MÜSAHİBƏ
Elias Kanetti

(1905-1994)

Elias Kanettinin 1981-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülməsi ədəbi mühitdə böyük çaşqınlıq yaratdı. Gah Londonda, gah Sürixdə yaşayan yetmiş altı yaşlı Kanettinin adı yalnız məhdud oxucu dairəsində tanınırdı. Çaşqınlığın digər bir səbəbi yazıçının milliyyəti ilə bağlı idi. Heç kim onu hansı milliyyətə aid etməli olduğunu bilmirdi. Bolqarıstanda dünyaya gələn Kanettinin adı Almaniyanın ədəbi məlumat kitabçalarından birində "Bolqar və rumın ədəbiyyatı" bölməsinə daxil edilmişdi. Tənqidçilər onu "canlı klassik", "on illərlə universal hipotezalar üzərində işləmiş, ümumilikdə dünya sisteminə vahid izahat verməyə cürət etmiş sonuncu humanist" adlandırırdılar. Kanettinin adı Muzil və Kafka ilə birgə çəkilir. O, Avstriya roman ənənəsinin görkəmli davamçısı hesab edilir.
Elias Kanetti 1905-ci ildə, Bolqarıstanın bir vaxtlar Avstriya-Macarıstan imperiyasına daxil olan Ruşuk şəhərində dünyaya gəlib. Valideynləri XV əsrdə İspaniyadan mühacirət etmək məcburiyyətində qalmış ispan yəhudilərinin nəslindən idilər. Əsrlərlə davam edən yerdəyişmələrə baxmayaraq, Kanetti özünəməxsusluğunu saxlamış, zəngin ənənələri olan tacir ailəsində böyümüşdü. Valideynlər öz aralarında almanca danışsalar da, uşaqları ilə ünsiyyət zamanı ispan dialektindən istifadə edirdilər.
"Alman dili, səkkiz yaşında öyrənməyə başladığım dördüncü dil idi. İlk dəfə arxaik ispan dilində danışmağa başlamışam. Bu, inkvizisiya dövründə İspaniya köçdükdən sonra, yəhudilərin istifadə etdiyi XV əsrin əsl ispan dili idi. Yəhudilər bir yerdən o birinə köçdükcə, bu dili də özləri ilə aparırdılar. Ömrümün ilk altı ilini bu dildə danışmışam. Sonra İngiltərəyə köçdük, məktəbdə ingilis dilini öyrənməyə başladım. Evdə isə dayəm mənə fransız dilini öyrədirdi. Səkkiz yaşım olanda anam Vyanaya köçdü. Elə orda da alman dilini öyrəndim. Vyanada məktəbə gedirdim, anam digər dilləri yadımdan çıxartmamağım üçün əlindən gələni etsə də, alman dili mənim üçün ən əsas dilə çevrildi. Yazmağa da bu dildə başladım".
1913-cü ildə ailə başçısının vəfatından sonra Eliasın anası Vyanaya köçür. Lakin Birinci Dünya Müharibəsi zamanı Avstriyada hərbi patriotizmin güclənməsi tezliklə onu İsveçrəyə Sürix şəhərinə pənah aparmağa vadar edir. 1917-cil ildə isə ailə növbəti və sonuncu dəfə köçmək qərarına gəlib bu dəfə Frankfurt-Maynda məskunlaşır. 1924-cü ildə gimnaziyadakı təhsilini başa vurduqdan sonra, Kanetti Vyana universitetinə daxil olaraq fəlsəfə elmləri doktoru elmi dərəcəsi qazanır. 1935-ci ildə o, özünün ən məşhur romanını " Korluq"u tamamlayır, 1960-cı ildə isə otuz beş il ərzində üzərində çalışdığı "Kütlə və hakimiyyət" kitabı işıq üzü görür.
Əsər kütlə və hakimiyyətin ölüm meydanındakı qarşılıqlı münasibətindən bəhs edir. Ölüm, tarixin bu iki əsas aktyoru arasındakı qarşılıqlı əlaqəyə dinamizm qatan vasitəçi rolunu oynayır. Kanettiyə görə ölüm hakimiyyəti qidalandırır, onun əsas stimulu, özünü realizə vasitəsi kimi çıxış edir. Kitabın məntiqinə görə, əgər ölüm olmasaydı, hakimiyyət də olmazdı. "Kütlə və hakimiyyət" hökumətlərin öz məqsədlərinə çatmaq üçün istifadə etdiyi metod və fəndlərin ifşasına yönəlib. Əsərdə hakimiyyətin necə realizə edildiyindən, adi insanların buraxılmadığı, böyük öndər və rəhbərlərin sezgilərinin köməyi ilə tarixi yaratdıqları hakimiyyət mətbəxindən bəhs olunur. Bu tarixin tutqunluğunu, faciəliliyini öz günahları hesab etməyən rəhbərlər onların yerində olacaq hər kəsin eyni cür hərəkət edəcəyini iddia edirlər. Kanetti bunun yalan olduğunu sübuta yetirərək, hakimiyyətin tarixi yaratmaq üçün istifadə etdiyi metodların üstünü açır. Hakim başqaları ölərkən sağ qala biləndir. Hökmdar arxetipi ölənlərin meyitləri üzərində şax dayanan qəhrəmandır. Üstəlik ölənlərin kim - düşmən, dost və ya müttəfiqlərdən olduğunun heç bir əhəmiyyəti yoxdur. Kütlə-hakimiyyətin ilkin şərti, təməlidir. Ölüm təhlükəsi - hakimiyyətin kütləni idarə etmək üçün istifadə etdiyi əsas silahdır. Hər bir əmr - təxirə salınmış ölüm təhlükəsidir. Başqa sözlə, ölüm qorxusu hər bir əmrin yerinə yetirilməsinə gətirib çıxarır. Kanettinin fikrincə, hakimiyyət ölümdür. Hakimiyyətə qarşı mübarizə isə ölümə qarşı mübarizədir. Kanetti insanları, "əmr neştərini" bədənlərindən çıxarmağa, başqa sözlə, hakimiyyətin əmrlərini yerinə yetirməməyə çağırır.
