ROMAN
Jorji Amadu

Jorji Amadu 1912-ci il avqustun 10-da, xırda plantasiyaçı ailəsində dunyaya gəlib. Yazmağa on dörd yaşında başlayan Jorji "Karnaval ölkəsi", "Ölü dəniz" "Qumsallıq kapitanları" adlı ilk romanlarında, artıq öz hüquqları uğrunda mübarizə aparan insanlardan bəhs edirdi.

Braziliyanın kommunist partiyasının fəallarından olan Amadu, dəfələrlə siyasi fəaliyyətinə görə ölkədən sürgün edilir. 1946-cı ildə Milli Konqresə deputat seçilsə də, iki il sonra - kommunist partiyasının fəaliyyəti qadağan edilən dövrlər o, yenidən sürgün edilir. Növbəti dörd il ərzində Amadu, Qərbi və Şərqi Avropa, eləcə də Asiya və Afrika ölkələrinə səhayət edir, P. Pikasso, P. Elyuar, P. Neruda və digər mədəniyyət xadimləri ilə görüşür. 1952- ci ildə vətəninə qayıtdıqdan sonra Amadu, özünü bütövlükdə bədii yaradıclığa həsr edir və ekzotik təbiəti ilə, Afrikanı xatırladan Baiyanın tərənnümçüsünə çevrilir.
Amadunun romanları, milli ənənələrin, magik ritualların və həyatdan alınan zövqün dolğun təsvirinə görə seçilir.
Tezliklə, yazıçının yaradıcılığındakı ideoloji istiqamətlər, Latın Amerikası ədəbiyyatının, "magik realizm" adını alan cərəyanına xas bədii xüsusiyyətlərlə əvəz olunur. Bu dəyişikliklərin başlanğıcı, "Ucsuz-bucaqsız torpaqlar" romanı ilə qoyulur. "Ucsuz-bucaqsız torpaqlar»ın ardınca isə o eyni qəbildən olan "Qabriela, darçın və qərənfil", "Gecənin keşişləri", "Savaşmaqdan usanan Tereza Batista", "Pusqu" və başqa romanlarını yazır. 1951-ci ildə Amadu, «Lenin» mükafatına, 1984-cü ildə Fransanın Fəxri Legion ordeninə layiq görülür.
Amadunun romanları, dünyanın əllidən artıq dilinə tərcümə edilib, əsərləri, müxtəlif ölkələrin teatr səhnələrində tamaşaya qoyulub, romanları əsasında televiziya tamaşaları və kinofilmlər çəkilib.

 

QUMSALLIQ KAPİTANLARI

(roman)

(əvvəli ötən sayımızda)

 

Koloniya


«Jornal da Tarde» qəzeti öz manşetinə maraqlı xəbər çıxardı:

««Qumsallığın kapitanları» dəstəsinin başçısı həbs olundu!»

Sonra məqalə başlıqları gedirdi: «Kapitanların» yoldaşı Bandadakı qız yetimxanaya göndərildi.Quldurbaşı tətilçinin oğlu imiş.Onun yoldaşları qaça bilmişlər.İslah müəssisəsinin rəisi deyib: biz onu haqq yoluna qaytaracağıq.

Aşağıda Pedro, Dora, Böyük Joan, Çolaq və Pişiyin polislərin və mülki geyimli agentlərin əhatəsində şəkli verilmişdi, altyazısı belə idi: «Bu fotoşəkil çəkiləndən sonra, dəstə başçısı polisin başını qarışdıraraq, yoldaşlarının qaçmasına imkan yaratmışdır».

Və nəhayət reportaj gəlirdi:

Polisin dəqiq əməliyyatları hər cür tərifə layiqdir. Dünən özlərini «Qumsalığın kapitanları» adlandıran azyaşlı cinayətkarların başçısını yaxalamaq mümkün olmuşdur. Qəzetimizin səhifələrində oğurluğla məşğul olan sahibsiz uşaqlar probleminə dəfələrlə müraciət etmişik.
Biz artıq bir-neçə dəfə, hadisə yerlərindən reportajlar və basqınlar zamanı zərərçəkən şəxslərin müsahibələrini dərc etmişik. Baıya yeniyetmələrdən ibarət bu dəstə tərəfindən terrora məruz qalırdı. Lakin quldurların harada yaşamasını, başçılarının şəxsiyyətini müəyyənləşdirmək uzun muddət mümkün olmurdu. Bu yaxınlarda qəzetimizdə şəhərin polis rəisi, yeniyetmələrlə iş üzrə müfəttişliyin rəisi və islah müəssisəsi rəisinin bu problemə münasibətlərini açıqlayan məktublarını dərc etdik, səlahiyyətli orqanların başçıları ümumiyyətlə üşaq cinayətkarlığına və o cümlədən «kapitanların» cinayətkar fəaliyyətinə son qoymaq üçün, daha qəti addımlar atılacağına, söz vermişdilər.
Nəhayət, dünən ictimai asayişi qorumağa borclu olan orqanlar müvəffəqiyyət qazanmışlar: dəstənin bir neçə üzvü, aralarında bir qız polis tərəfindən cinayət yerində yaxanlanmışlar.Təəssüf ki, dəstənin başçısı Gullə Pedro, polis agentləri ilə ağızlaşaraq onların diqqətini yayındırmış və öz yoldaşlarının qaçmasına imkan yaratmışdır. Buna baxmayaraq, dəstə başçısının və heç şübhəsiz onu qanun pozuntularına ilhamlandırmış romantik sevgilisin həbsini, bizim polisin böyük qələbəsi kimi qiymətləndirmək lazımdır. İndi isə hadisənin məlum faktları barədə.

Qarət cəhdi

Dünən günortadan sonra beş cinayətkar doktor Alsebiades Menezesin San-Bento küçəsindəki malikanəsinə girmişlər. Lakin qarətçilər ev sahibinin oğlu, tibb fakültəsinin tələbəsi tərəfindən aşkar edilmişdir: o, otaqlarda olan quldurların qapısını kilitləməyi bacarmış və sonra polis çağırmışdır. Qəzetimizin hadisə barədə vaxtında xəbərdar edilmiş reportyoru olay yerinə çatanda, canilərin Polis İdarəsinə göndərillməsi üçün hazırlıq görülürdü. Reportyor şəkil çəkmək məqsədilə icazə istəmiş və əlaqədar şəxslərdən razılıq almışdır. Lakin o, şəkil çəkmək üçün maqnezium çırağını alışdıranda, dəstə başçısı, yuxarıda adı çəkilən Güllə Pedro, öz yoldaşlarının qaçmasına kömək etmişdir.

Qaçış

Cani qeyri-adi cəldliklə rolis agentinin əlindən çıxaraq, onu kapoeyra fəndi ilə yerə yıxmışdır. Təbii ki, polis nəfərləri qaçışının qabağını almaq üçün onun üstünə atılanda cani macal tapmamışdır.Onun planı yalnız həmin an açılmışdır: o o biri məhbuslara qışqırmışdır: «Qaçın!».Quldurlar bir agent tərəfindən qorunduqlarına görə, onu yıxmağı bacarmışlar, qaçıb Ladeyra-da-Montanyanın döngələrində gözdən itmişlər.

Polis idarəsində

Biz Güllə Pedro ilə söhbət etmək istəsək də, o imtina etmişdir. Dəstənin yerini müəyyət etmək məqsədi ilə aparılan dindirmə, heç bir nəticə verməmişdir. O yalnız öz adı və ləqəbini söyləyərək, xəbər vermişdir ki, 191... ilin məşhur liman tətili zamanı öldürülmüş tanınmış bir qiyamçının oğludur və heç bir yaxını, qohumu yoxdur. Onun rəfiqəsi Doranın anası isə şəhərimizi viran qoyan dəhşətli ospa epidemiyasında ölmüş paltaryuyan qadındır. Bu qızın şaykaya cəmi dörd ay əvvəl düşməsinə baxmayaraq, artıq bir çox basqınların iştirakçısı olmuşdur və o bununla fəxr etdiyini bildirmişdir.

Nişanlılar

Dora demişdir ki, Gullə Pedronun nişanlısıdır və onlar kilsədə nigah kəsdirməyə hazırlaşırlar. Cəza vermək bir yana,danışdıqca adamın yazığı gələn bu təcrübəsiz qızcığaz, öz nişanlısı barədə mütəəssir və bəsit bir heyranlıqla danışırdı. Qızcığazın dörd yaşı var, Pedro isə on yeddi yaşın içindədir. Qız yetimxanaya göndərilib və orada təbii ki, həm romantik məhəbbət macərasını, həm də cinayətkar fəaliyyətini unutmalı olacaq. O ki, qaldı Gullə Pedroya, dəstəsinin harada gizləndiyini söyləyən kimi, onu azyaşlı cinayətkarlar üçün islah düşərcəsinə keçirəcəklər. Polis elə bu gün etiraf ərizəsini alacağına ümid edir.

Soz verilir islah düşrgəsi rəisinə

Baiya islah düşərgəsinin rəisi qəzetimizin köhnə dostudur. Bir müddət qabaq dərc etdiyimiz məqalə düşərcənin adına, onun rəisinə xələl gətirə biləcək şər-böhtan fikirləri ifşa etmişdir. Hal-hazırda o polis idarəsindədir ki, Güllə Pedro ifadə verəndən sonra, onu özü ilə düşərgəyə aparsın.
Suallarımıza rəis belə cavab vermişdir:
-O, həyata yenidən gələcək, söz verirəm! Bizim düşərgənin adında nahaq yerə «islah» kəlməsi yoxdur ki. «Biz onu da islah edəcəyik» deyən rəis reportyorumuzun səsləndirmədiyi şübhələri qabaqlayaraq, gülümsündü: - Qaçacaq? Məndən qaçmaq o qədər də asan deyil. Sizə söz verirəm ki, bu ona nəsib olmayacaq.

