeyəndən sonra onları yumalıyam?” Qızın başına qapaz vurmaqdan Lenoranın qarşısını ancaq qardaşının gözlərindəki nifrət kəsirdi. Oğlan bacısını daim müdafiə edir, ona təsəlli verir, pişik körpə balasını qoruyantək qoruyurdu.

Nəhayət, ailə öz evinə yığışdı. Sakitlik, qayda-qanun bərqərar oldu. İllər keçdi, uşaqlar böyüyüb dağılışdı, valideynlər xəstələnib öldü, qıtlıq oldu, tufan evləri, kilsələri dağıtdı, amma Lotus dözüb davam gətirdi. Elə Lenora da – güclü başgicəllənmələri tezləşənədək dözürdü. Onda Cekinin anasını yola gətirdi ki, bəzi təsərrüfat işlərində kömək etsin. Onu karıxdıran yalnız qıza elə bil dayəlik edən iti idi. Qəhvəyi doberman qızdan bircə dəqiqəliyinə belə aralanmırdı. O yatanda, hətta kiminsə evində olanda it qapının ağzında uzanıb, başını cütlədiyi pəncələri üstə qoyurdu. “Eybi yoxdu, – Lenora fikirləşirdi, – təki eyvanda, həyətdə qalsın”. Başqa yol yox idi, axı evdə ayaq üstə uzun müddət qalmaq tələb edən işləri kimsə görməliydi. Bundan savayı, o, Cekidən qəsəbədəki yenilikləri də öyrənirdi.

Lenora, Sinin qoşulub qaçdığı şəhərli oğlanın maşını apardığını, üstündən bircə ay keçəndən sonra isə qızı da atdığını, o isə xəcalətindən evə qayıda bilmədiyini elə Cekidən eşitdi. “Aydındı, başqa necə olmalıydı ki, – Lenora düşünürdü. Hər şey elə onun təxmin etdiyi kimi olmuşdu. – Bu qız adam kimi qanuni yolla ərə getməyi belə bacarmadı”. Fikirləşirdi ki, gərək, heç olmasa, özü müəyyən qeydiyyat aparılmasında israr göstərəydi. Eləmədi. İndi ortadakı – “birgə yaşamaq” dumanlı, anlaşılmaz bir şey idi. Heç bir öhdəlik-filan yoxdur: biri kefi istəyəndə “Ford” oğurlayır, digəri ağzıgünə, əliboş qalır...

Ceki ona oğullarını Koreyada itirən iki ailədən danışdı. Biri Daremlərin oğlu Maykl idi. Frenkin dostu olan həmin avara oğlandan Lenoranın zəhləsi gedirdi. Meylin və Hayard Stounların oğlu Staff isə həlak olmuşdu. Həmin üçlükdən sağ qalan təkcə Frenk idi. Deyilənlərə görə, o da Lotusa qayıtmaq fikrində deyildi. Daremlər və Stounlar, təbii ki, övladlarının ölümünü özlərinə dərd eləmişdilər. Guya onların bərbərxanada işləyən qadının evinə gedib-gəldiklərini tamam unutmuşdular. Pozğun idilər, bunu hamı danışırdı. Deyirdilər ki, biabırçılıqdı. Qadının adı missis K. idi. Ona həyasız demək az idi. Pastor Olpson onlara gedib deyəndə ki, yeniyetmələri yaxın buraxmasın, hikkəsindən fincanındakı qəhvəni üstünə atmışdı. O qadınla söhbət eləməyə pastoru oğlanların nənələri razı salmışdı; belə şey nə atalarını, nə analarını maraqlandırırdı. Onlara qalanda, yazıq oğlanlar haradasa öyrənməliydilər axı, əgər həmin qadın ərlərinə girişmirdisə, uşaqlara xeyri ziyanından çox idi. Başları ona qarışsa, qəsəbənin qızlarına da problem yaratmazdılar, sakitlik olardı. Missis K. kimsəni aldadıb yanına salmırdı, qonaqlarından heç pul da almırdı. Görünür, arabir iştahası güc gələndə, özünün də ehtiyacı olduğundan, oğlanların könlünü xoş eləyirdi. Üstəlik, o ətrafda ondan yaxşı saç düzəldən yox idi. Lenoranın heç vaxt ağlına gəlməzdi ki, yolu keçib o pozğun qadına “sabahın xeyir” desin, ya da onun murdar mətbəxində oturub hal-əhval tutsun.