Alman tənqidçilərdən biri deyirdi ki, "təhsilli Avropa vətəndaşı, söhbət kütlə və hakimiyyətdən gedəndə, Nitsşe haqqında düşünür. Hakimiyyət dedikdə, onun ağlına Orteqa Qasset, kütlə dedikdə isə Lebon gəlir. Gələcəkdə isə onlar bu üç mütəfəkkirin dediklərinin əksəriyyətini unudub Kanetti haqqında düşünməli olacaqlar".

 


"Başqasının ölümünə şahidlikdir, məncə hakimiyyətin başlanğıc nöqtəsi".

- Bilirəm ki, bir çox cəhətdən Freyddən fərqlənirsiniz və onu tez-tez tənqid edirsiniz. Lakin metodoloji nöqteyi-nəzərdən Freydin tez- tez vurğuladığı bir məqamla razılaşdığınıza şübhəm yoxdur. Psixoanaliz hələ formalaşmamışdan, konkretləşdirilməmişdən əvvəl, yəni başlanğıc mərhələsində Freydin başqa elmlərin əldə etdiyi nəticələri inkar etmək, yaxud şübhə altına almaq niyyəti yox idi. O, başqalarının etinasız yanaşdığı məqamları önə çəkmək istəyirdi. Freyd bu etinasızlığın doğurduğu nəticələri son dərəcə əhəmiyyətli hesab edirdi. Çünki məhəl qoyulmamış həmin nəticələr büt övlükdə insan həyatı üçün həlledici səciyyə daşıyırdı. Bu fikirlə siz də razılaşırsınız. Məncə, əsərlərinizin mərkəzi fiquru kimi ölümü seçməklə, siz bu məsələni böyük müvəffəqiyyətlə işıqlandıra bilmisiniz. Daha dəqiqi, təmtəraqlı sözlərlə desək, siz ölüm kompleksi ilə bağlı diqqətdən kənarda qalmış məqamların miqyası, məsələn ölüm təcrübəsində hansı aspektlərin xüsusi əhəmiyyət kəsb etdiyi haqqında oxucularımızda müəyyən fikir formalaşdıra bilərsiniz. Beləliklə, biz sizin metodunuzun əhəmiyyətini dərk edə və bu günə qədər, demək olar , toxunulmamış qalan mövzuların şərtsiz-şəksiz qəbul edilməsinin doğurduğu təhlükələri gün işığına çıxarmaq istədiyinizi etiraf edə bilərik.

- Tamamilə düzgün qeyd etdiniz ki, ölüm mövzusu araşdırmalarımda əsas yer tutur. Dediklərinizlə bağlı məncə, bu günə qədər çox az öyrənilmiş dünyavilik problemini misal çəkmək olar. İnsanın bu dünyadakı həyatı konkret bir andır. Fikrimcə, bu anın çox ciddi nəticələri var. Bu yaşantıda başqa bir insanın ölüm təcrübəsi qarşısında hiss etdiklərimizlə müqayisə edilə biləcək şərtilik gizlidir. Bunun arxasında isə müəyyən məmnunluq hissi dayanır. Bu məmnunluq hissi daha da artar və ya intensivləşərsə, olduqca təhlükəli hal ala bilər. Başqasının ölümünə şahidlikdir, məncə hakimiyyətin başlanğıc nöqtəsi. Bu məsələyə yalnız ötəri şəkildə toxunub dərinliklərə varmaq istəmirəm. Freydə gəldikdə isə, diqqətini məşğələlərindən ayırmağa çalışan və qorxunu özünə rəva bilməyən çalışan bu insanın yenilikçi yanaşma tərzini ilk təqdir edənlərdən biri mən olmuşam. Şəxsiyyətimin formalaşma dövründə o, mənə dərindən təsir edib. Əldə etdiyi nəticələrin müəyyən qisminə şübhə ilə yanaşıb, bəzi nəzəriyyələrini inkar etsəm də, onun öz işinə münasibətinə hələ də dərin hörmətlə yanaşıram.
- Məhz bu məqamda aramızdakı böyük bir oxşarlığa diqqət çəkmək istəyirəm. Mən və Horxaymer fəlsəfədəki ilk təzahürünü Spinozada tapan, sizin həyatda qalma anı adlandırdığınız özünüqoruma instinktini və onun səbəblərini "Maarifləndirmənin dialektikası" əsərində təhlil etmişik. Bu instinkt öz ilkin "vəhşi" formasında təzahür edərək, başqaları ilə əlaqəsini itirəndə, dağıdıcı qüvvəyə çevrilir. Siz bizim, bizsə sizin işinizlə tanış deyildik. Məncə, aramızdakı bu fikir uyğunluğu təsadüfi deyil. Fikrimcə, biz bu uyğunluğa görə hər şeydən əvvəl, özünüqoruma, dünyaviliklə bağlı müasir böhran vəziyyətində daha da kəskinləşmiş problemlərin müşahidəsinə borcluyuq.
