ƏDƏBİ MOZAİKA

Buker mükafatı Hilari Mentelə verildi

Böyük Britaniyanın ədəbiyyat sahəsindəki ən nüfuzlu mükafatlarından "Buker"in qalibinin adı açıqlanıb. İngilis yazıçı Hilari Mentel "Buker"ə XVI əsrin siyasi xadimi Tomas Kromvelə həsr olunmuş tarixi "Canavar zalı" romanına görə layiq görülüb. Əsərdə Kromvelin şə xsiyyət kimi formalaşmasından, zalım bir atanın zavallı qurbanı olaraq başladığı həyatı ingilis inqilabının əsas ideoloqlardan biri kimi tamamlamasından danışılır.

Mükafatın təntənəli təqdimat mərasimi ənənəyə uyğun olaraq, Qildhollda, bələdiyyə idarəsində keçirilib. Mentelə səksən min dollar məbləğində pul mükafatı verilib. Digər tərəfdən bütün dünya kitabsevərlərinin diqqəti ona tərəf yönəlib, bunun isə kitabın satışlarının artması ilə nəticələnəcəyi şübhəsizdir.
Mentelin bu ilki rəqibləri arasında 2003-cü ilin Nobel mükafatçısı Con Maksvel Kutzee və tanınmış Britaniya yazıçısı Antoniya Bayett də var idi. Finalçılar sırasına yüksələ bilən digər namizədlər isə "Kiçik yad adam" adlı romanı ilə Sara Voters, "Sürətləndirilmiş dolaşıqlıq" kitabı ilə Adam Fulds və "Şüşə otaq" əsərinin müəllifi Sayman Mauer idi.
Hilari Mentel 6 iyul 1952-ci ildə İngiltərədə dünyaya gəlib. Gənclik illərində hüquq təhsili alan Mentel beş il Botsvanda və daha dörd il Səudiyyə Ərəbistanda yaşayıb. Səksəninci illərin ortalarında Böyük Britaniyaya qayıtdıqdan sonra isə, o, bir sıra jurnal və qəzetlərdə kino tənqidçisi kimi çıxış edib. Yazıçının "Hər gün analar günüdür" adlı ilk romanı 1985-ci ildə ildə işıq üzü görüb. Ümumilikdə isə o, ondan artıq romanın müəllifidir. 2006-cı ildə Mentel Britaniya İmperiyasının ordeni ilə təltif olunub.
Müəllifi olduğu roman namizəd elan olunduğu andan müsabiqənin favoriti hesab olunan Mentel mükafatı alarkən xoşbəxtlikdən uçduğunu deyib. Yazıçı "Canavar zalı" romanı üzərində beş il çalışsa da, təqdimat mərasimi zamanı əsərin ideyasının iyirmi il əvvəl yarandığını, lakin işə başlamaq üçün bütün qüvvəsini toplamaqda çətinlik çəkdiyini etiraf edib.
Münsiflər heyətinin bu ilki sədri şotlandı jurnalist və yazıçı Ceyms Noti Mentelin romanını "XVI əsrdə cərəyan edən hadisələrdən bəhs edən əsl müasir roman" adlandırıb.

 

 

"Hərb və sülh" ədəbiyyat tarixinin ən yaxşı romanı seçildi

İctimai-siyasi "Nyusvik" jurn alı bütün dövrlərin ən yaxşı yüz əsərin siyahısını tərtib edib. Siyahıda birinci yeri rus yazıçı Lev Nikoloyeviç Tolstoyun "Hərb və sülh" romanı tutub. İkinci yerdə Corc Oruellin "1984" romanı, üçüncü yerdə is Ceyms Coysun "Ulis"i qərarlaşıb.
Ən yaxşı yüz əsərin siyahısına həmçinin Qabriel Qarsia Markes (17-ci yer), Çarlz Darvin (27), Karl Marks (30), Con Tolkien (35-ci yer), Vilyam Şekspir (49-52), Marsel Prust (62), Henri Miller (82), Ziqmund Freyd (86), Mao Tszedun (88) və Con Meynard Keynsin (92-ci yer) adları daxil edilib, İncil 41-ci yeri tutub.
"Nyusvik" jurnalının redaksiyası siyahını tərtib edən zaman kitabların tarixin gedişatına təsirini, dünya mədəniyyətinə verdikləri töhvəni, eləcə də müasir dövr üçün əhəmiyyət və aktuallıqlarını, müasir oxucular arasında populyarlıq dərəcələrini əsas götürüb.
Beləliklə, "Nyusvik" jurnalına görə, on ən yaxşı kitab:

"Hərb və Sülh" - Lev Tolstoy
"1984" - Corc Oruel
"Ulis" - Ceyms Coys
"Lolita" - Vladimir Nabokov
"Səs və qəzəb" - Uilyam Folkner
"Gözəgörünməz" - Ralf Elison
"Mayaka" - Virciniya Vulf
"İliada" və "Odissey" - Homer
"Qürur və Qərəz" - Ceyn Ostin
"İlahi komediya" - Dante Aligeri

 

 

 

Qonkur Mükafatının qalibi açıqlandı

Dünyanın ən qədim ədəbi mükafatlarından "Qonkur" növbəti dəfə öz sahibin i tapıb. On avroluq rəmzi məbləğ bu dəfə qırx iki yaşlı yazıçı Mari Ndiaya qismət olub. Ənənəyə uyğun olaraq laureatın adı Parisin "Drouant" restoranında şam yeməyi zamanı elan edilib. Qonkur mükafatının üzvləri "həyatın qarşılarına çıxardığı təhqirlər qarşısında öz ləyaqətlərini qoruyub saxlamağa çalışan" zəif cinsin nümayəndələrindən və miqrasiya mövzusundan bəhs edən "Üç güclü qadın" adlı romana səs veriblər.
Mari Ndiay son on il ərzində Qonkur mükafatına layiq görülmüş ilk qadın yazıçıdır. Atası əslən Seneqaldan olan fransız yazıçı hal-hazırda Berlində yaşayır. Elə "Üç güclü qadın"ın qəhrəmanlarının taleyi də eyni zamanda həm Afrika, həm də Fransa ilə bağlıdır. "Miqrasiya mövzusuna tez-tez müraciət olunur, ancaq bu insanları daha yaxından tanıyıb, onları başa düşsəydilər özümü xoşbəxt sayardım". Ndiay deyib.
"Üç güclü qadın" yazıçının iyirmi beş illik yaradıcılıq həyatı ərzində yazdığı səkkizinci romandır. Fransada doğulub, boya - başa çatan yazıçı ilk romanını on səkkiz yaşında dərc etdirib. Daha sonra onun əsərləri "Minyui", "Qallimar" kimi məşhur jurnallarda dərc olunub. Mari Ndiay həm də pyesi "Komedi Fransez" teatrında səhnələşdirilmiş nadir müasir yazıçılardandır.

 

 


Den Braunun "İtirilmiş Rəmz"i ilk satış günündə bestsellerə çevrildi

Gözlənildiyi kimi, məşhur Amerika yazıçısı Den Braunun yeni romanı "İtirilmiş rəmz" satışa çıxarıldığı ilk gün bestsellerə çevrildi.
Romanın ilkin tirajı beş milyon nüsxədə nəşr edilib. "Bookscan" internet mağazasında isə kitab hələ bir həftə əvvəldən satılmağa başlayıb. Maraqlıdır ki, 29.95 dollar dəyərindəki kitab internetdə qırx faiz endirimlə satılır. "İtirilmiş Rəmz" Edvard Kennedinin ölümündən sonra dərc edilən "Dəqiq kompass" adlı xatirələr kitabını geridə qoyaraq, Amerika Birləşmiş Ştatlarının ən böyük kitab mağazası şəbəkəsi "Barnes and Noble"in pərakəndə satış siyahısında birinci yeri tutub.
Tənqidçilər Den Braunun yeni romanının da "Kod da Vinçi", "Mələklər və İblislər" adlı əsərləri kimi böyük kommersiya uğuru qazanacağını indidən proqnozlaşdırırlar. Müqayisə üçün bildirək ki, "Kod da Vinçi" bütün dünyada səksən bir milyon nüsxə ilə satılmışdı.
"Braun sözün ənənəvi mənasında yazıçı sayıla bilməz, lakin o, oxucunu kitabı səhifələməyə vadar etməyin yolunu yaxşı bilir. Onun bu kitabını oxumaq, "Hərb və sülh"ü mütaliə etməkdən çox krossvord həll etməyə bənzəyir" - "Nyusvik" jurnalı kitaba yazdığı resenziyada bildirib.
Xatırladaq ki, bütün dünyada məşhur bestsellərin müəllifi Den Braun yeni romanı üzərində altı il işləyib. Romanda cərəyan edən hadisələr cəmi on iki saat müddətini əhatə edir. Vaşinqtondakı frankmasonların sirlərini açmağa çalışan Professor Lenqdonun macəralarından bəhs edən "İtirilmiş rəmz" mahiyyət etibarilə yazıçının əvvəlki romanlarının davamıdır.

