İNGİLİS ƏDƏİIYYATI
Somerset Moem

(1874-1965)


Somerset Moemin «Lambetli Liza» adlı romanının dərc olunduğu ilk kitabı 1897- ci ilə, sağlığında işıq üzü görən sonuncu «Keçmişə nəzər» adlı avtobioqrafik qeydlərdən ibarət kitabı isə 1962- ci ilə təsadüf edir. Böyük ingilis nasiri, dramaturqu, esseisti, ədəbi tənqidçisi Somerset Moemin bu altmış beş illik yaradıcılıq ömrü saysız-hesabsız romanlar, novellalar, pyeslər, esselər, məqalələr və s. zəngin olub.


Moem bir nəfəsə yüngül oxunur. Amma bu yüngüllüyün arxasında üslub üzərində ağır və cilalı iş, yüksək peşəkarlıq, söz və fikir mədəniyyəti dayanır.
XX əsr ingilis ədəbiyyatı klassikləri ilə bir cərgədə yer alan Moem Parisdə Britaniya səfirliyi işçisinin ailəsində dünyaya gəlib. Valideynlərini erkən itirən gələcək yazıçı İngiltərənin cənub-qərbindəki Utstebi şəhərində yaşayan əmisinin himayəsi altında böyüyüb. Öz tərcümeyi-halı yazıçının yaradıcılığına əsaslı təsir göstərib. Belə ki, Moem oxuduqlarından çox eşitdiklərinə, gördüklərinə, duyduqlarına, daha doğrusu kitabdan çox həyata inanıb.


«Uzun düşüncələrdən sonra qərara aldım ki, yaradıcı insan əsərlərində yalnız aydınlığa, sadəliyə və xoş mərama can atmalıdır». Son əsərlərindən olan müəyyən mənada avtobioqrafik «həyatımın yekununda» romanında Moem gəldiyi qənaəti oxucusuyla bölüşür. Yəqin elə bu uzun düşüncələrin bəhrəsidir ki, Moem nəsri bütün təbiiliyi, sədəliyi üslub bər-bəzəklərindən xaliliyi müqabilində emosional həddə təsirli və həyatın bzü qədər həyatidir.
Moemin kitabları və şəxsiyyəti birmənalı qəbul edilməyib və dünən də, bu gün də mübahisələr doğurub. Somerset Moemə bu mürəkkəb münasibət çox güman ki, sabah da davam edəcək. Amma bir şey şəksizdi ki, oxucunun yazıçıya inamı heç vaxt itməyəcək, çünki Moem də öz obrazlarına inanır, onu nədə də olsa yaratdıqlarına laqeydlikdə günahlandırmaq mümkün deyil. Moem ən xırda obrazlardan tutmuş, baş qəhrəmanlaracan hamısıyla birgə yaşayır, daqışır, yeriyir, nəfəs alır. Yəqin Moemin əsərlərinin nəsillərdən nəsillərə ötürülməsinin sirri də elə bundadır.

 

 

