KOMEDİYA
Somerset Moem

Ledi FREDERİK 


Üç pərdəli komediya


Tərcümə: Yaşar


İştirakçılar

Ledi Frederik Berollz
Ser Cerald O`Mara
Cənab Paradayn Foulds
Markiza Merestonskaya
Markiz Merestonski
Admiral Karlayl
Kapitan Montqomeri
Rouz
Ledi Frederikin dərzisi
Ledi Frederikin qulluqçusu
Tompson
Ofisiant
Əhvalat 1980-ci ildə cərəyan edir

Birinci pərdə

Səhnə: Monte-Karloda, «Otel de Pari»də nömrə. Dəbdəbəli mebelli iri otaq, sağda və solda qapılar, arxada eyvana çıxan pəncərə. Onların arasından ulduzlu cənub göyü görünür. Bir küncdə fortepiano var, o biri güncdə üstünə səliqəylə vərəqlər düzülmüş soba yanır.
Yaraşıqlı libasda olan ledi Mereston vərəqləri oxuyur. O qırx yaşlı cazibədar bir qadındı. Qəzeti kənara qoyub tələsmədən zəngi basır. Nökər peyda olur.
Ledi Mereston: Cənab Paradayn Foulds gəlib?
Nökər: Bəli, miledi.
Ledi Mereston: Mehmanxanadadı?
Nökər: Bəli, miledi.
Ledi Mereston: Dalınca adam göndərib xəbər eləyin ki, onu gözləyirəm.
Nökər: Bağışlayın, miledi, amma o cənab xahiş eləyib ki, onu narahat eləməsinlər.
Ledi Mereston: Dəlixana! Cənab Foulds mənim qardaşımdı. Bu dəqiqə onun dalınca gedin.
Nökər: Vestübeldə onun kamardineri dayanıb, bəlkə xanım özü onunla danışa?
Ledi Mereston: Cənab Fouldsun qəbulu nazir qəbulu kimi bir şeydi, ora düşək müşkül məsələdi. Onun nökərini çağırın.
Nökər: Baş üstə, miledi.
Nökər çıxır və az sonra cənab Fouldsun adamı Tompson peyda olur.
Tompson: Xanım məni görmək istəyirdi?
Ledi Mereston: Axşamın xeyir, Tompson. Ümid varam ki, yolda problem-zad yaranmayıb.
Tompson: Əlbəttə, miledi. Cənab Fouldsun evinə gedən yolda heç vaxt problem olmur.
Ledi Mereston: Dənizdə dalğa-zad da olmur?
Tompson: Olmur, miledi. Əgər dəniz cızığından çıxsa, cənab Foulds onun dalğalarını da cəzalandırar.
Ledi Mereston: Cənab Foldsa çatdırın ki, onu tez görmək istəyirəm.
Tompson: (Saata baxa-baxa) Üzr istəyirəm miledi, amma cənab Foulds xahiş eləyib ki, onu saat ona qədər narahat eləməsinlər. İndi beş dəqiqə işləyib, mən onun əmrini poza bilmərəm.
Ledi Mereston: Axı o, nə işlə məşğuldu?
Tompson: Təsəvvürüm belə yoxdu, miledi.
Ledi Mereston: Siz çoxdan cənab Fouldsun yanında işləyirsiz?
Tompson: İyirmi beş ildi, miledi.
Ledi Mereston: Onun hər gün nə edəcəyini siz yəqin dəqiqəbədəqiqə bilirsiz.
(Paradayn içəri keçir. O, yaşı qırxı adlamış çox şıx geyimli bir kişidi. Özünəinamlı, kübar, yerini biləndi. Beləsini heç vaxt özündən çıxara, həvəsdən sala bilmərsən. O, Ledi Merestonun son sözlərini eşidir.)
Foulds: Mən Tompsonu işə götürəndə dedim ki, ən çətin iş özünü görməzliyə vurub hər şeyi görməkdi.
Ledi Mereston: Əziz Paradayn, mən səni düz iki ildi gözləyirəm. Sən nədən belə canımı çəkirsən.
Foulds: Mən sənin öpüşünə dözə bilərəm, amma bu qabalığı yığışdır.
Ledi Mereston: (Onun yanaqlarından öpərək) Bu zarafatlar əbədi boyuna biçilib. Niyə o dəqiqə gəlmədin?
Foulds: Əzizim, uzun yoldan sonra adam dincəlməlidi ya yox? Burda əsəbləşməli nə var? Qatarla düz iyirmi yeddi saatlıq yoldu. Üstümə bu boyda hücumdan sonra gərək özümə gələm
Ledi Mereston: Məni güldürmə. Əminəm ki, sənə hücum-zad olmayıb.
Foulds: Mən ruhuma olan hücumu nəzərdə tuturam. Mənim yaşımda bu, naz-qəmzə kimi görünə bilər, amma Londondan Monte-Karloya səyahət həqiqətən də məni əldən saldı.
Ledi Mereston: Şübhə eləmirəm ki, sən bu əziyyətin acısını yaxşıca şam eləməklə canından çıxarmısan.
Foulds: Mən heç şam eləmişəmmi?
Tompson: (Sakitcə) Siz şorba yediz, ser?
Foulds: Yadımdadı, mən ona baxa-baxa qaldım.
Tompson: Balıq şorbası, ser.
Foulds: Mən qalxan balığı qızartmasıyla oynaya-oynaya qalmışdım.
Tompson: Sonra Rossininin qat-qat piroqu, ser.
Foulds: Bu yemək məndə heç bir təsir buraxmadı.
Tompson: Dana filesi təmtəraqlı görünürdü.
Foulds: Ayaqqabı dabanından da bərk ili, Tompson. Kimə lazımdısa, şikayət eləyin.
Tompson: Qırqovul qızartması, ser.
Foulds: Hə, indi fazan da yadıma düşür.
Tompson: Desertə şaftalılı dondurma, ser.
Foulds: Çox soyuq idi, Tompson. Adamın az qala dili də donurdu.
Ledi Mereston: Hə, əziz Paradayn, səni dəbdəbəli naharla təmin eləyiblər.
Foulds: Mən artıq elə bir yaşdayam ki, məhəbbət, şərəf, var-dövlət hamısı yaxşı qızardılmış bifşteksin yanında sönük görünür. Siz gedə bilərsiz, Tompson.
Tompson: Çox sağ olun, ser.
(Çıxır)
Ledi Mereston: Ayıb deyilmi, Paradayn, mən həyəcandan özümə yer tapa bilmədiyim bir vaxtda, sən özünü ləziz yeməklərin ixtiyarına verirsən.
Foulds: Belə çıxır ki, həyəcan keçirmək sənin xeyrinədi. Çünki indii heç vaxt olmadığın qədər gözəl görünürsən.
Ledi Mereston: Bəsdi məni doladın, sənə sözüm var.
Foulds: Mən sənin teleqramını alan kimi yola düzəldim. De görüm, nə baş verib.
Ledi Mereston: Əziz Paradayn, Çarlz dəlicəsinə vurulub.
Foulds: İyirmi iki yaşlı adam üçün burda qeyri-adi nəsə yoxdu. Əgər istədiyi yarayırsa onu evləndir, adlı-sanlı dul qadın statusunu da özündə saxla. Əgər yaramırsa o qıza beş yüz funt verib Parisə, ya da Londona göndər. Orda o, öz gözəlliyinə müştəri tapar.
Ledi Mereston: Əgər bacarsaydım, nə dərdim vardı. Bilirsənmi, söhbət kimdən gedir?
Foulds: Əzizim, mənim tapmacadan zəhləm gedir. Şübhəsiz ki, ildə beş min gəliri olan gənc markizə ikrahla baxmayan xeyli xanım tapılar.
Ledi Mereston: Həmin xanım Ledi Frederik Berollzdu.
Foulds: Bax, bu gözlənilməz oldu.
Ledi Mereston: O, ondan on beş yaş böyükdü.
Foulds: Yəni, anası yerində deyil. Bu özü nədənsə xəbər verir.
Ledi Mereston: O, saçlarını rəngləyir.
Foulds: Özü də zövqlə rəngləyir.
Ledi Mereston: Sifətinə də şəkil çəkir.
Foulds: Özü də Təsviri Sənət Akademiyasının üzvlərinin çoxundan yaxşı çəkir.
Ledi Mereston: Yazıq Çarli sadəcə onun toruna düşüb. Səhərlər onunla at çapır, nahardan sonra maşınla gəzir, gecənin yarısınacan da kazinoda ilişib qalır. Mən onu heç görmürəm.
Foulds: Hardan bilirsən ki, ledi Frederikin ondan nəsə umacağı var?
Ledi Mereston: Paradayn, məni güldürmə. Hamı bilir ki, onun cibində siçan oynayır, xirtdəyəcən borc içindədi.
Foulds: Gərək minanı yaxşı yerdə gizlətməyi bacarasan. Bizim zəmanədə kübar qadının həyatı göz qabağında olan dilemmadan ibarətdi: ya müflisləşmə, ya da boşanma işiylə əlaqədar
məhkəmə.
Ledi Mereston: Görən, onda bu cür şıq geyimlər hardandı? Bax, taleyin oyunu buna deyərlər. Olub-qalan nüfuzunu da itirəndən sonra qadın şəkil kimi görünməyə başlayır.
Foulds: Əzizim, bir fikirlə özünə təskinlik ver ki, o, gec-tez cəhənnəm odunda yanmalı olacaq.
Ledi Mereston: Kafirlik kimi qəbul eləmə, ancaq elə bilirəm, o dünyada ağ libaslar və qanadlar mənim bu dünyada gördüklərimə heç də layiqli kompensasiya deyil.
Foulds: Mən elə bilirdim ki, o, müflisləşmənin bir addımlığındadı, amma gözlənilmədən özünə yeni ekipaj alır. Sən ciddi o fikirdəsən ki, Çarli onunla evlənmək üçün əldən gedir?
Ledi Mereston: Azca da şübhəm yoxdu.
Foulds: Bəs, məndən nə istəyirsən?