 

 

XXI əsrin ən yaxşı kitabları

XXI əsrin ilk on illiyi başa çatmaqdadır. KİV artıq on illiyə yekunları yekun vurmağa tələsir. .
Amerikanın "the Millions" ədəbi jurnalı XII əsrin ən yaxşı iyirmi kitabının siyahısını iki variantda oxucularına təqdim edib. Siyahının bir variantı "Facebook" sosial şəbəkə xidmətində yaradılmış xüsusi qrup daxilində jurnalın oxucuları tərəfindən, digəri isə nəşrin tənqidçi, naşir və yazıçıların daxil olduğu mütəxəssislər qrupu tərəfindən tərtib olunub
Mütəxəssislərin hazırladığı siyahıda birinci yerə Amerika yazıçısı Conatan Franzenin 2001-ci ildə işıq üzü görmüş "Düzəlişlər" romanı layiq görülüb. Oxucuların reytinqində isə bu əsər yalnız səkkizinci yeri tuta bilib. Oxucuların ən yaxşı hesab elədiyi Juno Diasın "Oskar Vaonun qısa və qəribə həyatı" adlı romanı isə mütəxəssislərin siyahısında 11-ci yerlə kifayətlənib.
Buna baxmayaraq, eyni on kitab həm oxucuların həm də mütəxəssislərin siyahısında özünə yer tapa bilib. Onların arasında Devid Mitçelin "Buludlu atlas", Roberto Bolanyonun "2666" və Kormak Makkartinin "Yol" əsəri də var.
Oxucular öz siyahılarına Haruki Murakaminin "Kafka çimərlikdə", Zedi Smitin "Bəyaz dişlər", Halid Hüseynin "Küləyin ardınca qaçanlar" romanlarını daxil eləsələr də, mütəxəssislərin tərtib etdiyi siyahıda bu adlara rast gəlinmir:

Mütəxəssislər1. Conatan Franzen - "Düzəlişlər"
2. Edvard P. Cons - "Məlum Dünya"
3. Devid Mitçel - "Buldulu Atlas "
4. Roberto Bolyano - "2666"
5. Corc Sanders - "Pastoralia"
6. Kormak Makkarti - "Yol"
7. V. G. Sebalt - "Austrelits"
8. Per Petterson - "Atları qaçırmaq vaxtıdı.
9. Elis Munro - "Nifrət, Dostluq, pərəstiş, Sevgi, Ailə "
10. Kazuo İşiquro - "Məni getməyə qoyma"
11. Juno Diaz - "Oskar Vaonun qısa və qəribə həyatı"
12. Debora Ayzenberq - "Super qəhrəmanların alatoranı"
13. Norman Raş - "Fanilər"
14. İen Makyuen "Bağışlanma"
15. Lidia Devis - "Müxtəlif narahatlıqlar"
16. Cefri Yevgenides - "Orta cins "
17. Conatan Letem - "Tənhalıq qəsri"
18. Kelli Link - "Qəribə işlər olur
19. Linn Tilman - "Amerikan dahi, komediya "
20. Merilin Robinson - "Giliad"

Oxucular
1. Juna Dias - "Oskar Vaonun qısa və qəribə həyatı"
2. Roberto Bolyano - "2666"
3. Cefri Yevgenides - "Orta cins "
4. Devid Mitçel - "Buludlu atlas.
5. Kormak Makkarti - "Yol"
6. İen Makyuen "Bağışlanma"
7. Maykl Çabon - " Kavaler və Kleyin macəraları
8. Conatan Franzen - "Düzəlişlər"
9. Merilin Robinson - "Giliad"
10. Zedi Smit - "Bəyaz dişlər"
11. Haruki Murakami- "Kafka çimərlikdə"
12. Xalid Hüseyni - "Küləyin ardınca qaçanlar"
13. Kazuo İşiquro - "Məni getməyə qoyma"
14. V. G. Sebalt - "Austrelits"
15. Riçard Russo - "İmperiyanın tənəzzülü"
16. Elis Munro - "Qaçış"
17. Kolm Toibin - "Ustad"
18. Çimamanda Nqozi Adiçe - "Sarı Günəşin yarısı "
19. Cumpa Lahirm - "Alışılmamış Yer"
20. Syuzan Klark - "Conatan Streync və Mister Norrel"