- Bir - birimizdən müstəqil şəkildə oxşar qənaətlərə gəlməyimiz məni sevindirir. Bu, bir daha fikrin təkzibedilməzliyini sübut edir.
- Razıyam. Digər tərəfdənsə, açığı, kitablarınızın bəzi hissələrinin müəyyən dərəcədə dedi-qodunu xatırlatması, özünü filosof və ya sosioloq adlandırmağından asılı olmayaraq, mənim kimi düşünən insanları heyrətləndirə bilər. Mən bunu, sizin yanaşmanızın subyektivliyi kimi izah edərdim. Subyektivlik deməklə, mən fikrin və ya müəllifin subyektivliyini yox, əksinə, əvvəlcədən təsdiq olunmuş elmi qaydalarla düşüncəni buxovlamayan, əmək bölgüsünün diktə etdiyi hüdudlara tabe olmayan subyektivliyin müstəqilliyini, araşdırılan mövzulardan kənara çıxdığınızı nəzərdə tuturam. Yaxşı başa düşürəm ki, Freyddən o qədər də fərqlənmirsiniz. Siz kütlə və hakimiyyət anlayışlarına real şəraitdən real kütlə və hakimiyyətdən - real təcrübədən çıxış etməklə müraciət edirsiniz. Lakin oxucu, əsərin mütaliəsi boyunca təxəyyül və faktlarla yanaşı addımlayan təəssüratından xilas ola bilmir: məsələn, sizin üçün son dərəcə mühüm, görünməz kütlə anlayışını götürək. Oxuculara aydın olsun deyə, sadə bir sual vermək istərdim. Kütlələrin və hakimiyyətin, yaxud da güc sahiblərinin, sizin yaratdığınız kütlə və hakimiyyət obrazları ilə müqayisədə real əhəmiyyətini necə dəyərləndirirsiniz?
- Görünməz kütlə nəzəriyyəmə toxundunuz. Demək istərdim ki, görünməz kütlələrdən yalnız XIV fəsildə bəhs etməyə başlamışam, əvvəlki on üç fəsildə isə intensiv şəkildə real kütlələr araşdırılır. Məncə, kitabın ideyası son dərəcə realdır. İlk növbədə toxunulmaq qorxusundan başlamışam. Məncə, hər insan, kiminsə onun üçün təhlükə təşkil etdiyini hiss edir və bu səbəbdən həmin bu naməlumluqla təmasdan qorxur, onunla yaxın ünsiyyətdən qaçmağa çalışaraq, özünü təhlükəsiz ərazi ilə əhatələməyə çalışır. Bu hiss bütün insanlara tanışdır. Toxunulmaq qorxusundan əziyyət çəkən insan özü də başqalarına toxunmamağa çalışsa da, bütün mühafizəkar tədbirlərə baxmayaraq, insan heç vaxt toxunulmaq qorxusundan tam xilas ola bilmir. Lakin çox maraqlıdır ki, bu qorxu izdihamın arasında tamamilə yoxa çıxır. Doğrudan da, bu təzad son dərəcə əhəmiyyətlidir. İnsanlar toxunulmaq qorxularını yalnız kütlənin içində yoxa çıxan zaman, hər tərəfdən insanlarla əhatə olunanda, yan-yörələrində onları sıxışdıranın kim olduğunu bilməyəndə itirirlər. Bu an insan artıq başqaları ilə təmasdan qorxmur. Toxunulma qorxusu tamamilə əks bir duyğu ilə əvəz olunur. Bəlkə də insanların kütləyə qarışmağı xoşlamasının səbəbi də toxunulmaq qorxusunun, nəhayət ki, yoxa çıxması ilə bağlıdır. Məncə bu, son dərəcə real bir yanaşmadır. Nə vaxtsa kütlənin bir hissəsi olmuş hər insanın yaşadığı real təcrübədən irəli gələn bir yanaşma. Növbəti fəsillərdə isə yenə də real kütlələrin digər aspektlərini tədqiq edib açıq və qapalı kütlələrdən bəhs etmişəm. Kütlələrin həmişə böyüməyə can atdığını və bu artma həvəsinin onlar üçün həlledici rol oynadığını önə çəkməyə çalışmışam. Kütlə içərisindəki bərabərlik hissindən və indi xatırlatmaq istəmədiyim bir çox başqa məsələlərdən danışmışam. Sonra isə XIV fəsildə görünməyən kütlələr anlayışına toxunuram. Bunu da qısaca izah eləmək istəyirəm: dinlərlə, xüsusilə ibtidai dinlərlə maraqlananlar kütlələrin dinlərə geniş sirayətindən təəccübləniblər. Bu baxımdan ibtidai dinlərdə geniş yer verilən ruhları xatırlamaq kifayətdir. Havanın ruhlarla dolu olduğuna, ruhların kütlə halında hərəkət etdiyinə dair inancların da bir çox örnəkləri var. Buna hətta bizim bəşəri dinimizdə də rast gəlmək olar. Xeyir və şər anlayışlarının xristianlıqda hansı rolu oynadığını bilirik. Orta əsrlərin sistersian abbatı Rişel, gözlərini qapayanda, sıx duman kimi şər qüvvələrlə əhatələndiyini hiss etdiyini deyirdi. Bu cür görünməz kütlələr bir sıra dinlərdə və möminlərin düşüncəsində mühüm yer tuturlar. Bu səbəbdən mən bu kütlələri irreal hesab eləməzdim. İnsanlar həqiqətən bu kütlələrə inanırlar. Onlar üçün bu həqiqətdir. Bunu tam başa düşmək üçün müasir dövrdə də bu cür görünməz kütlələrin olduğunu xatırlamaq kifayətdir. Onlar pis ruhlar adlanmasalar da, eyni dərəcədə təhlükəli və dağıdıcıdılar, eyni vahiməni oyadırlar. Axı biz hamımız çubuqşəkilli bakteriyaların varlığına inanırıq. Onları mikroskop vasitəsilə çox az adam görüb və hamımız, hər an hər yerdə ola biləcək, milyonlarla bakteriya tərəfindən təhdid olunduğumuzu güman edirik.