Professor bütün bunları ucadan oxudu.
-O artıq düşərgədədir, - Çolaq dedi, - onu polis idarəsindən çıxaranda özüm gördüm.
-Biz onu çıxaracağıq ordan, - Professor qətiyyətlə dedi. - O qayıdana kimi, Çolaq, ataman sən olacaqsan.
Böyük Joan əliylə «kapitanlara» işarə elədi:
-Uşaqlar, Pedronun yerini hələlik Çolaq tutacaq. Aydındır?
-O polisin əlində qaldı ki, biz qaça bilək. İndi də onun aradan çıxmasına gərək biz kömək edək. Elədir?
Uşaqlar birsəslə razılaşdılar.

Pedro bu otaqda onu gözləyən bəlaları təsəvvür edirdi. Onunla birlikdə içəri iki polis nəfəri, müstəntiq və düşərgə rəisi girdi. Qapını bağladılar. Sonra o müstəntiqin istehza dolu səsini eşitdi:
-Reportyorlar yoxdu burda, küçük. İstəsən də, istəməsən də suallarımıza cavab verməli olacaqsan.
-İndi hər şeyi danışacaq... - rəis güldü.
-Beləliklə, harda gecələyirsiniz? - müstəntiq soruşdu.
Pedro onun üzünə nifrətlə baxdı:
-Elə bilirsiz deyəcəm?
-Əlbəttə.
-Çox gözləməli olacaqsız!
O, üzünü çevirdi. Müstəntiqin işarəsi ilə polislərin ikisi də eyni anda qamçılarını işə saldılar, o özü isə irəli gəlib, oğlanın sifətinə bir təpik vurdu. Pedro yıxıldı, yerdə qıvrılaraq söydü.
-Nə oldu, demək istəmirsən hələ? - müstəntiq soruşdu. - Bu hələ hazırlıqdı... Deyəcəksən?
-Yox! - Pedro qışqırdı.
Vəziyyəti belə görəndə, əməlli-başlı girişdilər ona. Qamçıbir tərəfdən, şillə-şapalaq o biri tərəfdən. Rəis də ayağa qalxıb, ona elə bir təpik ilişdirdi ki, Pedro otağın küncünə diyirlənib daha dura bilmədi. Polislər qamçılarını göydə oynadırdılar. Pedro gözləri önündə Professoru, Fırfıranı, Böyük Joanı, Çolağı, Pişiyi gördü. Onların hamısı indi Pedrodan asılı idi, onların azadlığı Pedronun əlindəydi. O, başçıdır, o, sata bilməz. Bu gün, San-Bentoda uşaqları tutanda da, lap əli-qolu bağlı olsa belə, kömək eləyə bildi onlara, qaçırdı. Bununla qürurlanırdı.Heç nə deməyəcək bunlara, koloniyadan da qaçacaq, Doranı da xilas edəcək. Və intiqamını alacaq... Dəhşətli bir intiqam...
O, ağrıdan çığırır, amma bircə kəlmə də qoparmaq onlara nəsib olmur. Gözlərinə qaranlıq çökür, ağrı buxar kimi yayılır.Polislər onu qamçılamağa davam edir, müstəntiq zərbələr yağdırır, lakin Pedro artıq heç nə hiss etmir.
-Bitdi. Özündən gedib, - müstəntiq deyindi.
-Qoyun onunla mən məşğul olum, - rəis təklif elədi. - Aparım onu özümlə. Bizdə bir göz qırpımında danışacaq, zamin dururam. Sizə xəbər verərəm.
O, biri razılaşdı. Rəis məhbusların dalınca sabah öz adamlarını göndərəcəyini vəd edib, getdi.
Dan yeri sökülənə yaxın Pedro özünə gələndə, eşitdi ki, kameradakı məhbuslar qəmli bir mahnı oxuyurlar - küçələri işıqlandıran günəşdən, azadlığın necə gözəl bir nemət olmasından.
Səhər onun dalınca gözətçi Ranulfo gəldi və onu düşərgəyə apardı. Pedronun bütün bədəni gömgöy idi,amma ağrısa da keyfini pozmurdu.Heç nə demədi onlara, heç kəsi satmadı. Dan yeri söküləndə, eşitdiyi mahnını xatırladı: dünyada azadlıqdan yaxşı heç nə yoxdur, küçədə günəş şüaları, kameralarda isə zülmət, çünki burda azadlıq yoxdur,- mahnıda belə deyilirdi. Azadlıq! Günəş dolu küçələrdə addımlayan fəhlə Joan-de-Adan da ondan danışırdı, - deyirdi ki, tətilləri yalnız məvacibin azlığından təşkil eləməyib, - o həmişə azadlıq uğrunda mübarizə aparıb, axı liman fəhləsi azad deyillər. Bu azadlıq naminə Pedronun atası da başından keçmişdi. Onu da dünən polisdə qəddarcasına döydülər. Bədəni zoqquldayır, dizləri əsir, qulaqlarında isə məhbusların mahnısı səslənirdi. Orda, məhbəs divarları arxasında, - günəş, həyat, azadlıq... Pəncərədən geniş küçəni görür, o küçəni ki,düşərgənin qapılarından uzaqlara çox uzaqlara uzanırdı.Burda isə heç vaxt günəşi görməyən zirzəmidə qatı bir qaranlığ var. Orda azadlıq və həyat. Bir də qisas, - öz içində əlavə eləyir.
Rəis daxil olur. Gözətçi Ranulfo onun qabağında mil çəkərək, Pedronu göstərir. Rəis təbəssümlə əllərini ovuşdurub, böyük yazı masasının arxasına keçir. Oğlanı uzun-uzadı süzür.
-Nəhayət ki, gəldin... Səni çoxdan gözləyirik, elə deyil, Ranulfo?
Tərbiyəçi razılıq əlaməti kimi, başını tərpədir.
-Bilirsən bu kimdir? Həmin o «Kapitanların» başçısıdır. Anadangəlmə cinayətkardır - bircə dəfə baxan kimi, görünür. Sən yəqin ki, Lombrozonu oxumamısan, yoxsa bilərdin ki, nə deyirəm. O, dünyaya gələndən günah içindədir. Hələ uşaqdır, amma sifətindəki çapığa bax. Bəs gözləri, gözlərinə bax... Əziz qonağa - xüsusi hörmət.
Pedro ona baxır, gözləri qan çanağına dönüb. Əldən düşüb, yuxu üçün lap ölür.
-Aparım onu uşaqların yanına? - Ranulfo soruşmağa cürət edir.
-Nə? Uşaqların yanına? Yox. Başlanğıc üçün - karserə. Orda tez qanar hara düşdüyünü, yumşalar.
Gözətçi Pedronu qapıya aparır. Rəis arxadan qışqırır:
-Rejim nömrə üç.
-Deməli su, bir də noxud...- gözətçi mızıldanır. Sonra isə Pedroya baxıb, başını bulayır: - Belə yeməkdən kökəlməzsən...
Orda, divarlar arxasında, - azadlıq və günəş qaldı. Həbsxana, məhbuslar, bədəninin yaraları Pedroya anlatdı ki, azadlıqdan yaxşı dünyada heç nə yoxdur. İndi o, bilir: atası onun üçün ölməyib ki, bazarda, körpülərdə, tavernalarda ondan danışsınlar, - o həyatını azadlıq naminə verib. Azadlıq günəş kimidir. Dünyada ondan güclu və gözəl heç nə yoxdur.
Qıfılın cırıltısını eşitdi. Onu karserə atdılar - pilləkanın altındakı bapbalaca yerə: nə hündürlüyü adama boy verirdi, nə də ki, ayağını uzatmaq olardı. Ya gərək oturaydın, ya da ayaqlarını narahat vəziyyətdə qatlayıb, uzana qalaydın. Pedro ikincisini seçdi. Uzananda bədəni qeyri-təbii bir şəkildə, əzilib büzüldü və o fikirləşdi ki, bu qutu ancaq sirkdəki «ilan-adama» yarayardı, - bu sirk nömrəsini bir dəfə görmüşdü. Qapı kip örtülmüşdü, içəri zülmət kimiydi, hava yalnız pillələrin arasındakı yarıqlardan girirdi. Heç tərpənmək də mümkün deyildi: tərpənən kimi, ya ayağın divara dəyirdi, ya da əlin. Hər yeri ağrıyırdı, altına qatladıqı ayaqları uyuşdu. Sifətini qaysaqlamış yaralar basmışdı - polis idarəsində dünənki «söhbətin» əyani şahidləri, - amma indi Dora gəlib, yaralarını təmiz soyuq su ilə yumayacaq... Azadlıq - həm də Dora deməkdir. Azad olmaq, yalnız günəşi görmək, küçədə gəzmək, ucadan qəhqəhə çəkmək deyil. Azad olmaq üzünə Doranın qızılı saçlarının necə toxunuşunu hiss etmək, onun təpədəki həyatından söhbətlərini dinləmək, dodağını partlamış dodaqlarında duymaqdır. İndi onun da azadlığı əlindən alınıb... Pedronun gicgahlarından ağrı qopdu. Doranı da günəş və azadlıqdan məhrum ediblər. Yetimxanaya göndəriblər. Nişanlı... Qabaqlar o bu sözün mənası barədə heç düşünməmişdi. Çimərliyə gələn zənci qızlarıyla yatmaqdan xoşlanırdı, amma heç ağlına da gəlməzdi ki, qızla yanaşı qumun üstündə uzanıb, ondan-bundan danışaraq, gülmək də olar. «Bu nəsə ayrı bir məhəbbətdi», - çaşqınlıq içində fikirləşdi. Pedro məhəbbətin nə olduğunu heç vaxt əməlli-başlı bilməyib, axı bu səfil, ev-eşiksiz, yalnız öz gücü, cəldliyi, cəsarəti bahasına ən böyük dəstənin başçısına çevrilmiş oğlan hardan biləydi ki, məhəbbət nədi. Arxayın idi ki, «məhəbbət» sözü onun bir zənci və ya mulat qızını qolları arasında sıxarkən elədiklərinin adıdır. O da belə bir məhəbbəti hələ heç on üç yaşı tamam olmamışdan dadmışdı, bir də kim bilmirdi, axı onun dadını? Hətta qadınla nə etmək lazım olduğunu qanmayan balacalar da, sevinc dolu səbirsizliklə nə vaxtsa əllərinə düşəcək bu fürsəti gözləyirdilər... Başı daha bərk ağrıyır,sümükləri sızıldayırdı. Su istəyirdi - bütün günü dilinə bir damcı da su dəyməmişdi... Dora ilə onun münasibəti tama başqa cür idi. Dora Pakhauza gəlib çıxanda, hamı, elə onun özü də, bu qəşəng qızı ələ keçirərək, onunla «məhəbbət» adlandırdıqları işi - məhəbbət barədə onlara bəlli olan yeganə işi - görmək istəyirdilər. Lakin qızın halına acıyıb, ona qahmar çıxdı. Sonra isə qız, hamı üçün ana əvəzi oldu. Həm də bacı əvəzi, - Böyük Joan düz deyirdi. Amma Pedro üçün o lap ilk dəqiqələrdən, nəsə başqa birisi idi. Yox, o həm sevimli bacı, həm «əsl oğlansayaq» idi, ancaq onunla üz-üzə gələndə, keçirdiyi hisslər, bacısı ilə rastlaşan qardaşın sevinci deyildi. Nişanlı... Hə, onunla yatmaq istərdi, lakin bunu Doraya demək belə istəməzdi.Yalnız söhbətlə, onun səsini eşitməklə, hərdən də çəkinə-çəkinə əlini əlinə almaqla kifayətlənə bilərdimi? Yox. Ona sahib olmaq istəyirdi, lakin çimərlikdəki oyunbaz zənci qızlarına sahib olduğu kisi yox.Gecə bitdimi, hər şey yaddan çıxdı . Hər gecə və ömrünün bütün gecələri, onunla olmaq istəyərdi. Başqalarının da arvadı var... Arvad-ana, arvad-dost, arvad-bacı. O, bütün «kapitanların» anası, bacısı, dostu idi, Pedro üçünsə nişanlı oldu və mütləq nə vaxtsa evlənərdi onunla. Onu yetimxanada saxlamağa heç kəsin ixtiyarı yoxdu, o yetim deyil! Onun nişanlısı var, bir aləm qardaşı var, qayğısını çəkdiyi balaları var... Yorğunluq harasa yox oldu, o sıçrayıb ayağa qalxmaq, cummaq, elə bu dəqiqə Doraya azadlığını qaytarmaq üçün nəsə eləmək istəyirdi. Amma əlindən nə gələrdi, özü də bağlı qapı dalındaydı. Düz ayağının altından siçan qaçdı. Onlara Pakhauzda öyrəşmişdi deyə, əhəmiyyət vermədi. Dora yəqin yaman qorxur. Belə yerdə «kapitanların» başçısından savayı, kim desən qorxar. Gör indi yazıq qız necədir... Əlbəttə o, igidləriylə həmişə ad çıxarmış Baiyanın ən cəsur qadınıdır, altı əsgərin öhdəsidən gələn Roza Palmeyraodan, lap elə Lampianın rəfiqəsi, silahla əsl kanqaseyro ( latın amerikası ölkələrində quldur) kimi davranan Mariya Kabasudan da cəsarətlidir. Bəli, cəsurdur! Axı o hələ balaca qızdır, təzə yaşamağa başlayır. Bütün dərdinə, yorğunluğuna, artıq dözülməz olan susuzluğuna baxmayaraq, qürurla gülümsündü.