Ledi Mereston: Tanrı xatirinə bu izdivaca mane olmağını. Bir də ki, Çarlinin cəmiyyətdə çox gözəl mövqeyi var, onu parlaq karyera gözləyə bilər. Hətta baş nazirə qədər! Belə bir oğlanın belə bir qadınla evlənməsinə necə imkan vermək olar?
Foulds: Əlbəttə, sən ledi Frederiki tanıyırsan, eləmi?
Ledi Mereston: Əziz Paradayn, biz onunla çox gözəl münasibətlərdəyik. Niyə axı, mən onu davaya təhrik eləyim? Yaxşısı budu, mən onu səninlə birlikdə nahara dəvət eləyim.
Foulds: Belə işlərdə qadınların kişilər qarşısında şəksiz üstünlüyü var. Vicdan əzabı deyilən şey qadınlara yaddı, üstəlik onlar Corc Vaşinqton kimi yalan danışmağa həmişə hazırdılar.
Ledi Mereston: Mənim gözümdə o qadın səfilin birisidi. Mən sənə açıq deyirəm: oğlumu onun caynaqlarından xilas eləmək üçün hər yola gedəcəm.
Foulds: Yalnız əsl mərhəmətli qadın ən naqis üsullarla belə istəyinə mütləq nail olacağını bu cür sakitcə bəyan eləyə bilər.
Ledi Mereston: (Ona baxaraq) O qadının həyatında mütləq nəsə qaranlıq məqamlar olmalıdı. Əgər dərinə getsəm...
Foulds: (Yumşaq tərzdə) Hər halda, mən sənə necə kömək eləyə bilərəm?
Ledi Mereston: Ən yaxşı detektiv keçmişi cinayətkar olandı.
Foulds: Əzizim, ürəyindəkini açıb demək heç də nəsihətbazlıq deyil.
Ledi Mereston: Sən böyük var-dövlət yığmısan. Əgər hər kəsə əməlinə görə qiymət verilsəydi, indi dəbdəbə içində üzməzdin, acından ölərdin.
Foulds: Mənim uzaq qohumlarımın maraqlı adəti var. Qəliz məqamlarda onlar əcdadlarının yanına yollanırlar.
Ledi Mereston: Bütün ömrün boyu sən dözülməzin, yaramazın birisi olmusan. Böyür-başındakı dostların da əclaflar yığnağından ibarət olub.
Foulds: Mənim kübar cəmiyyət barədə bilgimlə, sənin sonsuz qətiyyətinlə biz köməksiz xanıma ciddi rəqib ola bilərik.
Ledi Mereston: Camaat arasında söhbət gəzir ki, sən bir vaxtlar ona dəlicəsinə vurulmusan.
Foulds: Camaat arasında söhbət ancaq eşşəklərin qulağının eşitdiyi eşşək anqırtısıdı.
Ledi Mereston: Hər halda, sizin münasibətlər çoxmu dərinə getmişdi? Əgər sən Çarliylə dərdləşsən, ona münasibətləriniz haqda danışsan...
Foulds: Əziz Mod, təəssüf ki, heç bir münasibət-filan olmayıb.
Ledi Mereston: Yazıq Corc o vaxt bu tarixçədən əməlli-başlı narahat olmuşdu.
Foulds: Sənin mərhum ərin kifayət qədər dindar adam olduğundan söhbət ona yaxın insanlardan gedəndə həmişə işin pis tərəfinə inanırdı.
Ledi Mereston: Lazım deyil, Paradayn, bilirəm, sizin bir-birinizi görən gözünüz yox idi, amma yadda saxla ki, mən onu bütün qəlbimlə sevirdim. Onun ölümündən sonra hələ də toxtaya bilmirəm.
Foulds: Əzizim, özün də bilirsən ki, mən heç vaxt sənin xətrinə dəymək istəmərəm.
Ledi Mereston: Dərinə getsək günah sənin özündəydi. Bəli, o, əsl dindar idi, ümumi kilsə tərəfdarlarının rəhbəri idi, sənin həyat tərzinə də nifrət eləyirdi.
Foulds: (Ruhani intonasiyası ilə) Şükür ki, öz ömür payımda kifayət qədər günaha bata bilmişəm!
Ledi Mereston: (Gülərək) Sən düzələn deyilsən, Paradayn. Amma indi mənə kömək eləyəcəksən. Corcun ölümündən sonra mən oğlumla kifayət qədər qapalı yaşamışam, indi tamamilə köməksizik. Əgər Çarli o qadınla evlənsə mənim ürəyim partlar.
Foulds: Bacardığımı eləyəcəm. Deyəsən, hətta vəd də verə bilərəm ki, mənim bütün cəhdlərim boşa çıxacaq.
(Qapı taybatay açılır. Ledi Frederik, ardınca iyirmi iki yaşlı gənc oğlan Mereston içəri girir. Bir qədər sonra Ledi Frederikin qardaşı, yaraşıqlı, qəddi-qamətli Ser Cerald O`Mara, onun ardınca kapitan Montqomeri, Admiral Karlayl və onun qızı Rouz peyda olur.) Otuz-otuz beş yaşlı gözəl irland qadın Ledi Frederik çox zövqlə geyinib. O, həddən ziyadə hərəkətlidi. Görünür ki, irlandsayağı qayğısızdı və sabahı düşünmək belə istəmir. Əgər kimisə özünə cəlb etmək istəyirsə irland aksentinə keçir. Özü də əla bilir ki, belə eləyəndə misli-bərabəri olmur. Özünə baxan və saçlarına sığal verən otuz beş yaşlı kapitan Montqomeri kifayət qədər qılıqlıdı. Admiral sözü üzə deyən və qaba bir kişidi. On doqquz yaşlı Rouz sadəlövh bir qızdı.
Mereston: Bu da onlar.
Ledi Frederik: (Təsvir eləmək mümkün olmayan bir çevikliklə hər iki əlini Fouldsa uzadır) Paradayn! Paradayn! Paradayn!
Mereston: Mənim həm müəllimim, həm də tərbiyəçim olan dayım!
Foulds: (Ledi Frederikin əlini sıxır) Eşitdim, kazinoda olmusuz.
Ledi Frederik: Çarli son qəpiyinəcən uduzdu, mən də ona ürək-dirək verirdim.
Ledi Mereston: Çarli, mənim əziz oğlum, sənin belə işlərlə məşğul olmağından heç xoşum gəlmir.
Mereston: Anacan, mən cəmi onca min frank uduzdum.
Ledi Frederik: (Fouldsa) Belə görürəm, siz həmişə yaxşı əhvaldasız.
Foulds: Şübhəli komplimentlərə ehtiyac yoxdu. Bəlkə sabah xəstələndim, hə?
Ledi Frederik: Siz admiral Karlaylla tanışsız eləmi? Bu da mənim qardaşım Ceralddı.
Foulds: (Onun əlini sıxaraq) Xoş gördük.
Ledi Frederik: (Təqdim edərək) Kapitan Montqomeri.
Kapitan Montqomeri: Mənə elə gəlir, biz görüşmüşük.
Foulds: Bunu eşitməyə çox şadam. Salam. (Merestona müraciətlə) Monte-Karloda vaxtını yaxşımı keçirirsən, Çarlz?
Mereston: Bə-bəli.
Foulds: Nə işlə məşğulsan?
Mereston: Belə də, or, orda da... bur, burda da hər yerdə stoldu.
Foulds: Sükanı belə saxla, balaca. Çox şadam ki, özünü vərəsəlik qanunvericiliyinə uyğun olaraq üzərinə düşən vəzifələrə layiqincə hazırlayırsan.
Mereston: (Gülərək) Məzələnmə, Paradayn dayı.
Foulds: Sevindirici haldı ki, sən artıq jarqonları da mənimsəyirsən.
Mereston: Əgər artıq London faytonçusunun gözünün odunu ala, hazırcavablığınla bir qadını hayıl-mayıl edə bilirsənsə, sənin üçün Lordlar Palatasında işləmək elə də çətin məsələ deyil.
Foulds: Sənə ciddi bir xəbərdarlığım var, mənim balam. Sənin var-dövlətin və mövqeyin qarşında parlaq imkanlar açır. Amma bütün bunları sağa-sola səpələsən, gələcəyini zibilxanaya atmış olacaqsan. İndi üfüqlər aydınlaşıb, Britaniya yeni liderinin zühurunu gözləyir. Bununla yanaşı həm də ingilislər öz liderlərinin adi, gözə çarpmayan məxluq olmasını xoşlayırlar. Liderin bacarıqlı və səriştəli olması onlarda ümidsizlik yaradır, onun hərtərəfli şəxsiyyət olması boğazlarından keçmir, hazırcavablığına isə qəti dözümləri yoxdu. Misal üçün zavalı lord Parnabinin taleyi. Uzaqgörənliyi ona baş nazir vəzifəsini tutmağa imkan versə də, şəxsi keyfiyyətlərinin güdazına getdi. Axı, ölkənin taleyini nitqləri ütülü, səmimi olan, ağlı istər-istəməz qılıncoynadanın dəqiq zərbələrini yada salan çevik və uzaqgörən birisinin ixtiyarına vermək olar? Odur ki, hamının gözündə lord Parnabi sadəcə, çərənçi və yüngülxasiyyət bir insan idi. Biz belələrinin həyat prinsiplərinə şübhəylə yanaşırıq, mənəviyyatlarından ciddi şəkildə ehtiyatlanırıq. Odur ki, sözlərimə diqqətlə qulaq as, əziz balam, diqqətlə qulaq as. Uzun nitqlərini bəlağətli, cansıxıcı sözlərlə zənginləşdirmə, ağır söhbətlərinə çox da duz-filan qatma, qoy şit olsun. Diqqət elə ki, təşbehlərdə təxəyyülünə çox da sərbəstlik verməyəsən, beynini hamının qabağında açıb-qoyma, ən ayıblı sirr kimi dərin bir yerdə gizlə. Və ən əsası, əgər yumor hissin varsa, onu biryolluq sil at, küləklərin ixtiyarına ver.
