NOBEL KÜRSÜSÜ
Knut Hamsun

(1859-1952)

Görkəmli yazıçı, qorxunc insan Hamsunun ingilis əsilli bioqrafı bir vaxtlar yazıçının özündən belə soruşurdu: "Gözəl sevgi hekayətləri yazan bu həssas, xəyalpərəst dahi həqiqətən nasist idimi?" Təəssüf ki, Knut Hamsun bu suala sarsıdıcı "hə" sözündən başqa ayrı cavab verə bilmədi.
Milli sosialist ruh və həyat fəlsəfəsi Adolf Hitlerin sadiq tərəfdarı olan Knut Hamsunun on doqquzuncu əsrin sonlarında yazılmış ən gözəl əsərlərində də özünü aydın şəkildə büruzə verir.
Norveçin ən böyük roman yazarı kimi tanınan Hamsun öz dövrünün olduqca çətin, mürəkkəb xasiyyətli və dözülməz bir insanı kimi tanınırdı. O, şəxsi həyatında ailəsinə və dostlarına vurduğu zərbələrlə çətin insan xarakterini biruzə vermişdi. Yazıçının bir günü də qəzəb tutmaları, yaxud laqeydlik nümayişi olmadan ötüşmürdü. Hamsun İbsenə nifrət edir, ona həsəd aparırdı. Yazıçı, ömrünün son illəri belə Hitlerə sitayiş etdiyini, Norveçi Böyük Almaniyanın bir hissəsi kimi görmək arzusunu inkar etmədi. Hitler intihar edən zaman Hamsun alman xalqına başsağlığı teleqramı göndərdi və ömrünün sonuna qədər anqlosakslara nifrətini qoruyub saxladı.
Hamsunu roman müəllifi və polemikaçı kimi tez -tez tənqid edən Norveç qəzeti "Aftenposten" bir gün yazıçının gizli sənədlərini və bir vaxtlar yaradıcı qüvvəsinin tükəndiyini hiss edərək, müraciət etdiyi psixiatrın qeydlərini aşkara çıxarmışdı. Bəzilərinə görə psixiatrın qeydləri Freydin təsiri altında yazılmış standart cəfəngiyat olsa da, başqalarının fikrincə, həkimi, Hamsunun şəxsiyyətinin müxtəlif ziddiyyətli aspektlərini uzlaşdırmağa nail ola bilmişdi.
Hamsunun dünya şöhrətinə aparan yaradıcılıq yolu heç də əlverişli şəraitdə başlamamışdı. Faktiki olaraq, heç bir təhsil almayan Knut on iki yaşında onu tez-tez döyən əmisinin yanında şagirdliyə başlayır. Evdən qaçmağa nail olduqdan sonra isə dolanışığını müxtəlif az gəlirli işlərdə çalışmaqla təmin etməyə çalışır. Həmin dövrdə yazıçı faktiki olaraq ac qalsa da, gözəl görkəmi ilə qadınları özünə cəlb edə bilirdi. Saysız- hesabsız imtinalara, ruhi təlatümlərinə, müvəffəqiyyət qazanmış yazıçılara qarşı həsəd hissinə baxmayaraq, Hamsun şair, qəhrəman olmaq sevdasından heç vaxt əl çəkmədi. Məhz həmin inadkarlığı hesabına o, nəhayət ki, ədəbi mühitə yol tapa bildi, əsərlərindən kiçik parçaların dərc edilməsinə nail oldu.
Onun "Aclıq" əsəri 1890-cı ildə işıq üzü gördü. Əsər böyük uğur qazanmasa da, Hamsunun sonrakı yaradıcılığının izlənməyə layiq olduğundan xəbər verirdi. Müəllif bu süjetsiz pyesində, Osloda yazıçı olmaq xəyalı ilə yaşayan əyalət gəncindən bəhs edir. Öz dahiliyinə şübhə etməyən bu gənc iddialarından imtina etmək əvəzinə, aclıqdan əziyyət çəkməyə üstünlük verir. Bu ruhi və əqli cəhətdən xəstə obraz təkcə qidanın yox, həm də insani ünsiyyətin, seksin yoxluğundan, eləcə də özünü ifadə edə bilmədiyindən əziyyət çəkir.
Knut Hamsun daha çox roman və esse müəllifi kimi tanınsa da, qələmini poetik və dramatik əsərlərdə də sınayır. 1895-98-ci illər arasında o, "Filosofun həyatı haqqında dram" trilogiyasını yazır. Trilogiya özündə "Şahlığın darvazasında" (1895), "Həyatın dramı" (1896) və "Axşam şəfəqi" əsərlərini cəmləyir. Tənqidçilərin ümumi qənaətinə görə Hamsun pyes qəhrəmanlarını romanlarındakı qədər dolğun təsvir edə bilmirdi. Şerlərinin çoxunu isə o, hələ nəşr edilməmiş yandırırdı. Lakin 1904-cü ildə işıq üzü görən "Vəhşi xor" adlı şeirlər toplusu Hamsun poeziyasının onun romanlarından heç də geri qalmadığını biruzə verdi.
XX əsrin əvvəllərindən etibarən Hamsun üçüncü şəxsin dilindən nəql olunan, obrazlarının çoxluğu ilə seçilən irihəcmli romanlar ("Əsrin övladları", "Segelfoss şəhəri") yazmağa başlayır. 1911-ci ildə fermaya köçməsi, yazıçının cəmiyyətə daha da yadlaşdığını göstərirdi. Bu ovqat Hamsunun 1917-ci ildə işıq üzü görən "Torpağın bərəkəti" romanına da sirayət edir.
1920-ci ildə demokratiyaya və müasirliyə qarşı düşmən münasibətinə baxmayaraq, şah əsəri - "Torpağın bərəkəti" romanına görə İsveç Akademiyası onu Nobel mükafatına layiq görür və beləliklə o, Almaniyada pərəstiş edilən, Skandinaviyada təntənə ilə alqışlanan dünyəvi ədəbi simaya çevrilir.
Hitlerin yüksəlişi dövründə Hamsun alman və nord xalqlarının qüdrətinin artacağını bəyan edərək, bu hadisədən məmnunluğunu gizlətməyə çalışmır, müharibə başlayanda isə nasistləri Norveçə səsləyərək, kollaborasionist hökumətə rəhbərlik edən tanınmış siysətçi Vidkun Quislingini müdafiə edir. 1943-cü ildə o, Norveçdə Alman siyasətindən sui-istifadə edildiyini xəbər vermək üçün Hitlerlə görüşür. Lakin Hitler, Hamsunun ona dərs keçməyinə yol vermək istəmir, yazıçının geri çəkilmək istəmədiyini görəndə isə, onu qəzəblə özündən uzaqlaşdırır. Üzləşdiyi bu təhqirə görə Hamsun, hətta müharibədən sonra belə, özünü müdafiə üçün danışmaqdan imtina edir.
Müharibədən sonra Hamsundan və onun ikinci həyat yoldaşı Maridən izahat tələb olunur. Ərindən iyirmi üç yaş kiçik olan Mari Almaniyanın atəşin tərəfdarı olduğu üçün günah keçisi elan edilərək, üç il azadlıqdan məhrum edilir. Norveç hökuməti tezliklə öləcəyini güman etdikləri Hamsunu mühakimə etmək istəmir. Lakin Hamsun öz təkidi ilə nəhayət ki, məhkəmə qarşısına çıxır, günahkar elan olunaraq ağır şəkildə cərimələnirsə də, yaşı doxsanı haqlasa da, qulaqları eşitməsə də, o üzr istəməkdən imtina edir.

