NOBEL KÜRSÜSÜ
Selma Lagerlöf

1909-cu ildə İsveç Akademiyası tərəfindən "Nobel mükafatı alan ilk qadın" adına layiq görülən Selma Lavisa Otilla Lagerlöf 1858-ci il noyabr ayının 20-də İsveçin Velmland əyalətinin Morbakka şəhərində, zabit ailəsində dünyaya gəlib.

İsveç ənənəsinə uyğun olaraq uzun saç saxlayan Selma Ottiliya Luvisa adlı bu kiçik qız ağır xəstəlikdən əziyyət çəkirdi. Selma günlərlə yataqda qalsa da, xəyalları onu ruhdan düşməyə qoymurdu. Xəstələnib yataqda qaldığı uzun günləri o, müxtəlif nağıllar, şeirlər və əhvalatlar uydurmaqla qısaltmağa çalışırdı.
Xəstəliyinə bu minvalla qalib gələn Selma, boya-başa çatıb müəllimlər seminariyasını bitirdi, İsveçin cənubunda kiçik bir şəhərdə müəllimlik etməyə, kitablar yazmağa başladı. Lagerlöfün, dönük keşişin macəralarına həsr etdiyi ilk romanı "Yest Berlinq haqqında saqa" "İdun" jurnalının təsis etdiyi mükafata layiq görüldükdən sonra, tənqidçilər ədəbiyyatda romantik üslubun dirçəlişi barədə danışmağa başladılar. Belə ki, "Yest Berlinq haqqında saqa"nın romantik ovqatda yazılması Lagerlöfü, H. İbsen, K. Qamsun, A. Strindberq kimi, yeni Skandinaviya yazıçılarından fərqləndirirdi.
Bir müddət sonra Kral Oskar və İsveç Akademiyasından maddi dəstək alan Selma özünü bütövlükdə ədəbiyyata həsr etmək qərarına gəldi, İtaliya və Siciliyaya səfər etdikdən sonra Siciliya haqqında "Antixristin macəraları" adlı romanını nəşr etdirdi. Misir və Fələstinə səfəri isə onun "Yerusəlim" dilogiyasını yazmağa həvəsləndirdi və bu dilogiya onun görkəmli İsveç yazıçısı kimi tanınmasında böyük rol oynadı.
1904-cü ildə Lagerlöf Morbakkada yerləşən, 1880-ci illərdə atasının ölümündən sonra satılmış mülkü geri qaytarmağa nail olur. 1906-cı ildə isz yazıçının ən məşhur əsəri - "Nils Holgerssonun qəribə səyahəti" işıq üzü görür və müəllifinə dünya şöhrəti qazandırır.
Feministlərin müxtəlif qurultay və konfranslarında tez-tez iştirak edən yazıçı, siyasətə də laqeyd qalmır. Sovet - Fin müharibəsi zamanı o, öz qızıl Nobel medalını Finlandiyaya yardım fonduna bağışlayır. İkinci dünya müharibəsi zamanı da prinsipial mövqe nümayiş etdirən Lagerlöf, Almaniyada "nordların xarakteri"ni vəsf etdiyinə görə, geniş təbliğ olunmağına baxmayaraq, faşist rejiminin təzyiqləri ilə üzləşən rəssamlara kömək etməkdən də çəkinmir.
İsveçdəki həmvətənlərinin qürur mənbəyi olan Selma Lagerlöv İsveçin sərhədlərindən kənarda skandinav əfsanələrinə və miflərinə köklü şəkildə bağlılığı, xeyrin qələbəsinə sarsılmaz inamı ilə diqqətləri cəlb edir.
Laqerlöfün dünya üzrə əsas oxucu kütləsini isə, şübhəsiz ki, uşaqlar təşkil edir.

 

Selma Otilliya Lavisa LAGERLÖF


NOBEL NİTQİ

Orijinaldan tərcümə: Ü. Nəsibbəyli

Bir neçə gün əvvəl qatarla Stokholma yola düşdüm. Səhərin erkən çağı idi... Kupem nisbətən işıqlı olsa da, çöldə zil qaranlıq idi. Yol yoldaşlarımın hərəsi bir küncdə mürgüləyirdi. Mənsə sakitcə qatarın tıqqıltısına qulaq asır, vaxtilə Stokholmda keçirdiyim günləri xatırlayırdım. Bu şəhərə hər dəfə çətin iş dalınca gəlirdim... məsələn, imtahan vermək, yaxud, əlyazmalarımı çap etdirmək üçün. Səfərimin bu dəfəki məqsədi isə ədəbiyyat üzrə Nobel mükafatını Əlahəzrət Kralın əlindən qəbul etmək idi. "Yenə çətin olacaq."- mən fikirləşirdim.