Bu görünməz kütlədir. Mən bunu müəyyən mənada real adlandırardım; məncə bu görünməz kütlələrin hardasa reallığa aid edilə biləcəyini inkar etməzsiniz.
- Epiteoloqlara xas pedantlığıma görə məni bağışlayın. Amma reallıqla təsəvvürü bir-birindən ayıra bilməyən ibtidai şüurla, inkişaf etmiş Qərb düşüncəsini eyniləşdirmək düzgün deyil. Qədim, ibtidai düşüncənin cin, yaxud ruh kimi təxəyyül məhsulları ilə real mövcudluq arasında fərq qoya bilməməsi bütün bunların obyektiv reallıq olduğunu göstərmir. İndi sizdən eşitdiklərimə əsasən deyə bilərəm ki , Kleyqs və Oskar Qoldberqlə eyni fikirdə olduğunuzu, kollektiv orqanizmlərin təsəvvür edilməsinin, birbaşa reallıqla- müasir cəmiyyətdəki kütlələrlə müqayisə edilə biləcəyini düşündüyünüzü güman eləmirəm.
- Yox, əlbəttə mən belə deməzdim. Lakin mən özümə əhəmiyyətli görünən bir konsepsiyanı - kütlə rəmzləri konsepsiyasını yaratmağa nail olmuşam. Kütlə rəmzləri dedikdə, insanlardan təşkil olunmayan, lakin kütlə halında təsəvvür edilən kollektiv rəmzləri nəzərdə tuturam. Bunlara od, okean, meşə, taxıl, xəzinə, qalaqlana bilən əşyalar, məsələn tədarük edilmiş məhsul aiddir. Bunlar həqiqətdə mövcud olan rəmzlərdir. Onlar insanların şüurlarında kütləvi simvollar kimi həkk olunublar. Bu simvolların nə üçün məhz bu funksiyaları daşıdıqlarının, bu funksiya ilə kəsb etdikləri əhəmiyyətin öyrənilməsi çox vacibdir. Misal üçün demək olar ki, bu simvollar milli şüurun formalaşmasında həlledici rola malikdilər.
- Sözsüz!
- Milli mövcudiyyətin təhlükə altında olduğu dövrlərdə deyək ki, müharibə başlayanda özlərini milliyətlərinə əsasən, ingilis, fransız, yaxud alman kimi təsnif edənlər kütlə və ya aid olduqları kütlə rəmzi haqqında düşünürlər. Bu, onların şüuruna dərindən nüfuz edib və davranışlarında həlledici rol oynayır. Güman ki, bu cür rəmzlərin fərd üzərindəki danılmaz təsiri barədə mənimlə razılaşarsınız.
- Bu barədə sizinlə tamamilə razıyam. Məncə, məsələn meşəni obraz, kütləvi rəmz kimi kəşf etməklə, doğrudan çox vacib bir məqamı aşkara çıxarmısız. Bir tərəfdən Freydin bir növ çılpaq arxaik simvolları, digər tərəfdən Yunqun inandırıcı olmayan arxetipləri ilə müqayisədə bu cür kateqoriyalar mənə əsl irəliləyiş kimi görünür. Lakin bu izahata baxmayaraq, məncə, diqqətinizi əsasən, artıq daxili bir elementə, təxəyyül məhsuluna çevrilmiş kateqoriyalara yönəltmisiniz. Sizə birbaşa çox sadə bir sual vermək istərdim: (Bu sual eynilə psixoanaliz yönümlü sosial nəzəriyyələrə də ünvanlana bilər) bu simvolların müasir cəmiyyətin sizi, heç də məndən az narahat eləməyən problemlərinin həlli üçün həqiqətən həlledici rol oynaya biləcəyinə inanırsınızmı? Yoxsa müasir cəmiyyət daxilində siyasi qərarların qəbulunda real, faktiki mövcud kütlələr, başqa sözlə insanların sayının nəhəngliyinin doğurduğu təzyiq (baxmayaraq ki, cəmiyyətin təşkili həyatın qorunub saxlamasına eyni zamanda həm kömək edir, həm də mane olur) xəyali, geniş mənada deyəsi olsaq, sosial-psixoloji alternativləri ilə müqayisədə daha əsaslı rola malikdir? Gəlin unutmayaq ki, hətta Faşizm, milli Sosializm kimi xalqın rəyini heç bir şəkildə nəzərə almayan ifrat diktator hərəkatları da latent formada da olsa, sosioloq Arkadi Qurlandın güzəştli xarakter adlandırdığı xüsusiyyətə malik idilər. Yəni kütlələr üzərində bu cür qəti hökmranlıq və tiraniya formalarında kütlələrin, real kütlələrin hətta gizli qalmış real maraqları nəzərə alınırdı. Məni əsas düşünüdürən budur ki, (yəqin ki cavab verəcəksiniz) öz cəmiyyət və kütlə konsepsiyanıza əsasən, kütlələrin bu real çəkisini simvollar aləmi ilə müqayisədə necə qiymətləndirirsiniz?
