YENİ ADLAR
Milorad Paviç

Avtobioqrafiya


Tərcümə: Ü. Nəsibbəyli

 

Artıq iki yüz ildən çoxdu ki, yazıçıyam. 1766-cı ildə Budimdə ulu babalarımdan birinin şeirlər kitabı dərc olunub. O vaxtdan özümüzü ədəbiyyatçılar nəsli hesab edirik. 1929-ci ildə dörd cənnət çayından birinin sahilində, saat 8:30-da, tərəzi bürcü altında, dünyaya gəlmişəm. İlk dəfə on iki yaşımda, ikinci dəfə isə on beş yaşımda üstümə bombalar yağıb. Bu iki bombardman arasında ilk dəfə aşiq olmuşam, Serbiya işğal atlında olduğu üçün məcburi qaydada alman dilini öyrənmişəm. Həmin vaxt ətirli tütünlü tənbəki çəkən bir cənab mənə, o qədər də yaxşı bilmədiyi ingilis dilini gizli- gizli öyrətməyə başladı. O vaxt ilk dəfə (sonradan daha iki dəfə) fransız dilini unutdum. Nəhayət bir gün, ingilis-amerikan bombardmanından xilas olmaq ümidilə qaçıb gizləndiyim itlər üçün təlim məktəbində, çar ordusunun zabitiylə - rusiyalı emiqrantla tanış oldum. Rusca başqa kitabı olmadığından o, mənə Fetin və Tütçevin şeirlər toplusunun köməyi ilə rus dilini öyrətdi. İndi başa düşürəm ki, xarici dilləri öyrəndikcə, qulyabani kimi çoxlu sehrli çevrilmələrdən keçmişəm. Mən iki İohanı- İohan Damaskin və İohan Zlatoustu sevirdim. Bu günə qədər davam edən bir istisnanı saymasaq, həyatdan daha çox, kitablarımda sevgiylə rastlaşmışam. 1984-cü ilə qədər mən öz vətənimin, ən az oxunan yazıçısıydım. 84-cü ildə isə, bir günün içində, ən çox oxunan yazıçıya çevrildim. İlk romanımı lüğət, ikincini krossvord, üçüncünü klepsidra şəklində, dördüncünü isə tarot kartları üçün fal açma vəsaiti kimi yazdım. Beşinci isə nabələd adamlar üçün astroloji məlumat kitabçası idi. Romanlarıma mümkün qədər az mane olmağa çalışırdım. Məncə, roman öz metastazları sayəsində yaşayır. İllər ötdükcə, romanlarımın müəllifliyindən daha çox uzaqlaşıram. Özümü daha çox, hələ yazılmamış və böyük ehtimalla heç vaxt yazılmayacaq əsərlərin müəllifi kimi hiss eləyirəm. Təəccüblü də olsa, bu gün kitablarım, yüzə yaxın müxtəlif dilə tərcümə olunub. Bir sözlə, mənim bioqrafiyam yoxdu. Ancaq biblioqrafiya. Fransa və İspaniya tənqidçiləri məni, XXI əsrin ilk yazıçısı adlandırdılar, halbuki mən - XX əsrdə, günahın yox, günahsızlığın sübut edilməli olduğu dövrdə yaşamışam. Həyatımın ən böyük məyusluqları mənə böyük qələbələr bəxş edib. Mən heç kimi öldürməmişəm. Məni isə ölümümdən çox - çox əvvəl öldürüblər. Yaxşı olardı ki, mənim əsərlərimi hansısa türk, ya da alman yazaydı. Mən ən nifrət edilən millətin ən məşhur yazıçısı idim. Mənim üçün yeni minillik 1999-cu ildə - (üç tərsinə çevrilmiş altı) həyatımın üçüncü bombardımanında, NATO təyyyarələri Serbiyanı, Belqradı bombalayanda başlayıb. Sahilində yaşadığım Dunay çayı, o vaxtdan gəmiçiliyə yaramır.
XXI əsri teatr səhnələrində qarşılamışam. Palindromik
[1] 2002-ci ildə rejissor Vladimir Petrov Moskvada, Çexov adına akademik teatrda mənim "Əbədiyyət və daha bir gün üçün teatr menyu"su əsərini səhnəyə qoydu. Elə həmin il 365 oturacaqdan qüllə ucaldıb səyyar sirk yaradan Tomaj Bandur, "Xəzər sözlüyü"nü Belqradda və Lyublyanda, tamaşaçıların gözü qarşısında sözü ətə, suyu zamana çevirə-çevirə, nümayiş etdirdi. 2003-cü ildə Peterburq akademik teatrı, doğma şəhərinin üç yüz illiyini və yublieylə əlamətdar bəyaz gecələri, "Bəşəriyyətin qısa tarixçəsi" pyesimin əsasında hazırlanmış tamaşa qarşıladı. Ümumiyyətlə, bir çox yazıçıların ölümlərindən sonra nail olduqlarını mən, sağlığımda əldə edə bilmişəm. Mənə yaradıcılıq istedadı bəxş edən Tanrı, görünür, elə bu sevincin müqabilində, məni həm də cəzalandırıb.

 

 

Dövlətə bənzər roman

(esse)


