SƏHNƏ ƏDƏBİYYATI
Henrik İbsen

Norveç dramaturqu, publisist, Milli Norveç teatrının, həmçinin yeni Avropa dramının yaradıcılarından olan Henrik İbseni bütün ölkədə tanıdan skandinaviya folkloru əsasında qələmə aldığı «Sulqxauqedə ziyafət» (1856) pyesi olub. Yeni bədii forma axtarışına çıxan İbsen 25 il vətəndən kənarda - əvvəlcə romada, sonra Triyest, Drezden və Münhendə yaşayır. «Brand» (1866) dramatik poeması və «Per Qyunt» (1867) fəlsəfi-simvolik dramı onu Avropada məşhurlaşdırır. «Cəmiyyətin dayaqları» (1877), «Oyuncaq ev» («Yuva» (1879), «Kabus» (1881), «Xalq düşməni» (1882) pyesləri Henrik İbseni dünya miqyaslı dramaturqa çevirib və onun pyesləri indi də dünya teatrlarını bəzəyir.

 

KABUS


Üç pərdəli ailə dramı.

Birinci pərdə

Bağa açılan geniş otaq; sol divarda bir, sağ divarda iki qapı var. Otağın ortasında ətrafına stullar düzülmüş dəyirmi stoldu, stolun üstünə kitablar, jurnal və qəzetlər qoyulub. Ön planda pəncərə, onun yanında balaca divan və qadın iş stolu. Arxa tərəfdə otaq get-gedə daralıb şüşə oranjereyaya keçir. Oranjereyanın sağ divarında bağa açılan qapı var. Şüşə divarın o üzündə yağış çisələyən tutqun sahil görünür.


Birinci şəkil

Dülgər Enqstran bağ qapısının ağzında dayanıb. Sol ayağı bir az qısadı; çəkməsinə qalın taxta altlıq vurulub. Regina əlində boş suçiləyən onun qabağını kəsir.

Regina. (astadan) Sənə nə lazımdı? Dayandığın yerdən tərpənmə. Üst-başından su tökülür.
Enqstran. Allah yağış göndərib, qızım.
Regina. Şeytan göndərib!
Enqstran. Allah xatirinə, belə danışma, Regina! (Ayağını çəkə-çəkə bir-iki addım irəli gəlir.) Bilirsən sənə nə demək istəyirdim...
Regina. Ayağını tappıldatma! Gənc ağa yuxarıda yatır.
Enqstran. Uzanıb yatır? Günün günorta çağı?
Regina. Bunun sənə dəxli yoxdu.
Enqstran. Dünən axşam möhkəm içmişəm...
Regina. Gözlənilməz şey deyil.
Enqstran. İnsanıq da, qızım...
Reqina. Əlbəttə!
Enqstran. Bilirsən, bu dünyada adamı yoldan çıxaran çox şey var!.. Ancaq mən, hər halda, saat altının yarısında durub, vicdanla işə başlamışam.
Regina. Yaxşı, yaxşı. Bircə tez çıxıb get. Səninlə burda dayanmaq istəmirəm.
Enqstran. Nəyi istəmirsən?
Regina. Kiminsə səni burda görməsini istəmirəm. Di öz yolunla çıx get.
Enqstran (bir az da ona yaxınlaşır). Yox, səninlə söhbət eləməmiş gedən deyiləm! Bilirsən, nahardan sonra aşağıda, məktəbdə işimi qurtarıb, gecə gəmiylə şəhərə, evə gedəcəyəm.
Regina (dilucu). Yaxşı yol!
Enqstran. Sağ ol, qızım! Sabah burda yetimxanaya xeyir-dua verəcəklər, görünür, içkisiz keçməyəcək. Qoy heç kim Yakob Enqstran üçün deməsin ki, o, içki düşgünüdü!
Regina. Eh!
Enqstran. Hə, çünki sabah buraya, allah bilir, nə qədər hörmətli cənab gələcək. Pastor Mandersin də şəhərdən gələcəyi gözlənilir.
Regina. O bu gün gələcək.
Enqstran. Görürsən. Lənət şeytana, mən də istəmirəm ki, haqqımda nəsə desin, başa düşürsən?
Regina. Aydın oldu!
Enqstran. Nə?
Regina (gözünün içinə baxır). Nədir, yenə pastor Mandersə sataşmaq istəyirsən?
Enqstran. Sss... sss... Dəli olmusan? Pastor Mandersə sataşmaq? Mənə olan xeyirxahlığı qarşısında bu lap ağ olardı. Demək, gecə evə qayıdıram. Səninlə bu barədə danışmağa gəlmişdim.
Regina. Mənə qalsa, nə qədər tez getsən, o qədər yaxşıdır.
Enqstran. Hə, ancaq mən səni də evə aparmaq istəyirəm, Regina.
Regina (təəccübdən ağzı açıla qalır). Məni? Sən nə danışırsan?
Enqstran. Deyirəm, səni evə aparmaq istəyirəm.
Regina. Yox, bu, mümkün deyil!
Enqstran. Ona baxarıq.
Regina. Hə, əmin ol ki, baxarıq. Mən kamerger arvadının yanında böyümüşəm... Bu evin, demək olar, doğma adamıyam... İndi səninlə gedim? O cür evə? Tfu!
Enqstran. Lənət şeytana! Qız, sən atana qulaq asmırsan?
Regina (ona baxmadan mızıldanır). Özün yüz dəfə mənə demisən ki, nəyimin qızısan.
Enqstran. Eh! Həvəsin var da hər şeyi yadda saxlamağa...
Regina. Hələ neçə dəfə məni söymüsən, yamanlamısan... Fi donc![1]
Enqstran. Yox, mən, doğrudan, heç vaxt nalayiq sözlər deməmişəm!
Regina. Hansı sözlər dediyini mən ki bilirəm!
Enqstran. Axı ancaq... vur-tut içkili olanda... xm! Of, bu dünyada adamı yoldan çıxaran şeylər çoxdu, Regina!
Regina. Of!
Enqstran. Bir də anan həyasızlıq eləyəndə olurdu. Necəsə dərsini vermək lazım gəlirdi, qızım. Özünü çox dartırdı. (Yamsılayır.) «Bəsdir, Enqstran! Əl çək! Mən düz üç il Rusenvolda kamerger Alvinqın yanında xidmət eləmişəm». (Gülür.) Allah günahımdan keçsin, anan hələ burda xidmət eləyəndə kapitanın kamerger olması heç yadımdan çıxmır.
Regina. Yazıq anam... Onu sən öldürdün.
Enqstran (yırğalanaraq). Əlbəttə, hər şeydə mən günahkaram!
Regina (üzünü döndərib astadan). Ox!.. Bu ayağı da bir yandan!..
Enqstran. Nə deyirsən, qızım?
Regina. Pied de mouton[2]!
Enqstran. İngiliscədi?
Regina. Hə.
Enqstran. Öyrətməyinə burda sənə hər şeyi öyrədiblər; bax indi bu sənə lazım ola bilər, Regina.
Regina (bir az susub). Şəhərdə mən sənin nəyinə lazımam?
Enqstran. Atandan soruşursan ki, yeganə qızı onun nəyinə lazımdı? Məgər mən tək-tənha yaşayan dul kişi deyiləm?
Regina. Ax, boşla bu boş-boş sözləri! Orada nəyinə lazımam?
Enqstran. Bilirsən, yeni bir iş qurmaq fikrindəyəm.
Regina (hirslə donquldanır). Artıq bu neçənci dəfədi, heç hansı da alınmayıb.
Enqstran. Ancaq bu dəfə görəcəksən, Regina! Lənət şeytana!
Regina (ayağını yerə döyür). Şeytanın adını çəkmə!
Enqstran. Sss... sss!.. Bunu çox doğru deyirsən, qızım, çox doğru deyirsən. Mən demək istəyirdim ki, təzə yetimxanadakı işdə yaxşı pul qazanmışam.
Regina. Qazanmısan? Halal xoşun olsun!
Enqstran. Bəs bu ucqarda pulu nəyə xərcləyəsən?
Regina. Nə eləmək istəyirsən?
Enqstran. Belə ki, bu pula qazanclı bir iş qurmaq istəyirəm. Dənizçilər üçün yeməkxana kimi bir şey...
Regina. Tfu!
Enqstran. Qəşəng yeməkxana, başa düşürsən! Dənizçilər üçün donuz damı yox, lənət şeytana! Kapitanlar, şturmanlar... bir də ağalar üçün, başa düşürsən!
Regina. Mən də orada...
Enqstran. Hə, kömək eləyərdin. Elə-belə, ağır iş olmayacaq, lənət şeytana, heç kim səni buyurmayacaq, çağırmayacaq, qızım! İstədiyin kimi yaşayacaqsan.
Regina. Bəs necə!
Enqstran. Bu iş qadınsız əmələ gəlməz, aydın məsələdir. Axşamlar axı qonaqları əyləndirmək lazımdır... Musiqi, rəqs, başqa şeylər. Unutma - dənizçilər dünyagörmüş adamlardı. Həyatları dənizdə keçir... (Ona bir az da yaxınlaşır.) Axmaq olma, Regina, özün öz yolunu kəsmə! Xanımın sənin oxumağın üçün pul xərcləməyindən nə fayda? Eşitmişəm, təzə yetimxanada uşaqlara baxmağını istəyirlər. Məgər bu iş sənin üçündü? Hansısa qotur uşaqlar üçün çalışıb-çabalamaq sənə çox lazımdı?!
Regina. Yox, əgər mən istədiyim kimi alınsa, onda... Bəlkə alındı. Bəlkə alınacaq?
Enqstran. Nə alınacaq?
Regina. Sənə qalmayıb... Çoxmu pul qazanmısan?
Enqstran. Belə, yeddi yüz-səkkiz yüz kron olar.
Regina. Bəd deyil.
Enqstran. Başlanğıc üçün bəs eləyər, qızım!
Regina. Ondan bir az mənə ayırmaq haqqında fikirləşmirsən?
Enqstran. Yox, sözün düzü, fikirləşmirəm!
Regina. Bir dəfə mənə, heç olmasa, paltar üçün parça göndərməyi fikirləşmirsən?
Enqstran. Mənimlə şəhərə get, onda istədiyin qədər paltarın olacaq.
Regina. İstəsəydim, tək də gedərdim.
Enqstran. Yox, atanın himayəsində getmək daha doğru olar, qızım. Kiçik Liman küçəsindəki balaca qəşəng bir evi gözüm tutub. Bir az nəğd pul lazım olacaq; dənizçilərin qalması üçün də bir yer düzəldərik.
Regina. Səninlə qalmaq istəmirəm. Sənin yanında nə işim var. Çıx get!
Enqstran. Mənim yanımda bənd almazsan, lənət şeytana! Məsələ bundadı. Təki bircə öz fikrindəkini yeridəsən. Gözəl qızsan, bu iki ildə gör nə günə düşmüsən...
Regina. Doğrudan?
Enqstran. Bir müddətdən sonra, nə bilmək olar, bəlkə də hansısa şturmanı, ya kapitanı ələ keçirdin...
Regina. Mən elə iş tutmaram. Dənizçilərdə savoir vivre[3] yoxdu.
Enqstran. Nə yoxdu?
Regina. Deyirəm, dənizçiləri tanıyıram. Elələrinə ərə getməyə dəyməz.
Enqstran. İndi də getmə. Ərə getmədən də öz xeyirini güdmək olar. (Səsini alçaldır.) Öz yaxtasında gələn o ingilis.., üç yüz speçiy-daler verdi... Ancaq anan səndən heç də gözəl deyildi!
Regina. Rədd ol!
Enqstran (geri çəkilərək). Yaxşı-yaxşı, yoxsa dalaşmaq istəyirsən?
Regina. Hə! Əgər bir də anamın ruhuna toxunsan, doğrudan da, vuraram! Get, deyirəm sənə! (Onu bağa açılan qapıya tərəf sıxışdırır.) Qapını da çırpma! Gənc ağa...
Enqstran. Yatır, bilirəm. Gənc ağanın böyür-başına yaman çox keçirsən! (Səsini alçaldır.) Ha-ha!.. Yoxsa torbada pişik var...
Regina. Bu dəqiqə rədd ol! Başın xarab olub, boşboğaz!.. Oraya yox. Pastor gəlir. Arxa pilləkənlə!
Enqstran (sağa gedir). Yaxşı, yaxşı. Ancaq sən onunla danış. Övladların öz atalarıyla necə rəftar etməli olduğunu o sənə deyər... Çünki, hər halda, mən sənin atanam. Kilsə dəftəriylə təsdiq edərəm. (Reginanın açdığı başqa qapıya tərəf gedir və Regina qapını dərhal onun arxasınca örtür.)
İkinci şəkil