Bütün bunları necə var, söylədi. Qız söhbətdən bir az narazı qalsa da, Salem kimi onunla mübahisəyə girişmədi.

Lenora çox bədbəxt qadın idi. Ərə getmişdi ki, tək qalmasın, amma ətrafındakı adamlara nifrət etdiyindən, özünü yenə tənha sayırdı. Təsəllisi bankdakı pulu, şəxsi evi, bir də maşını idi. Həm də bu ətrafda barmaqla sayılacaq maşınların ikisi onda idi. Ceki indi onun iş ortağı sayılırdı, amma özü hansı həddə istəsə, ortaqlıqları da o qədər olurdu. Bütün məziyyətləri ilə yanaşı, qulaq asmağı da yaxşı bacaran, əla işçi olan qızın qiyməti Lenoranın gündəlik verdiyi iyirmi beş sentdən qat-qat artıq olardı.

Sonra bunun da axırı çatdı.

Mister Heyvud günlərin birində gəlib danışdı ki, düz gözləri qarşısında yük maşınının banından kimsə yola iki küçük atdı. O, maşınını saxlayıb küçüklərdən birini götürmüşdü. Heyvan dişi idi, o birindən fərqli olaraq, boynu sınmamışdı. Küçüyü şəhərdən gətirdiyi konfetlərlə, komikslərlə birgə uşaqlara vermişdi. Uşaqların bəzisi hədiyyəyə sevinir, küçüyə məmnuniyyətlə qulluq edirdilər, digərləri isə ona əzab verməkdən zövq alırdılar. Ceki isə küçükdən ötrü ölürdü, yedirdir, incitməyə qoymur, ona cürbəcür oyunlar öyrədirdi. Təəccüblü deyil ki, it də onu hamıdan çox istəyən qıza bağlanmışdı. Ceki itinin adını Bobbi qoymuşdu.

Bobbi, adətən, toyuqları yemirdi. Daha çox göyərçinlərə üstünlük verirdi – onların sümüyü daha şirin olur. Yem dalınca heç düşməzdi, nə versələr, özü nə tapsa, onunla kifayətlənirdi. Odur ki, Lenoranın evinin qabağında eşələnən fərə elə bil özü onun dişi üçün gicişirdi. Lenoranın Bobbini ölmüş fərədən qovub uzaqlaşdırdığı ağacı isə qadının yeriyəndə söykəndiyi əsası idi.