Bütün payızı Varmlenddəki köhnə evimdə tənhalıq içində keçirmişdim. İndi isə xeyli insanın qarşısında çıxış etmək lazım gələcəkdi. Tənha sığınacağımda uzun müddət həyatın səs-küyündən uzaq qaldığımdan, yenidən dünyayla üz-üzə gəlməli olduğumu düşündükcə, vahimələnməyə bilmirdim.
Ürəyimin dərinliklərində isə bu mükafatı aldığım üçün hədsiz sevinc duyur, xoşbəxtliyimə sevinəcək insanlar haqqında düşünməklə həyəcanımı azaltmağa çalışırdım. Yaxın dostlarım, qardaşlarım, bacılarım, ən əsası isə, evdə kreslosuna söykənib bu günü gördüyünə sevinən anamı düşünürdüm. Sonra isə mərhum atamı xatırlayıb qəhərləndim: o artıq sağ deyilli və mən daha onun yanına gedib, Nobel mükafatına layiq görüldüyümü xəbər verə bilməyəcəkdim. Halbuki, mənim bu xoşbəxtliyimə ondan artıq heç kim sevinə bilməzdi. Sözə və yaradıcı insanlara qarşı onun qədər sevgi və hörmət bəsləyən ikinci bir adam tanımıram. Kaş atam İsveç Akademiyasının, məni bu mükafata layiq gördüyündən xəbər tuta biləydi.
Vaqonların relslərin üstü ilə zərrəcə silkələnmədən, sürüşə-sürüşə şütüdüyü uzun-uzadı sakit dəqiqələr, qaranlıq gecələrdə qatarla səyahət edənlərə yaxşı tanışdır. Gecnin bir yarısı taqqıltı səsləri kəsilir, hər yana sakitlik çökür. Çarxların səsi ruhu oxşayan, həzin melodiyaya çevrilir. Sanki vaqonlar relslərin və şpalların üstü ilə sürüşmək əvəzinə, səmada süzməyə başlayır...
Kupemdə əyləşib qoca atamı düşündüyüm məqamlarda da belə bir sakitlik hökm sürürdü. Qatar o qədər yüngül və səssiz hərəkət edirdi ki, vaqonların səmada süzmədiyinə inanmaq çətin idi.
Atamı xəyalımda canlandırıb, onunla Cənnətdə görüşdüyümü təsəvvürümə gətirməyə başladım. Qatar səmada süzməyə davam etsə də, yol hələ uzun idi. Xəyallarım isə qatarı çoxdan geridə qoymuşdu.
...Atam, çoxlu gül-çiçəklə, quşlar və günəş şüalarıyla dolu bağın qarşısındakı eyvanda yırğalanan kresloda əyləşib Frityof haqqında saqanı oxusa da, məni görən kimi kitabı bir kənara qoyacaq, eynəyini alnında bəndləyib ayağa qalxacaq, mənə tərəf yeriyəcək və: "Salam, qızım, Səni gördüyümə çox şadam." - deyəcək. Ya da: "Xeyir ola, nə əcəb gəlmisən?" və "Necəsən qızım?" Həmişəki kimi.
Sonra yeni yırğalanan kreslosunda yerini tutub gəlişimin səbəbi ilə maraqlanacaq. "Nə isə olub?" - deyə qəfildən nigaranlıqla soruşacaq. "Yox ata." - mən cavab verəcəyəm. Elə həmin məqam da mən, xəbəri dərhal ona çatdırmaq əvəzinə, söhbəti bir az yubatmaq, mətləbə dolayı yolla keçmək qərarına gələcəyəm: "Səndən məsləhət almağa gəlmişəm, ata." - mən deyəcəyəm. "Boynuma düşən həddindən artıq böyük borcu qaytara bilmirəm."
"Təəssüf ki, bu məsələdə sənə kömək eləyə bilməyəcəyəm." - o deyəcək. "Vermlanddakı köhnə mülkümüzdəki kimi, burda da puldan başqa nə istəsən var."
"Pul borclu deyiləm, ata. Borcum böyükdür."
"Başdan danış, qızım." - atam deyəcək.
"Səndən kömək istəməyə haqqım var, ata. Çünki lap əvvəldən günah səndə olub. Uşaq vaxtı bizə piano çalıb Belmanın nəğmələrini oxuduğunu, hər qış azı iki dəfə Teqneri, Runeberqi və Anderseni oxumağa icazə verdiyini xatırlayırsan? İlk dəfə o vaxt borca düşdüm. Mənə nağılları, qəhrəmanlar haqqında saqaları, vətəni, insanları, bütün iztirab və sevincləriylə birlikdə həyatı sevdirdiklərinə görə onlara borcumu necə qaytaracağam?"
Atam, yırğalanan kreslosuna dirsəklənəcək, gözlərinə xoşbəxt bir ifadə çökəcək: - "Səni bu cür borca saldığıma görə şadam." - deyəcək. "Bəlkə də haqlısan, ata, amma, məsələ bununla da bitmir. Qulaq as, gör bir, hələ nə qədər adama borcluyam. Gəncliyində Varmlendə səyahət edib sənin üçün oraların nəğmələrini oxuyub, təlxəklik edən evsiz-eşiksiz yoxsul avaraları, öz boz komalarında oturub, su pəriləri, divlər, ovsunlanıb dağlara qaçırılmış qızlar haqqında maraqlı rəvayətlər danışan qocaları, qarıları xatırla... Sərt qayalıqlarda və sıx meşələrdə gizlənmiş möhtəşəm poeziyanı mən onlardan öyrənmişəm. Qaranlıq monastırlardakı solğun bənizli, ovurdları çökmüş rahib və rahibələr yadındadırmı? Mən onların rəvayətlər xəzinəsindən borc almışam. Və əlbəttə Qüdsə səfər edib qayıtmış kəndlilər...