Somerset MOEM


TEATR

Tərcümə: Yaşar



Dördüncü hissə

Pasxa yaxınlaşırdı. Cimmi Lenqton adəti üzrə hər il pasxa ərəfəsinin son həftəsində teatrı bağlayırdı. Culiya nə edəcəyini bilmirdi. Belə qısa vaxt içində Cersiyə getsinmi? Yox, düzgün qərar deyil. Bir səhər özü də gözləmədən Mayklın anası missis Qosselindən məktub aldı. Yazılmışdı, əgər bir həftəliyə Mayklla Çeltnemə gəlsələr, onunla palkovniki məmnun edərlər. Culiya məktubu göstərəndə Mayklın çöhrəsinə sanki bir əlçim nur qondu:
- Dəvət üçün mən xahiş elədim. Düşündüm ki, səni yanıma salıb aparmaqdansa, belə daha abırlı olar.
- Sən ürəksən. Əlbəttə, mən məmnuniyyətlə gedəcəm.
Culiyanın xoşbəxtlikdən ürəyi quş kimi köksündə çırpınırdı. Bütöv bir həftəni Mayklla birlikdə keçirməkdən gözəl nə ola bilər?! Özü də Maykl yenə özünü vaxtında yetirdi. Onun tərəddüd içində qaldığını bilən kimi dadına yetişdi. Amma elə bu an gördü ki, Maykl nədənsə narahatdı.
- Nə məsələdi?
Maykl xəcalətlə gülümsəyib:
- Bilirsən, əzizim, mənim atam bir az köhnə fikirli kişilərdəndi, - dedi, - elə şeylər var ki, bundan sonra daha çətin qavrasın. Əlbəttə, istəməzdim ki, yalan danışasan, amma qorxuram, sənin baytar qızı olmağın atama qəribə gələ. Məktubda səni özümlə gətirə biləcəyimi onlardan soruşanda, atanın həkim olduğunu yazmışam.
- Bunun, nə fərqi var, axı?
Culiya dərhal gördü ki, polkovnik heç də təsəvvür elədiyi kimi bazburutlu birisi deyilmiş. O, arıq, bəstə boylu bir kişiydi. Üzünü qırış basmışdı, ağ saçları qısa vurulmuşdu. Cizgilərindən qədimi bir nəciblik boylanırdı. O, uzun müddət dövriyyədə olan dəmir pulun üstündəki profili xatırladırdı. Özünü istiqanlı göstərsə də təmkinini unutmurdu. O, polkovnikləri yalnız səhnədən tanıyan Culiyanın qorxduğu kimi zalım, yaxud tez özündən çıxanın birisi deyildi. Culiya onun belə ədəbli, kifayət qədər təmkinli səslə necə komanda verməsini ağlına sıxışdıra bilmirdi. Doğrusu, Qosselin alayın fəxri rəhbəri vəzifəsindən istefaya göndəriləndə, arxasında elə də şərəfli hərbi keçmişi qalmamışdı. Artıq uzun illər idi ki, o, ya öz bağında eşələnməklə, ya da klubda bric oynamaqla kifayətlənirdi. «Taym»ı oxuyur, bazar günləri kilsəyə yollanır və arvadıylı çay qonaqlığına gedirdi. Missis Qosselin uca boylu, kök, yaşlı bir qadın idi. Hətta ərindən hündür idi və hər dəfə ona baxanda adama elə gəlirdi ki, o qadın daim büzüşüb balaca görünməyə çalışır. Keçmişin cazibəsinin izləri hələ də simasında qalmışdı. Və bu, onun gəncliyində gözəllər gözəli olduğundan xəbər verirdi. O, başının düz ortasından tağ ayırıb hörüklərini boynunun arxasına yığırdı. Sifətinin klassik cizgilərinə və boyuna görə, missis Qosselin Culiyanın gözünə ilk baxışdan kifayət qədər əzəmətli göründü, amma tezliklə məlum oldu ki, o qadın həddən ziyadə utancaqmış. Onun hərəkətləri ləng və donuq idi, geyimi qəti ona yaraşmırdı - zövqsüz, köhnə dəbli zər-ziba. Utanmaq nə olduğunu yerli-dibli bilməyən Culiya gəncliyini çoxdan arxada qoymuş qadının bu utancaqlığından əməllicə təsirlənmişdi. Missis Qosselinə ömrü boyu aktrisa ilə görüşmək nəsib olmamışdı və o, bu çətin vəziyyətdə özünü neçə aparmalı olduğunu bilmirdi. Ev elə də möhtəşəm deyildi: çox da böyük olmayan içi malalı yaşayış yeri və hasarı diri dəfnə kollarının əvəzlədiyi bağ. Qosselinlər bir neçə illərini Hindistanda keçirdiklərindən otaqlarda böyük mis məcməyilər və güldanlar var idi, əllə işlənmiş balaca stolların üstünə isə hind naxışları vurulmuşdu. Bütün bunlar oranın bazarından çox ucuz qiymətə alınan şeylər idi. Heyrətli olan kiminsə hansısa ağılla bütün bunları İngiltərəyə daşıyıb gətirməyə qərar verməsi idi.
Culiya heç də axmaq deyildi. Polkovnikin təmkinlə,missis Qosselinin utancaqlıq pərdəsi arxasından ona göz qoyduqlarını başa düşmək üçün Culiyaya çox vaxt lazım gəlmədi. Ürəyinə damdı ki, Maykl onu bura valideynlərinə göstərmək üçün gətirib. Niyə? Cavab yalnız bir ola bilərdi və elə bu, Culiyanın ağlına hakim kəsiləndə, ürəyi sinəsində quş kimi çırpınmağa başladı. Culiya görürdü ki, Maykl onun yaxşı təsir bağışlamasını çox istəyir. İntuisiyası Culiyaya deyirdi ki, aktrisalığını gizlətməlidi. Odur ki, özünə əziyyət-filan vermədən, məqsəd güdmədən bütün ömrünü can rahatlığıyla təbiət qoynunda keçirən sadə, ciddi, ürəyiaçıq qız obrazına girdi. Hiss edirdi ki, bu qiyafədə onu bəyənəcəklər. Polkovniklə bağda gəzərkən nəfəsini belə dərmədən onun noxud və qulançar haqqında dediklərini dinləyir, qonaq otağını başına alan bəzəkli şeylərin üstünün tozunun silməkdə, gülləri sulamaqda missis Qosselinə kömək edirdi. O qadın Culiya ilə Maykl barədə danışırdı. Onun səhnə istedadından, insanlar arasındaki şöhrətindən söz açırdı, Mayklın gözəlliyindən qürur duyduğunu deyirdi. Culiya görürdü ki, missis Qosselin hər ikisiylə fəxr edir və daxilindən gələn səs Culiyaya deyirdi ki, əlbəttə, həddən ziyadə ölçülü, sanki hən şeyi gizlində saxlamaq istəsə də özündən xəbərsiz sirri üzə çıxan bir tərzdə onun oğluna bir könüldən min könülə vurulduğunu büruzə versə, bu, missis Qosselinin xoşuna gələcək.
Missis Qosselin:
- Təbii ki, biz onun uğur qazanacağına ümidliyik, - dedi, - amma o, səhnəni seçəndə bir o qədər də sevinmədik. Biz hər iki tərəfdən nəsillikcə hərbiçiyik. Sıra Maykla çatanda o, başqa söhbət eşitmək belə istəmədi.
- Hə, əlbəttə, sizin nə demək istədiyinizi yaxşı başa düşürəm.
- Bilirəm ki, indi hər şey mənim gəncliyimdəkindən xeyli fərqlənir, amma o, hər halda, əsl centlmendi.
- Yox, yox, indi səhnəni ən abırlı insanlar seçir. İndi köhnə vaxtlarda olduğu kimi deyil.
- Yəqin ki, belədi. Onun sizi bizə gətirməyinə çox şadam. Amma düzdü bir az həyəcanlıydım. Elə bilirdim, siz çox boyalı olacaqsız və... həm də kobud. Heç kim inanmaz ki, siz aktrisasız.
(«Əlbəttə, lənət şeytana, kəndli xanımı kim mənim kimi oynaya bilər. Düz iki gündü bu roldayam».)
Polkovnik onunla zarafata keçmişdi və hətta hərdən gülə-gülə qulağını da çəkirdi.
Culiya hiyləgər, canalan baxışlarını ona tuşlayıb ucadan deyirdi:
- Lazım deyil, polkovnik, mənim saqqızımı oğurlamağa cəhd eləməyin. Bircə ona görə ki, aktrisayam deyə elə bilirsiz, mənimlə necə gəldi rəftar eləmək olar?
Missis Qosselin gülümsünüb:
- Corc, Corc, - deyirdi və sonra üzünü Culiyaya tutub əlavə edirdi. - O, həmişə qızlara qulluq eləməyin həvəskarı olub.
(«Lənət şeytana, hər şey yağ kimi gedir!»)
Missis Qosselin ona Hindistandan danışırdı. Deyirdi ki, ordakı qulluqçuların hamısı ucdantutma qaradərili olsalar da hökumət məmurlarından və hərbçilərdən ibarət cəmiyyətdə hamı gözəgəlimli imiş. Amma öz evin daha yaxşıdı. Odur ki, geriyə, İngiltərəyə qayıdanda o qadın çox sevinirmiş.
Onlar bazar ertəsi - pasxanın ikinci günü geri qayıtmalıydılar. Çünki həmin günə tamaşa təyin olunmuşdu. Axşam şam yeməyindən sonra polkovnik məktub yazmaq adıyla kabinetinə keçdi, bir neçə dəqiqədən sonra missis Qosselin də aşpazla danışmaq üçün yerindən qalxdı. Otaqda ikisi qalmışdı. Maykl sobanın yanında dayanıb siqaret yandırdı.
- Elə bilirəm, günün burda o qədər də şən keçmədi. Ümid eləyirəm ki, lap çox darıxmamısan, eləmi?
- Çox gözəl günlər keçirdim.
- Valideynlərimin sonsuz rəğbətini qazanmısan. Səni dəhşətli dərəcədə bəyəniblər.
«İlahi, bunun üçün canım çıxıb».
Culiya ürəyində elə, dilində isə belə dedi:
- Hardan bilirsən?
- Öz gözümlə görürəm. Atam deyir ki, səndə aktirisalıqdan əsər-əlamət belə yoxdu, əsl xanımsan, anam da çox ağıllı olduğunu təsdiqləyir.
Culiya baxışlarını aşağı dikdi, sanki tərifin əndazəni aşmasından utandı. Maykl otağın ortasına gəlib onun qarşısında dayandı. Culiyaya elə gəldi ki, indi o, işə götürülməsini xahiş eləyən gənc və gözəl nökərə bənzəyir. O hələ Mayklı belə həyəcanlı görməmişdi. Culiyanın ürəyi az qalırdı yerindən çıxa.
- Culiya, əzizim, mənə ərə gələrsənmi?
Bütün bu həftəni öz-özündən soruşmuşdu ki, görən, Maykl ona evlənmək təklifi edəcəkmi? İndi nəhayət, bu baş verəndə, Culiyada bir qəribə sıxıntı əmələ gəldi.
- Maykl!
- Səni tələsdirmək istəmirəm. Qoy hələ ayağa duraq, uğura gedən yolda heç olmasa bir addım ata bilək. Bilirəm ki, səhnədə sənə tən gələ bilmərəm , amma qələbəyə gedən yolu birlikdə daha asan geçəcəyik. Öz teatrımızı açanda isə bizdən heç də pis cütlük alınmayacaq. Özün də bilirsən ki, dəhşətli dərəcədə xoşuma gəlirsən. Demək istəyirəm ki, mənim gözümdə sənin əlinə su tökməyə layiq bir qız yoxdu.
(«Zavallı, dəli! Nədən axı, belə boş-boş danışır?! Məgər başa düşmür ki, mən onun olmaq üçün ölürəm? Niyə məni öpmür? Axı, niyə? Görən, dərdindən dəli-divanə olduğumu ona demək üçün özümdə cəsarət tapa biləcəyəmmi?»)
- Maykl, sən elə gözəlsən ki. Səndən kimsə imtina eləyərmi?
- Əzizim!
(«Yaxşısı budu mən qalxım, çünki o, əyləşməyi ağlına da gətirmir. İlahi, Cimmi bu səhnəni neçə dəfə ona məcburən məşq elətdirib!»)
Culiya ayağa qalxıb üzünü ona tutdu. Maykl onu bağrına basıb öpdü.
- Gərək anama xəbər eləyim.
Culiyadan aralanıb qapıya sarı getdi.
- Ana, ana!
Bir andaca polkovniklə missis Qosselin otağa keçdi. Hər ikisinin üzündə xoşbəxt ifadə donub qalmışdı.
(«Lənət şeytana, bütün hər şey qabaqcadan qurulubmuş!»)
- Ana, ata biz nişanlanmışıq.
Missis Qosselin ağladı. Özünün yöndəmsiz, ağır addımlarıyla Culiyaya yaxınlaşıb onu qucaqladı və göz yaşları içində öpdü. Polkovnik bərk-bərk oğlunun əlini sıxdı, sonra o da Culiyanı arvadının qolları arasından xilas edib öpdü. O, dərindən təsirlənmişdi. Bu hisslər axını Culiyanı da kövrəltmişdi və o, xoşbəxtcəsinə gülümsəsə də özündən xəbərsiz yanaqlarından yaş axırdı. Maykl bu təsirli səhnəni hər üçünə rəğbət hissiylə müşahidə edirdi.
Maykl soruşdu:
- Necə bilirsiz, bu hadisəni qeyd etmək üçün şampan şüşəsi açaqmı? Belə görürəm anamla Culiya əməlli-başlı kövrəlib.
Badələr dolandan sonra polkovnik:
- Xanımların şərəfinə, - dedi, - Tanrı onlara yar olsun.


