KORİFEYLƏR - Haynrix Böll

KORİFEYLƏR

Haynrix Böll

Alman dilindən tərcümə: Vilayət Hacıyev

 

1917-ci ildə Köln şəhərində anadan olub. İkinci Dünya müharibəsində alman qoşunlarının tərkibində Fransada, Ukraynada, Krımda döyüşüb. 1945-ci ildə amerikalılara əsir düşüb.

1949-cu ildə “Qatar vaxtında çatdı” romanı işıq üzü görüb.

“Haradaydın, Adəm?” romanı (1951) ona böyük uğur qazandırıb.

“Və bircə kəlmə də demədi” (1953), “Kişisiz ev” (1954), “O illərin çörəyi” (1955), “Saat onun yarısında bilyard oyunu” (1959), “Bir təlxəyin düşüncələri” (1963), “Xanımla kollektiv portret” (1971) romanlarının, bir çox hekayə kitablarının müəllifidir.

1972-ci ildə Nobel mükafatına layiq görülüb.

Haynrix Böll 1985-ci ildə vəfat edib.

 

                                                                                                   

                             KİŞİSİZ EV

                                (roman)

                              (əvvəli ötən sayda)

 

 

Nella qonağı olanda Alberti çağırırdı ki, yatmış uşağı öz otağına aparsın. Dərin yuxuya getmiş Martin nəsə mızıldayır və onlar da qorxurdular ki, uşaq ayılar. Ancaq o, Albertin çarpayısında bir az qurcuxub yerini rahatlayan kimi təzədən yuxuya gedirdi. Nellanın tez-tez qonağı gəlirdi və Albert də həftədə iki dəfə uşağı öz otağına aparmalı olurdu. Belə günlərdə işini yarımçıq qoyurdu, çünki oğlan onun otağında olanda işləmək, siqaret çəkmək istəmir, başqa çarəsi qalmadığı üçün Nellanın yanına gedir, onun qonaqları ilə bir yerdə otururdu. Bir neçə dəfə istəmişdi ki, işləmək üçün Qlumun yanındakı boş otağa keçsin, ancaq alınmamışdı, çünki işləyəndə ona min cür şey lazım olurdu, öz otağında onları gözüyumulu əl atıb stolun siyirtməsindən götürürdü: qayçı, cürbəcür yapışqanlar, qələmlər, fırçalar. Ona elə gəlirdi ki, yuxarıdakı boş otağı emalatxana eləməyin də mənası olmayacaq. Aşağıda heç vaxt istifadə olunmayan qonaq otağı da işləməyə yaramırdı. Bu otaqda portağal rəngli divan və kreslolar, elə həmin rəngdə də xalça vardı. Divarlardan Nellanın atasının himayə etdiyi bir rəssamın sönük, dəqiq detallarla işlənmiş əsərləri asılmışdı. Neçə illərdi ki, bu otaqdan istifadə edilmirdi və hər gün silinib-süpürülməsinə baxmayaraq, kədər dolu kəsif qoxu verirdi. Martin inadkarlıqla bu otaqlardan heç birinə getmək istəmirdi, buna görə də Albertin aşağı düşüb Nellanın qonaqlarına qoşulmaqdan başqa çarəsi qalmırdı. Həmişə də əsəbiləşirdi, darıxırdı. Bəzən də çıxıb gedir, haradasa oturub içir, geri qayıdanda isə ağzına kimi dolmuş külqabıların, boş şərab şüşələrinin, bəzilərində buterbrod qalmış boşqabların arasında tək-tənha oturmuş Nellaya yazığı gəlirdi.

Qonaqları Nellanın səfərlərdə, iclaslarda, ya da müzakirələrdə tanış olduğu snoblar idi və onların saatlarla incəsənət barədə çərənlədiklərinə Albert dözə bilmirdi. Heç vaxt bu söhbətlərə qarışmır, bir tərəfə çəkilib şərab, çay içir, kimsə Rayın şeirlərindən danışanda əsəbiləşir, ancaq Nellanın təbəssümünü görəndə yumşalır, istər-istəməz, dostu haqında soruşulanlara cavab verməli olurdu. Boş keçirdiyi vaxta yanmamaq üçün çoxlu şərab içirdi. Snob olsalar da, qonaqların arasındakı qəşəng qızlardan xoşu gəlirdi. Hər şeyə diqqətlə fikir verir, hərdən ayağa durub şərab şüşələrinin qapağını açır, ya da gec olanda maşınıyla əlavə şərab, şirniyyat, siqaret almağa gedirdi. Alberti burada saxlayan onun çarpayısında yatmış oğlan idi. O, bəzən gecəyarı oyanır, üzərinə əyilən yad sifətləri görəndə qışqırırdı. Bəzən də Nellanın anası teatr çıxarmağa başlayırdı. Sidiyində qan olmayanda da özünə xas başqa bəhanələr tapırdı. Elə də olurdu ki, həftələrlə otağından çıxmır, bir şüşə qırmızı şərabı, bir boşqab ətli buterbrodu, bir neçə al-qırmızı Tomahavk qutusunu yanına düzüb, köhnə məktubların arasında eşələnir, ya varidatını hesablayır, gah da köhnə dərslikləri, 1896–1900-cü illərin müntəxəbatlarını, eləcə də məktəblilər üçün hazırlanmış İncili vərəqləyirdi.

 

Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 2/2018 nömrəsində çap olunub.

 

 

DİGƏR MƏQALƏLƏR