Mənə, yazmaq üçün bu qədər parlaq fikirlər bəxş etdiklərinə görə onlara borclu deyiləmmi? Özü də mən, təkcə insanlara yox, meşələrdəki heyvanlara, səmadakı quşlara, ağaclara, güllərə də borcluyam. Axı onların hamısı bəzi sirlərini mənə danışıblar?!..»
Əhvalı qəti dəyişməyən atam gülümsəyib başını yelləyəcək. Mənsə getdikcə daha ciddi görkəm alacağam: "Dünyada heç kim bu borcları qaytarmağın yolunu bilmir. Elə bilirdim, Cənnətdə bu suallarıma cavab tapılar".
Atam, qayğısız və rahat görkəmlə: "Qorxma, qızım, bir şey fikirləşərik..." - deyəcək.
"Hələ sözümü bitirməmişəm." - mən deyəcəyəm. "Axı mən həm də dilimizi formalaşdırıb güclü silaha çevirənlərə, mənə ondan istifadə etməyi öyrədənlərə, məndən əvvəl nəsr və nəzm yazanlara, yazını incə sənətə çevirənlərə, bizim üçün cığır açan ustadlara da borcluyam?!.. Uşaq yaşlarımda əsərlərini oxuduğum böyük norveçlilərə, böyük ruslara sonsuz borcum yoxdurmu? İsveç ədəbiyyatının öz zirvəsinə çatdığı bir dövrdə yaşamaq, Ridberqin mərmər imperatorlarını, Snoilskinin poeziya dünyasını, Strindberqin sıldırım qayalarını, Qeyerstamın kəndlilərini, Ann Şarlotta Edqrenin və Ernst Alqrenin müasir insanlarını, Heidenstamın şərq torpaqlarını tanımaq mənə nəsib olmayıbmı?.. Əsərlərində tarixi bərpa edən Sofi Elkana, Frödinqə, onun Vermlandin vadilərindən bəhs edən nağıllarına, Levertinin əfsanələrinə, Hallstremin Tanatosuna, məni yeniliklərlə ayaqlaşmağa sövq edənlərə, təxəyyülümü zənginləşdirib, xəyallarımın bəhrəsini dərməyə kömək edənlərə borclu deyiləmmi?
"Hə, haqlısan, qızım. Borcun həqiqətən, çoxdu, amma qorxma, bir çarə tapılar."- atam deyəcək.
"Yox, ata. Sən başa düşmürsən ki, mən həm də oxucularıma borcluyam. Onlar kitablarımı oxumaq istəməsəydilər, mən neyləyərdim? Və əlbəttə, mənim haqqımda yazanları da unutmaq olmaz. İkicə sözü ilə bütöv Danimarkada mənə dostlar qazandıran məşhur Danimarka tənqidçisini xatırlayırsanmı? Əcnəbi ölkələrdə mənim üçün çalışanları yadına sal, həm təriflərinə, həm qınaqlarına görə mən onlara minnətdaram, ata."
"Hə, hə." - atam deyəcək və mən onun narahat olmağa başladığını hiss eləyəcəyəm. Şübhəsiz, mənə kömək eləməyin asan olmayacağını o da başa düşəcək.
Mən isə: "Mənə kömək edənləri xatırla, ata!" - deyə sözümə davam edəcəyəm. "Heç kimin mənə inanmağa cürət eləmədiyi bir vaxtda mənim üçün qapıları açmağa çalışan sadiq dostum Esseldeni yadına sal. Əsərlərimə diqqətlə yanaşanları, yaradıcılığımı müdafiə edənləri xatırla! Bəs məni, nəinki Cənuba aparan, hətta, incəsənətin bütün gözəllikləri ilə tanış edən, həyatımı daha xoşbəxt, daha qayğısız yaşamağa kömək edən yaxın dostum, yol yoldaşım yadındadırmı? İnsanların mənə bəxş etdikləri sevgi, hörmət və ehtiram qarşısında necə çarəsiz olduğumu təsəvvür edirsənmi? İndi başa düşürsən, yanına nə üçün gəlmişəm?"
Atam başını aşağı salacaq və daha əvvəlki qədər nikbin görünməyəcək.
«Haqlısan qızım, sənə kömək eləmək asan olmayacaq, lakin hər halda, başqa heç bir borcun yoxdur."
"Bəli, ata. Bu günə qədər borc içində yaşamaq asan olmayıb. İndi isə məni daha bir ağır borc yükü gözləyir. Elə buna görə də sənin yanına məsləhət almağa gəlmişəm."
"Başa düşmürəm, daha hansı borc?!" - atam soruşacaq.
Və mən hər şeyi ona danışacağam. Atam: - "İnana bilmirəm..." - desə də, üzümə baxıb sözlərimin həqiqət olduğunu anlayacaq. Sonra üzünün bütün qırışları titrəməyə başlayacaq, gözləri sevinc yaşıyla dolacaq.
"Mükafata namizədliyimi irəli sürənlərə və bu qərarı qəbul edənlərə nə deyəcəyəm? Onlar məni nəinki, böyük bir ehtirama və pul mükafatına layiq görüblər, həm də mənə, əsərlərimin bütün dünya qarşısında fərqləndirəcək bir inam göstəriblər. Bu borcu necə qaytaracağam?"
Atam bir müddət dilinə heç bir söz gətirə bilməyəcək. Sonra yanaqlarındakı sevinc yaşlarını silib yumruğunu, yırğaladığı kreslonun qoluna vurub: "Nə bu dünyada, nə də Cənnətdə cavabını heç kimin bilmədiyi bir suala görə beynimi yormayacağam. - deyəcək - Nobel mükafatını aldığın üçün o qədər xoşbəxtəm ki, heç nəyə görə narahat olmaq fikrim yoxdu."
Əlahəzrət Kral, hörmətli xanımlar və cənablar, başa düşürəm ki, sualıma bundan yaxşı cavab ala bilməzdim. İndi isə sizdən, badələrinizi mənimlə birlikdə İsveç Akademiyasının şərəfinə qaldırmağı xahiş etmək qalır.