Beşinci hissə

İndi Culiya əlində, gəlinlik paltarında olduğu fotonu tutmuşdu.
«İlahi, bu ki, müqəvvadı!»
Onlar bu sövdələşməni gizli saxlamağa qərar verdilər. Culiya bu haqda yalnız Cimmi Lenqtona, truppadakı qızlardan ikisinə, ya üçünə bir də öz dərzisinə dedi. Onlar susmağa söz versələr də nədənsə cəmi iki gündən sonra Culiyanın heyrətinə rəğmən bütün teatr bu haqda danışırdı. Culiya xoşbəxtlikdən özünü göyün yeddinci qatında hiss edirdi. O indi Mayklı əvvəlkindən də güclü ehtirasla sevirdi. Əgər Mayklın ağlı, təmkini qarşısını kəsməsəydi, Culiya elə günü bü gün sevinc içində ona ərə gedərdi. Onlar kimiydilər, axı? İki əyalət aktyoru. Bir-biriylə nigahla bağlanan cütlüyün Londonu fəth etmək istçyi isə xülya qədər əlçatmaz bir şey idi. Culiya həm bacardığı qədər gizli, həm də gün kimi aydın tərzdə Maykla işarə etdi ki, nigahacan onun məşuqəsi olmağa hazırdı. Amma o, razı olmadı. Culiyanın sevgisindən sui-istifadə etməyə Mayklın tərbiyəsi imkan verməzdi. O, Culiyaya bir şeirdən iqtibas gətirdi:
- «Öz şərəfimi belə əziz tutmasaydım, səni də belə əziz bilməzdim» .
Maykl əmin idi ki, əgər nigahacan ər-arvad kimi yaşamağa başlasalar, evlənəndə bu hərəkətlərinin acı təəssüfünü yaşayacaqlar. Culiya onun prinsipləriylə qürurlanırdı. Maykl ona qarşı diqqətli, nəvazişli, nəcib idi, amma az sonra Culiyaya təbii bir axarla öyrəşib isinişdiyi bir varlıq kimi yanaşmağa başladı. Mayklın ona olan dostyana, amma həm də hardasa bir qədər etinasız hərəkətlərindən belə anlamaq olardı ki, onlar artıq uzun illərdi, evlidilər. Amma özünə xas nəciblikli Maykl Culiyanın bütün sevgi işarələrini mərhəmətlə və iltifatla qəbul edirdi. Ona qısılıb oturmaqdan ötrü Culiyanın ürəyi gedirdi. Mayklın əli onun belini qucaqlayıb, budu, Culiyanın yanağı onun yanağına sürtülür və əgər o, öz ac ağzıyla Mayklın kifayət qədər nazik dodaqlarına yol tapa bilirdisə, bu, əsl cənnət həzziydi. Amma doğrusu, onlar belə oturan vaxtlarda Maykl daha çox oynadıqları rolları, yaxud gələcək planları müzakirə etməyə üstünlük versə belə, Culiya yenə xoşbəxt idi. Culiya onun gözəlliyindən doymurdu. Necə sivri burnu, necə gözəl qıvrım şabalıdı saçları olduğunu Culiya Maykla deyəndə o, bu tərifin şirinliyindən məst olurdu. Budu, Mayklın əli onun belini qucaqlayıb və Culiya onun gözlərindən axan zərifliyə baxır.
- Sevgilim, sən məni lap tovuz kimi özünə vurğunun birisi eləyəcəksən.
- Amma axı, sənin ilahi gözəlliyini inkar eləmək sadəcə, səfehlikdi.
Culiya həqiqətən də bu qənaətdəydi və ona görə belə deyirdi ki, həm özü öz sözlərindən ləzzət alırdı, həm də bunun Maykla xoş gəldiyini bilirdi. Maykl ona nəvaziş göstərirdi, onunla qürrələnirdi, onunla birlikdə olmaqdan xoşhal idi, ona inanırdı, amma Culiya çox gözəl bilirdi ki, Maykl ona aşıq deyil. Təskinliyi bu idi ki, Maykl onu özünə xas üsulla sevir və onlar evlənəndən sonra Culiyanın ehtirası ona da ehtiras gətirəcək. Hələlik isə Culiya bütün bacarığını işə salıb həddən ziyadə təmkin göstərirdi. Bilirdi ki, heç vəchlə onu darıxdıra bilməz. Bilirdi ki, ona yük olmamalıdı, Maykl onun xatirinə nəsə eləməyə məcbur olmaq kimi hisslərdən həmişə kənar olmalıdı. Maykl qolf oynamaq, yaxud hansısa təsadüfi bir tanışıyla nahar eləmək üçün onu qoyub gedəndə, Culiya bunun ona xoş gəlmədiyini hətta üzünün ifadəsiylə belə büruzə vermirdi. Və onun səhnə üğürlarının Mayklın hisslərini alovlandırdığını güman etdiyindən Culiya yaxşı oynamaq üçün dəridən-qabıqdan çıxırdı.
Münasibətlərinin ikinci ili Middlpula bir amerikalı antreprener gəldi. O, yeni istedadlar axtarırdı və Cimmi Lenqtonun truppası barədə də məlumatlıydı. Maykl onu heyran etdi. Səhəri gün onun qaldığı mehmanxanaya gəlməsi üçün səhnə arxasına - Maykla dəvətnamə göndərdi. Həyəcandan güclə ayaq üstə duran Maykl məktubu Culiyaya göstərdi. Bu dəvətin yalnız bir mənası vardı: ona anqajementlik təklif edirdilər. Culiyanın ürəyi qopsa da, özünü elə apardı ki, güya o da Maykl kimi sevinc içindədi. Səhəri gün o da Mayklla getdi. Culiya hollda qaldı və Maykl o böyük adamla söhbətə qalxdı.
Maykl liftin kabinəsinin qarşısında astadan:
- Mənə uğur dilə, - dedi, - inanılmaz dərəcədə gözəl imkandı.
Kaş, antreprenerin təklif etdiyi rolu Maykl bəyənməsin, ya da işin müqabilində alacağı pulu özünə layiq bilməsin. Culiya dəri kresloda əyləşib belə olmasını ürəkdən arzulayırdı. Yaxud, əksinə, antreprener dəvətli olduğu rolu oxumasını Maykldan xahiş eləyəndə, görsün ki, bu onun yemi deyil. Amma yarım saat sonra Maykl holla düşəndə, Culiya onun parıldayan gözlərindən və yüngül addımlarından başa düşdü ki, müqavilə imzalanıb. Bir an Culiyaya elə gəldi ki, bu saat halı pisləşək və dodaqlarında xoşbəxt təbəssüm yaratmaq istəsə də hiss elədi ki, üzünün əzələləri ona tabe olmur.
- Hər şey qaydasındadı. Dedi ki, qiyamət roldu. On doqquz yaşlı gənc oğlan: Səkkiz, ya doqquz həftə Nyu-Yorkda, sonra ölkə boyu qastrollar. Qırx həftə Con Drunun truppasında. Həftəyə iki yüz əlli dollar.
- Sevgilim, mən sənə görə, çox şadam.
Aydın idi ki, o, bu təklifdən ikiəlli yapışmışdı. İmtina - sözü nəinki dilinə, ağlına belə gəlməmişdi.
«Amma mən... mən... əgər mənə həftəyə min dollar versəydilər belə ondan ayrı düşməməkdən ötrü heç hara getməzdim».
Culiya ürəyində belə düşündü. O indi tamam özünü itirmişdi. Başa düşürdü ki, Maykla heç cür mane ola bilməyəcək. Ona görə də özünü elə aparmalıdı ki, guya sevincdən özünü göyün yeddinci qatında hiss edir. Maykl elə həyəcanlıydı ki, oturmaq hayında deyildi. Odur ki, adam içinə - küçəyə çıxdılar.
- İnanılmaz uğurdu. Doğrudu, Amerikada hər şey bahadı, amma mən çalışacam ki, həftəyə uzağı əlli dollar xərcləyim. Deyirlər, amerikalılar çox qonaqpərvərdilər, yəqin qarnımı havayı da doyura biləcəm. Niyə axı, qırx həftəyə səkkiz min dollar toplaya bilməyim? Bu da min altı yüz funt eləyir.
(«O, məni sevmir. Heç vecinə də deyiləm. Ona nifrət eləyirəm. Onu öz əllərimlə öldürərəm. O amerikalıya lənət olsun!»)
- Əgər o məni ikinci ilə saxlasa, onda həftəyə üç yüz dollar alacam. Bu da o deməkdi ki, iki ilə bizə lazım olan dörd min funtun əsaslı hissəsini toplaya biləcəm. İşə başlamaq üçün bəlkə də kifayət eləyər.
- İkinci il?!
Bir anlığa Culiya özünə nəzarəti itirdi, sanki göz yaşları onun səsiylə axıb gəlirdi.
- Demək istəyirsən, sən ikiilliyə gedirsən?
- Niyə ki, əlbəttə, yayda qayıdacam. Yol xərclərimi onlar
ödəyəcəklər. Az xərcim çıxsın deyə mən evimizə gedəcəm.
- Bilmirəm, sənsiz mən burda necə keçinəcəm?
Culiya bu sözləri şən ovqatda, elə bil nəzakət xətrinə, hətta hardasa biganəliklə dedi.
- Biz səninlə yayı çox əla keçirəcəyik, özü də bir il nədi, lap iki il də bir göz qırpımında gəlib keçəcək.
Maykl hara addımladığını özü də bilmirdi, amma Culiya hər dəfə onu özünə lazım olan tərəfə çəkirdi. Elə bu vaxt teatrın qapısı ağzına gəlib çıxdılar. Culiya ayaq saxladı.
- Hələlik. Mən Cimmiyə dəyməliyəm.
Mayklın sifəti tutuldu.
- Doğrudanmı, məni tək qoymaq istəyirsən? Ürəyimi kimə boşaldım? Elə bilirdim, tamaşadan əvvəl hardasa çörək yeyərik.
- Çox təəssüf eləyirəm. Cimmi məni gözləyir. Onu məndən yaxşı tanıyırsan.