Onda Ceki bayırdan zingilti eşitdi, ütünü mələfənin üzərində qəhvəyi iz qoymağa buraxıb, bayıra, Bobbinin hayına yüyürdü. Həmin hadisədən sonra nə özü, nə Bobbi bir daha Lenoranın evinə qayıtmadı. Köməksiz qalmış, ərindən yardım görməyən Lenora birinci ərinin ölümündən sonra Salemlə evlənənəcən olduğu kimi, tənha qaldı. Qonşularla dostlaşmaq da artıq gec idi – gör nə vaxtdan bəridi qonşulara onların kim, özünün kim olduğunu anlatmaqla məşğul idi. Qızın anasından kömək istəməyi alçalmaq sayırdı, həm də mənasız iş idi, çünki cavab həmişə eyni olacaqdı: “Bağışlayın”. İndi məcbur idi ki, hamıdan yüksək qiymətləndirdiyi adamla – elə özüylə qane olsun. Çox güman, Lenoranın Lenora ilə sıx ünsiyyəti isti iyul gecəsi onu vuran yüngül iflicin əsas baiskarı da ola bilərdi. Salem içəri girəndə arvadını çarpayının yanında dizi üstə görmüş, birbaş mister Heyvudun yanına cummuşdu. Kişi də qarını Maunt-Heyvenə, xəstəxanaya çatdırmışdı. Orada uzun-uzadı nigaranlıqdan sonra həkimlər elə dəhlizdəcə xəstə ilə məşğul olmağa başlamış, daha böyük fəsadların qabağını almışdılar. Bu xəstəlikdən sonra qadının nitqi pozulmuş, amma yeriməyi yavaş-yavaş təzədən öyrənə bilmişdi. Salem onun əsas ehtiyaclarını təmin edirdi, amma qadının bircə kəlməsini də anlamadığına əmin olandan sonra xeyli yüngülləşmişdi. Hər halda, özü belə deyirdi.

Mömin, əməlisaleh qonşularının xoş niyyəti özünü xəstə qadına xörək gətirməkdə, evini süpürüb, paltarlarını yumaqda, üstəlik, özü qürurunu sındırıb, imkan versə, çimizdirməkdə büruzə verirdi. Bilirdilər ki, kömək etdikləri qadın onlara nifrət bəsləyir, ona görə də özlərinə gün kimi aydın olan həqiqəti ucadan söyləməyə heç vaxt ehtiyac duymurdular: Tanrı Möcüzəni Ağlasığmaz Yollarla Göstərir...

9

Koreya.

Bunu təsəvvür edə bilməzsən, çünki orada olmamısan. O cansıxıcı mənzərəni təsvir edə bilməzsən, çünki görməmisən. Əvvəlcə sənə soyuqdan deyim, onun sərtliyindən danışım. Sadəcə donmursan. Koreyanın soyuğu əzab verir, canına yapışqan kimi yapışır, heç cür qoparıb ata bilmirsən.

Döyüş qorxuludur, amma həyatın özüdür. Əmrlər alırsan, yoldaşlarını qoruyursan, düşməni öldürürsən – döyüşdə hər şey aydındır, əməlli fikirləşməyə vaxt yoxdur. Pisi gözləməkdir. Saatlar bir-birinin ardınca ötür, sən isə uzun, soyuq günlərdən bacardığın kimi keçib-gedirsən. Ən pisi isə qarovulda tək durmaqdır. Adam tüfəngini düzəltmək üçün əlcəklərini çıxaranda dönə-dönə baxar ki, görsün, dırnaqları qaralmayıb ki?.. Qarovulda bir hərəkət sezmək, bir səs eşitmək üçün gözünü dörd açırsan, qulaqlarını şəkləyirsən. Görəsən, monqollar deyil ki? Onlar şimali koreyalılardan da pisdilər. Monqollar heç vaxt dinc durmurlar. Elə bilirsən ölüb, o isə dönüb arxandan vurur. Səhv etsən, srağagünkü balıq kimi çoxdan ölmüş olsa belə, arxayınlıq üçün bir patron mütləq işlətməlisən.