NAĞILLAR

 

KRALİÇA SİQRİD STARRODA

Bahar fəsli idi. Hələ də gecələr Yer üzünə duman çökür, gündüzlər günəş torpağı qızdırır, tarlaların üzərindən havaya buxar qalxırdı. Novruz gülləri təzəcə solurdu, çəmənliklər isə artıq bənövşələrin rənginə boyanmışdı. Yamyaşıl, təzə-tər otlar, külək vurduqca ipək kimi dalğalanır, dağlardan şırnaqlara süzülən su bərq vururdu.
Bax, elə həmin bahar İsveç kraliçası Siqrid Storroda qırmızı yelkənli nəhəng gəmisinə minib uzaq Kurnqahell şəhərinə yola düşdü. Kraliça orada, Norveç kralı Triqvasın oğlu Olavla görüşüb ona ərə getməli idi. Yaxınlaşmaqda olan toydan xəbər tutanların çoxu təəccüblənirdi. Təəccüblənmək üçün də, həqiqətən səbəb var idi.
Kraliça Siqrid Storroda çox gözəl və hədsiz dövlətli qadın olsa da, qədim bütlərə sitayiş edən qatı bütpərəst idi. Kral Olav isə, bütün varlığıyla İsa Məsihə tapınan, əqidəsinə sadiq bir xristian kimi tanınırdı. Kral üçün, doğma yurdunda yeni bir məbədin ucaldıldığını görməkdən, kilsə zənglərini səsini eşitməkdən böyük səadət yox idi.
"Kralı öz gözəlliyimlə tilsimləyəcək, gözlərini qızıllarımın parıltısıyla qamaşdıracağam. Nəvazişimlə və şirin dilimlə onu, əcdadlarının qədim inancına qayıtmağa məcbur edəcəyəm." - gəminin göyərtəsində dayanmış kraliça Storroda düşünürdü. Arxadan əsən külək isə gəminin al qırmızı yelkənlərini silkələyir, yaxınlaşmaqda olan fırtınadan xəbər verirdi.
"Əgər kraliça, gözəl olduğu qədər xeyirxah və safqəlblidirsə, onun qəlbinə inanc toxumları səpib, fikirlərini Xilaskara yönəldə bilərəm..." - Kral Olav Nord-Elf çayının narahat sularına baxa-baxa düşünürdü.
Kraliça Siqrid Storrodanın gəmisi Ost-Hotland adalarını sağ-salamat keçib açıq dənizə çıxdı.
Bütün bütpərəst əcinnələr - divlər, yerin altında yaşayan xəzinə keşikçiləri, cadugərlər və küpəgirən qarılar sahilyanı qayalıqlara toplaşmışdılar. Onlar daş məbədlərdə öz tanrılarının şərəfinə tonqallar qalayır, kraliçanın yolunun uğurlu olması üçün dualar oxuyurdular. Kilsə zənglərinin səsinə tab gətirə bilməyib Norveçi tərk etmiş divlər dağların sıldırım zirvələrinə dırmaşır, kökündən qopardıqları yaşıl ağacları havada yelləyə-yelləyə, kraliça Storrodanı salamlayırdılar. Sonra mağaralarına - yasa batmış arvadlarının yanına qayıdır, sevinə-sevinə:
- Bəsdi, ağlayıb sıtqadız! Kraliça Storroda kral Olavın yanına gedəcək və biz tezliklə Norveçə qayıdacağıq! - deyirdilər.
Kraliça, yelkənli gəmisi ilə Kullaberq dağlarının yanından ötəndə, Dağlar Hökmdarı ovsun oxudu və üstü mamır basmış sal qayalar aralandı. Qayaların üstündə, qaranlıq suların dibində işıq saçan ilanlar kimi bir-birlərinə dolanmış qızıl və gümüş damarcıqlar nəzərə çarpırdı.
Kralıça Storroda Dağlar Hökmdarının sərvətinə nəzər saldıqca şadlandı.
Nidingerdəki qayaların arasından peyda olan sədəf quyruqlu dəniz pəriləri nəhəng balıqqulaqlarını üfürə-üfürə, ətrafa al-əlvan su damcıları sıçratdılar.
Günortaya yaxın güclü külək qalxdı. Dənizin dibindən boylanan eybəcər divlər Kraliçanın gəmisinə, dalğalarla çarpışmağa kömək elədilər. Bəziləri caynaqlı pəncələriylə gəminin gövdəsindən yapışıb itələdilər, bəziləri dəniz otlarından hörülmüş ipləri bellərinə dolayıb gəmini irəli çəkdilər.
Nəhayət, Kraliça Siqridin gəmisi Nord-Elf çayına yaxınlaşanda suyun dərinliklərindən gözəl bir su pərisi peyda oldu, ağappaq əlləriylə Kraliçaya gözqamaşdıran parıltılı inci dənəsi uzadıb:
- Bunu boynundan as, - dedi - qoy kral Olav gözəlliyindən məst olub, səni heç vaxt unuda bilməsin!
Gəmi bütün yelkənlərini açıb çay yuxarı üzməyə başladı. Kraliça Storroda qəfildən güclü uğultu səsi eşitdi və elə bildi ki, gəmi, hardasa yaxınlıqda kükrəyən nəhəng şəlaləyə tərəf üzür.
Gurultu isə get-gedə artırdı.
- Bu nədi belə? - Kraliça soruşdu - Elə bil orda dəhşətli savaş gedir?
Gəmi Qull adasının yanından ötüb geniş körfəzə daxil olanda isə, Kraliça çayın sahilində yerləşən möhtəşəm Kunqahell şəhərini gördü.
Xüsusi məharətlə yonulmuş iri tirlərdən tikilmiş evlər möhkəm və davamlı görünürdülər. Əyri küçələr tərsanəyə qədər uzanırdı.
Təbəələrinə, avarları ehmalca və asta çəkməyi əmr edən Kraliça, gurultu səslərinin hardan gəldiyini axır ki, başa düşdü. Dəmirçilər, əllərindəki ağır çəkicləri işlədə-işlədə var qüvvələri ilə dəmir döyəcləyirdilər. Xarratlar, ətrafa gurultu sala-sala uzun taxta parçalarını bərəyə yükləyirdilər. Çörəkxanalarda oxlovlar şaqqıldayırdı. Gəmiqayıranlar, uzun mıxları qalın palıd lövhələrə mıxlayırdılar.
Təmir olunmuş gəmi və qayıqlar suda yırğalanırdı. Dənizçilər arvadları ilə tələsik vidalaşdılar.
Ağır gəmi sandıqları anbarlara yığıldı.
Kraliça, çay yuxarı üzən gəmilərin, siyənək balığıyla dolu çəlləklərin və duz kisələrinin ağırlığından əyildiyini hiss etdi. Dəniz açıqlığında üzən gəmilər isə qiymətli palıd taxtalar, dəri və xəzlə yüklənmişdi
Tərsanənin bu qaynar işgüzarlıqla dolu mənzərəsini əmnun iəğəssümlə izləyən Kraliça Siqrid təbəssümünü gizlədə bilmədi.