Mereston: Əziz dayı, sizin sözləriniz məni təsirləndirdi. Bundan sonra səfehlər səfehi olacam.
Foulds: Bax bu, ayrı məsələ, mənim balam.
Mereston: Ən ağır çəkili əttökən olacam.
Foulds: Artıq indidən sənin sinəni ordenin necə bəzədiyini görürəm. Onu almaq üçün heç bir zəhmət tələb olunmur!
Mereston: Bundan sonra mənim çıxışlarım hamıya dərin yuxu gətirəcək.
Foulds: (Onun əlindən tutaraq) Baş nazir vəzifəsi sənin lap boyuna biçilib.
Ledi Mereston: Əziz Paradayn, yatmazdan əvvəl gəl bir az eyvanda gəzişək.
Foulds: Sən də nəvazişlə bütün son qiybətləri mənim qulağıma de gəlsin.
(Foulds ona şalını çiyninə atmağa kömək eləyir)
Ledi Frederik: Admiral, sizinlə danışmaq olarmı?
Admiral: Əlbəttə. Nə qulluq eləyə bilərəm?
(Ledi Frederik və Admiral söhbət etdiyi müddətdə o birilər yavaş-yavaş dağılışırlar. Söhbət zamanı Ledi Frederik irland aksentindən istifa eləyir.)
Ledi Frederik: Kefiniz yaxşıdırmı?
Admiral: Tamamilə.
Ledi Frederik: Çox şadam. Çünki sizə nikah təklifiylə müraciət etmək istəyirəm.
Admiral: Əzizim, siz məni yaman yerdə yaxaladız.
Ledi Frederik: (Gülərək) Öz adımdan yox.
Admiral: Aha, aydındı.
Ledi Frederik: Məsələ burasındadı ki, mənim qardaşım Cerald sizin qızınıza evlənmək təklifi eləyib, o da razılaşıb.
Admiral: Ledi Frederik, Rouz olsa-olsa, hələ dəcəl qızcığazın birisidi. Ərə getmək onun üçün hələ tezdi.
Ledi Frederik: Gəl, ehtirasları daha da coşdurmayaq, hər şeyi təmkinlə müzakirə eləyək.
Admiral: Bu barədə eşitmək belə istəmirəm. O cavan oğlan lütün birisidi.
Ledi Frederik: Xoşbəxtlikdən əvəzində siz varlısız.
Admiral: Necə?
Ledi Frederik: Siz deyirdiz ki, İrlandiyada torpaq almaq heç də pis olmazdı. Orda Ceraldın evindən yaxşısını tapa bilməzsən: özülü çox möhkəmdi, çınqıllıdı. Yelizavetinsk memarlığı üslubu sizi lap heyran edəcək.
Admiral: O üslubdan zəhləm gedir.
Ledi Frederik: Çox gözəl! Axı, həmin malikanə hələ on səkkizinci əsrdə yanmışdı. Sonralar onu Georgian üslubunun ən yaxşı ənənələrinə uyğun yenidən tikdilər.
Admiral: Hm.
Ledi Frederik: Təsəvvür edirsizmi, dizləriniz üstə oğlan nəvələrinizi yelləyəcəksiz.
Admiral: Birdən qız oldu?
Ledi Frederik: Bizim nəsildə qız nadir hallarda olur.
Admiral: Bir də deyirəm: mən bu haqda eşitmək belə istəmirəm.
Ledi Frederik: Yaşına görə, ölkənin ikinci baroneti. Məncə heç də pis səslənmir.
Admiral: Rouzu geriyə, İngiltərəyə göndərməli olacam.
Ledi Frederik: Həm də ürəyini çatladacaqsız, eləmi?
Admiral: Qadın ürəyi qədimi çini qab kimi bir şeydi, çat-mat ona heç nə eləyə bilməz.
Ledi Frederik: Admiral, siz mənim ərimi tanıyırdızmı?
Admiral: Bəli.
Ledi Frederik: Mən ona on yeddi yaşımda ərə getmişəm. Çünki bir başqasını dəlicəsinə sevsəm də anam onu daha yaxşı namizəd hesab eləyirdi. Toyumuzdan heç iki həftə keçməmişdi ki, bir gün xirtdəyəcən içkili halda evə gəldi. O vaxtacan mən bir dəfə də sərxoş adamı belə yaxından görməmişdim. Məlum oldu ki, demə o, necə deyərlər, gillətməyin həvəskarıymış. Mən dəhşətə gəldim. On il onunla hansı əzaba qatlaşıb yaşadığımı təsəvvürünüzə belə gətirə bilməzsiz. Gizlətmirəm, həyatım boyu az səfehlik eləməmişəm, amma Tanrı özü şahiddi ki, həm də nə əzablardan keçmişəm.
Admiral: Hə, bilirəm.
Ledi Frederik: İnanın, əgər iki sütül ürək bir-birini tutubsa, yaxşısı budu, onları evləndirəsən. Bizim zəmanəmizdə məhəbbət elə qəhətə çıxıb ki. İşdi, əgər sənə rast gəlibsə, nəbadə onu qaçırasan.
Admiral: Bağışlayın, amma mənim qərarım qətidi.
Ledi Frederik: Bəlkə Nelson kimi sən də qərarını dəyişəsən? Rouza qarşı belə amansız olmayın! Axı o, Ceraldı sevir. Bu xoşbəxtliyi onlardan almayın. Oldu? Özünüzə çox sağ ol qazanın.
Admiral: Sizin xətrinizə dəymək istəmirəm, amma mənə məlum namizədlər arasında Cerald ən uyğun gəlməyənidi.
Ledi Frederik: (Sevinclə) Bilirdim ki, razılığa gələcəyik. Səhər elə ona da belə dedim.
Admiral: Məndə olan məlumata görə onun mülkü girov qoyulub.
Ledi Frederik: Ona bir penni də verən yoxdu. Əgər istəyən olsaydı, Cerald çoxdan borc pul alardı.
Admiral: Deməli onun təqaüddən başqa gəlir yeri yoxdu.
Ledi Frederik: Amma zövqü bədxərclik tələb eləyir.
Admiral: O, qumarbazın birisidi.
Ledi Frederik: Əvəzində necə gözəldi.
Admiral: Nə?
Ledi Frederik: Şadam ki, fikirlərimiz üst-üstə düşür. Bircə qalır, gəncləri bura çağırıb öz xeyir-duamızı verək.
Admiral: Mən bu izdivaca razılıq verməzdən əvvəl, gərək sizin qardaşınız...
Ledi Frederik: Lənətlənsin?
Admiral: Bəli, madam, lənətlənsin.
Ledi Frederik: Mənə diqqətlə qulaq asın.
Admiral: Ledi Frederik, sizi xəbərdar eləmək istəyirəm: mən qərarı bir dəfə qəbul eləyirəm və heç vaxt dəyişmirəm.
Ledi Frederik: Bu mənə ləzzət eləyir. Əlbəttə, kişi gərək kişi ola. Sizin gücünüz və qətiyyətiniz həmişə məni bərk təsirləndirib.
Admiral: Bu tərəfini bilmirəm, amma mən dediyim sözün yiyəsiyəm.
Ledi Frederik: Lap gözəl. Beşcə dəqiqədən sonra deyəcəksiniz ki, Cerald sizin gözəl Rouzla evlənə bilər.
Admiral: Yox, bir də yox.
Ledi Frederik: Bu inadkarlıq nəyə lazımdı? Bu inadkarlıq qəti sizə yaraşmır.
Admiral: Bu, inadkarlıq deyil. Bu, qətiyyətdi.
Ledi Frederik: Dərinə getsək, Ceraldın yaxşı cəhətləri də az deyil. O, sizin qızınıza sadiqdi. Düzdü, bir az dəli-doludu, amma bu xasiyyət istənilən gəncə ləkə gətirməkdən çox, yaraşıq verir.
Admiral: (Kobudluqla) Belə de, mənə taxta kürəkən lazım deyil.
Ledi Frederik: O, evlənən kimi dərhal nümunəvi ərə çevriləcək.
Admiral: O axı, qumarbazdı, mən bununla barışa bilmərəm.
Ledi Frederik: Əgər o, bir də karta əl vurmayacağına söz versə necə? Nədən siz belə çürükçüsüz? Məni qəbrə uzatmaq istəyirsiz?
Admiral: (Həvəssiz) Mən bax, belə eləyəcəm. Əgər o, bir il kart oynamasa, bu izdivaca razılıq verəcəm.
Ledi Frederik: Siz lap ürəksiz. (Qeyri-ixtiyari olaraq onun boynuna sarılıb öpür. Admiral hiss olunacaq qədər heyrətlənib) Üzr istəyirəm, özümü saxlaya bilmədim.
Admiral: Bax, bunun qəti əleyhinə deyiləm.
Ledi Frederik: Doğru sözümdü, müəyyən mənada siz heyrətamiz insansız.
Admiral: Siz belə hesab eləyirsiz?
Ledi Frederik: Bəli, məhz belə.
Admiral: Mən istərdim ki, evlilik təklifi şəxsən sizin dilinizdən səslənsin.
Ledi Frederik: Mənə gəlincə, əziz admiral, ümidlərim çoxdan həyatda çəkdiklərimə qurban gedib. Uşaqlara demək lazımdı. (Çağırır) Cerald bura gəl. Rouz!
(Cerald və Rouz içəri keçir)
Ledi Frederik: Rouz, mən həmişə elə bilmişəm ki, sizin atanız təbiətin möcüzəsidi.
Rouz: Ata, səndən bir dənədi.
Admiral: Mən sizin nikahın qəti əleyhinəyəm, amma ledi Frederikə imtina eləmək iqtidarında deyiləm.
Cerald: Sizə dərin təşəkkürlər, admiral, mən Rouza layiqli ər olmaq üçün əlimdən gələni eləyəcəm.
Admiral: Belə tez yox, cavan oğlan, iş dərhal görülmür. Mənim şərtim var.
Rouz: Ata!
Ledi Frederik: Cerald bir il özünü nümunəvi aparmalıdı. Sonra evlənə bilərsiz.
