TÜRK QARDAŞLARIMIZ
Asəf Halət Çələbi

XX əsrin birinci yarısı Türk poeziyasında orijinallığı, arayışçı tərzi, modernist düşüncəsiylə seçilən şairlərdən biri Asəf Halət Çələbidir. 1907-ci ildə İstanbulda ziyalı ailəsində doğulan şair məşhur Qalatasaray lisəsində təhsil alır. Atasından fransız və fars dillərini öyrənir, Mövləvi şeyxi Əhməd Rəmzi Dədə və Rauf Yekta bəydən musiqi və not dərsləri alır. Qısa bir müddət Fransada qalır. Geri döndükdən sonra Ədliyyə Məslək məktəbini bitirir. Məhkəmə, bank, dəmir yolları kimi müxtəlif qurumlarda çalışır. Son iş yeri İstanbul Universiteti ədəbiyyat fakültəsinin kitabxanası olur. 1953-cü ildə dünyasını dəyişir.

Gənclik çağlarında divan ədəbiyyatından təsirlənərək rübai və qəzəllər yazsa da, 1937-ci ildən sonra Qərbyönlü sərbəst şeirlər yazmağa başlayır. 1938-1941-ci illərdə ilk şeirləri çap olunur. Bu şeirlərdə daha çox nağılvarı təsir bağışlayan gənclik duyğuları öz ifadəsini tapır.
Şərq ədəbiyyatı, incəsənəti və mədəniyyətinə dərindən bələdlik sonrakı dönəmlərdə onu tamamilə başqa bir yönə çəkir. Anadolu-İran-Hindistan xətti boyunca uzanan qədim Şərqin həyat tərzi, fəlsəfəsi, dini və dünyəvi düşüncələr aləmini səslər vasitəsiylə canlandırmağa çalışan şair şeirin real həyatda olduğu kimi abstrakt bir dünya yaratdığına inanırdı.
Çələbi türk poeziyasında «ənənəçi modernist» kimi tanınır. Şeirləri şüuraltına bağlı, mücərrəd olsa da bir anın, bir hiss və duyğunun az qala maddiləşən forması təsiri bağışlayır.
O, Şərq və Qərb mədəniyyətini bir yerdə könül dünyasından keçirib yaddaşında kəhkəşanlar yatan köhnə karvan yollarının o başına varmaq istəyirdi. Dünyaya Asiyanın təsəvvüf və dinlər tarixində ad qoyan ünlü simalarının açdığı pəncərədən - Qoca Şərqin nağıllar aləmindən baxmağa çalışırdı.
Çələbinin şeirləri, bu mənada, Şərq miniatürlərini, bir də rəngli pəncərə şəbəkələrini xatırladır.

Əhməd Oğuz

 

Şeirlər "Xəzər" dünya ədəbiyyatı dərgisinin 1/2014 nömrəsində çap olunub

 

DİGƏR MƏQALƏLƏR