- Bəli, əlbəttə, real kütlələrin əhəmiyyəti, çəkisi müqayisə edilə bilməyəcək dərəcədə böyükdür. Bir an belə tərəddüd eləmədən, bir az da irəli gedərək deyərdim ki, şahidi olduğumuz diktatorluqlar heç şübhəsiz, kütlələrə söykənir. Yəni kütlə böyüməsəydi, - bu isə çox vacibdir - hətta daha böyük kütlələrin düşünülmüş süni ekstaz vəziyyəti olmasaydı, diktaturaların qüdrətindən söhbət gedə bilməzdi. Bu fakt mənim tədqiqatlarımın başlanğıc nöqtəsidir. I Dünya Müharibəsindən sonra ötən əlli il ərzində baş verən hadisələrin şahidi, əvvəl müharibələri, sonra, inqilabları, inflyasiyaları, faşist diktaturasını yaşamış bir insan kimi, bu hadisələrin yaratdığı sıxıntıların təsiri ilə kütlə məsələsində güzəştə getmək zəruriyyətini hiss etməyə bilməzdim. Uzun illər ərzində apardığım tədqiqat nəticəsində kütlə ilə bağlı başqa məqamlara da diqqət çəkməyimin, kimdəsə kütlənin real mənasının mənim üçün həlledici, nəhayət, əhəmiyyətli olmadığı qənaətini oyatması məni son dərəcə təəssüfləndirə bilər.
- Məncə bu, sizin ideyalarınızın düzgün başa düşülməsinə çox kömək edə bilər. Nəzəri şəkildə desək, Hegelin vasitəçilik konsepsiyasına əsasən güman edilməlidir ki, bir-birinə sıx bağlı, tamamilə haqlı olaraq qəbul etdiyiniz kateqoriyalar - kütlə və hakimiyyət o dərəcə vüsət alıb ki ,fərdin müqaviməti, öz hüquqlarını müdafiəsi son dərəcə müşkül bir işə çevrilib. Bu kateqoriyaların simvolik əhəmiyyəti həm də o dərəcəyə çatıb ki, insanlar psixikanın arxaik mərhələsinə geri qayıtmaqdadılar. Bu halda subyektiv xarakter almış həmin kateqoriyalar maddi əhəmiyyət qazanırlar. Güman ki, insanlar bir - biri ilə əlaqəli bu iki kateqoriyaya mistik, hətta qeyri - irrasional və deməli ilahi anlamlar yükləməklə özlərini gücsüzləşdiriblər. Beləliklə, bu cür anlayışların artan simvolik əhəmiyyəti ilə real təzahürləri arasında müəyyən əlaqə mövcuddur. Hər halda bir məqamı vurğulamaq istərdim: təzyiq altında meydana gəlmiş simvolik və irrasional anlayışlar indi əzəli anlamlarını daşımırlar. Mən deyərdim, müasir real vəziyyət və insanların tez - tez sığınacaq axtardıqları xəyallar dünyasının təsiri ilə onlar təzədən uydurulurlar. Mənə elə gəlir ki, lider yaxud kütlə kimi məfhumların qazanmaqda olduğu son dərəcə ölümcül, təhlükəli çalar, insanların artıq bu anlayışların təsirli olduğu orijinal şərtlər daxilində yaşamaması ilə əlaqədardır. Bu gün onların ilkin formalarına müraciət olunur və uzaq keçmişdən əxz olunan bu anlayışlar daha heç bir həqiqilik kəsb etmədiyindən bir növ zəhərə çevrilməkdədir.
- Mövqeyimlə əlaqədar dediklərinizin təfərrüatlarına xeyli düzəliş etmək olar. Amma, ümumilikdə sizinlə razıyam. Məncə, bu gün kütlələri müşahidə edərkən, təkrar-təkrar ağlımızdan keçən, çox əhəmiyyətli bir məqam arxaik elementlərdir. Bilmirəm, razısız, ya yox, amma məncə, arxaik elementlərə xüsusi diqqət yetirilməlidir. Kütləni yalnız onun müasir təzahürünə əsasən tədqiq etmək qeyri-mümkündür.
