ƏDƏBİ MOZAİKА

Beynəlxalq "Buker" mükafatı Elis Munroya verildi 


Beynəlxalq "Buker" mükafatının qalibinin adı may ayının 27-də, münsiflər heyətinin sədri Ceyn Smayli tərəfindən açıqlanıb. Yetmiş yeddi yaşlı kanadalı yazıçı Elis Munroya "Buker"lə yanaşı, doxsan beş min dollar məbləğində pul mükafatı da təqdim ediləcək.

Bütün dünyada hekayələrinə görə tanınan Elis Munronun "Xoşbəxt kölgələrin rəqsi" adlı ilk kitabı 1968-ci ildə işıq üzü görüb. Həmin il o, ilk kitabına görə Kanadanın nüfuzlu general-qubernator mükafatına layiq görülür. Sonralar Munro bu mükafata daha iki dəfə layiq görülür və bir neçə dəfə Nobel mükafatına namizəd göstərilir.

Qeyd edək ki, Beynəlxalq "Buker" mükafatına Munro ilə yanaşı, perulu Mario Varqas Lyosa, iki Buker mükafatının sahibi Piter Keri, Nobel mükafatçısı V.S Naypol, 2001-ci il Rusiya Bukerinin laureatı Lyudmila Ulitskaya kimi məşhur yazıçılar da namizəd göstərilmişdilər.

Beynəlxalq "Buker" 2005-ci ildə təsis edilib. Bu mükafat hər iki ildən bir ingilis dilində yazılmış və ya bu dilə tərcümə olunmuş ən yaxşı əsərə görə verilir. Daha əvvəl bu mükafata albaniyalı İsmail Kadare və nigeriyalı Çinua Açebe layiq görülmüşdülər. Mükafatın təntənəli təqdimat mərasimi iyun ayının 25-də Dublində keçiriləcək.

 

 

Qabriel Qarsia Markes yazmağa davam edəcək


Kolumbiyalı yazıçı Qabriel Qarsiya Markes yaradıcılıq həyatına son qoyduğu ilə bağlı şayiələri təkzib edib. Səksən yaşlı Nobel mükafatçısı "El Tiempo" qəzetinin əməkdaşı ilə telefon söhbəti zamanı yaradıcılığını davam etdirəcəyini elan edib. Deyilənə görə, qəzetin əməkdaşı Markesin telefon nömrəsini iki dəfə yığmalı olub, çünki birinci dəfə məşhur yazıçı "yazdığı"nı əsas gətirərək, danışmaqdan imtina edib. Nəhayət, Markeslə danışmağa nail olan jurnalist yazıçını yalnız iki suala cavab verməyə razı sala bilib. Qəzetin əməkdaşının onun ədəbi fəaliyyətini bitirib-bitirmədiyi ilə bağlı sualına yazıçı: "Yalandı. Əksinə, mən yazmaqdan başqa heç nə etmirəm" - deyə cavab verib. Bu cavabı aldıqdan sonra jurnalist sualını dəqiqləşdirməyi lazım bilərək, Markesin daha kitab nəşr etdirməyəcəyinin həqiqət olub-olmadığı ilə maraqlanıb. "Mənim işim kitabı nəşr etdirmək yox, yazmaqdı. Sobamda bişirdiyim piroqun nə vaxt hazır olacağı isə yalnız mənə məlumdur" - yazıçı cavab verib.

Xatırladaq ki, Markesin qələmi yerə qoyması ilə bağlı xəbərlər onun ədəbi agenti Karmen Balseysin açıqlamasından sonra yayılmışdı.

 


Pulitzer mükafatının qalibləri məlum oldu


Ədəbiyyat və jurnalistika sahəsində dünyanın ən nüfuzlu mükafatlarınd an "Pulitzer"in qaliblərinin adları açıqlanıb. Uzun illərdi, "Amerika teatrının yeni səsi" adlandırılan bruklinli ssenarist Linn Nottic, nəhayət, ilk ciddi mükafatını ala bilib. Notticin tamaşaçılar arasında böyük rəğbət qazanmış "Öldürülmüşlər" pyesi dramaturgiya sahəsində Pulitzer mükafatına layiq görülüb.

