HEKAYƏ
Ceyms Coys

(1882-1941)

XX əsrin böyük yazıçılarından biri, məşhur "Ulis" romanın müəllifi Kortasar, Folkner, Heminquey kimi görkəmli nasirlərin müəllimi hesab olunan Ceyms Coys İrlandiyada dünyaya gəlsə də, ömrünün çox hissəsini, qanun və ənənələrini qəbul edə bilmədiyi vətənindən uzaqda, könüllü sürgündə keçirib. İrlandiya və Dublin yazıçının əksər əsərlərinin əsas mövzusunu təşkil edir.


Coys əsərlərinin nəşr olunmasına və mümkün qədər çox insan tərəfindən oxunmasına həssaslıqla yanaşırdı. Lakin senzuranın ucbatından onun əsərlərinin nəşrində həmişə çətinliklər yaranırdı. Məsələn, "Dublinlilər" adlı hekayələr toplusunu çap etməkdən qırxa yaxın nəşriyyat imtina etmişdi. Bir dəfə isə çap edilmiş kitabın bütün nüsxələri yandırılmışdı. "Rəssamın gənclik portreti" də nəhayət, ABŞ-da nəşr olunana qədər bir neçə imtinalarla üzləşmişdi. Lakin ən az "Ulis"in bəxti gətirmişdi. Romanı nəşr etmək çox çətin idi. Səbəb - həddən artıq iri həcmli bu kitabın ədəbsiz təfərrüatlarla zəngin olması idi. Digər səbəb - mətnin altı yüzdən artıq səhifəsində bircə gündən, 1904-cü ilin 16 iyunundan bəhs olunması idi. Zahirən hündürboylu, eynəkli və utancaq olan Coysun əks cinsin nümayəndələrinin yanında ikimənalı bir replika belə işlətməyi özünə rəva bilməməsinə baxmayaraq, roman 1920-ci ilin dekabrında, ABŞ və Böyük Britaniyada əxlaqsız ifadələrinə görə qadağan edildi.


Yalnız naşir Silviya Biç (Heminqueyi də ilk dəfə o, çap eləmişdi) bütün xərcləri boynuna götürməklə, romanı düzəliş və ixtisarsız şəkildə nəşr etdirdi. O dövrün ədəbiyyatında, sözün tam mənasında çevriliş edən "Ulis" bu günəcən dünya ədəbiyyatının misilsiz şahəsəri hesab edilir.


Böyük bir ədəbiyyatşünaslar ordusu "Ulis"in naminə böyük qəhrəmanlıqlar göstərsə də, 16 iyun Braziliyada, Meksikada, Rusiyada, ABŞ-da "Ulis"in baş qəhrəmanının şərəfinə Blum günü kimi qeyd edilsə də, bütün dünyada insanlar məşhur romanın qəhrəmanlarının yaşadığı o təkrarolunmaz günü xatırlasalar da, Coys Nobel mükafatı almadı. Deyilənə görə Blum gününü ilk dəfə Coys və Bekket birlikdə qeyd ediblər. Blum gününün yüzilliyində isə paytaxt Dublinə minlərlə turist toplanmışdı. Həmin bu "turist attraksionu" düz beş ay davam eləmişdi.

 