- Nə demək olar?... - o özlüyündə fikirləşdi - Kral Olavın arvadı olub belə bir şəhərə hökmranlıq eləməyin əleyhinə deyiləm.
Qırmızı yelkənli gəmi körpüyə yaxınlaşırdı. Gəminin yuxarı göyərtəsində dayanmış gümüşü libaslı Kraliça Siqrid Storroda sanki şəhərin üstüylə pərvaz edirdi.
O necə də gözəl idi!... Yanaqları, dağ zirvəsinin qarından bəyaz idi, qapqara, dalğalı saçları, daş-qaşla bəzədilmiş məxmər başmaqlarının üstünə düşür, oxa bənzər kirpikləri yanaqlarına mavi kölgə salırdı... gözləri, ulduzsuz gecələr qədər qara və nəhayətsiz idi...
Vassalları və döyüşçüləri ilə birgə körpüdə dayanmış Kral bu əsil-nəcabətli adaxlısına uzaqdan-uzağa heyranlıqla tamaşa edə-edə:
"Yer üzündə ondan gözəl qadın yoxdu və heç vaxt da olmayıb..." - deyə düşünürdü. "O, həqiqətən də, deyildiyi qədər gözəl imiş".
Storroda da, öz növbəsində, təkəbbürlə gülümsəyə-gülümsəyə gənc Kralı uzaqdan-uzağa süzə-süzə: «Onun qızılı, ipək saçları necə də gözəldi?!.. Ala gözləri isə polad kimi sərtdi." - deyə düşündü.
Siqrid Storroda gəmidən düşüb əlini Krala uzatdı.
Kralıçanın əli isti və zərif idi.
Kral Olav bu isti və nəvazişi əvvəl əlində, sonra qəlbində hiss etdi.
Kral və Kraliça enli mərmər pillələrlə saraya qalxdılar.
Kral, Storrodanı dəbdəbəli süfrənin yuxarı başında əyləşdirib, ayaqlarının altına qiymətli hədiyyələr sərdirdi. Arfa və tütəklərlə Kraliçanın şərəfinə mahnılar səsləndi, müğənnilər oxuduğu nəğmələrlə onun gözəlliyini vəsf etdilər.
Sonda, hamı susandan sonra yepiskop ayağa qalxıb dua oxumağa başladı. Kraliça Storroda isə bu müqəddəs sözləri eşitmirmiş kimi gülməyə, zarafat eləməyə, Krala öz saysız-hesabsız sərvətlərindən danışmağa başladı. Kraliçaya sarı əyilib onun valehedici, şirin səsini dinləyən kral Olav da Yepiskopa sarı baxmırdı.
Bu vaxt möminləri axşam ibadətinə səsləyən kilsə zənglərinin səsi eşidildi... və Kral Olav, cadugər ovsunundan yaxa qurtarmaq istəyən tək, yerindən sıçrayıb əlini alnına apardı. Kraliça nəvaziş və qətiyyətlə Kralın əlindən tutub, onu yenə öz yanında əyləşdirdi, məşhur bir müğənnini yanına çağırtdırıb, qədim qəhrəmanların şücaətini və qüdrətini, məğlublara qarşı amansızlığını vəsf edən mahnılarla Kral Olavı əyləndirməyi əmr etdi və Kral Olav kilsəyə getmək əvəzinə, adaxlısının yanında qalıb, onun alov saçan dodaqlarına, qara və nəhayətsiz gözlərinə tamaşa elədi.
...O gecə Geta-Elf çayının bərəçisinin işi həmişəkindən çox oldu. Onu o sahildən bu sahilə səsləyənlərin sayı artmışdı. Bələdçi hər dəfə səs gələn tərəfə üzsə də, sahildə heç kimi tapa bilmirdi. Beləcə, o, bütün gecə .sahilə yan aldı. Nəhayət, səhərə yaxın qumluqda çoxlu xırda ayaq izləri və xalis qızıl qırıntılarını görən bərəçi başa düşdü ki, onu, xaçpərəstliyinə görə Norveçi tərk edən, indi isə geri qayıdan cinlər və cırtdanlar səsləyirmişlər.
Kral Olav hər gün Məryəm ana kilsəsinə günorta ibadətinə getməyə vərdiş etsə də, o səhər yuxudan oyanananda fikirləşdi ki, bir gün kilsəyə getməsə, günah sayılmaz.
O, Kraliça Storrodanı görməyə, həmin axşam toy etmək üçün adaxlısından icazə almağa tələsirdi. Kral saraya, müşayiətsiz - təmtəkcə daxil olub mərmər pillələrlə tələsik qalxmağa başladı. Yox, daha o, bircə dəqiqə belə gözləyə bilməzdi!
"Onun qara saçlarına mirvaridən tac qoyacağam!" - Kral Olav düşünürdü - "Mənim Siqridim o qədər gözəl olacaq ki, ən paxıl insanlar belə, onun gözəlliyi qarşısında baş əyəcəklər".
Uzaqdan kilsə zənglərinin səsi eşidilsə də, Kral addımlarını yavaşıtmaq fikrinə düşmədi. Lakin o, kilsənin yanından ötəndə, gözlənilmədən çox qəribə və izaholunmaz bir hadisə baş verdi. Zəng səsləri qəfildən kəsildi, kilsə xoru susdu, məbəddə yanan şamlar söndü.
Kral ayaq saxlayıb heyrət içində kilsəyə sarı boylandı. Kilsə necə də çirkin və miskin görünürdü?!... Bəs niyə əvvəllər bunu hiss eləmirdi? Ağır torflu dam örtüyü sanki kilsəni başından aşağı basırdı. Şam ağacının qabıqlarından hazırlanmış ensiz çardağın qapısı isə qaramtıl və alçaq idi.
Kral yoluna davam eləmək istəyirdi ki, kilsənin qarşısında cavan bir qadın peyda oldu. Onun əynində, sadə parçadan tikilmiş qırmızı yubka və göy rəngli, ucuz plaş vardı. Qucağındakı südəmər körpənin açıq rəngli qıvırcıq saçları çiyninə tökülmüşdü.
Kral Olav göy plaşlı qadına baxır, gözlərini ondan ayıra bilmir, "Onun necə gözəl üzü var... - deyə düşünürdü. - Heç vaxt belə füsunkar gözəllik görməmişəm!"
Qadın uşağı sinəsinə elə möhkəm sıxmışdı, elə bil Yer üzündə bu körpəsindən qiymətli heç nə yox idi.
Qadın geriyə boylandı, içiboş, qaranlıq kilsəyə baxdı və açıq mavi gözləri yaşla doldu. O, taqəti tükənmiş kimi, çiynini qapıya söykəyib kədərlə uşağına baxdı, gözləriylə sanki: "Yer üzündə isti bir ocaq, sığınacaq tapa biləcəyikmi?" - dedi.
"Görən bu qadın kimdi?..» - Kral özü-özlüyündə düşündü. - «Elə bil, onu hardasa görmüşəm. Şübhəsiz, əsil-nəcabətlidi. Görünür, bu müsibətə taleyin hökmü ilə düçar olub."