Britaniyanın nüfuzlu "Tayms" və "Teleqraf" qəzetləri də artıq 2000-ci illərin ən yaxşı yüz kitabını müəyyən ediblər. Barak Obamanın hətta ədəbi mükafata belə layiq görülmüş "Atamın arzuları" adlı memuarı hər iki nəşrin tərtib etdiyi siyahının ilk üçlüyündə özünə yer tapıb. Lakin "Tayms" birinci yerə Kormak Makkartinin "Yol"unu, "Teleqraf" isə Harri Poteri layiq görüb.
XXI əsrin ən yaxşı kitabları, "Teleqraf"ın variantı:

"Harri Potter və Ölümün bəxşişləri" - Coan Roulinq
"Atamın arzuları" - Barak Obama
"Kod Da Vinçi" - Den Braun
"Heyrətamiz dahinin ürək parçalayan əsərləri" - Deyv Eqqers
"Tanrı illuziya kimi" - Riçard Dokinz
"Cordan olmaq" - Keti Prays
"Vəhşi detektivlər" - Roberto Bolanyo
"Bəyaz dişlər" - Zedi Smit
"Bağışlanma" - İen Makyuen
"Qadınlara nifrət edən kişilər" - Stiq Larsson

XXI əsrin ən yaxşı kitabları, "Tayms"ın variantı:

"Yol" - Kormak Makkarti
"Persepol" - Maryan Satrapi
"Atamın arzuları" - Barak Obama
Klassik Hayda mifi rəvayətçilərinin şah əsərləri
"Fransız süitası" - İren Nemirovski
"Dönüş nöqtəsi- əhəmiyyətsiz dəyişikliklər qlobal dəyişikliklərə necə çevrilir" - Malkolm Qladuell
"Pinin həyatı" - Yann Martel
"Hesablaşma: borc və sərvətin qaranlıq üzü" - Marqaret Etvud
"Bağışlanma" - İen Makyuen
"Kod da Vinçi" - Den Braun

 

 

"Yazıçının düsturu" kəşf edildi

İsveçli fiziklər "yazıçının düsturu"nu kəşf ediblər. Alimlər müəllifləri bir-birlərindən fərqləndirməyə imkan verən riyazi meyarları müəyyən ediblər. Bu tədqiqat işi "New Journal of Physics" jurnalında dərc olunub.
Mütəxəssislər sözügedən meyarları iki Britaniya yazıçısı Tomas Hardi, Devid Herbert Lourens, eləcə də Amerika yazıçısı Herman Melvillin əsərləri əsasında işləyib hazırlayıblar. İsveçli alimlər yazıçıların əsərlərində yeni sözlərdən hansı tezlikdə istifadə etdiklərini təhlil ediblər. Bütün yazıçıların əsərlərində bu göstərici tədricən azalmağa başlayıb. Tədqiqatlar göstərib ki, istifadə olunan yeni sözlərin azalma sürəti bir yazıçını digərindən fərqləndirməyə imkan verir. Alimlər aşkara çıxardıqları bu qanunauyğunluğu hər bir müəllifin qələmindən çıxmış bir neçə ədəbi formada (roman hekayə), eləcə də əsərlərdən götürülmüş parçalarda müşahidə ediblər. Əvvəlcədən istifadə edilməmiş sözlərin işlənməsinin azalma göstəricisi hər dəfə hər bir yazıçı üçün dəyişməz qalıb.
Mütəxəssislər hesab edirlər ki, bu tədqiqat işi, yazıçıların itmiş əsərlərinin axtarışında, yaxud müəllif hüquqları ilə bağlı mübahisəli məsələlərdə həlledici rol oynaya bilər.