İndi bir stəkan su üçün, hər şeyindən keçərdi. Pakhauzu qoynuna almış qumsallığın o üzündə dəniz dalğalanır - bitib- tükənməz, göz işlədikcə uzanan - sinəsini böyük kapoeyraçı Boqumilin öz kiçik barkası ilə şırımladığı dəniz. Yaxşı oğlandı. Əgər Pedroya Anqola kapoeyrasının - döyüş rəqsin, dünyadakı bütün əlbəyaxa döyüş növlərindən ən gözəliınin - fəndlərini öyrətməsəydi, yoldaşlarının qaçması üçün kömək edə bilməyəcəydi. Tərpənmək mümkün olmayan karserdə isə, kapoeyra da gərək deyil ona. Kaş su olaydı... Görəsən Dora da indi susuzluqdan əziyyət çəkir? Bəlkə onu da karserə atıblar? Pedro öz təxəyyülündə həmin o yetimxananı canlandırır, yetimxana da ona eynən düşərgə kimi gəlir. Tanrı haqqı, susuzluq ospadan da dəhşətlidir, adamı ilan zəhərindən tez yıxar. Bircə qurtum olaydı!. Barı işıq düşəydi bir az!.. İşıq olsaydı, Doranın gülümsər üzünü görərdi, qaranlıqda isə onun gözləri önündə yorğun və əzabkeş bir sima görünürdü. Gücsüz, kor qəzəb qəlbində tüğyan edirdi. O, yerindən qalxmaq istəyir, amma başı üstdəki pillələrə dəyir. Qəzəbdən karserin qapısını yumruqlamağa başlayır. Bayırdan heç bir səs gəlmirdi. Rəisin tikanlı baxışları düşür yadına. Of, böyük bir ləzzətlə bıçağını dəstəsinə kimi onun düz onun ürəyinə soxardı, nə əli əsərdi, nə vicdanı ağrıyardı. Bıçağı da yoxdu, alıblar...Eybi yox, Fırfıra ona özününkünü verər, tapançanı isə saxlayar. Fırfıra kirvəsi Lampianın əsgərləri, camaata əziyyət verən kim varsa, hamısını gəbərdən bandasına düşmək istəyir. Bu dəqiqələrdə quldur onun gözündə qisasçı-qəhrəman kimi görünür. Lampian sertana yoxsullarının cəza qılıncıdır. Bəlkə elə Pedro da nə vaxtsa onun dəstəsinə düşəcək, bəlkə birlikdə Baiyaya hücum edəcəklər, bax onda bu rəisin başını üzəcək. Pedronun rəhbərlik etdiyi quldur onun kabinetinə girəndə, nə sifətə düşəcək görəsən?! Sato-Amarolu dostunun bağışladığı şərab şüşəsi də yəqin əlindən düşüb, qırılar... Pedro isə bıçağını düz onun boğazına soxacaq. Yox, əvvəlcə elə bu karserə atacaq onu, aclıqdan, susuzluqdan incidəcək. Ah, necə su istəyir...Doranın qaranlıqda gözünə görünən əzabkeş sifətinin də səbəbkarı susuzluqdur. Nədənsə əmin idi ki, o da indi əzab çəkir. Gözlərini yumaraq, Professor, Pişik, Çolaq, Doldon, və Böyük Joan barədə fikirləşib, beynini yeyən düşüncələri dağıtmaq istədi. Fikirləşdi ki, bütün dəstə Doranı xilas etmək üçün yetimxanaya necə hücum çəkəcək. Amma bir şey çıxmır: gözləri önündə elə bayaqkı kimi, qızın susuzluqdan əzab çəkən, surəti durmuşdu. Yenə qapını döyəcləyir.
Qapını əlləri ilə, ayaqları ilə vurur, qışqıraraq ən dəhşətli söyüşlər söyürdü. Heç kəs cavab vermir, heç kəs eşitmir. Yəqin cəhənnəm də elə bu karser kimidir, nahaq yerə Şirniquş ondan belə qorxmur ki...Həqiqətən də dəhşətdir bu əzablara dözmək... Həbsxanadakı dustaqlar mahnılarında oxuyurdular ki, bu divarların dalında azadlıq və günəş var. Bir də su! Çoxlu su: çaylar axır, şəlalələr sıldırım qayalardan qopur, nəhəng sirli dəniz uğuldayır. Çoxbilmiş, dünyada hər şeydən xəbərdar - çünki gecələr şam işığında oğurladığı kitabları oxuyur («Professor, gözlərini xarab edərsən») Professor ona demişdi ki, yer üzündə su qurudan çoxdur, hardansa oxumuşdu bunu. Burda, karserdə isə bir damcı da yoxdu. Doranın indi əzab çəkdiyi yerdə də yoxdu su. Qapını niyə döyür? Heç kəs onu eşidəsi deyil, əlləri isə yaman ağrıyır. Dünən onu polisdə döydülər: kürəyi qançır oldu, sinəsi yaralı, üzü şişib. Rəis elə buna görə deyirdi ki, guya o, anadangəlmə cinayətkardır. Yox, qətiyyən yox! Ona azadlıqdan başqa heç bir şey lazım deyil. Tavernadakı qoca deyirdi ki, taleyi dəyişə bilməzsən heç vaxt, Joan de Adan da ona cavab verdi: «Gün gələcək, biz özümüz taleyimizi yazacağıq» və o da razıdır dokerin bu sözü ilə. Onun atası liman dokerlərinin taleyini dəyişmək naminə həlak olub. Pedro da böyüyəndə doker olacaq, azadlıq, günəş, yemək və suyun hamıya məxsus olması uğrunda mübarizə aparacaq... Pedro ağzındakı qupquru qanlı tüpürcəyi zorla yerə tüpürdü. Susuzluq get-gedə, daha artıq əzab verirdi. Şirniquş ruhani olmaq istəyir ki, cəhənnəmdən nicat tapsın.Padre Joze Pedro bilir ki, düşərgədə nələr baş verir, o çalışırdı ki, uşaqları bura salmasınlar, amma heç kəsin tanımadığı bir keşiş təkbaşına hamıya qarşı nə eləyə bilər? Ona görə hamıya qarşıydı ki, səfil uşaqlara hamı nifrət eləyir... Bircə burdan çıxa biləydim... Aninya anadan xahiş edərdim ki, rəisə cadu eləsin... Oqun kömək edəcək ona, axı polisdən onun şəklini Pedro oğurlamışdı... O, özünün on beş yaşı üçün çox iş görmüşdü. Elə Dora da, dəstəyə lap bu yaxınlarda gəlməsinə baxmayaraq... İndi isə onların hər ikisi susuzluqdan ölürdülər... Pedro yenə qapını döyür. Xeyri yoxdur. Yanğı onun içini quduz siçovul kimi, bir sürü siçovul kimi gəmirirdi. Dizi üstə düşür, gücü tərk eləyirdi onu. Yuxu aparır, amma yanğı yuxuda da əziyyət verir ona, yuxusunda görür ki, siçovullar dişlərini qıcayıb, Doranın gözəl üzünə cumublar.
Kimsə pilləkanın pillələrini yüngülcə döyəcləyir. Pedro elə bu səsdən özünə gəlir. Belini əyərək, ayağa durur, qəddini əyri pilləkana görə tam dikəldə bilməz.
-Ey, kimdi orda? - astadan səslənir.
-Bəs sən kimsən? - cavab eşidir və içində divanə bir sevinc baş qaldırır.
-Güllə Pedro.
-«Kapitanların» böyüyü sənsən?
-Hə, mənəm.
Fit səsi eşidilir və həmsöhbəti tələsik deyir:
-Bu gün sizinkilərdən biri gəlmişdi, sənə bir şey gətirib...
-Hə?..
-Bura gələn var... Sonra! - Addım səsləri uzaqlaşır.
Artıq ürəyi rahatdır. Bəlkə Doradır, özündən xəbər yollayıb? Amma özü də bağlı qapı dalındadır, necə göndərə bilər? «Kapitanlardır» yəqin ki. İndi baş çatladırlar, onu burdan çıxarmaq istəyirlər. Bu saat ən vacibi karserdən çıxmaqdır, burdan qaçmaq olmaz. Bu siçan tələsindən çıxsa, bir şey fikirləşər... Təki burdan çıxaydı... Pedro oturub, düşünməyə başlayır. Görəsən nə qədər olar bura düşdüyü, neçə gün olar? Gün... Burda gün yoxdu ki, başdan-ayağa qurtarmayan zülmət gecədi. O, səbirsizliklə bayaqkı oğlanın qayıtmasını gözləyir, amma oğlan, nədənsə ləngiyir və Pedro narahat olmağa başlayır. Maraqlıdır, görəsən dəsətədə onsuz vəziyyət necədir? Professor yəqin ki, onun qaçması üçün bir şey fikirləşib. Amma çətin məsələdir. Nə qədər ki, o düşərgədədir, Dora yetimxanada qalası olacaq... Birdən qapı açılır, Pedro onu buraxacaqlarını güman eləyib, yerindən sıçrayır, lakin kiminsə əli onu geri itələyir.
Qapıda gözətçi Ranulfo durub, əlində də dəmir parç. Pedro parçı onun əlindən qapıb, iki-üç qurtuma içir. Az oldu! Yanğısını soyutamğa ancaq bəs eləyər... Gözətçi içində bir-neçə noxud üzən gil kasa uzadır.
-Yenə su olar? - Pedro soruşur.
-Su sabah olacaq, - o, iztehza ilə cavab verir.
-Heç olmasa bircə qurtum...
-Dedim axı: sabah! Qapını döyəcləsən, bir həftənin yerinə iki həftə qalacaqsan burda. - Qapı düz onun burnunun qabağında çırpılır.
Qapı arxadan kilidlənir.Pedro qaranlıqda kasanı bir təhər tapıb, bulanıq suyu acgözlüklə içir, onun necə duzlu olması onun heç vecinə deyil.Sonra da yarıçiy noxudları udur. Duzlu noxudlar onu daha da susadır.İçi su üçün yanır.Bir parç nədir? İndi bir vedrə su içərdi... Pedro yenidən döşəməyə uzanır, çalışır ki, heç nə haqda düşünməsin. Saatlar keçir. Gözləri önündə Doranın qəmli sifətidir. Bütün bədəni ağrıyır.
Bir müddətdən sonra yenə tıqqıltı səsi eşidir. Səsini çıxarır.
-Tapşırdılar sənə deyim ki, burnunu sallamayasan. Karserdən çıxan kimi səni qaçıracaqlar...
-İndi gecədir? - Pedro soruşdu.
-Axşam.
-Ölürəm su üçün...
Cavabında - sükut. Pedro dilxor olur, elə bilir ki, oğlan artıq gedib. Yaxşı, bəs ayaq səsləri niyə eşidilmədi?
-Döz. Parçı ora heç cür soxmaq olmaz, - gözləmədən onun səsini yenə eşidir. - Siqaret istəmirsən?
-İstəyirsən də sözdür!
-Bir dəqiqə dayan.
Bir dəqidən sonra qapını zorla eşidiləcək tərzdə döyürlər və hardasa aşağıdan səs gəlir:
-Siqareti itələdim içəri. Ortada axtar.
Pedro qapının altındaki yarıqdan əzilmiş siqaret, bir dənə kibrit çöpü və qutunun bir tikəsini çıxarır.
-Çox sağ ol, - deyə pıçıldayır.
Qapının dalından səslər gəlir, şapalaq səsi eşidilir.Kimsə yerə yıxılır və naməlum bir səs deyir:
-Bir də tutsam, müddətin artacaq!
Pedro büzüşür. Bu yazıq oğlan yəqin öz mərhəmətinə görə cəzalanacaq. Burdan çıxanda, onu mütləq öz yanına götürəcək. Günəşin, azadlığın bol olduğu yerə. Tək kibrit çöpünü itirməməkçün son dərəcə ehtiyatla siqaretini yandırdı, onu yumruğunun içində tutut ki,işığını bayırdan görən olmasın. Yenə də sükutun girdabına yuvarlanır, beyninə cansıxıcı fikirlər dolur, gözləri önündən sifətlər keçir.
Siqaretini çəkib, dizi üstə küncə söykənir. Kaş yata biləydi... Doranın kədərli baxışlırı da yox olardı.