 

NOBEL NİTQİ

Bu sayaq misilsiz səxavətin qarşısında nə demək olar? Ayaqlarım yerə toxunmur, sanki uçuram, başım hərlənir. Bu gün nəciblik və gözəllik yağışına bürünsəm də, mən həmişəki mənəm. Lakin ölkəmə verilmiş mükafat, bir dəqiqə əvvəl bu zalda səslənən dövlət himninin sədaları ayaqlarımı yerdən üzüb.
Bəlkə də ayaqlarımın yerdən üzülməyi birinci dəfə deyil. Xoşbəxt gənclik illərimdə də belə anlarım olub. Axı bu xoşbəxtlik heç bir gəncdən yan keçmir. Yox, bu hissi yalnız anadan qoca doğulmuş, ağlın başdan çıxmağının nə demək olduğunu bilməyən mühafizəkar gənclər dada bilməyib.
Tanrı şahiddir ki, belə fürsətlər sonralar da ələ düşür. Nə olsun? Nəticədə biz olduğumuz kimi qalırıq və şübhəsiz ki, bundan hər birimiz faydalanırıq.
Xüsusən məndən sonra elm xadiminin çıxış edəcəyini nəzərə alsaq, bu sayaq seçilmiş insan kütləsi qarşısında bu cür ibtidai müdriklik nümayiş etdirməyi özümə rəva bilməməliyəm. Bir azdan keçib yerimdə əyləşəcəyəm, lakin bu gün mənim üçün böyük gündür. Mən, sizin xeyirxahlığınızla minlərlə insanın arasından seçilib dəfnə yarpaqları ilə taclandırılmışam. Məni layiq gördükləri bu şərəfə görə İsveç Akademiyasına və bütün İsveçə ölkəm adından təşəkkür edir, bu böyük ehtiramın ağırlığı altında baş əyir, həmçinin Akademiya çiyinlərimi bu yükü qaldıracaq qədər güclü hesab etdiyinə görə, qürur duyuram.
Bu gecə çıxış edən mahir natiqlərdən biri dedi ki, mənim öz yazı tərzim var. Məncə, bundan artığına iddia etməyə haqqım yoxdur.
Mən İsveç poeziyasından, xüsusilə də müasir lirikadan çox şey öyrənmişəm.
Ədəbiyyat və onun böyük simaları haqqında daha məlumatlı olsaydım, saysız-hesabsız ad sadalaya, böyük səxavət göstərərək, yaradıcılığımda tapdığınız fərqləndirici meyara görə kimlərə borclu olduğumu etiraf edə bilərdim. Lakin bu etiraf mənim kimi bir adamın dilindən səslənərsə, bu etiraf heç bir bas notu olmayan boş səs effektindən, görkəmli şəxslərlə bağlılığını tapmış insanın lovğalığından başqa, ayrı bir təəssürat oyada bilməz. Bunun üçün kifayət qədər gənc deyiləm. Gücüm çatmaz.
Yox, indi bu parıltılı işıqların arasında, bu cür seçilmiş insanlar qarşısında ürəyimdən, hər birinizi hədiyyə, gül, poeziya yağışına tutmaq, sizə yenidən gəncliyinizi bəxş etmək keçir. Bu böyük hadisə münasibətilə mənə verilən son fürsət zamanı ürəyimdən keçən bu olsa da, cürət eləmirəm, çünki gülünc təəssürat oyatmaqdan başqa heç nə əldə edə bilməyəcəyimdən qorxuram. Bu gün mən sonsuz şərəfə və ehtirama layiq görülmüşəm. Çatışmayan isə yalnız - ən vacib hədiyyə, əhəmiyyət kəsb edən yeganə mükafat, gəncliyin geri qayıtmasıdır. Heç birimiz, gəncliyimizi xatırlamayacaq qədər qocalmırıq. Yaxşı olardı ki, biz qocalar geriyə ləyaqət və minnətdarlıqla addım atmağı bacaraq.
Nə etməli olduğumu, nəyin doğru olduğunu bilməsəm də, qədəhimi İsveç və bütün dünya gənclərinin, bütün yeniliklərin şərəfinə qaldırıram.

 


Qlanın ölümü
(hekayə)