Bax mən də saatlar uzunu ara-sıra divara söykənib qarovulda dururdum. Aşağıda, lap aralıda sakitlik çökmüş kənddən başqa bir şey görmək mümkün deyildi; evlərin küləş damları uzaqdakı dağlara bənzəyirdi; məndən sol tərəfdə qarın içindən donmuş bambuk zoğları boy vermişdi. Ora zir-zibil tökürdük. Ayıq-sayıq olmağa çalışıram, ətrafa diqqət kəsilirəm ki, oralarda bir cüt badamı göz, ya qış papağı görə biləcəyəm, ya yox. Adətən, heç nə tərpənmirdi. Amma bir gün bambukluqda nəsə şaqqıldadı. Kimsə hərəkət eləyirdi. Bilirdim ki, düşmən deyil: onlar heç vaxt tək olmurdular; fikirləşdim, yəqin, pələngdi. Deyilənə görə, onlar dağlarda dolaşırdılar, amma bizimkilərdən öz gözləriylə görən olmamışdı. Sonra bambuklar lap aşağıdan aralandı. İtdi? Yox. Uşaq əli idi, bambukların arasından uzanıb yerdə nəsə axtarırdı. Xatırlayıb gülümsündüm. Si ilə birgə missis Robinsonun ağacının altına tökülmüş ərikləri necə oğurladığımız yadıma düşdü – sürünə-sürünə yaxınlaşırdıq, çalışırdıq səs salmayaq ki, bizi görüb qayışı qapmasın... Birinci dəfə o qızı qovmaq istəmədim, ona görə, az qala, hər gün gəlməyə başladı, bambukların arasından keçib, tullantılarımızın içində eşələnirdi. Sifəti bircə dəfə göründü. Adətən, bambukların arasında, yerdəki zibillikdə eşələnən əlini görürdüm. Onun hər gəlişi məni sevindirirdi: elə bil quşun öz balalarını yemləməsinə, ya da soxulcan tapacağına əmin olan toyuğun yer eşməsinə tamaşa edirdim.

Hərdən bəxti dərhal gətirir, nəsə yemək tapıb götürürdü, bəzən isə barmaqları torpaqda dolaşır, uzun-uzadı axtarırdı. Lap elə bil lilin içində eşələnən balaca dəniz ulduzuydu. Mənim kimi, o da solaxay idi. Yenotların zibil qablarında necə eşələndiyini görmüşəm – onlar nə axtardıqlarını yaxşı bilirlər. Bu qız üçünsə hər şey yemək idi – təki dəmirdən, şüşədən, kağızdan olmasın. O, yeməyi – əsgər payının qalıqlarını, anaların sevgi ilə göndərdiyi peçenyeni, şokoladlı keksi, mer-meyvə tullantılarını gözləriylə yox, barmaqlarının ucuyla axtarırdı... Yumşaq, çürük, qaralmış portağaldı, əlini ha uzadır, barmaqları ona çatmır. Mənim əvəzləyicim gəlib çıxır – onun əlini görür, başını bulayıb gülümsünür. Qıza yaxınlaşanda o, ayağa qalxır, əzbərdən söyləyirmiş kimi, öz dillərində tələsik nəsə deyir: “nəm-nəm”ə oxşayan nəsə bir şey.

Qız gülümsünür, əlini əsgərin şalvarının qabağına uzadır, ona toxunur. Nəm-nəm? Baxışlarımı əlindən çəkib sifətində gəzdirirəm, ağzında iki dişinin çatmadığını, alnına düşən qara kəkilini görürəm... Gözətçi isə həmin sifəti tüfəng atəşiylə dağıdır. Qızın əli zibillikdə qalır – barmaqları bayaqdan götürmək istədiyi sərvətdən – çürük portağaldan acgözcəsinə yapışıb.

O ölkədə rastlaşdığım hər mülki şəxs öz balalarını qoruya-qoruya ölməyə hazır idi (elə ölürdü də). Adamlar heç düşünmədən balalarını öz bədənləriylə örtürdülər. Lakin elə pozğununu da görmüşdüm ki, yetkin qızlarını satmaq onlara azlıq edirdi – azyaşlı uşaqlarını da satırdılar.

İndi bu barədə düşünəndə elə fikirləşirəm ki, həmin gözətçi o an yalnız nifrət hiss etmirdi. Şəhvət də hiss edirdi – atəş açanda da şəhvətini məhv etmək istəyirdi.

Nəm-nəm.