 

 

 

"IMPAC" mükafatı təqdim edildi

Nəsr əsərlərinə verilən yüz min avro dəyərindəki ən böyük ədəbi mükafatlardan biri "İMPAC" otuz beş yaşlı afro-amerikan yazıçı-debütant Maykl Tomasa verilib. Mükafata yazıçının "Yıxılmış adam" romanı layiq görülüb. Namizədlər arasında Maykl Tomasdan başqa, 2008-ci ilin Pulitzer mükafatçısı Juno Diaz, 2007-ci ildə Bukerin namizədlərindən İndra Sinha və Möhsin Həmid də var idi.
Finalçılar sırasına yüksələn gənc müəlliflər iki Nobel - Con Kutzee, Doriz Lessinq, üç Buker mükafatçısını - Enn Enrayt, İen Makyuen və Maykl Ondatye, eləcə də Filip Rot, Çak Palanik, Ken Follet, Don Delillo, Arturo Peres - Reverte kimi məşhur yazıçıları geridə qoymuşlar.
İMPAC mükafatının laureatı Maykl Tomasın romanı 2007-ci ildə "Nyu - York Tayms" qəzeti tərəfindən ilin on ən yaxşı kitabı siyahısına daxil edilmişdi. "Yıxılmış adam"ın əsas qəhrəmanı ağdərili qadınla ailə qurmuş, Bostanda yaşayan, dərin iqtisadi böhrandan əziyyət çəkən afro-amerikalıdır. Ailəsini qoruyub saxlaya bilmək üçün o, dörd gün ərzində lazımi məbləği tapmalıdır.
Tomas mükafat tarixində laureat olmağa nail olan üçüncü debütantdır.
İMPAC Dublin dünyanın ən nüfuzlu ədəbi mükafatlarındadır. 1996-cı ildə Dublin şəhər şurası və amerikan investisiya fondu İMPAC tərəfindən təsis olan bu mükafat hər il ingilis dilində yazılmış ən yaxşı nəsr əsərinə görə verilir.

 

 

 

 

Sarkozi Kamyunu ikinci dəfə dəfn etmək istəyir


Fransada növbəti ədəbi-siyasi qalmaqal baş qaldırıb. Prezident Nikola Sarkozi ölümün əllinci il dönümü ə rəfəsində Kamyunun nəşini Panteaona köçürməyi təklif edib. Lakin yazıçının oğlu Kamyunun təkrar dəfninin əleyhinədir.
Sarkozinin dediyinə görə, Kamyunun məzarının Fransanın Volter, Jan Jak Russo, Emil Zolya, Lui Paster, Viktor Hüqo kimi dahilərinin dəfn olunduğu Panteaona köçürülməsi böyük rəmzi məna daşıya bilər. Fransa prezidentin mədəniyyətə öz töhfəsini vermək cəhdi heç kimdə təəccüb doğurmur. Belə ki, Sarkozinin sələfi Jak Şirak da, general De Qoll hökumətinin tərkibində ölkənin mədəniyyət naziri kimi fəaliyyət göstərən zaman Aleksandr Düma və Andre Malronunun məzarlarını Panteona köçürmüşdü.
Maraqlıdır ki, son dövrlər 1960-cı ildə avtomobil qəzasında həlak olmuş Alber Kamyunun populyarlığı artmaqdadır. Müasirlərindən fərqli olaraq dövrün ziyalıları yazıçının humanist ideyalarını və totalitarizmi qəbul etməməsinin səbəblərini daha dərindən dərk edə bilirlər. Buna görə də siyasi rəqibləri Sarkozini özünü mərhum Nobel mükafatçısının hesabına təbliğ eləməyə çalışmaqda ittiham edirlər.
"Sizif haqqında Mif"in müəllifinin məzarının köçürülməsi üçün yaxınlarının razılığı alınmalıdır, lakin filosofun övladları Jan və Katerina Kamyu prezidentin bu təşəbbüsünə müsbət yanaşmırlar. Janın fikrincə, məzarın Panteaona köçürülməsi mərhum yazıçının həyat ideallarına ziddir. Yelisey sarayı artıq iki dəfə Jana müraciət etsə də, heç bir nəticə əldə edə bilməyib.