- Əlbəttə, sizinlə razıyam. Kütlənin formalaşmasında müəyyən rol oynayan arxaizmin əhəmiyyəti müasir sosial psixologiya ənənəsində - ilk öncə kütlə içərisindəki arxaik, qeyri-irrasional davranışları bütün dəqiqliyi ilə təsvir edən Qustav Le Bonun "Kütlələrin Psixologiyası", sonra isə genetik-psixoloji başlanğıcları ilə Le Bonun kütlə tədqiqatlarını inkişaf etdirən Freydin qısa həcmli olsa da, fikrimcə, olduqca faydalı "Qrup psixologiyası və Eqonun təhlili" əsərində təkrar -təkrar etiraf edilib. Amerika sosioloqu Mek Duqalın da özünü aid elədiyi sosial düşüncənin heç də kiçik mahiyyətli sayılmayacaq, ənənəsinə baxmayaraq, hələ də müxalif mövqedə dayandığınız üçün nəzəriyyənizin adı çəkilən bu müəlliflərin düşüncələrindən nə ilə fərqləndiyini bilmək istərdim.
- Əvvəla kütlənin ibtidai cəmiyyətlərdəki formaları ilə bağlı məsələyə qayıtmaq istərdim. Çünki tamamilə aydındır ki, cəmi bir neçə nəfərdən təşkil olunmuş ibtidai cəmiyyətlər bu gün bizim başa düşdüyümüz mənada kütlələrin formalaşmasına gətirib çıxara bilməzdi.
- Məhz bu sualı vermək istəyirdim. Saylarının azlığına baxmayaraq, ibtidai cəmiyyətlərdə kütlə anlayışı haqqında danışmaq mümkündürmü? Bu məqama toxunduğunuza sevindim.
- Məncə, burda yeni konsepsiyaya müraciət etmək lazımdır. Mən "qrup" ifadəsindən istifadə edir, bununla müasir kütlələrin coşğunluq vəziyyətinə yaxın bir vəziyyət içində olan, lakin say məhdudluğu ilə müasir təzahürlərindən fərqlənən kiçik insan dəstələrini nəzərdə tuturam. Bu cür kiçik qrupların etnoloji ədəbiyyatda tez-tez rast gəlinən məşhur nümunəsi Avstraliya aborigenlərinin təşkil olunmuş dəstələrdir. Qəribədir ki, güclü hədəflərə malik kiçik hərarətli qruplar müəyyən həyat şərtləri daxilində öz məqsədlərinə hədsiz coşğu, böyük enerji ilə can atırlar. Bu dəstələrin bir növü də məsəl üçün ovçulardır. Heyvan o qədər böyükdür ki, ayrılıqda öhdəsindən gəlmək mümkün deyil. Bir neçə insan birləşib bu heyvanı ovlamalıdır, yaxud heyvanların sayı çox olduqda ovçular mümkün qədər çox qənimət əldə etmək istəyə bilərlər. Ona görə də insanlar bir yerə yığılıb həmin iri heyvanı, yaxud çoxsaylı sürünü ovlamağa girişirlər. Bu ovçu qruplar anlayışı o qədər aydındır ki, bu haqda əlavə söz deməyə ehtiyac yoxdur. Başqa bir qrup isə (bu da son dərəcə aydındır) rəqib qrup əleyhinə yönəlib. Bu da savaş qrupu anlayışına gətirib çıxarır. Dəfələrlə kəskinləşmiş və qat - qat iri miqyası ilə bu hal bizə tanışdır. Eyni vəziyyət artıq erkən cəmiyyətlərdə də müşahidə olunurdu. O qədər də aydın olmayan üçüncü forma isə mənim, güman ki, ilk dəfə tərifini verdiyim yaslı qrupdur. Üzvlərdən biri ölüm nəticəsində qrupdan ayrı düşəndə, insanlar bir yerə toplaşıb hansısa yolla bu ölümü dərk etməyə çalışırlar. Onlar əvvəl müqavimət göstərməyə, ölmüş insanı qrup daxilində saxlamağa çalışırlar. Daha sonra isə mərasim təşkil edir, qrupun təhlükəli düşməninə çevrilməməsi üçün ölən insanı öz taleyi ilə barışdırılar. Sonsuz sayda əhəmiyyətli mərasimlər mövcuddur. Yer üzündə bu mərasimlərdən xəbərsiz bir insan tapmaq çətindir. Mən bir-birləri ilə sıx əlaqəli bu fenomenləri yaslı qrup adlandırıram. İndi isə dördüncü forma. Yəqin ki, bizim üçün ən maraqlısı budur: çoşğunluq vəziyyətindəki kiçik saylı insan qrupu hər zaman böyüməyə can atır. Say çox olanda, daha çox heyvan ovlamaq, təcavüzkar qrupa qarşı daha yaxşı müqavimət göstərmək olar. Məhz artıma xidmət edən sonsuz sayda ritual və mərasimlər mövcuddur. Artım yalnız insanların sayına yox, həm də mal-qaranın çoxalmasına, yaşayış ərazisinin genişlənməsinə aiddir.
Məncə, bu dörd qrupun təsiri bu günəcən davam edir, lakin ilk üç forma müəyyən mənada arxaik effektə malikdir. Ov dəstəsi müasir dövrümüzdə linç etmə qrupuna çevrilib. İnsanların qəfildən tək bir şəxsə hücum etdiyinə dəfələrlə şahid olmuşuq.
- Talançı qrup!