Tənqidçilərin Bertold Brextin təsiri altında yazıldığını iddia etdiyi "Öldürülmüşlər" pyesində, dramaturq Konqoda ikinci dünya müharibəsi zamanı baş verən hadisələri konqolu bir qadının iztirabları fonunda təsvir edir.

Linn Notticlə yanaşı, "Pulitzer" mükafatına nəsr nominasiyasında "Oliv Kitteric" adlı hekayələr kitabına görə Elizabet Straut, poeziya sahəsində isə Siriusun kölgəsi" şeirlər toplusuna görə, Amerika ədəbiyyatının müasir klassiklərindən Uilyam Stenli Mervin layiq görülüb.

 

 

 


Mario Beneddeti vəfat edib


XX əsrin ikinci yarısının ən görkəmli Latım Amerika yazıçılarından Mario Benedetti Uruqvayın paytaxtı Montevideoda səksən səkkiz yaşında dünyasını dəyişib. Bu barədə jurnalistlərə Benedettinin şəxsi katibi Ariel Silva məlumat verib. Silva yazıçının ömrünün son ilində ağır xəstəlikdən əziyyət çəkdiyini və dəfələrlə xəstəxanaya yerləşdirildiyini bilidirib.

Mario Benedetti 1920-ci ilin sentyabr ayının 14-də Uruqvayın Paso de- los Toros şəhərində dünyaya gəlib. O, altmışdan artıq romanın, yüzlərlə şeirin, pyes və hekayələrin müəllifidi. Benedettinin ilk kitabı 1945-ci ildə işıq üzü görsə də, ona əsl şöhrəti qazandıran 1960-cı ildə yazılmış "Fasilə" romanı olur. Bu roman dünyanın on doqquz dilinə tərcümə olunub, dəfələrlə səhnəyə qoyulub və ekranlaşdırılıb. Yazıçının "Öz özünün şahidi" adlı son kitabı isə 2008-ci iln sentyabr ayında işıq üzü görüb.

Əslən italiyalı immiqrant olan Mario Benedetti, 1973-1985-ci illərdə əksər uruqvaylılar kimi hərbi rejimin amansızlıqlarına tab gətirməyərək, ölkəni tərk etməli olur On iki il Lima, Havana, Buenos-Ayres və Madriddə sürgün həyatı yaşayan yazıçı vətəninə qayıtdıqdan sonra çoxsaylı mükafatlara layiq görülür. Benedetti Bolqarıstanın "Qızıl Alov", "Amnesti İnternational" cəmiyyətinin təsis etdiyi mükafat və iber-amerikanlara təqdim edilən kraliça Sofiya mükafatının laueratıdır.

 

 

Qrem Svift şəxsi arxivini Britaniya kitabxanasına satdı

 

Britaniya kitabxanası 1996 -cı ilin "Buker" mükafatçısı yazıçı Qrem Sviftin şəxsi arxivini satın alıb. Yazıçının müəllifi olduğu romanların qaralamaları, eləcə də müxtəlif şəxslərlə yazışmaları artıq kitabxananın mülkiyyətindədir.

Tədqiqatçıların marağına əsasən Qrem Sivftin məktubları səbəb olub. Təsadüfi deyil ki, yazıçının yaxın dost olduğu mərhum şair Ted Hyuzun arxivi də 2008-ci ilin payızında Britaniya kitabxanası tərəfindən satın alınıb.

Svift, əlyazmaları ilə dolu yetmiş beş yeşiyi aparan mikroavtobusun gedişini "Hələ sağ olan insan bədəninin tibb elminə təhvil verilməsi" ilə müqayisə edib. Yazıçı, Britaniya kitabxanasına satdığı arxivin müqabilində yüz min funt sterlinq alıb.

