QIZIL DÖVRÜN ŞAİRLƏRİ
Dərsliklərdə olmayan Puşkin

(Ön söz yerinə)

Oxuyacağınız bu şeirlər böyük rus şairi Aleksandr Sergeyeviç Puşkinin bizə uşaqlıqdan məlum olan məşhur şeirlərindən xeyli fərqlənir. Əslində, onu bu şeirlərin tamhüquqlu müəllifi saymaq da bir az çətindir. "Qurana nəzirə" silsiləsindən olan şeirlər, adından da göründüyü kimi, bu müqəddəs kitabın motivləri əsasında yazılıb. Və bu şeirlərin yazılmasına, yəqin ki, şairin damarlarından axan ərəb qanının da təsiri olub.
"Qərbi slavyanların nəğmələri"ni isə Puşkin o nəğmələri toplayan məşhur fransız yazıçısı Prosper Merimenin Parisdə çap etdirdiyi kitabdan, yəni fransızcadan rus dilinə çevirib. Təbii ki, Puşkinin bu tərcümələri həddən artıq sərbəst, yaradıcı tərcümələrdir və onun cildlərində orijinal şeirləri kimi çap olunmağa haqq qazanıblar. Bu nəğmələrin bizim üçün bir maraqlı cəhəti də bu qərbi slavyan nəğmələrində şərq, daha doğrusu, türk motivinin olmasıdır. "At" şeirindəki "uzaqdan eşidilən nal səsləri və ox vıyıltıları" kimlərin hücumundan xəbər verir? Təbii ki, türklərin.
"Bir ac quzğun o birinə deyirdi" şeirində isə Qafqaz folklorunun ruhu açıq-aşkar duyulur.
"Gözəl qız, gördünmü mənim atımı?" misrasıyla başlayan balaca şeir isə Puşkinin yarıciddi, yarızarafat, yumor və ironiyayla dolu saysız-hesabsız poetik miniatürlərindən biridir.
Ümumiyyətlə, maraqsız dərsliklərin, məktəblərdə zorla əzbərlətdirilən şeirlərin get-gedə oxucudan uzaqlaşdırdığı, canlı insandan daha çox heykələ çevirdiyi Puşkin kimi böyük şairləri bütün ciddi və qeyri-ciddi tərəfləriylə, bütün rəngarəngliyilə bugünkü Azərbaycan oxucusuna tanıtmağın və sevdirməyin vaxtı çoxdan çatıb. Bəlkə də, ötüb. Amma mən bu şeirləri tərcümə eləmişəmsə, deməli, hələ ümidsiz deyiləm.

Ramiz Rövşən


A.S.PUŞKİN

Orijinaldan tərcümə edən: Ramiz Rövşən

 

Şeirlər "Xəzər" dünya ədəbiyyatı dərgisinin 1/2014 nömrəsində çap olunub

DİGƏR MƏQALƏLƏR