Kral, hər şeyi unudub, insanı ovsuna salan bu simanı, bu mavi, məsum gözləri harda gördüyünü xatırlamağa çalışdı. Sonra özünü saxlaya bilməyib qadına yaxınlaşdı:
- Niyə belə qəmlisən? - deyə ondan soruşdu.
Qadın:
- Məni evimdən qovublar. - dedi və çevrilib qaranlıq kilsəni göstərdi.
Kral, onun nə demək istədiyini başa düşmədi. Bəlkə getməyə başqa yeri olmadığı üçün kilsədə sığınacaq axtarır?
- Səni kim qovub axı? - deyə soruşdu.
Qadının kədər dolu baxışları Kralın ürəyini parçaladı:
- Məgər bilmirsən? - o, astadan dilləndi.
Kral üzünü çevirib yola düzəldi. Onun burda dayanıb tapmaca tapmağa vaxtı yox idi. Axı bu qadın nə demək istəyirdi?.. Özünü elə aparır, elə bil onun qovulmasının günahı Kraldadı?!..
O, adaxlısının, qırmızı yelkənli gəmisinin lövbər saldığı körpüyə tələssə də, Kraliça Storrodanı görən kimi ayaq saxladı... Sanki hansısa gözəgörünməz qüvvə onun yolunu kəsdi.
...Bu, kilsənin qapısı ağzında gördüyü tənha və qəmgin qadının üzü idi...
"Bu nə deməkdi? - Kral fikirləşdi. - Niyə mənə elə gəlir ki, o hətta Kraliça Storrodadan da gözəldi?.. Bu nə axmaq fikirdi ağlıma gəldi?.. Axı, bu mümkün deyil?!"
Kraliça onu məğrur təbəssümlə qarşılayarkın, Kral, gözlərində yaş damlaları parlayan başqa bir qadın barədə düşünürdü...
Kraliça Storroda həmişəki kimi, vüqarlı və gözəl olsa da, Kral ona qarşı anlaşılmaz ikrah duymağa başlamışdı.
- Səni belə tez gözləmirdim. - Kraliça Storroda yüngül istehzayla dedi - Elə bilirdim, öz kilsəndə diz çöküb dua eləməklə məşğulsan.
Qəfildən, bu təkəbbürlü Kraliçanı ələ salmaq, onun istəklərinin əleyhinə getmək həvəsinə düşən Kral:
- İbadət hələ bitməyib, - dedi - gəldim ki, səni də özümlə kilsəyə aparım.
Kralın bu sözündən Kraliçanın rəngi qaraldı, gözlərində qorxunc qığılcımlar oynadı. Starroda gözlərini yerə dikdi, süni nəvazişlə gülümsəyib məlahətli səslə:
- Yaxşısı budur, gəmiyə qalx. Sənin üçün çoxlu hədiyyə gətirmişəm. - dedi və qızıl dəstəkli qılıncı əlinə aldı. Sanki bununla Kralı aldadıb tələyə salmaq istəyirdi.
Xidmətçilər, içi zümrüd və mərcanla, kürklərlə dolu sandıqları sürüyüb gətirdilər. Lakin Kralın gözünə, Storrodanın yanında dayanmış ucuz, göy plaşlı başqa bir qadın görünürdü... Kraliça isə saysız- hesabsız var-dövlətinin parıltıları içində, qızıl dərili əjdahaya bənzəyirdi.
Kral təkidlə:
- Əvvəl de görüm, mənimlə kilsəyə gedəcəksənmi? - dedi.
Storrodanın üzündə istehza dolu təbəssüm oynadı:
- Mənim sənin kilsəndə nə işim var? - dedi.
Kralın qaşlarının düyünləndiyini görəndə isə anladı ki, o daha əvvəlki ovqatda deyil. Odu ki:
- Əzizim Kral Olav, öz kilsəndə kefin istəyən qədər ibadət elə. - deyib nəvaziş dolu oğrun baxışlarla Kralın gözlərinə zilləndi. - Amma məndən, səninlə getməyi tələb eləmə. Bundan başqa bütün arzularını yerinə yetirməyə hazıram, mənim əziz nişanlım! - dedi, özlüyündə isə:
"Onsuz da hər şey mənim istədiyim kimi olacaq! Kralı cadulu bitkilərlə tilsimləyəcəyəm, öpüşlərimlə ovsunlayacağam. O mənfur xristian kilsəsini də yerin dibinə çökdürüb, əvəzində daş məbədlər ucaldacağam, küpəgirən qarılar, divlər, alov gözlü qarğalar Norveçin dörd bir yanından bura axışacaqlar.» - deyə düşündü.
Kral Olava qalib nəzərlərlə baxan Storroda beləcə düşünərək, adaxlısının iradəsini sındırdığını, onu özünə tabe elədiyini zənn edirdi.
Arxadan həzin musiqi səsi gəldi...
Kral ətrafına boylandı... və yenə göy plaşlı qadını gördü. O, kədərli və yorğun görünsə də, hələ də qızıl saçlı körpəsini qəribə bir nəvazişlə bağrına basmışdı.
- Belə diqqətlə nəyə baxırsan? - Kraliça Storroda soruşdu.
...Meydandan ötüb gedən qadın, körpəsinin ayaqlarını plaşının ətəyi ilə örtmüşdü. Axı baharda çay kənarında soyuq küləklər əsir. Qəfildən Kral, qadınla körpənin qəribə qızılı işıq seli ilə əhatələndiyini gördü və gözlərini qadından və qucağındakı körpəsindən ayıra bilmədi.
Qadın şəhərə tərəf dönüb dar bir küçədə gözdən itdi.
- De görüm, nəyə belə diqqətlə baxırsan? - Storroda ayağını yerə vurub soruşdu.
Kral Olav Starrodaya tərəf çevrildi və dünyanın bütün qüsur və günahlarının adaxlısında cəmləndiyini gördü.
Kraliçanın gözlərində Cəhənnəm alovu yanır, al qırmızı dodaqlarından zəhər axırdı...
"Şükür sənə, Ulu Tanrı! Gözlərimi açdın, məni İblisin toruna düşməyə qoymadın!" - deyə Kral Olav düşündü və meydandan keçən zaman adaxlısının əlini sıxmaq üçün çıxardığı əlcəyini Kraliçanın üzünə çırpdı:
- Lənətə gələsən, iyrənc ifritə! - deyib qışqırdı.
Storroda vəhşi pişik kimi geri atılsa da, dərhal özünü ələ aldı:
- Buna görə başınla cavab verməli olacaqsan Kral Olav! - dedi.
Storrodanın üzü, Ölülər Səltənətinin bütpərəst ilahəsi Helin üzü kimi gömgöy oldu. O, daha heç bir söz demədi, üzünü çevirib, gəmisinə qayıtdı.