V. Nabokov Ceyms Coysla görüşü haqqında

...Coysla otuzuncu illərin sonunda Parisdə bir neçə dəfə görüşmüşəm. Köhnə dostlarım Pol və Lüsinin onunla da yaxın münasibətləri vardı. Bir dəfə onu, Qabriel Marselin təklifi ilə hazırladığım Puşkin haqqında məruzəmi dinləməyə gətirdilər.
Təsadüf elə gətirmişdi ki, həmin qış çox populyar olan bir bestsellerin müəllifini (romanın adı yadımdadır: "Pişiyin balıq tutduğu küçə". Qadının adını isə xatırlamıram) mənimlə əvəz etməli olmuşdular. Bir neçə dostum xanım gözlənilmədən xəstələndiyinə görə, Puşkin haqqında edəcəyi məruzə vaxtı boş zalla qarşılaşacağımdan ehtiyatlanaraq, onların fikrincə, qarşımda görmək istədiyim auditoriyanı toplamaq üçün əllərindən gələni etmişdilər. Lakin xanımın ardıcıllarının əyləşdiyi sıralarda bir qədər çaşqınlıq yaranmışdı. Auditoriya gözlədiyimdən də rəngarəng idi.
Macarıstanın konsulu məni qadın yazıçının həyat yoldaşı hesab edib təəssüfünü bildirmək üçün irəli atıldı. Məruzəmə təzəcə başlayırdım ki, dinləyicilərin çoxu zaldan çıxdı.
Bütün bu mənzərənin içində mənim üçün unudulmaz yeganə təskinlik, Macarıstanın futbol komandasının oyunçuları arasında eynəyinin şüşələri parlaya-parlaya qollarını sinəsinə sıxıb oturan Coysun məruzəni dinləməsi idi.
Bir dəfə isə mən və yoldaşım Leonun evində onunla birlikdə nahar etdik. Nahardan sonra isə bütün gecəni söhbət elədik. Söhbətdən bir kəlmə də yadımda qalmayıb. Yoldaşım Coysun rusların "myod" içkisinin resepti ilə maraqlandığını, aldığı cavabların isə bir - birindən tamamilə fərqləndiyini xatırlayır. Yeri gəlmişkən, "Karamazov qardaşları"nın ingilis dilinə tərcüməsində axmaq bir səhvə yol verilib: qoca Zosimin evindəki şam yeməyini təsvir edən tərcüməçi Rusiyada çox yüksək qiymətləndirilən "Medok" adlı fransız şərabını "med" sözünün kiçiltmə forması kimi tərcümə etmişdi. İndi Coysa bu haqda danışdığımı xatırlamaq maraqlı olardı, amma təəssüf, "Karamazovlar"ın bu variantı ilə mən on ildən sonra tanış oldum.

 


Bədbəxt hadisə


(hekayə)