Roman kiçik və ya böyük dövlətdir. Onun öz qanunları, öz əhalisi, ölkə sərhədlərindən kənarda tədavüldə olan və ya olmayan valyutası var. Romanın öz sahilləri, öz sərhədləri, öz müharibəsi, öz sülhü, Qrinviç sisteminin ölçülərinə sığmayan zaman vahidi var. Onun iqlimi də, dəniz səviyyəsindən yüksəkliyi də, alçaqlıqları da özünəməxsusdur. Yaxşı və ya pis romanın öz iqtisadiyyatı var. O öz vətəndaşlarının yaxşı yaşayışını təmin edə, yaxud da sakinlərini doyurmaqda aciz ola bilər. Dünyanın bütün dövlətləri kimi, romanın da öz sərhədlərindən kənarda anlaşılan və ya anlaşılmayan özünəməxsus dili, öz naməlum əsgəri, öz aclıq və bolluq illəri, yoxsul evləri, taxıl anbarları var. Ziyankarların yaxşı, müdafiəçilərinin isə pis yaşadığı dövlət tənəzzülə uğrayır. Roman da belədir. Onun öz diplomatiya xidməti, öz idxalı və ixracı var. Vətənindən qaçmaq istəyən roman çoxlu viza almalı olduğundan, o qədər də uzağa gedə bilmir.
Bəzən dövlətlər romana müharibə elan etsələr də, (Markiz de Sadın, "Master və Marqarita" romanına görə Mixail Bulqakovun təqib olunması), əksinə də olur, roman da dövlətin üzərinə hücum çəkir. (Dostoyevskinin, hələ mövcud olmayan, lakin yaxınlaşmaqda olan sovet dövlətinə qarşı yönəlmiş "Əcinnələr"i, Soljenitsınin yaradıcılığı və s.)
Evi təməlindən, romanı isə damından tikməyə başlayırlar. Bu əks perspektiv, romanın "Xərçəng" bürcü altında doğulduğunu göstərir. Bildiyimə görə, o öz metastazları hesabına yaşayır və onlarla qidalanır. Kitablardakı bəzi təkrarlanmalar diqqətli oxucunun nəzərindən yayınmır. Məqsəd isə bir sözü iki dəfə deyib, heç olmasa bir dəfə eşidilməsinə nail olmaqdı. Beləliklə, romanın bürcü xərçəngdir. Xalis su işarəsi. Qədimdən bəri hər şey, suyun yaddaşına hopur. Xərçəng ulduz təqviminin dördüncü bürcüdür. Yayın ilk ayını, daha dəqiqi, 21 iyun-22 iyul tarixlərini əhatə edən bu bürc, ayın himayəsi altındadı. Rəmzi bitkisi, ağ suzanbağıdı. Şüarı: "Bəhrəli ağac, İlahinin bağı necə səxavətlidi. Ağacın kökü də, gövdəsi də qızdı. Bütün dolaşıq düyünləri əlində saxlayan qız baxışlarıyla cavanları yolundan azdırır. Su isə nə torpaq, nə də təsiri tez sovuşan şərabdı..."
Dövlət kimi, romanın da coğrafi xəritəsi var. Bəzi dövlətlər adlı-sanlı, köklü nəcabətli olsa da, bəziləri milçəklər kimi bir mövsümlük olur. Romanlar da bu cürdür... Deməli, Hegelin təbirincə desək, insan cəmiyyətində iki "obyektiv qüvvə" mövcuddur - dövlət və ailə. Roman da həmişə hansısa ailəyə məxsus olur. Romanın da atası - anası olur. Deməli, o yetim də, valideynləri tərəfindən atılmış uşaq da ola bilər. Dövlət kimi, roman da nəsil-nəcabətli və ya yüngül əxlaqlı ola bilər. O, ucuz bir fahişə, yaxud istəkli, qadın ola, yaxşı və ya pis geyinə, öz nəslinə xəyanət edə bilər. İnsan (eləcə də dövlət) həyatının müxtəlif dövrlərində öz əcdadlarını xatırlatsa da, hansısa məqamlarda hələ, doğulmamış, heç vaxt üzünü görmədiyi nəticəsinə də bənzəyə bilər. Biz, öz uzaq əcdadlarımızı və nəvə-nəticələrimizi tanımadığımız kimi, romanın uzaq sələflərini və xələflərini də tanımırıq. Axı romanların təkcə əcdadları yox, oğul-uşaqları, nəvə-nəticələri də olur.
Kitablar arasında süd və qan qohumluğunu dil yaradır. Dil isə şərti başa düşülməlidir. Axı dilin kökündə, onun ritmini və səslənməsini dəyişə bilən və onlarla bərabər özü də dəyişən məna dayanır.
Ritm və məna dəyişiklikləri, bir dildən başqa dilə keçid, yaxud eyni dildə nəsildən-nəsilə ötürülmələr zamanı baş verən çevrilmələr hər bir ədəbi əsərin, bədii söz yaradıcılığının təbiətini və taleyini müəyyən edir. Deməli, Derek Volkotun fikirlərinin əksinə, yazılı mətn, şifahi nitqin qrafik kölgəsindən başqa bir şey deyil. Bədii əsəri, zaman ötdükcə, tərcümələri meydana gəldikcə, müəllifindən uzaqlaşmağa başlayan ritm adlandırmaq olar. Bu uzaqlaşma, tərcümənin qeyri-dəqiqliyindən, mətnin düzgün başa düşülməməsindən və hər bir oxucunun əsərə öz əlavələrini etməsindən irəli gəlir. Bu əlavələr, dünya ədəbiyyatında nəhəng virtual bir şəbəkə yaradır, çoxvariantlılığı təmin edir.
Yeri gəlmişkən, yalnız zəif əsərlər qeyri-səlis tərcümələrin sınağından keçə, yüzillikləri adlaya, ritmin dəyişməsinə, bir dildən o biri dilə köçürülməyə tab gətirə bilmir. Əslində, müstəqil həyata başlayan, hamının dilinə düşmüş əsər öz müəllifini satmaya, yazıldığı dilə xəyanət etməyə bilməz. Çin, Yaponiya və Koreya kimi ucqar ölkələrin dillərinə çevrilmiş "Xəzər sözlüyü" məndən, təkcə məkan baxımından yox, həm də zaman müstəvisində uzaqlaşır, getdikcə, yeni nəsillərə, onların dilinə məxsus olmağa, öz nəvələrinə oxşamağa başlayır. Məhz buna görə deyirəm ki, bu gün "Xəzər sözlüyü" və "Çayla çəkilmiş peyzaj"ın müəllifi olduğumu, dünənkinə və romanları yazdığım vaxtlara nisbətən daha az hiss edirəm. Bundan başqa, yeni kitab yazmaq istəyən yazıçı, köhnə əsərlərini yadından çıxartmalıdır. Gün gələcək, öz əsərlərimdən tamamilə uzaqlaşacağam və mənim müəllifliyimdən əsər-əlamət qalmayacaq. Bundan gözəl nə ola bilər?!
Dövlətin öz banisi olur. Romanın da. Yazıçı, müdrik, lakin istedadsız, yaxud istedadlı və axmaq ola bilər. Ən pis variant da elə budur. Yazıçı, özünün və ya başqasının adını daşıya bilər, yəni təxəllüsünün arxasında gizlənə bilər.
Roman yazan hər bir yazıçı iki böhrandan adlamalı olur. İlk böhran romanın başlanğıcında süjet - inkişaf etməyə başlayanda baş verir. Roman hələ bişməyib, sonda nə olacağı məlum deyil. Roman yazıçıyla bərabər addımlaya bilmir. Müəllif bütün fikirlərini romana yükləmək istəsə də, hələ tam formalaşmamış, sürət götürməyə, qüvvə toplamağa macal tapmamış, əsər onun işini ləngidir. Sizif əzabıyla daşını dağa qaldırmağa çalışan roman, öz yaradıcısından ağıllıdı. Eynilə bu cür, uşaqlarımız da bəzən bizdən daha ağıllı olur. Belə məqamlarda müəllif əsərə itaət etməli olsa da, bu o qədər çətindi ki...
İkinci böhran isə, "apogey"dən sonra - artıq zirvə nöqtəsindən qalxmış roman, yazıçının əlindən çıxıb dağın əks yamacıyla sürətlə aşağı diyirlənməyə başlayanda baş verir. İndi isə siz ona çata bilmirsiniz. Yorulub əldən düşsəniz də, dayanıb nəfəsinizi dərə, dincinizi ala bilmirsiniz, çünki roman yerində dayanmaq istəmir. O özbaşına irəliləyir, hara istəsə, baş alıb gedə bilər. İndi də roman öz yaradıcısından güclüdü, yazıçı, ona müqavimət göstərə bilmək üçün bütün qüvvəsini sərf etməlidir. Buna nail ola bilsəniz, romanı xilas edər, nəticədə isə yatağa düşüb, yarım il xəstə yatmalı olarsınız. Bəzən insan sevgilisi ilə görüşdükdən sonra da özünü bu cür hiss edir. Puşkin, bu əhval - ruhiyyəni "Yevgeni Onegin"i bitirdiyi gecə yazdığı şeirdə təsvir etmişdi.
Bəxtiniz gətirsə, roman sizdən, adı isə adınızdan çox yaşayar. Buna görə narahat olmağa dəyməz. Freskaların ən məşhur rəssamları, mozaikaların ən tanınmış yaradıcıları öz əsərlərini imzalamırdılar. Borxes adının yox, hekayələri yaddaşlarda qalmasını istəyirdi.
İki əsrin və iki minilliyin kəsişməsinə təsadüf edən yaradıcılıq həyatım ərzində mənə müxtəlif adlar verilib. İngilisdilli qərbdə də, Almaniyada da kitablarıma müxtəlif adlar yaraşdırıblar: "elektron yazıçı, interaktiv ədəbiyyat, qeyri-xətti təhkiyyə, postmodernizm" (R. Kuver, L. Olsen və digərləri). Fransada və İspaniyada məni "XXI əsrin ilk yazıçısı" adlandırdılar, bu ölkələrin müasir əbədiyyat nəzəriyyəçiləri isə məni "La litterature a contarainte" sırasına, yəni öz cığırlarını açaraq, gələcəyin ədəbiyyatına istiqamət verən yazıçılar sırasına aid etdilər. Rusiyada kitablarımı "postqutenberq" adlandırıb (A. Qenis), "magik konseptualizm" kimi səciyyələndirdilər. (M. Epsteym)


"Yazıçı kimi mən iki yüz il əvvəl doğulmuşam"

(Müsahibə)

