HEKAYƏ - Zeydi Smit

HEKAYƏ

Zeydi Smit

Tərcümə: Təvəkgül Zeynallı

 

1975-ci ildə Londonda anadan olub. 2000-ci ildə çap edilən və bestsellerə çevrilən “Ağ dişlər” romanı müxtəlif mükafatlara layiq görülüb.

“Avtoqraf toplayan” (2002), “Gözəllik haqqında” (2006), “NV” (2012) romanlarının, bir çox hekayələrin müəllifidir.

Nyu-York Universitetində müəllimdir.

 

                          Kamboca səfirliyi

 

Kimin ağlına gələrdi ki, bir gün bizim yaşadığımız ərazidə Kamboca səfirliyi açılacaq? Heç kəsin... Belə bir şeyi heç təsəvvürümüzə də gətirməzdik. Bu hadisə hamımızı təəccübləndirmişdi. İşə bir bax: Kamboca səfirliyi!

 Səfirliyin yanında sağlamlıq mərkəzi yerləşir. Yolun o biri üzündə isə əksəriyyəti varlı ərəblərə aid olan (ən azından, biz – Villezden camaatı belə düşünürük) şəxsi mülklər var. Bu mülklərin giriş qapısında korinf üslubu ilə tikilmiş sütunlar, həyətində isə çoxumuzun təsəvvürünə görə, üzgüçülük hovuzları olmalıdır. Onlarla müqayisədə səfirlik elə də böyük deyil. Səfirliyin indi qərar tutduğu bu tikili 1930-cu illərdə şimali Londonun ucqar ərazilərində inşa edilmiş dörd-beş otaqlı adi villalardan biridir. Ətrafına təxminən səkkiz fut hündürlüyündə qırmızı kərpic hasar çəkilib. Bəzən bu hasardan yuxarıya qalxan və üfüqi şəkildə həyətin o biri tərəfinə uçan badminton topunu görmək olur. Kamboca səfirliyinin həyətində kimsə badminton oynayır. Topun çıxardığı səslər hasardan çöldə də eşidilir. Zərbə və taqqıltı. Zərbə və taqqıltı.

Bu tikilinin səfirlik olduğunu göstərən yeganə əlamət qapıya vurulan latun lövhə (onun üstündə “Kamboca səfirliyi” yazılıb) və qırmızı kirəmitli damın üstündə dalğalanan bayraqdır. (Bu, Kambocanın milli bayrağıdır. Yəni biz belə düşünürük. Başqa nə ola bilər ki?) Bəziləri bu tikilinin səfirliyə aid olduğunu belə əsaslandırırlar: “Görmürsünüz, ətrafına necə hündür hasar çəkiblər? Bu hündür hasardan bilmək olar ki, küçədəki o biri evlər kimi bu da şəxsi mülk deyil”. Amma bunu deyənlərin başı yaxşı işləmir. Çünki şəxsi mülklərin də çoxunun ətrafına belə hündür hasarlar çəkilib. Məgər onlar səfirlik binalarıdır? Əlbəttə, yox.

