XİLAS YOLUNUN YOLÇULARI
Hüseyn ibn Mənsur Həllac - Doğuluşdan sufiliyə qədər uzanan əfsanəvi həyat yolu

Həllacın həyat yolu

 

    Sufi tarixinin ən parlaq və barışmaz simalarından olan, sufi-şair Hüseyn ibn Mənsur əl Həllac 244/858-59 -cu illərdə, İranın Beyz şəhərində anadan olub.

    Hüseynin babası - qədim İranda geniş vüsət almış Zərdüştlük təliminin davamçılarından olub.    

    Atası Mənsur -  Allahın, Məhəmməd peyğəmbər vasitəsi ilə insanlığa bəxş etdyi yeni, azad və saf dini - İslamı qəbul edib.

    Həllacın tədqiqatçıları, onun atasının yun və pambıq əyirəni (xovlayıcısı) olduğunu, bu işlə Bağdad, Bəsrə, Kufə kimi, toxuculuq mərkəzlərində işlədiyini bildirirlər.

    Həllac, hələ erkən yaşlarından ərəb qrammatikasına və ilahiyyatçılıq elminə yiyələnir. Quranı və ona dair şərhləri əzbər bilir. Təhsilini başa vurduqda (16 yaşını haqlayanda ) o, biliklərinin kifayət dərəcədə olmadığını, daha əsaslı və dərin bilik əldə eləməyə ehtiyacı olduğunu anlayır. Həmin dövrlər, Həllacın əmisi, gənc ilahiyyatçıya, azad fikirli, qorxmaz sufi - Səhl Tustari barədə danışır.

    Səhl bin Abdullah ət-Tustari, dövrünün ən yüksək, sufi- imam dərəcəsinə çatmış şeyxlərdən idi. Əmisinin dediyinə görə, Səhl - "İslamın Həqiqi Ruhunun şərhçisi idi". Deyilənə görə o, ömrünü, qəbul olunmuş vaxtı və qaydaları aşan orucda keçirir, hər gün dörd yüz rükət namaz qılırdı.

    Əmisinin bu hekayətlərindən ilhamlanan gənc Həllac, Tustara üz tutur. Orada məşhur sufi, Səhl bin Abdulla ət Tustarinin xidmətinə qəbul edilir. 

     Tustar şəhərində keçən iki il ərzində Həllac, dini təcrübə ilə məşğul olaraq, Haqqa (Həqiqətə) aparan yolu ruhi kamilləşmə mərhələləri üzrə keçir. İki ilin tamamında isə, müəllimini tərk edərək, Bəsrəyə köçür və orada, o dövrün məşhur din xadimi Əmrə ibn Osman əl Məkki ilə tanış olur.

     Bəsrədə yaşadığı dövrlər Həllac, dini təcrübənin son mərhələlərini keçir və Əmrə, Həllaca, cod kətandan tikilən dərviş libası geyindirib, onu sufiliyə qəbul edir.

    Həmin andan Həllac, Kamillik Zirvəsi mərhələsinə çatmış nəhəng sufilər cərgəsinə daxil olur.

 

Mətn "Xəzər" dünya ədəbiyyatı dərgisinin 1/2014 nömrəsində çap olunub

DİGƏR MƏQALƏLƏR