Maykl özünün isti, doğma təbəssümüylə Culiyanın üzünə gülümsədi:
- Onda yubanma, get. Ömründə bircə dəfə məni yarıtmadığına görə, sənə qarşı kin saxlamaram.
O, yoluna davam etdi, Culiya isə xidməti girişdən içəri keçdi.
Cimmi Lenqton mansardda özünə xudmani bir mənzil eləmişdi və bura ancaq qabaq eyvandan keçmək mümkün idi. Culiya zəngi basanda qapını Cimmi özü açdı. O, bu gəlişə təəccüblənsə də şad idi.
- Hello, Culiya, içəri keç.
Culiya kəlmə kəsmədən onun yanından ötüb keçdi. Yalnız necə gəldi səpələnmiş yazılı vərəqlər, kitablar, cır-cındır, qısası zir-zibil yığnağı olan qonaq otağında özünü toparlayıb onun üzünə baxdı. Dişləri qıcanmışdı, qaşları çatılmışdı, gözlərindən elə bil şimşək çaxırdı.
- İblis!
Bir hərəkətlə Cimminin üstünə atıldı, hər iki əliylə onun yaxası açıq köynəyindən tutub silkələdi. Cimmi onun əlindən çıxmaq istəsə də mümkün deyildi. Çünki Culiya həm güclü, həm də hirsliydi.
- Əl çək!
- İblis, donuz, iyrənc, murdar heyvan!
Cimmi əl-qolunu açıb ona bir şapalaq ilişdirdi. Culiya qeyri-ixtiyari onu buraxıb əlini üzünə apardı. Cimminin şapalağı tutarlı alınmışdı. Culiya ağladı.
- Əclaf! İtin balası! Qadına əl qaldıran!
- Sən bu sözləri bir başqasına de, əzizim. Məgər bilmirsən ki, lap qadın olsa belə, kim məni vursa, cavabını alacaq?
- Mən sizə toxunmadım.
- Sən az qala məni boğmuşdun.
- Sən bu cəzaya layiqsən. İlahi, mən səni öz əllərimlə öldürərdim.
- Haydı, otur quzu. İndi sənə bir az viski süzərəm, özünə gələrsən. Sonra da hər şeyi mənə danışarsan.
Culiya əyləşmək üçün gözüylə otaqda kreslo axtardı.
- Bura əsl donuzxanaymış ki. Niyə yır-yığış eləmək üçün bura xadimə dəvət eləmirsiz?
Culiya gözünə dəyən kreslonun üstündəki kitabları əsəbi hərəkətlə döşəməyə səpələdi, özünü həmin oturacağa atdı və bu dəfə əməlli-başlı ağladı. Cimmi Culiyaya babat həcmdə viski süzdü, azca miqdarda soda əlavə elədi və zorla içirtdi.
- Di indi izah elə görüm, «Toska»dan olan bu səhnəyə səbəb nədi?
- Maykl Amerikaya gedir.
- Doğrudan?
Culiya Cimminin onun çiyinlərini qucaqlayan qolları arasından çıxdı.
- Niyə belə elədiz? Niyə belə elədiz?
- Burda mənlik bir iş yoxdu.
- Yalandı. Siz yəqin o alçaq antreprenerin Middlpulda olduğundan da xəbərsizsiz, eləmi? Bu şəkk-şubhəsiz, sizin işinizdi. Siz bizi ayırmaq üçün bilərəkdən belə eləmisiz.
- Gözümün işığı, sən mənə qarşı ədalətsizsən. Əslinə qalanda, mən ona dedim ki, truppamdan kimi istəsə ala bilər, təkcə Maykl Qosselindən başqa.
Yaxşı ki, Cimmi bu sözləri deyəndə Culiya onun üzünün ifadəsini görə bilmədi. Yoxsa özündən soruşardı ki, bəs onda onun görkəmindən nədən belə özündən razılıq yağır, elə bil kimisə ürəyi istəyən kimi dolayıb.
- Hətta məni də? - Culiya soruşdu.
- Bilirdim ki, ona aktrisa lazım deyil, özlərində xirtdəyəcəndi. Onlara əynində kostyum gəzdirməyi bacaran və qonaq otağında yerə tüpürməyən aktyor lazımdı.
- Ah, Cimmi, Mayklı buraxmayın. Mən onsuz qala bilmərəm.
- Ona necə mane ola bilərəm? Mənimlə müqaviləsi bu
mövsümün sonunda bitir. Bu dəvət onun üçün böyük uğurdu.
- Mən axı, onu sevirəm. Çox sevirəm. Bir də gördün, Amerikada kiməsə rast gəldi. Bir də gördün, onu hansısa bir varlı qadının gözü tutdu.
- Əgər onun məhəbbəti buracanmışsa, sənin yerinə olsam, neynək, yolun açıq olsun, deyərdim.
Onun bu sözləri Culiyanı təzədən özündən çıxardı.
- Murdar xədim, sən axı, nə bilirsən, məhəbbət nədi?!
Cimmi dərindən köks ötürüb.
- Ay bu başıma bəla qadınlar, - dedi, - elə ki, yatağa çəkmək istədin, adını pozğun kaftar qoyurlar, belə eləməyəndə də murdar xədim olursan...
- Siz heç nə anlamırsız! O, ağlı başdan alan qədərində gözəldi. Orda hamı elə bir ucdan ona vurulacaq. O da tərif üçün ölənin birisidi. İki ilə çox şey dəyişə bilər.
- İki il?
- Əgər ona yaxşı baxsalar, bir il də qalacaq.
- Bax, buna görə narahat olmaya bilərsən. Həmin o antreprener onu yalnız «Kandida»da görüb. Bu onun az-çox dözüləsi yeganə roludu. Sözlərimi yaxşı yadında saxla, uzağı bir aya onlara məlum olacaq ki, sərfəli sövdələşmə eləməyiblər. Mayklı biabırçı uğursuzluq gözləyir.
- Siz axı, aktyorluq sənətindən nə qanırsız?
- Hər şeyi.
- Mən indi məmnuniyyətlə sizin gözlərinizi çıxarardım.
- Bax, səni xəbərdar eləyirəm, əgər yenə mənə toxunmaq istəsən, bu dəfə yüngül şapalaqla canını qurtara bilməyəcəksən, elə təpik yeyəcəksən ki, düz bir həftə oturmağa həsrət qalacaqsan.
- Şübhə eləmirəm. Bundan sonra da siz özünüzü hələ bir centlmen adlandırırsız?
- Yalnız sərxoş olanda.
Culiya güldü və Cimmi başa düşdü ki, dava-dalaş arxada qaldı.
- Özün məndən yaxşı bilirsən ki, səhnədə o, sənin yanından yel olub keçə bilməz. Mənim sözümə qulaq as, sən missis Kendeldən sonra ən nəhəng aktrisamız olacaqsan. Niyə axı, həyatını daş kimi həmişəlik boynundan asılı qalacaq brisi ilə bağlayırsan? Siz öz teatrınızın olmasını istəyirsiz. Bu zaman o, həmişə sənin tərəf müqabilin olmağa iddia edəcək. Amma bil ki, Maykldan aktyor olmayacaq.
- Onun gözəl zahiri var. Mən onu ardımca aparacam.
- Təvazökarlığına söz ola bilməz. Amma bax, burda sən səhvsən. Əgər şəxsən özün irəli getmək istəyirsənsə, səndən geri qalan tərəf müqabilini yanına qoşmağı özünə rəva bilməməlisən.
- Cəhənnəm olsun. Mənim üçün ona ərə gedib məğlub olmaq, başqasına ərə gedib qalib gəlməkdən daha şirindi.
- Sən bakirəsən.
Culiya yenə güldü.
- Bu, sizlik deyil, amma təsəvvür edin ki, bəli, bakirəyəm.
- Belə də bilirdim. Əgər sənin üçün bəkarət, o qədər vacib deyilsə, biz bağlananda niyə iki həftəlik onunla Parisə getməyəsiz? O, Amerikaya avqustdan əvvəl yollanmayacaq. Bəlkə onda sakitləşdin?
- O, istəmir. O, elə adam deyil. O, əsl centlmendi.
- Hətta ən yüksək zümrənin insanları da özlərinə oxşarları istehsal etməklə məşğuldu.
Culiya qüssə içində:
- Ah, siz heç nə anlamırsız! - dedi.
- Mərc gəlirəm ki, elə sən də.
Culiyanın danışmağa halı yox idi. O, həqiqətən necə də bədbəxt idi.
- Sizə necə başa salım ki, mən onsuz yaşaya bilmərəm. O gedəndən sonra mən nə eləyəcəm?
- Yanımda qalacaqsan. Mən səni bir il də saxlayaram. Sənin üçün məndə topa-topa rol var, üstəlik məşuq ampluasına bir aktyor da gözaltı eləmişəm. Aktyor deyil, əsil tapıntıdı. İnan ki, özünü rola qurban verəndə tərəf müqabillə dil tapmaq xeyli asanlaşır. Mən sənə həftəyə on iki funt verəcəm.
Culiya yaxın gəlib onun düz gözlərinin içinə baxdı.
- Deməli, bütün bunları özünüz təşkil eləmisiz ki, burda bir mövsüm də qalım? Məni bu idbar teatrınızda saxlamaq üçün nədən ürəyimi qırıb bütün həyatımın üstündən xətt çəkdiz?!
- And içirəm ki, elə deyil. Sadəcə, xoşuma gəlirsən, səninlə qürur duyuram. Həm də bu son iki ildə bizim işlər çox yaxşı gedir. Amma lənət şeytana, mən belə əclaflığa getmərəm.
- Yalançı, iyrənc yalançı!
- And içirəm ki, bu, həqiqətdi.
Culiya çılğıncasına:
- Onda təsdiq edin! - dedi.
- Necə təsdiq edim? Özün bilirsən ki, mən abır-həya gözləyən adamam.
- Mənə həftəyə on beş funt versəz, sizə inanaram.
- Həftəyə on beş funt? Yığılan pulun qədərin özün bilirsən. Bunu eləyə bilmərəm. Əşi, yaxşı... Amma üç funtu gərək öz cibimdən əlavə eləyim.
- Nə dərdimə qalıb!