Sakini olduğu şəhərdən mümkün qədər uzaqlaşmaq istədiyi, eləcə də Dublinin digər qəsəbələrini vulqar, iddialı və həddən artıq müasir hesab elədiyi üçün Mister Dafi Çepalizadedə - köhnə, qaranlıq bir evdə yaşayırdı. Evin pəncərəsindən, çoxdan baxımsız qalmış araq zavodu, Dublinin kənarındakı dayaz çay görünürdü. Otağın divarları hündür, döşəməsində xalça yox idi. Divarlardan heç bir şəkil asılmamışdı. Qara, dəmir çarpayını, dəmir əlüzyuyanı, dörd hörmə kətili, asılqanı, kömür qutusunu, şəbəkəli daş taxtapuşları, iki püpitr li kvadrat stolu - bütün əşyaları o özü seçmişdi. Kitab şkafını divar oyuğundakı ağ, taxta rəflər əvəz edirdi. Ağ yorğan-döşəyin altına qara-qırmızı rəngli şal sərilmiş, balaca əl güzgüsü əlüzyuyanın üstündən asılmışdı. Otağın yeganə bəzəyi olan abajurlu lampa gündüzlər də divar sobasının üstündən asılı qalırdı. Ağ taxta rəflərin üstündəki kitablar boy sırası ilə düzülmüşdü. Ən aşağı rəfin bir küncündə Vorsvortun seçilmiş əsərləri, o biri küncündə isə "Meynut kataxezisi"nin qeyd dəftərçəsinin kolenkor cildinə bürünmüş bir nüsxəsi qoyulmuşdu. Püpitrdə daim yazı ləvazimatları saxlanılırdı. Yeşikdə isə o, Qauptmanın "Mikael Kramer" pyesinin kənarında qırmızı mürəkkəblə qeydlər aparılmış əlyazmasını və tunc rəngli sancaqla bir-birlərinə bənd edilmiş vərəq dəstəsi saxlayırdı. Bu vərəqələrdə ara bir bəzi ifadələr peyda olurdu. İronik əhval-ruhiyyədə olduğu günlərdən birində mister Dafi ilk vərəqin üstünə qaraciyər dərmanının reklam mətnini yapışdırmışdı. Püpitrin qapağı açılanda güclə hiss edilən xəfif bir ətir duyulurdu. Bu, ya sidr ağacından düzəldilmiş sadə qələmlərin, ya yapışqanın, ya da yaddan çıxıb püpitrdə qaldığından təravətini itirmiş almaların ətri idi.
Mister Dafi fiziki, yaxud ruhi səliqəsizliyin istənilən təzahürünə ikrahla yanaşırdı. Heç şübhəsiz, orta əsr alimləri onun Saturnun himayəsi altında doğulduğunu güman edərdilər. Mister Dafinin, illərin iz saldığı sifəti öz qəhvəyi çaları ilə Dublinin küçələrinin xatırladırdı. Kifayət qədər iri, uzun başını örtən quru, qara saçları uzanmışdı, qızılı bığları ağzının narazı ifadəsini güclə gizlədirdi, yanağının qabarıq almacıq sümükləri üzünə zalım bir ifadə verirdi. Gözlərində isə zalımlıqdan əsər-əlamət yox idi. Qızılı qaşların altından baxan bu gözlər Mister Dafinin başqalarının çatışmazlıqlarını ört-basdır edə biləcək cəhətləri görməkdən hər zaman məmnunluq duyan, lakin bu qənaətində tez-tez yanılan bir insan olduğundan xəbər verirdi. O daim özünə kənardan baxır, öz hərəkətlərini şübhə dolu, çəpəki nəzərlərlə izləyirdi. Onun xüsusi bir zövq aldığı qəribə bir vərdişi də vardı: ürəyində özü haqqında 3-cü şəxs adından və keçmiş zamanda qısa fikirlər söyləyirdi. O, adətən qoz ağacından hazırlanmış möhkəm əsasının köməyi ilə, əmin addımlarla yeriyər, heç vaxt dilənçilərə sədəqə verməzdi.