Ailə üzvləri itkin düşmüş Leytenant Qlan haqqında qəzetə istədikləri qədər elan verə bilərlər. O tapılmayacaq. O ölüb. Mən hətta onun necə öldüyünü də bilirəm.
Düzü, ailəsinin axtarışları təkidlə davam etdirməsi məni təəccübləndirmir, çünki Tomas müəyyən mənada qeyri-adi bir adam idi, ümumiyyətlə onu sevirdilər. Hərçənd ki, mən ona hələ də nifrət edirəm və onu hələ də ikrahla xatırlayıram. O, cavan idi, cazibədari görünüşündən adamın başı gicəllənirdi. İnsanı öz əsirinə çevirmək üçün qaynar, heyvani gözləri ilə bircə dəfə baxması kifayət idi. Bunu hətta mən də hiss edirdim. Hətta xanımlardan hansı birisə: "o mənə baxanda, özümü itiriəm, sanki mənə əli ilə toxunur" deyirmiş.
Amma Tomas Qlanın qüsurları da az deyildi. Bir halda ki ona nifrət edirəm, deməli nöqsanlarını ört-basdır etməyə çalışmaq üçün də səbəbim yoxdur. Bəzən Qlan uşaq kimi sadəlövh, qeyri-ciddi və eyni dərəcədə də üzüyola olurdu. Kim bilir, bəlkə də zəif cins məhz bu səbəbdən ona bu qədər meyl edirdi. Tomas Qlan qadınlarla saatlarla söhbət edir, onların müxtəlif səfehliklərinə qəhqəhə çəkib gülürdü. Ya da tutaq ki, kök bir adam haqqında deyirdi: "Elə bil şalvarını piylə doldurub". Sonra da özü öz hazırcavablığına gülürdü. Belə bir sözü mən demiş olsaydım, xəcalətimdən yerə girərdim.
Sonralar, biz bir damın altında yaşamağa başlayanda, o nə dərəcədə axmaq olduğunu bir daha nümayiş etdirdi: ev sahibəsi otağıma keçib səhər yeməyi üçün nə istədiyimi soruşanda mən: "yumurta ilə bir dilim çörək" deyə tez-tələsik cavab verdim. Tomas da mənim otağımda idi, o, düz damın altında çardaqda yaşayırdı - qəfildən qəhqəhə çəkib gülməyə başladı. Mən ona təəccüblə baxıb səsini kəsməyə məcbur edənə qədər təəccüblə baxdıqca dayanmadan: "yumurta ilə bir dilim çörək" deyə təkrar elədi.
Onun pis xüsusiyyətlərini olsun ki, bundan sonra da xatırlamağa başladım. Xatırladıqca bu mövzuya qayıdacağam.
O mənim düşmənimdi. Ona rəhm eləmək üçün heç bir səbəbim yoxdu. Belə vəziyyətdə hansı nəciblikdən danışmaq olar? Düzdü o ancaq sərxoş olanda, şitlik eləyirdi. Amma sərxoşluq da öz-özlüyündə iyrənc bir qəbahət deyilmi?
1859-cu ildə, mən Tomasla tanış olanda onun otuz iki yaşı vardı. Biz yaşıd idik. O vaxtlar o, şələ saqqal saxlayır, yaxası açıq toxunma köynəklər geyinirdi. Köynəyinin yuxarı düyməsini heç vaxt bağlamırdı. Əvvəllər onun boynu mənə qeyri-adi dərəcədə gözəl görünürdü. Amma sonralar, ürəyimə düşmənçilik toxumları səpilməyə başlayanda, gördüm ki, mənim sinəm onunkundan heç də geri qalmır, sadəcə, mən onun kimi öz bədənimi nümayiş etdirmirəm.
Onunla bərədə rastlaşmışdıq, ikimiz də eyni tərəfə gedirdik, dərhal qərara aldıq ki, dəmir yolu ilə getmək mümkün olmasa, arabanı birgə tutaq. Getdiyimiz yerin adını bilərəkdən çəkmirəm ki, şübhə oyatmayam; amma Qlanın ailəsi tərəddüdsüz-filansız axtarışları dayandıra bilər, çünki o, məhz orda, birlikdə getdiyimiz, adını çəkmədiyim həmin o yerdə ölüb.
Ümumiyyətlə, mən ilk görüşümüzdən əvvəl də Tomas Qlan haqqında eşitmişdim, bu ad mənə tanış idi. Eşitmişdim ki, Qlan, Şimali Norveçin adlı- sanlı bir ailəsinin vəliəhdi olan gənc bir qadını sevib və onu necəsə ləkələyib. Bundan sonra qız Qlanla əlaqəsini kəsib. O isə axmaqlığından and içib ki, qızın acığına özünü məhv edəcək. Qız da onu özbaşına buraxıb. Onun üçün fərqi nə idi ki? Elə o vaxtdan Tomasın adı məşhurlaşır, o, əyyaşlıq edir, bir- birini ardınca qalmaqallar törədir və daimi işini atır. Əcəb intiqam üsuludu!
Onun bu xanıma münasibəti barədə başqa dedi-qodular da dolaşırdı. Deyirdilər ki, Qlan onu heç də ləkələməyib, lakin qızın valideynləri leytenanta, qapının yolunu göstəriblər. Qız isə etiraz eləməyib, çünki qısası adını çəkmək istəmirəm, isveçli bir qraf ona elçi düşübmüş. Bu mənə inandırıcı görünmür. Məncə, birinci əhvalat doğrudu, çünki mən Tomas Qlana nifrət edirəm. Ondan hər şey gözləmək olar. Hər halda o özü heç vaxt bu əsilzadə xanım haqqında danışmırdı. Mən də heç nə soruşmurdum. Nəyimə lazım?
Yadımdadır, o vaxt bərədə yalnız birinci dəfə getdiyimiz kənd haqqında danışdıq.
Qlan:
- Deyəsən, orda mehmanxana var. - deyib xəritəyə baxdı - Bəxtimiz gətirsə, elə orda da qalarıq, deyirlər, sahibə qoca bir ingilis qadın, daha doğrusu mulatdı. Başçı qonşu kənddə yaşayır. Deyirlər, çoxlu arvadı var. Onun arvadı olmayanlarınsa hələ on yaşı yoxdur.
Mənsə başçının arvadları haqda, kənddəki mehmanxana barədə heç nə bilmirdim, ona görə də susdum. Qlan gülümsədi. Onun təbəssümü mənə çox gözəl göründü.
Tamam yadımdan çıxmışdı. Bütün gözəlliyinə baxmayaraq, onun qüsuru da var idi. Özü deyirdi ki, sol ayağında köhnə güllə yarası var, havalar dəyişəndə sızıldayır.

