YUBİLEY - Nəriman Əbdülrəhmanlı 60

YUBİLEY

 

Yalqız Yolçu

 

Hərdən mənə elə gəlir ki, Nəriman Əbdülrəhmanlı düz 60 ildir yazır. Qeyri-adi yaradıcılıq intensivliyi və sabitliyi yaxşı mənada həmişə təəccüb doğurub. Tərcümələrinin coğrafi miqyası və janr-üslub müxtəlifliyi, sadəcə, heyrət doğurur. Təəssüf edirəm ki, ədəbiyyatımızın  bu ləyaqətli və istedadlı nümayəndəsinə layiq olduğu qiymət verilməyib.

 Bu qədər tərcümələrə və mütaliəyə, əsərlərə rəğmən, görmədim ki, Nəriman özünü çoxbilmiş, çox oxumuş yazıçı kimi gözə soxsun. Adamlar tanıyıram ki, “çil toyuğun tək yumurtası” kimi bir mənasız roman yazır – saytlardan düşmür, rəylər, məqalələr yazdırır, “Natəvan” klubunda “imza günü” keçirir, “Əli və Nino”da 5–6 kitabını rəfin küncünə qoyur.

O, hər məqama – yubiley yazısına, bədii tərcüməyə, bir kövrək xatirəyə, qəzet müsahibəsinə həmişə vaxt tapıb, səliqə-sahmanına da söz ola bilməz. “Yolçu” romanı çağdaş nəsrimizin dəyərli hadisəsidir. Bu roman onun Qərb və Şərq (əsasən yapon) yazıçılarının yaradıcılıq mətbəxinə, süjetqurma texnologiyalarına dərindən bələd olduğunu göstərdi. Oruc bəy Bayatdan roman yazmışdı – tarixin içinə girmək, tarixdə yaşamaq təcrübəsi vardı.

N.Əbdülrəhmanlı Azərbaycan ədəbiyyatı tarixinə nəsillərin bir-birini əvəz etməsi kimi yanaşır. Ona görə də özünü 80-ci illərdə ədəbiyyata gəlmiş, yaxud çap olunmağa başlamış yazıçıların – “80-cilər”in nümayəndəsi kimi dəyərləndirir. Ölkə tarixinin kritik dövrü (yenidənqurma, sovet imperiyasının süqutu, Qarabağ müharibəsi...) bu ədəbi nəslin taleyi üçün heç də ürəkaçan olmadı.

Nərimanın mənsub olduğu ədəbi nəslin bəxtinə təmtəraqlı yubileylər, yüksək dövlət mükafatları düşmədi. “80-cilər”in nəsr poetikası tənqidin və akademik ədəbiyyatşünaslığın diqqətindən kənarda qaldı. Onların yaradıcılığından dissertasi­ya­­lar müdafiə olunmadı, məqalələr, resenziyalar yazılmadı. Fikrimizcə, “60-cılar”ın dil-üslub və təhkiyə texnikasını “80-cilər” tamamlayıb, poetik ruhun yeni ifadə tərzini axtarmağa başladı.

Nəriman mövzunu, qəhrəmanlarını içində o qədər gəzdirib yaşadır ki, düşüncə tempi yazının sintaksisinə də yansıyır. Yazdıqlarını görməkdən çox, eşidirsən. O, oxucunu dinməz-söyləməz özünün sükut dünyasına aparır. Onun özü ilə yox, qəhrəmanları ilə həmsöhbət olmaq daha maraqlı olur. Bəlkə də, səhv düşünürəm... Nəriman nasir olsa da, onun yaddaşı dastançı yaddaşı deyil, şair-şaman yaddaşıdır. Hekayəsini, hətta romanını belə içində misra-misra, obraz-obraz oxuyur. Öz personajlarını ruh kimi tutub “saxlayır”, ondan sonra kağıza köçürür...

 Nəriman öz qəhrəmanlarına sayğı ilə yanaşır. Onları özünə o qədər yaxınlaşdırır və doğmalaşdırır ki, sanki talelərinə bəraət qazandırır.

Nəriman Əbdülrəhmanlı öz yaradıcılığında – xatirə, ön söz, hekayə, romanda monoloq ritminə köklənir. Bu, əslində, yalqız adamın monoloqudur. Min adamın içində öz yalqızlığını hiss etdirir. Süjetlərdə dialoqlar bir-birinə pərçimlənmiş monoloqlardır. Onun qəhrəmanları daha çox baxışları ilə danışırlar. Dialoq yalnız göz-baxış səviyyəsində mümkündür. Məndə belə bir əminlik var ki, Nəriman öz ritmini tapmasa, yazmağa girişməz. Hər yazısında sanki ritmin ölçüsünü öncədən qərarlaşdırır.