Mister Dafi artıq uzun illər idi ki, Beqqot küçəsində yerləşən özəl bankda kassir işləyirdi. O hər səhər Çepelizadedən işə tramvayla gedir, günortalar qəlyanaltı eləməkdən ötrü Den Berkə baş çəkir, ora özü ilə bir şüşə pivə və bir qab peçenye aparırdı. Saat 4-də işdən çıxır, Corc küçəsindəki yeməkxanada nahar edirdi. Buranın yeməkləri pis deyildi, üstəlik Dublinin "Qızıl Gəncləri" ilə rastlaşmaq təhlükəsi də yox idi. Axşamlarını o, ya ev sahibəsinin pianosunun arxasında, ya da şəhərətrafı gəzintidə keçirirdi. Motsarta olan məhəbbəti bəzən onun yolunu opera və konsert zallarına salırdı. Bu, onun həyatının yeganə əyləncəsi idi. Tanış, dost, dini inanclar, fəlsəfi sistemlər ona yad məsələlər idi. Mister Dafi heç kimlə ünsiyyət saxlamadan, yalnız Milad bayramlarında qohumlarına baş çəkə-çəkə, ölənləri qəbiristanlığa yola sala-sala, öz aləmində yaşayırdı. O, qədim ənənələrin qorunub saxlanması naminə bu iki həyati borcu yerinə yetirirdi, ictimai həyatın diktə etdiyi digər şərtiliklərə isə güzəştə getmək niyyəti yox idi. O, müəyyən şərtlər daxilində, hətta bank soya biləcəyini də ehtimal edirdi. Lakin, belə bir fürsət ələ düşmədiyi üçün həyatı adəti sakit axarıyla davam edirdi : hadisəsiz roman.
Mister Dafi bir axşam Rotondda iki xanımla rastlaşdı. Zalın boşluğu və səssizliyi gecənin uğursuzluğuna işarə idi. Mister Dafinin yanındakı xanım bir neçə dəfə boş zala baxıb dedi:
- Heyif ki, bu gün tamaşaçı çox azdı. Boş zalda oxumaq heç ürəkaçan deyil.
Mister Dafi qadının bu sözlərini onu söhbətə cəlb etmək cəhdi kimi başa düşdü. Qadının özünü belə sərbəst aparmağı onu təəccübləndirdi. Qadınla söhbət zamanı, onun üz cizgilərini yaddaşına həkk etməyə çalışırdı. Qadının yanında oturanın onun qızı olduğunu biləndə, düşündü ki, həmsöhbəti ondan bir, yaxud bir neçə yaş cavandı. Onun, görünür, bir vaxtlar gözəl olan sifəti hələ də öz təravətini saxlamışdı. Qadının sərt cizgili uzunsov sifəti vardı. Tünd mavi gözləri adamın az qala iliyinə işləyirdi. Baxışları əvvəl mister Dafiyə açıq-saçıqlıq təsiri bağışlasa da, qəfildən bəbəkləri genişlənəndə, bu gözlərdən son dərəcə kövrək bir qəlbin boylandığını gördü. Amma çox keçmədi ki, bəbəklər yenidən kiçildi, kövrək qəlb utancaqlıq qınının içində yoxa çıxdı. Qabarıq sinəsinə yapışmış, qaragülçə dərili gödəkcəsi onun ədalarını daha çox gözə çarpıdırırdı.
Bir neçə həftədən sonra mister Dafi Ersfort- Terresdəki konsertdə həmin qadınla yenidən rastlaşdı, qızının diqqəti ayrı səmtə yönələndə, anayla daha yaxından tanış olmaq üçün danışmağa macal tapdı.
Söhbət zamanı qadın həyat yoldaşını iki dəfə xatırlasa da, səsində nədəndə ehtiyatlandığı hiss olunmadı. Onu adı missis Siniko idi. Ərinin ulu babası sən demə, əslən Livornadan idi, Dublinlə Hollandiya arasında işləyən ticarət gəmisinin kapitanı olmuşdu. Bu qızdan savayı uşaqları yox idi.
