BƏŞƏRİ POEZİYA
Aleksandr Blok

(1880-1921)

Varşava Universitetinin hüquqşünaslıq üzrə professorunun ailəsində dünyaya gələn Aleksandr Blok valideynləri boşandıqdan sonra, babası - Peterburq Universitetinin rektoru, D. İ. Menedeleyevin dostu, botanik A.N. Beketovun evinə köçməli olur. Peterburqda da, Şaxmatovdakı ailə mülkündə də Bloku olduqca mədəni və xeyirxah bir mühit əhatə edirdi.
Aleksandr gimnaziyada təhsil alır, aktyor olmaq arzusu ilə yaşayırdı. O, həvəskar tamaşalarda iştirak edir, fəlsəfə və fəlsəfi-mistik lirika ilə maraqlanır, şeirlər yazırdı. 1898 - 1901-ci illərdə Peterburq Universitetinin hüquq fakültəsində təhsil aldıqdan sonra, o, filologiya fakültəsinə keçmək qərarına gəlir və 1906-cı ildə ali təhsilini tamamlayır. 1903-cü ildə D. İ. Mendeleyevin qızı Lyubov Mendeleyeva ilə ailə qurur. Evlilikdən sonra blokun həyatı zahirən sakit keçir. O, tez- tez Almaniyada, Fransada olur, İtaliya və Holandiyadakı muzeylərə baş çəkirdi. Lakin Blokun zahirən sakit həyatı, əsas mahiyyəti yaradıcılıq olan daxili aləminin dərin dramatizmi və parlaqlığı ilə uyuşmurdu.


1904-cü ildə "Qrif" nəşriyyatında onun incə lirika və simvolzimin parlaq nümunəsi olan ilk şeirlər toplusu işıq üzü görür. 1907-ci ildə Moskvada "Təsadüfi sevinc", Peterburqda isə "Qar maskası" adlı şeir topluları işıq üzü görür. 1908-ci ildə Peterburqda "Lirik dramlar", Moskvada isə üçüncü şeirlər toplusu və Qrilpartserin "Böyük ana" faciəsinin tərcüməsi nəşr olunur. 1911-ci ildə Moskvada "Gecə saatları" adlı dördüncü şeirlər toplusu, 1912-ci ildə isə əsərlərini üçcildliyi işıq üzü görür. 1907- 1908-ci ildə Blok, Bayron Heyne və Ryutbefin əsərlərini tərcümə edir.


Aleksandr Blokun ən məşhur əsəri isə on iki illik fasilədən sonra 1918-ci ildə yazılan "On iki" poemasıdır.
Məşhur şair 1921-ci ildə Petroqradda vəfat edib.

 

Aleksandr BLOK

Tərcümə: Firuz Mustafa


Səhər dumanında çıxıram çölə,
Günəş üz-gözümü öpür həvəslə.
İstəkli mələyim, sənsənmi belə
Uçursan yanıma qanadlar üstə?


Taybatay açılar ağır qapılar!
Mehin rayihəsi dolur içəri.
Bu yanda bax bu cür oynaq mahınlar
Nəsə səslənmirdi lap çoxdan bəri.


Səhər dumanında o nəğmələrlə
Öpür üz-gözümü günəşlə külək.
İstəkli mələyim, onlarla birgə
Uçursan yanıma qanad gərərək.

3 oktyabr

 

S.Solovyova həsr olunur.


Şübhəli kölgələr gəzir, dolaşır,
Ucadan səslənir kilsə zəngləri.
Kilsənin işıqlı pilləsi, daşı.
Yolunu gözləyir bayaqdan bəri.

Sən burdan keçəndə toxunacaqsan
Əsərləri geymiş soyuq daşlara.
Bahar çiçəkləri bəlkə də o an
Sənin hüzurunda geyəcək qara.

Boy verir çəhrayı mübhəm kölgələr,
Ucadan səslənir kilsə zəngləri.
Dumanda uyuyur qədim pillələr,
Səni gözləyirəm nə vaxtdan bəri.

4 yanvar 1902

 

***
Qaranlıq məbədə mən çathaçatda
Müqəddəs ayini icra qılaraq,
Orda qəndillərin işığı altda
Bir Gözəl Qadını gözləyirəm, bax.

Uca sütünların boz kölgəsində
Qapı səslərindən əsirəm tir-tir.
Mənim üz-gözümdə, sir-sifətimdə
Təkcə Onun şəkli əks olur indi.

Ah, mən alışıram möminlər təki
Əbədi Xanımın şah cübbəsinə.
Pərvazlar boyunca qaçışır sanki
Yuxular, nağıllar, gülüşlər yenə.

Şamlar nə incədir, ey Müqəddəsim,
Sanki üz-gözündən şəfəqlər yağır!
Mənə çatmasa da səsin, nəfəsin
Əminəm: Sən mənə-Əzizsən axı.

25 oktyabr 1902

 

***
Yuxuda üstümə xoşbəxtlik yağır,
Yuxuda gördüm tənha deyiləm.
Yuxudan ayıldım səhərə yaxın -
Çat verən buzların səsi bir aləm

Sanki bir möcüzə sarmışdı məni...
Hardasa baltanı itiləyərək
Şən, sağlam adamlar yarıb gecəni
Tonqal çatırdılar nəğmə deyərək.

Qətran çəkirdilər taxta qayığa...
Çaysa oxuyaraq öz nəğməsini
Qatıb qabağına dalğalarının
Qovurdu buzları, avar səsini.

Sanki sərxoş idim şən nəğmələrdən,
Könlüm xoşbəxliklə siləbəsilə...
Bahar sevinciylə köklənmişəm mən,
Bilirəm, Sən tənha, yalqız deyilsən.

11 mart 1903

 


***
Gecə,küçə, aptek, bir də ki, fanar,
İşıqlar - mənasız, dumanlı, boyat.
Hələ bir qərinə yaşamaq olar,
Yaşa - xeyri yoxdur, bu cürdür həyat.

Ölsən - başlayacaq hər şey təzədən,
Görməzsən keçmişin bir faydasını.
Gecə, buz yaşmaq var çayın üzündə
Aptek, küçə, fanar - öz qaydasında...
10 oktyabr 1912

 


***
Uca dağın, göy meşənin,
Tozlu yolun o üzündə,
Qəbirstanlıq civarında
Çiçək gördüm göy üzündə.

Dağlar bəyaz geyinəndə,
Meh öpəndə çöl-çəməni,
Mən kədərlə düşünürəm
Qərib qalan dünənimi.

Yuxuda görüb səni
Yapışıram əllərindən.
Sehrlənib təkrar-təkrar
Söyləyirəm adını mən.

30 sentyabr 1915


Çalağan

Uçur çalağanlar, çaylaq quşları,
Ona bu çəmənlər, çöllər doğmadır,
Mürgülü güllərin gözü yaşarıb...
Bir ana sızlayır indi daxmada:
«Oğul, döşlərimdən süd əm doyunca,
Böyü, itaət et, sən üz tut xaça».

Əsrlər ötüşür, dinir cəbhələr,
Kəndlər alovlanır, el batır yasa.
Mənim doğma yurdum, qəmli, mükəddər
Analar ağlayır. Sən sızlayırsan.
Nə vaxt qurtaracaq bu göz yaşları?
Çoxmu vurnuxacaq çaylaq quşları?

22 mart 1916

DİGƏR MƏQALƏLƏR