ROMAN
Somerset Moem

TEATR

(roman)


əvvəli ötən sayımızda


İyirmi ikinci hissə

Amma çox ertədən, səhər altıda oyandı və gözlərini açan kimi Tomu xəyalına gətirdi. Ona nə dediklərini və ondan nə eşitdiklərini ürəyində bir-bir təkrarladı. Culiya üzgün və bədbəxt idi. Ona toxtaqlıq verən yalnız bu ayrılıq səhnəsini şən ovqatda keçirməsi idi. Tom ona nə yara vurduğunu çətin anlasın.
Culiya bütün günü başqa heç nə barədə düşünə bilmirdi və Tomu başından çıxarmağa gücü çatmadığına görə, özünə hirslənirdi. Əgər dərdini bir dostuyla bölüşə bilsəydi, yüngülləşərdi. Ah, kaş, kimsə onu ovunduraydı, deyəydi ki, Tom onun bu həyəcanına layiq deyil, inandıraydı ki, o, ona qarşı biədəb hərəkət eləyib. Adətən, Culiya dərdini ya Çarlza, ya da Dolliyə danışardı. Əlbəttə, Çarlz ona ürəkdən yanacaqdı, amma bu ondan ötrü dəhşətli zərbə olardı. Həm də budu düz iyirmi ildi onu dəlicəsinə sevir və Culiya Çarlza onun uğrunda həyatının on ilindən keçəcəyi bir xəzinəni ən adi bir oğlan uşağını verdiyini desəydi, bu, sadəcə, adamlıqdan olmazdı. O, Çarlzın kumiri idi və bu kumiri kürsüdən aşırmaq düzgün olmazdı. Belə kübar, belə savadlı, belə nəzakətli bir insanın Çarlz Temerlinin onu hələ də sədaqətlə sevməsini fikirləşmək şübhəsiz ki, Culiyanın xeyrinə oldu. Əgər Culiya ona etibar etsəydi Dolli əlbəttə ki, məmnun qalardı. Son vaxtlar nadir hallarda görüşürdülər, amma Culiya bilirdi ki, Dolli onun bir zənginə bənddi, o dəqiqə qaçıb gələcək. Həqiqəti onsuz da ucdan-qulaqdan bilsə də Culiya hər şeyi açıq ürəklə etiraf eləyəndə Dolli dəhşətli dərəcədə hiddətlənib qısqanclıqdan havalancaqdı. Amma artıq hər şeyin arxada qaldığına görə, sevinib onu bağışlayacaqdı. Necə məmnunluqla onlar Tomu söyərdilər! Əlbəttə, qərarın Tomdan gəldiyi ləzzəti azaldırdı, Dollinin aldada bilmərsən, əgər Culiya ona guya Tomdan özünün ayrıldığını desə də, inanan deyildi. Culiya yaxşıca ağlamaq istədi, amma yox, özü yıxılan ağlamaz. Dolli üçün bu, onun xeyrinə yazılan xal olardı... Culiyaya qarşı bütün canıyanalığıyla yanaşı o da insandı və ürəyinin bir yerində onun səsini azca da olsa nəzərə alınmasına sevinəcəyi təbii idi. Amma Dolli həmişə ona pərəstiş yeri kimi baxmışdı və indi Culiya ona öz zəif yerini göstərmək niyyətində deyildi.
«Belə görürəm, üz tuta biləcəyim yeganə adam Maykldı, amma həm də belə görürəm, heç o da lazım deyil». Culiya qımışdı. Culiya onun nə deyəcəyini olduğu kimi təsəvvürünə gətirdi:
«Əzizim, mənə belə şeylər danışmaq heç də yaxşı iş deyil. Lənət şeytana, sən məni çox çətin vəziyyətə qoyursan. Mən hər şeyə kifayət qədər geniş baxmağıma görə özümə toxtaqlıq verirəm. Mən aktyor olsam da, özümə görə bir centlmenəm, axı. Və... mən... mən demək istəyirəm, bu elə pis işdi ki».
Maykl evə günorta gəlib çıxdı. Culiyanın otağına keçəndə o, dincəlirdi. Maykl uik-endi necə keçirdiyindən və qolfun hansı nəticəylə bitdiyindən danışdı. O, çox yaxşı oynayırdı, bəzi zərbələri isə sadəcə, baxmağa iki göz istəyirdi. Maykl oyunu barədə hər şeyi xırdalıqlarınacan təsvir edirdi.
- Yeri gəlmişkən, dünən axşam baxmağa getdiyin o qız necədi, bəyəndinmi? Nəyəsə yarayacaq?
- Bilirsən, hə deyəcəm. Çox qəşəngdi. Sən o dəqiqə vurulacaqsan.
- Əzizim, bu yaşımdamı?! Bəs oynamağı necə, bacarırmı?
- Təbii ki, təcrübəsi azdı. Amma mənə elə gəlir, onda nəsə var.
- Neynək, onu çağırıb diqqətlə nəzərdən keçirmək lazımdı. Onunla necə əlaqə saxlamaq olar?
- Tomda ünvanı var.
- Gedib ona zəng eləyim.
Maykl dəstəyi götürüb Tomun nömrəsini yığdı. Tom evdəydi. Maykl ünvanı kitabçasına qeyd elədi.
Pauza yarandı. Tom ona nəsə deyirdi.
- Belə de, köhnə dost... Bunu eşitdiyimə çox təəssüf eləyirəm. Hə, heç yaxşı olmadı.
Culiya soruşdu:
- Nə məsələdi?
Maykl ona susmağı işarə elədi.
- Mən səni tələsdirməyəcəm, narahat olma. Əminəm ki, biz səni təmin edən ümumi razılığa gələ biləcəyik.
Ardınca Maykl əliylə dəstəyin ağzını qapadı, Culiyaya sarı dönüb soruşdu:
- Onu nahara çağırımmı?
- Necə istəyirsən.
- Culiya soruşur, bazar günü bizə nahara gələ bilərsənmi? Hə? Heyf. Di, hələlik köhnə dost.
Maykl dəstəyi yerinə qoydu:
- Onun görüşü var. Olmaya, bu gənc yaramaz o qızla eşq yaşayır?
- And içir ki, yox. Deyir, ona hörməti var. O qızın atası polkovnikdi.
- Aha, deməli, o, ledidi?
Culiya soyuq səslə cavab verdi:
- Birinin olması üçün o biri vacib deyil. Sən de görüm, Tomla nədən danışırdın?
- Tom dedi ki, məvacibini azaldıblar. Ağır zəmanədi. Mənzildən imtina eləmək istəyir.
Bu yerdə qəflətən Culiyanın ürəyi sancdı.
- Amma ona dedim ki, narahat olmasın, dünya düzələnə qədər orda havayı yaşaya bilər.
- Sənin bu mərhəmətini başa düşə bilmirəm. Bir də ki, sizin aranızda təmiz iş söhbətidi.
- Onun onsuz da işləri yaxşı getmir, hələ çox gəncdi. Özü də bilirsən, o bizə lazımdı. Nahara kaveler çatışmayanda çağıran kimi burdadı, qolf oynayanda adama mütləq əlinin altında birinin olması lazımdı. Rübə hansısa iyirmi beşcə funt nə puldu, axı.
- Sən bu yer üzündə mənim qənaətimcə, pulunu sağa-sola xərcləməyə hazır olan sonuncu insansan.
- Bəsdi, narahat olma, bir tərəfdən bağlayan, o biri tərəfdən açar, mən boş əllə oturanlardan deyiləm.