10

 “Corcian”da səhər yeməyi kəndçisayağı idi: qırmızı sousla vetçina yedi. Frenk vağzala qabaqcadan gəldi ki, vaqonda oturaq yerə bilet ala bilsin. Kassir xanıma iyirmidollarlıq əsginas uzatdı, pulun artığını – üç sent aldı. Dördün yarısında vaqona girib rahat kreslosuna əyləşdi. Qatarın yola düşməsinə qalan yarım saat ərzində gözləri qarşısında hər an canlanmağa hazır olan xəyallara daldı.

...Mayk onun qollarında ağrıdan qıvrılır, çırpınır, Frenk isə ona çığırır: “Ölmə, qardaş, ölmə. Dayan. Ölmə. – Sonra da pıçıltıyla: – Xahiş eləyirəm, yalvarıram”. Mayk danışmaq üçün ağzını açır, Frenk başını ona sarı əyir.  “Bankir, Bankir, anama demə...”

Sonra Staff ondan Maykın nə dediyini soruşanda Frenk yalan söylədi: “O dedi, bu əclafları qırın, qanımı yerdə qoymayın”. Sanitarlar özlərini yetirəndə Maykın şalvarında sidiyi donmuşdu, Frenk isə hücum çəkən qara quşları dostunun nəşindən qovmağa çalışırdı. Əllərində ölən bu vücud onun uşaqlığına qəribə, yeni həyat qaytardı. Onlar danışmağı, tualetə getməyi öyrənəndən də əvvəl tanış olmuşdular, Lotusda birgə böyümüşdülər, yadların necə pis adamlar olduğuna inanmadan, Texasdan birgə qaçmışdılar. Uşaq olanda naxırdan ayrılan inəklərin dalınca düşürdülər, meşədə özlərinə beysbol meydançası düzəldir, siqaretlərini bir-biriylə bölüşürdülər, ilk seksual təcrübələrini hırıldaşa-hırıldaşa birgə qazanmışdılar. Yeniyetmə vaxtlarında bərbərxanada işləyən missis K.-ya yol tapmışdılar, o da kefinə düşəndə bəsit təcrübələrini püxtələşdirirdi. Onlar mübahisə edir, dalaşır, gülür, bir-birlərinə ilişirdilər – həm də bir-birlərini sevirdilər, amma bundan danışmağa ehtiyac duymurdular.

Frenk o vaxtacan cəsur deyildi. Sadəcə əmri yerinə yetirir, komandirinin lazım bildiklərini edirdi. Hətta adam öldürəndə pis də olurdu. İndi isə lap vəhşiyə çevrilmişdi – atəş açır, qopmuş bədən əzaları arasında ürpənmədən dolaşırdı. İniltiləri, yalvarışları, demək olar, eşitmirdi. F-51 düşmən postuna mərmilər tökənəcən belə oldu. Partlayışdan sonrakı dərin sükutda bu yalvarışlar ucuz violonçelin bezdirici sədaları, sallaqxanada qanlı aqibətini duymuş mal-qaranın böyürtüsü kimi ətrafa yayılırdı. Mayk öləndən sonra indi də Frenk cəsur olmuşdu – bu sözü necə istəyirsən, elə də yoz. Koreyalıları, çinliləri nə qədər öldürürdüsə, yenə ona azlıq edirdi. Qanın mis qoxusundan daha ürəyi bulanmırdı – o qoxu iştahasını coşdururdu. Bir neçə həftədən sonra Kürən də parça-parça oldu, Staffın isə qolunun qopduğu yerdən qan fışqırdı. Frenk qopmuş qolu yeddi metr o yandan tapıb özünə verdi – qara sancılmışdı. O ikisi – Staffla Kürən yaman dostlaşmışdılar. Kürən kənd uşağıydı, şimallılarla onlar kimi arası yox idi, onunku daha çox Corciadan olan üç oğlanla – ən çox da Staffla tuturdu. İndi hamısı bir parça ət olmuşdu.