 

 


Heminquey ingilis dilindən "üç minus" aldı


Amerika Birləşmiş Ştatlarında hazırlanmış, ingilis dilindəki mətnləri təhlil edən kompüter proqramı Heminqueyin əsərini üslubi və leksik baxımdan səliqəsiz adlandıraraq, "üç minus"la qiymətləndirib. "Tayms" qəzetinin bildirdiyinə görə, proqram məktəblilərin inşa yazılarının avtomatik dəyərləndirilməsi üçün hazırlanıb.
Təhsil Sistemində Qiymətləndirmə İnstitutunun rəhbəri Devid Raytın dediyinə görə, proqram müəllifin üslubunu duya, mətnin ideyasını başa düşə bilməyib. Proqramın verdiyi qiymət Heminqueyin dilinin yüksək mürəkkəblikli məktəb imtahanı səviyyəsinə çata bilmədiyini göstərir.
Proqram Vinston Çörçilin palatadakı məşhur çıxışını da lazımınca qiymətləndirə bilməyib. Kompüter belə qənaətə gəlib ki, Çörçilin dili leksik təkrarlardan əziyyət çəkir.
Bundan başqa, proqram Vilyam Qoldinqin əsərindən bir parçanı da anlaya bilməyib. Kompüterin qənaətincə, Qoldinqin istifadə etdiyi cümlə quruluşu yanlışdır. Bercessin əsərindən bir parça isə proqram tərəfindən "anlaşılmaz" sözü ilə dəyərləndirilib.
"Tayms" qəzetinin yazdığına görə, Böyük Britaniyada hələ inşaların avtomatik qiymətləndirilməsi sistemi mövcud deyil, Amerika Birləşmiş Ştatlarında isə bu proqram artıq tətbiq edilir. İnstitutun direktor əvəzi Qrem Herbert deyib ki, bəzi amerikalı şagirdlər artıq proqram üçün "anlaşılan" dildə yazaraq, kompüteri aldatmağı öyrəniblər.

 

 

İngiltərənin ən böyük şairi müəyyən olundu

Britaniyada 16-cı milli poeziya günü şərəfinə ölkənin ən sevimli şairləri seçilib. Təəccüblü də olsa, ingilislər in ən çox sevdiyi şair Şekspir deyilmiş. "Hamlet"in müəllifi peşəkarlardan ibarət, Buker mükafatçısı Antoniya Bayetin də daxil olduğu münsiflər heyətinin hazırladığı otuz ən yaxşı şair siyahısına da düşə bilməyib. Britaniyalıların ən sevdiyi şairin Tomas Sternz Eliot olduğu aşkara çıxıb.
Modernizmin klassiki sayılan, 1948-ci ilin Nobel mükafatçısı Tomas Eliot "Bi-Bi-Si"nin internet səhifəsində keçirilən onlayn səsvermədə qalib gəlib. Onun ən yaxın iki rəqibini çox az fərqlə geridə qoyduğu bildirilir.
Səsvermədə ikinci yeri Con Donn (1572-1631), üçüncü yeri isə ilk onluğa düşən yeganə yaşayan şair olan Benjamin Zafanayya (1958 - ) tutub. Siyahıya həmçinin Yits, Dilan Tomas və Kitsin adları daxil edilib. O ən yaxşı şair arasında heç bir qadının adı çəkilməyib. Şekspirdən başqa, məşhur şairlərdən Berns, Bayron, Şeymas Hini, Milton, Kiplinq, Tennison da ilk onluğa düşə bilməyiblər.

Britaniyanın ən çox sevilən on şairi:

Tomas Eliot
Con Donn
Benjamin Zefania
Vilfred Ouen
Filip Larkin
Vilyam Bleyk
Vilyam Batler Yits
Con Beçemen
Con Kits
Dilan Tomas

 

 

 