2

Bir həftədən sonra biz qoca yarımingilisin mehmanxanası adlanan böyük daxmada məskunlaşdıq. Mehmanxana nə mehmanxana! Yarı gil, yarı taxta nəhəng divarlar. Termitlər taxtaları tamam yeyib qurtarıb. Dörd tərəf qarışqayla qaynayır. Mən, zalın yanındakı, yaşıltəhər şüşəli pəncərəsi küçəyə baxan, olduqca tutqun və dar otaqda yaşayırdım. Qlansa özünə çardaqda bir dəlik seçdi. Düzdü, orda da pəncərə vardı, amma ora daha qaranlıq və bərbad vəziyyətdə idi. Günəş damın saman örtüyünü qızdırdığından çardaqda gecə-gündüz dözülməz isti olurdu. Pilləkən yox idi, çardağa söykəmə dörd pillənin köməyi ilə dırmanmaq lazım gəlirdi. Mən seçimi Qlanın öhdəsinə buraxıb dedim:
- İki otaq var, aşağıda və yuxarıda, -seçin!
Qlan hər iki otağa baxıb yuxarıdakını seçdi. Bəli, razıyam, ola bilsin, yaxşısını mənə saxlamaq üçün. Elə bilirsiniz, buna görə minnətdarlıq duymurdum? Deməli, əvəz-əvəzə idik.
Pis havalarda biz ova çıxmır, evdə qalırdıq. Gecələr torların köməyi ilə həşəratlardan qorunmağa çalışırdıq. Hərçənd ki, yarasalar torun üstünə qonurdular, gözləri görmədiyindən, toru didib tökürdülər. Bu, xüsusilə Qlanın başına tez-tez gəlirdi. O, istidən çardağın pəncərəsini örtə bilmirdi, mənə isə Allahın rəhmi gəlmişdi. Gündüz biz daxmanın qarşısındakı həsirlərin üstünə uzanıb, yaxınlıq ərazidəki həyatı müşahidə edirdik. Qaradərili, yekədodaq yerlilər, ətrafa donuq nəzərlərə baxır. Qulaqlarına sırğa taxırlar. Onlar demək olar, tamam çılpaq gəzirlər, təkcə ombalarında bir sarğı və ya yarpaq olur, qadınlar isə qısa tuman geyinirlər. Uşaqlar gecə -gündüz ayaqyalın ora-bura qaçırlar, yekə qarınları parıldayır.
- Qadınlar həddən artıq piylidilər. - Qlan deyir.
Mübahisə eləmirəm, qadınlar həddən artıq piyli idilər, bəlkə də bu, mənim diqqətimi Qlandan da əvvəl çəkmişdi. Vacib deyil. Bu şərəfi ona bağışlayıram. Üzləri tosqun və şişmiş olsa da, axı onların hamısı istisnasız eybəcər deyil?!.. Yeri gəlmişkən, mən uzun saçlı və ağ dişli bir yarı-tamil qadınla tanış oldum. Bu mehriban qadın yerli qadınların ən gözəli idi. Onunla axşam vaxtı qarşılaşmışdıq. O, düyü zəmisinin yanında, hündür otların üstündə qarnı üstə uzanıb ayaqlarını havada oynadırdı. Bir-birimizlə yaxşı dil tapmışdıq, səhərə yaxın ayrıldıq. O, axşam evə getmədi, valideynlərinə, qonşu kənddə gecələyəcəyini demək qərarına gəldi. Qlan həmin gecəni cavan, bəlkə də yaşı ondan artıq olmayan qızlarla keçirmişdi. O bu qızlarla şitlik edir, düyü arağı içirdi. Bu da onun zövqü!
İki gündən sonra biz ova çıxdıq. Çay plantasiyalarından, düyü tarlalarından, çəmənliklərdən ötdük, kənddən çıxıb sahil boyunca addımladıq, qəribə, anlaşılmaz ağacların bitdiyi meşənin dərinliklərinə qədər getdik. Bambuk, mambo, tamarin, hind palıdı və kim bilir daha nələr, ikimizin də ağaclardan başımız çıxmırdı. Amma çay çox dayaz idi, yağış mövsümünə qədər də belə qalırdı. Biz vəhşi göyərçinlərə və toyuqlara atəş açırdıq, axşama yaxın isə iki bəbir gördük, başımızın üstündən tutuquşular uçurdu. Qlan mahir atıcı idi, gülləsi bir dəfə də boş çıxmazdı, amma onun silahı mənimkindən yaxşı idi, buna baxmayaraq, mən də çox vaxt hədəfə düşürdüm. Amma mən özümü öyməyə vərdiş eləməmişəm, Qlan isə tez - tez deyirdi: "Bunu başından, bunu isə quyruğundan vuracağam". Atəş açmazdan əvvəl belə deyirdi, quş yerə düşəndən sonra isə məlum olurdu ki, güllə məhz quyruğundan, ya da başından dəyib. Biz iki bəbirlə qarşılaşanda, Qlan onları qırma tüfənglə vurmaq fikrinə düşdü. Amma mən onu dilə tutdum, çünki artıq hava qaralırdı, patronumuz isə demək olar qalmamışdı. Ümumiyyətlə, düşünürəm ki, o sadəcə, özünü göstərmək istəyirdi ki, yəni mən belə cəsuram, qırma tüfənglə bəbir vururam.
- Heyf ki, atmadım, - o dedi. - hamısı da sizin dözülməz ehtiyatlılığınızın ucbatından. Məqsədiniz nədi? Çox yaşamaq istəyirsiniz?
- Məni özünüzdən ehtiyatlı hesab elədiyinizə görə şərəf duyuram. - mən cavab verdim.
- Yaxşı, boş şeylərə görə mübahisə eləməyək. - o dedi.
Bu sözləri o dedi, mən yox. Əgər dalaşmaq istəsəydi, mən sarıdan arxayın ola bilərdi. Qlanın yelbeyinliyi və cazibədarlığı məni hələ o vaxtdan cinləndirirdi. Məsələn, bir gün əvvəl mən tamamilə sakit bir şəkildə yeni tanışım Magi ilə - tamil qadınla gəzirdim, hər ikimiz yaxşı əhval -ruhiyyədə idik. Qlan daxmanın yanında oturub başını tərpədir, bizə baxıb gülümsəyirdi. Magi onda Qlanı birinci dəfə görürdü, dərhal məni onun haqqında sorğu-suala tutmağa başladı. O, Magidə elə güclü təəssürat oyatmışdı ki, biz tezliklə ayrılıb hərəmiz bir tərəfə getdik.
Mən bütün bunları Qlana danışanda isə, o özünü elə göstərdi ki, guya dediklərimi özümdən uydurmuşam. Amma mən ona hər şeyi xatırlatdım. Axı biz daxmanın yanından ötəndə o mənə yox, Magiyə gülümsəyirdi.
- O dayanmadan nə çeynəyir? - Qlan məndən soruşdu.
- Bilmirəm, - mən cavab verdim, - görünür, diş adama elə çeynəmək üçün verilir.
Təzə xəbər! Mən özüm də bilirdim ki, Magi dayanmadan, nəsə çeynəyir. Bu, mənim diqqətimi o dəqiqə cəlb eləmişdi. Amma o, betel çeynəmirdi, dişləri onsuz da qar kimi ağ idi. O sadəcə nə isə çeynəməyə vərdiş eləmişdi, əlinə keçəni ağzına atıb dadlı təam kimi çeynəyirdi. Nə gəldi çeynəyirdi - pul, kağız parçası, quş lələyi. Məgər qəbahətdi? Bu, onun yerli qadınların ən gözəli olmasına mane olmurdu. Olsun ki, Qlan mənə həsəd aparırdı. Aydın məsələdi.
Ertəsi axşam biz Magi ilə barışdıq və daha Qlan haqqında danışmadıq.