Əsl nəsr avtobioqrafik olur. Bunu deyəndə qətiyyən onun “Yalqız” romanını nəzərdə tutmuram. “Yolçu”dan, ”Qurban”dan, “Taclıbəyim”dən tutmuş, hamısın­dan yazıçının taleyi keçir. Bu yerdə istər-istəməz Frans Kafkanı xatırlamalı olursan. Onun əsərləri beynindəki yuxugörmələrdən boy verib və ailədəki, işdəki həyatından daha gerçəkdir. Əlbəttə, Kafka həşərata-zada çevrilməyib, sinəsinin üstündə alma çürüyüb iylənməyib, yazıçı bütün həyatını öz ailəsi ilə, qadınlarla, mənəvi yasaqlarla, mistik dünya qarşısında günahları ilə mübarizəyə həsr edib.

Tarixi yaddaş sanki özünün şəxsi yaddaşıdır – tarixi məkanlar, tarixi şəxslər içində özünün xatırladığı və yaşatdığı məkanlar, adamlar və ağaclardır. Sübut üçün “Yolçu” romanından bir-iki örnək gətirək: “Dedim ki, Tiflis-ül-əslam, atam da, babalarım da yeddi arxa dönəninəcən Tiflisdə, Şeytanbazar meydanından bir az yuxarıda yaşayıblar. Çarvadarlıq da atama nəsil mirası kimi keçib... Bu ənənəni, mən bilən, bircə nəfər pozub – babam Sədrəddin bir az yazı-pozu bildiyindən Böyük Şah Abbasın Tiflis əmirinin yanında qulluq eləyirmiş, Şeytanbazar meydanının yaxınlığındakı, Kür çayının qırağındakı Şah Abbas məscidinin inşası vaxtı haqq-hesab işləri də ona tapşırılıbmış...”, “Çayın bu tayındakı məscidə, o tayındakı qalaya, bir az uzaqdakı kilsəyə, yuxarıdakı Narınqala divarlarına tamaşa eləmək xoşuna gəlirdi...”, yaxud: “İstanbulda yağışlı-çiskinli son payız günlərinin birində görüşdük. Atımın dırnaqları cökə və şabalıd yarpaqlarının səpələndiyi yoxuşları, küçələri, döngələri keçdikcə gözlərimin qabağında bu şəhərdə keçirdiyim illər canlanırdı...”

Bu, romanın yalnız salnamə təhkiyəsinin ritmindən, cümlə sintaksisindən deyil, insan taleyinin tarixini canlı danışmaq ehtirasından qaynaqlanır. Obrazların doğmalığı, etnik koloriti, hadisələrin epik keçmişinə köklənməsi təhkiyənin mifoloji-magik gücünü artırır. Bəlkə, bu əsərin mifopetik səviyyədə təhlilə cəlb olunması daha doğru olardı.          

Bu romanda personajlar sanki fiziki deyil, substansional varlıqlardır. Personajlar (ata-oğul, qadın-kişi) arasında ruhsal ünsiyyət, gözəgörünməz enerji mübadiləsi baş verir, bütün münasibətlər irrasional başlanğıca malik olur. Kişi məkanında qadınlar sanki mövcud deyil. Qadın kişi məkanının mərkəzinə periferiyadan, sərhəddən qatıla bilər...

Diqqətli bir araşdırmaçı və ya oxucu Nərimanın mətnlərini diqqətlə oxuyub  deşifrə etsə, yazıçının özünü görə bilər. Onun əsərləri sanki 60 illik enişli-yoxuşlu, ancaq mənalı həyatının salnaməsidir. Hətta mən deyərdim ki, o da Herman Hesse kimi, “ruhunun bioqrafiyasını” yazıb, əsərlərində özünün virtual portretini yaradıb.      

