RUS POEZİYASI - Semyon Kirsanov

Tərcümə: Ramiz Rövşən

Ana dilimizdə, səhv etmirəmsə, ilk dəfə çap olunan Semyon Kirsanovun (1906–1972) rus poeziyasındakı yeri, məncə, haradasa Vladimir Mayakovski ilə Andrey Voznesenskinin arasındadı. Ənənəvi şeirin sərhədlərini dağıdan Mayakovskinin dil və üslub, təşbeh və bənzətmə yeniliklərindən dərs alan Kirsanov ömrünün sonunacan aldığı dərslərə sadiq qaldı. Eyni zamanda, dövrün bəlası olan, hətta dahi Mayakovskinin də bir şair kimi axırına çıxan gurultulu pafos, ritorika Kirsanovun yaradıcılığını da xeyli zədələmişdi. Və bunu bir şair kimi onun sənət faciəsi də saymaq olar. Bununla yanaşı, Semyon Kirsanov bir böyük həyat faciəsi də yaşamışdı. 1937-ci ildə otuz bir yaşlı şair öz sevimli qadınını, körpə övladının anasını itirmişdi. Amma bu həyat faciəsi, bu dözülməz itki həm onun yaradıcılığına, həm də rus poeziyasına misilsiz lirik şeirlər və poemalar bağışladı. Onun, vərəmdən ölən xanımı Klaranın xatirəsinə yazdığı şeirlər və poemalar (“Sənin poeman”, “Yuxuda inilti”, “Dörd sonet”, “Xatirə”, Axırıncı may” və s.) bu gün də əsl poeziyanı sevən və duyan oxucuları təsirləndirmək gücündədi. Ana dilimizə çevirdiyim “Ünvansız məktub” da o yazılardan biridi.

 

ÜNVANSIZ MƏKTUB

Birinci

Ona məktub yazdım

bütün gecəni,

Açdım ürəyimi 

ağ vərəqə də.

Yazmasam –

     ürəyim dözməzdi mənim,

Ürək eləmədim

göndərməyə də.

 

Ona məktub yazdım

gecə sübhəcən,

Hər sətrə, hər sözə

yüz dəfə baxdım.

Bəs hara yollayım

bu məktubu mən?

Axı belə ünvan

heç harda yoxdu.

 

Məktubu

    yellərə verməyəcəm ki...

Hardasan,

    ay məktub yazdığım adam?

Soruşma,

    o adam

axı kimdi, kim?

Heç elə adam da

yoxdu dünyada.

 

İkinci

Bükdüm o vərəqi,

bükdüm, qatladım.

Bir qayıq düzəltdim

öz məktubumdan.

 

Sonra o qayığı

salladım çaya,

Qoy alsın, aparsın

bu sular, dedim.

Bəlkə, axar sular

bu məktubumu

Onun əllərinə

çatdırar, dedim.

 

Sahildə gəzəndə,

bəlkə, qəfildən

Bu kağız qayığa

sataşar gözü.

Amma məktubumu

oxuya bilməz, 

İslanıb, nəm çəkib,

görər, hər sözü.

Sətirlər

    ovcundan

damcılar yerə,

Heyif oxunmayan

o sətirlərə...

 

Üçüncü

Ona bir məktub da

yazdım təzədən,

Ürək sözlərimi

çatdırım deyə.

Sonra öz əlimlə

o məktubumdan

Çərpələng düzəldib

uçurtdum göyə.

 

Uç, ey çərpələngim,

bu göy üzündə,

Yolunu kəsməsin

buludlar, dedim.

Bəlkə, əsən yellər

bu məktubumu

Onun əllərinə 

çatdırar, dedim.

 

Amma qorxuram ki,

ildırım vura,

Göydə çərpələngim

od tutub yana.

Ürəkdən yazdığım

o sözlərin də

Göydən səpələnə

külü hər yana...

 

Dördüncü

Yenə göz yummaram

səhərə kimi,

Yenə kağız-qələm

düşməz əlimdən.

Ona məktub yazıb –

o məktubumun

Üzünü yüz kərə

köçürərəm mən.

 

Səhər açılanda

çıxıb şəhərə,

Baş alıb gedərəm

sağa-sola da.

Mən o məktubları

yapışdıraram

Bütün qapılara, pəncərələrə,

Bütün divarlara, hasarlara da.

Asaram

yolların qıraqlarında

Bitən ağacların

budaqlarından...

 

Sonuncu

Yox, cavab məktubu

gözləmərəm mən,

Nə bunu yuxumda yatıb görərəm.

Evə qayıdanda,

amma qəfildən

Stolun üstündə məktub görərəm.

 

Baxıb tanıyaram

onun xəttini;

Qıvrım telləritək

qıvrım sətirlər.

Məktubu götürüb

oxuyan kimi

Dəyər üz-gözümə

tanış ətirlər.

 

Gələr qulağıma

tanış səsi də,

Səsinin bir azca

titrəməsi də:

 

“Bəsdi bu yollara

dikdin gözünü,

Qayıdan başı yox

mən gedən yolun.

Mənə məktub yazıb

yorma özünü,

Daha unut məni,

qurbanın olum!

 

Varaq yapışdırma

daşa-divara,

Çərpələng uçurma

bu göy üzündə.

Dünyada sevməli

nə çox qadın var,

Axtar, birini tap özünə sən də...”

 

Hər söz,

elə bil ki,

yanan şamdı, şam,

Əriyir gözümün önündə ancaq.

Mən hələ 

            oxuyub qutarmamışam,

Məktub yoxa çıxır

əlimdə ancaq.

 

Onun telləritək

o qıvrım, gözəl

Sətirlər əriyir,

itir get-gedə.

Təkcə solğun xətti

görünür gözə,

Get-gedə qeyb olub itir xətti də...

 

 

DİGƏR MƏQALƏLƏR