ƏDƏBİ MOZAİKA

Ədəbiyyat üzrə Nobel mükafatına Mario Varqas Lyosa layiq görüldü


Peru yazı çısı Mario Varqas Lyosa 2010-cu ilin ədəbiyyat üzrə Nobel mükafatının laureatı oldu. Yazıçı 1963-cü ildə çap olunan «Şəhər və köpəklər» adlı ilk romanıyla oxucuların rəğbətini qazanıb. Sonralar nəşr olunan «Yaşıl ev», «Küçüklər», «Kilsədə söhbət», «Kapitan Pantaleon və xeyirxah xidmətlər bölüyü», «Məhşər savaşı», «Xulya xala və cızmaqaraçı» kitabları ona dünya şöhrəti qazandırıb.
Lyosanın ən əsas mövzusu öz vətəni Peru olub: Perunun təbiəti, mifləri, insanları, Perunun və bütün Latın Amerikasının tarixi. Yazıçının bu günlərdə irlandiya inqilabçısı Rocer Keysmentdən bəhs edən «Keltin yuxusu» adlı yeni romanı çapdan çıxacaq.
74 yaşlı Mario Varqas Lyosa ən görkəmli latın amerikası yazıçılarından hesab edilir və onun adı Borxes, Qarsia Markes və Kortasrarla bir sırada çəkilir.

 

 

 

Komik roman ilk dəfə «Buker» aldı

Britaniya ədəbiyyat mükafatı «Buker»in 2010-cu il üçün laureatı «Fonklerin məsələsi» romanının müəllifi Hovard Ceykobson olub. «Fonklerin məsələsi» dünyanın ən nüfuzlu mükafatlarından birinə layiq görülən yazıçının 11-ci romanıdır. Bu mükafatı ilk dəfə alan Cekobsonun adı əvvəllər iki dəfə iddiaçılar siyahasına düşüb. Mükafatlandırma mərasimində yazıçı zarafatla deyib: «Mən artıq neçə illərdi mükafat alanda eləyəcəyim çıxışları hazırlayıram. Və hər il bu çıxışlarda daha az nəzakətli olurdum, ancaq indi hamıya hər şeyi bağışlayıram».
«Buker» mükafatı 50 min funtdur. Bundan başqa, iddiaçıların qısa siyahasına düşən hər bir müəllif 2,5 min funt alır.

 

 

 

Eduardo Mendosanın «Planet»i


İspan yazıçısı Eduardo Mendoso nüfuzlu ədəbiyyat mükafatı «Planet»in laureatı olub. Mükafata layiq görülən «Pişik döyüşü. Madrid,1936-cı il» romanına görə yazıçı 601 min yevro alacaq. Romanda hadisələr 1936 - 1939-cu illərdə vətəndaş müharibəsi ərəfəsində cərəyan edir.
«Planet» mükafatı 1952-ci ildən, necə deyərlər, «təmiz» ispan dialektində yazılmış əsərlərə görə təqdim olunur.

 

 

 

 

 


Markesin yeni kitabı işıq üzü görüb


Qabriel Qarsia Markesin Latın Amerikasında onun çıxışları toplanmış «Mən bu kürsüyə qalxmamışam ki, nitq söyləyəm» adlı yeni kitabı nəşr olunub. Bu, yazıçının son altı ildə ilk kitabıdı.
Kitaba Markesin 22 çıxışı daxil edilib. Onlardan ən ilki 17 yaşında məktəbi bitirərkən elədiyi çıxışdı. Kitabda həmçinin Markesin 1982-ci ildə söylədiyi Nobel nitqi, başqa mükafatları aldığı zaman və kütləvi tədbirlərdə elədiyi çıxışlar toplanıb.
Naşirin sözlərinə görə, Markes kitab üzərində fəal iştirak edib və deyib ki, onun çıxışları bədii əsərlərini tamamlayır, eləcə də onun bir yazıçı kimi necə yetişdiyini əks etdirir. Kitabın çapa hazırlanmasına təxminən bir il yarım sərf olunub.
Markesin son romanı «Küskün gözəlçələrimi xatırlayıram» 2004-cü ildə nəşr olunub. Yazıçı hal-hazırda «Avqustda görüşərik» adlı yeni romanı üzərində işləyir.

 

 


Umberto Ekonun yeni romanı 200 min tirajla çap olunub


«Praqa qəbiristanlığı» romanının baş qəhramanı cəsus və avantürist kapitan Simonindir. Ekonun sözlərinə görə, Dreyfusun işi, Paris kommunası, Risordcimento, müharibələr, inqilablar kimi müxtəlif tarixi hadisələr kitabda bir-birilə bağlanır. «Praqa qəbiristanlığı»nın bütün qəhrəmanları həqiqətən olmuş adamlardı. Yalnız əsərin baş qəhrəmanı ümumiləşmiş obrazdı. Eko deyir ki, o, kapitan Simonini «dünya ədəbiyyatının ən mənfur həyasızı» etməyə çalışıb.
Romanın əsas mövzularından biri müasir antisemitizmin yaranmasıdır. Saxta mətnlərdən ibarət «Yəhudi müdriklərinin protokollar»nı hazırlayanlar dünya yəhudi mason qəsdini sübut etməyə çalışırlar.
«Praqa qəbiristanlığı» Umberto Ekonun altıncı romanıdır. «Qızılgülün adı» adlı ilk romanı 30 il əvvəl çap olunub.

 

 

Coan Roulinq Böyük Britaniyanın ən nüfuzlu qadınıdır

Harri Porter haqqında silsilə kitabların müəllifi Coan Roulinq Milli Nəşriyyat Evi tərəfindən keçirilən sorğuda Böyük Britaniyanın ən nüfuzlu qadını hesab edilib.
Rolunq sorğuda Devid Bekhemin həyat yoldaşı Viktoriya Bekxemi, həmçinin üçüncü yeri tutan kraliça II Yelizavetanı arxada qoyub. Birinci yer yazıçıya xeyriyyəçiliyinə və istedadına görə verilib.
Böyük Britaniyanın ən nüfuzlu on qadını arasında Böyük Britaniya baş nazirinin arvadı Samanta Kameron da var.

 

 

 


Çexovun Yaltadakı evi bərpa olunacaq

Çexovun ev muzeyinin bərpası bu məqsədlə 400 min dollar toplayan britaniyalı tərcüməçi və ədəbiyyatşünas Rozamund Bartletin səyi nəticəsində baş tutub.
Bartlet Çexovun ev muzeyinin bərpası üçün 2008-ci ildən vəsait toplamağa başlamışdı. Çünki 1921-ci ildə Yaltada açılmış muzeyin təmirə ehtiyacı varıydı. Hətta bina bərbad vəziyyətə düşdüyünə görə 2007-ci ildə muzeyin bir hissəsini bağlamalı olmuşdular.
Bartletin fonduna bir çox britaniyalı yazıçı və aktyor, o cümlədən Tom Stoppard, Ralf Fayns, Kennet Branax ianə verib. Çexov şəhərinin müdiriyyəti, Ukrayna hökuməti də bu məqsədlə pul ayırıb.
Çexov «Ağ Ev»ə 1899-cu ildə köçmüşdü və «Gilənar bağı», «Üç bacı» pyesini, həmçinin «İt gəzdirən qadın» hekayəsini və «Yarğanda» povestini burada yazmışdır.

 

DİGƏR MƏQALƏLƏR