Mister Dafi missis Siniko ilə üçüncü dəfə təsadüfən rastlaşanda, nəhayət, görüş təyin eləməyə cürət etdi. Bu, onların ilk görüşü idi. Bundan sonra onlar birgə gəzintilər üçün ən sakit küçələri seçməklə, müntəzəm şəkildə görüşməyə başladılar. Lakin bu görüşlərin yalnız xəlvətdə mümkün olduğunu başa düşən, bu sirlilikdən ikrah hissi duyan Mister Dafi missis Sinikodan, onu öz evinə dəvət etməyi xahiş etdi.
Qızına evlənmək istədiyini düşünən Kapitan Siniko mister Dafini tez- tez qonaq gəlməyə həvəsləndirirdi. Öz xanımını isə kapitan Siniko çoxdan maraqlı qadınlar sırasından çıxdaş eləmişdi. Kiminsə, onun arvadı ilə maraqlana biləcəyini ağlına belə gətirmirdi. Kapitan tez-tez səfərə çıxır, qızı isə musiqi dərslərinə gedirdi. Odu ki, Mister Dafi rəfiqəsi ilə görüşməyə tez-tez vaxt tapırdı. Vaxtaşırı o öz fikirlərini missis Siniko ilə bölüşməyə başlamışdı. O, rəfiqəsinə öz kitablarından verir, fikirlərini izah edir, daxili dünyasının qapılarını açırdı. Missis Sinikonun sevincinin həddi-hüdudu yox idi.
Bəzən o özü də Mister Dafini mücərrəd mülahizələrinin doğurduğu səmimiyyətlə həyatında baş vermiş hansısa hadisəni nəql edirdi. Missis Siniko Mister Dafiyə az qala ana qayğısı ilə ürəyini açmağa imkan yaradırdı. Mister Dafi rəfiqəsinə bir müddət irland sosialist partiyasının iclaslarında iştirak etməsindən, neft lampasıyla işıqlandırılmış darısqal otaqda təmkinli işçilər arasında özünü necə yad hiss eləməyindən, partiya üç fraksiyaya ayrıldıqdan, hər bir qrup öz lideri ilə ayrıca otaqda toplaşmağa başladıqdan sonra isə daha iclaslara getmədiyindən, işçilərin müzakirələri ona çox bəsit göründüyündən, əməkhaqqı məsələsinə hədsiz maraqlarıyla ona ifrat təsir bağışladığından danışırdı. Mister Dafi, onların öz fikirlərini ifadə etməyə qadir olmayan kobud materialist olduqlarını hiss edirdi. Belə bir vərdiş işçilər üçün əlçatmaz olan asudə vaxtda qazanıla bilərdi. "Dublində sosialist inqilabı heç iki yüz - üç yüz il sonra da baş verməyəcək". - o deyirdi.
Missis Siniko ondan, nə üçün fikirlərini yazmadığını soruşurdu. "Axı nə üçün?" - o, saxta etinasızlıqla soruşurdu. Altmış saniyə ərzində ardıcıl düşünməyə qadir olmayan boşboğazlara rəqib olmaq üçünmü? Yoxsa əqidələrini polislərə, sənətlərini antreprenerlərə həvalə edən kütbeyin meşşanların hücumlarına məruz qalmaq üçünmü?
O, Sinikoların Dublinin yaxınlığındakı kiçik kottecində tez-tez olurdu. Aralarındakı ruhi yaxınlıq artdıqca, onlar daha intim mövzularda söhbət eləməyə başlayırdılar. Missis Siniko dəfələrlə Mister Dafi ilə lampanı yandırmadan, qaranlıqda yanaşı əyləşirdi. Qaranlıq sakit otaq, hələ də qulaqlarında qalan musiqi onları bir-birlərinə yaxınlaşdırırdı. Bu yaxınlıq mister Dafini ruhlandırır, xarakterindəki kəskinliyi azaldır, daxili aləmini emosiyalarla zənginləşdirirdi. Bəzən o özü öz səsinə qulaq asdığını hiss edir, missis Sinikonun gözündə, az qala mələk dərəcəsinə ucaldığını anlayırdı. Təbiətcə ehtiraslı rəfiqəsini getdikcə özünə daha çox cəlb etsə də, daxili səsi ruhunun çıxılmaz tənhalığından xəbər verirdi. "Özümüzü verə bilmərik", - səsi deyirdi, - biz yalnız özümüzə məxsusuq".