- Bir müddətdi sizi diqqətlə müşahidə edirəm. Müasir dövrün ən görkəmli serb yazıçısından daha çox kiçik bir uşaq təəssüratı oyadırsız.
- Çünki özümü uşaq, hiss edirəm. Ətrafa, dünyaya təzəcə gəlmiş körpənin gözləri ilə baxmağa çalışıram. Yaşamağa və yazmağa davam etmək üçün bu günə qədər yazdığım bütün kitabları unutmağa çalışıram.
- Yazdığınız kitablar yaradıcılığınızı davam etdirməyə mane olur?
- Artıq yazıb - bitirdiyin kitabları yadından çıxara bilməsən, yenilərini yaza bilməzsən, çünki hər yeni əsər, yazıçıdan lap əvvələ qayıtmağı tələb edir.
- Görünür, yazıçı üçün ən çətini, romanın başlanğıcını və sonunu yazmaqdı.
- Mən romanın başlanğıc və sonunu ləğv edə bilmək üçün əlimdən gələni edirəm. Məsələn, "Küləyin içəri tərəfi"nin iki başlanğıcı var. Kitabı istədiyiniz tərəfindən oxumağa başlaya bilərsiniz. "Xəzər sözlüyü"nü oxumağa da, istənilən hekayədən başlamaq olar. Köhnə mütaliə üsulu, yəni kitabı başlanğıcdan sona qədər oxumaq vərdişi mənə yaddır.
- Hər başlanğıcın bir sonu olduğuna inanırsınız?
- Yox, bu həqiqət deyil.
- Axı biz deyirik ki, bütün doğulanlar ölümə məhkumdu.
- Bəli, həyatda bu biristiqamətli yoldan xilas ola bilmədiyimə görə, heç olmasa, romanlarımda bu aqibətdən uzaqlaşmağa çalışıram.
- Sizcə, xəyalları, insanların, həyatın faktlarına qarşı istifadə etdiyi silah adlandırmaq olarmı?
- Xəyal və həqiqət arasında dəqiq sərhədi müəyyən etmək mümkün deyil. Azad insan, bu iki dünya arasında sərhədləri aradan qaldırmağa çalışır. Yazıçı kimi, bunu tez-tez hiss edirəm. Mən inanıram ki, yazıçı üçün ən zəruri qabiliyyət xəyalı və həqiqəti eyni dünyada birləşdirə bilməsidir.
- Dünən maşını necə sürdüyünüzü gördüm. Diqqətimi cəlb edən o oldu ki, bütün birtərəfli yollarda, maşını axının əksinə sürürsüz. Qorxmursuz? Axı axının əksinə hərəkət etmək təhlükəlidi.
- "Yazdığının yaxşı olduğunu və oxucular tərəfindən qəbul ediləcəyini necə anlamaq olar?" Bu sualın cavabını çox axtarmışam. Əvvəllər elə bilirdim, əsər yalnız yazıçı öz yazdığından razı qalanda, uğur qazanır. İndi başa düşürəm ki, səhv edirmişəm.
- Bəs ən yaxşıya nail olmağın yolu nədi?
- Ən yaxşı nəticəyə, qorxunun son həddə çatdığı anlarda nail olmaq olur. Biz mükəmməlliyə, yalnız qorxularımıza yaxınlaşdığımız nisbətdə yaxınlaşa bilirik. Qorxu bizi hüdudsuzluğa aparır. Yalnız burda həqiqəti tapmaq olar. Yazıçı, həqiqəti tapmaq naminə qorxularına meydan oxuya bilməlidir.
- Deməli, qorxu bizi yazmağa vadar edir?
- Bəli. Yalnız qorxu. Qorxu bizi hərəkətə gətirir. Qorxu bizi düzgün istiqamətləndirir. Əlbəttə, ədəbiyyatda.
- Ən çox nədən qorxursuz?
- Müxtəlif qorxularım olur. Qorxularımı ömür boyu xaç kimi özümlə daşımışam. Əslində, qorxu yazıçıların ən sadiq dostudu. Hələ də uşaqlığımdakı qədər qorxuram. Mənim qorxum heç vaxt böyüməyəcək. Uşaq vaxtı tənhalıqdan, gecə yarısı boş evdən qorxurdum. İşıqlar sönəndə, böyüdüyüm evin arxa bağçasından qorxurdum.
- Deyəsən, bütün qorxularınız evin içi və ətrafı ilə bağlı olub.
- Bəlkə də elə buna görə romanlarımı, evi tikən tək yazmağa çalışıram. Ola bilsin, hələ boş evlə bağlı qorxularıma qalib gəlməyə çalışıram. "Küləyin içəri tərəfi"nin iki girişi və bir arxa bağçası var. "Xəzər sözlüyü" də çoxlu giriş və çıxışları olan, insanları heyrətləndirən nəhəng bir evə bənzəyir. Hər yerdə qapı var. Evə daxil olmaq və ya çıxmaq üçün istədiyini seçə bilərsən.
- Atanız ailəsini nə ilə dolandırırdı?
- Qəribə səslənsə də, ev tikirdi. Əsl evlər. Xoşuma gəlmirdi. İstəyərdim o, heykəltəraş, ya da rəssam olsun. O isə yalnız boş vaxtlarında heykəltəraşlıq və rəssamlıqla məşğul olurdu.
İki dünya müharibəsi arasındakı dövr, çoxlu gəlir əldə etmək üçün ən münasib vaxt idi! Hər halda ev tikməklə daha çox qazanmaq olardı, nəinki heykəltəraşlıq və ya rəssamlıqla. Halbuki o, yaxşı ev tikə bilmirdi. Heykəltəraşlıqda isə usta idi.
- Bütün günü ev tikməklə məşğul olan bu adam, evə qayıdıb heykəl yapmağa necə nail olurdu?
- Atam yüzlərlə işi eyni vaxtda görə bilirdi. Bəlkə də o məndən çox qorxurdu.
- Bəs ananız?
- Anam fəlsəfə müəllimi idi. Olduqca rəvan nitqi var idi. Tez- tez ailəmizin üzvləri, xüsusən qocalar haqqında maraqlı əhvalatlar danışırdı.
- Atanıza, yoxsa ananıza daha çox bənzəyirsiz? Başqa sözlə, onlardan sizə nə keçib?
- Əslinə qalsa, heç nə. Bəzən güzgünün qarşısına keçəndə, mənə elə gəlir ki, öz əvəzimə atamı görürəm. Vəssalam.
- Deməli, zahirən atanıza oxşayırsız?
- Bəli, ondan mənə heç nə keçməyib. Yalnız zahiri bənzərlik.
- Həyatınıza kimlərinsə təsiri olub?
- Bəli. Əcdadlarımın.
- Kimləri nəzərdə tutursuz?
- Atamın ailəsini. Son iki yüz ildə atamın ailə üzvlərinin əksəriyyəti yazıçı olub. İlk Paviç, öz şeirlər toplusunu hələ on səkkizinci əsrdə dərc etdirmişdi. O, Budimdə rahib idi. Latın dilini bilirdi. Kitablarını həm latın dilində, həm də ana dilində nəşr etdirirdi. Ondan sonrakı hər nəsildə yazıçılıqla məşğul olan, heç olmasa bir Paviç tapmaq olar.
- Yazıçı olmağı qət etməmişdən əvvəl nəçi olmaq istəyirdiniz?
- Həmişə yazıçı olmaq istəmişəm. Görünür, məni bu istiqamətə yaşadığım mühit yönəldib. Axı mən yazıçıların əhatəsində böyümüşəm.
- Heyran olduğunuz, öz-özünüzə onun kimi olmaq istədiyinizi dediyiniz ilk yazıçını xatırlayırsınızmı?
- Əmim Nikola Paviç. Şair idi. Ümumiyyətlə, bu və ya digər yazıçının varlığından, oxumaqla yox, başqalarının söhbətinə qulaq asmaqla xəbər tuturdum. Bir tərəfdən, Serbiyanın şifahi ənənəsinə (məşhur nəğmə və atalar sözləri), digər tərəfdən, kilsə dualarına və Bizansın mədəni ənənəsinə arxalanırdım.
- Şifahi ənənənə yazı üslubunuza necə təsir edib?
- Cümlə ilk növbədə gözəl səslənməlidir. Gözəl səslənirsə, deməli, yaxşı cümlədir. Mən yazarkən, əsərimin oxunacağını yox, dinlənəcəyini təsəvvür edirəm. Beləliklə, yeni problem ortaya çıxır - dinləyicini yuxuya getməyə qoymamaq.
- Bəs sizi mürgüləməyə vadar edən yazıçılar varmı?
- Bəli. Çoxları. Onların kitablarını oxumamağa çalışıram. Məncə, Homer özü yuxuya getsə belə, dinləyicilərini mütləq oyaq saxlamalıdır.
- Yazı hansı məqamda oxucu üçün darıxdırıcı olmağa başlayır?
- Oxucunu, öz təxəyyülündən istifadə etməyə vadar etməyəndə. Məncə, yazı insanın təkcə ağlına ünvanlamalıdır. Yəni yazıçı yazarkən, yalnız ağlından istifadə etməməlidir.
- Bəs ona ağıldan başqa nə lazımdır?
- Sevgi! Başqa sözlə, yazıçı yazdıqlarını sevməlidir.
- Heç gözəllikdən yorulduğunuzu hiss etmisiz?
- Bəli. Bir dəfə gözəllikdən yorulmaq ifadəsini işlətmişəm. Təəccüblüdü ki, bu sualı verdiniz. Sevgidən yorulmaq mümkündüsə, deməli gözəllikdən də yorulmaq olar.
- Görünür, incəsənətdə əsl gözəlliyin rəmzi təbiətdi.
- Təbiətin gözəlliyini təsvir etməyə heç bir incəsənət əsərinin qüdrəti çatmaz. İncəsənətin gözəlliyi isə təbiətdəki gözəlliyin bir hissəsidi.
- Sizin üçün incəsənət nə deməkdi?
- Novalçada dayanmış uzunayaqlı bir quş. O, batmamaq üçün dayanmadan hərəkət etmək məcburiyyətindədir. İncəsənət bircə saniyə dayansa, boğula bilər.
- Yazarkən, oxucu barədə düşünürsüzmü?
- Yazarkən, oxucu barədə düşünməyə macal tapmırsan. Sözsüz ki, yazıçı özü və gələcək oxucu qarşısında müəyyən öhdəlik daşıyır. Yalan danışmaq. Böyük yazıçı İvo Andrikin dediyi kimi "əsas məqsəd - özünü, yəni müəllifi yox, oxucunu ağlatmaqdı!"
- Sizcə, peşəsindən asılı olmayaraq, insana uğur qazandıran nədir?
- İnadkarlıq. Lakin taleyin də müəyyən rolu olur. Siyasi səbəblərdən əsərlərimi uzun müddət Serbiyada çap etdirə bilmədim. Ruhdan düşüb yazmağın daşını ata bilərdim. Bəxtim onda gətirdi ki, yazmaqdan əl çəkmədim. Yazmağa, müəllim kimi də olsa, ədəbiyyatla məşğul olmağa davam etdim. Acıdilliyimi ört-basdır etmək üçün ədəbiyyat haqqında məqalələr yazırdım. Nəhayət, nəsr əsərlərim dərc olunmağa başladı. Gec də olsa, dərc oluna bilməsəydim, yəqin ki skripka ifaçısı olardım.
- Əsərləriniz nə vaxtdan dərc olunmağa başladı?