        

 

                                                                                Rüstəm Kamal       

 

Nəriman Əbdülrəhmanlı – 60

 

SƏSİNDƏN YIXILAN

                    (hekayə)

Əvvəllər, ümumiyyətlə, telefon cingiltisi, mobil telefon çıxandan bərisə naməlum zənglər məndə narahatlıq, hətta bir qədər də təşviş doğurur, elə bilirəm, gözləmədiyim, həm də həyatımda dərin iz qoyacaq, bəlkə də, ağlagəlməz dəyişikliklərə səbəb olacaq bir xəbər alacağam, günlərimin, əslində, zahirən sakit, dinc görünən nizamı dəyişəcək, daha heç şey əvvəlkinə oxşamayacaq; üstəlik, az qala, bir göz qırpımı qədər çəkən bu sarsıntılı duyğu o qədər güclü olur ki, açıq-aşkar boğazımın quruduğunu, nəfəsimin təngidiyini, həyəcandanmı, yoxsa o duyğunun təsirindənmi gözlərimin sulandığını, başımda tüklərin dibinin nəmləndiyini hiss eləyirəm; zəngin səslənməsiylə zəng vuranın məramını bəlli eləyən ilk kəlmələr arasında keçən müddəti yerli-yataqlı təsvir eləmək iqtidarında deyiləm, təkcə onu deyim ki, bəzən o müddət, az qala, ömür qədər uzun çəkir, mən də həmin məqamda, mübaliğəsiz-filansız, ölüb-dirilir, hər şey aydınlaşanacan qətrə-qətrə heydən düşdüyümü duyuram.

Bir dəfə bu anlaşılmaz halətimi psixoloq dostuma bacardığım qədər təsvir elədim, o da xasiyyətimə bələd olduğuna görə başını buladı, dodağını büzdü, dodaqlarında bir qədər sirli, bir qədər də istehzalı təbəssümlə dedi ki, vallah, nə deyim, sənin psixoloji vəziyyətin də özün kimi mürəkkəbdi, baş aça bilmirəm, mənim oxuduqlarıma-bildiklərimə qətiyyən uyğun gəlmir. Amma özüm o qısa və təlatümlü məqama qəribə ad tapmış, öz-özlüyümdə dəbdəbəli, həm də eynilə halətim kimi dolaşıq ifadəylə “nagəhanlıq sindromu” – yəni gözlənilməz hadisələrdən qorxub-çəkinən, daxilən buna hazır olmayan, daim elə bu qorxuyla da yaşayan adamın vəziyyəti – adlandırmışdım. 

Əlbəttə, bu tapıntımın psixologiya elminə töhfəsi-filanı yoxdu, olsa-olsa, özümü aldatmağım, sakitləşdirməyim, bu cür təcrid eləməyim üçün uydurulmuş şeydi, təbii ki, mənə elə bir xeyri-zadı olmayacaqdı…

Bu dəfə də telefonun ekranındakı tanış olmayan nömrəni görüb o “nagəhanlıq sindromu”ndan keçə-keçə yaşıl düyməni basıb, ürəyim əsə-əsə “alo, alo” dedim, bu kəlməylə eşitdiyim ilk söz arasında keçən müddət ərzində anlaşılmaz bir duyğu bədənimi dırnağımdan-saçımacan yalayıb keçdi, həmişə olduğu kimi, saçlarımın dibinin tərlədiyini, boynumun islandığını, gözlərimin sulandığını belə hiss elədim. Nə qədər olmasa da, özümə bələdəm, bilirəm ki, saçlarımın dibinin islanması artıq halsızlaşmağımın, gücdən düşməyimin əlamətidir, bundan bədənim boşalır, hissiyyatım korşalır, bir kisə ət-sümük yığınına çevrilir, sonra özümə gələnəcən də ağlagəlməz qüvvə sərf eləməli oluram, bu məqamı da öz-özlüyümdə “gedər-gəlməz məqamı” adlandırmışam, həmişə mənə elə gəlir, bu dünyayla da elə həmin məqamların birində vidalaşacağam.

Amma bu dəfə eşitdiyim səs həddən artıq tanış idi, həm də təhlükə-filan duyulmurdu, ona görə də bir qədər rahatlandım, toxtadım, qulağıma çatan sözlərin mənasına varmaq üçün diqqətimi cəmləşdirməyə çalışdım; “Gör nə müddətdi ki, əlaqəmiz kəsilib, – zəng vuran adam deyirdi, – yaxşı, deyək ki, mən düz eləmədim, bəs sən niyə bircə dəfə itirib-axtarmadın, demədin ki, qardaşım hardadı, başına nə gəlib, işləri necədi, bəlkə, kömək-filan lazımdı? Bunu elə-belə deyirəm, Allaha şükür, hər şey qaydasındadı, kefim yerindədi, elə bir əyər-əskikliyim də yoxdu; səni, azı, on ildən sonra arayıb-axtarmağımın səbəbi kömək-zad istəmək deyil, sadəcə, birgə keçirdiyimiz o gözəl günləri, təmənnasız münasibətimizi xatırladım, fikirləşdim ki, yenidən tapışsaq, yaxşı olar”.

 

 

Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 2/2018 nömrəsində çap olunub.

DİGƏR MƏQALƏLƏR