Frenk atışmanın necə səngidiyini eşitmədən gözləyirdi – həkimlər getdi, dəfn komandası gəldi. Kürəndən çox az şey qalmışdı, ona görə də xərəyi başqasının qalıqları ilə bölüşdü. Stafforda ayrıca xərək qismət oldu, o da qopmuş əlini sinəsinə bərk-bərk sıxıb uzanmışdı. Ağrısı beyninə çatanacan öldü.

Sonralar Frenk aylar uzunu fikirləşirdi: “Onları tanıyıram axı. Onları tanıyıram, onlar da məni tanıyırlar”.  Əgər Maykın xoşuna gələ biləcək bir lətifə eşidirdisə, dönürdü ki, ona danışsın... birsaniyəlik çaşqınlıqdan sonra anlayırdı ki, o daha yoxdur, bir də heç vaxt şaqraq gülüşünü eşitməyəcək, bütün kazarmanı özünün duzlu zarafatları, kinoulduzlarının təqlidi ilə əyləndirməyəcək. Tərxis olunandan sonra da, hərdən yolayrıcında durmuş maşında Staffın profilini görür, yalnız dərddən sancan ürəyi ona səhvini anladırdı. Özbaşına, qəfil haqlayan xatirələrdən gözlərinin önünü yaş pərdəsi örtürdü. Uzun aylar ərzində yalnız içki onun ən yaxşı dostlarını, bir də heç vaxt eşidə bilməyəcəyi, dərdləşməyəcəyi, birlikdə gülməyəcəyi dostlarını – fəzada pərvazlanan meyitləri qova bilirdi.

Amma həmin vaxt portağalı götürüb gülümsünməyə, “nəm-nəm” deməyə macal tapan, zibillikdə eşələnən qızın ölümünü də görürdü...

Atlantaya gedən qatarda Frenk qəfildən anladı ki, bu xatirələr, bütün ağırlığına baxmayaraq, onu daha əzmir, iflic eləmir, çarəsizliyə gömmür. O, bütün dərdlərini xırdalığınacan xatırlaya bilirdi, amma sakitləşmək üçün daha içkiyə ehtiyac duymurdu. Bəlkə, bu, özünü saxlamağın, içməməyin bəhrəsidi?

Dan yeri söküləndə Çattanuqaya çatmamış, qatar sürətini azaldıb dayandı. Tezliklə aydın oldu ki, təmirə ehtiyac yaranıb, buna bir saat, bəlkə, daha çox vaxt lazım olacaq. Sərnişinlərdən kimsə deyindi, bəziləri fürsətdən istifadə edib konduktorun xəbərdarlığına baxmayaraq, ayaqlarının keyini açmaq üçün bayıra çıxdı. Yataq vaqonundakı sərnişinlər də oyanıb qəhvə istədilər. Vaqon-restoranda səhər yeməyi, içkilər sifariş edirdilər. Yolun qatar dayanan hissəsi araxis fermasının yanından keçirdi. 200–300 metr aralıda isə yem mağazasının lövhəsi görünürdü. Frenk bu ləngimədən dilxor olmadı, amma yerində oturmağa da həvəsi olmadığından yem mağazasına tərəf getdi. Mağaza hələ bağlı idi, amma böyründəki köşkü açmışdılar, oradan yerli camaat çörək, qazlı su, tütün və s. alırdı. Xırıldayan radiodan Binq Krosbinin “Məni azadlığa burax” mahnısı eşidilirdi. Piştaxta arxasındakı qadın əlil arabasında idi, amma milçək quşu kimi zirək hərəkətlə soyuducuya yaxınlaşıb Frenk üçün bir banka “Doktor Pepper” çıxardı. Frenk pulunu verib ona göz vurdu, cavabında qəzəbli baxışla qarşılaşıb içmək üçün çölə çıxdı. Səhər günəşi bərk qızdırırdı, kölgəlik isə az idi: təkcə bu köşk, yem dükanı, bir də yolun qarşı tərəfində bir xaraba ev vardı. Evin qarşısında Günəşin qızıla boyadığı təptəzə “Kadillak” dayanmışdı. Frenk maşına baxmaq üçün yolu keçdi. Avtomobilin arxa fənərləri köpəkbalığının üzgəclərini xatırladırdı. Qabaq şüşə enli kapotun üzərində əyilirdi. Frenk bir az da yaxınlaşanda qadın səsləri eşitdi; evin arxasında söyüşür, dalaşırdılar. Yan divar boyu irəlilədi, elə bilirdi, qadınlarına hücum çəkən kişiləri görəcək. Orada isə iki qadın yerdə süpürləşirdi. Onlar torpağın içində yuvarlanır, bir-birini əzişdirir, ayaqlarını qaldırıb təpik atır, saçlarından yapışıb palçıqda sürüyürdülər. Saçları dağılmışdı, paltarları yaman gündə idi. Yanlarında bir kişi dayanıb dişini qurdalaya-qurdalaya sakitcə tamaşa edirdi. Buna təəccüb elədi. Frenk yaxınlaşanda kişi ona sarı döndü. Baxışlarından darıxdığı görünən cüssəli kişi idi.