3

Bir həftə keçdi. Biz hər gün ova çıxırdıq, saysız-hesabsız quş vurmuşduq. Bir səhər təzəcə meşəyə çatmışdıq ki, Qlan əlimdən yapışıb pıçıldadı: "Dayanın!" Elə həmin an da silahını çəkib atəş açdı. Məlum oldu ki, gənc bir bəbiri vurub. Onu mən də vura bilərdim. Bəli, Qlan bu şərəfə özünü layiq görüb məndən tez atəş açmışdı. "Gör indi özünü nə qədər öyəcək!" - mən fikirləşdim.
Biz heyvana yaxınlaşdlq, güllə ona tərpənməyə macal verməmiş, sol böyrünü parçalayıb belində ilişib qalmışdı.
Kimsə əlimi tutanda dözə bilmirəm, odu ki:
- Mən də belə atəş aça bilərdim. - dedim.
Qlan üzümə baxdı.
- Şübhəniz var? - mən soruşdum.
Qlan yenə cavab vermədi. Daha bir uşaqlıq nümayiş etdirərək, ölmüş heyvana atəş açdı və bu dəfə bəbiri başından vurdu. Mən çaşqınlıq içində ona baxıram.
- Başından vura bilmədiyim üçün heyfslənirəm. - o izah elədi.
Onun şöhrətpərəstliyini adi bir atəş təmin eləməyə kifayət deyil, mütləq özünü göstərməlidir. Axmaqlığa bax! Mənə nə dəxli var, onu ifşa eləməyə hazırlaşmırdım.
Axşam biz ölü bəbirlə qayıdanda, yerli camaat bizi əhatəyə aldı. Düzdü, Qlan yalnız onu səhər vurduğumuzu deyib, bu məsələnin üstündə çox dayanmadı. Magi də orda idi.
- Bəs bəbiri kim öldürdü? - o soruşdu.
- Görürsən, burda iki yara yeri var, onu biz səhər tezdən öldürmüşük. - Qlan cəmdəyi çevirib hər iki yaranı göstərdi.
- Burdan mənim gülləm keçib.-o heyvanın böyründəki yaranı göstərib dedi.
Beləliklə, onun axmaqlığı ucbatından belə çıxdı ki, bəbiri başından mən vurmuşam. Mən onun sözlərinə düzəliş verməyə çalışmadım. Nəyə lazım? Sonra Qlan yerli camaatı düyü arağına qonaq eləyib hamını içirtdi.
- Deməli, bir yerdə vurublar. - Magi astadan dedi, amma gözlərini yalnız Qlana dikmişdi.
Mən onu kənara çəkib dedim:
- Niyə elə ona baxırsan? Məni görmürsən?
- Görürəm, - o cavab verdi.- Qulaq as, bu gün gələcəm.
Elə ertəsi gün Qlan məktub aldı. Əvvəl gəmiylə gəlib sonra quru yolla yüz səksən mil məsafə qət eləyən məktubu deyirəm. Məktub qadın əli ilə yazılmışdı. Dərhal başa düşdüm ki, məktub köhnə rəfiqəsindən, həmin əsil nəcabətli xanımdan gəlib. Qlan məktubu oxuyub əsəbi halda qəhqəhə çəkdi və kuryerə çaypulu verdi. Amma çox keçmədən sustaldı, bənizi soldu, bütün günü əllərini yanına uzadıb gözlərini bir nöqtəyə dikərək oturdu. Axşam Qlan, qoca yerli cırtdanla və onun oğlu ilə içib sərxoş oldu. O məni də tez-tez qucaqlayır, içməyimi tələb edirdi.
- Bu gün niyə bu qədər mehribansınız? - mən soruşdum.
O ucadan qəhqəhə çəkib dedi:
- Sizinlə düz Hindistana gəlib çıxmışıq, ova gəlmişik hə? Gülməlidi, elə deyil? Gəlin, dünyanın bütün səltənətlərinin və gözəl qadınlarının, ailəli olanların və olmayanların, yaxında və uzaqda olanların sağlığına içək. O-o! Təsəvvür eləyirsiniz? Ərli qadın. Ərli qadın özünü başqa kişiyə təklif edir.
- Özü də qrafinya! - mən kinayə ilə dedim.
Quşu gözündən vurmuşdum. O, it kimi dişlərini qıcadı, ona görə də əminliklə deyirəm ki, hədəfi düz vurmuşdum. Sonra qəfildən qaşqabağını tökdü, göz qapaqları titrədi, görünür, bir anlıq, lazım olandan artıq danışdığını başa düşdü. Guya ki, bunun qiymətli sirri kiməsə lazımmış. Elə bu vaxt bir neçə uşaq: "Pələnglər! Pələnglər!" - deyə qışqıra-qışqıra bizim daxmamıza yaxınlaşdı.
Çaya aparan yolun yanındakı kolluqda bir uşağı pələng tutmuşdu.
Onsuz da coşmuş vəziyyətdə, üstəlik sərxoş olan Qlan üçün bu sözləri eşitmək kifayət idi. O dərhal tüfəngi əlinə alıb, kolluğa sarı götürüldü, heç başını da örtmədi. Maraqlıdı, madam ki belə cəsur idi, niyə qırma tüfəngi götürmədi?
O, çayın dayaz yerindən keçməli oldu, bu da çox təhlükəlidi, hərçənd ki, yağışlardan əvvəl çay demək, olar qurumuşdu. Çox keçmədi ki, mən iki güllə səsi eşitdim, sonra üçüncü atəş açıldı. Bir heyvana üç güllə! - mən dedim. İki güllə ilə aslanı da yerə sərmək olar. Bu isə vur-tut pələngdi.
Sən demə, hətta üç atəş də əbəs yerə açılıb, Qlan gələnə qədər pələng uşağı tikə -tikə eləmişdi, demək olar, yeyib qurtarmışdı. Sərxoş olmasaydı, o uşağı xilas eləməyə heç çalışmazdı da.
Həmin o gecəni o, dul bir qadın və onun iki qızı ilə keçirdi. Məhz hansı ilə? Bunu dəqiq deyə bilmərəm.
Sonrakı iki gün Qlan bir saat da ayıq olmadı, içmək üçün kifayət qədər tanış-tunuşu var idi. Məni də dəvət edirdi, daha özündə deyildi, nə dediyini başa düşmürdü, durduğu yerdə bəyan elədi ki, mən ona həsəd aparıram.
- Həsəd gözlərinizi kor edib! - o dedi.
- Həsəd?. Mən sizə həsəd aparıram?! Mən həsəd aparıram! Sizə nəyə görə həsəd aparmalıyam?
- Yox, yox, əlbəttə, həsəd aparmırsınız. - o cavab verdi. - Yeri gəlmişkən, bu gün Magini gördüm, həmişəki kimi çeynəyirdi.
Dilimi dişimə sıxıb, onun yanından uzaqlaşdım.