Massajçı qadının gəlişiylə söhbət xətm olundu. Culiya teatra gedəcəyin vaxtın yaxınlaşmasına sevinirdi. Bu ağır gün bircə tez gəlib keçəydi. Qayıdandan sonra yenə yuxu dərmanı qəbul eləyib bir neçə saat özündən xəbərsiz olacaqdı. Ona elə gəlirdi ki, bir neçə gündən sonra bu mənəvi sarsıntı arxada qalacaq, ağrı keyiyəcək. İndi birtəhər də olsa dözməliydi. Başını nəyləsə qatmalıydı. Axşam eşikağasına tapşırdı ki, Çarlz Temerliyə zəng vurub onun Culiya ilə sabaha Ritsin evinə lança gedib-getməyəcəyini öyrənsin.
Lanç zamanı Çarlz həddən ziyadə nəzakətliydi. Çöhrəsindən və hərəkətlərindən görünürdü ki, o, tamamilə başqa bir aləmin adamıdı. Və Culiyaya son bir ili Toma görə baş vurduğu aləm qəflətən çox iyrənc göründü. Çarlz siyasətdən, incəsənətdən, kitablardan danışdıqca Culiyanın ruhu dincəlirdi. Tom ziyanlı bir axın, dalğaydı və yaxşı ki, ondan canını qurtardı. Culiyanın əhval-ruhiyyəsi yüksəldi. Tək qalmaq istəmirdi, bilirdi ki, əgər lançdan sonra evə yollansa onsuz da gözünə yuxu getməyəcək. Ona görə də Çarlzdan soruşdu ki, onu Milli qalereyaya apararmı? Culiya ona bundan artığını təklif edə bilməzdi. Çarlz şəkillərdən danışmağı, özü də yaxşı danışmağı xoşlayırdı. Bu, onları xəyalən köhnə əyyamlara - Culiyanın Londonda ilk uğurlarını qazandığı və onların birlikdə parkları, muzeyləri gəzdiyi dövrlərə aparırdı. Səhərisi Culiyanın günorta tamaşası var idi. Ondan sonra harasa dəvətliydi. Amma Çarlzla ayrılanda danışdılar ki, cümə günü yenidən görüşüb lançdan sonra Teytin qalereyasına getsinlər.
Bir neçə gündən sonra Maykl Culiyaya xəbər verdi ki, yeni pyesdə iştirak üçün Evis Kraytona dəvət göndərib.
- Zahirən bu rola əla yarayır, buna şəkk-şübhə ola bilməz, sənə də çox yaxşı kölgə verəcək. Onu sənin sözlərinə görə, götürürəm.
Səhəri gün Culiyaya zəng eləyib xəbər verdilər ki, dəstəyin o üzündə mister Fenneldi. Ona elə gəldi ki, ürəyi dayandı.
- Məni onunla calayın.
- Culiya, Mayklın Evisi dəvət etdiyini sənə demək istədim.
- Hə, xəbərim var.
- Dedi ki, onu sənin zəmanətinlə götürür. Sən bir dənəsən.
İndi ürəyinin nəbzi dəqiqədə yüz dəfə vuran Culiya öz səsinə hakim kəsilmək istədi. Şən ovqatda gülümsünüb:
- Boş-boş çərənləmə, - dedi. - Axı, sənə demişdim ki, hər şey qaydasında olacaq.
- Hər şeyin yoluna düşdüyünə görə, çox şadam. Evis bu rol ancaq mən danışdıqlarımın müqabilində razılaşdı. O, adətən, pyesi tam oxumadan razılaşmır.
Yaxşı ki, bu dəqiqə Culiyanın sifətini görə bilmirdi. Culiya istədi ki, sərt tərzdə Toma desin ki, onlarda üçüncü dərəcəli aktrisaya tanışlıq üçün pyesi oxumağa vermək adəti yoxdu, amma əvəzində dilindən azca üzrxahlığa oxşar bir tərzdə bu sözlər çıxdı:
- Mən elə bilirəm, rolunu bəyənəcək. Sən necə bilirsən? Çox yaxşı roldu.
- Özü də bilirsən, Evis bu rolun lap canını alacaq. Əminəm ki, onun ifası aləmə səs salacaq.
Culiya nəfəsini güclə uddu.
- Bu çox gözəl olacaq. Demək istəyirəm, bu ona yüksəlmək üçün kömək edəcək.
- Elə mən də ona belə deyirəm. Qulaq as, nə vaxt görüşək?
- Mən sənə zəng eləyərəm, yaxşı. Heyif ki, bu günlər üçün məndə bir topa dəvətnamə var...
- Sən məni atmaq istəmirsən, yalnız ona görə ki...
Culiya tamaşaçıların çox sevdiyi həmin o asta, xırıltılı səslə güldü.
- Yaxşı görək, axmaq olma. Vay, vay mənim vannam daşır. Görüşənədək, əzizim.
Culiya dəstəyi yerinə qoydu. Tomun səsindən axıb ürəyinə dolan ağrı dözülməz idi. Yatağında oturan Culiya əzabdan qıvrıldı.
- Axı, mən nə eləyim? Nə eləyim?
Ümidi var idi ki, özüylə bacaracaq, amma bu qısa, səfeh söhbət göstərdi ki, səhv eləyib, onu əvvəlki kimi sevir. Canı onu istəyir. Ondan ötrü darıxır. Onsuz yaşaya bilmir.
"Mən heç vaxt özümə güc gələ bilməyəcəm". Culiya inildədi.
Yenə də yeganə sığınacaq yeri teatr idi. Taleyin istehzasıyla onun nə vaxtdan oynadığı bu pyesdə əsas səhnə - uğuruna görə, pyesin borclu olduğu səhnə - sevgililərin ayrılıq səhnəsiydi. Şübhəsiz, onlar ayrılmağa məhkum idilər və pyesdə də Culiya ona doğma olan hər şeyi - məhəbbətini, xoşbəxtlik arzularını vicdanına qurban verir. Bu səhnə Culiyanı dərhal cəlb elədi. O, tamaşanın bu yerində həmişə çox təsirliydi. İndi isə Culiya bura ürəyinin əzabını da vermişdi: tamaşaçıların gözləri qarşısında parçalanan ürək Culiyanın qəhrəmanının ürəyi deyildi, Culiyanın öz ürəyi idi. Həyatda o, özünün də bildiyi kimi gülməli görünən və ona layiq olmayan ehtiras dolu bu hisslərini boğmaq istəyirdi, onun içində bu cür təlatüm yaradan həmin o müdhiş cavanı az da olsa fikrindən çıxarmaq üçün özünə zülm eləyirdi, amma elə ki, bu səhnəni oynamağa başlayırdı, ipdən açılan kimi özünü tamam buraxırdı. Bu itki ona olmazın dərd gətirmişdi və onun tərəfmüqabilinə ünvanladığı məhəbbət hələ də Toma qarşı hiss elədiyi həmin o ehtiraslı, doymaq bilməyən məhəbbət idi. Pyesin qəhrəmanını qarşıda gözləyən bomboz həyat onun öz həyatıydı. Culiyaya elə gəlirdi ki, hələ bu vaxtacan belə möhtəşəm oynamayıb. Heç olmasa, buna görə təskinlik tapırdı.
"İlahi, belə ifanın naminə bu əzabı çəkməyə dəyər".
Hələ indiyəcən özünü rola bu qədər verməmişdi.
Bir ya iki həftə sonra axşamlardan birində Culiya hissləri canının suyunu çəkib çıxarsa da, tamaşadan sonra dəfələrlə səhnəyə qaytarılmasına görə özünü qalib kürsüsündə görürdü. Culiya odasına keçəndə özü də gözləmədən Mayklı gördü.