Altıncı hissə

İki həftəlik repetisiyalardan sonra Maykldan ona təklif olunan rolu aldılar. Ona nəsə başqa bir rol axtarıb tapanacan iki-üç həftə gözləməli oldu. O, Nyu-Yorkda fəaliyyətinə heç bir ay da tab gətirməyən pyeslə başladı. Truppa turneyə çıxası oldu. Amma tamaşa orda da gün-gündən özünə marağı itirdi və odur ki, onu repertuardan çıxarmalı oldular. Növbəti fasilədən sonra Maykla bir tarixi pyesdə rol təklif olundu. Bu pyes Mayklın gözəlliyinin təqdimatına elə imkanlar açmışdı ki, onun işığında sıradan bir aktyor olduğu da sezilmədi. Bu rolla da mövsümü başa vurdu. Müqavilənin müddətinin artırılmasından söhbət belə gedə bilməzdi. Onu bura gətirən antreprener kifayət qədər acıdil idi:
- Mən o it oğlu Lenqtonla haqq-hesab çəkməsəm atamın oğlu deyiləm! O, mənə bu müqəvvanı soxuşduranda nə elədiyini yaxşı bilib.
Culiya elə bir ucdan Maykla məhəbbət və qeybət dolu qalın-qalın məktublar yazırdı. O isə həftədə bir dəfə aydın, səliqəli xəttlə nə az-nə çox, düz dörd səhifəlik cavab yazırdı...İmza yerində «səni sevən...» sözü dəyişməz qalsa da bu məktublar əsasən məlumatlar yığınağından ibarət olurdu. Bununla belə Culiya bu məktubları həmişə həsrətdən az qala boğula-boğula gözləyir və dönə-dönə oxuyurdu. Mayklın diqqətə çatdırdığı bircə bu idi ki, ona elə hey cındır rollar təklif olunur, oynadığı pyeslərdə teatr adına heç nə yoxdu. Məktublarında Maykl özünü tox tutsa da teatr aləmində xəbər çox tez yayılır. Və burda Culiyanın qulağına gəlib çatdı ki, Maykl orda uğur qazana bilməyib.
Ürəyində öz-özünə dedi:
«Əlbəttə, mən tərəfdən heyvərəlik kimi görünsə də belə olmağına elə şadam ki».
Maykl qayıdacağı tarixi xəbər eləyəndə, Culiyanın sevindiyindən uçmağa qanadı yox idi. O, Cimmini proqramı ona uyğun hazırlamağa məcbur elədi ki, Liverpula gedib Mayklı qarşılaya bilsin.
Culiya dedi:
- Əgər gəmi gec gəlib çatsa, bəlkə orda gecələdim.
Cimmi bic-bic gülümsədi:
- Deməli, sən elə fikirləşirsən ki, evə qayıdan Mayklı o basabasda yoldan çıxara biləcəkən?
- Nə heyvan adamsız!
- Ürəyinə alma, gözümün nuru. Məndən sənə məsləhət: əvvəl onu içir, sonra otağın qapısını bərk-bərk bağlayıb de ki, mənim qızlığımı almayınca, səni burdan buraxan deyiləm.
Culiya yola çıxanda Cimmi onu stansiyaya qədər ötürdü. Vaqona əyləşdirəndə əllərinin üstündən ehmalca vurdu.
- Əzizim, həyəcanlısan?
- Ah, Cimmi, əzizim, mən həm dəlicəsinə xoşbəxtlik, həm də vahimə içindəyəm.
- Di sənə uğurlar. Özü də yaddan çıxarma ki, o, sənə layiq deyil. Sən gəncsən, gözəgəlimlisən, həm də İngiltərənin ən yaxşı aktrisasısan.
Qatar tərpənəndən sonra Cimmi stansiyanın bufetinə yollanıb sodalı viski sifariş elədi. Ürəyində, «İnsan tayfası necə də axmaqdı» - deyib ah çəkdi. Bu vaxt Culiya boş kupedə dayanıb pəncərədən çölə baxırdı.
«Ağzım çox böyükdü, sifətim elə bil yüklənib, burnum həddən artıq kökdü, amma şükür ki, gözümlə ayaqlarım gözəldi. Üz-gözümə çox çəkməmişəm ki? Maykl səhnədən kənar qrimi xoşlamır. Amma mən dodaq boyası olmadan və ənliksiz pis görünürəm. Kipriklərimə söz ola bilməz. Əşi, lənət şeytana, mən elə də kifir deyiləm».
Axırıncı anadək Cimminin onu buraxıb-buraxmayacağını bilmədiyindən Culiya onu qarşılayacağını Maykla xəbər eləməmişdi. O, həm məəttəl qalmışdı, həm də açıq-aşkar sevinirdi. Onun gözəl gözləri işım-işım yanırdı.
Culiya:
- Sən lap gözəlləşmisən, - dedi.
Maykl gülə-gülə Culiyanı qucaqlayıb:
- Bəsdi, səfehləmə, - dedi. - Sən axşamacan yubana bilərsən də?
- Mən sabah səhərə qədər yubana bilərəm. Doyunca çərənləyə bilməyimiz üçün «Adelfi»də iki otaq sifariş eləmişəm.
- «Adelfi» bizim üçün həddən artıq baha deyilmi?
- Məgər sən, Amerikadan hər gün qayıdırsan? Tüpürəsən o pula.
- Bax sən beləsən də. Mən bizim doka nə vaxt daxil olacağımızı bilmirdim. Ona görə də, evə yazmışdım ki, gələcəyim vaxtı teleqrafla xəbər eləyəcəm. Teleqraf vuraram ki, sabah gələcəm.
Oteldə yerləşəndən sonra Maykl Culiyanın dəvətiylə onun otağına gəldi ki, burda maneəsiz danışa bilsinlər. Culiya Mayklın dizləri üstə oturub boynuna sarıldı və yanağını yanağına sürtdü.
Culiya dərindən nəfəs alıb:
- Yenidən evdə olmaq necə də xoşdu, - dedi.
Cavab özünü çox gözlətmədi:
- Bunu mənə deməyə də bilərsən.
Amma Mayklın ağlına gəlmədi ki, Culiya indicə bu sözləri deyəndə İngiltərəni yox, onun ağuşunu nəzərdə tutub.
- Mən hələ də xoşuna gəlirəm?
- Özü də necə!
- Sənin üçün necə darıxdığımı təsəvvür belə eləyə bilmərsən!
Maykl:
- Mən Amerikada tamam yararsız oldum, - dedi. - Bu haqda sənə yazıb nahaqdan qanını qaraltmaq istəmədim. Onlar hesab elədilər ki, mən heç nəyə yaramıram.
- Maykl!
Culiya elə qışqırdı ki, elə bil buna inanmaq mümkün deyildi.
- Fikrimcə, mən onlardan ötrü çox tipik ingilisəm. Mən onlara daha lazım deyiləm. Məlum oldu ki, zənnimdə yanılmamışam, amma də olsa rəsmiyyət üçün onların mənlə müqaviləni uzadıb-uzatmayacaqlarını soruşanda cavab verdilər ki, bu haqda söhbət belə gedə bilməz.
Culiya susurdu. Çöhrəsində bir əzginlik vardı, amma ürəyi sevincdən bərk-bərk döyünürdü.
- Düzü, mənim üçün fərqi yoxdu. Amerikanı da heç bəyənmədim. Əlbəttə, gizlətmirəm, bu mənim mənliyimə bir zərbə oldu, amma neyləyə bilərəm? Başımı dik tutub gəzim, vəssalam. Birtəhər keçinərik. Bir bilsəydin, orda nə tiplərlə oturub-durmalı oldum. Onladan bəziləriylə müqayisədə Cimmi Lenqton əməlli-başlı centlmendi. Hətta əgər onlar məndən qalmağımı xahiş etsəydilər belə razılaşan deyildim.
Maykl pis oyunda yaxşı gediş etsə də onun tamam əzildiyi Culiyanın gözündən yayınmadı. Görünürdü ki, o, arzulamadığı çox şeylərlə barışmalı olub. Culiyanın həm ona dəhşətli yazığı gəlirdi, həm də özündə dəhşətli bir yüngüllük hiss eləyirdi.
Maykldan soruşdu:
- İndi nə eləmək fikrindəsən?
- Bir müddət evdə oturub hər şeyi götür-qoy eləyəcəm. Sonra Londona gedəcəm, görüm, bir rol ala bilərəmmi?
Culiya bilirdi ki,ona geri, Middlpula qayıtmağı təklif etmək əbəsdi. Çünki Cimmi Lenqton onu geri alan deyildi.
- Sən yəqin mənimlə getmək istəməzsən?
Culiya qulaqlarına inanmadı.
- Mən? Sevgilim, özün bilirsən ki, mən səninlə lap dünyanın o başına da gedərəm.
- Sənin müqavilən bu mövsümün sonunacandı. Əgər nəyəsə nail olmaq istəyiriksə, Londonu fəth eləməyin vaxtı artıq yetişib. Mən Amerikada hər şillinqin qədrini bilmişəm. Onlar mənə simiclik mücəssəməsi deyirdilər, mən də bu qulağımdan alıb o qulağımdan verirdim. Evə min beş yüz funt gətirmişəm.
- Sən əzizlərinin canı, bunu necə eləmisən?
Maykl təbəssüm dolu baxışlarla sevincək:
- Sandığımın ağzını qıfıllamışdım, - dedi. - Əlbəttə, bu pula teatr aça bilmərsən, amma evlənməyə çatar. Demək istəyirəm ki, bu pula arxalana bilərik. Nə bilmək olar, bir də gördün, anqajementi tez tapa bilmədik, ya bir müddət işsiz qaldıq.
Mayklın sözlərinin gəlib ona çatması üçün Culiya bir neçə saniyə gözləməli oldu.
- Demək istəyirsən indi evlənək?
- Əlbəttə, bu, risqlidi, amma qarşıda bizi nəsə gözləmirsə, risq eləməyə dəyər.
Culiya Mayklın sifətini əliylə tutub dodaqlarını onun dodaqlarına yapışdırdı. Sonra ürəkdən köks ötürdü.
- Sevgilim, sən qiyamətsən, sən yunan tanrısı qədər gözəlsən, amma mən bütün həyatım boyu tanıdıqlarım arasında sənin kimi dəlisini görməmişəm.
Axşam teatra getdilər. Şam yeməyindən əvvəl isə birgə keçəcək xoşbəxt gələcəklərini bayram etmək və onun şərəfinə tost demək üçün şampan şüşəsi sifariş elədilər. Maykl Culiyanı otağının qapısına ötürəndə o, öpüş üçün yanağını uzatdı.
- İstəyirsən xeyirli axşamları sənə dəhlizdə arzulayım? Bəlkə bir dəqiqəlik otağına keçim?
Culiya təmkin və ləyaqətlə:
- Yox, - dedi, - sevgilim, yaxşı deyil.
Culiya özünü nüfuzlu və köklü nəslinin ənənələrinə riayət etməli olan əsilli-nəcabətli bir qız kimi hiss eləyirdi. Bəkarəti onun ən böyük varidatıydı. O həm də görürdü ki, ətrafdakılara olduqca yaxşı təsir bağışlayır. Əgər Maykl əsl centlmendisə, lənət şeytana, o da özünü əsl xanım kimi aparmalıdı, ya yox? Culiya özünün nizam verdiyi səhnədən elə razı qalmışdı ki, otağa keçərkən ardınca qapını möhkəmdən örtüb qürurla addımlaya-addımlaya sağ-sola başını nəzakətlə yelləməklə rəiyyəti salamlayırdı. Budu, o, ağappaq əlini öpüş üçün qoca baş lakeyə (uşaqlıqda Culiyanı o, tez-tez dizləri üstə yelləyərdi) uzadır. Rəngi qaçmış dodaqlar onun əlinə yapışanda Culiya ora nəsə damdığını hiss elədi. Göz yaşlarıydı.