Rouz: Əgər özünü nümunəvi aparsa adi birisi olacaq.
Ledi Frederik: Mütləq olacaq. Bütün yaxşı ərlərin hamısı dözülməz adilərdi.
Admiral: Rouz, əzizim, get yat. Mən də bir qəlyan çəkib yan otağa keçəcəm.
Rouz: (Ledi Frederiki öpərək) Gecəniz xeyrə qalsın, siz ən, ən... bu mərhəmətinizi heç vaxt unutmaram.
Ledi Frederik: Sonra, nikahda bir neçə il yaşayandan sonra mənə təşəkkür eləyərsən.
Rouz: (Ceralda əlini uzadaraq) Gecən xeyrə qalsın!
Cerald: (Rouzun əlini sıxıb üzünə baxaraq) Xeyrə qarşı!
Admiral: (Kobudluqla) Mənim arxamda belə eləmək heç də vacib deyil.
Rouz: (Dodaqlarını uzadaraq) Gecən xeyrə qalsın. (Admiral Rouzu öpür və onlar çıxırlar).
Ledi Frederik: Ay on səkkiz yaşım, hardasan?
(O üzündən yağan əndasız yorğunluqla kresloya yayxanır)
Cerald: Nə məsələdi?
Ledi Frederik: (Diksinərək) Elə bilirdim, getmisən. Hər şey qaydasındadı.
Cerald: Gizlətmə, aç tök.
Ledi Frederik: Mənim zavallı qardaşım, bir bilsəydin. Mən elə narahatam ki, nə eləyəcəyimi bilmirəm.
Cerald: Pul məsələsidi?
Ledi Frederik: Bir il əvvəl and içdim ki, ayağımı yorğanıma gözə uzatmaqla yaşayacam. Bu da məni müflis elədi.
Cerald: Əzizim, bu necə ola bilər?
Ledi Frederik: Özüm də bilmirəm. Bu dəhşətli ədalətsizlikdi. Qəribədi, nə qədər yığcam olmaq istəyirəmsə, bir o qədər bədxərclik eləyirəm.
Cerald: Məgər borc almaq olmaz?
Ledi Frederik: (Gülərək) Artıq almışam. Elə dərd də burasındadı.
Cerald: Yenə borc al.
Ledi Frederik: Cəhd elədim. Mənə bir penni belə verən tapılmadı. İndi axmaq yoxdu.
Cerald: Dedinmi, sən istənilən sənədi imzalamağa hazırsan?
Ledi Frederik: Mən elə ümidsizlik içindəydim ki, dedim, ikimiz də hər şeyə imza atmağa hazırıq. Dik Koenə dedik.
Cerald: İlahi, bəs o, nə cavab verdi?
Ledi Frederik: (Yəhudi aksentini imitasiya eləyə-eləyə) Əzizim, bu bir vərəqlik kağızın mənə nə xeyri var?
Cerald: (Ucadan qəhqəhə çəkərək) Tanıyıram, özüdü ki, var.
Ledi Frederik: Gəl, mənim işlərimdən danışmayaq. Elə bir vəziyyətdəyəm ki, işlərim yadıma düşəndə az qalıram, havalanam.
Cerald: Hər halda, pul sarıdan vəziyyət necədi?
Ledi Frederik: Gərək biləsən? Onda al gəldi. Dərzimə yeddi yüz funt borcum var, ötən il iki dəhşətli veksel imzaladım - biri min beş yüz, o biri iki min funt. Sabah vaxt tamam olur. Əgər pul tapa bilməsəm, müflisləşmə işi üzrə məhkəmə qarşısında dayanmalı olacam.
Cerald: Axı, bu artıq ciddi məsələdi.
Ledi Frederik: Ciddidən də ciddi. Bunun nəylə qurtaracağını fikirləşəndə adamı vahimə basır. Adətən dolaşıq vəziyyətlərə düşəndə, elə bil nəsə baş verir, məni yenidən ayağa qaldırır. Keçən dəfə Elizabet xala apopleksik zərbədən dünyasını dəyişdi. Yeri gəlmişkən, bu, elə də xeyir gətirmədi, axı, matəm mərasimi dəhşətli xərc tələb eləyir.
Cerald: Niyə axı, sən ərə getməyəsən?
Ledi Frederik: Əzizim Cerald, özün bilirsən ki, tale oyununda mənimki heç vaxt gətirmir.
Cerald: Amma Çarli Mereston sənin dərdindən dəli-divanədi.
Ledi Frederik: Bu, hamıya məlumdu.
Cerald: Ona ərə get.
Ledi Frederik: İlahi, mən onun anası yerindəyəm.
Cerald: Boş-boş danışma. Sən cəmi onca il ondan böyüksən. İndi ağlı-başı yerində olan bir gənc də ondan yaşca balaca olanı özünə arvad eləmir.
Ledi Frederik: O elə xoşsifətdi. Onun həyatına bu badalağı vura bilmərəm.
Cerald: Bəs, Montqomeri? Pulunu yığıb-yığışdırmaq olmaz, özü də pis deyil.
Ledi Frederik: (Heyrətlə) Əzizim mən onu zorla tanıyıram.
Cerald: Sual belə qoyulub: ya ər, ya gor, yəni məhkəmə.
Ledi Frederik: Bu da Çarli. Sən mənim canım onu burdan apar. Paradaynla danışmaq istəyirəm.
(Paradayn, Foulds və Mereston daxil olur)
Foulds: Ledi Frederik, siz hələ burdasız?
Ledi Frederik: Gördüyünüz kimi.
Foulds: Biz eyvanda gəzişirdik.
Ledi Frederik: (Merestona) Dərrakəli dayınız sizə lazımi dərs keçdimi?
Foulds: Necə, necə?
Mereston: İnanmıram ki, o, istədiyi çox şeyə nail ola bildi.
Foulds: (Açıq ürəklə) İstədiyi hər şeyə, mənim balam. Özünü əsl iblis sayanın kim olduğunu elə hamı görür. Yeri gəlmişkən, saat neçədi?
Cerald: Təxminən on bir.
Foulds: Belə! Sənin neçə yaşın var, Çarli?
Mereston: İyirmi iki.
Ledi Frederik: Çarli mənim icazəmdən əvvəl yata bilməz. Doğrudu?
Mereston: Tamamilə.
Foulds: Dostum, mənim ledi Frederiklə söhbət eləmək istədiyimi sənin ağıllı başın başa düşməyibmi?
Mereston: Amma mənim bu ağıllı başım ledi Frederikin səninlə söhbət eləmək istədiyinə əmin deyil.
Cerald: Çarli, gəl biz bilyard döyüşünə gedək.
Mereston: Doğurdanmı, siz bu qoca əzazil insanla təklikdə qalmaq istəyirsiz?
Foulds: Gənc oğlan, niyə boyalı saçlarıma hörmət eləmirsiz?
Ledi Frederik: Biz neçə ildi görüşmürük.
Mereston: Neynək, qoy belə olsun. Amma sabah mütləq gəzintiyə çıxacağıq.
Ledi Frederik: Mütləq. Amma nahardan sonra.
Foulds: Üzr istəyirəm, nahardan sonra Çarlz mənimlə Nitsaya gedəcək.
Mereston: (Ledi Frederikə) Hər şey qaydasındadı. Mən həqiqətən də ora getməyə hazırlaşırdım, amma təxirə salmaq da olar.
Ledi Frederik: Bax, danışdıq. Gecəniz xeyrə qalsın. (Mereston Ceraldla çıxır. Ledi Frederik dönüb təbəssümlə Paradayn Fouldsa baxır)
Ledi Frederik: Nə məsələdi?
Foulds: Nə məsələdi?
Ledi Frederik: Gözəl görünürsən, Paradayn.
Foulds: Sağ ol.
Ledi Frederik: Buna necə müəssər olursan?
Foulds: Gec yatıram, heç vaxt çarpayıma erkəndən uzanmıram, ürəyim istəyəni yeyirəm, susayanda içirəm, ən tünd siqarlar çəkirəm, idmanla-zadla məşğul olmuram. Ən əsası istənilən şəraitdə özümü darıxmağa qoymuram.
Ledi Frederik: Təəssüf ki, şəhəri belə tələsik tərk eləməli oldun. Əyləncələrindən ayrılmalı oldun.
Foulds: Oldu, olmadı, onsuz da mən Rivyeraya hər il gəlirəm.
Ledi Frederik: Elədi, amma axı, hələ mövsüm başlamayıb.
Foulds: Hələ orta yaşlılıq girdabına o qədər batmamışam ki, məndə vərdişlər yarana.
Ledi Frederik: Əziz Paradayn, srağagün ledi Mereston qarışıq hisslər keçirərək poçta gedib sənə bax bu məzmunda bir teleqram vurub: «Tez gəl, sənin təcili köməyin lazımdı. Çarli hiyləgər bir qadının toruna düşüb Mod». Düz dedim?
Foulds: Düz geyinən bir qadının səhv eləyəcəyini ağlıma da gətirmərəm.
Ledi Frederik: Sən də yerindən qopub bacının xilasına gələndə qəflətən məlum olur ki, bu hiyləgər qadın sənin sadiq nökərindi.
Foulds: Əgər belə ağıllı olmasaydın əvəzin olmazdı.
Ledi Frederik: Nə eləmək fikrin var?
Foulds: Əzizim, mən polis deyiləm, olsa-olsa məsum və subay bir qocayam.
Ledi Frederik: Hansı ki, anasından da bicdi, hansı ki, ərə getməli bir sürü qızı var, hansı ki, reklam agentindən də tədbirlidi.
Foulds: Mod hesab eləyir ki, bir vaxtlar səninlə yüngülcə gəzdiyimdən ipinə odun yığa bilərəm. Yəni, lalın dilini anası bilər. O, zərb məsəllərin böyük həvəskarıdı.
Ledi Frederik: Bəs, daş daşa rast gəlib necə, yerinə düşürmü? Yeri gəlmişkən, eşitdiyimə görə, Ledi Mereston mənim haqqımda yüksək fikirdədi.