- Salam. Sən zaldaydın?
- Hə.
- Axı, sən bir neçə gün əvvəl də gəlmişdin.
- Hə, mən bu tamaşanın artıq dördüncü axşamdı ki, birini də ötürmürəm.
Culiya soyunmağa başladı. Maykl kreslodan qalxıb otaqda var-gəl eləməyə başladı. Culiya ona baxdı. Maykl dilxor görünürdü.
- Nə məsələdi?
- Bunu mən səndən öyrənmək istəyirəm.
Culiya səksəndi. Fikrindən keçdi ki, o, yenə Tom barədə nəsə eşidib. Culiya soruşdu:
- Bu Evi hansı cəhənnəmdə qalıb?
- Mən xahiş elədim ki, çıxsın. Sənə sözüm var, Culiya. Özü də səsini başına alıb eləmə. Mənə qulaq asmalı olacaqsan.
Culiyanın bütün bədəni əsdi.
- Yaxşı, de gəlsin.
- Qulağıma çoxdan söz çatmışdı, amma qərara aldım ki, nə baş verdiyini öz gözlərimlə görüm. Əvvəl elə bildim, bu, təsadüfdü. Ona görə də özüm tam əmin olmayana qədər susdum. Sənə nə olub, Culiya?
- Mənə?
- Hə, sənə. Niyə belə iyrənc oynayırsan?
Bircə bunu gözləmirdi. Culiyanın gözlərində elə bil şimşək çaxdı.
- Nə? Axmaq insan, mən ömrüm boyu belə yaxşı oynamamışam!
- Boş sözdü. Sən dözülməz dərəcədə pis oynayırsan.
Culiya rahatlıqla nəfəs aldı. Şükür ki, söhbət Tomluq deyilmiş, amma Mayklın sözləri elə gülünc idi ki, nə qədər əsəbi olsa da Culiyanın dodaqları qaçdı.
- Sən sadəcə, axmağın birisisən, nə səfehlədiyini özün də bilmirsən. Aktyorluq sənətindən mən bilənləri kim bilir. Bəs sən nə bilirsən? Ancaq mən öyrədənləri. Əgər səndən nəsə xeyir gəlirsə, o da mənə görədi. Bir də ki, qaz ətinin ləzzətini bilmək üçün onu yemək lazımdı. Hər şey müqayisədə bilinir. Məni neçə dəfə səhnəyə qaytardıqlarını gördünmü? Pyes getdiyi vaxtdan indiyəcən belə uğur qazanmamışdı.
- Bunlar hamısı mənə məlumdu. Publika, ya bir topa eşşək, eyni şeydi. Əgər sən inildəyirsənsə, ufuldayırsansa, əllərini ölçə-ölçə danışırsansa mütləq nəfəsi kəsilənəcən bravo qışqıran axmaq tapılacaq. Sənin bu axır günlər oynadığını səyyar teatrın aktyorları oynayırlar. Əvvəldən axıracan sünidi.
- Süni? Mən hər sözü yaşamışam!
- Sənin necə yaşadığın mənə maraqlı deyil. Sən şişirdirdin, sən oynayırdın amma sənin inandırıcı görünüşün bir an belə olmadı. Mən bütün ömrüm boyu belə iyrənc ifa görməmişəm.
- Donuzun biri! Mənimlə belə danışmağa necə cürət eləyirsən?! İyrənc özünsən!
Culiya əlini qaldırıb ona tutarlı bir şapalaq ilişdirdi. Maykl güldü.
- Məni döyə də bilərsən, söyə də, dəli kimi ulaya da bilərsən, amma fakt-faktlığında qalır - sənin ifan heç nəyə yaramır. Sən qaydaya düşməyincə, mən "İndiki zəmanə"nin repetisiyalarına başlamaq niyyətində deyiləm.
- Onda bu rolu məndən yaxşı oynaya biləcək bir başqasını tap.
- Gic-gic danışma, Culiya. Ola bilsin, o qədər də yaxşı aktyor deyiləm, özüm haqda da heç vaxt yüksək fikirdə olmamışam, amma yaxşı ifanı pisdən ayırmağı bacarıram. Üstəlik, səndən mənə gizli qalan heç nə yoxdu. Şənbə günü teatrın yeni mövsümə qədər bağlandığı barədə elan verdirəcəyəm, istəyirəm, sən də dərhal xaricə gedəsən. "İndiki zəmanə"ni payızda təqdim eləyərik.
Mayklın təmkinli, qətiyyətli səsi Culiyanı sakitləşdirdi. Həqiqətən də əgər söhbət onun ifasından gedirsə, Mayklın bilmədiyi bir şey yoxdu.
- Doğrudanmı, mən pis oynadım?
- Əcaibcəsinə.
Culiya fikrə getdi. O, nə baş verdiyini başa düşdü. Öz emosiyalarını gizləyə, hisslərinə hakim ola bilməmişdi. Təzədən bütün bədəni əsdi. Bu, ciddi məsələydi. Sınmış ürək və sair çox gözəl idi, amma əgər bu, onun sənətinə də sirayət eləyirsə... Yox, yox, yox. Məsələ tamam başqa rəng alır. İfası ondan ötrü bütün eşq macəralarının fövqündədi.
- Özümü ələ almağa çalışaram.
- Özünü zorlamağın nə faydası? Sən çox yorulmusan. Öz günahımdı. Mən çoxdan səni məzuniyyət götürməyə məcbur eləməliydim. Sənə doyunca dincəlmək lazımdı.
- Bəs teatr?
- Əgər binanı kirayə verə bilməsəm, onda öz rolum olan köhnə pyeslərdən birini bərpa eləyərəm. Məsələn, "Əsas ürəkdi". Sənin həmişə ondan zəhlən gedib.
- Hamı deyir ki, mövsüm çox uğursuz olacaq. Köhnə pyesə ümid eləmək olmaz. Əgər mən tamaşada olmasam sən bir şey qazana bilməyəcəksən.
- Vacib deyil. Vacib olan sənin səhhətindi.
Culiya ucadan:
- İlahi! - dedi. - Bu qədər mərhəmətli olmaq. Mən bu mərhəmətin yükünü daşıya bilmərəm.
Qəflətən Culiya hönkürtüylə ağladı.
- Sevgilim!
Maykl onu qucaqlayıb divana əyləşdirdi, özü də yanında oturdu. Culiya ümidsiz halda ona qısıldı.
- Sən mənə qarşı necə diqqətlisən, Maykl! Mən özümə nifrət eləyirəm. Mən heyvanam, mən ləçərəm, mən iblisin törəməsiyəm, təpədən-dırnağacan çirkab içindəyəm.
Maykl gülümsünüb:
- Ola bilər, - dedi, - amma fakt faktlığında qalır: - sən çox yaxşı aktrisasan.
- Mənə necə dözdüyünü təsəvvür belə eləyə bilmirəm. Mən səninlə elə qəddar davranıram ki. Sən elə yaxşısan ki, amma mən sənin bu səmimiyyətinin müqabilində daş ürəkli birisiyəm.
- Kifayətdi, əzizim, sonradan özün peşmançılığını çəkəcəyin sözləri demə. Bax ha, qorx ki, sonra boynuna minnət qoyaram.
Mayklın bu nəcibliyi Culiyanı təsirləndirdi və o, bu illər uzunu ona belə pis münasibət göstərdiyinə görə, özünü bərk-bərk qınadı.