Fətu səfirliyin yanından birinci dəfə avqust ayının altısında keçmişdi. O, istirahət üçün həmişəki kimi hovuza – çimməyə gedirdi. Olimpiya oyunlarının keçirildiyi hovuzlar qədər böyük olmasa da, bu qadının getdiyi hovuz da kifayət qədər iri idi. Bir mil məsafəni qət etmək üçün səksən iki dövrə üzmək lazım gəlirdi ki, bu da darıxdırıcı olduğuna görə fiziki məşqdən daha çox iradə məşqinə bənzəyirdi. Sağlamlıq mərkəzinə tez-tez təşrif buyuran müştəriləri məmnun etməkdən ötrü hovuzun suyunu qeyri-adi dərəcədə isti eləyirdilər. Bu cür müştərilər isə suda çimməkdən daha çox, hovuzun kənarında uzanmağa, ya da saunada istirahət etməyə üstünlük verirdilər. Fətu bu hovuzda indiyə qədər beş-altı dəfə çimmişdi. Əksər hallarda o, digər müştərilərdən yaşca xeyli cavan olurdu. Sağlamlıq mərkəzinə gələnlərin çoxu ağdərililər idi, onların arasında Cənubi Asiyalılar, ya da Orta Şərq ölkələrindən olanlar da var idi. Amma hovuzda çimdiyi vaxt arabir öz həmyerliləri olan afrikalılara da rast gəlirdi. Əllərini uşaqlar kimi çılğıncasına suya çırpan, suyun üzündə qalmaqdan ötrü çapalayan afrikalıları görəndə Fətu onlardan yaxşı üzdüyünə görə özü ilə fəxr edirdi, illər əvvəl hələ Akkrada ikən üzməyi öyrənmək üçün Karib Çimərlik Kurortundakı məşqlərini yada salıb qürur hissi keçirirdi. Yox, üzgüçülük məşqlərini otelin hovuzunda etməmişdi: işçilərə hovuzda çimmək icazəsi verilmirdi. O, üzməyi kurortdan bir az aralıdakı dənizin dalğalı sularında öyrənmişdi. Çirkli köpüklərin arasında bata-bata, çırpına-çırpına, çapalaya-çapalaya öyrənmişdi. Ora heç vaxt turistlər gəlmirdi. (Buna səbəb batmaq təhlükəsindən və suyun soyuqluğundan da çox, hər tərəfin zir-zibil içində olması idi.) Heç başqa xidmətçiləri də orada görmək olmazdı. Ora ancaq gecəyarısı yeniyetmə oğlanlar və səhər çağları Fətu gəlirdi. Karib çimərliyi ilə sağlamlıq mərkəzindəki hovuzu bir-biri ilə qətiyyən müqayisə etmək olmazdı. Çünki sağlamlıq mərkəzindəki hovuz hamam kimi isti, sakit və rahat idi. İndi Fətu hovuza gedən yolda Kamboca səfirliyinin qarşısından keçir və iki gözəgörünməz oyunçunun bir-birinə tərəf vurduğu badminton topunun hündür hasarlardan da yuxarı qalxıb o tərəfə, bu tərəfə necə uçduğuna baxır. Badminton topu havada iri bir qövs cızaraq sağa tərəf uçur, sonra digər oyunçu topa yenə də zərbə endirir və bu, təkrar-təkrar baş verir. Birinci oyunçu bu zərbələrin qarşısını birtəhər də olsa ala bilir və top, yumşaq və qövsvari bir uçuşla yenidən zərbə endirən oyunçuya qayıdır. Lap yüksəklərdə günəş, göy üzünü tavan kimi tutan, yağışla dolu boz rəngli buludları yarıb çıxmağa çalışır. Zərbə və taqqıltı. Zərbə və taqqıltı.                                                   

Bir neçə il əvvəl – gözlərimizin qabağında Kamboca səfirliyi açıldığı zaman aramızdakılardan bəziləri belə deyirdilər: “Kaş hansımızsa şeir yazmağı bacarardı. Onda bu qəribə səfirlik əhvalatına yaxşı bir şeir həsr eləyərdik”. (Qəribəlik onda idi ki, səfirliklər, adətən, şəhərin mərkəzində yerləşərdi. Ucqarlarda səfirlik açıldığını ilk dəfə idi ki, görürdük.) Amma təəssüf ki, biz elə də şair ruhlu adamlar deyildik. Villezdendən olduğumuz üçün bizimki daha çox nəsrdir. İnanmıram ki, yerli adamlardan kimsə Kamboca səfirliyinin qarşısından ilk dəfə keçəndə ağlına “soyqırımı” sözünü gətirməmiş olsun.

 

Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 2/2018 nömrəsində çap olunub.

 

DİGƏR MƏQALƏLƏR