 


İlin qadağan edilmiş kitabları


Amerika kitabxanalar assosiasiyası hər il olduğu kimi bu il də senzuraya daha çox məruz qalan və oxucular arasında böyük etiraz doğuran kitabların siyahısını dərc edib.

Artıq üçüncü ildi ki, bu siyahıda birinci yeri Piter Parnell və Castin Riçardsonun "Tanqo və üç nəfər" kitabı tutur. Bala pinqvini böyüdən iki erkək pinqvinin gerçək hekayətinə əsaslanan bu rom an homoseksuallığın təbliğində və ənənəvi ailə dəyərlərinin təhqir edilməsində günahlandırılır.

İkinci yerin sahibi də dəyişməyib. Filip Pulmanın "Qaranlıq başlanğıclar" adlı din əleyhdarı trilogiya siyahıda ikinci yeri tutub. Xaled Hüseyninin on iki yaşlı oğlanın zorlanması səhnəsinə görə tənqid atəşinə tutulan "Külək dalınca qaçanlar" adlı bestselleri isə siyahıya bu il daxil olub.

Kitabların qadağan olunmasına səbəb kimi isə adətən erotik səhnələr, dinin təhqir olunması, homoseksuallığın təbliği, ədəbsiz sözlərin istifadəsi, əsərlərin uşaqlara pis təsir edə biləcək məzmunu, eləcə də "okkultizm və satanizm" meylləri göstərilir.

 

2009-cu ildə qadağan edilən kitabların siyahısı:

1. "Tanqo və üç nəfər" - Piter Parnell və Castin Riçardson.
2. "Qaranlıq başlanğıclar" trilogiyası - Filip Pulman
3. TTYL, TTFN, L8R, G8R romanlar silsiləsi- Loren Mirakl
4. "Qorxulu hekayələr" - Elvin Şvarts
5. "Ultima, mənə xeyir-dua ver" - Rudolfo Anaya
6. "Şəbbu gülü olmağın üstünlükləri" - Stiven Çboski
7. "Dedi-qoduçu" - Sesili fon Ziqesar
8. "Bobbi dayının toyu" - Sara Brennen
9. "Küləyin ardınca qaçanlar" - Xaled Hüseyni
10. "Həyatımın kartları" - Çaris Merikl Harper

 

 

Britaniyalılar kitablar barədə yalan danışırlar

Britaniyalılar bəzən kitabları oxumadıqlarını boyunlarına almadıqlarını etiraf ediblər. İngilislər ən çox Oruell, Tolstoy, Coys və İncili oxumadıqlarına görə utanırlar.

Beynəlxalq kitab günü münasibətilə Britaniyada keçirilən sorğuda iştirak edən 1342 nəfərin altmış beş faizi başqa insanlarda özləri haqqında yaxşı təəssürat oyada bilmək üçün kitablar barədə yalan danışdığını etiraf edib. Sorğunun şərtlərinə əsasən, respondentlərə on bədii əsərdən ibarət siyahı təqdim olunub və "yalandan oxuduqları" kitabları seçmək xahiş olunub.

Nəticədə birinci yeri Corc Oruelin "1984" romanı (42 faiz), ikinci yeri Lev Tolstoyun "Hərb və sülh" romanı (31 faiz), üçüncü yeri Ceymc Coysun "Ulis"i, (25 faiz), dördüncü yeri isə İncil (24 faiz) tutub.

Britaniyalılar həmçinin məmnuniyyətlə oxuduqları kitabların adlarını da çəkiblər. Sözsüz ki, bu siyahıda birinci yeri Coan Rolinqin "Harri Potter" (61 faiz) romanı tutub. İkinci yer məşhur trillerlərin müəllifi Ceyms Qrişemə, üçüncü yer isə "Alış-veriş xəstəsi" romanlar silsiləsinin müəllifi Sofi Kinsellə qismət olub.