- Təəssüf ki, 1967-ci ilə qədər gözləməli oldum. Nəhayət, əlverişli şərait yarananda, vətəndə ilk kitabı çap etdirə bildim. Odu ki, mən erkən yaradıcılıq dövrü yaşamamışam. O vaxt da indiki kimi yazırdım. Lakin bəxt quyruğu, inəyi izləyən kimi, həmişə insanın dalınca qaçmır. Müasir dünya yazıçıları içində ən pis mövqedə dayanan mənəm. Mən - dünyanın ən nifrət edilən xalqının ən məşhur yazıçısıyam.
- Serblər haqqında nə deyə bilərsiz?
- Serblərin yaddaşı zəifdi. Onlar heç vaxt bağışlamasalar da, çox tez unudurlar. Yaxşı döyüşçü olsalar da, diplomat kimi heç nəyə yaramırlar, savaşları udur, döyüşləri uduzurlar. Reduksionizmdən əziyyət çəkirlər. Vurğu, həmişə yox sözünün üstünə düşür. Hər zaman düşmənləri haqqında düşünür, dostlarına isə əhəmiyyət vermirlər. Dövlətçiliyin (eləcə də ədəbiyyatın) tarixi onuncu əsrə gedib çıxsa da, serblər bütün dəyərləri böyük çətinliklə mühafizə edə-edə, asanlıqla itiriblər. Serblər istedadlıdılar. Bu millət - Tesla, Pupin, Mileva Eynşteyn, İvo Andriç, Çarls Simik, Danilo Kiş, Makaveyev, Vasko Popa, Vlada Divak, Kusturitsanın son filminin ssenaristi və həmmüəllifi Duşan Kovoçeviç kimi görkəmli şəxsiyyətlər yetirib.
- Sizcə, yazıçı kimi doğulmaq lazımdı, yoxsa yaxşı nasirə sonradan da çevrilmək olar?
- Yazıçı kimi mən, iki yüz il əvvəl doğulmuşam. Bildiyiniz kimi, Avropanın ən böyük kitabxanalarında mənim ulu babalarımın yazdığı kitabları tapmaq mümkündür. Hər dəfə nə isə yazmağa başlayanda, əcdadlarımdan cəsarət alıram. Hətta onlar üçün qədim dildə şeirlər də yazmışam ki, məni başa düşə bilsinlər.
- Bəs kitablarınızı oxusaydılar, nə düşünərdilər?
- Məncə, çaşıb qalardılar.
- Ümumiyyətlə, yazıçının məqsədi nədir? Dünyada hökm sürən xaosu nizama salmaq?
- Bilmirəm, sənət əsərini xaosun nizamlayıcısı adlandırmaq mümkündürmü? Heç vaxt, Allahın yaratdığı nəyisə nizamlamaq fikrinə düşməmişəm. Əslində, mən kitablarımın köməyi ilə xaosu təsvir etməyə çalışmışam. Vəssalam. Mənim üçün bu kifayətdi.
- Xaosu təsvir etməklə Allahı üzə çıxartdığınızı düşünürsünüzmü?
- Xaosu gizlətməmək, Allaha yaxınlaşmağın yollarından biridi.
- Məncə, biz yuxularımızda Allaha çatırıq.
- Yuxularda da böyük xaos hökm sürür. Düz fikirləşirsiz. Bundan başqa, Kitablarımdan birində yazdığım kimi, Allahı "yuxuların dərinliklərində tapmaq olar. İndi isə belə düşünürəm ki, yuxunun dərinliklərində ölümümüzü görə, oyananda isə bu barədə unuda bilərik.
- Allaha tərif verə bilərsiz?
- „Xəzər sözlüyü" ilk dəfə nəşr olunanda, İsrail Universitetindəki müəllim yoldaşlarımdan biri mənə eyni sualı vermişdi: „Kitabında xaçpərəst, yəhudi və müsəlman iblis haqqında danışırsan. Bəs Allah hardadı?" „Allah - kitabdı" - mən cavab verdim. Əlbəttə, mənim kitabım yox, əsl kitablar. Doğrudan da, bu suala başqa cür necə cavab verəcəyimi bilmirəm.
- Allah hardadı?
- İçimizdə. Allah hər gün bizə nə isə öyrədir.
- İblisin müdaxiləsi, Allahın müxtəlif dinlərdə təzahür etməsinə səbəb olurmu?
- Məhz buna görə də kitabımda üç iblis var.
- Bəzi insanların istedadlı, bəzilərinin isə istedadsız olması, ədalətsizlik deyilmi?
- Başqasının bacarmadığı işin öhdəsindən gələ bilmək - xoşbəxtlikdi. Pəncərədən bayıra baxın. Hər şey müxtəlifdi, ona görə də gözəldi. İnsanlara müxtəlif qabiliyyətlər verilib. Mənim əlimdən başqa heç nə gəlmir. Məsələn, mən, atam kimi ev tikə bilmirəm.
- Hər halda siz, öz dövrünə möhürünü vura bilmiş müstəsna insanlardansız.
- İstedad mənə irsən keçib. Neçə-neçə əsrlər əvvəl yaranmış qüvvə,ss illər ötdükcə böyüyüb. Mən, Paviçlər nəslinin, bu günə qədərki ən yüksək həddinə çatmış enerjisinin ifadəsi üçün sadəcə, bir vasitəyəm.
- Mövcudluğunuzun səbəbi barədə düşünmüsünüz?
- Gözəllikləri xilas etmək. Hər gün Dunayda tonlarla gözəllik ölür. bunu heç kim hiss eləmir. Ona görə də hiss eləyənlər gözəllikləri xilas etməyə çalışmalıdır. Bacardıqca çox gözəllik xilas etmək. Sənətkarın vəzifəsi budu. O, gözəlliyin xilaskarıdı.
- Hansısa romanı yarımçıq qoymusunuzmu?
- Roman yazan hər yazıçı, iki dəfə böhranla üzləşməli olur. İlk böhran lap əvvəldə baş verir. Yazıçı romanı fikrində formalaşdırıb bitirsə də, hələ kağıza köçürməyib. Bu məqam onun hərəkət tempi, romana nisbətən sürətlidir. Əsər ləng gedir, arxadan itələməli olursan. Ən əsası, onu geri qalmağa qoymamaqdı. İkinci böhran isə əsərin kuliminasiya nöqtəsində başlayır. Əsərin bu yerində yazıçı, bütün hakimiyyəti əlinə almalı olsa da, öz axarıyla üzməyə başlamış, sürətlə irəli can atan roman, müəllifə tabe olmaq istəmir. Bu, romanın yazıçıya qalib gəldiyi ən çətin məqamdı, çünki siz zirvəyə qalxana qədər böyük qüvvə sərf edib yorulmusuz. Buna baxmayaraq, bütün qüvvənizi səfərbər edib, tarazlığı gözləməli, roman üzərində nəzarəti ələ almalısız. Uşağın vaxtından əvvəl doğulmasına icazə vermək olmaz. Bu iki məqamdan adlaya bilsəz, nəticə çox yaxşı olacaq. Sağlam bir roman dünyaya gətirsəniz də, özünüz iki həftə xəstə yatacaqsınız. "Xəzər sözlüyü"ndən sonra düz iki il xəstə yatdım.
- İnsanların nə üçün yaradıldığı haqda düşünmüsünüzmü?
- Bu sualın cavabı "Küləyin içəri tərəfi" romanımda var. Zaman İblisin, əbədiyyət isə, Allahın ixtirasıdır. Zaman və Əbədiyyətin kəsişdiyi məqam isə həyatdı. İndiki zaman, vaxtın dayandığı andı. Bəlkə də Kainatda, zamanın heç vaxt əbədiyyətə qovuşmadığı yerlər var. Buna görə də orda indiki zaman mövcud deyil. Orda həyat yoxdu. Həyat, yalnız indiki zamanda mövcuddur.
- Sizcə, böyük əsərlər böyük ürəyin, yoxsa böyük ağlın köməyi ilə yaranır?
- Mən, böyük əsərlərin, ağlın qəlbə, qəlbin ağla səyahətləri nəticəsində yarandığına inanıram. Yaradıclıq, yalnız bu yolla nəfəs ala bilir.
- İstedadlı yazıçının əsərini başa düşmək üçün istedadlı oxucu olmaq vacibdimi?
- İstedadsız oxucu tərəfindən oxunan əsər sözsüz ki, başa düşülməyəcək. Təəssüf ki, indi istedadlı oxucular da, istedadlı tənqidçilərdən də, istedadlı yazıçılarda da çoxdur. Əsrimizin ən istedadlı oxucusu, Borxes idi. Hamı Universitetdə oxuya bilər. Lakin "Sehrli fleyta"nı yazmağı öyrənmək mümkün deyil. Heç kim oxucuya sətraltı mənaları başa düşməyi öyrədə bilməz.
- Sizcə, istedad nədi?
- Əqli və ya ruhi vitamin. Bəzən ruh da vitamin çatışmazlığından əziyyət çəkir. Vacib olan isə, yazıçının sahib olduğu vitaminə, həmin anda dünyanın ehtiyacı olmasıdı. Beləliklə, doğru vaxtda və məkanda lazımi vitamini təklif edirsinizsə, dünya nəhəng bir bətnə çevrilib, sizi öz içinə çəkməyə başlayacaq. İstedad, sadəcə, vitamindi. Yaxud sperma. Ola bilsin, yazıçı öz vitaminini lazım olmayan vaxtda təklif edir. Buna da "itirilmiş istedad" deyirlər. Yazıçı, şöhrətin zirvəsinə qalxmaq, yəni oxuna bilmək üçün yeddi mərhələdən keçməlidi. Əvvəla o, naşirlər, oxucular və tənqidçilər tərəfindən qəbul edilməlidi. Yazıçı, öldüyü anda növbəti - səmavi mərhələyə keçir. Hansısa məqamda dünya artıq mərhum yazıçının təklif etdiyi vitamindən doysa da, həmin vitaminlərə başqa bir dövrdə, yenidən ehtiyac duyacaq. Buna isə "dirilmə" deyirlər. Ölümdən sonra yenidən doğulmaq. Yazıçılığın qayıdışı.
- Bəs sonrakı mərhələ?
- Yazıçının dilinin öldüyü mərhələ. Axı dillər də ölür. Yazıçının dili, yeni dilə uyğunlaşdırılmalıdı. Bu gün heç kim Horasionu, onun yazdığı dildə oxuya bilmir. Heç nə əbədi yaşamır. Əbədiyyət Allaha məxusdu.
- Niyə insanlar, Allahın günah işlətmək hüququnu inkar edirlər?
- Çünki onlar üçün Allahla öz aralarındakı fərqi dərk etməyin yeganə yolu budur. Eyni məntiqlə, nə üçün insanların başqalarının günah işləməsini gözlədiklərini də soruşmaq olar. Bəlkə də ona görə ki, bu da müharibəyə bəraət qazandırmağın yeganə yoludu.
- Müsahibəmizin sonunda başqa bir yazıçı ilə görüşmək imkanı yaradılsaydı, kiminlə görüşmək istərdiniz?
- Çox gözəl sualdı. Həmişə görmək istədiyim yazıçıyla artıq görüşmüşəm. Həmişə "Ağ mehmanxananın" müəllifi D. M. Tomasla görüşmək istəmişəm. Onunla Kanadada tanış oldum. Özü də, kitabları qədər gözəl bir insan idi.
- Borxes sağ olsaydı, ondan nə soruşardız?
- Heç nə. Mən ona qulaq asmağa üstünlük verərdim.
- Homer sizin üçün kimdi?