- Şükür ki, mənim Mayklım var. Sənsiz axı, mən neylərdim?
- Sən heç vaxt mənsiz olmayacaqsan.
Maykl onu bərk-bərk qucaqladı. Culiya hələ də hıçqırsa da yüngülləşmişdi.
- Səninlə indicə belə kobud danışdığıma görə, məni bağışla.
- Bu nə sözü, sevgilim.
- Sən doğrudanmı, məni pis aktrisa hesab eləyirsən?
- Duze sənin atılan dırnağın ola bilməz.
- Sən doğrudanmı belə hesab eləyirsən? Öz burun dəsmalını mənə ver. Sən Sara Bernarı görmüsən?
- Yox.
- O, səhnədə çox süni idi.
Onlar bir qədər vaxtlarını sükut içində keçirdilər. Get-gedə Culiyanın ürəyi toxtayırdı. Özündə Maykla qarşı məhəbbət dalğasının baş qaldırdığını hiss eləyirdi.
Nəhayət, astadan dilləndi:
- Sən hələ də İngiltərənin ən gözəl kişisisən. Və heç kim məni bu fikirdən daşındıra bilməz.
Culiya gördü ki, o, qarnını yığıb buxağını gizlətdi. Amma bu dəfə onun bu hərəkətindən xeyli təsirləndi.
- Sən haqlısan. Mən tamam üzülmüşəm. Dözülməz əhvaldayam. Elə bil sıxıb suyumu çıxarıblar. Doğrudan da harasa getməliyəm. Mənə ancaq bu kömək ola bilər.

İyirmi üçüncü hissə

Culiya getmək qərarını qəbul etdiyinə görə məmnun idi. Ona işgəncə verən bu dərdi geridə qoymaqla ondan daha asan üzülə bilərdi. Yeni tamaşanın afişası artıq vurulmuşdu, Maykl bərpa elədiyi pyesə aktyorlar toplayıb repetisiyalara başladı. Özünün oynadığı rolu başqa aktrisanın necə repetisiya elədiyinə baxmaq parterin ilk sırasından əyləşən Culiya üçün maraqlıydı. Səhnəyə çıxdığı ilk gündən qaranlıq zalda, üstünə üzlük çəkilmiş kresloda oturub aktyorların öz qəhrəmanlarının obrazlarını necə hörüb qurduqlarını həyəcansız izləyə bilmirdi və indi, üstündən bu qədər illər keçəndən sonra da o, eyni həyəcanı yaşayırdı. Hətta sadəcə, teatrda olmağın özü ona rahatlıq gətirirdi. Repetisiyalara baxa-baxa o, sanki dincəlirdi və özünün çıxış etdiyi axşam tamaşasına qədər tamam gümrahlaşırdı. Culiya artıq başa düşmüşdü ki, Maykl dediklərində haqlıdı, ona görə də özünü ələ almağa qərar verdi. Şəxsi narahatlıqlarını bir kənara qoyaraq, öz personajına yiyəlik elədi və təzədən özünə xas virtuozluqla oynamağa başladı. Artıq onun oyunu öz şəxsi dərdlərini çölə çıxarmaq üçün bir vasitə deyildi, bu ifa yenidən Culiyanın sırf yaradıcılığının ifadəsi idi. O, material üzərində əvvəlki hökmranlığını qaytarıb onun vasitəsiylə özünü tamaşaçıya daha mükəmməl təqdim edə bildi. Culiya elə bil göyün yeddinci qatındaydı, özünü həm əzəmətli, həm də azad hiss eləyirdi.
Amma bu qələbə Culiyaya asan başa gəlmədi, həm də teatrdan kənarda o, özünü üzgün və süst hiss eləyirdi. Culiya o aşıb-daşan enerjisini itirmişdi. O elə bil taleyilə barışmışdı. Onda elə bir hiss vardı ki, xoşbəxt günləri artıq geridə qalıb. Köks ötürə-ötürə öz-özünə deyirdi ki, daha heç kimə lazım deyil. Maykl ona Vyanaya getməyi çəklif etdi. Əslində, özü də Rocerə yaxın olmaq istəyirdi. Amma bu təklifə başını buladı:
- Mən ona orda mane olacam.
Culiya oğluna yük olacağından qorxurdu. Rocer Vyanadakı həyatından həzz alır. Niyə axı, onu bu ləzzətdən məhrum etsin. Rocer ona müxtəlif yerləri göstərməyi, ara-sıra onu nahara, yaxud lança dəvət etməyi öz darıxdırıcı vəzifə hesab edəcəkdi ki, bunu fikirləşməyin özü belə Culiya üçün dözülməz idi. Tamamilə təbiidi ki, Rocerə orda dostlaşdığı yaşıdlarıyla vaxtını keçirmək daha maraqlıydı.
Culiya anasının yanına getməyi qərara aldı...
Mayklın israrla "madam de Lamber" çağırdığı missis Lembert artıq uzun illər idi ki, bacısı madam Falluyla birlikdə Sen-Malo adasında yaşayırdı. Hər il o, bir neçə gün Londonda Culiyaya qonaq olurdu, amma bu il səhhəti imkan vermədiyindən gələ bilməmişdi. O artıq qocaydı, yaşı yetmişi ötmüşdü və Culiya bilirdi ki, əgər qızı bir xeyli yanında qalsa o, çox xoşbəxt olar. Vyanada ingilis aktrisa kimə lazımdı? Orda o, heç kimdi, amma Sen-Maloda Culiya nüfuz sahibi idi və onu dostlarına göstərib onların qarşısında forslanmaq hər iki qarıya böyük məmnunluq gətirərdi: "Ma fille, la plus grande actrice d`Angleterre"
[1] və ilaxır.
Yazıqlar elə qocadılar ki, axırlarına da bir elə qalmayıb və bu insanlar necə də sükunətli, yeknəsək həyat sürürlər. Əlbəttə, Culiya dəhşətli darıxacaq, amma əvəzində onlara nə boyda sevinc bəxş edəcək! Culiya özünə etiraf eləyirdi ki, özünün parlaq, zəfər dolu həyatı anasını ona unutdurub. İndi o, hamısının əvəzini çıxacaqdı. Onlara xoş gəlmək üçün bütün gücünü ortaya qoyacaqdı. Maykla indiki sevgisi və uzun illər ona qarşı ədalətsiz olması fikrinin bir an da başından çıxmaması onda səmimi tövbə hissi oyatmışdı. O, xudbin və qəddar olmuşdu, amma çalışacaqdı ki, günahını yusun. Özünü qurban vermək istəyirdi və anasına yazdı ki, mütləq gəlib onun qonağı olacaq.
Culiya çox təbii bir şəkildə sonuncu günə qədər Tomla görüşdən yayına bildi. Oynadığı pyesin sonuncu nümayişi yola çıxmazdan bir gün qabaq oldu. Qatar axşam tərpənəcəkdi. Tom onunla görüşə təxminən altıda gəldi. Evdə Maykldan savayı Çarlz Temerli və dostlardan bir neçəsi var idi. Deməli, onu hətta bir dəqiqə belə Tomla tək qalmaq təhlükəsi gözləmirdi. Onunla çox sərbəst tərzdə danışmaq Culiya üçün heç də çətin olmadı. Qorxurdu ki, Toma baxanda dəhşətli əzab çəkəcək, amma onun əvəzinə sadəcə, ürəyində küt bir ağrı hiss etdi. Culiyanın yola çıxacağı zaman və məkan gizli saxlanılırdı. Başqa cür desək, onların mətbuatla əlaqələr üzrə nümayəndəsi cəmi bir neçə qəzetə zəng vurmuşdu və Culiya Mayklla vağzala gələndə orda cəmi on qəzetçi, onların da arasında üç fotoreportyor var idi. Culiya onlara bir neçə xoş söz dedi, Maykl da o sözlərə bir-iki özününkünü əlavə etdi. Sonra onların nümayəndəsi qəzetçiləri kənara çəkib Culiyanın gələcək planları barədə məlumat verdi. Bu zaman fotoreportyorların fotoaparatlarının işığı Culiya ilə Mayklın surətini zamana həkk eləməklə məşğul idi. Onlar perron boyu əl-ələ gəzirlər, qarşılıqlı vida öpüşü və sonuncu kadr: vaqonun pəncərəsindən yarıyacan çölə çıxan Culiya əlini perronda dayanan Maykla uzadır.
