XX ƏSRİN KLASSİKLƏRİ - Luici Pirandello

Tərcümə: Etimad Başkeçid

Məşhur İtaliya yazıçısı, dramaturq. 1867-ci ildə Siciliyada doğulub.  “Sevgisiz sevgi” adlı ilk novellalar toplusu 1894-cü ildə nəşr olunub. Sonradan həmin novellalardan bir çoxunu pyes kimi işləyib. “Mərhum Mattiya Paskal” (1904),   “Yaşlılar və cavanlar” (1909), “Kino çəkilir” (1915) və digər məşhur romanların müəllifidir.

1934-cü ildə Nobel mükafatına layiq görülüb. 

1936-cı ildə Romada vəfat edib. 

 

Unudulmaz, əziz…

(hekayə)

 

Nişan günü Bartolino Fyerentsonun gələcək arvadı dedi:

– Əsl adım Karolinadır. Rəhmətlik ərim məni sadəcə “Lina” deyə çağırırdı. O vaxtdan hamı məni belə çağırır.  

Rəhmətlik Kozimo Taddei onun birinci əri olmuşdu. 

– Budur, – Lina divardan asılmış portreti göstərdi. Şlyapasını qaldırıb şən-şən gülümsünən kişi şəkliydi. Osmanlı divanında oturan Bartolino onun salamını alırmış kimi, istər-istəməz başını qabağa əydi.  

Bu portreti qonaq otağından götürmək dul qadın Lina Sarullinin ağlına da gəlməmişdi. Axı ev əvvəllər rəhmətlik ərinə məxsus olmuşdu; evin layihəsini o vermişdi, otaqları özü düzəltmiş, mebeli özü seçmişdi. Öləndə isə bunların hamısını ona – Linaya vəsiyyət etmişdi. 

Nişanlısının bir qədər karıxdığına məhəl qoymayan senyora Sarulli heç nə olmamış kimi sözünə davam etdi:

– Adımı dəyişdirmək istəmədim. Amma ərimin xətrini çox istəyirdim. Bir dəfə o, mənə dedi: “Səni Karolina yox, Kara Lina deyə çağırmaq istəyirəm”. Demək olar, heç nə dəyişmir, amma belədə daha incə, daha yumşaq səslənir. Elə deyilmi?

– Elədir, elədir, əla səslənir! – Bartolino cavab verdi. Sanki qadının rəhmətlik əri onun fikrini soruşurdu.

– Deməli, Kara Lina, danışdıq? – Sarulli gülə-gülə soruşdu. 

– Danışdıq… hə, hə… danışdıq, – utandığından yanaqları pörtmüş, özünü itirmiş Bartolino mızıldandı. Ona elə gəlirdi ki, qadının rəhmətlik əri divardan ona baxıb istehzayla gülümsünür.

Üç ay sonra yenicə evlənmiş Fyorentso cütlüyü Romaya toy səyahətinə yollandı. Çoxsaylı dostları, qohum-əqrəba onları yola salmaq üçün vağzala toplaşmışdı.  

– Oğlana yazığım gəlir, belə arvad olar?! Məncə, burada ailə başçısı arvaddır!.. – Lina Sarullinin yaxın rəfiqəsi Ortenziya Motta ərinə dedi.

Yox, sizə elə gəlməsin ki, Lina Sarulli, birinci evliliyində Lina Taddei, hazırda isə Lina Fyorentso qadından çox, kişiyə oxşayırdı. Əslində, Karolina çox zərif qadın idi. Sadəcə, Ortenziya Motta demək istəyirdi ki, bu qadın Bartolinodan qat-qat təcrübəlidir. Orasını da deyim ki, Bartolino çox qəribə, məzəli təsir bağışlayırdı. Keçəl, gonbul adam idi, hər şeylə maraqlanan oğlan uşağına oxşayırdı – hələ yanaqlarının qızartısı getməmişdi. Başının keçəli də qəribəydi; elə bil təpəsinin ortasını qəsdən qırxmışdı ki, uşağa oxşamasın. Amma bunun köməyi olmamışdı. 

– Niyə yazığın gəlir? Nə olub ki ona?! – cavan Ortenziyanın əri, yaşlı Motta narazılıqla mızıldandı. Bartolinoyla Lina Sarullinin evlənməyində onun da əli vardı, ona görə də arvadının giley-güzarını eşitmək istəmirdi. – Bartolino bacarıqlı kimya mütəxəssisidir, ağılllı-kamallı adamdır. 

– Hm… söz yox, əla mütəxəssisdir! – Ortenziya istehzayla gülümsündü.

– Əladan da əla mütəxəssisdir! – əri onun sözünü kəsdi. – Fyorentso istedadlı kimyaçıdır, əgər o, öz dərin, orijinal araşdırmalarını dərc edib müsabiqələrə göndərsəydi, heç şübhəsiz, ən yaxşı universitetlərimizin birində professor seçilərdi. O, kimya elmi ilə nəfəs alır. Çünki əsl alimdir. İnanıram ki, Bartolino nümunəvi ailə başçısı olacaq, axı çox məsum, ürəyi təmiz adamdır.  

– Əlbəttə, əlbəttə, sən haqlısan… – Ortenziya yenə də rişxəndlə qımışdı. 

Hələ Bartolinoyla Lina Sarullinin evli olmadığı vaxtlarda, bu böyük uşağı “baş-göz eləmək” barədə söhbət düşəndə, Ortenziya özünü saxlaya bilmir, acı-acı gülürdü. Əri Fyorentsonun dayısı, senyor Anselmo ilə birlikdə planlar qurur, Bartolinonun gələcək həyatı haqqında danışmaqdan doymurdular.

– Hə, hə, elədir, onu evləndirmək lazımdır, mütləq lazımdır! – qoca Motta hirslə arvadına baxa-baxa deyirdi. 

– Özünüz bilərsiniz, əzizlərim, buyurun, evləndirin! – Ortenziya dərhal sakitləşirdi. – Mən başqa şeyə gülürəm: sadəcə, əlimə gülməli kitab keçib, onu oxuyuram. 

Doğrudan da, hər dəfə əri senyor Anselmoyla şahmat oynamağa oturanda Ortenziya Motta iflic olmuş, yarım ildir ki, kreslodan qalxa bilməyən xanım Fyorentso üçün kitab oxumağa başlayırdı. 

Nə demək olar, maraqlı, əyləncəli axşamlar idi! Bartolino öz kabinetindən çıxmırdı, onun yaşlı, xəstə anası özünü elə göstərirdi, guya ona kitab oxuyan Ortenziyanı dinləyir, qocalar isə küncdə oturub şahmat oynayırdılar. Sadəcə, dilxoşluq üçün Bartolinonu evləndirmək lazım idi. Onu da elədilər – zavallı oğlana arvad aldılar! 

 

Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 1/2018 nömrəsində çap olunub.

DİGƏR MƏQALƏLƏR