Yeddinci hissə


Mayklın təmkini nigahlarının ilk ilinin ehtiraslı keçməsinə mane olurdu. Yalnız yaxşı rol almağının sevinci, premyera öncəsi həyəcan, yaxud içdiyi bir neçə badə şampandan ziyafət sonrası əmələ gələn ehtiras Mayklın proqramlaşmış düşüncəsini məhəbbətə yönləndirə bilirdi. Əgər səhəri gün Mayklı ayıq baş tələb edən işgüzar görüş, yaxud sərrast göz istəyən qolf gözləyirdisə, heç bir tərif, heç bir şirnikləndirici təklif onu yolundan çıxara bilməzdi. Culiya onun qarşısında dəhşətli səhnələr qururdu. O, Mayklı hamıya, hər şeyə - aktyor tanışlarına, onu ondan saatlarla alan oyunlara, insanlarla tanışlıq qurmağın gələcəkdə onlara lazım olacağı bəhanəsiylə birini də buraxmadığı rəsmi ziyafətlərə qısqanırdı. O, əsəbdən havalanma həddinə çatanda belə Mayklın əllərini dizləri üstə qoyub arın-arxayın oturması, elə bil burda gülməli nəsə varmış kimi, gözəl çöhrəsindəki nurlu təbəssümlə ona baxması Culiyanı dəhşətə gətirirdi.
Maykl soruşdu:
- Sən mənim başqa qadınlarla gəzdiyimi zənn eləyirsən?
- Hardan bilim? Kor-kor, gör-gör. Sən məni adam yerinə qoymursan.
- Özün də gözəl bilirsən ki, sən dünyada məndən ötrü yeganə qadınsan.
- İlahi, özün kömək ol!
- Sənin nə istədiyini anlamıram.
- Məhəbbət istəyirəm. Elə bilirdim, İngiltərənin ən gözəl kişisinə gəlmişəm, amma demə, ərim maneken imiş.
- Səfehləmə. Mən adi, normal ingilisəm, İtaliyalı şarmankaçı deyiləm.
Culiya əzəmətli addımlarla otaqda var-gəl edirdi. Onların Bekinhem-qeytdəki darısqal mənzilində tərpənməyə belə yer olmasa da, Culiya birtəhər çıxış yolu tapırdı. O, əlini göylərə uzatdı.
- Mən nə əyri-üyrü bir məxluq, nə də qozbeləm. Əlli yaşım da yoxdu. Doğrudanmı, mən bu qədər eybəcərəm? Səndən sevgi diləmək üçün niyə bu qədər alçalmalıyam? İlahi, mən necə də bədbəxtəm!
- Əzizim, bu çox tutarlı jest oldu. Elə bil irəli kriket topunu diyirlətdin. Onu yaxşı yadında saxla.
Culiya nifrətlə Maykla baxdı.
- Ağlında ancaq budu. Mənim burda ürəyim partlayır, sən də hansısa təsadüfi jestdən dəm vurursan.
Amma Maykl onun sifətinin ifadəsindən başa düşdü ki, Culiya doğrudan da, bunu yaddaşına atdı və fürsət düşən kimi yenə ordan çıxaracaq.
- Ona qalsa məhəbbət özü heç də hər şey demək deyil. Məhəbbət müəyyən bir həddə, dövrə qədər yaxşıdı. Biz bal ayımızı heç də pis keçirmədik. Belə də olmalıydı, amma indi işə girişməyin vaxtıdı.
Onların bəxti gətirmişdi. Uğur gətirən bir pyesdə hər ikisi samballı rol ala bilmişdi. Culiyanın burda hər dəfə gurultulu alqışlarla qarşılanan bir güclü səhnəsi var idi, Mayklın isə heyrətamiz gözəlliyi müəyyən sensasiya yaratmışdı. Mayklın ölçülü-biçili tədbirliliyi, ürəyi açıqlığı ilə hamıya xoş təsir bağışlaması hər ikisi üçün əla reklam idi: hər ikisinin fotosu illüstrasiyalı qəzetlərdə peyda olmağa başlamışdı. Hər ikisini təmtəraqlı gecələrə dəvət edirdilər. Maykl da əndazəni aşan yığcamlığına baxmayaraq, onlara lazım ola biləcək adamları qonaq etmək üçün gözünü də qırpmadan kisənin ağzını açırdı. Onun bu səxavəti Culiyanı heyrətə gətirirdi. Onların oynadığı teatrın antrepreneri növbəti pyesdə Culiyaya baş rolu təklif edəndə burda Maykl üçün uyğun rol olmadığından o, imtina etmək istədi. Amma Maykl icazə vermədi. Dedi ki, onlar hisslərinin işə mane olmasına imkan verməməlidilər. Tezliklə Maykl da tarixi pyeslərdən birində rol aldı.
Müharibə başlayanda hər ikisi roldaydı. Culiyanın qürur və kədər hissinə rəğmən Maykl dərhal könüllülər siyahısına yazıldı, amma hərbi nazirlikdə mühüm şəxslərdən olan atasının köhnə hərbçi yoldaşının köməyilə ona tezliklə zabit rütbəsi verildi. Maykl Fransa cəbhəsinə göndəriləndə Culiya tez-tez ona ünvanladığı ittihamlara görə, acı təəssüf hissi keçirib özünü o ki var qınayırdı. Qərara aldı ki, əgər onu öldürsələr, intihar edəcək. Şəfqət bacısı kimi o da cəbhəyə yola düşmək istədi: ən azı, onunla bir torpağın üstə gəzəcəkdi. Amma Maykl anlatdı ki, Culiyanın vətənpərvərlik borcu səhnədə çıxışlarını davam etdirməkdən ibarət olmalıdı. Və o, Maykl üçün sonuncu ola biləcək bu xahişi rədd etmək gücündə deyildi. O, alay klubunda məşhur idi və aktyor olsa da yaşlı zabit kadrlar onu özlərininki sayırdılar. Belə görünürdü ki, hərbçi ailəsindən çıxması ona öz möhürünü vurub. O, instinktlə nəinki özünü peşəkar zabit kimi aparır, hətta onlar kimi düşünürdü. Maykl qılıqlıydı, özünü aparmağı və əlaqələr qurmağı yaxşı bacarırdı. Odur ki, o, gec-tez mütləq hansısa generalın yaxın dairəsinə düşməliydi. O, özünü yaxşı təşkilatçı kimi göstərə bildi və müharibəinin son üç ilini baş komandanın qəpargahında keçirdi. Maykl mayor rütbəsi və Fəxri legion ordeniylə qayıtdı.
Bu müddətdə Culiya bir sıra böyük rollar oynamış və yeni nəslin ən yaxşı aktrisası adını almışdı. Müharibə dövründə teatr inkişaf eləmişdi və Culiya uzun müddət səhnədən düşməyən tamaşalarda oynamaqla tamaşaçının damarını tuta bilmişdi. Xərclər artmışdı və o, Mayklın ağıllı məsləhətləri sayəsində çətinliklə də olsa antrenerlərdən həftəyə səksən funt qopara bildi. Maykl İngiltərəyə məzuniyyətə gələndə Culiya hədsiz xoşbəxt idi. O, elə də böyük təhlükə altında olmasa da - Yeni Zellandiyada qoyun-quzu saxlamaqla məşğul olmaq kimi bir şey - Culiya özünü elə aparırdı ki, elə bil onunla keçirdiyi həmin qısa müddətli görüşlər Maykla bu dünyadan həzz almaq üçün ayrılmış son günlər idi. Elə bil o, səngərin dəhşətlərindən indicə ayrılmışdı. Culiya ona qarşı nəvazişli, qayğıkeş və tələbsiz idi.
Amma müharibə qurtara-qurtarda Culiyanın ona qarşı bu sonsuz məhəbbəti qəflətən öldü.