Culiya:
- Bu camaat məni lap boğaza yığıb, - dedi. - Bilmirsən, əllərindən hara qaçasan.
- Görən, sənin getdiyini hardan iyləyib biliblər? Təsəvvürümə belə gətirə bilmirəm.
Platformaya toplanan bir dəstə adam onlarla aralarında hörmət əlaməti kimi müəyyən məsafə saxlamışdılar. Onların mətbuat üzrə nümayəndəsi yaxınlaşıb Maykla dedi ki, reportyorlara verdiyi material bütün bir köşəyə kifayət edəcək. Qatar tərpəndi.
Culiya Evini özüylə aparmaqdan imtina etdi. Onda belə bir hiss var idi ki, əgər təzədən əvvəlki ovqatına qovuşmaq istəyirsə, indiki həyatından tamamilə qopmalıdı. Evi bu fransız evində yerinə düşməyəcəkdi. hələ lap gənc ikən fransızə ərə gələn Kerri xala, daha doğrusu, madam Fallu indi bu ahıl çağında fransızcada ingiliscədən daha sərbəst danışırdı. O artıq illərdən bəri dul idi, yeganə oğlu isə müharibədə həlak olmuşdu. O. təpənin üstündəki hündür, ensiz daş evdə yaşayırdı və onun kandarından içəri keçəndə adam sanki ötən yüzilliyin ab-havasına düşürdü. Yarım əsrdə burda heç nə dəyişməmişdi. Qonaq otağında XV Ludoviq dövrünün üslubundakı mebel dəsti ayda bir dəfə ipək parçasına təmizləmək üçün açılan üzlüklərlə örtülmüşdü. Büllur çilçırağı milçəkdən qorumaq üçün bynuna cuna keçirmişdilər. Sobanın qarşısında, içinə tovuz lələyi qoyulmuş iki şüşə qabın ortasında iri güldan var idi. Kerri xala bu otaqdan heç vaxt istifadə eləməsə də hər gün öz əlləriylə onun tozunu alırdı. Yemək otağındakı divarlara taxta şəbəkə döşənmişdi və ordakı mebelləri də üzləmişdilər. Gümüş epergne[2], gümüş kofedan, gümüş dəm çayniki və gümüş məcməyi bufetə yaraşıq verirdi. Kerri xala və Culiyanın anası missis Lembert günlərini ampir üslublu mebelli uzun, ensiz otaqda keçirirdilər. Divarda girdə çərçivələrin içində Kerri xalanın, onun mərhum ərinin, valideynlərinin və həlak olmuş oğlunun uşaqlığının təsvirini özündə əks etdirən yağlı boyu ilə çəkilmiş portretləri asılmışdı. Onların əl işi olan mücrülər də burdaydı. Hər ikisi katolik mövqeli "La Krua", "Revyu de De-Mond" və yerli gündəlik qəzeti burda oxuyurdu. Axşamlar dominonu da burda oynayırdılar. Bu işə yalnız çərşənbə günləri nahara Abbe[3] və ehtiyatda olan zabit Commandant la Garde[4] onlara gələndə ara verirdilər. Elə burda da yeyirdilər, amma Culiya gələndə qərara aldılar ki, yemək otağı daha rahat olar.
Kerri xala hələ də əri və oğlu üçün yas saxlayırdı. Çox nadir hallarda, xüsusən qızmar günlərdə o, öz əliylə özüyçün toxuduğu balaca qara şalı açırdı. Missis Lembert də qara geyimdə olurdu, yalnız cənab abbat və mayor nahara gələn vaxtlarda Culiyanın bağışladığı ağ toxuma şalı çiyninə atırdı. Nahardan sonra dördlükdə plafond[5] oynayırdılar: qoyuluş yüzlüyə iki ay idi. Uzun illərdən bəri Cersidə yaşasa da hələ də Londondan ayağını çəkməyə missis Lembert dünyada baş verənlərdən haliydi və deyirdi ki, indi çoxları bric - əlaqə oynayır. Amma mayor etiraz eləyirdi, deyirdi həmin kart oyunu amerikalılar üçün yaxşıdı, onu plafond da tam təmin edir, abbat isə öz növbəsində əlavə eləyirdi ki, o şəxsən son vaxtlar enin unudulmasına çox təəssüflənir. Nə edəsən, insanlar nadir hallarda olana qane olur, onlara gərək elə bir ucdan yepyeni şeylər verəsən. Hər milad bayramında Culiya anasına və xalasına bahalı hədiyyələr göndərirdi, amma onlar bu hədiyyələri işlətmirdilər. Londondan göndərilən bu qiyamət hədiyyələri tanışlarına göstərib sonra papiros kağızına bükərək şkafda gizlədirdilər. Culiya anasına avtomobil də təklif etmişdi, amma o, istəməmişdi. Onlar evdən nadir hallarda, özü də yaxın yerlərə çıxırdılar və bu yolu piyada da gedə bilərdilər. O bir tərəfdən sürücü benzini oğurlayacaqdı, əgər küçədə yesə onları müflis edəcək, evdə yesə Anneti təbdən çıxaracaqdı. Annet onlarda həm aşpaz, həm qulluqçu, həm də təsərrüfat işlərinə baxan idi. O, düz otuz beş il Kerri xalanın xidmətində olmuşdu. Qara işlər onun qohumu Anjelin öhdəsindəydi. Həm də o, hələ cavan idi, heç qırx yaşı da yox idi. Deməli, bütün günü sürücü qiyafəsində hansısa bir kişinin bu evdə olması narahatlıq törədərdi.
Culiya üçün qız vaxtı Kerri xalanın evində yaşayanda qaldığı otağı ayırdılar. Bu onda nəsə xüsusi sentimental əhval-ruhiyyə yaratdı: hətta bir neçə dəqiqə ağlamazdan özünü zorla saxladı. Culiya onların həyat tərzinə çox asanca uyğunlaşdı. Kerri xala ərə gedəndə katolikliyi qəbul eləmişdi və missis Lembert də ərini itirəndən sonra həmişəlik Sen-Maloda məskunlaşanda abbatın təsiri altında müəyyən vaxt içində katolik oldu. Hər iki yaşlı xanım çox dindar idi. Hər səhər ibadətə yollanırdılar, bazar günləri isə üstəlik təmtəraqlı ayini də icra edirdilər. Amma kilsədən başqa demək olar ki, heç hara getmirdilər. Nadir hallarda - öz yaxınını itirən, yaxud əksinə, qız nəvəsinin nikah mərasimini qeyd edən qonşulardan hansısa birinin qapısını açırdılar. Hər ikisi eyni qəzetləri, eyni jurnalları oxuyur, xeyriyyəçilik məqsədilə elə hey nəsə toxuyurdular, domino oynayırdılar və Culiyanın hədiyyə etdiyi radioqəbuledicini dinləyirdilər. Abbat və mayor artıq uzun illərdən bəri həftədə bir dəfə onarda nahar etsələr də qarılar hər çərşənbə günü dəhşətli həyəcan keçirirdilər. Onlar zəng eləyirdilər ki, hansısa yemək xoşuna gəlməsə mayor hərbçiyə xas açıqlıqla bunu onların üzünə vura bilər, hətta abbat da əsl ruhani olsa belə öz xəbərdarlığından və istədiyini deməkdən çəkinən deyildi. Məsələn, o, siyənək balığını çox xoşlayırdı, amma bir şərtlə ki, gərək kərə yağında qızardılsın. Yağın müharibədən sonrakı qiymətlərinin müqabilində bu, əsl səxavət idi. Çərşənbə günü səhər Kerri xala şərab ambarının açarını alıb şüşəni klaretdən öz əliylə çıxarırdı. Sonra ikilikdə həftənin sonunacan qonaqlardan qalan şərabın axırına çıxırdılar.