Burda neçə saat keçirib görəsən? Neçə gün? Zülmət yenə də boğucu, yanğı amansızdır. Üç dəfə ona su və noxud gətiriblər. O, artıq anlayıb ki, noxudun bişdiyi duzlu suyu içmək olmaz - adamın yanğısını daha da artırır. Zəifləyib, ayaqları elə bil özgəninkidir. Küncdəki paraşadan üfunət yayılır, neçə gündür çıxarıb, atan yoxdur. Qarnı yaman ağrıyır, elə bil bağırsaqlarının hamısı bir-birinə dolaşıb. Ayaqları sözünə baxmır. Onu saxlayan yalnız nifrətdir, - ruhunu əsir edən nifrət.

-Əclaflar...İt uşağı...
Yalnız bunu deyə bildi, onu da pıçıltı ilə. Qışqırmağa, qapını yumruqlamağa daha güc qalmayıb. Aydındı ki, elə burda da öləsidir. O, yerə sərilmiş, susuzluqdan ölən Doranı, yanında isə Böyük Joanı görür. Elə ordaca ağlayan Professorla Şirniquş. Su ilə noxudu dördüncü dəfə gətirdilər. Suyu içdi, yeməkdən vaz keçdi. Zəif səslə dedi:
-Əclaflar...Əclaflar...
Lakin həmin gün ( günlərin hamısı Pedronun gözündə bitib-tükənməz zülmət bir gecəyə çevrilmişdi) hələ yeməyi (ona yemək demək mümkündürsə) ona gətirməmişdən həmin tanış səs onu çağırmışdı. O, isə ayağa durmadan hay vermişdi:
-Neçə gündür burdayam?
-Beş.
-Siqaret ver.
Siqaret bir az keyfini açdı, fikirləri aydınlaşdı və başa düşdü ki, beş gündən sonra öləcək. Bu işgəncəyə heç kişilər də dözə bilməzdi. Nifrəti də son həddinə çatmışdı, bundan o tərəfə daha heç nə yoxdu.

Yenə gecədir. Dora onun gözləri qabağında ölür. Yanında, barmaqlıqlar arxasında Böyük Joan. Şirniquş ağlayır, Professor ağlayır. Bu yuxudur, yoxsa reallıq? Ay aman, qarnı necə ağrıyır...

Bu zülmət nə qədər sürəcək? Dora ölənə kimi nə qədər əziyyət çəkəcək? Küncdəki çəlləyin iyi baş çatladır. Dora qurtuldu, öldü artıq. Bəlkə elə o da son dəqiqələrini yaşayır?
Doranın yanında birdən rəisin sifəti görünür. Gəlib ki, ölümqabağı əziyyət versin ona. Nə uzun çəkir ölməyi? Kaş tez öləydi... Rəis gəlib ki, onun ölümünü də dözülməz eləsin...
-Dur, - deyən bir səs eşidir. Rəis onu təpikləyir.
Pedro gözlərini geniş açır. Dora yoxdur. Qarşısında düşərgə rəisinin iztehza yağan sifətini görür:
-Hə, ağıllandın?
Yıxılanda macal tapıb düşünür: «İşığa bax, adamı kor eləyir! Dora sağdır görəsən?»