Regina tez özünə güzgüdə baxıb, yaylıqla üzünü yelləyir və boynundakı qalstukunu düzəldir. Sonra güllərin yanında qurdalanır. Pastor Manders paltoda, əlində çətir və çiynindən asılmış yol çantası, bağ qapısından eyvana qalxır.

Pastor Manders. Salam, yomfru[1] Enqstran!
Regina (sevincək bir heyrətlə çevrilir). Ah, salam, cənab pastor! Məgər gəmi artıq gəlib?
Pastor Manders. İndicə gəldi.
Regina. İcazənizlə, kömək eləyim... Bax belə. Ay, necə yaşdı! Aparım dəhlizdən asım. Çətiri də verin... Açım ki, qurusun. (Əlindəki şeylərlə sağdakı başqa qapıya tərəf gedir.)

Pastor Manders əl çantasını və şlyapasını stulun üstünə qoyur. Regina qayıdır.

Pastor Manders. Ev heyif deyilmi... Limanda eşitdim ki, Osvald gəlib?
Regina. Bəli, üç gündü. Ancaq biz onun bu gün gələcəyini gözləyirdik.
Pastor Manders. Əhvalı necədi?
Regina. Minnətdaram, pis deyil. Yəqin indi mürgüləyib, ona görə gərək bir az astadan danışaq.
Pastor Manders. Yaxşı-yaxşı, astadan danışarıq.
Regina (kreslonu stola tərəf çəkir). Oturun, cənab pastor, rahatlanın. (Pastor oturur, Regina onun ayağının altına kətil qoyur.) Bax belə, cənab pastora bu cür rahatdımı?
Pastor Manders. Minnətdaram, minnətdaram, əladı!
Regina. Ağaya deyimmi?..
Pastor Manders. Yox, minnətdaram, tələsməyə dəyməz, məni balam. Deyin görüm, əziz Regina, atanız burada necə yaşayır?
Regina. Minnətdaram, cənab pastor, dolanır.
Pastor Manders. Şəhərdə son dəfə olanda yanıma gəlmişdi.
Regina. Hə? Cənab pastorla danışa biləndə o çox məmnun olur.
Pastor Manders. Siz də yəqin həmişə onu yoluxursunuz?
Regina. Mən? Hə, vaxtım olanda gedib dəyirəm...
Pastor Manders. Sizin atanız, yomfru Enqstran, elə də güclü adam deyil. Mənəvi yardıma onun çox ehtiyacı var.
Regina. Bəli, bəli, sizinlə razıyam, elədi.
Pastor Manders. Fikrini qiymətləndirdiyi, sevdiyi bir adamın yanında olması lazımdı. Axırıncı dəfə yanımda olanda açıq ürəklə bunu mənə özü etiraf etdi.
Regina. Belə bir şeyi mənə də deyib. Ancaq fru Alvinqin məndən ayrılmağa razı olacağını bilmirəm... Ələlxüsus də indi, bu təzə yetimxana ilə bağlı işlərin çox olduğu vaxtda. Elə mən də ondan heç ayrılmaq istəməzdim, çünki o mənə qarşı həmişə xeyirxah olub.
Pastor Manders. Lakin övlad borcu da var, mənim balam... ancaq, təbii ki, əvvəlcə sizin xanımın razılığını almaq lazımdır.
Regina. Bir də bilmirəm, tək kişinin evində yaşamaq mən yaşda qıza münasibdimi?
Pastor Manders. Necə? Mənim əzizim, axı söhbət sizin doğma atanızdan gedir!
Regina. Elə olsa da... hər halda... Yox, bax əgər sevib hörmət etdiy im...
Pastor Manders. Ancaq, əziz Regina...
Regina. ... qızı kimi qulluğunda dura biləcəyim alicənab adamın yanında yaşayası olsaydım...
Pastor Manders. Ancaq, mənim əziz balam...
Regina. ... onda şəhərə sevinə-sevinə gedərdim. Bura çox cansıxıcıdı, burada tək-tənhayam... cənab pastor isə tək yaşamağın necə olduğunu axı yaxşı bilir. Cəsarət eləyib deyirəm ki, mən çalışqanam, bacarıqlıyam. Cənab pastor mənim üçün münasib bir yer bilirmi?
Pastor Manders. Mən? Yox, doğrusu, bilmirəm.
Regina. Ah, əziz cənab pastor... Sizdən xahiş eləyirəm, əgər bir iş düşsə məni nəzərə alasınız...
Pastor Manders (ayağa qalxır). Yaxşı, yaxşı, yomfru Enqstran.
Regina. ... çünki mənə...
Pastor Manders. Zəhmət çəkib fru Alvinqi bura dəvət eləyə bilərsinizmi?
Regina. O indi gələcək, cənab pastor!
Pastor Manders (sol tərəfə gedir, eyvana çatanda dayanıb əlini arxasına qoyaraq bağa baxır. Sonra yenə stola tərəf gedir, kitablardan birini götürüb adına baxır, bir şey anlamayıb başqalarına baxır). Hm! Belə-belə işlər!


Üçüncü şəkil


Fru Alvinq soldakı qapıdan daxil olur. Regina onun arxasınca
gəlib otaqdan keçərək sağdakı birinci qapıdan girir.