Qarılar Culiyanı qanadları altına aldılar. Ona arpa yarpası yedirib dəhşətli həyəcanlanırdılar ki, birdən hardansa yel vurar. Doğrusu, həyatlarının böyük hissəsini onlar yelçəkəndən qorunmaqla keçirmişdilər. Onlar Culiyanı divanda uzanmağa məcbur eləyirdilər. Qayğıyla nəzarət edirdilər ki, ayaqlarını da bərk-bərk örtsün. Onlar geyimiylə bağlı Culiyaya irad tuturdular. Bu ipək corablar elə nazikdi ki, hər şey görünür! Bəs donun altında nə var? Əgər köynəkdən başqa heç nə olmadığını bilsə, Kerri xala təəccüblənməyəcək.
Missis Lembert:
- O heç əyninə köynək də keçirmir, - dedi.
- Bəs onda əynində nə var?
Culiya:
- Tuman, - dedi.
- Və çox güman bir də soutien-gorge[6].
- Əlbəttə, yox.
Culiya kəskin etiraz etdi.
- Deməli, bacıqızı sən donun altında tamam lütsən?
- Demək olar ki, hə.
Kerri xala ucadan:
- C`est de la folie[7] - dedi.
Missis Lembert razılaşdı:
- C`est vraiment pas raisonnable, ma fille[8].
Kerri xala əlavə etdi:
- Mən özümü ikiüzlü insan saymıram, amma deməliyəm ki, bu, sadəcə, abırlı deyil.
Culiya nə paltar gətirmişdisə, hamısını onlara göstərdi və gəlişinin elə ilk həftəsi onun nahara nə geyinəcəyi üstündə mübahisə düşdü. Kerri xala və missis Lembert az qala bir-birlərindən küsəcəkdilər. Missis Lembert hesab eləyirdi ki, əgər Culiya özüylə ziyafət libası gətiribsə, onlardan birini geyinməlidi, amma Kerri xalanın qənaətincə, bu, elə də vacib deyil.
- Yadımdadı, mən Cersidə sənin yanında olanda nahara centlmenlər gəlirdilər, sən də onların qarşısına çox yaraşıqlı kanotda[9] çıxırdın.
- Hə, sənə çox gözəl yaraşardı.
Hər iki yaşlı xanım ümidlə Culiyaya baxdı. O, başını yellədi.
- Ondansa əynimə kəfən geyinərəm.
Kerri xala çərşənbə günləri qaqat sapıyla tikilən ağır ipəkdən olan, yaxalığı boğazına tutmuş qara paltarda olurdu, missis Lembertin isə paltarını ağ toxuma şal və süni qaşlı, amma bahalı boyunbağı tamamlayırdı. Balaca, möhkəm bədənli, sifətdən bişmiş almaya oxşayan, saçını en brosse[10] üslubunda qırxdırmış, tünd qara rənglənmiş gözəgəlimli bığları olan mayorun yaşı çoxdan yetmişi adlasa da canı suluydu. Nahar zamanı o, ara-sıra stolun altında Culiyanın ayaqlarını əlləyirdi, yemək otağından çıxanda isə fürsət tapıb onun arxasını dümsüklədi.
"Dayanmadan seks". Əzəmətli yerişlə yaşlı xanımların ardınca qonaq otağına sarı gedən Culiya ürəyində deyindi.
Onlar Culiyanın nazını böyük aktrisa olduğuna yox, səhhətinin axsadığına və istirahətə ehtiyacı olduğuna görə çəkirdilər. Culiya kifayət qədər tez başa düşdü ki, onlar nəinki onun məşhurluğundan qürur duymur, əksinə, utanırlar. Tanışları qarşısında onunla öyünmək nədi, hətta harasa gedəndə Culiyanı yanlarına belə salmırdılar. Kerri xala İngiltərədən saat beşdə çay içmək vərdişi gətirmişdi və buna möhkəm riayət eləyirdi. Culiyanın gəlişindən az sonra günlərdən birində onlar bir neçə xanımı çaya dəvət etdilər və səhər yeməyi zamanı missis Lembert Culiyaya bu sözlərlə üz tutdu:
- Əzizim, Sen-Maloda bizim bir neçə çox yaxşı taşımız var, amma biz burda artıq uzun illər yaşasaq da aydın məsələdi ki, onlar hələ də bizə yad kimi baxırlar. Odur ki, onların gözünə qeyri-adi görünməmək üçün çox çalışırıq. Təbii ki, biz səndən yalan danışmağı rica eləmirik, amma əgər bu, ölüm-dirim məsələsi deyilsə, Kerri xala hesab eləyir ki, yaxşısı budu sən aktrisa olduğunu deməyəsən.
Culiya ilk öncə heyrətləndi, amma yumor hissi qalib gəldi və o, qəhqəhədən özünü zorla saxladı:
- Əgər bizim tanışlardan kimsə ərinin kimliyini səndən soruşsa, onun kommerisiyayla məşğul olduğunu deməyin məgər həqiqətə qarşı çıxmaqdı?
Culiyanın istər-istəməz dodağı qaçdı:
- Qətiyyən.
Kerri xala səmim qəlbdən əlavə etdi:
- Biz əlbəttə, bilirik ki, ingilis aktrisalar fransızlardan fərqlənir. Demək olar ki, hər fransız aktrisanın mütləq məşuqu olur.
Culiya:
- İlahi, özün saxla, - dedi.