Həmin gecə kral Olav, gələcəkdən xəbər verən qəribə bir yuxu gördü. Yuxuda o, dənizin dibini gördü. Yem dalınca qaçan balıqların başı üstündən, qara buludlar kimi ötüb keçən gəmiləri gördü. Suyun altından Günəş də solğun və dumanlı görünür, daha çox gümüşü ayı xatırladırdı. Bu məqam qəfldən dənizin dibində, Kunqahelldə, köhnə kilsənin qarşısında gördüyü qadın peyda oldu. O yenə həmin nimdaş geyimdə idi, üzü hələ də məyus və kədərli idi... Qadın fikirli-fikirli yeridikcə, dəniz suları aralanıb ona yol açırdı. Su şırnaqları sütunlarla bədirlənib büllur tağlar kimi ucalırdı. Sanki qadın, möhtəşəm bir məbədin qübbəsi altında addımlayırdı. O, yeridikcə, suyun rəngi dəyişir, sudan bədirlənmiş sütunlar açıq çəhrayı rəngə çalmağa başlayırdı. Bir qədərdən sonra dənizin suyu tamamilə al qırmızı rəngə boyandı. Sanki dənizin suyu qana çevrilmişdi.
Qadının keçib getdiyi yerlər - dəniz qumunun üstü parça-parça olmuş qılınc, nizə, sınıq ox qalaqlarıyla dolu idi... O, qanlı sütunların və diş-diş tağların arasıyla irəlilədikcə, sınıq-salxaq, lazımsız silahların sayı artırdı. Qadın, dəniz otlarının üstünə sərilmiş ölü döyüşçünü tapdalamamaq üçün ayaq saxlayanda Kral diksinib yuxudan ayıldı.
Döyüşçünün əlində, qınından sivrilmiş qılınc, başında dərin yara nəzərə çarpırdı. Dənizin dibi batmış gəmilərin qalıqları ilə dolu idi, ağır lövbərlər quma çbkmüşdü, yoğun kanatlar ilan kimi qıvrılmışdı. Yanaşı düzülmüş gəmilərin dor ağacları sınmış, kənarları əzilmişdi .
"Görəsən, bu boyda zəngin sərvəti amansız zamana təhvil verən kimdi?" - Kral fikirləşdi.
Həlak olmuş döyüşçülərin sayı-hesabı yox idi. Bəzilərinin cəsədi gəmilərin lövbərlərindən sallanır, bəzilərininki dəniz otlarının üstündə yatırdı. Lakin dərin yuxuya qərq olandan bəri göy plaşlı qadını izləyən Kralın onlara diqqət ayırmağa vaxtı yox idi.
Qadın həlak olmuş döyüşçülərdən birinin qarşısında dayandı. Döyüşçünün başında parıltılı dəbilqə var idi, bir qolunu qalxan örtürdü, o biri əli, hələ də qınından çıxmış qılıncı sıxırdı.
Qadın döyüşçüyə sarı əyilib:
- Kral Olav, Kral Olav... - pıçıldadı, sanki onu oyatmaq istədi... və yalnız bu an Kral başa düşdü ki, dənizin dibində yatan özüdür.
- Məgər, məni xatırlamırsan? - qadın qəribə bir qüssəylə pıçıldadı. - Mən Kunqahelldəki kilsənin qarşısında gördüyün həmin qadınam.
Ölmüş döyüşçü qımıldanmırdı. Qadın Kralın qarşısında diz çöküb bir daha pıçıldadı:
-Storroda bütün gəmilərini göndərib səndən amansızcasına qisas aldı. Buna peşmansanmı, Kral Olav?..
Döyüşçü hələ də hərəkətsiz yatırdı.
Qadın yenə soruşdu:
- Storrodanı yox, məni seçdiyin üçün həyatınla cavab verdin. Buna peşmansanmı, kral Olav?
Bu zaman həlak olmuş döyüşçü gözlərini açdı. Qadın ona, ayağa qalxmağa kömək elədi. Kralı qadının çiyninə söykəndi və onlar yavaş-yavaş dənizin dibi ilə addımlamağa başladılar.
Onlar addımladıqca, sular geriyə çəkildi, köpüklər onların ayaqları altında əriyib yoxa çıxdı... və onlar dənizin dibindən yuxarı qalxıb sahilə çıxdılar.
Kral Olav, çox sevdiyi Norveçə baxdı, vətənini bir başından o biri başınacan seyr etdi, sıldırım qayalı körfəzlərə, böyük Kunqahell şəhərinə nəzər saldı. Cənub tərəfdə İsveç dağları uzanırdı. Ayağı yalın çoban tütək çalır, yaşıl çəmənlikdə qoyun sürüsü otlayırdı...
Kral Olav böyük şəhərləri də, kiçik kəndləri də, hətta payızda yetişən quşarmudu kollarını da görürdü... Külək əsdikcə, kolların qırmızı salxımları evlərin alçaq pəncərələrinin şüşələrini döyəcləyirdi. Günəş dağların arxasına çəkilirdi, ayın gümüşü işığı aləmi boyayırdı və yenidən günəş doğurdu.
Kral vətəninə baxdıqca, hər yerdə hündür qübbəli kilsələri görür, zəng səslərini eşidirdi. Yaxınlıqdakı kilsələrin zəngləri təntənə və əzəmətlə çalırdı. Uzaq İsveçrə kilsələrinin səsi külək əsintisi qədər zəif olsa da, Kral Olav onları da eşidirdi. Sonra hər tərəf qarla örtüldü, körfəzlər sırsıra bağladı, kilsələrin pəncərələrində şam işıqları yandı və Kral başa düşdü ki, Milad bayramı yetişib.
- Şükür sənə, İlahi. Bütün bunları görməyi mənə qismət elədin! - deyə o pıçıldadı.
Sonra Yer üzünü qar kimi ağappaq buludlar bürüdü. Kral yenə öz yol yoldaşının çiyninə söykənib pilləkənlə qalxırmış kimi, buludların üzəriylə yeriməyə başladı. Onlar bulud pillələrlə yavaş-yavaş yuxarı qalxıb, mirvariyə bənzər şeh örtüyü altında bərq vuran şəffaf gül-çiçək dolu gözəl bir çəmənliyə çatdılar.
Cənnət bağına daxil olan kimi, qadının qəddi düzəldi, yerişi yüngülləşdi, sayrışan mavi ulduzlardan toxunmuş plaşı işıq şaçmağa başladı. Başının haləsində peyda olan parlaq şəfəqli çələngi qənirsiz çöhrəsini nura boyadı.
- Sən kimsən? - gözləri qadının səmavi gözəlliyindən tutulmuş Kral pıçıldadı.
- Məgər bilmirsən? - qadın dedi. Onun təbəssümü əbədi sakitlik və işıqla dolu idi.
Göylər İlahəsinə pərəstişi seçdiyi üçün Kralın ürəyi sevinclə doldu. Bu sevinc o qədər böyük, o qədər pak idi ki, Kralı yuxudan oyatdı...
Kral Olav yuxudan oyananda, yanaqlarının göz yaşlarından islandığını, əllərinin, dua edirmiş kimi, sinəsinin qarşısında cütləşdiyini gördü.