Fru Alvinq (əlini pastora uzadır). Xoş gəlmisiniz, cənab pastor!
Pastor Manders. Salam, fru Alvinq! Bu da mən, vəd elədim, yerinə də yetirdim.
Fru Alvinq. Siz həmişə intizamlısınız. Bəs çamadanınız hanı?
Pastor Manders (tələsik). Mən öz yükümü müvəkkilin yanında qoymuşam. Orada da gecələyəcəm.
Fru Alvinq (təbəssümünü boğur). Yenə də mənim evimdə gecələməyə ürək eləmirsiniz?
Pastor Manders. Yox, yox, fru Alvinq. Sizə çox minnətdaram, ancaq həminə olduğu kimi orada gecələyəcəm. Ora həm də münasibdi - liman körpüsünə yaxındı.
Fru Alvinq. Di özünüz bilərsiniz. Ümumiyyətlə isə, mənə elə gəlir, bizim kimi ahıl adamlar...
Pastor Manders. İlahi, siz necə zarafatlar edirsiniz! Ancaq bu gün kefinizin yaxşı olmağını başa düşmək olar. Həm sabahkı təntənə, həm də axır ki, Osvaldı tovlayıb evə gətirə bilmisiniz!
Fru Alvinq. Hə, böyük xoşbəxtlikdi! Axı iki ildən artıqdı evdə olmurdu. İndi söz verir ki, bütün qışı mənimlə olacaq. Maraqlıdı, onu tanıya biləcəksinizmi?.. O birazdan bura düşəcək, indi yuxarıda divanda uzanıb dincəlir... Niyə dayanmısınız, buyurub əyləşin, əziz pastor.
Pastor Manders. Minnətdaram. Deməli, indi başlamağımızı istəyirsiniz?..
Fru Alvinq. Hə, hə. (Stolun kənarında əyləşir.)
Pastor Manders. Yaxşı... İndi öz işimizə keçək. ( Qovluğu açıb, oradan kağızları çıxarır.) Görürsünüz?..
Fru Alvinq. Sənədlərdi?..
Pastor Manders. Hamısıdı. Tam qaydasındadı. (Kağızları vərəqləyir.) Bu, sizin malikanəni ianə etdiyiniz haqda imzalanmış qərar. Bu, fondun təsisi haqda qərar və təzə yetimxananın təsdiq edilmiş nizamnaməsi. Görürsünüz? (Oxuyur.) «Kapitan Alvinqin xatirəsinə yaradılmış yetimxananın nizamnaməsi».
Fru Alvinq (kağıza bir xeyli baxır). Axır ki!
Pastor Manders. Mən kamerger yox, kapitan rütbəsini seçdim. Kapitan daha sadə səslənir.
Fru Alvinq. Hə, hə, siz daha yaxşı bilərsiniz.
Pastor Manders. Bu da əmanət kassasının kitabçası, ordakı pulun faizi yetimxananın saxlanmasına xərclənəcək...
Fru Alvinq. Minnətdaram. Ancaq zəhmət olmasa, onun özünüzdə saxlayın, belə rahat olar.
Pastor Manders. Çox yaxşı. Faiz dərəcəsi, əlbəttə, elə də cəlbedici deyil, vur-tut dörd faizdi. Ancaq sonra qiymətli kağızla yaxşı borc vermək mümkün olsa, onda ətraflı danışarıq.
Fru Alvinq. Hə, hə, əziz pastor Manders, sizi bunları daha yaxşı başa düşürsünüz.
Pastor Manders. Mən, hər halda, axtaracam. Ancaq sizdən çoxdan soruşmaq istədiyim bir şey də var.
Fru Alvinq. Nədi belə?
Pastor Manders. Yetimxananı sığorta eləyək, ya yox?
Fru Alvinq. Əlbəttə, sığortalayaq.
Pastor Manders. Bir az səbr eləyin. Gəlin məsələni yaxşı-yaxşı müzakirə edək.
Fru Alvinq. Mən hər şeyi - binanı da, daşınan əmlakı da, çörəyi də, canlı inventarı da sığortalayıram.
Pastor Manders. Doğrudu. Bunların hamısı sizin şəxsi var-dövlətinizdir. Mən də o cür eləyirəm. Şübhəsiz. Ancaq burda, bilirsinizmi, məsələ bir az başqa cürdü. Axı yetimxana daha ali, müqəddəs məqsədə xidmət edir...
Fru Alvinq. Məgər...
Pastor Manders. Şəxsən mənə qalsa, özünüzü hər cür təsadüflərdən qorumaq istəyinizdə qəbahətli bir şey görmürəm...
Fru Alvinq. Doğrusu, mən də elə bilirəm...
Pastor Manders. ... ancaq buranın camaatı bu işə necə baxacaq? Siz onları məndən yaxşı tanıyırsınız.
Fru Alvinq. Hm... buranın camaatı...
Pastor Manders. Burada mötəbər, çox mötəbər, sözü keçən adamlar tapılarmı ki, bunu qınasın?
Fru Alvinq. Çox mötəbər adamlar deyəndə siz nəyi nəzərdə tutursunuz?
Pastor Manders. Tutduğu mövqeyinə görə nüfuzu olan elə adamları nəzərdə tuturam ki, onların fikriylə hesablaşmamaq olmur.
Fru Alvinq. Hə, burda o cür bir neçə adam tapılar ki, qınasın, əgər...
Pastor Manders. Görürsünüz! Şəhərdə isə belələri çoxdu. Belə hərəkət biz tərəfdən çox asanca allaha inamsızlıq kimi yozula bilər...
Fru Alvinq. Ancaq, əziz cənab pastor, siz ki, belə olmadığını...
Pastor Manders. Mən bunu bilirəm, bilirəm. Belə lazım olduğuna da tam əminəm. Ancaq bizim məqsədimizi başqa cür yozmalarına da mane ola bilmərik. Belə söz-söhbətlər isə işə ziyan vura bilər...
Fru Alvinq. Əgər belədirsə, onda...
Pastor Manders. Mən həm də düşə biləcəyim çətin vəziyyəti nəzərə almaya bilmərəm. Şəhərin rəhbər dairələrində yetimxana ilə çox maraqlanırlar. O qismən şəhərin ehtiyacını ödəmək üçün nəzərdə tutulub, həm də ümid etmək olar ki, kasıbları himayə etməkdə cəmiyyətə bir xeyli yardımçı olacaq. Ancaq mən sizin məsləhətçiniz olduğuma və müəssisənin bütün işini apardığıma görə, kilsənin təəssübkeşlərinin ən əvvəl mənim üstümə düşəcəyindən ehtiyat etməliyəm...
Fru Alvinq. Yox, siz özünüzü işə salmayın.
Pastor Manders. Hələ tanınmış qəzet və jurnalların mənim haqqımda ağzına gələnləri yazacağını demirəm...
Fru Alvinq. Kifayətdir, əziz pastor Manders. Təkcə bu mülahizələr məsələni həll eləyir.
Pastor Manders. Deməli, sığorta eləməyəcəksiniz?
Fru Alvinq. Yox. Bundan imtina edək.
Pastor Manders (stula yayxanır). Bəs nəsə bir bədbəxtlik baş versə? Axı nə bilmək olar. Siz zərəri ödəyəcəksiniz?
Fru Alvinq. Yox, bu başdan deyirəm ki, bunu öz üzərimə götürmürəm.
Pastor Manders. Bilirsizmi, fru Alvinq, belə olan halda biz öz üzərimizə elə bir məsuliyyət götürürük ki, götür-qoy etmək lazım gəlir.
Fru Alvinq. Sizcə, biz başqa cür hərəkət eləyə bilərikmi?
Pastor Manders. Yox, məsələ elə ondadı ki, yox. Arxamızca ağızlarına gələnləri danışmamaları üçün kilsə əhlinə bəhanə verməməliyik.
Fru Alvinq. Hər halda, bir pastor kimi sizə bunu etmək olmaz.
Pastor Manders. Mənə də elə gəlir ki, allahın nəzərinin üstümüzdə olacağına, bu müəssisənin işlərinin yaxşı gedəcəyinə ümid eləməliyik.
Fru Alvinq. Allaha təvəkkül, pastor Manders.
Pastor Manders. Deməli, bu cür saxlayaq?
Fru Alvinq. Hə, şübhəsiz.
Pastor Manders. Yaxşı. Siz deyən kimi olsun. (Yazır.) Deməli, sığorta eləməmək.
Fru Alvinq. Ancaq qəribədi ki, siz bu haqda məhz bu gün söhbət saldınız...
Pastor Manders. Mən xeyli vaxtdı sizdən bu barədə soruşmaq istəyirdim.
Fru Alvinq. Elə dünən orada az qalmışdı yanğın çıxsın.
Pastor Manders. Nə olmuşdu?
Fru Alvinq. Əslində, elə bir şey deyildi. Dülgər otağında yonqarlar alışmışdı.
Pastor Manders. Enqstran işlədiyi yerdə?
Fru Alvinq. Hə. Deyilənə görə, o, kibritlə çox ehtiyatsız davranır.
Pastor Manders. Hə, onun başı hər cür axmaq şeylərlə doludu. Ancaq eşitdiyimə görə, çox şükürlər olsun ki, həyat tərzini yaxşılığa doğru dəyişməyə çalışır.
Fru Alvinq. Hə? Kimdən eşitmisiniz?
Pastor Manders. Özü mənə deyirdi. Üstəlik də, çox işguzardı.
Fru Alvinq. Hə, ayıq olanda...
Pastor Manders. Ax, bu başabəla zəiflik! Ancaq o deyir ki, çox vaxt şikəst ayağına görə əlacsızlıqdan içir. Son dəfə şəhərdə olanda məni lap kövrəltdi. Yanıma gəlib burada ona iş tapdığıma görə mənə ürəkdən minnətdarlıq elədi ki, indi Reginanın yanında ola bilir.
Fru Alvinq. Deyəsən, onunla elə də tez-tez görüşmür.
Pastor Manders. Necə yəni, özü dedi ki, hər gün görüşür.
Fru Alvinq. Ola bilsin.
Paster Manders. O yaxşı başa düşür ki, içkiyə meyl göstərəndə onu bu fikirdən daşındıra bilən kiminsə yanında olması lazımdı. Fağır, yazıq görkəmdə yanına gəlib, öz zəif cəhətini səmimiqəlbdən etiraf etmək Yakob Enqstranın ən yaxşı xüsusiyyətidi. Axırıncı dəfə o mənə açıqca dedi ki... Fru Alvinq, əgər o, Reginanı yanında görməyə mənəvi ehtiyac duyursa...
Fru Alvinq (tez ayağa qalxır). Reginanı?!
Pastor Manders. ... siz buna qarşı çıxmayın.
Fru Alvinq. Yox, əksinə, qarşı çıxaram. Bundan başqa... Regina yetimxanada işləyəcək.
Pastor Manders. Siz bir fikirləşin, hər halda, onun atasıdı.
Fru Alvinq. Onun necə ata olduğunu mən yaxşı bilirəm. Yox, əgər məndən asılı olsa, qız heç vaxt onun yanına qayıtmayacaq.
Pastor Manders (ayağa qalxaraq). Belə həyacanlanmayın, əziz fru Alvinq. Doğrusu, təəssüf ki, siz dülgər Enqstran haqqında belə pis fikirdəsiniz. Siz elə bil hətta qorxdunuz...
Fru Alvinq (sakit halda). Nə olur olsun, mən Reginanı öz yanıma götürmüşəm, mənim yanımda da qalacaq. (Nəyəsə qulaq kəsilir.) Sss... kifayətdi, əziz pastor Manders, bu haqda daha danışmayaq. (Çöhrəsindən sevinc yağır.) Eşidirsiniz? Osvald pilləkənlə düşür. İndi yalnız onunla məşğul olaq!

Dördüncü şəkil


Osvald Alvinq əynində yüngül palto, əlində şlyapa,
penkadan düzəldilmiş uzun tənbəki çubuğu çəkə-çəkə sol qapıdan
daxil olur.

