MEMUAR - Konstantin Paustovski

 

MEMUAR

Konstantin Paustovski

Tərcümə: Güldəstə

 

1892-ci ildə Moskvada anadan olub.

“Qarşılaşan gəmilər” adlı ilk hekayələr toplusu 1928-ci ildə çapdan çıxıb. Ancaq bir yazıçı kimi 1932-ci ildə nəşr edilən “Karaboğaz” povestinə görə tanınıb.

“Şarl Lansevilin taleyi”, “Kolxida”, “Qara dəniz”, “Romantiklər”, “Şimal povesti” kitablarının müəllifidir. 1945–63-cü illərdə yazdığı altı kitabdan ibarət “Həyat dastanı” avtobioqrafik epopeyası ona dünya şöhrəti gətirib.

1967-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına namizəd göstərilsə də, siyasi baxışlarına görə sovet hökuməti buna mane olub.

1968-ci ildə Moskvada vəfat edib.

 

 

               Babel haqqında bir neçə kəlmə

 

Kiminsə haqqında ilk təəssüratımız, adətən, inandırıcı olur. Çünki bu təəssüratın doğru olduğunu düşünmək daha xoşdur. Bir insan haqqında fikrimizi nə qədər dəyişsək də, onsuz da gec, ya tez ilk təəssüratımıza qayıdırıq.

İlk təəssürata inamı insanın öz bəsirətindən başqa heç nə ilə izah eləmək mümkün deyil. Həyat təcrübəmdə tez-tez öz “ilkin təəssürat”ımı sınamışam, hər dəfə də bir-birindən fərqli nəticələr əldə etmişəm. Əksər hallarda təəssürat bizə naməlum sirlər pıçıldayır.

Babellə ilk görüşüm qəribə şəraitdə baş verdi. Bu, 1925-ci ildə Odessanın Sredniy Fontan bağlarında olmuşdu.

Odessadan qərbə, dənizə tərəf köhnə bağ evləri və bağçalardan ibarət iki zolaq uzanır. Ərazi bütünlüklə “Fəvvarələr” adı daşısa da, əslində, orada heç bir fəvvarə-filan yoxdur. Deyəsən, heç olmayıb da. 

Fəvvarələrdəki bağlar, əlbəttə ki, qiyamət idi və odessalılar onları “villa” adlandırırdı: Valtuxun villası, Qonçaryukun villası, Şai Krapotnitskinin villası. 

Fəvvarələr zolağı stansiyalara (tramvay dayanacaqlarının sayına görə) bölünürdü. Bu stansiyalar dəniz qoxusundan başqa (bağlar, dənizə enən sərt  yamaclar) bir-birindən elə də fərqlənmirdi.

Birinci stansiyada tramvayın pəncərəsindən içəri qu quşlarının və pomidor şaxlarının qoxusu dolurdu, çünki bu stansiya şəhərin lap kənarında, bostanların və  boş sahələrin başlandığı yerdəydi. Orada, tozlu otların üstündə parıldayan saysız-hesabsız şüşə qırıntıları sanki oyuncaq günəşlər idi. Pivə şüşələrinin qırıntıları zümrüd rəngli qığılcım kimi yanıb-sönürdü.

Tramvay xətti hər kilometrdə şəhərin hüdudlarından bir az da uzaqlaşır və dənizə yaxınlaşırdı. 9-cu stansiyada sahilə çırpılan dalğaların uğultusu açıq-aydın eşidilirdi. Getdikcə həmin uğultu və dənizin yuyub, günəşin qurutduğu qayaların qoxusu skumbriyanın yanıq iyinə qarışıb uzaqlara yayılırdı. Skumbriyanı dəmir lövhələrin üstündə qızardırdılar. O lövhələri Fəvvarələrin əhalisi kimsəsiz bağ evlərinin və keşikçi budkalarının damından çıxarırdı.

16-cı stansiyadan sonra mənzərə qəfildən dəyişir, solğun və sanki yorğunluqdan bozarmış hava tünd-göy rəngə çalmağa başlayırdı. Bu göylük  gurultulu dalğaları Anadolu sahillərindən ta böyük Fəvvarələrə qədər qovurdu.

Mən yayda 9-cu stansiyada çəpərlənmiş bağda özümçün aynabənd kirayələ­miş­­dim. Yolun o biri tərəfində Babel öz xanımı – kürən saçlı, gözəllər gözəli  Yevgeniya Borisovna və bacısı Meri (qızı əzizləmək mənasında “Meroçka” deyə çağırırdılar) ilə qalırdı. Meroçka eynən qardaşına oxşayırdı və onun bütün tapşırıqlarını dinməz-söyləməz yerinə yetirirdi. Babelin isə belə tapşırıqları çox olurdu: sınıq-salxaq makinada əlyazmalarının üzünü köçürməkdən tutmuş, onu təngə gətirən üzlü pərəstişkarlarla danışmağa qədər müxtəlif işlər. Pərəstişkarları “Babelə baxmaq üçün” şəhərdən dəstə-dəstə gəlirdi və bu hərəkətlər yazıçını narahat edir, hətta xeyli əsəbiləşdirirdi.  

Babel “Lyutov” soyadı ilə adi döyüşçü kimi xidmət etdiyi Konarmiyadan yenicə qayıtmışdı. Hekayələri artıq “Letopisi”, “Lefe”, “Krasnıy novi” kimi bir çox jurnallarda və Odessa qəzetlərində dərc edilirdi. Odessanın ədəbi camiəsinin gəncləri onu görən kimi ardınca qaçırdılar. Onlar Babeli qadın pərəstişkarlardan heç də az qıcıqlandırmırdılar.

Şöhrət özü ona sarı gəlirdi. Bizim gözümüzdə o artıq ədəbiyyat ustadı, üstəlik də, müdrik ağsaqqal idi. 

 


Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 2/2018 nömrəsində çap olunub.

 

DİGƏR MƏQALƏLƏR