Foulds: Qadınların bir zəif yeri var: bütün kartları açıb qoymaq. Tanıdıqlarım arasında bunu etməyən yeganə qadın sənsən.
Ledi Frederik: (İrland aksentiylə) İrlandiyada ehtiyatını əlindən versən məhv olardın.
Foulds: Sən Çarliyə ərə getməyə hazırlaşırsan?
Ledi Frederik: Nəyə görə bu qənaətdəsən?
Foulds: Ona görə ki, onun illik gəliri əlli mindi, sən isə xirtdəyəcən borc içindəsən. Sənə təcili dörd min funt lazımdı, yoxsa kitabın bağlanacaq. Son ili adın dillərdə əzbər idi, amma pulun olduğundan sənə birtəhər dözürdülər. Əgər müflisləşsən səni hər görən burnunu sallayacaq. Deməli, Ledi Frederik Berollzdan ledi Mereston çevrilmək heç də pis deyil. Bacım həmişə mənə təlqin eləyir ki, markiza titulu kifayət qədər cəlbedicidi.
Ledi Frederik: Hersoginya titulundan cəzbedici ola bilməz. Əslində isə hər ikisi ucuz təkəbbürdən savayı bir şey deyil.
Foulds: Sən məndən özündən on-on beş yaş cavan bir oğlana hansı səbəbdən ərə getmək istəyini soruşdun, mən də cavab verdim.
Ledi Frederik: Onda başqa sualıma da cavab ver. Niyə sən mənim şəxsi həyatıma qarışırsan?
Foulds: Bilirsən, bədbəxtlikdən onun zavallı anası mənim bacımdı, mən də o bacımı bütün qəlbimlə sevirəm. Doğrudu, onun ərini bəyənməmişəm: ömrüm boyu belə özündən razı, belə riyakar birisinə rast gəlməmişəm.
Ledi Frederik: Onu yaxşı xatırlayıram. O, ümumi kilsə tərəfdarlarının prezidenti idi, özü də bakenbard buraxırdı.
Foulds: Amma bacım heç vaxt məni dar ayaqda qoymayıb. Mən zibilə az düşməmişəm. O, həmişə mənə kömək əlini uzadıb. Çarli əgər sənin ərin olsa, qorxuram o, dərddən ölər.
Ledi Frederik: Çox sağ ol.
Foulds: Xətrinə dəyəcək sözlər demək istəmirəm, amma mən özüm də o qənaətdəyəm ki, bu izdivac fəlakətlə nəticələnək. Üstəlik, əgər səhv eləmirəmsə, sənin mənə ödəmədiyin bir borcun var. Onu ödəməyin vaxtıdı.
Ledi Frederik: Belə de!
Foulds: Bir dəfə məni axmaq yerinə qoyduğun yəqin yadında olar. Söz verdim ki, səninlə haqq-hesabı çürüdəcəm. Tanrıya and olsun ki, belə də olacaq.
Ledi Frederik: (Gülərək) Əgər mən Çarlinin təklifini qəbul eləsəm, sən nə qərar qəbul eləyəcəksən?
Foulds: Hələ belə təklif gəlməyib ki?
Ledi Frederik: Hələlik yox. Onu bu addımdan saxlamaq üçün gərək bütün qadın müdrikliyimi işə salım.
Foulds: Gəl, açıq danışaq.
Ledi Frederik: Mən ayıq olmalıyam. Sən pərdəni götürəndə daha təhlükəli olursan.
Foulds: Heyif ki, sən mənim barəmdə bu qədər mənfi fikirdəsən.
Ledi Frederik: Heç də yox. Sadəcə, sən təbiətin dahiyanə oyununun məhsulusan: Elə bil Yorkşir skvayrının bədənində iezuit ruhanisinin ruhu yaşayır.Foulds: Maraqlıdı, bu kompliment mənə hansı keyfiyyətimə görədi? Görünür, sən məndən əməllicə qorxursan.
(Bir müddət bir-birlərinin üzünə baxırlar)
Ledi Fredirik: Öz kartlarını açma.
Foulds: Əvvəla, sənə təcili pul lazımdı.
Ledi Fredirik: Nə olsun?
Foulds: Təklif mənim bacımdan gəlir.
Ledi Fredirik: Yəni, sən özün onu bəyənmirsən.
Foulds: Əgər oğlanı rahat buraxıb onun həyatından yox olsan, qırx min funt alacaqsan.
Ledi Frederik: Belə getsə üstəlik, bir şapalaq da qazanacam.
Foulds: Bilirsən, öz aramızda qalsın, palçığa girmək axmaq işdi. Sənə indi pul hava-su kimi lazımdı, üstəlik həm də hansısa bir südəmərin ömrünün axırınacan sənin ətəyindən tutub gəzməsi çətin ki, xoşuna gələ.
Ledi Frederik: Oldu, palçığa girməyəcəyik. Amma Ledi Merestona çatdır ki, əgər mənim həqiqətən də onun pulunda gözüm olsa, dəli deyiləm ki, qırxca minə razılaşam. Bircə başımı tərpətməyim kifayətdi ki, ilə əlli min qazanım.
Foulds: Mən artıq bunu ona demişəm.
Ledi Frederik: Sən böyük uzaqgörənlik nümayiş elətdirmisən. İkinci kartı aç görək.
Foulds: Özünü ələ al.
Ledi Frederik: Mən tamamilə sakitəm.
Foulds: Sən iblisanə hərəkətlərinlə həmişə seçilmisən. Çarliyə hələ onu daddırmamısan ki?
Ledi Frederik: (Gülərək) Hələ yox.
Foulds: Yaxşı. İkinci kart sənin nüfuzundu.
Ledi Frederik: Məndə axı, o yoxdu. Özü də mən bunu həmişə üstün cəhət saymışam.
Foulds: Bilirsənmi, Çarli hələ özünü tanımayan südəmərin birisidi. O, elə bilir ki, sən abır-həya mücəssəməsisən. Onun ağlına da gəlməz ki, sənin elə qaynar gəncliyin olub. Məni ən çox təəssüfləndirən də budu.
Foulds: Hər halda, Çarli biləndə heyrətlənəcək ki, üstündə əsə-əsə qaldığı o göz oxşayan qızılgül...
Ledi Frederik: Az qala onun öz doğmaca dayısına qoşulub qaçacaqmış. Yəqin bu haqda ona danışmaq istəmərsən, özünü eşşək kimi aparmarsan.
Foulds: Madam, əgər tələb olunarsa, Paradayn Foulds hətta özünü gülünc yerinə qoymağa da hazırdı. Amma mən daha çox Bellinqemlə aranızda olan tarixçəni nəzərdə tuturam.
Ledi Frederik: Hə, demədi hələ Bellinqemlə də tarixçə varmış. Tamam unutmuşam.
Foulds: İyrənc tarixçədi, eləmi?
Ledi Frederik: Bəli, dəhşətdi.
Foulds: Sənə elə gəlmir ki, Çarlz bu yerdə barmağını dişləyəcək?
Ledi Frederik: Tamamilə mümkündü.
Foulds: Bəlkə geri çəkiləsən?
Ledi Frederik: (Zəngi basır) Amma sən hələ mənim kartlarımı görməmisən. (Nökər daxil olur) Mənim nökərimə deyin ki, yazı stolunun üstündəki qutunu gətirsin.
Nökər: Baş üstə, miledi. (Çıxır)
Foulds: Səndə olan o nədi elə?
Ledi Frederik: Dörd, ya beş il əvvəl mən bu mehmanxanada qalırdım. O vaxt Mimi Bretonskaya da burda yaşayırdı.
Foulds: Onun haqqında heç vaxt eşitməmişəm, amma adından görünür ki, ehtiraslı xanımdı.
Ledi Frederik: O, Foli-Barjerin müğənnisi idi, həm də elə zümrüdləri vardı ki, ona bənzərini mən ömrüm boyu görməmişəm.
Foulds: Hə, sən axı, Modun zümrüdlərini görməmisən.
Ledi Frederik: Mərhum lord Merestonun zümrüdə böyük marağı var idi. O, zümrüdü daşlardan ən təmizi hesab eləyirdi.
Foulds: (Tələsik) Hə, nə olsun?
Ledi Frederik: O olsun ki, Mimi qəflətən ağır xəstələndi. Ona baxmağa adam yox idi. Təbii ki, mehmanxanada məskunlaşan dindar ingilis qadınlar beyinlərinə tapança dirəsən də ona yaxınlaşan deyildilər. Odur ki, mən həmişə elədiyim kimi elədim.
(Ledi Frederikin nökəri əlində çox da böyük olmayan qutuyla daxil olub onu stolun üstünə qoyur. Çıxır. Ledi Frederik söhbətinə davam eləyə-eləyə qutunu açır)
Foulds: Şükür ki, subayam, heç bir həzin səsli məleykə də mən təklənmək istəyəndə yastığımı dikəldib eləmir.
Ledi Frederik: Sağalana qədər onun qulluğunda dayandım. Sonra belə qərara gəldi ki, öz mənasız həyatına görə, qarşımda borcludu. O, gözəl zümrüdlərini mənə vermək istədi. Mən götürmədim. O, dəhşətli dərəcədə dilxor oldu. Onda qayıtdım ki, yaxşı, əgər razı olsaz, mən sizdən başqa şey alaram.
Foulsd: Nə aldın?
Ledi Frederik: Bir yığın məktub. Mən həm konvertin üstündəki ünvanı görmüşdüm, həm də xətti tanımışdım. Qərara aldım ki, bu yazışma mənim əlimdə olsun. Belə daha etibarlıdı. (O, qutudan məktubları çıxarıb Paradayna verdi) Bax, bunlardı.
(Paradayn onlara baxıb diksinir)
Foulds: 89, Qrosvenor-skver. Merestonun xəttidi. Doğrudan? Necə ola bilər? Ay, ay, ay. (Gülməkdən uğunub gedir) Qoca arvadbaz. Bilirsən, o məni öz evində görmək istəmirdi. Axı, mən avaranın, pozğunun birisiyəm. Amma o, ümumi kilsə tərəfdarlarının prezidenti idi. İlahi, onun sözləri hələ də qulağımdan getməyib: «Cənablar, mən ingilis ailələrinin mənəviyyatının, möhkəmliyinin, saflığının arxasında dağ kimi dayanmışam». Deməli, belə.