Osvald (astanada dayanır). Bağışlayın, mən elə bildim, siz kontordasınız. (Yaxınlaşır.) Salam, cənab pastor!
Pastor Manders (heyrətlə). A!.. Təəccüblüdü!..
Fru Alvinq. Hə, onun haqqında nə deyə bilərsiniz, pastor Manders?
Pastor Manders. Mən deyərəm... deyərəm ki... Yox, doğrudanmı odur?..
Osvald. Bəli, bəli, sizin qarşınızdakı həqiqətən də həmin fərsiz oğuldu, cənab pastor.
Pastor Manders. Amma, mənim əziz gənc dostum...
Osvald. Əlavə edək: evə qayıtmış.
Fru Alvinq. Osvald onun rəssam olmaq istəyinə qarşı çıxdığınız vaxta eyham vurur.
Pastor Manders. İnsan çox şeyə şübhə eləyə bilər, ancaq sonra... (Osvaldın əlini sıxır.) Xoş gəlmisiniz, xoş gəlmisiniz! Ancaq, əziz Osvald... Sizi, sadəcə, belə çağırmağımdan incimirsiniz?
Osvald. Başqa nə cür ola bilər ki?
Pastor Manders. Yaxşı. Əziz Osvald, sizə demək istəyirdim ki, rəssamlar zümrəsini qəti surətdə bəyənmədiyimi düşünməyəsiniz. Güman edirəm ki, bu sahədə də çoxları öz qəlbini təmiz saxlaya bilər.
Osvald. Ümid eləyək ki, elədi.
Fru Alvinq (üz-gözü gülür). Ürəyini də, qəlbini də təmiz saxlayan birini mən tanıyıram. Siz bir ona baxın, pastor Manders!
Osvald (otaqda gəzişir). Di yaxşı, ana, bu söhbəti qurtaraq.
Pastor Manders. Hə, doğrudan da, bunu inkar etmək olmaz. Üstəlik də, artıq məşhurlaşmağa başlamısınız. Qəzetlər sizdən tez-tez yazır, həmişə də iltifatla. Yeri gəlmişkən, son vaxtlar elə bil susublar.
Osvald (güllərin yanında). Son vaxtlar o qədər də işləyə bilməmişəm.
Fru Alvinq. Rəsam da dincəlməlidi.
Pastor Manders. Başa düşürəm. Daha böyük iş üçün hazırlaşmaq, güc yığmaq lazımdı.
Osvald. Ana, biz nə vaxt nahar edəcəyik?
Fru Alvinq. Yarım saatdan sonra. Allaha şükür, onun iştahı yaxşıdı.
Pastor Manders. Tənbəkiyə də aludədi.
Osvald. Yuxarıda atamın tənbəki çubuğunu tapdım, ona görə...
Pastor Manders. Mən də deyirəm nədi!
Fru Alvinq. Nə olub?
Pastor Manders. Osvald ağzında tənbəki çubuğu bura gələndə, elə bil atası gəlib gözümün qabağında dayandı!
Osvald. Doğrudan?
Fru Alvinq. Diliniz necə gəlir belə deməyə! O mənə oxşayır.
Pastor Manders. Hə, ancaq ağzının kənarındakı cizgilər, dodaqları - atasınınkı da eləydi.
Fru Alvinq. Heç oxşatmıram. Mənə elə gəlir, Osvaldın ağzının kənarındakı cizgilər daha çox pastorları xatırladır.
Pastor Manders. Bəli, bəli. Mənim peşə yoldaşlarımın çoxunun ağız cizgiləri elədi.
Fru Alvinq. Bu tənbəki çubuğunu bir kənara qoy, əziz oğlum. Burada çəkəndə xoşum gəlmir.
Osvald (anasının dediyinə əməl edir). Məmnuniyyətlə. Elə belə dadına baxmaq istədim, çünki uşaqlıqda bir dəfə bunu çəkmişəm.
Fru Alvinq. Sən?
Osvald. Hə, onda hələ lap balacaydım. Yadımdadı, bir axşam atamın otağına getmişdim. Kefi kök idi...
Fru Alvinq. Eh, sən o vaxtları xatırlamazsan.
Osvald. Gözəl xatırlayıram. O məni dizinin üstünə alıb, tənbəki çubuğu çəkməyə məcbur elədi. Çək, dedi, balaca, yaxşı-yaxşı çək. Mən də o qədər çəkdim ki, sifətim ağardı, alnıma tər gəldi. Onda atam şaqqanaq çəkib güldü.
Pastor Manders. Hm... çox qəribədi.
Fru Alvinq. Osvald bunları yuxuda görüb.
Osvald. Yox, ana, heç də yuxuda görməmişəm. Hələ sonra, - doğrudanmı sənin yadından çıxıb? - sən gəlib məni uşaq otağına apardın. Orada halım xarab oldu, sən isə ağladın... Atam belə şeyləri tez-tez edirdi?
Pastor Manders. Atan cavanlığında çox zarafatcıl idi.
Osvald. Hər halda, çox şey eləyə bilib. Yaxşı, faydalı çox iş görüb. Axı o elə də çox ömür sürməyib.
Pastor Manders. Hə, əziz Osvald Alvinq, siz həqiqətən işguzar, ləyaqətli adamın varisisiniz. Ümid edirik ki, belə bir örnək sizi ruhlandıracaq.
Osvald. Ola bilsin, ruhlandırmalıdı.
Pastor Manders. Hər halda, gözəl iş görmüsünüz ki, onun xatirəsinə həsr olunmuş təntənəli gündə evə qayıtmısınız.
Osvald. Atam üçün bundan artığını eləməyi bacarmamışam.
Fru Alvinq. Ən yaxşısı da odur ki, yanımda çox qalmağa razılaşıb!
Pastor Manders. Hə, bütün qışı burada qalacağınızı eşitmişəm.
Osvald. Burada nə qədər qalacağım aydın deyil, cənab pastor... Ah, hər halda, evə qayıtmaq gözəldi!
Fru Alvinq (üz-gözü gülür). Hə, elə deyilmi?
Pastor Manders (Osvalda şəfqətlə baxır). Siz öz doğma yuvanızı tez tərk etdiniz, əziz Osvald.
Osvald. Bəli. Hərdən mənə elə gəlir, deyəsən, çox tez tərk etmişəm.
Fru Alvinq. Bəs nə, sağlam uşaq üçün belə yaxşıdı. Xüsusilə də, əgər tək oğuldusa. Beləsini ata-ananın qanadının altında saxlamağa dəyməz. Ərköyün olub gedər.
Pastor Manders. Bu hələ mübahisəli məsələdi, fru Alvinq. Ata-ana evi uşağın əsl yaşayış yeridi və elə də olmalıdı.
Osvald. Pastorla tamamilə razıyam.
Pastor Manders. Elə sizin oğlunuzu götürək. Onun yanında danışmağımızın eybi yoxdu ki... Onun üçün bunun hansı nəticələri olub? İyirmi altı-iyirmi yeddi yaşı var, ancaq o hələ də ailənin əsl mənada nə olduğunu bilmir.
Osvald. Bağışlayın, cənab pastor, siz səhv eləyirsiniz.
Pastor Manders. Hə? Mən güman edirdim ki, siz, az qala, yalnız rəssamların içində dolaşmısınız.
Osvald. Elədi.
Pastor Manders. Əsasən də gənclərin.
Osvald. O da elədi.
Pastor Manders. Ancaq mən fikirləşirəm ki, onların çoxunun evlənməyə, ailə qurmağa maddi imkanları yoxdu.
Osvald. Bəli, onların çoxunun evlənməyə maddi imkanı yoxdu, cənab pastor.
Pastor Manders. Bax elə mən də onu deyirəm.
Osvald. Ancaq bu, onlara ailə qurmağa mane olmur. Onların bir çoxunun çox gözəl ailələri var.


Gərgin halda onların söhbətinə qulaq asan Fru Alvinq dinməzcə başını yırğalayır.