- Mən, həmişə Homer kimi, qədim epik şairlərə bənzəməyə çalışmışam. Homer "İliada" və "Odissey" kimi şah əsərlərinin başlanğıcını və sonunu müəyyən etsə də, Yunanıstan və Serbiyadakı qədim epik şairlər (Homer daxil olmaqla) hər dəfə yeni nəğmə oxuyurdular. Onlar, istədikləri nöqtədən başlayır və yeni əhavalata keçmək lazım gələndə dayanırdılar. Eşq olsun! Mənim üçün bu, ədəbiyyat tarixinin ən qədim dərsidi. Əlbəttə, bu dərsin, təcrübədə tətbiqi çətindi. Eyni zamanda, həm şifahi şəkildə öz rapsodiyalarınızı yaradır, həm də onları kitab halına sala bilmək üçün kağıza köçürürsüzsə, bu iş, təsəvvür elədiyinizdən də çətin ola bilər.
- Əsərlərinizi oxucular, yoxsa dinləyicilər üçün yazırsız?
- Əsərlərimi həmişə dinləyicilərə ünvanlayıram. Mənim üçün ən gözəl ədəbiyyat - şifahi ədəbiyyatdır. Artıq qeyd elədim ki, müəllimlərim, qədim Balkan ədəbiyyatı, Bizansın kilsə natiqləri, məsələn, Zlatoust olub. Fransada bunu dərhal hiss elədilər. Hətta jurnalistlərdən biri məni, Yeni Zlatoust adlandırdı. Yaxşı qurulmuş cümləyə qulaq asmaq - gözəl otaqların və zalların arasıylas addımlamağa bənzəyir .
- Ən çox hansı səsi xoşlayırsız?
- Motsartı, yaxud Baxı ifa edən skripkanın səsini. Məncə, səslənmə baxımından ədəbiyyat, Motsartın musiqi sintezləri ilə ciddi rəqabət apara bilər.
- Uzun illər musiqi ilə məşğul olmusuz?
- Nəhayət ki, yazıçı olmaq qərarına gələndə, skripka ifaçısı kimi karyeraya başlamağa hazır idim. Maks Bruxun skripka üçün konsertini əzbər bilirdim.
- Müxtəlif sınaqlarda sonra nəhayət, ən çox nəyi xoşladığımızı başa düşürük.
- Bizi əhatə edən, artıq çoxdan bəzi zövqlərimizi müəyyənləşdirən mühit bizə təkan verir. Bir anlıq hamımız nəyisə xoşladığımıza, nəyəsə nifrət elədiyimizə inanırıq. Bizə elə gəlir ki, uşaqlarımız da bizim zövqlərimizi bölüşəcəklər. Məsələn, mənim atam elə düşünürdü ki, mən də dizayner olmaq istəyəcəyəm.
- Bir dəfə böyük yunan yazıçısı Stratis Tsirkas mənə dedi "Hekayəyə sonluq tapa bilsəm, hər şey öz qaydasına düşəcək".
- Mən belə düşünmürəm. Mən oxucuya, romana, istədiyi cümlədən daxil olub, istədiyi vaxt çıxmaq azadlığı vermək istəyirəm.
- Romanı, əvvəlki gün qaldığınız yerdən yazmağa davam edirsiniz?
- Yox. Heç vaxt bu cür yazmıram. Müxtəlif fraqmentlər tədricən bir sistemdə birləşir. Yalnız düşüncəyə arxalanan oxucu, əsərlərimi başa düşməkdə çətinlik çəkəcək. Romanın öz həyatı var. (Cibindən kiçik, yaşıl bloknot çıxarır. Bloknotun üstündə nə isə yazılıb). Bu, mənim yeni romanımdı. "Konstantinopolda sonuncu məhəbbət". Bütün romanlarım bu cür doğulur. Bu kiçik bloknotda, yeni romanla bağlı ağlıma gələnləri yazır, sonradan yalnız əhəmiyyətli hesab elədiklərimi kitaba salıram. "Xəzər Sözlüyü" də vaxtilə min səhifəlik bloknotdan ibarət idi.
- Bu kiçik bloknotdan bir cümləni ağ kağıza köçürə bilərsizmi?
- Niyə də yox? Buyurun! Bu da gələcək kitabımdan bir cümlə. Kiminsə, romanı necə yazdığını başa düşmək üçün kitabın nəfəsini hiss eləmək lazımdı. Bütün kitablar nəfəs alır. Roman, eynilə körpələrin doğulduğu kimi doğulur. O da bir uşaq, o da bir insandı. Bu balaca, yaşıl bloknot da, gələcək romanın embrionundan başqa bir şey deyil.
- Romanın nəfəs aldığını necə başa düşmək olar?
- Oxucunu usandırmaq istəməyən yazıçı, insan beyninin müxtəlif qatlarına sirayət edə, zehninə, emosiyalarına, təxəyyülünə, introvert və ekstrovert niyyətlərinə toxuna bilməlidir. Bu cür yaza bilsəniz, kitabınız insan kimi nəfəs alacaq.
- İstedadsız oxucu böyük yazıçını yoxa çıxarda bilərmi?
- Əlbəttə. Məsələn, mən, uzun müddət Yuqoslaviyanın ən az oxunan yazıçıları arasında olmuşam. Nəhayət, yeni oxucu nəsli yetişənə qədər.
- Bu nəslin, əvvəlki nəsildən fərqi nə idi?
- Yeni nəsil, mənim yazdıqlarımı dinləməyi və sevməyi bacarır. Həyat yoldaşım Jasmina da həmin nəslin nümayəndəsidi. Qəribə də olsa, gənclər məni öz nəsillərinin yazıçısı hesab edirlər! Əsərlərim haqqında ən dəqiq şərhləri də altmışıncı illərdə doğulanlar veriblər.
- Suallarımla sizi yormuram ki?
- Əksinə. Həyatı maraqlı edən suallardı.
- Bütün sualların cavabı varmı?
- Dünyada cavabların sayı suallardan çoxdu.
- Televiziyanın və kinonun inkişafı, kitabların tənəzzülünə səbəb oldumu?
- Məncə, kitab tənəzzül və böhran dövrü yaşayır, roman isə yox. Böhran, yalnız mütaliə üsulu ilə bağlıdır. Oxucunu fəal olmağa sövq etməyin yolunu, incəsənətin başqa sahələrində görürəm. Mən, yeddi ilham pərisinin mövcudluğuna bütün qəlbimlə inanıram. Onlar birləşib böyük incəsənəti yaradırlar. İlham pərilərindən biri çətinə düşəndə, digərindən kömək istəyir. Pərilər arasındakı bağlılığın əhəmiyyəti böyükdür. Buna görə də çıxış yolunu incəsənətin digər sahələrində axtardım.
- Tapa bildiz?
- Bilmirəm, amma axtarışlarım zamanı başa düşdüm ki, müəyyən müddət ilham pərilərinin bəziləri inkişaf edir, bəziləri isə geri qalır. Müvəqqəti. Sonra isə inkişaf edənlərlə etməyənlər yerlərini dəyişirlər.
- Hazırda inkişaf edənlər hansılardı?
- İndi inkişaf edənlər, insanlara, əsərə müxtəlif yönlərdən baxmaq imkanı yaradanlardı. Mən onlara reversiv incəsənət deyirəm.
- Misal göstərə bilərsizmi?
- Memarlıq, heykəltaraşlıq.
- Bəs reversiv olmayanlar?
- Musiqi, ədəbiyyat. Qeyri-reversiv ədəbiyyatı, reversiv sənətə çevirə biləcəyimə hər zaman inanmışam.
- Məncə, bütün bunlar maraqlı olsa da, ədəbi priyomdan başqa bir şey deyil.
- Hətta klassik romanlar da, ədəbi fəndlərlə başlayıb, ədəbi fəndlərlə bitir. Qədim dünya ədəbiyyatında, şifahi ədəbiyyatda həmişə eyni başlanğıclar və fərqli sonluqlar olur. Yaxud, müxtəlif əhavalatların başlanğıcı və sonu eyni olur. Həyatda isə bu cür başlanğıclara və sonlara rast gəlmək mümkün deyil. Bununla belə, əgər ədəbi qəhrəmanın ölümü və həyatı, onun oxu üsulundan asıldırsa, bunu ədəbi priyom adlandırmaq olmaz. Bütün bunlar, oxucunu fəallaşdırır. Bununla siz passiv oxucunu, dinləyicini fəallaşdırmış olursuz. Bu, oxucunun romanda iştirakını tələb edir. Belə romanlardan birində əsərin qəhrəmanı olan bir qadın oxucuya aşiq olur. Beləliklə, meydana sual çıxır: Oxucu nə edəcək? Onun eşqinə cavab verəcəkmi?
- Nə vaxtsa kommunist olmusuz?
- Bir dəfə fransız jurnalıstlərindən biri, məndən kommunist olub-olmadığımı soruşdu, cavab verdim ki, "mən - sonuncu bizanslıyam." Cavabım dərc olunmadı. Görünür, o belə qənaətə gəlib ki, bizanslı olmaq, kommunist olmaqdan da pisdi.
- Həyatın təhqir edilməsinə misal göstərə bilərsiz?
- İnsanın qurub yaratdıqlarının məhv edilməsi.
- Bu cavabın bu gün vətəninizdə baş verənlərlə bağlılığı varmı?
- Hətta müharibə dövründə də mənə qalan - yalnız tikib qurmaq olub. "Küləyin içəri tərəfi"nin, ətrafındakı hər kəsin hər şeyi dağıtdığı bir vaxtda, dayanmadan ev tikən qəhrəmanı kimi.
- Bəli, keçmiş, savaşlarla doludu. Böyük ehtimalla, gələcəkdə də belə olacaq. Bunu necə izah edərdiz?
- Kitablarda tez -tez qarşımıza çıxan mifdə deyildiyi kimi, insanlar beldən yuxarı insan, belədən aşağı heyvandılar!
- Sizcə, ümid varmı?
- Bilmirəm, indi deyəcəklərim, sualınıza cavab olacaqmı, lakin fakt budu ki, tarixin heç bir dövründə, indiki qədər kitab oxunmayıb. Naşirlərimin dediyinə görə, mənim beş milyona yaxın oxucum var. Oxucuları bundan dəfələrlə çox olan yazıçılar da var. Lakin bu rəqəm, bütün dünyanın ordularındakı əsgərlərin sayından çox deyil. Yəqin ki, bu oxucular inanırlar ki, gözəllik və sevginin hər zaman üstünlük təşkil etdiyi, yaxşı romanların, oxumağa macal tapdıqlarımızdan dəfələrlə artıq olduğu bu dünyada sevgi vəhşiliyi məğlub edəcək. Məsələn, gəlin, seçiciləri yox, oxucuları sayaq.
- İndi isə son sual: müşahidələrimə görə, hər zaman qaıdınların əhatəsində olursuz. Nadir hallarda yanınızda kişi görmək olar. Niyə? Bu öz seçiminizdi, yoxsa təsadüf?
- Bu, onların seçimidi. Mənim üçün qadın, incəsənətə çevrilmək üçün kişiyə - yəni kəmiyyətə ehtiyac duyan "keyfiyyətdi". "Kişi nəyinsə yarısı idi. Daha güclü, daha qüdrətli, daha gözəl bir varlığın güclü, gözəl və istedadlı yarısı. Qadın isə tam idi. Kiçik də olsa, o qədər güclü olmasa da, o, tam idi. ("Küləyin içəri tərəfi")