4

Yenə ova çıxmağa başlamışdıq. Qlan günahkar olduğunu hiss edib məndən üzr istədi.
- Hər şeydən təngə gəlmişəm. - o dedi. - Kaş bir gün gülləniz çaşıb hədəfdən yan keçsin və təpəmə dəysin.
Mən :"yəqin qrafinyanın məktubu yenə ona rahatlıq vermir" - deyə düşündüm və -Nə əkərsən, onu da biçərsən.- deyə cavab verdim.
O getdikcə daha qaşqabaqlı, daha qaradinməz olurdu. İçməyi tərgitsə də, ağzını açıb bir kəlmə də danışmırdı, gözləri çuxura düşmüşdü.
Bir dəfə pəncərəmin altında onun gülüş səslərini və çərənləməsini eşitdim. Pəncərədən baxıb gördüm ki, Qlan yenə də üzündəki qayğısız ifadə ilə hündürdən Magi ilə söhbətləşir. Üstəlik, bütün cazibədarlığını da işə salıb. Görünür, Magi evin yanından ötəndə, Qlan onu güdüb. Düz pəncərəmin altında dayanıb bir-birləri ilə dilxoşluq edirdilər, heç veclərinə də deyildim.
Əl-ayağım əsirdi, silahı götürüb tətiyi çəkdimsə də, həmin dəqiqə də endirdim. Daxmadan çıxıb Maginin əlindən yapışdım, sakitcə qəsəbəyə tərəf addımlamağa başladıq. Qlan o dəqiqə daxmaya girdi.
- Yenə niyə onunla danışırdın? - Magidən soruşdum.
O cavab vermədi.
Ürəyim partayır, yerindən çıxmaq istəyirdi, güclə nəfəs alırdım. Magini hələ bu qədər gözəl görməmişdim. Mən hətta bu qədər gözəl ağdərili qız da görməmişdim. Hətta onun tamil olduğunu da unutmuşdum, ümumiyyətlə, gözüm Magidən başqa heç nə görmürdü.
- De görüm, niyə onunla danışırdın? - mən soruşdum.
- O mənim xoşuma gəlir - Magi dedi.
- Ondan, məndən çox xoşun gəlir?
- Hə.
Buyur, bu da bunun sözü. Maginin, məndən çox, ondan xoşu gəlir. Ondan nəyim əksikdi? Axı mən onunla həmişə yaxşı rəftar eləmişəm, ona həmişə pul, hədiyyələr vermişəm. Bəs o?
- O sənə gülür, deyir ki, gövşəyirsən, - mən dedim.
Magi əvvəl başa düşmədi, mən izah elədim ki, o, hər şeyi ağzına salıb çeynəməyə vərdiş edib, Qlan da buna görə onu ələ salır. Nəhayət ki, Magidə qəzəb oyada bildim.
- Qulaq as, Magi, - mən sözünə davam elədim, - həmişəlik mənim olmaq istəyirsən? Hər şeyi götür-qoy eləmişəm. Mənimlə gedəcəksən. Burdan gedəndə, səninlə evlənəcəyəm, eşidirsən?.. Birlikdə mənim vətənimə gedib orda yaşayarıq. Nə deyirsən?
Bu sözlər Maginin xoşuna gəldi, əhval ruhiyyəsi o qədər yüksəldi ki, yol boyu dayanmadan danışdı. Qlanın adını bircə dəfə çəkdi:
- Qlan da bizimlə gedəcək?
- Yox, - mən cavab verdim, - o bizimlə getməyəcək. Heyfslənirsən?
- Yox-yox. - o tələsik cavab verdi. - Sevinirəm.
Magi daha onun haqqında danışmadı və mən sakitləşdim. Onu öz otağıma dəvət edəndə də etiraz eləmədi.
İki saatdan sonra, tək qalanda, Qlanın yanına dırmaşıb nazik qamışdan düzəldilmiş qapını döydüm.
O evdə idi. Mən dedim:
- Xəbərdarlıq eləməyə gəlmişəm. Sabah ova çıxmağa dəyməz.
- Niyə? - Qlan soruşdu.
- Çünki özümə cavabdeh deyiləm. Çaşıb gülləni hədəfin əvəzinə təpənizə çaxa bilərəm.
Qlan cavab vermədi, mən öz otağıma qayıtdım. Ağlı varsa, bu xəbərdarlıqdan sonra mənimlə ova çıxmaz. Ümumiyyətlə, əgər doğrudan da məktubda onu çağırırdılarsa, nəyə görə vətəninə qayıtmır? Amma yox. O, pərişan halda dolaşır, dişlərini qıcayıb qışqırırdı: "Heç vaxt! Heç vaxt. Şaqqalanmaq ondan yaxşıdır!" Niyə özünə bu qədər zülm verir? Təqsir özündədir.