Pastor Manders. Mən subayların həyatından danışmıram. Mən arvad-uşaqla bir yerdə ailə həyatını nəzərdə tuturam.
Osvald. Bəli, uşaqlarla və uşaqların anasıyla birlikdə.
Pastor Manders ( diksinib əllərini şappıldadır). İlahi, özün rəhm elə!
Osvald. Nə?
Pastor Manders. Öz uşaqlarının anasıyla yaşamaq.
Osvald. Bəs sizcə öz uşaqlarının anasını atmaq lazımdı?
Pastor Manders. Siz qeyri-qanuni əlaqədən danışırsınız? Necə deyərlər, «vəhşi» nigahlardan danışırsınız?
Osvald. Belə birgə yaşayışda mən heç vaxt vəhşi nəsə sezməmişəm.
Pastor Manders. Bir az tərbiyəsi olan insanın, ya gənc qadının hamının gözü qarşısında bu cür birgə yaşamağa razı olması mümkündürmü?
Osvald. Bəs onlar neyləməlidi? Kasıb gənc rəsam, kasıb gənc qız... Evlənmək baha başa gəlir. Onda əlacları nədir?
Pastor Manders. Əlacları nədir? Onların nə etməli lazım olduğunu mən sizə deyim, cənab Alvinq. Lap əvvəldən bir-birlərindən uzaq dursunlar, vəssalam!
Osvald. Belə çıxışlarla siz gənc, ehtiraslı, bir-birlərini hərarətlə sevən adamları inandıra bilməzsiniz.
Fru Alvinq. Əlbəttə, inandıra bilməzsiniz.
Pastor Manders (davam edir). Bəs hökumət bu cür şeylərə necə dözür! Belə şeylərin açıq-aşkar baş verməyinə göz yumur! (Fru Alvinqin qarşısında dayanır.) Gördünüz, oğlunuz sarıdan ehtiyatlanmağım səbəbsiz deyilmiş. Əxlaqsızlığın özünü açıq-aşkar biruzə verdiyi, təbii sayıldığı elə mühitdə...
Osvald. Cənab pastor, icazənizlə sizə deyim ki, bazar günləri həmişə iki-üç belə «düzgün olmayan» ailələrdə olurdum...
Pastor Manders. Üstəlik də, bazar günləri!
Osvald. Elə o gün əylənmək lazımdı. Ancaq mən bir dəfə də orada ədəbsiz söz eşitməmişəm, hələ əxlaqsız nəyinsə şahidi olmadığımı demirəm. Bilirsinizmi, rəssamların arasında olduğum vaxt əxlaqsızlıqla harada və nə zaman rastlaşmışam?
Pastor Manders. Yox, allaha şükür, bilmirəm.
Osvald. Onda bunu sizə deməyi özümə rəva görürəm. Mən əxlaqsızlıqla hörmətli yerlilərimizdən, mötəbər kişilərdən, ailə başçılarından kimsə yanımıza gəlib, biz rəssamlara ehtiram göstərərək, sadə yeməkxanamıza baş çəkəndə rastlaşmışam. Bax onda biz eşidirdik! Bu cənablar bizə elə yerlərdən, elə şeylərdən danışırdılar ki, yatsaq yuxumuza da girməzdi.
Pastor Manders. Necə?! Siz iddia edirsiniz ki, hörmətli insanlar, bizim yerlilər...
Osvald. Məgər siz yad ölkələrdə olan bu hörmətli adamlardan xaricdə əxlaqsızlığın get-gedə artdığını dediyini heç vaxt eşitməmisiniz?
Pastor Manders. Əlbəttə...
Fru Alvinq. Mən də eşitmişəm.
Osvald. Onların sözünə rahatca inana bilərsiniz. Onların arasında əsl bilicilərə rast gəlmək olar. (Başını tutur.) Ah! O gözəl, azad həyata qara yaxmaq!
Fru Alvinq. Belə həyəcanlanma, Osvald. Sənə ziyandı.
Osvald. Hə, haqlısan. Ziyandı... Bilirsən, hamısı lənətə gəlmiş yorğunluqdandı. Nahara qədər gedib bir az gəzim. Bağışlayın, cənab pastor. Məni qınamayın, heç bilmirəm necə oldu. (Sağdakı ikinci qapıya tərəf gedir.)