Bundan başqa, rəyi soruşulanların əksəriyyəti əlfəcindən istifadə etmək əvəzinə, kitabların səhifələrini qatladıqlarını, 48 faizi başqasına hədiyyə etmək üçün aldıqları kitabı əvvəl özlərinin oxuduqlarını, 20 faizi isə oxuyub-oxumadıqlarından asılı olmayaraq, kitabları atdıqlarını etiraf ediblər.

 

Britaniyalıların oxumadıqlarını etiraf etməyə utandıqları kitabların siyahısı:

1. Corc Oruell "1984" - 42%
2. Lev Tolstoy "Hərb və sülh" - 31%
3. Ceyms Coys "Uliss" - 25%
4. İncil - 24%
5. Qustav Flober "Madam Bovari" - 16%
6. Stiven Hokinq "Zamanın qısa rəvayəti" - 15 %
7. Salman Rüşdi "Gecəyarsının övladları" - 14 %
8. Marsel Prust "İtirilmiş zamanın sorağında" - 9 %
9. Barak Obama "Atamdan xəyallar" - 6 %
10. Riçard Dokinz "Xudbin gen" - 6 %

 

Britaniyalıların ən sevdiyi yazıçılar:

1. Coan Roulinq - 61%
2. Con Qrişem - 32 %
3. Sofi Kinsell - 22%
4. Cilli Kuper - 20%
5. "Mills və Boon" nəşriyyatının sevgi romanları - 18%
6. Dik Frensis - 17%
7. Rober Harris - 16%
8. Cefri Arçer - 15%
9. Frederik Forsayt - 13 %
10. Ceyms Herbert - 12%

 


Corc Oruelin məktubları hərraca çıxarıldı

Məşhur ingilis yazıçı və publisist Corc Oruelin məktubları Londonun "Bonems" hərrac evi tərəfindən gözləniləndən iki dəfə artıq qiymətə satılıb. "1984-cü il" adlı roman-antiutopiyanın müəllifinin etiraflarını əks etdirən məktublar böyük marağa səbəb olub. Yazıçının 1932-33-cü illərdə Birmadan qayıtdıqdan sonra ailəsi ilə birlikdə yaşadığı dövrə aid olan məktublar yüz iyirmi beş min dollara satılıb.

Oruel dostları Eleonora Jak və Denis Kollinsə yazdığı məktublardan birində Trafalqar meydanında açıq səma altında keçirdiyi gecə ilə bağlı təəssüratlardan bəhs edir. Digər məktublarda isə o, nə bahasına olursa olsun nəşr etdirməyi qət etdiyi ilk iki ronmanın üzərində necə işlədiyini yazırdı.

 

 

 

 

Müasir Fransa yazıçılarının ən sevdiyi kitablar


Müasir fransız ədiblərinin ən sevdiyi kitablar arasında həyatda olan yazıçıların yazdığı bir əsər belə yoxdur. "Telerama" saytının keçirdiyi sorğuda ümumilikdə yüz müasir yazıçı iştirak edib.
Siyahıda birinci yeri adı müasir yazıçılar tərəfindən otuz üç dəfə çəkilən Marsel Prustun "İtirilmiş zamanın sorağında" romanı tutub. İkinci yeri Ceyms Coysun, adı on üç dəfə çəkilən "Ulis" romanı, üçüncü yeri isə doqquz müasir yazıçının ən çox sevdiyi Homerin əsərləri tutub.

Maraqlıdır ki, yazıçıların ən çox sevdiyi kitablar sırasında yalnız dörd fransızın adı çox çəkilib.

 

Fransız yazıçıların ən çox sevdiyi kitabların siyahısı:

1. Marsel Prust - "İtirilmiş zamanın sorağında"
2. Ceyms Coys - "Uliss"
3. Homer - "İliada" və "Odissey"
4. Mari Madlen Lafayet - "Şahzadə Klevskaya"
5. Uilyam Folkner - "Səs-küy və qəzəb", "Avessalom, Avessalom"
6. Şarl Bodler 0 "Qəzəb gülləri"
7. Malkolm Lauri - "Vulaknın ətəyində"
8. Migel de Servantes - "Don Kixot"
9. Qustav Flober - "Hisslərin tərbiyəsi"
10. İncil

 


"Çovdarlıqda Uçurumdan qoruyan"ın davamı yazıldı


İsveç - amerikan əsilli Con Devid Kaliforniya adlı yazıçı, müəllifi olduğu kitabda Cerom Devid Selincerin "Çovdarlıqda uçurumdan qoruyan" romanının qəhrəmanının sonrakı taleyini qələmə alıb.