 

Böyük və Kiçik Çerstin

Böyük və kiçik Çerstin artırmada dayanmışdılar. Küpəgirən qarı ayağını yaşıl cığırla sürüyə-sürəyə bacıların görüşünə gəlirdi.
Böyük və Kiçik Çerstin qarıya "ana" deyib, əlindən öpdülər.
- Müdrik ana, sən hər şeyə qadirsən, atamızı yola gətir. İki gənc şahzadə bizimlə evlənmək istəsə də, qoca buna razılıq vermir. Qoy ağlını başına yığsın. Biz - yoxsul kəndli qızları da qızıl boşqablarda xörək yemək, daş-qaşla bəzənmiş şahzadə əlləriylə oxşanmaq istəyirik.
Ocaq tüstüsündən qaralmış tək, çirkin, köhnə əski tək, qırışmış zalım, idbar qarı bacılara belə cavab verdi:
- Hələ heç kəs mənə ana deməyib, heç kim mənim kobud əllərimdən öpməyib. Sizə kömək edəcəyəm. Bircə söz verin ki, atanızın sözündən çıxmayacaqsınız.
Bacılar qarının bu sözündən ağlamağa başladılar:
- Deməli, heç vaxt başımıza tac qoyulmayacaq. Xidmətçilər, sarayın ağ pilləkənləriylə sürünən donlarımızın ətəyini arxamızca daşımayacaq.
Müdrik cadugər isə yamyaşıl cığırla yola düzəlib bacılardan yavaş-yavaş uzaqlaşdı.
Yoxsul kəndli evə qayıdanda, qızları onu ehtiramla qarşıladılar. Çiynindəki odun şələsini endirdilər. Bir yandan, yerə saman döşəyib süfrə açdılar, bir yandan da dayanmadan, göz yaşı tökdülər.
- Qızlarım, böyük və kiçik Çerstin, quru ardıc kolunda qızılı budaq bitmir, qırmızı tülkü balalarını ipək yastıqlarda yatırtmır. Siz, qızıl, zərxara geyinən kimi, mənim kətan çuxama güləcəksiniz. Özünüz dəbdəbəli otaqlarda yaşaya-yaşaya, mənə it damını layiq görəcəksiz.
Bu sözlərdən sonra bacılar əvvəlkindən də möhkəm ağlamağa başladılar.
Kəndli yumruğunu stola vurdu.
- Sizə elə ərlər tapacağam ki, mənim çuxama gülə bilməsinlər. Məni evlərinin yuxarı başında əyləşdirsinlər.
Kəndli, Böyük və Kiçik Çerstinlə birlikdə artırmaya çıxdı, Şərqə və Qərbə təzim etdi, şlyapasını qaldırıb Cənuba və Şimala sarı baxdı, sonra meşəyə tərəf çönüb:
- Qızım Böyük Çerstinlə evlənmək istəyən varmı? - deyə qışqırdı.
Meşədən cavab gəldi:
- Onunla mən evlənmək istəyirəm!
- Onda gəl, apar! - deyə kəndli var qüvvəsi ilə qışqırdı.
Bu məqam meşədən, iri, buruq buynuzlu, dərisi yonca tarlası kimi qalın bir qoç yüyürüb gəldi. Kəndli Böyük Çerstini qaldırıb qoçun belinə şəllədi. Qoç qızı meşənin dərinliyinə - kol-kosdan düzəldilmiş komaya apardı və böyük Çerstin uzun müddət orda yaşadı.
Səhəri gün kəndli kiçik qızıyla artırmaya çıxdı. Cənuba və Şimala təzim etdi, şlyapasını qaldırıb Qərbə və Şərqə sarı baxdı, sonra Böyük gölə tərəf çönüb:
- Qızım Kiçik Çerstinlə evlənmək istəyən varmı? - deyə qışqırdı.
Böyük göl tərəfdən cavab gəldi:
- Onunla mən evlənmək istəyirəm!
- Onda gəl, apar! - deyə qoca var qüvvəsi ilə qışqırdı.
Bu məqam göl tərəfdən, qanadları qapı iriliyində, gözləri, dəmir közərtisiylə alışıb-yanan, nəhəng bir qarabatdaq uçub gəldi.
Kəndli kiçik Çerstini quşun caynaqlarına atdı. Qarabatdaq qızı götürüb havaya qalxdı və onu gölün yanındakı daş mağarasına apardı. Kiçik Çerstin də uzun müddət orda yaşadı.
Günlərin bir günü qoç Böyük Çerstinin yanına qaçıb:
- Bu gün atan bizə qonaq gələcək. Onun yanında məni ər, ağa çağır, dadlı xörək hazırla. - dedi.
- Böyürtkən və qaragilə hazırlamaq asan işdi. Amma atam üçün su qaynatmaq olmaz.
Bunu eşidən qoç başını ağacın gövdəsinə çırpıb alnının damarlarını partlatdı, qan su yerinə axmağa başladı. Böyük Çerstin qanlı qoğal bişirib atasını gülər üzlə və mehribanlıqla qarşıladı.
Böyük Çerstingildə qonaq olduqdan sonra evinə qayıdan qoca arvadına dedi:
-Daha qızına görə dərd çəkmə. O məni yuxarı başda əyləşdirdi, dadlı xörəyə qonaq elədi. Kürəkənimdən, evə yemək gətirməyin yolunu da öyrəndim. Onun əri bax belə edir.
Kəndli bunu deyib başını üç dəfə daş divara çırpdı. Alnının damarları partlamasa da, ağlı çaşdı. Heç kimdən yan keçməyən ölüm ona bir az da yaxınlaşdı.
-Bu saat ağılsızlığının ucbatından öləcəksən. Qızlarını şüursuz məxluqlara ərə verdiyin üçün sənə hələ bu da azdı. - arvadı dedi.
Kəndli kiçik qızı, Kiçik Çerstinə baş çəkməyə getdi. O da atasını gülər üzlə, mehribanlıqla qarşıladı, yastı daşları üst-üstə yığıb, üstünə yumşaq qamış döşəyib, atası üçün yer hazırladı. Bu vaxt qanadları qapı iriliyində qarabatdaq uçub gəldi. O, kəndlinin gözləri qarşısında gölə baş vurub sudan çoxlu qızıl balıq çıxartdı və kiçik Çerstin atasına dadlı nahar hazırladı.
Kiçik Çerstingildə qonaq olduqdan sonra evinə qayıdan kəndli arvadına dedi:
- Bu qızına görə də daha nigaran qalma. O məni yuxarı başda əyləşdirib dadlı xörəklərə qonaq elədi. Kürəkənimdən, evə yemək gətirməyin yolunu da öyrəndim.
Qoca sahilə gedib körpüyə çıxdı, qollarını geniş açıb havaya sıçradı.
- Arvad, evə qayıdanda, sənə çoxlu qızıl balıq gətirəcəyəm. - deyib dərin burulğana yuvarlandı. O, balıq tuta bilməsə də, doyunca çimdikdən sonra suda boğulub gölün dibinə çökdü.
Bunu eşidən qoç və qarabatdaq arvadları Böyük və Kiçik Çerstinə dedilər:
- Atanız ölüb. İndi evinizə qayıdıb, padşah övladlarının daş-qaşlı əlləri ilə sizi oxşayacağı günü gözləyə bilərsiz.
Böyük və Kiçik Çerstin ərlərinə belə cavab verdilər:
- Nəyə görə biz atamızın seçdiyi ərlərdən narazı olmalıyıq?
Bu məqam Böyük Çerstinin başının üstündəki daxma uçdu. Kiçik Çerstinin başının üstündəki daş mağara parça-parça oldu... və bacılar özlərini ağ saray pillələrinin qarşısında tapdılar...
...Xidmətçilər onların ətəklərindən yapışmışdılar... Onları saray darvazalara ağzında qarşılayan gənc şahzadələr:
- Xoş gəlmisiz! Cadugər bizi lal-dinməz məxluqlara çevirmişdi, indi isə yenidən şahzadəyə çevrildik. - dedilər.
Böyük və Kiçik Çerstin bir-birlərinə baxıb gülümsədilər.
- Deməli, küpəgirən onları bizi xilas etmək üçün tilsimləyibmiş. - Böyük Çerstin dedi.
- O bizi beləcə sınamaq istəyibmiş. - Kiçik Çerstin cavab verdi.

DİGƏR MƏQALƏLƏR