Beşinci şəkil


Fru Alvinq. Zavallı oğlum!
Pastor Manders. Hə, elə demək olar. Özünü gör nə hala salıb! (Fru Alvinq dinməzcə ona baxır. Pastor gəzişir.) Özünü fərsiz oğul adlandırdı! Hə, əfsus, əfsus! (Fru Alvinq əvvəlki kimi dinməzcə ona baxır.) Bəs siz bu barədə nə deyə bilərsiniz?
Fru Alvinq. Deyə bilərəm ki, Osvald haqlıdı.
Pastor Manders (dayanır). Haqlıdı?! Haqlıdı!.. Bu cür əqidəylə!
Fru Alvinq. Öz hücrəmdə mən də bu qənaətə gəlmişəm, cənab pastor. Ancaq belə mövzulara toxunmağa cəsarətim çatmırdı. İndi oğlum mənim əvəzimə danışacaq.
Pastor Manders. Sizə acıyıram, fru Alvinq. Ancaq indi sizə öz nəsihətimi etməliyəm. İndi qarşınızdakı nə sizin məsləhətçiniz, nə vəkiliniz, nə sizin və ərinizin köhnə dostudu, həyatınızın ən divanə anında olduğum kimi ruhani atayam.
Fru Alvinq. Ruhani atam axı mənə nə deyəcək?
Pastor Manders. Hər şeydən əvvəl sizin yaddaşınızı oyadım. Ən münasib məqamdı. Sabah ərinizin vəfatından on il keçmiş olacaq. Sabah mərhumun abidəsi açılacaq. Sabah mən hamının qarşısında çıxış edəcəm... Bu gün isə öz çıxışımı tək sizin üçün edəcəm.
Fru Alvinq. Yaxşı, cənab pastor, danışın.
Pastor Manders. Yadınızdadımı, ərə gedəndən vur-tut bir il sonra siz uçurumun kənarında dayanmışdınız? Öz evinizi, ailənizi atıb ərinizdən qaçmışdınız... Bəli, fru Alvinq, qaçmışdınız və onun yalvarışlarına baxmadan qayıtmaq istəmirdiniz!
Fru Alvinq. Bəs ərdə olduğum ilk bir ildə necə bədbəxt olduğumu unutmusunuz?
Pastor Manders. Axı narahat ruh özünü elə bunda göstərir, həyatda xoşbəxtlik də bu tələblərə cavab verə bilməkdədi. Biz insanların xoşbəxtliyə nə haqları var? Yox, fru Alvinq, biz öz borcumuzu yerinə yetirməliyik. Sizin də borcunuz birdəfəlik və həmişəlik seçdiyiniz, müqəddəs tellərlə bağlandığınız adama sadiq qalmaqdı.
Fru Alvinq. Alvinqin o vaxtlar necə əhlikef həyat sürdüyü sizə yaxşı məlumdu.
Pastor Manders. Onun haqqında gəzən şayiələr mənə çox yaxşı məlumdu. Əgər şayiələrə inansaq, onun cavanlıqdakı hərəkətlərini mən elə hamıdan çox təqdir etmirəm. Ancaq qadın ərinin hakimi deyil. Sizin vəzifəniz allahın çiyninizə qoyduğu yükü səbrlə daşımaqdı. Sizsə bunun əvəzində hiddətlənib, bu yükü üstünüzdən atdınız, büdrəyən adama dayaq olmalı halda, onu tərk etdiniz, öz təmiz adınızı təhlükə altında qoydunuz, üstəlik, az qala, başqalarının da adına ləkə gətirəcəkdiniz.
Fru Alvinq. Başqalarının? Başqasının - demək istəyirsiniz.
Pastor Manders. Mənim yanımda özünüzə sığınacaq axtarmaq siz tərəfdən son dərəcə ağılsızlıq idi.
Fru Alvinq. Bizim ruhani atanın? Bizim ailənin dostunun?
Pastor Manders. Ən çox da buna görə. Bəli, yaradana şükür edin ki, mən özümdə güc tapdım... sizi ağılsız fikrinizdən çəkindirə bildim və sizi haqq yoluna, ailənizə, qanuni ərinizə qaytarmaqda allah mənə kömək etdi.
Fru Alvinq. Bəli, pastor Manders, şübhəsiz, bunu siz etdiniz.
Pastor Manders. Mən həqq-təalanın əlində vur-tut kiçik bir alət idim. Məgər sizin və sizin gələcək xoşbəxtliyiniz naminə sizi haqq yoluna qayıtmağa inandırmadım? Məgər o vaxt dediklərimin hamısı həyata keçmədi? Məgər Alvinq bir ər kimi bütün nöqsanlarını islah etmədi? O vaxtdan ömrünün sonuna qədər sizinlə mehribançılıq içində yaşamadı? Yurdunun əsl xeyirxahı olub, sizi bütün işlərində özünə köməkçi etmədi? Dəyərli, işgüzar köməkçi - bəli, bunlar mənə məlumdu, fru Alvinq. Ona görə sizi alqışlayıram. Ancaq mən indi sizin həyatınızda ikinci böyük xətayla rastlaşıram.
Fru Alvinq. Bununla nə demək istəyirsiniz?
Pastor Manders. Bir vaxtlar həyat yoldaşı vəzifəsinə laqeydlik göstərdiyiniz kimi, sonra da ana vəzifəsinə laqeydlik göstərdiniz.
Fru Alvinq. A!..
Pastor Manders. Siz həmişə özbaşınalığa meyilli olmusunuz. Hərc-mərclikdən, qanunsuzluqdan xoşunuz gəlib. Heç nəyin əl-ayağınıza dolaşmasını istəməmisiniz. Vicdan əzabı çəkmədən, heç nəyə baxmadan hər cür yükü üstünüzdən atmağa çalışmısınız, sanki onu daşıyıb-daşımamaq öz istəyinizdən asılıdır. Ana vəzifəsini yerinə yetirməkdən xoşunuz gəlmədi - ərinizdən qaçdınız; ana vəzifəsi sizi bezdirdi - öz uşağınızı başqalarına tapşırdınız.
Fru Alvinq. Doğrudu, bunu etdim.
Pastor Manders. Əvəzində ona yad oldunuz.
Fru Alvinq. Yox, yox, olmadım!
Pastor Manders. Oldunuz. Olmalıydınız. Bəs təzədən sizə qovuşan uşaq ürəyinizcədimi? Siz əriniz qarşısında çox günaha batmısınız, indi ona abidə qoymaqla bunu etiraf edirsiniz. Oğlunuz qarşısındakı günahınızı da etiraf edin. Bəlkə də onu doğru yola qaytarmaq hələ gec deyil. Özünüz etiraf edin və onda yaxşı nə qalmısa, onu xilas edin. Bəli. (Şəhadət barmağını qaldırır.) Siz həqiqətən günaha batmısınız, fru Alvinq! Bunları sizə deməyi özümə borc bilirəm.
Fru Alvinq (ağır-ağır, təmkinlə). Belə, siz indi sözünüzü dediniz, cənab pastor, sabah isə ərimin xatirəsinə həsr olunmuş təntənədə hamının qarşısında çıxış edəcəksiniz. Mən sabah danışmayacağam. Ancaq indi mənimlə danışdığınız kimi, mən də sizinlə danışmaq istəyirəm.
Pastor Manders. Təbiidi: siz vəziyyəti bəhanə gətirmək istəyirsiniz...
Fru Alvinq. Yox. Mən, sadəcə, danışacağam.
Pastor Manders. Yaxşı...
Fru Alvinq. Ərim haqqında, sizin təbirinizcə desək, məni haqq yoluna qaytara biləndən sonra ərimlə birgə yaşadığım illər haqqında mənə söylədiklərinizin özünüz şahidi olmamısınız. Dostumuz və ailəmizin daimi qonağı olan siz həmin vaxtdan bizim evdə görünmədiniz.
Pastor Manders. Siz axı ondan dərhal sonra şəhərdən köçdünüz.
Fru Alvinq. Bəli, siz də ərim ölənə qədər bir dəfə belə olsun bura baş çəkmədiniz. Yalnız yetimxananın işlələrini qaydaya salmaq zəhmətini öz üzərinizə götürəndən sonra, yanıma gəlməyə məcbur oldunuz...
Pastor Manders (astadan, tərəddütlə). Elene... əgər bu məzəmmətdirsə, xahiş eləyirəm, nəzərə alasınız ki...