Ledi Frederik: Mən həmişə müşahidə eləmişəm ki, din təəssübkeşləri nədənsə qadın işvəsi qarşısında gücsüzdü.
Foulds: Baxmaq olar?
Ledi Frederik: Nə bilim, özüm də bilmirəm. Bax.
Foulds: (Oxuyur) «Ürəyimin sevinci...» Bu da onun imzası: «Sənin cücən». Qoca arvadbaz.
Ledi Frederik: O, çox gözəl idi.
Foulds: Şübhə eləmirəm, amma şükür ki, məndə hələ də az da olsa abır-həya qalıb. Bütün içim elə bil hayqırır: Axı, ağsaçlı, bakenbardlı bir kişi özünü necə cücə adlandıra bilər?
Ledi Frederik: Doğrudan da əgər sevgini belə qiyamət zümrüdlərlə bildirə bilirsənsə, sonsuz ehtirasının təsdiqi üçün sözə nə ehtiyac var?
Foulsd: (Diksinir və dərhal ciddi görkəm alır) Bəs Mod necə olsun?
Ledi Frederik: Hansı mənada?
Foulds: O yazıq buna sadəcə dözə bilməyəcək. O, bütün iyirmi iki illik həyatları boyu ona moizələr oxuyub. Yazıq bacım onun ayağı dəyən torpağa səcdə eləyirdi. O, onunla qəbrə girməyə də hazır idi, amma qərara aldı ki, onun bu xeyirxah əməllərini davam etdirsin.
Ledi Frederik: Bilirəm.
Foulds: Hə, bu ciddi kartdı. Sən zümrüdlərdən düz imtina eləmisən, bu məktublar ikiqat qiymətlidi.
Ledi Frederik: İstəyirsən, onları yandıraq.
Foulsd: Betsi!
Ledi Frederik: Bu da ocaq. Onları ora at.
(Foulds hər iki əliylə məktubu tutub yeyin addımlarla sobaya tərəf gedir. Amma dayanıb geri qayıdır və məktubu divana atır)
Foulds: Bacarmıram!
Ledi Frederik: Niyə?
Foulds: Bu həddən ziyadə səxavətli jestdi. Mən səninlə son nəfəsimə qədər döyüşməyə hazıram. Amma bu halda sən ciddi üstünlük qazanacaqsan. Mənim əl-ayağım bağlanacaq.
Ledi Frederik: Neynək, qoy, belə olsun. İstəmirsənsə, qoy qalsın.
Foulds: Əgər sən belə bir kartı ocağa atırsansa, bəs onda əslində, nə qalır? Fleş-royal?
Ledi Frederik: İstisna deyil ki, mən sadəcə, blef eləyirəm.
Foulds: İlahi, təzədən sənin bu irland aksentini eşitmək mənim qulaqlarım üçün şərbət içmək kimi bir şeydi.
Ledi Frederik: Doğrudan?
Foulds: Elə bilirəm, sən bu aksentdən öz həmsöhbətlərini tərki-silah eləmək üçün istifadə eləyirsən.
Ledi Frederik: (Gülümsəyərək) Ay hay, sənimi tərki silah eləmək?!
Foulds: İlahi, bir vaxtlar mən sənə necə də vurulmuşdum.
Ledi Frederik: Bir çox başqaları kimi.
Foulds: Amma sən mənimlə iyrənc rəftar elədin.
Ledi Frederik: Demək olar ki, hamı belə deyir. Yeri gəlmişkən, aydın görünür ki, sən bu zərbədən sonra özünə gələ bilmisən.
Foulds: Düz deyil. Sənin o kobud rəftarın mənim mədəmə sağalmaz yara vurdu.
Ledi Frederik: Bu səbəbdənmi, biz ayrılandan sonra Qayalıq dağların əvəzinə Karlsbada getdin?
Foulds: Bəlkə də sənə gülməli görünəcək, amma olan budu ki, mən ömrümdə yalnız bir dəfə aşiq olmuşam. Həmin adam da sənsən.
Ledi Frederik: (Gülümsəyib əlini uzadaraq) Gecən xeyrə qalsın.
Foulds: Bütün bunlara görə mən səninlə döyüşəcəm, bütün silahları işə salmaqla.
Ledi Frederik: Paradayn, mən səndən qorxmuram.
Foulds: Gecən xeyrə qalsın.
(O, çıxır və kapitan Montqomeri daxil olur)
Ledi Frederik: (Əsnəyərək və gərnəşərək) Nəsə yuxum var.
Kapitan Montqomeri: Çox təəssüf. Mən sizinlə söhbət eləmək istəyirdim.
Ledi Frederik: (Gülümsəyərək) Beşcə dəqiqə dözə bilərəm, xüsusən əgər siqaretə qonaq eləsəz.
Kapitan Montqomeri: Buyurun.
(O, portsiqarı ona uzadıb sonra siqaretini alışdırır)
Ledi Frederik (Dərin qullab vuraraq) Əsl mən istəyəndi.
Kapitan Montqomeri: Demək istəyirdim ki, səhər tezdən vəkilimdən məktub almışam. O, elə bu günlərdə mənim adıma Krouli qəsrini alıb.
Ledi Frederik: Belə de. Gözəl yerlərdi. İmkan olsa məni də qonaq çağırarsız.
Kapitan Montqomeri: Əgər orda həmişəlik qalmağa razılıq versəydiz, məni xoşbəxt edərdiz.
Ledi Frederik: (Ona ani baxışla) Belə təklifi almaq çox xoşdu, amma mən hələ uzun müddət Londonda qalmaq istəyirəm.
Kapitan Montqomeri (Gülümsəyərək) Mənim Portmen-skverdə də çox gözəl evim var.
Ledi Frederik: (Heyrətlə) Doğrudan?
Kapitan Montqomeri: Gələn seçkilərdə isə Parlamentə üzv olmaq niyyətindəyəm.
Ledi Frederik: Britaniyanı idarə eləmək yəqin çox xoş məşğuliyyətdi: ləyaqətli və yerini bilən üçün.
Kapitan Montqomeri: Ledi Frederik, mən dövlət qulluğunda olsam da şəxsi işlərimi də pis aparmıram. Odur ki, nəm-nüm eləməyə öyrəncəli deyiləm, sözü birbaşa deməyi xoşlayıram. İstəyirəm, mənə ərə gələsiz.
Ledi Frederik: Nə yaxşı ki, siz uzun-uzadı tarixçə düzüb-qoşmursuz. Mənə çox xoşdu, amma elə bilirəm, bu təklifi qəbul eləmək iqtidarında deyiləm.
Kapitan Montqomeri: Səbəb nədi?
Ledi Frederik: Mən axı, sizi qəti tanımıram.
Kapitan Montqomeri: Onda gəlin bizim ailə həyatımızı tanışlıqdan başlayaq. Bu, ikimizin də xeyrinə olar.
Ledi Frederik: Birdən elə qənaətə gəldik ki, bir-birimizdən zəhləmiz gedir. Onda gec olmayacaq ki?
Kapitan Montqomeri: Mənim bank hesabıma baxmaq istəyirsizmi? Onda məlum olacaq ki, mənim əcdadlarım kifayət qədər uzaqgörən insanlar olublar. Mənim imkanımı sevməmək olmaz.
Ledi Frederik: Şübhə eləmirəm, bu, həddən ziyadə maraqlıdı, amma mənim üçün yox.
(Getməyə hazırlaşır)
Kapitan Montqomeri: Dayanın. Dayan görüm, imtinanın səbəbi nədi?
Ledi Frederik: Əgər belə inad eləyirsizsə, deyim. Mən sizi qəti sevmirəm.
Kapitan Montqomeri: Siz bunu ciddi səbəb hesab eləyirsiz?
Ledi Frederik: Siz Ceraldın dostusuz, özü də o, sizin barənizdə yaxşı fikirdədi. Amma mən Ceraldın bəyəndiyi hər adama ərə gedə bilmərəm.
Kapitan Montqomeri: O, söz vermişdi ki, sizi yola gətirəcək.
Ledi Frederik: Mən əgər bir də ərə getməli olsam qardaşımın yox, öz xoşuma gələni seçəcəm.
Kapitan Montqomeri: Ümid edirəm ki, hərəkətlərimlə sizin qərarınızı dəyişdirə biləcəm.
Ledi Frederik: Ağlım bir şey kəsmir.
Kapitan Montqomeri: Mən qarşıma nəsə məqsəd qoyanda, adətən, ona çatıram.
Ledi Frederik: Bu, artıq hədəyə oxşayır.
Kapitan Montqomeri: Necə istəyirsiz qəbul edin.
Ledi Frederik: Deməli, siz mənimlə evlənməyə israrlısız?
Kapitan Montqomeri: Tamamilə doğrudu.
Ledi Frederik: Mən də buna yol verməməyə israrlıyam. Deməli, başa-baş olduq.
Kapitan Montqomeri:: Niyə axı, qardaşınızla bu haqda danışmayasız?
Ledi Frederik: Çünki bu məsələnin ona dəxli yoxdu.
Kapitan Montqomeri: Dəxli yoxdu? Siz bir ondan soruşun?
Ledi Frederik: Nəyi nəzərdə tutursuz?
Kapitan Montqomeri: Ondan soruşun. Gecəniz xeyrə qalsın.
Ledi Frederik: Xeyrə qarşı. (O, çıxır. Ledi Frederik eyvana baxan pəncərəyə yaxınlaşıb çağırır) Cerald!
Cerald: Mən burdayam (Otağa daxil olur)
Ledi Frederik: Sən kapitan Montqomerinin mənə evlənmək təklifi eləməyə hazırlaşdığını bilirdin?
Cerald: Bilirdim.
Ledi Frederik: Onu qəbul eləməyimə hansısa bir səbəb varmı?
Cerald: Yalnız bir səbəb: Mənim ona doqquz yüz funt borcum var.