 


Məbəd şəkilli ağ Tunis qəfəsi

(hekayə)


İnsan düşüncələri otaqlara bənzəyir. Onların arasında dəbdəbəli saraylar da, dam örtüyü altındakı çardaqlar da olur. İşıqlıları da var, qaranlıq olanları da. Bəzi otaqlar çaya, səmaya, bəziləri ventilyasiya lyuklarına, yaxud zirzəmiyə baxır. Sözlərsə əşyaları xatırladır, onları bir otaqdan digərinə daşımaq olar. Bizim düşüncələrimiz, başqa sözlə otaqlarımız sarayların və ya kazarmaların anfiladalarını təşkil edə, yaxud özgə evində kirayə götürdüyümüz kiçik bir guşəyə sığışa bilər. Bəzən, xüsusən gecələr özümüzü, qıfıllanmış bağlı qapılar qarşısında tapır, otaqlarımızdan bayıra çıxa bilmirik. Yuxularımız bizi xilas edib azadlığa çıxarana qədər zindanda dustaqlıq çəkirik. Yuxuları isə gözləmək lazım gəlir. O vaxta qədər isə yuxusuzluq hökm sürür. Deyirlər yuxusuzluq iki cür olur. İki bacını xatırladan yuxusuzluqlardan biri insan yata bilməyəndə, digəri isə gecəyarısı yuxudan oyananda peyda olur. Biri yalanların, digəri həqiqətin anasıdı.
Tək yaşamağa başlayandan yuxusuzluğa düçar olmuşam. Yuxusuzluqla öz xüsusi metodumun köməyi ilə mübarizə aparıram. Hər şey mən çarpayıya uzanandan sonra, xəyallarımda cərəyan edir. Peşəcə dizayner olduğumdan, əvvəl şəhərdəki ən münasib evi seçib təsəvvürümdə canlandırıram. Sonra evi təzədən tikməyə, otaqlara yeni tərtibat verməyə başlayıram. Özümdən uydurduğum mebelləri otaqlara yerləşdirirəm. Məqsədim isə, təkcə evin daha gözəl görünməsi deyil. Mən onu konkret bir şəxs üçün hazırlayıram. Müstəsna bir insan üçün. Bu ev Y. M-nin evidi.
Hər şey belə başladı...
Bir dəfə axşam gəzintilərim zamanı diqqətimi bir ev cəlb etdi və mən onun tarixi haqqında mümkün olan bütün məlumatları öyrənməyə çalışdım. Ev Savsk körpüsü ilə yuxarı qalxıb, Zeleni Venats küçəsinə çatdıqdan sonra, küləyin qarşısını almaq üçün başqa səmtə burulan Kraleviç Mark küçəsinin girəcəyində yerləşir. Binanın fasadını xaç şəklindəki pəncərlər bəzəyir. Daha belə pəncərələr düzəltmirlər. Soraq kitabçalarından oxuduqlarıma görə, "Luka Çeloviçin evi" kimi tanınan bu bina 1903-cü ildə mühəndis Miloş Savçiçin çertyojları əsasında, neobarokko çalarları ilə zənginləşdirilmiş Yeni İntibah üslubunda tikilib. Zirzəmisi, üç mərtəbəsi və çardağı olan bu obyekt həm yaşayış üçün, həm də işgüzar məqsədlər üçün yararlıdır.
Mağazaların yerləşdiyi birinci mərtəbənin iri qapı və pəncərələri, ikinci mərtəbədəki pəncərənin altındakı nəhəng tumpan[2]lar binanın əsas fasadını gözəlləşdirirdi. Binada pərvazlar konsollorla, mansardalar klassik çardaq pəncələrləri ilə tamamlanır...Girişdə L.Ç.T hərflərinin həkk olunduğu gerb və binanın Belqrad Universitetinə bağışlandığını göstərən lövhə nəzərə çarpır. Ev sahibi, qonşuluqdakı Kiçik Bazar meydanına baxan möhtəşəm binada yerləşən Belqrad ticarət palatasına uzun müddət sədrlik etmiş belqradlı məşhur tacir Luka Çeloviç (1854-1920) idi. Yaxınlıqda, çoxmərtəbəli evin küncündə Çeloviçin bürünc büstü qoyulub. Büst şimal-qərbə Çeloviçin 1972-ci ildə tərk edib Belqrada gəldiyi Trebinye şəhərinə sarı baxır. Deyilənə görə, sahilyanı ərazinin ən gözəl evlərini, doğma şəhərini tərk etdikdən sonra, Belqradda məskunlaşmış Çeloviç tikdirmişdi. O, Serbiyadakı qiyamçı-çətəçi hərəkatının banilərindən biri idi, Belqrad birjalarından böyük qazanc götürür, elmi müəssisələrə yardımlar edirdi. Deyirlər, Luka lələkli qələmin qıcırtısından hesabdarlarının nə yazdığını başa düşərmiş.
Nə vaxtsa satın aldığım, lakin geyilməyə yaramayan ayaqqabıların sayını hesablamaqdansa, yuxusuzluq vaxtı Luka Çeloviçin evini təzədən tikməyi, otaqlara yeni tərtibat verməyi qət etdim. Bilirdim ki, o ev Y. M-nin xoşuna gəlir, bunun isə mənim üçün əhəmiyyəti böyük idi. Y. M müsbət və ya mənfi enerji "zona"larını məharətlə hiss edirdi. Şəhərin baş kilsə və Sava çayı arasındakı hissəsini isə o, heç şübhəsiz, əlverişli zona hesab edirdi. Çayın aşağı sahilində - qışın payız, baharın isə qış ətri saçdığı bu yerdə Y. M əsl adından istifadə etməyə başlayırdı. Həmin zonadan çıxandan sonra isə, adı dəyişirdi və o, başqa bir adama çevrilirdi. Qısası, seçimimi Luka Çeloviçin evi üzərində dayandırdım.
Təsəvvürümdə bu binaya daxil olur, on yeddi otağın hər birində, Y. M-nın adının on yeddi hərfini dua oxuyurmuş kimi pıçıltı ilə tələffüz edirdim.
Etiraf edim ki, o vaxta qədər mən artıq xüsusi hazırlıq mərhələsindən keçmişdim. Hər gün Y. M-nı müşahidə etmək imkanımın olduğu vaxtlar, onun əllərinin, ensiz ovuclarının necə tərpəndiyini, onun necə yeridiyini, saçının necə daradığını, başını necə tutduğunu, gözəl çiyinlərini və budlarını necə tərpətdiyini, stol arxasında əyləşəndə, döşlərinin necə silkələndiyini, bədəninin necə əyildiyini, kresloda yumaq kimi büzüşəndə və ya qaçanda ayaqlarının hərəkətlərini, bomba daşıyan təyyarənin uğultusunu hamıdan əvvəl eşidəndə başını səs gələn tərəfə çevirib yerində necə donub qaldığını...görmüşdüm. Sonradan Y. M-in hərəkətlərinin qısa lüğətini hazırladım. Hər bir hərəkət üçün bir işarə təsbit etdim. Onun rəqsinin təkrarolunmaz hərəkətləri üçün işarə uydurmaq xüsusilə çətin idi. O, həmişə tək rəqs edir, bu vərdişindən heç mənim üçün də əl çəkmək istəmirdi. Y.M rəqs elədikcə daha da gözəlləşirdi. Tərtib elədiyim lüğət Nijinski kimi rusiyalı balet ustalarının öz partituralarında qeydlər aparmaq üçün istifadə etdiklərinə bənzər işarələrlə dolmuşdu. İşarələrdən lüğət düzəltməkdə məqsədim istənilən hərəkəti asanlıqla axtarıb tapa bilmək idi Nəticədə, bir növ jestlər katoloqu, sirli bir əlifba meydana gəldi. Bu əlifba bir vaxtlar Y. M. ilə "sözsüz romanlar" adlandırdığımız, böyüklər üçün kompyuter oyunlarının iştirakçılarının hərəkətlərini, sıçrayışlarını, qaçışlarını idarə edən klaviaturanı xatırladırdı. Hərəkətləri meydana gətirə bilmək üçün müxtəlif cür mebellər uydurmuşdum. Hər bir mebel üçün Y. M-nın ayrıca bir hərəkəti nəzərdə tutulurdu - qapıların açılması, siyirtmlərin çəkilməsi, yazı stolunun taxtasının endirilməsi. Bu sahədə yetərli hazırlığa malik bir adam kimi, Y. M-nın vərdişlərinə və hərəkətetmə tərzinə tam cavab verəcək evin tərtibatına girişdim. Mən, heç olmasa, təsəvvürümdə ondan evdən çıxarkən, pilləkənlə qalxarkən, qapını açarkən etdiyi hərkətləri, jestləri, dönüşləri qoparmağa çalışırdım...
Gecələr, layihəmi götür-qoy edən zaman, binanın fasadını dəyişdirməmək qərarına gəldim. Boyaların köməyi ilə binanı azca təmizləməklə kifayətləndim. Növbəti gecə isə Luka Çeloviçin evinin interyerini gözdən keçirib, pilləkənləri dəyişdirmək qərarına gəldim. Y. M.-nın bir dəfə Vyanada Auersperq sarayında barokko üslubundakı, yuxarı mərtəbədə iki yerə ayrılıb, sonra iki gözəl zolaqla aşağı enən pilləkəni qalxdığını xatırladım. Y. M. təmtəraqlı metal məhəccərə toxunmaq üçün əlini uzatsa da, birdən fikrindən daşınıb əlini geri çəkmişdi. Pilləkənin axırıncı, dəyirmi uclu pilləsindən necə çevrilib endiyini xatırlayıram. Belqrad ticarət palatasının yerləşdiyi binada da belə bir pilləkən var idi. Odu ki, Luka Çeloviçin evində də belə bir pilləkən ucaltmaq pis olmazdı. Bir gecə xəyalımda birinci mərtəbədəki mağazaların giriş hissələrini dağıdıb iki istiqamətə haçalanan yeni pilləkən üçün yer açdım. Yeni pilləkən daşdan idi, məhəccərləri isə Y.M.-nın Vyanadakı kimi, metalın soyuğundan qorxub, əlini geri çəkməməməsi üçün qoz ağacından hazırlanmışdı. Çarpayımda uzanıb nəfəs tutanda, iki istiqamətə ayrılan yeni pilləkəni aydın şəkildə görsəm də, nəfəsimi buraxan kimi pilləkən yoxa çıxırdı.
Uçurduğum mağazaların vitrinlərində Y. M-nın mənə danışdığı yuxularının vitrajlarını yaratdım. Girişin sol tərəfində yuxusunda gördüyü buludlar təsvir edilmişdi:
"Göy üzünü mamır kimi sıx və hərəkətsiz buludlar örtür. Otların üstünə arxası üstə uzanmış insanlar buludların hündür ağacların zirvələrinə yapışmasına tamaşa edirlər.Böyük şəhərlərdə bitən mamırlar göydələnlərin zirvələrinə qədər ucalıb, bütöv planeti zireh kimi əhatələyirlər. Səmadakı bataqlığın nəhəng və ölü örtüyü bəzən aşağı əyilir. Bu zaman Yerin mamırla örtülmüş qübbəsi silkələnməyə başlayır. İnsanların başı gicəllənir. Təyyarələr daha uçmurlar..."
Yuxusuz gecələrimdən birində, Luka Çeloviçin evinin arxa hissəsində iki mətbəx, yaz və qış otaqları, böyük və kiçik iki vanna otağı tikdim. Üç pəncərəli çardağı botanika bağına çevirdim. Burda Y. M səhər yeməyi yeyə, öz al-əlvan siqaretlərini çəkə bilərdi. Kobud tikinti işlərini başa çatdırdıqdan sonra, otaqların içini qaydaya salmağa başladım. İşi gecələr çarpayımda uzanıb xəyalən yerinə yetirsəm də, peşəmin tələb etdiyi heç bir zəruri məqamı adlamadım. Kalemeqdanın yanındakı emalatxanada qapıların tutacaqlarını və çərçivələrini sifariş verdim. Dəmir məmulatlarını həmişə ordan alsam da, bu dəfəki sifarişlərim əvvəlkilərdən xeyli fərqlənirdi. Tutacaqların heç biri o birinə bənzəməməli idi. Hər bir qapı dəstəyi Y. M-nın uzun barmaqlarını müxtəlif hərəkətlərə sövq etməli idi. Emalatxanın hazırlayıb təhvil verdiyi tutacaqlara baxmaqdan doymurdum. Qapı dəstəklərindən biri quş şəklində idi. Y. M yuxarı mərtəbədəki rəqs zalına daxil olmaq istəyəndə ona toxunmalı idi. Qapılardan birinin dəstəyi yay, digəri çin yelpiyi şəklində idi. Bəzi tutacaqlar şüşə almanı, bəziləri mərmər topu xatırladırdı. Yataq otağının qapısı üçün küknar ağacından tutacaq hazırlatdım ki, bu otaqdan həmişə qarla örtülmüş meşənin ətri gəlsin. Giriş qapısının tutacağı XVII əsrdə xanımlar üçün hazırlanan revolverləri xatırladırdı. Çaxmaq çəkiləndə qapı açılırdı. Bütün qapıları açmaq üçün tələb olunan əl hərəkətləri Y. M-nın "Ausensia" adlı sevimli melodiyasının sədaları altındakı rəqsinin əlliyə yaxın taktını təşkil edirdi...
Bəzi günlər Luka Çeloviçin evinə baxmağa gedirdim. Acınacaqlı vəziyyətdə olan bina xəyallarımdakından dəfələrlə çirkin görünürdü. Birinci mərtəbədəki mağazaların pəncərələri tozla örtülmüşdü, əsas girişin küncündəki pillələrdə başına yamaqlı papaq taxmış, qulaqlarını quruyub dərisinə yapışmış təraş köpüyü bəzəyən, tənbəki çəkən bir tip otururdu. Müştükdən yaş keçi buynuzun iyi gəlirdi. Bu mənzərəni görüb məyus olsam da, gecə düşəndə otağın hər küncünü böyük ciddi-cəhdlə bəzəməyə davam edirdim. Luniçin dəmir emalatxanasına əlli cüt bürünc dodaq sifariş verdim. Bu metal kişi və boyalı qadın dodaqları bütün otaqların divarlarına səpələnməli, ventilyasiyaya birləşdirilib, külqablarını əvəz etməli, Y.M-nın bütün evə yaydığı siqaret tüstüsünü sormalı idilər. Üçüncü mərtəbədəki bütün divarları uçurub son dərəcə geniş bir "musiqi otağı", daha doğrusu, keçmiş Kiçik bazara baxan üç pəncərəli rəqs otağı əldə etdim. Burda Y. M "Ay işığı"nın coşğun sədaları altında öz bitib-tükənməz rəqs ehtiyacını təmin edə bilərdi. Rəqs üçün otağa Y.M- nın tez-tez məmnuniyyətlə xatırladığı Şartr kilsəsindəkinə bənzəyən yeni parket döşənmişdi.
Böyük vanna otağını üçüncü mərtəbədə, həyət tərəfdən yerləşdirdim. Qəlyan şəklindəki qapı dəstəyini endirdikdən sonra, dördbucaqlı, geniş və demək olar, boş bir otağa daxil olmaq mümkün idi. Otağın tavanı buludlarla örtülü səmanı xatırladırdı. Addımınızı bənövşəyi və solğun qara rəngli pilətələrin üzərinə atan kimi, diqqətinizi otağın o biri başındakı qırmızı, suyadavamlı ədyalla örtülmüş şüşə çarpayı cəlb edir. Su axınının sıxlıq və istiqamətini tənzimləyən düymənin basılması ilə vanna otağında yağış yağmağa başlayır. Beləliklə, Y. M şüşə çarpayısına uzanıb yağışın altında yata, yaxud musiqi mərkəzini işə salıb leysan yağışın və "Xəzər yolu"nun sədaları altında rəqs edə bilər. Vanna otağının pəncərəsi - insan hündürlüyündəki büllur yarımkürəni xatırladır. Pəncərənin tutqun şüşələrində Y. M-nın kiçik oğlunun böyüdülmüş şəkli nəzərə çarpır. Uşaq ayaqüstə dayanıb, koka-kola içir. Y. M-nın iş otağının tavanından asılmış kreslonun ortasına oturacaq yerinə, üzəngitutan və ön yəhər qaşı ilə birlikdə əsl yəhər yerləşdirilib. Beləliklə, Y. M kompüterdə işlədikdən sonra yəhərdən yapışıb çiyinlərinə və belinə istirahət verə bilər. Divarlardan biri bütövlükdə kompüterin monitorundan ibarət olacaq. Beləliklə, o öz sevimli qəhrəmanı, "ikinci mən"i Lara Kroftu bütün qaməti ilə görə biləcək. Y.M-nın nəşr olunmuş bütün əsərlərini və sevimli kitablarından ibarət elektron kitabxananı yüklədiyim noutbuku, ona hədiyyə etmək üçün, yəhərin cibinə qoymuşam. Divardakı şüşələrin ardında, məxmər parçanın üstündə Y. M-nın məktəb illərində istifadə etdiyi qələm yerləşdirilib.
Böyük mətbəx elə tərtib olunub ki, yay aylarında səmada uçan quşların, qışda isə qar dənələrinin kölgələri tavana düşür. Mətbəxə həm də Y. M-nın çox sevdiyi Karnuoll və Misirin xəritələrinin təsvir olunduğu saxta pəncələrdən işıq düşür. Divardan asılmış kobud dəsmalın üstündə küp, soba və iki kənd gözəli təsvir olunub. Dəsmalın üstündə, qırmızı sapla bu sözlər yazılıb.
- Kələm soyumamış ye, xaç ana!
- İşləməyə başlayanda pendir yemişdim, ac deyiləm!
Mədən şəklindəki ağ Tunis qəfəsini küncdə, kreslonun yanında yerləşdirdim. Qəfəsin içində Y.M-nın Yunanıstanda tapıb, sevdiyi Konstantinaya bənzəyən zolaqlı bir pişik yatırdı. Y. M. həmişə deyirdi ki, Konsantina öz yuxuları əvəzinə onun yuxularını görür. Y. M heç vaxt "doxsanıncı illər" mahnısını iki dəfə dinləmək üçün tələb olunandan artıq vaxt tələb eləyən yemək hazırlamırdı. Onun bu qısa müddət ərzində gördüyü işi görmək üçün, başqa bir qadına bir saat, hətta bir saat yarım vaxt tələb olunardı. Y. M həmişə gülə-gülə deyirdi: "O qədər sürətlə yaşayıram ki, iki ilə səndən də qoca olacağam". Halbuki mən onun atası yaşındayam. Y. M.-nın öz şüarı var idi: "Yeməyi hazırlamaq üçün sərf olunan vaxt , yemək üçün tələb olunan vaxtdan artıq olmamalıdır".
Kiçik vanna otağında üçbucaqlı vanna-cakuzi, büllur stəkan və "ramazotti" şüşələrinin qoyulduğu kiçik şüşə şkaf var idi. Y. M çarpayıda uzana -uzana, istədiyini götürə bildiyi kimi, vannadan qalxmadan özünə içki süzə bilməli idi. Vanna otağının mərkəzində orta əsrlər üslubunda hazırlanmış təxtirəvan yerləşdirilib. Döşəkçənin altındakı fil sümüyündən hazırlanmış oturacaqda yumru deşiklər nəzərə çarpır. Oturacağın altındakı boş, mərmər sandıqdan keçib yerin altına enmək mümkündür. Sandığın dibindən kanalizasiya suları axır...
Y. M-nın yataq otağı, üçüncü mərtəbədə böyük vanna otağının yanında yerləşir. Kiçik qarderob otağı yataq otağına bitişikdir. Y. M-ya həm qadın paltarları, həm də kişi kostyumları və şlyapalar yaxşı yaraşırdı. O, böyük məmnuniyyətlə həm mənim, həm də öz libaslarını geyinirdi. Onun ayaqqabıları on illərlə köhnəlmirdi. Həm Y.M-nın libaslarını, həm də öz kosyumlarımı şkafdan asdım.
Düşünmədən iki pəncərənin arasına yerləşdirdiyim mavi divan və küncündə deşiyi olan qəribə güzgünü saymasaq, yataq otağını heç vəchlə qaydaya sala bilmirdim. Bu isə təəccüblü deyil. İşimin nəticəsi, hər şeydən əvvəl, yataq otağının necə tərtib olunacağından asılı idi. Axı mən evə yalnız yuxusuzluğumu məğlub etmək üçün tərtibat vermirdim. Bunun üçün daha vacib... başqa bir səbəb də var idi: Evə daxil olduğu andan yuxuya gedənə qədər hərəkətlərini xəyalımda canlandırmaq kimi axmaq bir üsulla da olsa, mən Y. M-nı yenidən həyatıma qaytarmaq istəyirdim. Evə yerləşdirdiyim əşyalar Y.M-nın hərəkətlərini xəyalımda canlandırmağa kömək edirdi. O, mənim tanıdığım ən qıvraq qadın idi. O, ən birinci görməyi, birinci əlini uzatmağı, sapanddan daş atarcasına caab verməyi bacarırdı. Məhz bu qədər cəld olduğu üçün düşünürdüm ki, Y.M hərəkətlərinin xəyallarımda cəmlənmiş materiyasını hiss edə və nə qədər ki, gec deyil onlara cavab verə bilər. Bəlkə də o, bir gecə həqiqətən addımlarının və rəqslərinin inikas etidiyi bu evə baxmağa gələcəkdi.