Yenə rəisin kabinetindədir. O, ara vermədən gülümsünür.
-Bizdə qonaq qalmaq necədir, xoşuna gəlir? Daha oğurluq eləmək istəməzsən yəqin? O qədər səndən də betərini sındırmışam ki!
Pedro tanınmaz dərəcədə arıqlamışdı: bir dəri idi, bir sümük. Sifəti heç ağ da deyildi, yaşıl idi, mədəsi pozulmuşdu deyə. Yanında gözətçi Fausto durmuşdu - karserin zülmətində onun səsini eşitmişdi. Gözətçi zırpı bir şey idi, deyirdilər ki, qəddarlıqda onunla koloniya rəisindən başqa kimsə yarışa bilməzdi.
-Hara aparım? - soruşdu. - Dəmirçixanaya?
-Yox, yaxşısı budur, şəkər qamışı plantasiyasına apar. Qoy bir az torpaqda işləsin, - rəis gülür.
Fausto başını tərpədir.
-Gözdən qoyma onu. Yaman azğın vəhşidir. Eyb etməz, onu tez adam eləyərik... Başa düşdün, yaramaz?
Pedro düz onun gözlərinə baxır. Gözətçi onu qapıya itələyir. Düşərgənin binasını bütövlikdə yalnız indi görür. Həyətdə dəllək onun saçını daz qırxır, uzun sarıçın saçları yerə tökülür. Ona ucuz parçadan şalvar və gödəkçə verirlər, paltarlarını dəyəşir. Sonra Fausto onu emalatxanaya aparır:
-Maçete, oraq tapılar?
O, həm maçeteni, həm orağı Pedroya verib, onu düşrəgədəki uşaqlar işlədiyi şəkər qamışı plantasiyasına göndərir. Pedro o qədər zəifləyib ki, maçeteni əlində zorla saxlayır. Gözətçilər hərdən- bir ilişdirirlər ona, amma cınqırını da çıxarmır.

Axşam onları sıraya düzüb, yerlərinə qaytarırlar. Pedro ona siqaret gətirən oğlanı fəhmlə tapmağa çalışırdı. Onlar pillələrlə qalxıb, üçüncü mərtəbədə yerləşən yataqxanaya daxil olurlar. Nahaq yerə üçüncü mərtəbədə deyildi, burdan tullan görüm, necə tullanırsan! Qapı bağlanır. Fausto əmr eləyir:
-Qrassa, dua!
Qırmızısifət oğlan irəli çıxaraq, «İman rəmzi» duasını oxumağa başlayır. Onun dalınca hamı duanın sözlərini təkrarlayaraq, xaç çəkirlər. Sonra «Otçe naş» və «Müqəddəs ana» duaları gəlir - uşaqların səsi ucadan, aydın çıxır, hərçənd ki, yorğunluqdan lap ölürlər.
Nəhayət ki, uzanmaq olar... Çarpayıların üstünə kirli örtük salınıb. Örtüyü və daş kimi balışın üzlüyünü iki həftədən-bir dəyişirlər. Yuxu aparanda, Pedro çiynində kiminsə əlini hiss edir.
-Sən Güllə Pedrosan?
-Hə.
-Orda mən idim sənə xəbər gətirən...
Pedro bu mulat oğlanı diqqətlə süzür. Görkəmindən on yaşı ancaq olar.
-Yenə gəlmişdilər?
-Hər gün. Elə hey maraqlanırlar ki, səni karserdən nə vaxt buraxacaqlar.
-Onlara de ki, mən plantasiyadayam.
-Deyərəm.
-Nə qədər qaldım orda?
-Səkkiz gün. Hər adam dözməzdi. Karserdən bir oğlanın meyidi çıxdı...
Oğlan gedir. Pedro onun adını da soruşmağa macal tapmadı. İndi ancaq bir şey istəyirdi - yatmaq. Amma yenə səs-küy gəlir, taxta arakəsmənin o üzündən gözətçi Fausto çıxır.
-Nə olub?
Cavabında - sükut.
-Qalx! - tez-tez əl çalır.
Nəzərlərini oğlanların üzündə gəzdirir:
-Belə. Deməli heç kəs bilmir?
Sükut. Gözətçi gözlərini ovuşdurub, çarpayıların arasını gəzir. Divardakı zırpı saatın əqrəbləri 10.00 göstərir.
-Heç kim danışmaq istəmir?
Sükut. Gözətçi dişlərini qıcıdır:
-Mil çəkib duracaqsınız. Saat on birə qədər. Kim uzansa, karserə gedəcək. Ora təzə boşalıb...
Sükutu bir uşaq səsi kəsir:
-Senyor gözətçi...
Rəngi qaçmış, saralmış balaca bir oğlandı.
-Hə, Enrike, danış.
-Mən niyə səs olduğunu bilirəm.
Hamı gözünü çəkmədən, satqına baxır. Fausto oğlanı həvəsləndirir:
-Danış, Enrike, nə bilirsən de.
-Jeremias, senyor gözətçi, Bertonun yatağına girmişdi. Onlar, senyor gözətçi, istəyirdilər öz murdar işlərini görsünlər...
-Jeremias! Berto!
Adları çəkilən uşaqlar irəli çıxır.
-Qapı ağzına! Saat on ikiyə qədər dayanırsınız! Qalanları - yatağa! - və Fausto uşaqları bir də nəzərdən keçirir. Gözətçi öz yerinə gedəndən sonra, Jeremias Enrikeyə yumruq göstərir. Pedro uşaqların səsküyündə yuxuya gedir.
Səhər yeməkxanada qəfvə içərək, quru çörək yeyirlər. Pedronun stol qonşusu səsini içinə salıb, ondan soruşur:
-«Kapitanların» başçısı sənsən?
-Hə.
-Sənin şəklini qəzetdə görmüşəm... Əjdəhasan! Amma yaman günə salıblar səni... - o Pedronun arıqlamış sifətinə baxıb, halına acıyırmış kimi ağzındakı tikəni udaraq, sözünə davam edir:
-Burda çox qalacaqsan?
-Yox. Tezliklə aradan çıxacam.
-Mən də. Artıq yolunu da fikirləşmişəm... Məni öz yanına götürərsən?
-Götürərəm.
-Bəs «yuvanız» hardadı?
-Kampo-Qrandedə bizimkilərdən birini mütləq tapacaqsan, - deyə Pedro ehtiyatı əldən vermir.
-Elə bilirsən sataram? - oğlan inciyir.
Gözətçi Kampos bərkdən əl çalır. Hamı yerindən qalxıb, sıra ilə ya emalatxanalara, ya da plantasiyalara yollanırlar. Günorta Pedro yolda Çolağı görür. Lakin gözətçi o dəqiqə qovur onu.

Cəza. Düşərgədə bu söz daha tez-tez səslənir. Ən kiçik günaha görə, oğlanları döyür, qamçılayır, karserə salırlar. Onların qəlbində nifrət üst-üstə qalaqlanır.

Plantasiyanın kənarına özünü bir təhər yetirib, Çolağa məktub ötürür və ertəsi gün şəkər qamışlarının arasında bir top ip tapır - nazik, amma çox möhkəm təp-təzə ip. Yəqin uşaqlardan hansısa gecə gətirib atmışdı. Topa ipin içindənki bıçağı cibinə qoyur. Yaxşı, bəs ipi yataqxanaya necə keçirsin? Köynəyin altında gizləyə bilməzsən: o dəqiqə bilinər. Gündüz qaçmaq olmaz, gözətçilər bir an da gözdən qoymurlar.
Gözlənilmədən dava duşur. Jeremias əlində maçete Faustonun üstünə atılır. O biri gözətçilər də əllərindəki qamçıları yelləyə-yelləyə, yoldaşlarının hayına yüyürürlər. Jeremiası yaxalayırlar. Aranın qarışmasından istiyadə eləyən Pedro, ipi koynəyinin altına soxub, yataqxanaya qaçır. Az qalır pilləkanda əllində revolver köməyə tələsən gözətçi ilə üz-üzə gəlsin, amma cəld tərpənib, bir an öncə özünü açıq qapıya təpir, gözətçi onu görmür. Pedro ipi döşəyinin altında gizlədib, qaçaraq, plantasiyaya qayıdır. Jeremiası karserə sürüyürlər. Gözətçilər uşaqları sayırlar. Ranulfo ilə Kampos ara qarışanda qaçmağa macal tapmış Aqostinyonun dalınca cumurlar. Fausto isə yaralı əlini o birisi ilə ehtiyatla tutub, lazaretə yollanır.
Rəisin gözləri qəzəblə parlayır, özü isə otağında əsəbi halda vargəl eləyir. Uşaqları bir də sayırlar, gözətçilərdən biri Pedrodan soruşur:
-Sən hardaydın?
-Çəkilmişdim bir qırağa, istəmirəm məni də bu məsələyə qatsınlar.
Gözətçi ona şübhəli baxsa da, daha qəmiş olmur.
Aradan çıxmış Aqostinyonu gətirirlər, onu elə burdaca, uşaqların gözləri önündə döyürlər.
Sonra rəis əmr eləyir:
-Atın karserə!
-Jeremias ordadır axı... - Ranulfo xatırladır.
-Qoy iki nəfər olsunlar, darıxmazlar!..
Bu sözlərdən Pedronun bədəni uçunur. Bu qutuda iki nəfər necə yerləşəcək, heç bir nəfər sığışmır?

