RUMIN POEZİYASI - Nikita Stenesku

RUMIN POEZİYASI 

Nikita Stenesku

Tərcümə: Əlisəmid Kür


1933-cü ildə Rumıniyanın Ploeşti şəhərində doğulub. Buxarest Universitetində rumın dili və ədəbiyyatı fakültəsini bitirib. İlk şeirləri 1952-ci ildə “Tribuna” ədəbi dərgisində nəşr edilib. “Sevginin məğzi”, “11 elegiya”, “Qırmızı vertikal”,  “Şirin klassik üslubda”,  “Beş dostun Belqradı”, “Düyünlər və işarələr”, “Ağlayan sümüklər” və başqa şeir kitablarının müəllifidir.

Bir sıra beynəlxalq ədəbi mükafatlara, o cümlədən 1975-ci ildə Herder ödülünə layiq görülüb. 1980-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına namizədliyi irəli sürülüb.

1983-cü ildə Buxarestdə vəfat edib.

 

Uyuyan quş

 

İlahi,

Gör necə uyuyur bu quş,

Sərib qanadını altına, 

                             uyuyur.

Bir hovur dincini almaq istəyir,

Axır ki, yuxuya getdi gözləri...

 

Ora bax,

leysan yağışlar yağır,

         mürgülü, yuxulu yağış,

Bir ilahi yuxusudu,      

         Tanrı yuxusu ağır...

 

Yedilər ömrünü bu fağır quşun,

                                      yedilər,

üstündən də su içdilər,

diddilər ömrünü bu fağır quşun...

 

Bir çimir yuxu alandan sonra

Bu fağır quş uçacaqdı harasa...

 

Yuxusu qaçdı gözündən,

Elə yuxuda öldü quş –

gəlmir səsi.

Qar üstündə ağaran ləkə

Cavan ömrün yaşıl kölgəsi...

 

Zəmi

 

İnanıram,

Yer kürəsi dübbədüzdü,

Hamar taxta parçasıtək

                                      dübbədüz.

 

Ağacın kökləri dəlib keçir torpağı,

Və asılı qalır havadan 

dübbədüz...

 

İnanıram,

Günəş həmişə eyni yerdən doğmaz –

Gah böyüyər, gah kiçilər,

Boşluqdan asılı qalar,

bir yerdə dayanmaz.

 

İnanıram,

Əgər damcılar varsa –

damar, damar dayanar;

Cəhənnəm-cənnət arası

Günəşin də fırlanmağı dayanar.

 

...Və mən

təlim görmüş itigöz quşlar göndərirəm,

Günəşlə yenidən görüşmək üçün

Zəmilərə yol göstərsinlər.

 

Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 2/2018 nömrəsində çap olunub.

DİGƏR MƏQALƏLƏR