- Bu, ovçu qrupa aiddir. Savaşın nə olduğunu bilirik, bütün bunlar bizə yaxşı tanışdır. Yasın nə demək olduğunu bilirik. Təkcə müasir dövrdə qazandığı mülayim forması ilə yox, həm də dinlərdəki təzahürü ilə yas bizə tanışdır. Bu, xristianlıq və digər dinlərdə mühüm yer tutur. Artım isə formaca dəyişib. Əlbəttə, bu istehsal münasibətlərindəki dəyişikliklərdən çox asılıdır. Biz istehsal münasibətlərinin əhəmiyyətindən danışarkən, ilk növbədə artım haqqında düşünürük. Bilmirəm, mənimlə nə dərəcədə razılaşarsınız, lakin arxaik qrupların müasir həyatımıza nüfuz etmiş, həyatımızın müasir bir hissəsinə çevrilmiş təzahürlərindən fərqləndirilməsi çox vacibdir
- İcazə verin, dediklərinizə qısa icmal verməyə çalışım: sizin üçün kütlə anlayışı müasir dövrdə geniş yayılmış təsəvvürlərin əksinə, sırf kəmiyyət amili ilə bağlı deyil və daha çox ov, savaş (bu isə ovun daha rasional, inkişaf etmiş mərhələsidir), yas və sizin deyiminizlə artım kimi qrup anlayışları ilə əlaqədar olduğundan bir sıra keyfiyyət aspektləri ilə müəyyən olunur. Məncə, bu mütləq vurğulanmalıdır, çünki yalnız kəmiyyət amilinə söykəndiklərindən kütlə ilə bağlı müasir cərəyanlar son dərəcə səthi təsir bağışlayır. Stefan Corcun məşhur şerində deyildiyi kimi: sizin sayınız öz-özlüyündə küfrdür. Lakin küfr sizin də vurğuladığınız kimi kəmiyyətdə yox, keyfiyyət aspektlərində gizlidir. Sadaladıqlarınızın içində ilk üç forma son dərəcə aydındır. Yəqin razılaşarsınız ki, statik cəhətdən onların bir-birindən ayrılması o qədər asan olmasa da, aralarında müəyyən müstəqillik də mövcuddur. Ov və savaş qrupları bir - birlərinə bağlıdırlar. Hərçənd ov qrupu ilə müqayisədə daha yaxşı təşkil olunmuş savaş qrupu, birincinin təxirəsalınmazlığını inkar edir.
- Yeri gəlmişkən deyim ki, fikrimcə, savaş qrupu əslində ov qrupundan törəyib.
- Törəyib, bəli!
- Qrup qətlə yetirilmiş üzvünün qısasını almağı qət edir. Qatilin aid olduğu qrup özünü müdafiə edirsə, ikinci bir forma meydana gəlir ki, bu da artıq qeyd elədiyim kimi savaş modelidir.
- Haqlısınız. Məncə, bu, etnologiya sahəsində ümumi qəbul edilmiş bir yanaşmadır. Düzü, artım qrupunu anlamaqda bir az çətinlik çəkirəm. Ümumiyyətlə, artım arzusu mənə bir qədər şübhəli görünür. Axı mifik, yaxud magik ibtidai dinlərdən fərqlənən bəşəri dinlərdə ilk növbədə Yəhudi dini və katoliklikdə möminlərə artmaq əmri verilir. Güman ki, bəşəriyyətin inkişafının ilkin mərhələlərində - məsələn mən heterizmin formalaşma dövrü haqda düşünürəm - artım probleminə heç bir əhəmiyyət verilmirdi. Məncə, artım arzusu tarixi köklərə malikdir və irsən ötürülə bilən mülkiyyət kateqoriyası ilə sıx bağlıdır. Yalnız mühafizə oluna, ötürülə bilən mülkiyyət mövcud olduğu halda, bu varidatın varislərinin yaradılması haqqında hökm verilə bilər. Beləliklə, artım ehtiyacı birinci yox, ikinci dərəcəli amil hesab olunmalıdır.
Yaxşı olardı ki, ilk növbədə bu haqda danışasınız. Sonra isə artım konsepsiyasında nəyi çox yararlı hesab elədiyimi vurğulamaq istərdim.
- Araşdırdığım çoxsaylı nümunələrdən ikisini misal çəkmək istəyirəm: Çinlilərin klassik nəğmələr kitabı "Şi-Kinq"dəki şerlərindən birində nəslin nümayəndələrinin sayının çəyirtkələr qədər çox olması arzusu ilə rastlaşırıq. Şer qısadır. Oxumaq istəyirəm: "Çəyirtkələrin qanadları deyir: qoşul, qoşul. Qoy sənin oğulların, qardaşının uşaqları daim artsın. Çəyirtkələrin qanadları deyir: birləş, birləş. Qoy sənin oğulların, qardaşının uşaqları həmişə bir olsunlar". Burda nəslin sayının çoxluğundan, davamlılığından, birliyindən danışılır. Çəyirtkələrin nəslin rəmzi kimi seçilməsi isə xüsusi vurğulanmalıdır. Çəyirtkələr qorxuludurlar, nəsillər üçün arzu olunan da məhz onların çoxsaylılığıdır.
- Bəs bu, ibtidai şəraitin yox, artıq təşkil olunmuş, formalaşmış bir cəmiyyətin, sabit, oturuşmuş bir dinin nəticəsi deyildimi?
- Bəlkə də. "Şi - Kinq" çox qədimdi, amma...
- Fərqi yoxdu. Bu kitab yüksək inkişaf etmiş, tam formalaşmış iyerarxik cəmiyyətin məhsuludu.