Budur, səhərin gözü açılmamış, özü də o cür xəbərdarlıqdan sonra! - Qlan yatağımın yanında dayanıb qışqırır:
- Vaxtdı, vaxtdı, dostum! Əsl ov havasıdı! Dünənki məsələ isə boş söhbətdi.
Saat hələ heç dördü də vurmamışdı, amma mən dərhal yerimdən sıçrayıb hazırlaşmağa başladım. Mənim xəbərdarlığıma belə başısoyuq yanaşırsa, təqsir özündədir. Mən silahımı onun gözləri qarşısında doldurdum. O da dayanıb baxdı. Özü də hava heç də əla deyildi, əksinə, çiskinləyirdi, deməli, məni, sözün əsil mənasında, ələ salırdı. Amma mən ona heç nə demədim.
İkimizin də fikrimiz özümüzdə deyildi, bütün gün boş-boşuna meşədə dolaşdıq. Bir quş da vurmadıq, bütün güllələrimiz boşa çıxdı, axı fikrimiz ovda yox, tamam başqa yerlərdə idi. Günortadan sonra Qlan məndən irəlidə getməyə başladı, bəlkə işimi asanlaşdırmaq üçün, bəlkə də başqa səbəbdən, nə fikirləşdiyini deyə bilmərəm. Düz tüfəngimin lüləyinin ağzında addımlayırdı. Mən onun bu istehzasına da dözdüm.
İkimiz də sağ -salamat geri qayıtdıq. Eybi yox, - mən düşünürdüm. - Bəlkə indi yerini bilib Magidən də əl çəkər.
- Bu gün həyatımın ən uzun günü idi. - axşam biz komaya yaxınlaşarkən, Qlan dedi.
Daha bir kəlmə də kəsmədik.
Sonrakı günlər olsun ki, məktuba görə bir dəfə də eyni açılmadı.
- Daha dözə bilmirəm, yox, daha dözmürəm! - o gecələr qışqırırdı. Səsi daxmanı götürürdü. Qaraqabaqlığı o dərəcəyə çatmışdı ki, ev sahibəsinin ən nəzakətli suallarına belə cavab vermirdi, yuxuda inildəməyə başlamışdı.
"Axı niyə evinə qayıtmır?" - mən düşünürdüm. "Məlum məsələdir ki, qüruru imkan vermir. Qovulduğu yerə necə qayıtsın?".
Biz Magi ilə hər axşam görüşürdük, Qlansa daha onunla danışmırdı. Maginin əlinə keçəni çeynəməyi tərgitdiyini görürdüm. Mən buna sevinir və düşünürdüm: daha gövşəmir, bir eybi də əksildi, buna görə onu əvvəlkindən də çox sevirəm! Magi bir dəfə məndən Qlanı soruşdu. Ehtiyatla:- Xəstələnməyib? Çıxıb gedib? - dedi.
- Əgər hələ gəbərməyibsə, ya da itilib getməyibsə, deməli, evin ha tərəfinəsə sərələnib. O, məni qətiyyən maraqlandırmır. Əlindən təngə gəlmişəm.
Evə yaxınlaşanda Qlanı gördük, əllərini boynunun ardında daraqlayıb, gözlərini yuxarı zilləyib həsirin üstündə uzanmışdı.
- Bu da özü, yeri gəlmişkən, yenə də uzanmış vəziyyətdə. - mən dedim.
Magi onun yanına qaçdı (saxlamağa macal tapmadım) və dedi:
- Bax daha heç nə çeynəmirəm! - o dedi- Nə lələk, nə pul, nə də kağız!
Qlan başını azca tərpədib ona baxdı, sonra heç bir söz demədən gözlərini təzədən yuxarı zillədi.
Magi ilə biz çıxıb getdik. Vədini pozub Qlanla danışdığına görə onu məzəmmət eləyəndə, Magi dedi ki, guya onu yerində oturtmaq istəyib.
- Hə, yerini bildirmək olar. - mən dedim, - Amma yəni çeynəməyi ona görə tərgitmisən?
Magi cavab vermədi. Cavab verməmək - nə deməkdi?
- De görüm, ona görə tərgitmisən?
- Yox, yox, - o dedi. - sənə görə.
Mən də elə belə düşünürdüm. Nəyə görə də Qlana görə tərgitməli idi?
Magi axşam gələcəyinə söz verdi və gəldi.