"Altmış il sonra: çovdarların arası ilə" adlı kitabda, Holden Kolfild yetmiş altı yaşlı qoca kimi təsvir olunub. Romanın əslində olduğu kimi "altmış il sonra" adlı kitabda da Holden Nyu-York küçələrində tək-tənha dolaşır. Lakin Cerom Selincerin qəhrəmanından fərqli olaraq Deivd Kaliforniyanın "Holden"i məktəbdən yox, qocalar evindən qaçıb. "Altmış il sonra" romanı Cerom Selincerin icazəsi olmadan "Vindupbörd" nəşriyyatında işıq üzü görüb. "Çovdarlıqda uçurumdan qoruyan"ın davamının müəllifi hazırda tərki-dünya həyatı yaşayan yazıçının ondan inciməyəcəyinə ümid etdiyini bildirib. "Selincerin dincliyini pozmaq istəməsəm də, onun mənim kitabım haqqında nə düşündüyü, mənim versiyamda Holdeni bəyənib-bəyənmədiyini eşitmək mənim üçün çox maraqlı olardı" - deyən Devid Kaliforniya kitabını Cerom Selincerə həsr etməklə yanaşı, onu obrazlardan biri kimi romanına daxil etməyi də unutmayıb.

Lakin yazıçının gözlədiklərinin əksinə, Cerom Devid Selincer Menhetten məhkəməsində "altmış il sonra" romanının müəllifinə qarşı iddia qaldırıb. Müəllif hüquqularının pozulduğunu bildirən doxsan yaşlı Selincer məhkəmədən Kaliforniyanın kitabının nəşrinin qadağan edilməsini tələb edib.

 

 

Murakaminin yeni romanı satışa çıxarılmadan bestsellerə çevrildi


Məşhur Yaponi ya yazıçısı Haruki Murakaminin beş illik fasilədən sonra yazdığı roman hələ satışa çıxarılmasa da, oxucular arasında böyük maraq doğurub. Kitabın süjeti gizli saxlanılır. Oxuculara yalnız romanın və müəllifin adı məlumdur. Murakaminin yapon dilində "1984" kimi oxunan "1Q84" adlı romanına qarşı marağın böyüklüyündən təəccüblənən yaponiyalı naşir kitabın tirajını 380 min nüsxədən 480 min nüsxəyədək artırmalı olub. Hazırda bu kitabı yalnız nəşriyyata məxsus olan bir neçə kitab mağazasında tapmaq mümkündür. Qeyd edək ki, Tokiodakı kitab mağazalarından birində satışa çıxarıldığı ilk gün ərzində kitabın səkkiz yüz qırx nüsxəsi satılıb.

Murakami pərəstişkarlarının yeddi il həsrətlə gözlədiyi romanın Yaponiyanın ən böyük internet mağazasındakı sifarişləri də rekord həddə çatıb. Kitab on min internet istifadəçisi tərəfindən əvvəlcədən sifariş edilib. Bu isə internet tarixinin ən böyük kitab sifarişidir.

 

 

 

 

 


Kurt Vonnequtun naməlum əsərləri işıq üzü görəcək


Dünyaca məşhur "Delacorte Press" nəşriyyatı 2009-cu ilin noyabr ayında "Quşa bax" başlı ğı altında kitab nəşr etməyi planlaşdırır. Toplu iki il əvvəl vəfat etmiş Kurt Vannequtun daha əvvəl nəşr edilməmiş hekayələrdən ibarət olacaq. Lakin kitaba daxil olacaq hekayələrin dəqiq sayı hələ ki məlum deyil.