Hər şey onunla bitdi ki, bir axşam xanım Siniko ehtirasa gəlib Mister Dafinin əlini yanaqlarına sıxdı.
Mister Dafi qadının bu hərəkətindən son dərəcə sarsıldı. Söz-söhbətlərinin bu cür yozulması onun bütün xəyallarını alt-üst etdi. O, bir həftə rəfiqəsinin yanına getmədi, sonra ona məktub yazıb görüşmək üçün icazə istədi. Son görüşlərini, tövbə sehrinin yox olması fikri ilə korlamaq istəmədiyindən, rəfiqəsini Feniks Parkının darvazasının yanındakı kiçik qənnadı mağazasına dəvət elədi. Onlar soyuq payız günü olsa da, havanın sərtliyinə baxmayaraq, üç saat şəhərin küçələrində gəzişdilər. Daha görüşməmək qərarına gəldilər.
Hər bir ittifaqın sonu kədərdir, - Mister Dafi dedi.
Parkdan çıxıb sakitcə tramvaya yaxınlaşdılar. Bu vaxt xanım Siniko əsim-əsim əsməyə başladı. Mister Dafi qadının növbəti ehtiras tutmasından çəkinib ondan uzaqlaşmağa tələsdi.
Bu hadisədən dörd il ötdü. Mister Dafi öz intizamlı həyat tərzinə qayıtmışdı. Evi də həmişəki kimi, nizam-intizama sayqını əks etdirirdi. Birinci mərtəbədəki otaqda, püpitrdə yeni notlar peyda olmuşdu. Kitab rəfinə isə Nitsşenin "Zərdüşt belə deyirdi" və "Şən elm" kitabları yerləşdirilmişdi. İndi o yeşikdəki vərəqələrə nadir hallarda nəsə yazırdı. Missis Siniko ilə axırıncı görüşündən iki ay sonra yazılmış qeyddə deyilirdi: "qadınla kişi arasında məhəbbət mümkün deyil, çünki fiziki meyl yolverilməzdir; kişi ilə qadın arasında dostluq qeyri-mümkündür, çünki fiziki meyl qaçılmazdır". O Missis Siniko ilə rastlaşmaqdan qorxduğu üçün daha konsertlərə də getmirdi.
Atası öldü, bankın kiçik şəriki işdən imtina etdi. Mister Dafi isə həmişəki kimi, hər səhər tramvayla şəhərə gəlir, hər axşam şəhərdən piyada qayıdır, Corc küçəsində miyanə nahar edir, desert əvəzinə axşam qəzetini oxuyurdu.
Bir axşam isə duzlu kələmlə əti ağzına aparan əli havada donub qaldı. Qəfildən gözləri, qrafinə söykəyib oxuduğu qəzetdəki qeydlərdən birinə sataşdı. O, tikəsini boşqaba qoyub qeydi diqqətlə oxudu. Sonra bir stəkan su içib, boşqabı kənara çəkdi, qəzeti stolun üstünə sərib qeydi bir neçə dəfə başdan-ayağa oxudu. Boşqabdakı kələm, donmuş yağ təbəqəsi ilə örtüldü. Xidmətçi qadın ona yaxınlaşıb yeməyin dadlı olub-olmadığını soruşdu.
O:
- Yemək çox dadlıdır. - deyib ikinci tikəni güclə uddu, sonra hesabı ödəyib yeməkxanadan çıxdı.
O, noyabrın alatoranlığında qoz ağacından hazırlanmış əsasını səkidə ahənglə taqqıldada-taqqıldada sürətlə addımlayırdı, "Meyl" qəzetinin sarımtıl kənarları ikibortlu, dar paltonun qoltuğundan boylanırdı. Feniks parkı ilə Çepelizade arasındakı kimsəsiz yola çatanda isə o, addımlarını yavaşıtdı, əsası daha səkiyə əvvəki kimi çırpılmırdı. Evə çatan kimi yataq otağına keçib qəzeti cibindən çıxardı, pəncərənin öləziyən işığında məlumatı bir daha oxudu. Ucadan oxumasa da, dua oxuyan keşişlər kimi dodaqları tərpəndi.
Məlumatda deyilirdi:

SİDNİ PAREYDDƏ QADININ ÖLÜMÜ
BƏDBƏXT HADİSƏ

"Dünən Dublin şəhər xəstəxanasında (Mister Leverret olmadığı üçün) koronerin müavini tərəfindən Sidni Pareyd stansiyasında həlak olmuş qırx üç yaşlı missis Emili Sinikonun ölümü ilə bağlı istintaq aparılıb.
İfadələrdən məlum olub ki, mərhumə relslərin üstündən keçməyə çalışarkən, Kinsqtaundan yola çıxmış sərnişin qatarı tərəfindən vurulmuş, başından və sağ böyründən aldığı ağır xəsarət nəticəsində dünyasını dəyişmişdir.
Maşinist Ceyms Lenne öz ifadəsində, on beş yaşından bəri dəmiryol şirkətində çalışdığını bildirib. O, qatar növbətçisinin fiti ilə qatarı hərəkətə gətirmiş və ucadan qışqırıq səsləri eşitdiyinə görə cəmi bir saniyə sonra dayandırıbmış. Qatar asta hərəkət edirmiş. Yükdaşıyan P. Denn, qatar yerindən tərpənəndə yolu keçməyə çalışan bir qadını gördüyünü deyib. O, qadına sarı atılıb, qışqırmağa başlasa da, vaxtında yetişə bilməyib.
Vəkil:
- Qadının yıxıldığını gördünüzmü?
Şahid:
Bəli.
Polis serjantı Krouli hadisə yerinə çatanda, mərhumənin heç bir həyat əlaməti olmayan bədənini perronda aşkar etdiyini bildirib. O, sanitar arabası gətirilənədək bədənin gözləmə otağına aparılması barədə göstəriş verib. Əlli yeddi nömrə nişanlı konstebl deyilənləri təsdiqləyib.
Dublin şəhər xəstəxanasının həkimi doktor Holpin mərhumənin qabırğalarında iki sınıq, sağ çiynində ağır xəsarət aşkar edildiyini bildirib. Başın sağ tərəfi, yıxılan zaman xəsarət alıb. Lakin bu zədələr, normal vəziyyətdə olan insanın ölüm həddinə çatması üçün kifayət deyil. Onun fikrincə, missis Siniko şokdan və ürək fəaliyyətinin qəfil zəifləməsi nəticəsində keçinib.
Mister H. B Peterson dəmiryol şirkəti adından, bədbəxt hadisə ilə əlaqədar dərin kədər duyduğunu bildirib. Hər bir stansiyadan xəbərdaredici nişanlar asmış, hər stansiyada şlaqbaum quraşdırmış şirkət insanların, yolu yalnız körpü vasitəsilə keçməsi üçün bütün tədbirləri görüb. Mərhumənin gecə saatlarında yolları keçmək vərdişi varmış, müəyyən şərtlər nəzərə alınarsa, o dəmiryol işçilərini təqsirli hesab eləmir.
Mərhumənin həyat yoldaşı, Leovildə yaşayan kapitan Siniko da ifadə verib. O, mərhumənin həqiqətən yoldaşı olduğunu təsdiqləyib. Kapitan Rotterdamdan hələ bu səhər qayıtdığı üçün hadisə zamanı Dublində olub. Onlar iki il əvvəl - missis Siniko içkiyə qurşananadək, iyirmi iki il ərzində xoşbəxt ömür sürüblər.
Miss Meri Siniko bildirib ki, son vaxtlar anası şərab almaq üçün hər axşam evdən çıxırmış. Şahid dəfələrlə anasını dilə tutaraq, onu içkidən çəkindirməyə çalışıb. O, evə hadisədən bir saat sonra qayıtdığını deyib.
Həkimin ifadəsinə əsaslanan hakim, Lenneni hər cür məsuliyyətdən azad edib. Koronerin müavini bu qəzanın, əmək fəaliyyəti ərzində şahid olduğu ən faciəli hadisələrdən biri olduğunu qeyd edərək, kapitan Siniko və qızına başsağlığı verib. O, şirkətə, gələcəkdə bu cür hadisələrin qarşısının alınması üçün ən qatı tədbirləri görməyi məsləhət görüb. Bu dəfə isə heç kəs günahkar deyildi".
Mister Dafi gözlərini qəzetdən ayırıb pəncərədən görünən kədərli axşam mənzərəsinə baxdı. Çay köhnə araq zavodunun böyrüncə sakitcə axırdı, Dyuken yolunun üstündəki evlərdə ara-sıra işıqlar yanırdı. Necə müdhiş bir sonluq!
Missis Sinikonun ölümü haqqında deyilənlər, nə vaxtsa ən müqəddəs hesab elədiyi mövzuları onunla bölüşməyi mister Dafini hiddətləndirirdi. Boş təəssüf sözləri, artıq ifadələr, vulqar və alçaq ölüm hadisəsinin təfərrüatlarını gizləmək üçün dilə tutulmuş müxbirlərin ehtiyatlı şərhləri onda ikrah oyadırdı. Emili, özünü alçaltmağı bəs deyilmiş kimi, mister Dafini də alçaltmışdı. Bu da onun öz ruhuna yaxın saydığı insan!