Ledi Frederik: (Heyrət içində) Niyə mənə deməmisən?
Cerald: Üzüm gəlmədi. Sən onsuz da gərgin idin. Öz gicliyimdən, əlbəttə ki. Mən Rouza görə bankı aparmaq istədim.
Ledi Frederik: Deməli qumarda uduzmusan?
Cerald: Hə.
Ledi Frederik: (İstehzayla) Necə deyərlər, «vicdan borcu», hə?
Cerald: Mən birisi gün borcu qaytarmalıyam. Dəqiqənin söhbəti var.
Ledi Frederik: Amma axı, birisi gün özümün iki vekselimi ödəməliyəm. Əgər sən borcunu qaytarmasan necə?
Cerald: Onda sənədlərim başqasının mülkiyyətinə keçəcək və Rozini itirəcəm. Sonra da bu axmaq alnıma bir güllə çaxacam.
Ledi Frederik: Nə isə, borc ən axırda kimə çatmalıdı.
Cerald: O sələmçi Aaron Levitskinin oğluna.
Ledi Frederik: (Get-gedə dəli qəhqəhəyə çevrilən gülüşlə) Bircə bu çatmırdı!

İkinci pərdə

Birinci pərdədə olan səhnə. Admiral Karlayl kresloda yatıb, üzü dəsmalla örtülüb. Rouz bir qədimi kresloda əyləşib, Cerald da həmin kresloya söykənib.
Rouz: Atam elə yatağandı ki, təsəvvür olunmaz dərəcədə.
(Admiral xoruldayır)
Cerald: Sən tamamilə haqlısan. (Pauza)
Rouz: Axırıncı yarım saatda düz on beş dəfə söhbətin məzmununu dəyişmək istəmişəm.
Cerald: (Təbəssümlə) Doğrudan?
Rouz: Sən də hər dəfə mənimlə razılaşırsan. Daha sözüm qalmayıb, gərək nəsə yeni bir şey fikirləşib tapım.
Cerald: Sən elə həvəsli və ağıllı danışırsan. Təbii ki, mən də razılaşmalı oluram.
Rouz: Maraqlıdı, on ildən sonra da mən sənin gözünə belə həvəsli və ağıllı görünəcəm?
Cerald: Əlbəttə, şəkk-şübhəsiz.
Rouz: Əgər bir-birimizi atmacalarla iynələməsək, çətin, söhbətimiz maraqlı olsun.
Cerald: Gözəllər gözəli, sən mərhəmət göstər, ağıl lazım olanı götürəcək.
Rouz: Belə demə. Kişi vurulanda dərhal nəsihət kürsüsünə qalxıb orda əlini belinə qoyub deyinir. Qadın vurulanda isə onun üçün hansısa «olar» «olmaz»ın heç bir əhəmiyyəti yoxdu.
Cerald: Qadın vurulanda ürəyini mikroskop altına qoyub döyüntülərini öyrənmək iqtidarındadı. Amma kişi vurulanda elm, fəlsəfə, nə bilim, başqa şeylər yadınamı düşür?
Rouz: Kişi vurulanda olsa-olsa ay işığında sonetlər yazmaq iqtidarındadı. Amma qadın vurulanda, hər halda ona nahar da hazırlayır, corabını da yamayır.
Cerald: Belə çıxır ki, söhbətə nöqtəni həmişə sən qoymalısan. (Rouz başını qaldırır və Cerald onun dodaqlarını öpür)
Rouz: Sən gün-gündən daha çox xoşuma gəlirsən.
Cerald: Hər halda bu, məni sakitləşdirir.
Rouz: Amma çətin ki, kimsə səni dilli-dilavər saya.
Cerald: Məgər bir-birlərinə aşiq olanların bağın, skamyasında saatlarla dinib-danışmadan oturub qaldıqlarını görməmisən?
Rouz: Nə olsun?
Cerald: Əvvəllər elə bilirdim, onlar dəhşətli dərəcədə darıxırlar. İndi başa düşürəm ki, onlar ən xoşbəxt insanlardı.
Rouz: Sən əlbəttə, mənim itaətkar əsgərim, mən də sənin şəfqət bacınam.
Cerald: Bilirsən, mən Dublindəki «Triniti» kollecində təhsil alanda...
Rouz: (Sözünü kəsərək) Sən məgər orda oxumusan? Elə bilirdim, Oksfordu qurtarmısan.
Cerald: Yox. Nədi ki?
Rouz: Elə bir şey deyil, sadəcə, mənim bütün qohumlarım Maqdalina kollecində, Kembricdə oxuyublar.
Cerald: Sonra.
Rouz: Mən də qərara almışam ki, əgər oğlum olsa, o da orda oxuyacaq.
(Admiral diksinib dəsmalı üzündən atır. O birilər onu sezmirlər. O, maraqla söhbətə qulaq asır. Az sonra ledi Frederik də içəri keçib üzündə təbəssüm onların söhbətini dinləyir.)
Cerald: Əzizim, bilirsən ki, sənə qarşı getməyi xoşlamıram, amma mən çoxdan qərar qəbul eləmişəm ki, oğlum özüm kimi Dublində təhsil alacaq.
Rouz: Gərək məni bağışlayasan, Cerald, amma uşaq centlemenə layiq təhsil almalıdı.
Cerald: Səninlə razıyam, Rouz, amma hər şeydən əvvəl o, irlanddı, deməli, İrlandiyada da oxumalıdı.
Rouz: Əzizim Cerald, belə məsələlərdə ən doğru qərar ana hissiyyatına etibar eləməkdi.
Cerald: Sevimli qızılgülüm, ata müdrikliyi həmişə daha etibarlıdı.
Ledi Frederik: Müdaxilə elədiyimə görə üzr istəyirəm, amma sizə elə gəlmirmi ki, çox qabağa qaçırsız?
Admiral (Heyrət içində) Ömrümdə birinci dəfədi ki, adaxlılar arasında belə söhbətin şahidi oluram.
Rouz: Atacan, hər şeyə hazır olmaq lazımdı.
Admiral: Mənim cavanlığımda qızlar belə şeyləri müzakirə eləmirdilər.
Ledi Frederik: Elə bilirəm, hamının bildiyi bir şeyi bilmək heç kəsin zərərinə olmaz. Avamlıq kiməsə başucalığı gətirməyib. Əgər qız kütbeyindisə, inanmıram, ərə gedəndə bu onun xeyrinə olsun.
Admiral: Mən köhnə dəbli adamlardanam, ledi Frederik. Mənim qənaətimə görə, elə mövzular var ki, onlara toxunulanda gərək həyalı qız özündən gedə. Bəli, madam, məhz özündən gedə. Mənim sütül bir gənc olduğum vaxtlarda beləydi.
Rouz: Atacan, sən istəklərimə qarşı çıxanda mən dəfələrlə özümdən getməyə cəhd eləmişəm, amma nəsə alınmayıb. Deməli, bu məsələ mənlik deyil.
Admiral: Sizin oğlunuzun harda oxuyub-oxumayacağıyla əlaqədar bu gülməli söhbətə gəlincə, unutmayın ki, bu barədə məndən də soruşsaz, pis olmaz.
Cerald: Əziz admiral, sizin nədən belə narahat olmağınızı heç cür başa düşə bilmirəm.
Admiral: Lap dərinə varmamaq üçün bəri başdan deyirəm: Rouz dünyaya gələn kimi qərara aldım ki, onun oğlu mütləq Kembricdə oxumalıdı.
Rouz: Atacan, elə bilirəm, nəyin oğlumuzun xeyrinə olduğunu biz Ceraldla daha yaxşı müəyyənləşdirə bilərik.
Admiral: Uşaq işləməlidi, Rouz, avara övlad mənə lazım deyil.
Cerald: Əlbəttə. Ona görə də mən onu Dublinə göndərmək niyyətindəyəm.
Rouz: Əsas məsələ odur ki, tərbiyəli insan olsun, Oksfordda ona nəsə öyrədə bilməsələr də tərbiyəni mütləq təlqin edəcəklər.
Ledi Frederik: Sizə elə gəlmirmi ki, bu söhbətə bir də iyirmi ildən sonra qayıtmaq lazımdı?
Admiral: Ledi Frederik, elə söhbət var ki, onu dərhal həll eləmək lazımdı.
Ledi Frederik: Bilirsiz, indiki cavanlar çox sərbəstdilər. Görən, iyirmi ildən sonra necə olacaq!
Cerald: Ən əsası uşaq gərək dinləməyi bacarsın.
Rouz: Əlbəttə. Qulağına pambıq tıxamış uşaqdan pis nə ola bilər?
Admiral: Mənimmi nəvəm məni eşitməyəcək? Kişiliyi çatırsa, yoxlasın görüm.
Ledi Frederik: Deməli, əsas məsələdə razılaşmısız. Hər şey qaydasındadı. Gəlmişdim deyəm ki, ekipaj hazırdı.
Admiral: Öz şlyapanı get götür, Rouz.
(Ledi Frederikə müraciətilə) Siz bizimlə gedirsiz?
Ledi Frederik: Təəssüf ki, yox, Au revoir.
Admiral: A tout a l`heure - tezliklə görüşənədək.
(Admiral və Rouz çıxır)
Cerald: Sən heç Rouzdan gözəl məxluq görmüsənmi?
Ledi Frederik: (Gülərək) Ancaq öz güzgümdə.
Cerald: Əzizim Elizabet, sən necə də təvazökarsan.
Ledi Frederik: Qardaş, görürəm sən çox xoşbəxtsən.
Cerald: Bütün çətinliklər geridə qalanda adamın ürəyi necə də rahat olur. Qorxurdum, hər şey kəllə-mayallaq olacaq. Elizabet, sənin tayın-bərabərin yoxdu.
Ledi Frederik: Mən də bu qənaətdəyəm.
Cerald: Sən hər şeyi qaydasına qoyacağına söz verəndə mən elə hiss elədim ki, arxamda dağ var.
Ledi Frederik: Sənə dedim axı, bacardığımı eləyəcəm. Həm də məsləhət gördüm ki, narahat olmayasan.