Həmin vaxt o, hamiləydi. Mayklın qənaətincə, bu ərəfələrdə uşaq barədə fikirləşmək kifayət qədər tez idi. Amma Culiyanın yaşı otuzu haqlamışdı və o, qərara aldı ki, əgər onlar ümumiyyətlə, övlad istəyirlərsə, daha yubatmaq olmaz. Həm də onun teatrda mövqeyi elə möhkəmlənmişdi ki, səhnədən bir neçə aylığa qeyb olmağı özünə rəva görə bilərdi. Üstəlik, Mayklı hər an öldürə bilərdilər - düzdü, özü deyirdi ki, ona qarşı heç bir təhlükə yoxdu, amma əlbəttə, sadəcə, onu sakitləşdirirdi, təhlükə necə olmaya bilərdi ki, hətta generalları da öldürürdülər. Və bu zaman Culiyanı həyata yalnız o uşaq bağlaya bilərdi. Doğuş ilin sonunda olmalıydı. Culiya Mayklın növbəti məzuniyyətini əvvəlkilərdən fərqli bir həyəcanla gözləyirdi. Özünü çox gözəl hiss eləyirdi, amma bir qədər dalğın və köməksiz idi. Onun ağuşu üçün necə də darıxmışdı. O, onu qorumalı və himayə etməliydi. Maykl gəlib çıxdı. O, özünün yaxşı tikilmiş hərbi geyimində qərargah işçisinin nişanları və paqonlarındakı tacla heyrətamiz dərəcədə gözəl idi. O, qaralmışdı və təlimlər zamanı onun iştirakına məhdudiyyətlər qoyulması nəticəsində kifayət qədər kökəlmişdi. Qısa vurulmuş saçları, gümrah və laqeyd görkəmiylə o, təpədən-dırnağacan hərbçiydi. Çox gözəl əhval-ruhiyyədəydi. Özü də səbəb təkcə bir neçə günlüyə evə gəlməyi yox, həm də artıq müharibənin sonunun görünməyi idi. Maykl ordudan mümkün qədər tez tərxis olunmaq niyyətindəydi. Əgər istifadə etməyəcəksənsə, əlaqələr qurmağın nə faydası? Gənc aktyorların çoxu səhnəni tərk elədiyindən - kimisi vətənpərvərlik hissindən, kimisi evdə qaldığından vətənpərvərlərin onun həyatını dözülməz elədiyindən, kimisi çağırışla cəbhəyə yollandığından - baş rollar ya hərbi xidmətə yararlı olmayanların, ya da yaralanıb ordudan tərxis olunanların ixtiyarına keçmişdi. Ağlagəlməz dərəcədə münasib şərait yaranmışdı və Maykl anlayırdı ki, əgər fürsəti əldən verməsə, özünə uyğun rollar tapa biləcək və o, təzədən özünü publikanın yadına salıb Culiya ilə şəxsi teatr sövdasını bərpa edəcək. Culiyanın qazandığı nüfuz sayəsində onlar qəti risq eləmədən şəxsi işlərinin təməlini qoya bilərdilər.
Onlar gecə yarıya qədər bu söhbəti elədilər və sonra yatağa girdilər. Culiya ehtirasla ona sığındı və Maykl onu qucaqladı. Üç aylıq qadınsızlıqdan sonra Maykl möhkəm həvəsə gəlmişdi. Pıçıltıyla:
- Sən mənim sevimli xanımciyəzimsən, - dedi.
O, dodaqlarını Culiyanın dodaqlarına yapışdırdı. Qəflətən Culiyanı izaholunmaz bir ikrah bürüdü. Onu itələməkdən özünü zorla saxladı. Əvəllər Culiyaya elə gəlirdi ki, Mayklın bədəni, o sütül, gözəl bədəni çiçək və bal qoxuyur. O, acgözlüklə bu şirin qoxunu canına çəkirdi. Onu Maykla bağlayan da elə bu hisslər idi. Amma indi hansısa müəmmayla Maykl öz cazibəsini itirmişdi. Culiya başa düşdü ki, o, gənclik qoxusundan məhrum olaraq, adi bir kişiyə çevrilib. O, özündə yüngül ürəkbulanması hiss elədi. Culiya onun yanğısını söndürə bilmirdi, istədiyi bircə o idi ki, Maykl tezcə doysun və o biri böyrü üstə uzanıb yuxuya getsin. Culiyanın bir xeyli gözünə yuxu getmədi. O, çaşqınlıq içində idi. Ürəyi sıxılırdı, bilirdi ki, çox doğma bir hissdən məhrum olub, özünə yazığı gəlirdi, ağlamaq istəyirdi, amma həm də elə bil keçmişinə, acı əzablarına görə özündən qisas alırdı. Culiya artıq onu Maykla pərçimləyən zəncirdən azad olmuşdu və sevinc içində idi. İndi o, Mayklla bir sıradaydı. Culiya ayaqlarını uzadıb dərindən nəfəs aldı: «İlahi, insanın öz-özünə sahib olması necə də xoşdu».
Səhər yeməyini yataq otağında yedilər - Culiya yataqda, Maykl isə çarpayının yanındakı xırda stolun arxasında. Maykl qəzet oxuyan vaxt Culiya iti, sınayıcı nəzərlərlə onu müşahidə edirdi. Hansısa iki-üç ay onu doğrudanmı, bu qədər dəyişmişdi? Bəlkə bütün bu illər uzunu o, Maykla onu ilk dəfə gördüyü gözlərlə baxmışdı? Budu, o, gənclik təravəti və gözəlliyi ilə Middlpulda səhnəyə çıxır və elə həmin andaca Culiya dəlicəsinə ona aşiq olur. Maykl hələ də heyrətamiz dərəcədə yaraşıqlı idi. Bir tərəfdən baxanda cəmi otuz altı yaşı var idi, amma gənclik artıq arxada qalmışdı. Qısa qırxılmış saçıyla, codlaşmış dərisiylə, hamar alnının və gözlərinin ətrafını yavaş-yavaş zəbt eləyən yüngül qırışlarıyla o, kişiydi. Bu, qətiydi və geriyə yol yox idi. Özünün canavar balası kimi yerimək vərdişini itirmişdi. Onun jestləri yeknəsəq idi. Ayrı-ayrılıqda bütün bunlar xırda məsələydi, amma birlikdə hər şeyi dəyişirdi. Maykl qocalmışdı.
Onlar əvvəlki kimi Londona ilk gəldikləri zaman kirələdikləri mənzildə yaşayırdılar. Son vaxtlar Culiya pis qazanmasa da Maykl orduda olduğundan yeri dəyişməkdə bir məna görmürdülər. Amma indi, uşaq gözlədikləri bir vaxtda bu mənzil sözsüz ki, onlara çox darısqal görünürdü. Culiya Ricents-parkda çox bəyəndiyi bir evi göz elədi. İstəiyrdi ki, əvvəlcədən orda məskunlaşıb doğumu gözləsin.
Evin pəncərələri bağa baxırdı. Qonaq və yemək otaqlarının yerləşdiyi yarımzirzəminin üstündə iki yataq otağı, ikinci mərtəbədə isə uşaq üçün gündüz və gecə ayrıca istifadə oluna biləcək əlavə iki otaq var idi. Burda hər şey Mayklın çox xoşuna gəldi, hətta qiymət də ona münasib göründü. Son dörd ildə Culiya ondan o qədər çox qazanırdı ki, bu evi öz hesabına mebelləşdirməyi təklif etdi. Onlar iki yataq otağından birində dayanıb söhbət eləyirdilər.
Culiya:
- Mən bizdə olanları öz yataq otağıma gətirə bilərəm, - dedi, sənin üçün də Meypldan yaxşı bir mebel dəsti alaram.
Maykl gülümsünüb:
- Mənim otağım üçün xərcə düşməyə ehtiyac yoxdu, - dedi, - çətin ki, ora tez-tez gərəyim olsun.
O, Culiya ilə bir yerdə yatmağı xoşlayırdı. Maykl o qədər ehtiraslı olmasa da nəvazişliydi və Culiyanı yanında hiss eləməyindən heyvani həzz alırdı. Uzun illər bu, Culiyanın ən böyük sevinciydi. Amma indi bu haqda fikirləşmək belə onu təbdən çıxarırdı.
- Yox, mən düşünmürəm ki, uşaq doğulanacan biz bu dəliliyi özümüzə rəva görə bilərik. O vaxtacan sən tək yatmalı olacaqsan.
- Bu heç ağlıma gəlməyib. Əgər fikirləşirsənsə, körpəyə belə yaxşıdı...