London həyatı bütün həyəcanları, zəfərləri, kədərləriylə bir yerdə hardasa çox-çox uzaqlarda qalmışdı. Tezliklə Culiya aşkar elədi ki, Tomun özü və ona sevgisi haqda tamamilə sakit tərzdə düşünə bilər. Başa düşdü ki, ürəyindən mənliyi yaralanıbmış. Sen-Maloda hər gün o birinə oxşayırdı. Yalnız bazar ertəsi gününün qəzetlərini görəndə London yadına düşürdü. Culiya bütün bağlamanı alıb düz axşam düşənə qədər oxuyurdu. Həmin günlər içini bir balaca həyəcan bürümüşdü. O, qala divarlarına tərəf qalxıb ordan körfəzin içində oturan adalara baxırdı. Boz buludlar onun içində İngiltərənin boz göy üzünə bir xiffət hissi oyadırdı. Amma elə ki, çərşənbə axşamı gəlib çatırdı, səhər açılan kimi canı yenidən əyalət həyatının rahatlığında əriyib yumşalırdı. Culiya çox mütaliə edirdi: yerli mağazadan aldığı ingilis, fransız romanlarını və əlbəttə ki, öz sevimli Verlenini. Culiyaya elə gəlirdi ki, onun şeirlərində olan zərif melanxoliya qədim dam evlərdən və sakit, əyri, döngəli küçələrdən ibarət bu kədərli şəhərəuyğun gəlir. İki ahıl xanımın cansıxıcı vərdişləri, hadisələrdən kasad yaşam tərzi, sakit söhbətləri Culiyada onlara qarşı bir rəhm hissi oyatmışdı. Uzun illər idi ki, onların həyatında nəsə baş verməmişdi və hər ikisi ölənə qədər belə davam eləyəcəkdi. Onların mövcudluğu necə də əhəmiyyətsiz görünürdü! Ən dəhşətlisi isə onların bu həyata tamamilə qane olmasıydı. Hikkə, həsəd hissinin nə olduğu onlara yad idi. Culiyanın göz qamaşdıran səhnə işıqlarının ortasında dayanaraq, ona heyran kəsilən publikanın sürəkli alqışları qarşısında təzim edərkən, hər gün duyduğu ictimai maraq deyilən o şey bu iki qadından ötrü çoxdan əhəmiyyətini itirmişdi. Hərdən Culiyaya elə gəlirdi ki, həyatda onun üçün bu diqqətdən qiymətli heç nə yoxdu. O, ancaq bundan ötrü yaranmışdı: taleyilə barışmağı və başını dik tutmağı ona görəydi. Hər iki halda nəticə eyni idi: daxili azadlıq. Culiyada bu hiss daha etibarlı idi. Həftədə bir dəfə Maykldan qısa, işlə bağlı məktub gəlirdi. O, bu məktublarda yığımın necə olduğunu və növbəti pyesə necə quruluş vermək istədiyini yazırdı. Amma Çarlz Temerlinin məktubları bir gün də ara vermirdi. O, Culiyaya kübar aləmin bütün xəbərlərini çatdırır, özünün o mədəni, valehedici diliylə baxdığı şəkillərdən, oxuduğu kitablardan danışırdı. Onun məktubu incə ifadələrlə və müdrik zarafatlarla dolu olurdu. O, pedantlıqdan kənar fəlsəfə yürüdürdü. Yazırdı ki, ona heyrandı. Bu, Culiyanın bütün ömrü boyu aldığı ən gözəl sevgi məktublarıydı və o, gələcək nəsillər üçün onları saxlamağı məsləhət bildi. Ola bilsin, nə vaxtsa, kimsə o məktubları dərc eləyəcək və insanlar onun Mak-Evoyun[11] fırçasından çıxan portretinə baxmaq üçün Milli qalereyaya gedəndə Culiyanın qəhrəmanı olduğu romantik məhəbbət tarixçəsini xatırlayıb köks ötürəcəklər.
Yoxa çıxdığı ilk iki həftədə Çarlz onu heyrətamiz sədaqətlə aradı. Onsuz nə edəcəyini Culiya təsəvvürünə belə gətirmirdi. O, həmişə onun qulluğundaydı. Onun söhbətləri Culiyanı tamam özgə bir aləmə aparırdı, əsəblərini sakitləşdirirdi. Culiyanın ruhunu çirkab örtmüşdü və o, Çarlzın ruhunun göz yaşı kimi dupduru çeşmsində yuyunurdu. Çarlzla şəkil qalereyalarını gəzəndə bütün canına bir ilahi rahatlıq hakim kəsilirdi... Ona minnətdər olmaq üçün Culiyanın xeyli əsası var idi. O, onun uzun illik pərəstişi haqda düşündü. O artıq iyirmi ildən çox idi ki, onu gözləyirdi. Ona qarşı o qədər də mərhəmətli olmamışdı, əgər onunla bir yatağa girsəydi, Çarlz dünyanın ən xoşbəxti olardı, doğrusu, Culiya da bir şey itirməzdi. Niyə bu illər uzunu onu yaxınına buraxmamışdı? Ola bilsin səbəb onun sədaqətinin əndazəni aşmasındaydı. Onun bu ağlasığmaz məhəbbəti elə abır-həyalı və hörmətə layiq idi ki, görünür buna görə də Culiya Çarlzın düşüncəsində özünün neçə illərdən bəri qurub yaratdığı həmin o ideal məhəbbətin qalmasını istəyirdi. Amma dərinə gedəndə bu bir səfehlik, Culiya isə xudbinin birisi idi. Qəflətən ağlına gələn bir fikirdən Culiya özündə qəribə bir məmnunluq hiss elədi. Bəli, nəhayət, bu nəcibliyə, saflığa, sədaqətə görə onu mükafatlandırmağın vaxtı çatıb. Mayklın ona qarşı xeyirxahlığının oyatdığı hisslər Culiyanın canında hələ də diriydi. Özünü ona layiq bilmirdi və bu günəcən Maykla dözülməz münasibət göstərdiyinə görə, əzab çəkirdi. İngiltərəni özünü qurban vermək istəyilə tərk etməsi fikri əvvəlki kimi bütün şüuruna hakim kəsilmişdi. Culiya bu istəyin gerçəkləşməsi yolunda Çarlzı ən münasib vasitə sayırdı. Çarlzın onun niyyətini başa düşəndə necə heyrətlənəcəyini təsəvvürünə gətirib xəfif-xəfif gülümsəyirdi. İlk anda o, sadəcə, qulaqlarına inanmayacaqdı, amma sonra necə bir ləzzət, ekstaz! Onun neçə illərdən bəri yığılıb qalan məhəbbəti, qəflətən bütün səddləri dağıda-dağıda Culiyanı da öz aşıb-daşan selində boğacaqdı. Sonra onun sonsuz minnətdarlığını gətirəndə Culiyanın ürəyi fərəhlə dolurdu. Hər halda, taleyin nəhayət, onun üzünə güldüyünə inanmaq Çarlz üçün çətin olacaqdı. Hər şey geridə qalandan sonra onun ağuşundaca Culiya bir az da Çarlza sığınıb nazla pıçıldayacaqdı:
"Necə bilirsən, bu qədər gözləməyə dəyərdi?"
"Sən Yelena kimi mənə ölümsüzlük ölümü bəxş etdin[12]".
Məgər doğma bir insana bu xoşbəxtliyi bəxş etməkdə təəccüblü nəsə var?
"Sen-Malonu tərk etmək ərəfəsində ona xəbər eləyəcəm". Culiya belə qərar verdi.
Yaz yerini yaya verdi və iyulun axırlarında əyin-baş almaq üçün Parisə getmək lazım idi. Maykl mövsümü sentyabrın ilk günlərində açmaq istəyirdi, odur ki, yeni pyesin repetisiyaları avqustda başlamalıydı. Culiya Sen-Maloya gedəndə asudə vaxtlarında oxumaq üçün pyesi də özüylə götürmüşdü, amma ordakı şərait buna imkan vermədi. Boş vaxtı kifayət qədər idi, amma rahat olsa da bu boz, sərt şəhərdə maraqları yalnız ev işləri və gəldi-gedərlə məhdudlaşan bu iki yaşlı qadınla bütün günü ünsiyyət onda elə bir ovqat yaratmışdı ki, pyes nə qədər yaxşı olsa da Culiyanı özünə cəlb eləmədi. Nəhayət, qərar verdi:
"Çoxdan qayıtmalıydım. Əgər belə bir nəticəyə gəlsəm ki, pyes ətrafında yaradılan bu boyda hay-küyə layiq deyil, onda nə olacaq?"