Mister Dafi əllərində boş içki şüşələri, yırğalana-yırğalana bara tərəf gedən bədbəxtləri yadına saldı. Deməli o, həyat üçün yararlı deyilmiş, yaşamaq qabiliyyətindən məhrummuş, belə asanlıqla vərdişinin qurbanına çevrilə bilərmiş. O necə bu qədər alçala bilmişdi?.. Bu qadına necə aldanmışdı?.. Rəfiqəsinin həmin axşamkı ehtiras tutmasını xatırlayan Mister Dafi bu dəfə onu daha kəskin şəkildə qınadı və o vaxt düzgün hərəkət elədiyinə indi bir daha əmin oldu.
Hava qaralırdı... Fikri özündə deyildi. Birdən Emili əlinə toxundu. Bir vaxtlar ikrah oyadan təmasdan bu dəfə bədəni titrətdi. O, cəld şlyapasını, paltosunu geyinib küçəyə çıxdı.
Soyuq külək onu kandarda yaxaladı, paltosunun qollarından içəri soxuldu. Mister Dafi Çepelizade körpüsünün yanındakı bara çatıb içəri keçdi və özünə qaynar punş sifariş verdi.
Bar sahibi ona canla-başla qulluq göstərsə də, söhbətə tutmağa ürək eləmirdi. Barda Kilder qraflığındakı hansısa mülkün dəyəri haqqında qızğın mübahisə edən beş -altı işçi var idi. Onlar siqaret çəkə-çəkə iri parçlardan pivə içir, elə hey yerə tüpürür, ağır çəkmələri ilə tüpürcəklərini döşəməyə yaxırdılar. Mister Dafi heç kimi görmədən, heç nə eşitmədən, onlara zillənmişdi.
İşçilər bir azdan çıxıb getdilər. O isə ikinci punşu sifariş verdi, piştaxtanın arxasında çox oturdu.
Bara sakitlik çökdü. Bar sahibi piştaxtaya söykənib əsnəyə-əsnəyə "Herald"ı oxuyurdu. Kimsəsiz yoldan arabir tramvay səsi eşidilirdi.
Mister Dafi missis Siniko ilə keçirdiyi günləri xatırlayırdı. İndi o dəqiq bilirdi ki, rəfiqəsi daha yoxdur, xatirəyə çevrilib. Halı qəfildən pisləşdi. "Başqa cür hərəkət edə bilərdimmi?" - öz-özündən soruşdu. Axı o, riyakarlıq eləyə, missis Sinikoya əvvəlki kimi səmimiyyətlə yanaşa bilməzdi?!.. Düzgün hesab elədiyi hərəkəti eləmişdi. Bəs günahı nə idi? İndi o da ölənə, yoxa çıxana, xatirəyə çevrilənə (əlbəttə, kimsə onu xatırlasa) qədər tək-tənha yaşayacaq.
Mister Dafi bardan çıxanda, saat artıq on idi.
Soyuq və qaranlıq bir gecə idi. O, yaxınlıqdakı darvazadan Feniks parkına daxil olub çılpaq ağacların altı ilə addımlamağa başladı. Mister Dafi, dörd il əvvəl rəfiqəsiylə birlikdə gəzdiyi qaranlıq xiyabanları dolaşdı. Ona elə gəlirdi ki, qaranlıqda Emili ilə yanaşı addımlayır. Arabir onun səsini eşidir, əlinin təmasını hiss edirdi. Birdən ayaq saxlayıb sakitliyə qulaq kəsildi.
Axı niyə onun həyatını əlindən almışdı? Niyə onu ölümə məhkum etmişdi?..
Mister Dafinin bitkin və təmkinli dünyası bir anın içində alt-üst olmuşdu...
O, Meqezin Hillin zirvəsinə qalxıb, işıqları soyuq gecəyə hərarət və mehribanlıq qatan Dublinə tərəf axan çaya baxdı. Təpənin ətəyindən aşağı baxıb, hasarın kölgəsində dayanan tutqun fiqurları gördü. Günah dolu gizli məhəbbəti qəlbini kədərlə doldurmuşdu. O indi bütün əxlaqi dəyərlərə nifrət edir, həyat nəşəsindən sürgün edildiyini hiss edirdi. Bir varlıq onu sevmişdi. Mister Dafi isə onu həyatdan, xoşbəxtlikdən məhrum etmiş, onu rüsvayçılığa, biabırçı ölümə məhkum etmişdi. Aşağıda, hasarın yanına səpələnmiş məxluqların onu müşahidə etdiklərini, çıxıb getməyini gözlədiklərini başa düşdü. Burula-burula Dublinə tərəf axan boz rəngli, parlaq çaya nəzər saldı. Çayın o tayında Kinqz- Bric stansiyasından tərpənib, dumanın arasıyla, alov başlı soxulcan kimi, asta-asta hərəkət edən yük qatarını gördü. Qatar yavaş - yavaş gözdən itsə də, təkərlərinin taqqıltısı uzun müddət Emilinin adını təkrarladı.
O gəldiyi yola tərəf buruldu. Qatarın ahəngdar səsi hələ də qulaqlarında idi... Bir ağacın altında dayanıb, qulağındakı küy kəsilənə qədər gözlədi.
Artıq missis Sinikonun təmasını hiss etmirdi, rəfiqəsinin səsi daha onu narahat etmirdi.
Mister Dafi bir neçə dəqiqə sakitliyə qulaq kəsilib gözlədi... Heç nə eşitmirdi. Yenə qulaq asdı: səssizlik.
O tamamilə tənha idi.

Tərcümə: Ülkər Nəsibbəyli

DİGƏR MƏQALƏLƏR