ƏDƏBİ FENOMEN
Qriqore Viyeru

(1935-2009)

Bu şeirlərin çoxunu mən təxminən qırx il əvvəl dilimizə çevirmişəm. O vaxt Qriqore Viyerunun yaşı otuzu, mənim də yaşım iyirmini təzə adlamışdı. O illərdə bizim cavan poeziyamız, içi mən qarışıq, eksperimentlərlə, forma axtarışları ilə məşğul idi. Elə bil ki, ən sadə şeyləri mümkün qədər qəliz demək yarışına çıxmışdıq. Hətta bir çox oxucular da bu yarışa qoşulmuşdu. Şeirləri krossvord kimi oxuyurdular. Bəzən də, o şeirlərdən heç şairin ağlına gəlməyən sətiraltı mənalar tapıb çıxarırdılar. Belə bir vaxtda Viyerunun şeirləri sadəliyi və səmimiliyi ilə məni özünə çəkdi. Su kimi sakit, ot kimi yumşaq bu şeirlər sevgiylə doluydu; anaya, uşağa, qadına, torpağa...

O vaxtdan çox illər keçib, çox şeylər dəyişib. Eşitdiyimə görə son illər Viyerunun yaşayış yeri də dəyişmişdi; Moldovada yox, Rumıniyada yaşayırdı. Və lap bu günlərdə çox acı bir xəbər eşitdim; Kişinyov yaxınlığında maşın qəzasına düşən şair bu il yanvarın 18-də dünyasını da dəyişdi.
...Dəyişməyən, o uzaq altmışıncı illərdə özgə dildə yazılmış bu doğma şeirlərdəki sadəlik və səmimilikdir...

Ramiz Rövşən

 

ŞERLƏR SİLSİLƏSİ

Ramiz Rövşənin tərcüməsində

 

ANKET

- Soyadınız, adınız, atanızın adı?
- MƏN.
- Doğulduğunuz il?
- Anamla atamın biri-birini
sevdiyi o cavan, dəliqanlı il.
- Valideynləriniz?
- Anam, təkcə anam.
- Ananızın adı?
- ANA!
- Ananızın peşəsi?
- Gözləmək...
- Həbsdə olmusunuzmu?
- Bir neçə il özümü
öz tənhalığımda həbs eləmişəm.
- Xaricdə qohumlarınız varmı?
- Var. ATAM.
Özgə torpağında basdırılıb
45-ci ildə.

 

MEŞƏ

Özgəsiylə getdi yarı,
Göy meşədə itdi izi.
Qırdı bütün ağacları,
Tapılmadı sevgilisi...

Qırdı bütün meşəni o,
Sonra yerini bellədi.
Bellədi bütün meşəni,
Tapılmadı sevgilisi...

Bellədi bütün meşəni,
Dən səpdi,
sünbül göyərdi.
Biçdi bütün sünbülləri,
Tapılmadı sevgilisi...

Biçdi bütün meşəni o,
Gəmi düzəltdi özünə.
Hələ qaranlıq düşməmiş
Çıxdı dalğalı dənizə.

Çıxdı dalğalı dənizə,
Bəlkə unutsun yarını.
Unutsun ürəyindəki
O kədəri, o ağrını...

...Amma təzə ay doğanda -
Yazığın gözü qamaşdı;
Meşə öz yerində idi,
Gəmi də yarpaqlamışdı...


QUŞ

Qayıtdı yuvaya dimdiyində dən,
tapmadı yuvada balalarını...

...Axtardı gün batıb qaralanacan,
axtardı, axtardı qocalanacan,
qızıl lələkləri ağaranacan,
dimdiyindəki dən cücərənəcən...


POEMA

Anamın naxışlı, göy toqqasını
belimə bağlayıb yüyürdüm çölə...

...Deməli, belə;
anamın əlindən aldım hər şeyi!..
Səsini,
sözünü,
təbəssümünü...
İndi də, sevinib-güləndə hərdən
özüm öz səsimdən diksinirəm mən,
diksinib susuram...

Dünən pəncərəni sındırdı oğlum;
həmin pəncərədən boylanıb elə
gecələr yolumu gözlərdi anam.

...Deməli, belə;
anamın əlindən aldım hər şeyi!..
Aldım gözlərinin maviliyini,
aldım saçlarının qaralığını,
aldım dişlərinin ağlığını da...
...indisə
heç nəyi qaytara bilmirəm geri.

İlahi, heç olmasa
qaytara biləydim o göy toqqanı...
...Yoxsa pəncərəni salmağa nə var?!..

 

UŞAQLAR

Uşaqlarım necə böyüyür görən,
dünyanın
bu balaca məxluqları...

Boy atırlar,
Boy ata-ata
mənim ciblərimə gəlib çatırlar,
cibimdə həmişə bir şey tapılar,
ya alma, ya da şirni...

Boy atırlar,
Boy ata-ata
gəlib çatırlar
döşümdəki nişana.
Sonra ən dəcəli, ən ərköyünü
qoparıb nişanı taxır döşünə,
öz yaşından yekə görünsün deyə...

Boy atırlar,
Boy ata-ata
gəlib çatırlar
mənim göz yaşlarıma.
Onda mən çevrilib uşaq oluram,
mənim uşaqlarımsa
boy atır,
ucalır üstündə göz yaşlarımın...

 

***

Qar kimi ağarır
gecə sübhəcən
yol gözləyən anaların saçları.
Qorxağın da, igidin də
anaları bu gündədi, bu gündə.
Amma yox!..
Oğlu qorxaq olanın
saçı qardan da ağdı...


NİŞAN ÜZÜYÜ

Ömür boyu iş görməkdən
anamın barmaqları
nazilmişdi şam kimi.
Keçən payız
çöldə kartof yığanda
Qəfil nişan üzüyü
sürüşdü barmağından,
torpağa düşdü, itdi...

O vaxtdan
qara suya
baş vuran adam kimi
Girib torpaq altına
nişan üzüyünü axtarır anam.

Bir bax;
ayağımın altında
qara torpaq
gör necə yırğalanır
dalğa-dalğa.
Diksinib
tullanıram qırağa.
Onun yorğun bədənini
heç olmasa mən əzməyim... mən...


MÜHARİBƏNİN ÖLDÜRDÜYÜ UŞAQLAR

- Ana torpaq,
sən ki qabaq
belə ağır deyildin.
Sümüyümüz əzilir...
Aaxx!..
Yaman ağırsan indi.

- Balalarım, güldan təki
yüpyüngüləm mən axı.
Üstümdəki heykəllərdi -
basır məni aşağı.

- Biz də, biz də,
qəbrimizdə
yavaş-yavaş, hər gecə
Qarış-qarış
lap dərinə
batmaqdayıq beləcə.

- Balalarım, bərk-bərk tutun
ağacların kökündən.
- Tutmaq olmur,
onlar yaman
sürüşkəndi, sürüşkən...

DİGƏR MƏQALƏLƏR