Fru Alvinq. ... Sizin mövqeyiniz, vəzifəniz. Bəli. Bir də ona görə ki, mən öz ərindən qaçmış qadın idim. Belə dəlisov qadınlardan, ümumiyyətlə, bacardıqca uzaq durmaq yaxşıdı.
Pastor Manders. Əziz... fru Alvinq, siz məsələni həddindən çox şişirdirsiniz.
Fru Alvinq. Bəli, bəli, bəli, qoy belə olsun. Sizə vur-tut onu demək istəyirdim ki, ailə həyatım haqqında öz fikirlərinizi düşünüb-daşınmadan şayiələrə əsaslanaraq söyləyirsiniz.
Pastor Manders. Tutaq ki, elədi: nə demək istəyirsiniz?
Fru Alvinq. Bax indi mən sizə bütün həqiqəti danışacağam, Manders. And içmişdim ki, bunu biləcəksiniz. Təkcə siz!
Pastor Manders. Bu həqiqət nədən ibarətdir?
Fru Alvinq. Ondan ibarətdir ki, ərim ömrü boyu necə əhlikef adam kimi yaşamışdısa, eləcə də rəhmətə getdi.
Pastor Manders (stulun söykənəcəyindən tutur). Siz nə danışırsınız!..
Fru Alvinq. Siz kəbinimizi kəsənə qədər öz ehtiraslarının necə qulu olmuşdusa, ər-arvad həyatımızın on doqquzuncu ili eləcə də pozğun bir adam kimi öldü.
Pastor Manders. Gənclikdəki səhvləri, yolundan bir az sapmağı... kefcilliyi siz pozğunluq adlandırırsınız!
Fru Alvinq. Bizim ailə həkimi belə ifadə eləyirdi.
Pastor Manders. Mən, sadəcə, sizi anlamıram.
Fru Alvinq. Lazım da deyil.
Pastor Manders. Az qala, başım gicəllənir... Sizin bütün ailə həyatınız, ərinizlə birgə yaşadığınız bu uzun ömür, demək, uçurumdan, üstü pərdələnmiş uçurumdan başqa bir şey deyilmiş.
Fru Alvinq. Məhz elədir. İndi bunu bildiniz.
Pastor Manders. Bu... bu mənə çatmır. Dərk eləmək gücündə deyiləm... Axı bu necə mümkün olub?.. Bu, camaatdan necə gizli qala bilib?
Fru Alvinq. Bunun üçün mən hər gün yorulmadan mübarizə etmişəm. Osvald doğulandan sonra Alvinq sanki bir az ağıllandı. Ancaq bu çox çəkmədi. Mən bütün gücümü, bacarığımı sərf elədim ki, oğlumun atasının necə adam olduğunu heç kim heç vaxt bilməsin. Həm də onun necə qəşəng olduğunu, hamının xoşuna gəldiyini siz axı bilirsiniz. Onun haqqında deyilən pis sözə kim inanardı? O elə adamlardandı ki, nə eləsən də, heç kimin gözündən düşməz. Hə, Manders, siz qalanını da bilməlisiniz... Sonra lap iyrənclik elədi.
Pastor Manders. Əvvəlkilərdən də iyrənc?
Fru Alvinq. Evdən kənarda nələr baş verdiyini gözəl bilsəm də, mən əvvəl-əvvəl buna barmaqarası baxırdım. Həmin biabırçılıq bu dörd divarın arasına gəlib çıxanda...
Pastor Manders. Siz nə danışırsınız! Buraya?
Fru Alvinq. Bəli, buraya, bizim öz evimizə. Bax orda (barmağıyla sağdakı birinci qapını göstərir), yemək otağında ilk dəfə bundan xəbər tutdum. Oraya nə üçünsə getmişdim, qapını açıq qoydum. Birdən ev qulluqçusunun gülləri sulamaq üçün bağdan şüşəbəndə girdiyini gördüm...
Pastor Manders. Bəs sonra?..
Fru Alvinq. Bir az keçmiş Alvinqin də oraya girib, astadan ona nəsə dediyini eşitdim və birdən... (Əsəbi gülüş.) Ah, bu sözlər - həm ürəkparçalayan, eyni zamanda çox mənasız olan həmin sözlər hələ də qulaqlarımda səslənir!.. Ev qulluqçusunun pıçıltısını eşitdim: «Buraxın məni, cənab kamerger, di buraxın!»
Pastor Manders. Necə yolverilməz bir yüngüllük! Yüngüllükdən başqa bir şey deyil, fru Alvinq. İnanın!
Fru Alvinq. Tezliklə nəyə inanmaq lazım olduğunu bildim. Kamerger öz istədiyini, hər halda, qızdan ala bildi... Və bu əlaqə nəticəsiz qalmadı, pastor Manders.
Pastor Manders (çaşqın halda). Hamısı da bu evdə baş verib!
Fru Alvinq. Mən bu evdə çox şeylərə dözmüşəm. Onu axşamlar evdə saxlamaq üçün... gecələr də ona yoldaşlıq etmişəm, yuxarıdakı otaqda gizli içki məclislərində iştirak eləməli olmuşam... İkilikdə oturub badə toqquşdurmuşam, içmişəm, ədəbsiz, əlaqəsiz naqqallığına qulaq asmışam, sonra da onu yatağına uzatmaq üçün, az qala, dalaşmışam...
Pastor Manders (heyrətlə). Bütün bunlara dözə bilmisiniz!
Fru Alvinq. Bütün bunlara öz uşağımın xatirinə dözmüşəm. Bu son təhqir də üstünə gələndə, öz ev qulluqçumla... onda and içdim ki, bunlara son qoymalıyam! Və ixtiyarı öz əlimə aldım, öz evimin ağası oldum... İndi ona qarşı əlimdə silahım varıydı, cınqırını da çıxara bilmirdi. Osvaldı elə o vaxt göndərdim. Yeddi yaşına keçmişdi, ağlı kəsməyə, bütün uşaqlar kimi suallar verməyə başlamışdı. Mən buna dözə bilmirdim, Manders. Mənə elə gəlirdi, bu evdə uşaq hava yox, zəhər udur. Atası sağ olana qədər onun öz evinə niyə bir dəfə də ayaq basmadığı indi sizə aydın oldu. Mənim nələr çəkdiyimi heç kim bilmir.
Pastor Manders. Doğrudan da, siz çox şeyə dözmüsünüz!
Fru Alvinq. İşim olmasaydı, dözə bilməzdim. Bəli, işləmişəm. Torpaq sahəsinin genişləndirilməsi, yararlı hala salınması, faydalı yeniliklərin tətbiqi. Buna görə Alvinqi tərifləyirdilər, sizcə onun buna gücü çatardımı? Divanda şellənib, köhnə təqvimi vərəqləyən adamın buna gücü çatardımı? Yox, mən indi sizə hamısını söyləyəcəyəm. Başı bir az ayılanda onu bu işlərə mən sövq edirdim, yenə içməyə başlayanda, ya əldən düşüb sızıldayanda bütün ağırlığı öz üstümə götürürdüm.
Pastor Manders. Belə bir adama da siz abidə qoyursunuz!
Fru Alvinq. Məni vicdan əzabı məcbur elədi.
Pastor Manders. Vicdan əzabı... Bunu necə başa düşək?
Fru Alvinq. Mənə həmişə elə gəlirdi ki, həqiqət üzə çıxmaya bilməz. Və bu yetimxana bütün söz-söhbəti susdurmaq, bütün şayiələri dağıtmaq üçündü.
Pastor Manders. Siz, əlbəttə, öz təxmininizdə yanılmamısınız.
Fru Alvinq. Bir səbəb də varıydı. İstəmirdim ki, Osvalda, oğluma atasından irsən nəsə qalsın.
Pastor Manders. Siz bunları Alvinqin pullarıyla etmisiniz?
Fru Alvinq. Bəli. Bir vaxt leytenant Alvinqi həsəd aparılası adaxlı eləyən məbləğə çatana qədər, - bunu dəqiq hesablamışdım, - hər il yetimxana üçün gəlirin müəyyən bir hissəsini ayırıb kənara qoyurdum.
Pstor Manders. Sizi başa düşürəm.