- Yəqin ki, haqlısınız. Ona görə başqa bir misal da çəkmək istəyirəm. Bu xüsusilə maraqlıdır, çünki cəmi on beş il əvvəl nəşr olunmuş totemist mifdən götürülüb. Oğul Strehlou bu rəvayəti arandalıların dilindən kağıza köçürüb. Bu mif bandikut toteminin mənşəyi haqqındadı. Bandikut totemini yaradıcısı qoca Korara bir gölməçənin dibində əbədi yuxuya gedib. Günlərin bir günü Koraranın göbəyindən və qoltuğundan çoxlu sayda bandikutlar peyda olur. O, çoxsaylı bandikutların əhatəsində olsa da, oyanmır. Gün doğur, Korara qalxıb oturur, acdığını hiss edib çoxlu sayda bandikutlarla əhatə olunduğunu görür, əlini uzadıb siçovullardan birini tutur və qızmar günəşdə bişirib yeyir. Yəni o, özündən yaranmış məxluqu yeyir. Həmin gecə Korara yatır və qoltuğundan bulrorer peyda olur, sonra formasını dəyişib insana çevrilir. Bu, qocanın həddi-büluğa çatacaq, övladı kimi tanıdığı ilk oğludur. Növbəti gecə onun qoltuğundan daha çox oğlan peyda olur. Hər gecə belə davam edir. Ümumilikdə Koraranın qoltuğundan əlli oğul törəyir. O, oğullarını bandikutları tutub yeməyə göndərir.
Burda iki növ artım müşahidə edirik. Bir tərəfdən Korara bir anın içində kütləvi şəkildə artıb-törəmişbandikutların əcdadıdır. Digər tərəfdən ondan çoxlu sayda oğul törəyib. Bandikutlarla oğullar arasında əlaqə çox maraqlıdır. Bir qrup digəri ilə qidalanır. Beləliklə, o həm oğullarını, həm də onlar üçün qidanı yaradır. O, bandikut toteminin əcdadıdır. Bu totem bandikut və insanların bir-birləri ilə yaxın qohum olduqlarını göstərir. Belə demək mümkünsə, insanlar bandikutların kiçik qardaşlarıdır. Buna oxşar miflər çoxdur. Məncə, burda artma arzusundan danışmaq olar.
- Məncə, bu rəvayətdə bizi əsas mövzudan uzaqlaşdıra biləcək ikimənalılıqlar yetərincədir. İndi bütün bunları tam şəkildə müzakirə etmək çətindi. Əlbəttə, burda fikrimizi müxtəliflik, formaların amorf çoxluğu istiqamətinə yönələ biləcək arxaik elementlər var. Amma burda həm də tam əks mənalı elementləri də tapmaq olar. Məncə, bu elementlərdən hansının əsas, hansının ikinci dərəcəli olduğunu müəyyən etmək mümkün deyil. Hər halda bu gün artım ideyası bir tərəfdən arzu edilən olsa da, digər tərəfdən vahimə oyadır. Bu qorxu mövcud təşkilat formaları daxilindəki mövcudluğunun təhlükə qarşısında olduğunu hiss edən, xəyalpərəstlik payı olsa da, qoca dünyanın ölçüsüzcə artan insanları doyura biləcəyinə şübhə ilə yanaşan ayrı-ayrı fərdlərə, ailələrə, xalqlara, həm də bütövlükdə bəşəriyyətə aiddir.
- Əlavə etmək istərdim ki, dünyanın həddən artıq dolub daşması fikrinə də qədim miflərdə rast gəlinir. Bu fikrə hələ qədim farslar, artmağa güclü meylliliyi olan, daim artmağa can atan xalqlar arasında da rast gəlinirdi.
- Bir tərəfdən hər hansı varlığın yaşamaq hüququ olduğuna inam bəslənilir, digər tərəfdən üfüqdə peyda ola biləcək yeni insanın yerdə qalanlar üçün təhlükə təşkil etdiyi güman edilir. Bu ikimənalılığın təkcə psixoloji yox, real səbəbləri də var. Nəzəriyyənizdə son dərəcə vacib hesab elədiyim bir məqama toxunmaq istəyirəm. Kitabınızda yazırsınız ki, istehsal, başqa sözlə məhsulların artması bu gün yeganə məqsədə çevrilib. Müasir şəraitdə istehsal aparatının və demək bütövlükdə istehsal münasibətlərinin öz mövcudluğunu yalnız yeni alıcı çevrəsi yaratmaqla qoruyub saxlaya bilməsi, onsuzda insanların özlərinə məxsus olan məhsulların maşınlar vasitəsilə oğurlanmasının səbəbləri sosial-iqtisadi nəzəriyyə çərçivəsində rasional və psevdo-rasional konsepsiyalarla izah edilə bilər.
Bu baxımdan müəllifi olduğunuz nəzəriyyə olduqca vacib bir funksiya daşıyır. Əks halda istehsal naminə istehsal mədəniyyətinin siyasi sistem müxtəlifliyindən asılı olmadan, hər yerdə çiçəklənməsinin insanın subyektivliyi, ümumilikdə sahib olduğumuz şüursuz arxaik irslə bağlı olduğunu dərk edə bilməzdik. Ehtiyac duyduğumuzdan dəfələrlə artıq istehsal etmək canfəşanlığımızı başqa necə izah edə bilərdik?


Tərcümə: Ü. NƏSİBBƏYLİ

DİGƏR MƏQALƏLƏR