Cerald: (Qəflətən dönərək) Məgər, nəsə elə deyil?
Ledi Frederik: Elə deyil, qəti elə deyil. Mən bilirdim ki, Koen burda yerləşib, özü də ümid eləyirdim ki, ona veksellərə heç olmasa bir neçə günlüyə dəyib toxunmamağı təlqin eləyə biləcəm.
Cerald: Razılaşmadı?
Ledi Frederik: Artıq veksellər onda yoxdu.
Cerald: (Təşvişlə) Necə?
Ledi Frederik: O, vekselləri verib və and içir ki, indi onların kimdə olduğunu bilmir.
Cerald: Axı, hansı dəli onları alar?
Ledi Frederik: Bilmirəm. Ən dəhşətlisi də elə budu. Onsuz da hər şey belə pis idi. Amma mən elə bilirdim ki, Kouendən ən azı bunu gözləmək olmaz... Doğrudanmı, bu, Paradaynın işidi?
Cerald: Montqomeri də var.
Ledi Frederik: Bu gün onunla görüşəcəm.
Cerald: Ona nə deyəcəksən?
Ledi Frederik: Ağlıma belə gəlmir. Düzünü desəm, mən ondan qorxuram.
Cerald: Əzizim, ən pisi də baş versə...
Ledi Frederik: Ən pisi də baş versə, sən Rouzla evlənəcəksən. Bunu mən sənə vəd eləyirəm.
(Paradayn Foulds peyda olur)
Foulds: Gəlmək olar?
Ledi Frederik: (Təbəssümlə) bura bizim şəxsi mülkümüz deyil ki. Sizi necə buraxmaya bilərəm?
Cerald: Yaxşısı budu, mən gedib gəzişim.
Ledi Frederik: Oldu.
(Cerald çıxır)
Foulds: Hə, demək belə, işlər necədi?
Ledi Frederik: Hər şey gözəldi, çox sağ ol.
Foulds: Mən Çarlini anasına təhvil verdim. Ümid eləyirəm ki, bir-iki saat onsuz keçinə bilərsən.
Ledi Frederik: Özüm ona dedim ki, günortalar anasıyla olmalıdı. Onun övladlıq borcunu qaytara bilməməsi məni narahat eləyir.
Foulds: Aha!.. Səhər Dik Kouenlə görüşdüm.
Ledi Frederik: Ledi Frederik: (Dərhal) Belə de!
Foulds: Sənə maraqlıdı, eləmi?
Ledi Frederik: Heç də yox. Niyə də maraqlı olmalıdı?
Foulds: (Gülümsəyərək) Çox gözəl insandı, eləmi?
Ledi Frederik: (Mərhəmətli baxışlarla) Heyif, əlimin altında bir şey yoxdu, olsaydı üstünə tullayardım.
Foulds: (Gülərək) Hər halda, sənin o başıbəlalı veksellərin məndə deyil. Mən gecikdim.
Ledi Frederik: Amma sən onu almağa cəhd elədin, eləmi?
Foulds: Əlbəttə. Fikirləşdim ki, sənin ona ərə getməyinin ölüm-dirim məsələsi olduğunu bilməsi Çarliyə maraqlı olar.
Ledi Frederik: İndi onlar kimdədi?
Foulsd: Təsəvvürüm belə yoxdu. Amma sən çox pis vəziyyətdə qala bilərsən. Üç min yarım, hə?
Ledi Frederik: Hamısını birdən demə. Çox iri görünür.
Foulds: Merestonun məktubunu yeddi min funta satırsanmı?
Ledi Frederik: (Gülərək) Yox.
Foulds: Təəssüf... Yeri gəlmişkən, mən Çarliyə ətraflı danışsam, etiraz eləmərsən ki... bizim münasibətlərimizi deyirəm?
Ledi Frederik: Niyə də etiraz eləyim? Bu zaman gülünc yerdə qalan mən olmayacam.
Foulds: Çox sağ ol. Ola bilsin, mən sənin bu lütfkarlığından istifadə elədim.
Ledi Frederik: Yəqin Çarlidə yumor hissinin çox güclü olduğunu sən də sezmisən.
Foulds: Əgər məni sancmağa başlasan çıxıb gedəcəm. (Dayanır) Sənə qarşı heç bir silahın olmadığına beləmi əminsən?
Ledi Frederik: (Gülərək) Tamamilə.
Foulds: Mənim bacımın bu gün əhvalı olduqca xoşdu. Bellinqtonların işi nə yerdədi?
Ledi Frederik: Yüngülcə bir qalmaqal olub, qəliz bir şey yoxdu.
Foulds: Ehtiyatlı ol. O, qadındı və qarşısını heç nə kəsə bilməz.
Ledi Frederik: Maraqlıdı, görən, nədən sən mənə belə xəbərdarlıq eləyirsən?
Foulds: Keçmiş xatirələrə görə, əzizim.
Ledi Frederik: Paradayn, sən sentimental olmağa başlayırsan. Tanrılar qocalan xudbini belə cəzalandırırlar.
Foulds: Ola bilər, amma öz canıma and olsun ki, heç cür unuda bilmirəm, bir dəfə...
Ledi Frederik: (Sözünü kəsərək) Əziz dost, gəl, o kədərli keçmişi qurdalamayaq.
Foulds: Sənin qədər sentimentallıqdan uzaq insana həyatım boyu rast gəlməmişəm.
Ledi Frederik: Gəl, mənim yer üzündəki bütün naqisliklərin yığnağı olduğumla razılaşıb söhbəti dəyişək.
(Nökər daxil olur)
Nökər: Miledi, madam Klod sizi görmək istəyir.
Ledi Frederik: Mənim dərzimdi.
Foulds: Daha bir haqq-hesab?
Ledi Frederik: Monte-Karlonun əsas çatışmazlığı odur ki, burda Bond-stritdən də çox sərmayədar görmək olar. Deyin ki, mən məşğulam.
Nökər: Madam Klod dedi ki, siz boşalana qədər gözləyəcək.
Foulds: Sən səhv eləyirsən. Borcunu qaytara bilmədiyin adamla gərək olduqca nəzakətlə davranasan.
Ledi Frederik: Qoy gəlsin.
Nökər: Oldu, miledi.
(Nökər çıxır)
Foulds: Çoxmu borcun var?
Ledi Frederik: Elə də çox deyil. Cəmi yeddi yüz funt.
Foulds: İşə bir bax.
Ledi Frederik: Əziz dost, lüt qalmayacaqdım ki. Özümü əncir yarpağıyla örtüm?
Foulds: Sadə geyinmək də olardı.
Ledi Frederik: Mən belə də eləyirəm. Ona görə də baha alınır.
Foulds: Sən dəhşətli bədxərcsən.
Ledi Frederik: Qəti elə deyil. Mən aza qane olanam.
Foulds: Sən qulluqçu da saxlayırsan.
Ledi Frederik: Əlbəttə, saxlayıram. Mənə başqasının köməyi olmadan geyinməyi öyrətməyiblər.
Foulds: Sənin nökərin də var.
Ledi Frederik: Var və həmişə də olub. Elə anamın da. Mən bir gün də nökərsiz qala bilmərəm.
Foulds: O sənin üçün nə eləyir?
Ledi Frederik: O məndə arxayınçılıq hissi yaradır.
Foulds: Sən ən bahalı nömrəni tutmusan.
Ledi Frederik: Mən dəhşətli vəziyyətdəyəm. Nömrəm də pis olsa ürəyim partlar.
Foulds: Bu azmış kimi sən kazinoda pulları sağa-sola səpələyirsən.
Ledi Frederik: Əgər adam mənim kimi kasıbdısa bir neçə luidorla varlı olmayacaq.
Foulds: (Kinayə ilə) Sən düzələn deyilsən.
Ledi Frederik: Məndə günah yoxdu. Ha qənaət eləmək istəsəm də, pul elə bil su kimi axıb gedir. Heç nə eləyə bilmirəm.
Ledi Frederik: Mənim öz sərmayədarlarımla necə qılıqlı davrandığımı təsəvvürünə belə gətirə bilməzsən.
Foulds: Davranmaq deyiləndə, yəni pul ödəməmək, hə?
Ledi Frederik: Sən belə hesab eləyirsən? Gəl yüz luidordan mərc gələk; mən ona pul təklif eləyəcəm, amma o, almayacaq.
Foulds: Oldu.
Ledi Frederik: Budu gəlir.
(Madam Klod nökərin müşayiəti ilə daxil olur. Bu kübar görkəmli, zövqlə geyinmiş, boylu-buxunlu bir xanımdı. Koknidə danışır. Sifəti döyüşə hazır olduğunu, aləmi qatıb qarışdıracağını, heç bir etiraz-filana məhəl qoymayacağını ifadə edir.)
Nökər: Madam Klod.
(Nökər çıxır. Ledi Frederik izaholunmaz çevikliklə Kloda Sarı gəlib hər iki əlini ona uzadır.)
Ledi Frederik: Qadınlar qadını. Nə xoş sürpriz.
Madam Klod: (Belini dikəldərək) Sizin Monte-Karloda olduğunuzdan təsadüfən xəbər tutdum.
Ledi Frederik: Və dərhal görüşümə gəldiz. Siz necə də nəcibsiz! Ürəyim yalnız sizi görmək istəyirdi.
Madam Klod: (Səmimi tərzdə) Miledi, etiraf edim ki, görüşümüzə çox şadam.
Ledi Frederik: Ah, mənim əzizim. Monte-Karlonun gözəlliyi də elə ondadı ki, burada bütün köhnə dostları tapırsan. Siz cənab Foldsla tanışsız? Madam Klod rəssamdı, əzizimiz Klod əsl rəssamdı.
Madam Klod: (Çaşqın halda) Sizin dilinizdən bu sözləri eşitmək mənə çox xoşdu.
Foulds: Salam.
Ledi Frederik: Siz bir onun mənim üçün tikdiyi libasa baxın. Baxın, baxın. Burda dahilik izləri görünür,

DİGƏR MƏQALƏLƏR