*
Yuxusuz gecələrin sonunda açılan boz səhərlər hər dəfə ümidlərimi puç edirdi. Belə səhərlərdən birində, müştərilərdən birinin zənginə cavab verməyimi xahiş etdiyni öyrənsəm də, ona dərhal zəng edə bilmədim. Bir neçə gündən sonra, telefonum zəng çaldı. Bir kişi səsi özünü təqdim edib, mənə iş təklif etdi. Onun Belqradda layihələrim əsasında yaradılmış bir neçə interyerlə tanış olduğunu eşidib razılaşdım. Ünvanı eşidəndə, isə az qala huşumu itirəcəkdim. Söhbət Kraleviç Mark küçəsindəki həmin evdən gedirdi.
- Bəlkə də evi artıq tanıyırsız? Luka Çeloviçin evi. Bəzi işlər yarımçıq qalıb. Buna görə də, sifarişçinin adından sizi dəvət edirəm... - telefondakı səs dedi.
Sifarişçi ilə nə vaxt görüşəcəyimizi dəqiqləşdirmədən, həmin dəqiqə ayağa sıçrayıb Kraleviç Mark küçəsinə getdim. Luka Çeloviçin evində edilmiş dəyişikliklər uzaqdan diqqəti cəlb edirdi. Hər iki tərəfdən mağazaların vitrininə vitrajlar yerləşdirilmişdi. Sol tərəfdə qəribə bir mənzərə və buludlar təsvir olunmuşdu. Şüşənin üstünə şəkil çəkilmişdi. Göy üzünü mamır kimi sıx və hərəkətsiz buludlar örtmüşdü. Otların üstündə arxası üstə uzanmış insanlar buludların hündür ağacların zirvələrinə yapışmasına tamaşa edirlər...
Çaşqınlıq içində revolver şəklindəki dəstəyi tutub, çaxmağı endirdim. Qapı açılanda, barokko üslubunda tikilmiş iki istiqamətə ayrılan pilləkəni gördüm, yaş keçi buynuzlarının iyini hiss elədim.
Məni təəcübünü gizlədə bilməyən, tənbəki çəkən, yamaqlı şlyapalı kişi qarşıladı. Görünür, o burda qarovulçu işləyirdi. Kişinin qışqırıqlarına fikir vermədən, qoz ağacından hazırlanmış sürahidən tutub, var gücümlə yuxarı qaçmağa başladım. Yüyənin silkələndiyi, iş otağından keçdim, Konstantinanı qorxudub mətbəxin yanından ötdüm. Tir-tir əsə-əsə burnumun altında deyirdim:
- Ola bilməz. Ola bilməz... -
Bu vaxt başımdan aşağı yağış yağmağa başladı. Yataq otağına aparan yolu qısaltmaq üçün qaça- qaça hələ yağışın kəsilmədiyi böyük vanna otağından keçdim. Tamamilə islanmış halda, yuxusuz gecələrim ərzində qaydaya salmağa macal tapmadığım otağın - yataq otağının qarşısında dayandım. Otaqda demək olar ki, mebel yox idi. Yalnız iki pəncərənin arasında kiçik mavi bir divan qoyulmuşdu.
Qulaqlarından qızılı siqareti xatırladan sırğalar sallanan, ayaqlarını altına yığıb divanda əyləşmiş qarasaçlı Y.M özündən qoca təbəssümü ilə gülümsəyirdi. Həmişəki kimi, qara donun və parlaq corabların altından onun bədənini və hərəkətsiz dişi vücudunun çevikliyini hiss etdim. "De ki, bu həqiqət deyil!" - heyrətdən donmuş halda dilləndim:
- Siçan kimi islanmısansa, necə həqiqət olmaya bilər?
- Bəs onda bu nə deməkdi? - axmaqcasına soruşdum.
Y. M güldü.
- İzah axtarmaq nəyinə lazımdı? Əsas odu ki, yenə bir yerdəyik. Məgər sevgini izah etmək lazımdı? Amma mütləq öyrənmək istəyirsənsə, deyim. Burda heç nə həqiqət deyil. Giriş qapısındakı taxta tutacaqdan tutmuş şüşə tavana qədər, heç nə əslində mövcud deyil. Burda hər şey saxta sonsuzluq və bir anlıq əbədiyyətdir.
- Bəs sən? - mən boğuq səslə soruşuram.
- Əlbəttə, mən də mövcud deyiləm.
- Sənə inanmıram - Y.M-ya tərəf bir adım atıram. Qadının ətrini duymaq onun fikirlərini oxumağa bərabərdi. Onun saçlarının ətrini duydum. O, yerindən qımıldanmadan cavab verdi:
- İnanıb-inanmamağın o qədər də vacib deyil, çünki sən də mövcud deyilsən.
- Mən də?
- Sən də. Biz kompüter oyununun içindəyik. Bizi bura əsl Y. M yükləyib.

[1] əvvəldən və axırdan eyni cür oxunan söz
[2] binanın heykəllərlə və s. bəzədilən qabaq hissəsi

DİGƏR MƏQALƏLƏR