Səkkizinci hissə

Maykl düz müharibə qurtaran gün ordudan tərxis olundu və dərhal da müqaviləylə işə götürüldü. O, səhnəyə əvvəlkindən daha yaxşı aktyor kimi qayıtdı. Orduda yiyələndiyi hər şeyə laqeyd ədaları səhnədə çox effektli alınırdı. Sərbəst, idmançı görkəmi, həmişə şən ovqatı, yüngül təbəssümü və ürəkdən gələn gülüşü əskik olmayan Maykl salon pyesləri üçün xüsusən uyğun gəlirdi. Onun yüksəkdən gələn səsi yüngül atmacalara xüsusi cazibə verirdi. Doğrudu, ciddi ehtiras tərənnüm edən səhnələr onda hələ də inandırıcı alınmırdı, amma öz ürəyini sanki zarafat eləyirmiş kimi açsa da, eşq namələrini qarşısındakına sanki özü-özünə gülürmüş kimi oxusa da və beləcə, coşqun məhəbbət səhnəsini yola versə də publika heyran qalırdı. O, kefcil adam, varlı avara, qumarbaz centlmen, hərbçi, canlara dəyən gənc, tüfeyli rolları üzrə ixtisaslaşmışdı. Antreprenerlər onu çox istəyirdilər. Maykl yorulmadan işləyir və tapşırıqlara əməl eləyirdi. Ondan ötrü əsas rolun özüydü, necəliyinin elə də fərqində deyildi. O, özünə layiq bildiyi pulu almaq üçün dəridən-qabıqdan çıxırdı, alınmayanda, işsiz qalmaqdansa aza da qane olurdu.
Maykl öz planlarını ciddi-cəhdlə götür-qoy eləyirdi. Qışda, müharibə qurtarandan dərhal sonra inflüensa epidemiyası yayıldı. Mayklın valideyinləri bu epidemiyadan çıxmadılar. Ona təxminən dörd min funt qaldı ki, bu da özünün və Culiyanın pulları və əmanətləri ilə birlikdə yeddi minə yaxın eləyirdi. Amma teatr binası üçün ödəniş haqqı dəhşətli dərəcədə qalxmışdı, aktyorların və səhnə fəhlələrinin əməkhaqqı da artmışdı. Odur ki, indi şəxsi teatr açmaq üçün daha çox pul tələb olunurdu. Müharibə başlananacan artıqlamasıyla bəs eləyən bu yeddi min indi heç də işə yaramırdı. Bir çıxış yolu qalırdı. Bir-iki üğürsüz tamaşanın onların kitabını bağlamaması üçün varlı birisini bu işə cəlb eləyib özlərinə şərik etməliydilər. Deyirdilər ki, yeni pyesin quruluşu üçün samballı məbləğdə çek yazan sadəlövhü həmişə tapmaq mümkündü, amma sözdən işə keçəndə məlum olurdu ki, bu pyesdə baş rolu o varlının himayə etdiyi hansısa bir gözəlçə oynamalıdı və pul yalnız bu şərtlə verilə bilər. Əvvəllər tez-tez zarafatlaşırdılar ki, bəs, hansısa varlı bir qarı Maykla vurulsaydı, ona öz teatrını açmağa kömək eləyərdi. Amma hər halda, onların rastına pullu bir qadın çıxdı. Özü də heç də yaşlı deyildi. Amma onu Maykl yox, Culiya maraqlandırırdı.
Dolli de Friz dul idi. Bəstəboy, dolu, bir qədər kişisifət, gözəl qartal burunlu, qara gözlü, aşıb-daşan enerjili, həddən artıq coşqun və eyni zamanda, özündən bədgüman bu qadın teatr vurğunu idi. Culiya və Maykl xoşbəxtliklərini Londonda axtarmağı qərara alanda, Cimmi Lenqton bəzən teatrını bağlamaq həddinə çatanda köməyinə gələn o qadından onlara imkanı daxilində əl tutmağı xahiş etdilər. Missis de Friz Culiyanı Middlpulda artıq görmüşdü. O, gənc aktyorları antreprenerlərlə tanış etmək üçün ziyafət təşkil edərək, onları Qildfordun yaxınlığındakı əzəmətli evinə qonaq çağırdı. Onlar burda yuxularında belə görmədikləri bir dəbdəbə gördülər. Mayklı o, qəti bəyənmirdi. Culiya Dolli de Frizin onun mənzilinə və teatrdakı qrim otağına göndərdiyi çiçəklərdən, ondan aldığı hədiyyələrdən: çantalardan, neseserlərdən, yarı qiymətli daş-qaşlardan hazırlanan üstü muncuqlu sancaqdan məmnun qalardı. Amma Dollinin bu səxavətinin nədən qaynaqlandığını başa düşdüyünü üzə vurmayıb bütün bunları yalnız və yalnız istedadına verilən qiymət kimi qəbul eləyirdi. Maykl müharibəyə yollananda Dolli inad etdi ki, Culiya köçüb onun Monteqyu-skverdəki evinə gəlsin. Amma Culiya çılğıncasına minnətdarlığını bildirib dəvətdən imtina etdi. Özü də elə bir tərzdə ki, köks ötürüb gözündən yaş axıdan Dolli onunla daha artıq qürrələndi. Rocer doğulanda Culiya Dolliyə onun xaç anası olmağı təklif etdi.
Bir müddət Maykl Dolliyə müraciət edib - etməmək barədə düşündü. Amma o, kifayət qədər ayıq idi və yaxşı başa düşürdü ki, o qadın Culiya üçün nəsə eləyibsə də onun üçün heç nə eləyən deyil. Culiyaya gəlincə, o, həmin qadının köməyinə bel bağlamaqdan qəti imtina etdi.
- O, onsuz da bizə qarşı çox mərhəmətli olub. Doğrusu, ondan indi də nəsə qoparmağa üzüm gəlməz. Həm də imtina eləsə mənə çox pis təsir eləyər.
- Başlamışıqsa axıracan gedək. Özü də o, bu işdə nəsə itirsə belə heç hiss eləməyəcək. Əminəm ki, əgər sən istəsən, onu yola gətirə bilərsən.
Culiya buna qəti şübhə eləmirdi. Maykl bəzi məsələlərdə o qədər sadəlövhdü ki... Amma o, gözünə aydınca görünənləri nişan verməyi lazım bilmirdi. Həm də Maykl məqsədindən asanca geri çəkilənlərdən deyildi. Qosselinlər şənbə və bazarı Dolliylə birlikdə keçirmək üçün Hillforda Culiyanın Maykla ad günündə bağışladığı maşında getdilər. Gözəl, isti bir axşam idi. Maykl yenicə hər ikisinin bəyəndiyi üç pyesi səhnələşdirmək hüququ almışdı və eşitmişdi ki, teatr binalarından birini əlverişli şərtlərlə kirələmək olar. İşə başlamaq üçün hər şey hazır idi, çatışmayan ancaq pul idi. Maykl Culiyanı dilə tuturdu ki, bu görüşdən istifadə etsin.
Culiya qətiyyətlə:
- Əgər sənə belə lazımdısa, özün xahiş elə, - dedi. - Bir də deyirəm, mən xahiş eləməyəcəm.
- O məni eşitməz, amma sən onu yola gətirə bilərsən.
- Başqalarının pyesi hansı şərtlərlə maliyyələşdirdiyini biz artıq səninlə yaxşı bilirik. Adam ya özünə şöhrət istəyir - lap pis olsa belə, ya da kiməsə aşiqdi. Sənətdən hamı ağızdolusu danışır, amma özünə nəsə ummadan təmənnasız yardım eləyən tək-tükdü.
- Neynək, Dolliyə arzuladığı şöhrəti hədiyyə eləyə bilərik.
- Ona tamam başqa şey lazımdı.
- Nəyi nəzərdə tutursan?
- Məgər özün duyuq düşməmisən?
Ancaq indi ayıldı. Maykl heyrət içindəydi. Odur ki, sürəti də azaltdı. Doğrudanmı, Culiya düz deyir? Həmişə elə bilmişdi ki, Dollinin xoşuna gəlmir, o qadının ona vurulduğunu isə təsəvvürünə belə gətirə bilməzdi. Əlbəttə, Culiya gözüaçıq qadındı, heç nəyi buraxan deyil, amma yazıq o qədər qısqancdı ki, həmişə elə bilir, qadınlar onun boynundan asılı qalıblar. Nə gizlədəsən, Dolli miladda ona taxma düymələr bağışlamışdı, amma onun gümanınca qadın o hədiyyəni sadəcə onun incik qalmaması üçün vermişdi. Həm də axı, o, Culiyaya qiyməti iki yüz funtdan əskik olmayan bəzək sancağı hədiyyə etmişdi. Belə çıxır ki, o, fikri yayındırmaq üçün bu cür eləyib. Amma o, nəyə desən, and içə bilər ki, ona heç vaxt ümid verməyib. Culiya güldü:
- Yox, əzizim, düzdü, o, vurulub, amma sənə vurulmayıb.
Maykl pərt oldu. Görən, onun nə fikiləşdiyindən Culiya hər dəfə necə duyuq düşür? Hə, ondan nəsə gizlətmək mümkün deyil.
- Bəs onda, niyə məni belə fikirlərə sürükləyirsən? Səni bütün müqəddəslərə anda verirəm, elə danış başa düşmək mümkün olsun.
Culiya elə də danışdı.
Maykl ucadan:
- Həyatım boyu belə səfehlik eşitməmişəm! - dedi. - Culiya, sadəcə, sənin ağlın azıb.
- Əzizim, boşla görək.
- Yox, mən sənin bir sözünə də inanmıram. Ona qalsa biz də kor deyilik. Necə olub ki, mən heç nə sezməmişəm?
Culiya hələ heç vaxt onu belə əsəbi görməmişdi.
- Hətta əgər bu, həqiqət olsa belə, elə bilirəm, sən özünü qorumağı bacararsan. Bu fürsət bir də çətin düşə, onu buraxmaq ağılsızlıq olardı.
- «Öz arşınına görə» dəki Klavdio və İzabella kimi.
- Belə danışmaq yaramaz, Culiya. Mən hər halda centlmenəm.
«Nemo me impune lacessit».
Yolun qalan hissəsi daş sükut içində keçdi.
Missis de Friz yatmayıb onları gözləyirdi.
- Sizi görməyincə uzanmaq istəmədim, - dedi və Culiyanı bağrına basıb hər iki yanağından öpdü. Mayklın isə könülsüz-könülsüz əlini sıxdı.
Culiya bazar günü qəzetlərinə baxa-baxa bütün səhərini məmnuniyyətlə yataqda keçirdi. Teatr xəbərlərindən başlayıb, kübar cəmiyyətdən yazılan xronikaya keçdi, sonra qadın səhifəsinə adladı və nəhayət, digər məqalələrin başlıqlarını gözdən keçirdi. Kitablara yazılan resenziyaları öz diqqətinə layiq görmürdü və ümumiyyətlə, belə yazılar üçün nədən bu qədər çox yer ayrılmasını heç cür başa düşə bilmirdi. Qonşu otaqda yatan Maykl sabahın xeyrini diləmək üçün ona baş çəkib bağa düşdü. Az sonra qapı astadan döyüldü və ardınca Dolli içəri keçdi. Onun iri, qara gözləri işım-işım yanırdı. Çarpayının bir küncündə əyləşib Culiyanın əllərindən tutdu.
- Əzizim, mənim Mayklla söhbətim oldu. Sizin teatrı maliyyələşdirmək istəyirəm.
Culiyanın ürəyi bərk-bərk döyündü.
- Maykl sizdən heç nə xahiş eləməməliydi. Mən istəmirəm. Siz onsuz da bizim üçün bu qədər eləmisiz.
Dolli əyilib Culiyanın dodaqlarından öpdü. Onun səsi öz səsinə oxşamırdı, astadan gəlirdi və yüngülcə əsirdi.
- Ah, mənim eşqim, məgər bilmirsiz ki, sizin yolunuzda hər şeyə hazıram! Bu elə gözəl olacaq, bizi bir-birimizə elə yaxınlaşdıracaq ki... Mən sizinlə fəxr edəcəm!
Hər ikisi Mayklın fit çala-çala dəhlizlə gəldiyini eşitdi. O, otağa girəndə Dolli ona sarı qanrıldı və Maykl gördü ki, qadının gözləri yaşla dolub.
- Mən ona danışdım.
Maykl sevincini gizləyə bilməyib:
- Siz əsl qadınsız, - dedi.
Sonra çarpayının o biri küncünə əyləşib Culiyanın Dollinin indicə buraxdığı əlindən tutdu:
- Hə, Culiya, nə deyirsən?
O, fikirli-fikirli Maykla baxdı.
- «Vous L' avez voulu, Georğes Dandin»
- Nə dedin?
- Molyer.
Yoldaşlıq müqaviləsi imzalanandan və Maykl payız mövsü

DİGƏR MƏQALƏLƏR