5

Saat doqquzda onun səsini eşitdim. Bir uşağın əlindən tutub onunla nə haqdasa ucadan danışırdı. Niyə uşağı özü ilə gətirib? Niyə içəri keçmir? Onu güdməyə başladım. Mənə elə gəldi ki, Maginin belə ucadan danışması sadəcə, siqnaldır. Əlbəttə, onun gözünü çardaqdan - Qlanın pəncərəsindən çəkməməsi də diqqətimdən yayınmamışdı. Bəlkə də Qlan aşağıdan Maginin səsini eşidib başı və ya əli ilə ona işarə eləmişdi. Bircə onu bilirəm ki, uşaqla danışarkən, gözünü yuxarı dikməyə ehtiyac yoxdur. Hər halda, bunu başa düşürəm.
Yerimdən sıçrayıb Maginin qolundan yapışmaq istədim, amma o, uşağın əlini buraxıb qapıdan içəri keçdi. İndi onun dərsini verəcəyəm.
Maginin qapıdan içəri keçdiyini eşitdim, səhv eləmirdim, o demək olar ki, otağıma çatmışdı. Amma içəri keçmək əvəzinə, pilləkəni qalxmağa başlayırdı. Maginin çardağa, Qlanın darısqal otağına dırmandığını eşidirəm. Özü də çox aydın eşidirəm. Otağımın qapısını taybatay açıram, amma Magi artıq çardaqdadı. Kiçik qamış qapı ardınca çırpılır və daha heç nə eşitmirəm. Saat ondur.
Otağıma qayıdıb silahımı götürürəm. Artıq gecənin yarısı olmasına baxmayaraq, patronları içinə doldururam. Gecədən xeyli keçmiş yuxarı qalxıb qulağımı Qlanın qapısına dirəyir, qulaq asıram. Artıq Magi ilə dil tapdıqlarını anladıqdan sonra aşağı qayıdıram. Gecə saat 1-də yenə yuxarı qalxıram, lakin artıq heç bir səs eşidilmir. Qapının ağzında dayanıb oyanmaqlarını gözləyirəm. Saat üç, dörd. Beşdə artıq oyanırlar. "Nə yaxşı" , - mən fikirləşirəm. Mən başqa heç nə haqqında düşünmürdüm, ağlıma gələn yalnız bu idi ki, nə yaxşı oyandılar. Bu vaxt ev sahibəsinin otağından səs eşidib aşağı tələsirəm.
Qlan və Magi oyanıblar, bir az da qulaq asmaq yaxşı olardı, amma neyləmək olar ki, getməli oldum.
"O düz burdan keçib, çiyini ilə qapıma toxunub amma açmayıb, pilləkənlə yuxarı qalxıb. Bu da həmin pilləkən, Magi ora bu dörd pillə ilə qalxıb". Yatağım əzilməmişdi, ona görə də uzanmayıb, pəncərənin yanında əyləşdim və silahımla məşğul olmağa başladım. Ürəyim döyünmürdü, əsirdi.
Yarım saatdan sonra yenə də pilləkəndə Maginin addım səslərini eşidirəm. Pəncərəyə yaxınlaşıb onun evdən çıxdığını görürəm. Onun əynində heç dizinə də çatmayan çit tuman, çiynində isə Qlanın ipək şərfi var. Başqa heç nə. Tumanı isə tamamilə əzilib. O, çox asta-asta addımlayırdı. Magi həmişə belə yeriyir. Mənim pəncərəmə tərəf heç baxmadı da. Eləcə çıxıb getdi.
Çox keçmədi ki, Qlan tezliklə əlində tüfəng, ov üçün tam təchiz olunmuş halda həmin qaşqabaqlı üzlə aşağı endi. Mənə salam vermədi. Bu dəfə nəsə xüsisilə səliqəli və gözəl geyinmişdi. "Bəy kimi bəzənib." - öz-özümə fikirləşdim.
Yerimdən atılıb onun ardınca getdim. Bir-birimizlə danışmırdıq. Qarşımıza çıxan ilk iki toyuğu parça-parça elədik, çünki tüfəngdən atəş açmışdıq. Buna baxmayaraq toyuqları bir ağacın altında bişirib sakitcə yedik. Günorta yaxınlaşırdı.
Qlan qışqırdı:
- Tüfənginizi dəqiq doldurmusuz? Kim bilir, qarşımıza nə çıxa bilər!
- Doldurmuşam! - mən cavabında qışqırdım.
Bu vaxt o bir anlıq kolların arasında gözdən itdi. Onu elə ordaca it kimi gəbərtmək istərdim! Amma tələsmək lazım deyil. Qoy bu cür fikirlər ürəyini oya-oya bir az da dolaşsın. Axı o mənim nə fikirləşdiyimi dəqiq bilirdi, elə buna görə də tüfəngi doldurub - doldurmadığımı soruşurdu. Bu gün, heç olmasa, bu gün lovğana-lovğana gəzməyəydi. Amma gör bir necə bəzənib - düzənmişdi, yeni köynək də geyinmişdi. Sir-sifətindən də təkəbbür yağır.
Gündüz saat birdə rəngi solmuş halda qəzəblə üzümə baxıb:
- Yox, bu dözülməzdi! Yoxlayın görün, silahda güllə var ya yox. - deyə soruşdu.
- Yaxşısı budu, öz silahınızı yoxlayın - mən dedim. Axı mən onun niyə tez-tez silahımla maraqlandığını gözəl bilirdim?!..
O yenə kənara çəkildi. Ona yerini bildirmişdim, susub burnunu salladı.
Bir saatdan sonra mən bir göyərçin vurub, silahımı təzədən doldurdum. Bu vaxt Qlan ağacın arxasında dayanıb silahı doldurduğumdan əmin olmaq üçün diqqətlə mənə baxırdı. Sonra ucadan nəğmə oxumağa başladı, özü də toy havası oxuyurdu. "Toy havası oxuyur, geyinib keçinib, olsun ki, bu gün özünü xüsusilə valehedici hesab edir".- mən düşünürdüm. Yenə başını aşağı əyib məni ötür, asta addımlarla mahnı oxuya-oxuya irəliləyir. Yenə düz tüfəngin lüləyinin ağzında addımlayırdı, görünür belə düşünürdü: "Az qalıb, düz vaxtıdı, odu ki, toy havası oxuyuram!" Amma heç nə olmadı. O da havasını oxuyub qurtarandan sonra dönüb arxasına baxmalı oldu.
O:
- Bu gedişlə çox quş ovlaya bilməyəcəyik. - deyib gülümsədi, ov vaxtı mahnı oxuduğu üçün üzrxahlıq etdi. Onun təbəssümü yenə yaraşıqlı idi. Mən arvad- zad deyiləm. O, yaxşı başa düşürdü ki, məni bu cür ələ ala bilməyəcək. O əsəbiləşməyə, ətrafımda vurnuxmağa başladı, gah sol, gah sağ böyrümə keçdi, elə bil nəsə gözləyirdi.
Saat beşdə qəfildən atəş səsi eşitdim, sol qulağımın üstündən güllə vıyıldadı. Başımı qaldırdım, Qlan bir neçə addımlığımda dayanıb gözünü üzümə zilləmişdi, tüfəngindən tüstü qalxırdı. Bu nədi, məni vurmaq istəyir yoxsa?
Mən:
- Gülləniz boşa çıxdı, atıcılıq məharətinizi itirirsiniz. - dedim.
Amma ona qətiyyən pis atıcı demək olmazdı. Onun gülləsi heç vaxt boşa çıxmırdı, sadəcə, məni hövsələdən çıxarmaq istəyirdi.
- Lənət şeytana! Əvəzini çıxmaq istəmirsiniz? - o cavabında qışqırdı.
Mən:
-Hər şeyin öz vaxtı var.- deyib, dişimi dişimə sıxdım.
Beləcə dayanıb bir-brimizə baxdıq. Birdən Qlan çiyinlərini çəkib:
- "Qorxaq!" - deyə qışqırdı.
Hələ mənə qorxaq deməyə də cürət edir! Silahımı qaldırıb,düz üzünə tuşladım və atəş açdım.
Nə əkərsən, onu da biçərsən...
Qlan ailəsi əbəs yerə onun axtarışlarını davam etdirməsə yaxşıdı. Mərhum haqqında məlumat verənə axmaq mükafatların vəd edilməsi isə məni lap hövsələdən çıxarır.
Tomas Qlan bədbəxt təsadüf nəticəsində, Hindistanda ov zamanı naqafil güllə yarasından ölüb. Məhkəmə onun adını ölüm tarixini protokola salıb. Protokol qovluğa tikilib. Həmin protokolda deyilir: O ölüb.
Ey, eşidirsiz? - Ölüb. Özü də məhz naqafil güllə yarasından ölüb.

 

Tərcümə: Ülkər NƏSİBBƏYLİ

DİGƏR MƏQALƏLƏR