GÜRCÜ ƏDƏBİYYATI - Bağater Arabuli

GÜRCÜ ƏDƏBİYYATI

BAĞATER   ARABULİ

Tərcümə: Allahverdi Təhləli

 

1954-cü ildə Gürcüstanın Duşeti rayonunun Matsmao kəndində doğulub. Tiflis Dövlət Universitetinin İncəsənət fakültəsində təhsil alıb. Gürcüstan Yazıçılar Birliyi­nin sədri, həmçinin gürcü və Azərbaycan dillərində nəşr edilən “Sxivi – Şəfəq” jurnalının redaktorudur.

İlk şeirlər kitabı 1977-ci ildə çap olunub. 13 kitab müəllifidir. Şeirləri bir çox dillərə çevrilib. Qalaktion Tabidze adına mükafata və “Şərəf” ordeninə layiq görülüb.

 

ÖMÜR-GÜN  YOLDAŞIMA

 

Bitir, sona yetir gün, yenə hava qaralır...

Yenə dağın başını qara buludlar alır...

Kartlinin çöllərini şələləyib belimə,

tikəmmirəm evinin uçuq divar yerinə.

Solğun Ay işığını göydən bir anlığına

salammıram otağın qorxunc qaranlığına.

Bir buz sırsırasını qandırammıram yenə,

səndən ötrü şam kimi yandırammıram yenə.

Çırpınan ləpələrin ipəktək sazağını

qapının kandarına sərə bilmirəm, əfv et.

Nə maral sürüləri bəsləyirəm səninçün,

nə də göyün üzündən bir vaxt vəd elədiyim

sayrışan ulduzları dərə bilmirəm, əfv et. 

 

Bitir, sona yetir gün, yenə hava qaralır,

Yenə dağın başını qara buludlar alır...

 

ASLAN


Salam, aslan, biz yenə də görüşdük,

Səs-səmirsiz boylanırsan qəfəsdən.

Nədən yerə əyilibdir dik başın –

Hansı fikir salıb səni həvəsdən?!

 

Bu nə hüzn, bu nə qəm-kədərdi, de,

Meşədəki günlərimi anırsan?

Baxışırıq dinmədən, dillənmədən –

Təkcə sənmi qəfəsdəsən, sanırsan?!

 

Eyni tale qismət olub bizlərə,

Qəfəsində zəncirləyib vaxt məni.

Ömrün-günün barmaqlığı dalından,

Nə müddətdi buraxmır bu baxt məni.

 

Uzaqlara göz atırsan ümidlə,

Bəlkə, savaş arzusuyla dolursan?

Baxışının səhra kimi odunu

Qılınc kimi divarlara çalırsan?

 

Qəzəbinin nərəsinə susur göy,

Gözlərində şimşək çaxır, de, nədən?

Bu taledən qurtulmağa ümid yox –

İnanmıram, kimdi sənə rəhm edən?

 

Bu qəfəsdə kölgən gəzir, özün yox,

Taleyindən az gileylən, inci sən.

Məhkumluğa boyun əyib əlacsız,

Qəbul eylə uzandığın küncü sən.

 

Salam, aslan, biz yenə də görüşdük,

Səs-səmirsiz boylanırsan qəfəsdən.

Nədən yerə əyilibdir dik başın –

Hansı fikir salıb səni həvəsdən?!

 

 

Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 2/2018 nömrəsində çap olunub.

DİGƏR MƏQALƏLƏR