Həmin gecə qaçmaq fikrindən daşınır, çünki hadisə olmuşdu, bütün gözətçilər həmişəkindən də ayıq-sayıq idilər. Oğlanlar gücsüz qəzəbdən dişlərini bir-birinə sıxmışdılar.
Lakin iki gün sonra, Fausto arakəsmə dalındakı otağına keçəndən, uşaqların hamısı yuxuya gedəndən sonra, Pedro yatağından qalxaraq, döşəyinin altındakı ipi götürür. Onun çarpayısı düz pəncərənin qabağında idi. Pəncərəni astaca açaraq, ipin bir ucunu divardan çıxan dəmir parçasına bağlayır, o biri ucunu isə bayıra atır. İp qısaydə, ucu yerdən xeyli aralı qalır. Səs çıxarmasın deyə son dərəcə ehtiyatla ipi yenidən yuxarı çəkir. Elə həmin an qonşusu başını balışdan qaldırır:
-Aradan çıxırsan?
Bu oğlan xəbərçi kimi ad çıxarmışdı buralarda. Onu təzə gələnin yanında məhz bu səbəbdən yatırdırdılar. Pedro bıçağını çıxardı:
-Bunu görürsən? Çalış ki, yatasan. Cınqırını çıxarsan, boğazını üzərəm, Güllə Pedro kimi söz verirəm. Lap sonra da ağzından qaçırsan... Eşitmisən də «kapitanlar» barədə?
-Eşitmişəm...
-Onlar səni dənizin dibindən də çəkib, çıxararlar.
Pedro bıçağını yanına qoyub, ipi yuxarı çəkir, mələfəsini dənizçi düyünü ilə ucuna möhkəm bağlayır - bunu da nə vaxtsa Boqumil öyrətmişdi ona. Oğlanı bir də hədələyir, ipi bayıra atır və ayağını pəncərənin altlığına qoyub, düşməyə başlayır. Məsafənin yarısını qət eləməmiş, yuxarıda qışqırıq qopur: oğlan xəbər vermişdi artıq. Pedro iplə sürüşür, sonra da əlini buraxıb, aşağı tullanır. Qarnının içində elə bil nəsə qırılır, lakin o artıq yerlə dığırlanır və gecələr zəncirdən buraxılan gözətçi itlərindən can qurtarmaq üçün, cəld hasarı aşıb, yola çıxır. Onun ehtiyatda hələ bir-neçə dəqiqəsi var- gözətçilər geyinib, aşağı düşərək, itləri onun dalınca buraxana kimi. Pedro paltarını çıxarıb atır ki, itlər iyini ala bilməsinlər, sonra da bıçağını dişlərində tutur. Və sübh çağının soyuq alatoranında günəşə, azadlığa sarı lüm-lüt qaçır.

Professor «Jornal da Tarde»nin məqalə başlığını oxuyur:

«Qumsallıq kapitanları» bandasının başçısı islah koloniyasından qaça bildi.

Sonra da qəzəblənmiş rəisin müsahibəsi gedirdi. Bütün pakhauz qəhqəhədən partlayır. Hətta padre Joze Pedro da qəhqəhə çəkir, - elə bir qəhqəhə, sanki onun özü də dəstənin üzvüdür.

Yetimxana

Yetimxanada cəmi bir ay bəs elədi ki, Doranın qəlbindən sevinc, cismindən güc, qüvvə uçub getsin. O, təpədə doğulmuşdu, uşaqlığını onun əyri-dolanbac küçələrində keçirmişdi. Sonra isə şaykada macəralarla dolu həyat! Dora dibçək gülü deyildi. Dora günəşi, küçəni, azadlığı sevirdi.
Yetimxanada onun saçlarını iki möhkəm hörüyə yığdılar, hörüklərini çəhrayı bantla bağladılar. Mavi çit paltar, göy önlük verdilər. Beş - altı yaşlı qızlarla bir partanın arxasına oturtdular. Yemək az idi. Cəzalandırırdılar. Nahar vermir, gəzməyə buraxmırdılar. Sonra qızdırma tutdu onu - yetimxananın lazaretinə qoydular. Ordan çıxanda yarımcan idi. Qızdırması hələ də düşmürdü, amma bu barədə heç kəsə demirdi, çünki darıxdırıcı xəstəxana palatasını görən gözü yox idi - ora günəş heç vaxt qonaq gəlmir, elə bil daima üzücü qürub çağıdır - günün ahəstə ölümü. Qismət olanda darvazaya yaxınlaşır, yetimxananın yaxınlığında dolaşan Professoru, ya da Böyük Joanı görürdü. Bir dəfə ona məktub da ötürə bilmişdilər. Pedro koloniyadan qaçıb, tezliklə onu da qaçıracaq. Sevinc onun ürəyinə təpər gətirdi.
İkinci məktubda deyilirdi ki, yenidən lazaretə düşməyə çalışsın. Amma çalışmağa heç ehtiyac olmadı: rahibə Doranın qızarmış sifətini görüb, əlini alnına qoydu:
-Sən od tutub, yanırsan ki!..
Və yenə də palatanın alaqaranlığı. Ora qəbir kimidir: qalın pərdələr günəş şüalarını buraxmır. Həkim onu müayinə eləyib, qəmgin bir görkəmlə başını buladı.
Lakin «kapitanların» gəlişi lazareti nura qərq elədi sanki. «Vay, necə arıqlayıb», - Pedronu qarşısındı görən Dora düşündü. Onun yanında Professor, Böyük Joan, Pişik də vardı. Professor xadiməni bıçaqla qorxutdu. Qonşu çarpayıda yatan su çiçəyi tutmuş qız, örtüyün altında tir-tir əsirdi. Qızdırma Doranı qovururdu, ayağa zorla dura bildi.
-Hara gedirsiniz? Onun vəziyyəti çox pisdir! - xadimə pıçıldadı.
-Eybi yox, Pedro, gedərəm... - Dora dedi.
Onlar çıxdılar. Darvazanın ağzında Fırfıra nəhəng bir itin xaltasından tutaraq, dayanmışdı - it hələ də onun verdiyi iri çeynəyirdi. Pişik alaqapını açıb yoldaşlarını qabağa buraxdı və dedi:
-Yağ kimi getdi işimiz.
-Tez olun, tez! Səs-küy düşməmiş aralanaq, - Professor onları tələsdirdi.
Onlar küçə ilə getməyə başladılar. Dora artıq qızdırmasını hiss eləmirdi: o indi əl-ələ tutub Pedro ilə yanaşı, addımlayırdı.
Fırfıra isə ehtiyat üçün darvazanın ağzında qaldı, qaraqabaq üzünə parlaq təbəssüm qonmuşdu, əlindəki bıçağı oynadırdı.

Sakit gecə

«Kapitanlar» onlara bacı, ana olan insana baxırdılar. Professor - öz sevgilisinə. Pedro - nişanlısına. Hamı susub. «Müqəddəsin anası» dona Aninya dualar oxuyur. Oxuyur ki, Doranı yandıran qızdırma düşsün, əlindəki budaqla titrətməni qovmağa çalışır. Doranın hərarətdən yanan gözləri gülümsərdir. Adama elə gəlir ki, gecələr Baiyanı ağuşuna alan sakitlik indi onun da ruhuna hakim kəsilib.
«Kapitanların» hər biri tam sükut içində anasına, bacısına, nişanlısına baxır. Onu qızdırma yıxıb. Hara getdi o şən günlər, niyə öz övladlarıyla oynamır, niyə gecələr öz zənci, mulat, ağ qardaşlarıyla oğurluğa getmir? Niyə gözlərindən sevinc oxunmur? İndi bu gözlərdə yalnız sakitlik - Baiya gecəsinin süst sakitliyi var; Güllə Pedro onun əlini sıxır.
«Kapitanlar» həyəcan yaşayırlar, «kapitanlar» Doranı itirməkdən qorxurlar. Amma onun gözlərində yalnız sakitlik, Baiya gecəsinin sakitliyi var və bu gözlər qızdırmanı qovmaq üçün hər dəfə Aninya ananın əlindəki budaq enəndə, müticəsinə qapanır.
Gecənin sükutu pakhauza enir.