Fru Alvinq. Məni aldığı məbləğ... Bu pulların Osvalda qalmasını istəmirəm. Mənim var-dövlətim oğluma qalmalıdı.


Altıncı şəkil.

Osvald sağdakı qapıdan daxil olur. İndi şlyapası və paltosu
yoxdu. Fru Alvinq onun qarşısına gedir.

Fru Alvinq. Çox tez qayıtdın, əziz balam!
Osvald. Hə. Şıdırğı yağışda necə gəzəsən? Deyəsən, indi süfrə arxasında oturacağıq? Çox gözəl!
Regina (əlində bağlama yemək otağından çıxır). Sizə bağlama var, xanım. (Ona verir.)
Fru Alvinq (pastora baxaraq). Yəqin sabahkı təntənə üçün kantatadı.
Pastor Manders. Hm...
Regina. Süfrə açılıb.
Fru Alvinq. Yaxşı. İndi gəlirik. Mən yalnız... (Bağlamanı açır.)
Regina (Osvalda). Süfrəyə qırmızı, ya ağ portveyn verilməsini əmr edirsiniz, cənab Alvinq?
Osvald. Hər ikisindən, yomfru Enqstran.
Regina. Bien[1]... Oldu, cənab Alvinq. (Yemək otağına gedir.)
Osvald. Şüşənin ağzını açmağa kömək eləmək lazımdı... (Qapını aralı qoyaraq, onunla yemək otağına gedir.)
Fru Alvinq (bağlamanı açaraq). Hə, elədi. Sabahkı təntənə üçün kantata.
Pastor Manders (əllərini qoşalayır). Sabah mən nə ürəklə çıxış eləyəcəyəm?
Fru Alvinq. Birtəhər danışarsınız.
Pastor Manders (yemək otağından eşitməsinlər deyə astadan). Axı dindarları günaha batırmaq olmaz.
Fru Alvinq (səsini alçaldır, ancaq qətiyyətlə). Bəli. Ancaq sonra bütün bu uzun, əzablı məzhəkəyə son qoyulacaq. Ertəsi gündən ölü məndən ötrü mövcud olmayacaq, sanki bu evdə heç vaxt yaşamayıb. Burda yalnız mənim balam öz anasıyla qalacaq. (Qonaq otağında stul aşır və Reginanın hirsli pıçıltısı eşidilir: «Osvald! Dəli olmusan? Burax məni!». (Qorxudan titrəyərək). A!.. (Çaşqın baxışlarla aralı qalmış qapıya baxır.)

Yemək otağından əvvəlcə Osvaldın öskürəyi eşidilir, sonra nəsə zümzümə etməyə başlayır, nəhayət, butulkanın necə açıldığı eşidilir.

Pastor Manders (hiddətlə). Bu nə deməkdi? Bu nə deməkdi, fru Alvinq?
Fru Alvinq (xırıltılı səslə). Kabus. Şüşəbənddəki cütlük... O biri dünyadan gəlmələr...
Pastor Manders. Siz nə danışırsınız! Regina?.. Demək o?..
Fru Alvinq. Hə. Gedək. Bir kəlmə də olmaz!.. (Pastorun qolundan tutub, qətiyyətsiz addımlarla onunla yemək otağına gedir.)

Ardı...

DİGƏR MƏQALƏLƏR