"Delacorte Press", həmçinin "Qalapaqos adaları", "Titan serenaları", "Beş nömrəli sallaqxana, yaxud uşaqların xaç yürüşü" kimi əsərlər daxil olmaqla, yazıçının daha 15 kitabını nəşr etməyi planlaşdırır. Kitablara Vonnequtun öz illüstrasiyaları da daxil ediləcək. Bütün bunlarla yanaşı, "Delacorte Press" amerikalı yazıçının pərəstişkarları üçün əsl sürpriz hazırlayır. Belə ki, nəşriyyat yazıçının oğlu Mark Vonnequtun oğlunun xatirələri və məktublardan ibarət daha bir toplunun satışa çıxaracağını vəd edir.

 

 

Oxucuları ən çox təsəlli edən kitablar


"OnePoll" portalı oxucuları ən çox ruhlandıran kitabları müəyyən etmək məqsədilə sorğu keçirib. "Teleqraf" qəzetinin yazdığına görə birinci yeri Harper Linin "Masqaraçının öldürmək" romanı tutub. Böyük Depresiyya dövründə Amerikada rasizmlə mübarizədən bəhs edən bu roman, hətta bu siyahıda ikinci yeri tutan Müqəddəs İncili də geridə qoyub. Qeyd edək ki, "Masqaraçını öldürmək" romanının ümumi tirajı otuz milyon təşkil etsə də, 1815-ci ildən bəri İncilin cəmi 2.5 milyard nüsxəsi satılıb. İnsanları ruhlandıran kitabların onluğuna, həmçinin Anna Frankın gündəlikləri, Nelson Mandelanın bioqrafiyası, Aleks Qarlandın "Çimərlik" və Selincerin "Çovdarlıqda uçurumdan qoruyan" romanı da daxil edilib. Ümumilikdə siyahı aşağıdakı kitablardan təşkil olunub:

 

 

1. "Masqaraçını öldürmək" (1960) - Harper Li;
2. İncil;
3. «"Bu" adlandırılan oğlan"» (2001) - Deyv Pelzer;
4. "Kişilər Marsdan, qadınlar Veneradan gəliblər" (1993) - Con Qrey;
5. "Anna Frankın gündəlikləri" (1947) - Anna Frank;
6. "1984" (1949) - Corc Oruel;
7. "Azadlığa aparan uzun yol" (2002) - Nelson Mandela;
8. "Çimərlik" (1994) - Aleks Qarland;
9. "Zaman səyyahının arvadı" (2005) - Odri Niffeneqer
10. "Çovdarlıqda uçurumdan qoruyan" (1951) - Cerom Selincer

 

 


Koelyonun əsərləri köynəklərdə çap olunacaq

 

Məşhur Braziliya yazıçısı Paolo Koelyo tanınmış geyim markalarından biri ilə əməkdaşlıq barədə müqavilə imzalayıb.

Yazıçı və məşhur brend arasındakı əməkdaşlıq yeni köynəklərin Paolo Koelyonun romanlarından götürülmüş sitatlarla bəzədilməsindən ibarət olacaq.

Köynəklərin ön tərəfində yazıçının romanlarından seçilmiş bir ifadə həkk olunacaq, məsələn "Xəyallara uğrunda mübarizə aparmaq lazımdı". Köynəklərin mağazalardakı qiyməti isə 15 avro olacaq.

Yeni kolleksiyanın satışından əldə edilən gəlirin bir hissəsi Paolo Koelyo İnstitutunun yoxsullara, əmək qabiliyyətini itirmiş vətəndaşlara, təbii fəlakətlərin qurbanlarına, xərçəng xəstələrinə, eləcə də narkotik asılılığı olan şəxslərə psixoloji yardım məqsədilə maddi yardım göstərən qeyri-kommersiya fonduna bağışlanacaq.

 

Materialları hazırladı: Ülkər Nəsibbəyli

DİGƏR MƏQALƏLƏR