Dora, arvad

İt aya ulayır. Çolaq Aninya ananı qumsallıqda ötürür. Kahin qadın dedi ki, qızdırma tezliklə düşəcək. Fırfıra padrenin dalınca qaçdı - bəlkə o təsirli dərman bilir.
Pakhauzda sakitlikdir. Dora «kapitanlardan» xahiş elədi ki, gedib yatsınlar, onlar da döşəmənin üstünə uzandılar, amma yuxuya getmək çox azına nəsib oldu: Doranın xəstələnməsi barədə fikirləşirdilər. O isə qardaşını öpərək, yatmağa göndərdi. O hələ balacadır, ağlı çox şeyi kəsmir, bilir ki, bacısı xəstədir, lakin onu həmişəlik itirə biləcəyini ağlına belə gətirmir. «Kapitanlar» isə yalnız bu barədə fikirləşir, yalnız bundan qorxurlar. Yəni onlar təzədən anasız, bacısız, nişanlısız qalacaqlar?
Doranın yanında yalnız Pedro ilə Böyük Joan qaldılar. Zənci gülümsünür, amma Dora görür ki, oğlan onun əhval-ruhiyyəsini qaldırmaq üçün, zorla gülümsünür, içini didən nisgilə baxmayaraq. Pedro Doranın əlini sıxır. Bir az aralıda Professor başını ovucları içinə qoyub, büzüşərək oturub.
-Pedro...- Dora çağırır.
-Mən burdayam.
-Yaxın otur.
Pedro bir az da yaxına gəlir. Onun səsi zorla eşidilir.
-Nəsə istəyirsən? - mehriban səslə soruşur.
-Sən məni sevirsən?
-Bilmirsən məgər?..
-Yanımda uzan.
Pedro onun yanında uzanır. Böyük Joan Professorun yanına çəkilir, hər ikisi susub, hər ikisi qüssəli. Sakit gecə pakhauza gəlib, və Doranın qeyri-təbii parıldayan gözlərində - bu sakitliyin əks-sədası.
-Yaxına gəl...
Pedro bir az da yaxınlaşır, indi onlar bir-birilərinə qısılıblar.Dora onun əlini sinəsinə qoyur. Bədəni qızdırmadan kürə kimi alov püskürür. Pedronun əli qızın sinəsinin üstündə donub. Dora onun əlini tutub, döşlərində gəzdirir və soruşur:
-Bilirsən ki, mən artıq böyümüşəm?
Onun əli qızın döşündədir, bədənləri lap yapışıb. Gözlərində nəhayətsiz sakitlik.
-Bu, orda, yetimxanada baş verdi...İndi mən sənin arvadın ola bilərəm..
Pedro ona nigaran baxır:
-Sən hələ xəstəsən axı...
-Qucaqla məni, nə qədər ki, ölməmişəm...
-Sən ölməyəcəksən!
-Qucaqlasan, ölmərəm.
Bədənləri bir-birinə sarılır. İçində oyanmış istək Pedronun özünü də qorxudur. O, Doranı ağrıtmıqdan qorxur, amma qız deyəsən heç ağrı da hiss eləmir...
-Sən artıq mənimsən, - oğlan nəfəsi kəsilə-kəsilə deyir.
Qızın qızdırmadan od tutan sifətinə bir bəxtəvərlik qonur. Sakitlik və sükunət yerini sevincə verir. Pedro astaca çəkilir.
-Nə gözəldir, - Dora pıçıldayır. - Mən sənin arvadınam.
Pedro onu öpür və bayaqkı sakitlik Doranın üzündə yenə görünür. Qız ona məhəbbət dolu nəzərlərlə baxır.
-İndi mən yatacam...- deyir.
Pedro onun yanında uzanıb, od kimi əlini sıxır. Dora artıq onun arvadıdır.
Yeni evlənənlərin üstünə göydən sakitlik enir. Məhəbbət həmişə şirin və mehribandır, hətta ölümlə yanaşı dursa belə. Bədənləri hərəkətsizdir, lakin uşaq qəlblərində daha qorxu yoxdur. Yalnız sakitlik var, - Baiya gecəsinin sakitliyi.
Dan yeri söküləndə Pedro əlini Doranın alnına toxundurur. Buz kimidir. Ürəyi də vurmur daha. Onun çığırtısı bütün pakhauzu titrədir, qəfil oyanmış «kapitanlar» yerlərindən dik atılırlar. Böyük Joan Doraya geniş açılmış gözləriylə baxır, sonra da üzünü Pedroya çevirir:
-Sən gərək belə eləməyəydin...
-O, özü məni çağırdı, - cavab verib, tələsik pakhauzdan çıxır: hamının gözü qabağında hönkürmək istəmirdi.
Professor Doranın başı üstündə dayanıb, əlini vurmağa cürət eləmir. O, indi bircə şeyi aydın dərk eləyir: burda qalmasının daha heç bir mənası yoxdur, artıq onun dəstədəki bu həyatı bitmişdi. Fırfıra ilə padre Joze pakhauza daxil olurlar. Ruhani ata Doranın əlini əlinə alır, alnına toxunur.
-Ölüb.
Dua oxumağa başlayır və uşaqların demək olar ki, hamısı onun dalınca «Otçe naş» duasını təkrar edirlər:
-Ey göylərdəki atamız...
Pedro koloniyada uşaqların xorla dua etməsini xatırlayır. Çiyinləri səssiz hönkürtüdən titrəməyə başlayır, qulaqlarını tutur. Çönüb ölmüş Doraya baxır - Şirniquş onun əlinə göm-göy çiçək qoymuşdu - və ucadan hönkürür.

Aninya ana ilə Boqumil gəldi. Pedro bir kənarda, sükut içində oturub. Kahin qadın deyir:
-O bu dünyadan kölgə tək çəkildi, o dünyada isə müqəddəsə çevriləcək. Palmaresin kralı Zumbi müqəddəs oldu və biz onun şəninə kandomble düzəldirik. Poza Palmeyrao da müqəddəs oldu... Sağlığında qorxu nədir bilməyənlər, bizim müqəddəslərimizə çevrilirlər.
-Kölgə tək çəkildi... - Böyük Joan təkrarlayır. Kölgə tək gəldi və kölgə kimi də çəkildi. Bunu heç kəs, nə anlaya, nə də izah edə bilər, hətta onun əri olan Pedro belə, hətta onu sevən Professor belə.
-Tanrı onun ruhunu qəbul elədi, - padre dilləndi. - O günahsız idi, o günah nə olduğunu bilmirdi...
Şirniquş dua eləyir. Boqumil bilir ki, ondan nə gözləyirlər. Doranın cəsədini barkasa alıb, dənizdə, köhnə fortun yanında dəfn etmək lazım idi. Başqa çıxış yolu yox idi. Bəs bunu padre Joze Pedroya necə başa salaydı? Çolaq vəziyyəti tələsə-tələsə, çaşa-çaşa padreyə izah eləyir. Əvvəlcə padre dəhşətə gəlir: günahdır və bu günahla heç cür razılaşa bilməz. Sonra isə başa düşür ki, Doranı kilsə qaydaları ilə dəfn etmək, «kapitanları» hökümətin əlinə verməkdir. Güllə Pedro yenə susur.
Ətrafda isə sakit bir gecədir. Doranın - ana, bacı, nişanlı, arvad - cansız gözlərində də sükut var. Kimlərsə səsini içinə salıb, ağlayır. Cəsədi Fırfıra ilə Böyük Joan aparacaq. Fırfıranın əlləri sanki taxtadandır, Böyük Joan isə qadın kimi hönkürür. Aninya ana Doranın cəsədi üstünə ağ, tikməli örtük salır.
-İemanja onu qəbul edəcək. Dora da müqəddəs olacaq.
Güllə Pedro son anda Doranın cansız cəsədini qucaqlayıb, aparmağa qoymur. Professor ona yaxınlaşır:
-Burax. Onu mən də sevirdim. Neyləmək olar...
Doranı gecənin sükütuna çıxarır, göz işlədikcə uzanan, zülmətə qovuşan sirli dənizə sarı aparırlar. Padre dualar oxuyur və qəribə dəfn mərasimi zil qaranlıqda Boqumilin barkasına tərəf yönəlir. Sahildə dayanmış Pedro yelkənli qayığın dənizin dərinliyinə uzaqlaşmasına baxır. Əllərini barkasın dalınca uzadır.
«Kapitanlar» evə dönürlər. Uzaqdakı ağ yelkən əriyib, görünməz olur. Ay çimərliyin qumuna işıq salmağa başlayır, dənizin üzündəki ulduzların sayı, elə göydəki qədərdir. Gecə Doranın üzü kimi sakit və aramdır.

Qızıl saçlı ulduz

Baiya körfəzində bir inanc var: qorxmaz adam öləndə göydə təzə ulduz yanır. Zumbi, Lukas da Feyra, Bezouro və bütün cəsur zəncilər öləndə də belə olub. Əgər qadın ölürsə, qoy lap dünyanın ən igid qadını olsun, yeni ulduz yaranmır. Poza Palmeyrao, Mariya Kabasu afrikanların kandomblesində müqəddəsə çevriliblər, amma onların heç biri ölümündən sonra ulduza dönməyib.
Güllə Pedro suya atılır. Daha pakhauzda oturub, ağlaşmaya qulaq asa bilmir. O, Doranın dalınca İemanjinin səltənətinə gedəcək və onlar yenə də birlikə olacaqlar. Barkasın dalınca üzür. Görür ki, Dora göyərtədən əllərini ona açır. Artıq Pedro üçün dünyada heç nə yoxdur və əbədilik olmayacaq. Qüvvəsi tükənmək üzrədir. O, ulduzlara, sarımtıl aya baxaraq üzür. Sevgilinin axtarışında ölmək, məgər qorxuludur? Məgər məhəbbətə qarşı üzərək, batmaq qorxuludur?
Nə əhəmiyyəti var ki, bu gecə astronomlar Baiya üzərində təzə kometa - qızıl saçlı ulduz görüblər? Pedro Doranın ulduza dönərək göylərə uçmasını özü görüb. Dora hamıdan igid çıxdı, Roza Palmeyraodan da, Mariya Kabasudan da: yetkinliyinə təzəcə çatan bu qız, ölüm saatında ona öz məhəbbətini bağışladı. Bax elə bu səbəbdən Baiya səmasında təzə ulduz - uzun, qızıl saçlı ulduz parladı. Elə bir ulduz ki, hələ heç kəsin şərəfinə alışmamışdı.
Güllə Pedro bəxtiyardır. Sakitlik və hüzur nəhayət onun da ruhunu çulğayır. O, artıq bilir ki, misilsiz Baiya göylərində yanan min-min ulduzun arasında ona öz ulduzu nur saçacaq...
...Boqumilin barkası oğlanı sahildən çox-çox uzaqlarda göyərtəsinə aldı.