Markesin romanın ekranlaşdırılması etirazla qarşılandı

Meksikanın Puebla ştatının rəhbərliyi Kolumbiya yazıçısı Qabriel Qarsia Markesin "Küskün gözəlçələrimi xatırlayarkən" romanının ekranlaşdırılması üçün maliyyə vəsaiti ayırmaqdan imtina edib. Hüquq müdafiəçiləri bu filmin uşaqbazlığı və uşaq fahişəliyini təbliğ edəcəyindən əmindilər.
Nobel mükafatçısının son romanı "Küskün gözəlçələrimi xatırlayarkən" hələ 2004-cü ildə işıq üzü görüb. Kitabda doxsanıncı ad günü münasibətilə özünə on dörd yaşlı bakirə qızla ehtiraslı bir gecə hədiyyə etmək istəyən qoca jurnalistdən bəhs edilir. Romanın süjeti dini dairələrin və hüquqi təşkilatların etirazına səbəb olub. Şikayətlər Puebla ştatının prokurorluğuna daxil olduqdan sonra isə, çəkilişlər təxirə salınıb.
İspaniya, Meksika və Danimarkanın birgə istehsalı olacaq bu filmin beynəlxalq media holdinq "Televisa" tərəfindən maliyyələşdiriləcəyi gözlənilirdi. Beş-səkkiz milyon dollar büdcə ilə çəkilməli olan filmin xərclərinin iyirmi faizi isə Pueblo ştatının rəhbərliyi tərəfindən ödənməli idi. Lakin ştat rəhbərliyi son anda filmi maliyyələşdirməkdən imtina edib. Filmin prodüseri Rikardo del Rionun fikrincə, yaranmış polemika üçün qətiyyən əsas yoxdur: "Onlar nə ssenari, nə də rejissorun nöqteyi-nəzərindən xəbərdar olmasalar da, filmə qadağa qoymağa çalışırlar. Bu bizə ölümcül zərbə vurub, maliyyə vəsaiti olmadan çəkilişləri davam etdirmək qeyri- mümkündür". Rikardo Del Rio deyib.

 

 

 

Amerika kitabxanası iyirmi min kağız nüsxəni on səkkiz elektron kitabla əvəzlədi

Massaçusets ştatının Kuşinq kollecində yerləşən kitabxananın rəhbərliyi yüz əlli il ərzində toplanmış kitablardan xilas olmaq qərarına gəlib. İyirmi min cild kitabın yarısı pulsuz paylanıb. Onların əvəzinə tələblərlə elektron kitabları oxumaq üçün on səkkiz elektron qurğu veriləcək.
Kollecin direktoru Ceyms Treysi kağız kitabları "köhnəlmiş" hesab edir. Buna görə də o, yalnız qiymətli əntiq nümunələri və uşaqlar üçün nüsxələri saxlamaqla kitabxananı kitab qalaqlarından təmizləməyi qət edib. İndi tələbələr minlərlə kağız kitab əvəzinə milyonlarla elektron nəşr əldə edə biləcəklər. Kollec rəhbərliyi kitabxananı müasir tədris mərkəzinə çevirməyə hazırlaşır. Bu məqsədlə start verilmiş layihənin büdcəsi beş yüz min dollardan artıqdır. Bu məbləğin qırx iki mini internet saytların əks etdirilməsi üçün üç böyük televizor, iyirmi mini isə xüsusi olaraq noutbuklara uyğunlaşdırılmış masalara xərclənəcək.
Kollec rəhbərliyinin müşahidələrinə görə, kitablara onsuz da tələbat olmayıb. Gün ərzində rəflərdən götürülən kitabların sayı əllidən artıq deyilmiş. Götürülənlərin yarısından çoxu isə uşaq kitabları imiş. Kuşinq kollecinin kitabxanası ABŞ-ın bütövlükdə elektron formata keçən ilk kitabxanalarından biridir.

 

 

 

Edqar Po yüz altmış il sonra yenidən dəfn edildi

Yüzlərlə oxucu Amerika yazıçısı və şairi Edqar Alan Ponu ölümündən yüz altmış il sonra ikinci dəfə dəfn etmək üçün Baltimora toplaşıb.
Dəfn mərasimi tamamilə rəmzi məna daşıyıb. Məsələ burasındadır ki, "Qar ğa", "Morq küçəsində qətl" əsərlərinin müəllifi, 1849-cu ildə qırx yaşında müəmmalı şəkildə vəfat edib. Onun yalnız bir neçə yaxın adamının qatıldığı dəfn mərasimi isə cəmi üç dəqiqə çəkib, yazıçının ölümü haqqında məlumat da vaxtında bütün dünyaya yayılmayıb.
Lakin anadan olmasının iki yüzüncü ildönümündə oxucuları Poya layiq olduğu təmtəraqlı dəfn mərasimini təşkil etmək qərarına gəliblər. Mərasimdə iştirak edən hər kəs XIX əsrin dəbinə uyğun libasa bürünüb. Yazıçının muzeyində isə Edqar Ponun maketinin uzandırıldığı tabut qoyulub. Halbuki Edqar Po hal-hazırda Merilendin ən məşhur vətəndaşları ilə yanaşı Vestminster - holl məzarlığında uyuyur.

 

Materialları hazırladı: Ülkər NƏSİBBƏYLİ

 

DİGƏR MƏQALƏLƏR