– Nə baxırsan? – heç diş çöpünü də ağzından çıxarmadı.

Frenk yerində donub-qaldı. Nataraz kişi yaxınlaşıb onun sinəsinə dümsük vurdu. Sonra birini də ilişdirdi. Frenk əlindəki “Doktor Pepper”i atıb qolaylandı, ona bircə zərbə endirdi. Kişi nataraz adamların çoxu kimi, cəld deyildi, o dəqiqə yıxıldı. Frenk kişinin yerə yıxılmasına baxmayaraq, diş çöpünü onun boğazına yeritmək istəyi ilə irəli atılıb sifətinə zərbələr yağdırdı. Hər zərbəsi ona kəskin və çox tanış həzz verirdi. Frenk dayanmırdı, dayanmaq istəmirdi. Kişinin artıq huşunu itirdiyinə baxmayaraq, zərbələr yağdırırdı. Qadınlar bir-birindən qopub ondan yapışmışdılar, kişidən ayırmağa çalışırdılar.

– Qurtar! – qışqırırdılar. – Onu öldürəcəksən. Əl çək ondan, əclaf.

Frenk əl saxlayıb xilaskarlarına baxdı. Biri əyilib kişinin başını qaldırmışdı. Digəri öz burnunun qanını silə-silə kişini çağırırdı: “Soni. Soni. Aman Tanrım.” Sonra ikinci qadın da dizi üstə çökdü, dəllalı özünə gətirməyə çalışdı. Qadının köynəyi kürəyinin ortasından cırılmışdı. Açıq-sarı dərisi vardı.

Frenk qalxdı, barmaq sümüklərini ovuşdura-ovuşdura tez, az qala, qaça-qaça qatara sarı getdi. Təmirçilər ya onu görmədilər, ya da fikir vermədilər. Vaqonun qapısında bələdçi onun qanlı əllərinə, tozlu paltarına nəzər saldı, amma dinmədi. Xoşbəxtlikdən, tualet lap qapının ağzında idi, odur ki, Frenk vaqona keçməzdən əvvəl nəfəsini dərib yuyundu. Sonra oturub təəccübləndi – bu davadan aldığı vəhşi ləzzətə heyrətlənirdi. Bu ləzzət Koreyada adam öldürəndə yaşadığı qəzəb hissinə heç oxşamırdı. Oradakı qəzəb ünvansız, məqsədsiz idi. Burada isə konkret bir şəxsi ləzzətlə öldürürdü. Fikirləşdi, belə yaxşıdı, bacısını xilas edəndə karına gələ bilər.

 

 

Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 4/2017 nömrəsində çap olunub.

DİGƏR MƏQALƏLƏR