Baiya mahnısı, azadlıq nəğməsi

Yollar

Dora ölən gündən çox vaxt ötməyib, və «kapitanlar» hələ qızın onlara qonaq olduğu o qısa, lakin yaddaşlarına möhkəm həkk olmuş günləri unutmağa macal tapmamışdılar, onun xəstələnməsi və ölümü də unudulmamışdı və bəziləri hələ də içəri girəndə, adətləri üzrə, onun Professor və Böyük Joanla birlikdə əyləşməyi xoşladığı küncə elə baxırlar, sanki onu bir də həmin yerdə görəcəklirinə ümid eləyirlər. Heç kəs başa düşmür: necə oldu ki, gözləmədikləri halda, qəflətən ana, bacı tapıldı onlara, bəlkə də elə bu səbəbdən gözləri hələ də onu gəzir, hərçənd ki, Boqumilin barkası Doranı dənizin ənginliklərində dəfn eləmək üçün sahildən aralananda özləri baxırdı. Onu pakhauzda yalnız Güllə Pedro axtarmır, elə hey göylərə baxır, o arzuyla ki, saysız-hesabsız ulduzlar içində uzun, qızıl saçlısını görsün.
Professor isə bir axşam «yuvaya» dönəndə, kitabını da açmadı, şam da yandırmadı, bir kimsəylə kəlmə də kəsmədi. Doranı qızdırma aparan gündən onun keçmiş həyatı, bir də dönmək ehtimalı olmadan, bitmişdi. O qızın varlığı hər şeyə məzmun, yeni məna verirdi. O günlər pakhauz hələ çəkilməmiş tabloların çərçivəsi kimi görünürdü oğlana: budur, Dora bir ana kimi Pişiyə sarı əyilib və sarı saçları oğlanın sinəsinə tökülür. İndi isə o balaca qardaşını öpərək, «gecən xeyrə» - deyir. Bax, kiməsə layla çalır, burda isə sertanalı cəsur mulat qızı kimi Fırfıranın üzünə qürurla gülümsünüb, onun igidliyinə şahidlik edir. Burda isə Baiya küçələrində keçirilən bütov bir gündən sonra, macəralar, qaçhaqov, tuthatutdan sonra qaçaraq pakhauza girir, qızılı saçları da dalınca. İndi də qızdırmıdan alışaraq, əllərini sevgilisinə açır, ilk və son dəfə onu öz ağuşuna almaq üçün...
Artıq pakhauz onun üçün kətanı kəsilmiş çərçivə idi; onun üçün hər şey öz mənasını itirmişdi. Bəlkə də lap yeni məna kəsb eləmişdi - dəhşətli və ikrah doğurucu. Doranın öldüyü gündən bəri Professor çox dəyişmişdi: qaradinməz, qaraqabaq olmuşdu, daim fikirliydi və hardansa, bir zamanlar Çili küçəsində ona vizit kartını vermiş həmin o adamı tapmışdı.
Və beləliklə, Professorun kitabını açmadığı, şamını yandırmadığı və düz yanında otursa da, Böyük Joanla danışmadığı o axşam yetişdi. Əşyalarını yığışdırırdı, əksəriyyətini kitablar təşkil edirdi. Böyük Joan ona sükut içində baxırdı. Dəstədə onu kütbeyin saysalar da, hər şeyi anladı. Pedro da gəlib oturaraq, onu siqaretə qonaq edəndə, Professor dilləndi:
-Bilirsən, Güllə, mən gedirəm...
-Hara?
Professor pakhauza göz gəzdirdi, gülüşərək, yarıqaranlıqda ayaqları altında oynaşan siçovulların fərqinə varmadan, o yan-bu yana gedən uşaqlara nəzər saldı.
-Nəyimiz var axı? Qarşıda bizi nələr gözləyir? Polisdə döyülmək? Hamı deyir ki, nə vaxtsa, hər şey dəyişəcək, - padre Joze Pedro da, Joan de Adan da, elə sən də... Mən qərara aldım ki, öz həyatımı özüm dəyişəcəm.
Pedro onun cavabında bir kəlmə də danışmadı, amma gözlərində lal bir sual donmuşdu; Böyük Joan yenə hər şeyi anladı.
-Mən Rio...da bir rəssamın yanında dərs alacam... Doktor Dantası xatırlayırsan - müştüklü kişini? - məktub yazdı, mənim çəkdiyim şəkilləri yolladı... İndi də cavab gəlib: istəyir ki, ora gedim. Nə vaxtsa öz həyatımızı da, öz dünyamızı da çəkəcəm... Yadındadı, deyirdim sənə?.. İndi alınar, çəkə bilərəm...
Pedronun səsi çox mehriban idi:
-Sən bizim həyatımızı yalnız təsvir eləməyəcəksən, həm də onu dəyişməyimizə kömək edəcəksən...
-Bu necə olur? - Böyük Joan soruşdu.
Professor da başa düşmədi, Pedro isə bunu izah etmək üçün onsuz da söz tapa bilməzdi. Amma Professora inanırdı və bilirdi ki, çəkəcəyi tablolarda onun qəlbində kükrəyən nifrət alovunun şöləsi, azadlıq və ədalətə məhəbbətinin nuru mütləq olacaq. Bütün bunları o özü ilə ömrü boyu daşıyacaq, başqa cür ola da bilməz. Əbəs yerə uşaqlığını «kapitanların» dəstəsində keçirməyib ki, böyüyüb oğru, cani, liman avarası deyil, rəssam olsa belə, həmişə «kapitan» olaraq qalacaq.
Pedro bütün bunları sözlə ifadə eləyə bilmədi deyə, dilləndi:
-Biz səni heç vaxt yaddan çıxarmayacağıq. Sən bizə kitab oxuyurdun, aramızda ən ağıllısıydın... Ən savadlısı...
Professor başını aşağı saldı. Böyük Joan yerindən sıçradı və pakhauz onun qışqırtısından - çağırış və vida nərəsindən lərzəyə gəldi:
-Hamı bura gəlsin!
Oğlanlar onların ətrafına toplaşdı. Zənci əlini ölçə-ölçə dedi:
-Professor bizdən ayrılır. O, Rio-de-Janeyroda rəssam olacaq! Professora ura!
Bir ağızdan çıxırmış kimi ahəngdar səslənən «ura» sədasından Professorun ürəyi əsdi. O pakhauza bir də göz gəzdirdi: yox, boş çərçivə deyildi, gözləri qabağında kino kadrları kimi sayrışan neçə-neçə tablo üçün fon idi pakhauz. Səfillik. Cəsarət. Mübarizə. Bir anlıq qalmaq istədi, amma elə o an da bu fikirləri qovub, uzaqlaşdırdı özündən. Nə mənası var?! Bu nəyi dəyişəcək?! Zamanı yetişəndə bu uşaqlara əməlli-başlı kömək edəcək... Bütün dünyaya göstərəcək onların həyatını... Professoru qucaqlayır, əllərini sıxırlar. Fırfıra qəmgindir, sanki Lampianın dəstəsindən olan kanqaseyronu, gözləri baxa-baxa güllələyiblər.
Axşam limanda doktor Dantas - o şair imiş - Professora məktub və pul verir.
-Mən ona teleqram göndərmişəm. Səni qarşılayacaq. İnanıram ki, ümidlərimi doğruldacaqsan.
Hələ heç vaxt üçüncü dərəcəli kayutda gedəcək sərnişini bu qədər adam yola salmamışdı. Fırfıra vidalaşanda Professora öz bıçağını bağışladı. Pedro gülür, dəridən-qabıqdan çıxırdı ki, hamı sevinsin. Təkcə Böyük Joan kədərini gizlətmirdi.
Pedro uzaqlaşan gəmiyə uzun müddət əl elədi və Professor da onun beretini lap uzaqdan görürdü. Tanımadığı adamların arasına düşmüşdü, bəzəkli mundir geymiş zabitlərin, varlı cənabların və bəzək-düzəkli xanımların əhatəsində özünü itirdi. Bütün cəsarəti sahildə qalmışdı, amma qəlbində azadlıq istəyi alışıb yanırdı. Məhz bu alov müəlliminin ona öyrətdiyi akademik kanonları unudaraq, tablolar yaratmasına səbəb olacaq. O tablolar ki, bütün ölkəni heyrətləndirəcək və sarsıdacaq.

Qış da keçdi, yay da. Yenə qış gəldi - özünün bitib-tükənməyən yağışlarıyla. Hər gecə pakhauzun divarları arxasında külək ulayırdı.
İndi Şirniquş küçələrdə qəzet satır, ayaqqabı təmizləyir, turistlərin baqajını daşıyır. Nəsə qazana bilir: oğurluğun daşını atıb. Daha başqa uşaqlarla bir yerdə «əməliyyata» getmir. Pedro onun pakhauzda qalmasına icazə verib, hərçənd ki, Şirniquşun qəlbində baş verənləri o qədər də anlamır: yalnız ruhani olmaq istədiyini, onun üçün yazılmış taleyi dəyişmək istədiyini bilir. Nə olsun ki? Bu onların həyatında heç nəyi dəyişə bilməz, heç bir şeyi düzəldə bilməz. Padre Joze gör necə çalışır ki, onlar adam olsunlar, amma o təkdir, bütün qalanları isə heç onun bu hərəkətini düzgün də saymırlar.
Şirniquşu isə Tanrı çağırırdı. Gecələr oğlan onun səsini aydın hiss edirdi, - bu səs hardansa, içindən gəlirdi, dənizin, küləyin səsi kimi əzəmətli idi və ağlından, zəkasından yan keçərək, birbaş ürəyinə toxunurdu.Səs onu çağırırdı, xoşbəxtlik vəd edir, dəhşətə gətirirdi. Səs onu bütovlükdə, tam tələb eləyirdi və bunun əvəzində səadət söz verirdi. Səs ona Tanrıya qulluq etməyi tapşırırdı və dənizin gurultusu, küləyin vıyıltısı qədər əzəmətli idi. Şirniquş özünü İlahiyə həsr edəcək, həyatda cəlbedici nə varsa, hamısından imtina edəcək, günahlarını yuyacaq və bunun əvəzində Tanrı öz mübarək üzünü ona göstərəcək. Şirniquş ruhunu xilas edəcək, günahlarına tövbə deyəcək, dünya daha heç bir nemətilə onu cəlb eləməyəcək: onun gözləri kor olacaq və yalnız bu halda Tanrını görə biləcək. Təmizlənməyə nail olmayanlarsa İlahinin fırtınalı dənizi xatırladan qəzəbli üzünü görəcəklər. Niyyəti təmizlər, gözləri tanrıya xoş gəlməyən şeylərə tamaşa etməkdən bulanmayanların qarşısında günəşli, sakit günün dənizi kimi aram və mehriban cilvələnəcək.
Şirniquşu Tanrı seçib. Lakin dəstədəki həyatı da ona öz möhürünü vurub. O, azadlığından imtina edir, həyatı eşidib, görməkdən vaz keçir, o qəlbindən bütün günahkar düşüncələri qovur, - Tanrının səs

DİGƏR MƏQALƏLƏR