Culiya anasıyla və Kerri xalayla sığollaşdı, onlar ona qarşı çox diqqətliydilər, amma gedişinə təəssüflənəcəklərinə nədənsə Culiya şübhə eləyirdi. Onlar üzüyolalıqla yenidən öyrəşdikləri həyata qayıdacaqdılar. Üstəlik arxayın ola bilərdilər ki, daha aktrisadan onları istənilən an hansısa eksentrik hərəkət təhlükəsi gözləmir, daha Sen-Malo xanımlarının qınayıcı şərhlərini eşitmək qorxusu olmayacaq.
Culiya Parisə günorta gəlib çatdı. Onu "Rits" otelindəki apartamentə ötürəndə dərindən nəfəs aldı. Təzədən dəbdəbə ilə baş-başa almaq necə də ləzzətlidi! Dostlar ona gül dəstələri göndərmişdilər. Culiya vanna qəbul eləyib əynini dəyişdi. Həmişə onun üçün əldən gedən və artıq çoxdan özünə dost saydığı Çarli Deveril Culiyanı "Bua"ya nahara aparmaq üçün yanına gəldi.
Culiya ona:
- Vaxtımı çox əla keçirdim, - dedi. - Əlbəttə, bu səfərim o iki ahıl qadını çox sevindirdi, amma məndə belə hiss vardı ki, əgər bir gün də yubansam darıxmaqdan ürəyim partlayacaq.
Bu gözəl axşamda Yelisey çölləriylə gəzmək Culiyaya ləzzət elədi. Benzinin iyisini udmaq necə də xoş idi! Avtomobillər, taksilər, klaksonların səsi, şabalıdı ağaclar, küçə işıqları, səkiylə addımlayan və kafelərdə stol arxasında əyləşən dəstə-dəstə adam... Bundan gözəl nə ola bilərdi? Sonra şən, sivil və bahalı "Şato de Madrid"ə daxil olanda yenidən qəddi-qamətli, ənlik-kirşanlı qadınları, dərisi yanmış, smokinqli kişiləri görmək necə də xoş idi.
- Mən özümü sürgündən qayıdan kraliça kimi hiss eləyirəm. Culiya özünə geyimlər seçə-seçə və onları ilk dəfə əynində yoxlaya-yoxlaya Parisdə bir neçə xoş gün keçirdi. O, hər dəqiqəsindən həzz alırdı. Amma çox sözübütöv qadın idi, nəinki başqasına hətta özünə verdiyi vədə də mütləq əməl eləyirdi. Londona yollanmazdan öncə Çarlza qısa bir məktub göndərdi. O, Qudvudda və Kauzda olmuşdu, ordan Zalsburqa gedərkən bir gün Londonda ləngiməli olacaqdı.
"Əzizim, Çarlz.
Sizi tezliklə yenidən görəcəyim mənə hədsiz sevinc bəxş edir. Çərşənbə günü boşam. Birlikdə nahar eləyərik. Siz hələ də məni sevirsiz?
Sizin Culiya".
Konverti qutuya salanda Culiya dilinin altında mızıldandı: "Bis dat qui cito dat[13]". Bu, xeyriyyəçilik məqsədi daşıyan tədbirlər zamanı xahişlə ondan gözlənilən vəsaitin düz yarısını dərhal poçtla göndərən Mayklın tez-tez işlətdiyi çeynənmiş bir latın məsəliydi.

İyirmi dördüncü hissə

Çərşənbə gününün səhəri Culiya massaj elətdirib həm də saçlarını burdurdu. Nahara hansı paltarını geyinəcəyini heç cür qərarlaşdıra bilmirdi: təsəvvürlərə Botiçellinin[14] "Bahar"ını gətirən boz orqandidən olan çox yaraşıqlı və ürək açan donu, yoxsa onun qız qamətini aydın göstərən və çox abırlı libası? Vanna qəbul etdiyi müddətdə ağ atlasın üzərində dayandı. Bu paltar hardasa onun Çarlz qarşısında uzun illik günahını yumaq üçün incə bir işarə idi. Culiya bir sap mirvaridən və brilyant qolbağıdan savayı üstünə heç bir zinyət əşyası taxmadı; nişan üzüyü olan barmağında başqa bir brilyant üzük də parıldayırdı. Dəriyə gündə yanmış rəngi verən pudranı üzünə vurmaq istədi. Bu həm onu cavan göstərər, həm də ona çox yaraşardı. Amma qarşıda onu nə gözlədiyi yadına düşəndə bu fikirlərdən vaz keçdi. O, Otellonu oynamaq üçün ayaqdan başacan qaralan aktyorlar kimi özünü büsbütün süni günəşlə yandıra bilməzdi, axı. Həmişə olduğu kimi dəqiqliyi sevən Culiya holla qapıçının giriş qapısını Çarlz Temerlinin qarşısında taybatay açan an düşdü. Culiya onu bir az naz, bir az bic heyranlıq və bir az da intimlik qatılmış baxışlarla salamladı. Çarlz artıq seyrəlmiş saçlarını indi uzun saxlayırdı. İllər onun ziyalı, kübar simasına da əl gəzdirmişdi: yanaqları azca sallanmışdı, qaməti əyilmişdi, kostyum əynində çoxdan bəri ütüyə həsrət qalmış kimi görünürdü.
"Qəribə həyatdı. Aktyorlar centlmen kimi görünməkdən ötrü dəridən-qabıqdan çıxırlar, amma centlmenlər istəyirlər ki, aktyorlar kimi görünsünlər". Culiya belə düşündü.
Culiyanın lazımi effekt yaratdığına şübhə yox idi. Çarlz başlanğıc üçün vacib olan atmacanı atdı. O, soruşdu:
- Bu gün üzümə nədən belə füsunkarsız?
- Çünki bizim görüşümüzün sevinci qopub.
Culiya özünün gözəl gözlərinin ifadəli baxışlarıyla Çarlza dərindən nəzər saldı. Romninin[15] fırçasından çıxan ledi Hamilton portretində olduğu kimi azca dodaqlarını araladı. Bu onu çox cəzbedici göstərirdi.
Onlar "Savoy"da nahar elədilər. Metrdotel onlara stolu çıxışa yaxın yerdə verdiyindən hamının gözü qabağındaydılar. İmkanlı insanların əksəriyyətinin indi şəhər kənarında olduğu güman edilsə də restoran ağzınacan doluydu. Culiya təbəssümlə başını o yan bu yana çevirə-çevirə dostları salamlayırdı. Çarlzın ona deməyə sözü çox idi və Culiya səngimək bilməyən maraqla qulaq asırdı. Çarlza:
- Bütün dünyada sizin kimi həmsöhbət yoxdu, - dedi.
Onlar restorana həm gecə gəlmişdilər, həm də aramla nahar eləyirdilər. Odur ki, Çarlz brendini içib qurtaranda artıq müştərilər şam yeməyinə yığılırdılar.
Çarlz saatına baxıb:
- İlahi, özün saxla, - dedi, - doğrudanmı, tamaşalar artıq bitib? Sizinlə birlikdə olanda vaxt necə də tez gəlib keçir. Necə bilirsiz, buradakılar bizdən yaxa qurtarmaq istəyirlər?
- Yıxılıb yatmağa heç həvəsim yoxdu.
- Yəqin Maykl bir azdan evdə olar?
- Yəqin.
- Niyə axı, bizə gedib bir az da orda çənə vurmayaq?
Bax, buna deyərlər, bir işarədən başa düşmək.
Culiya:
- Məmnuniyyətlə, - deyib, intonasiyasına utancaqlıq qatdı və hiss elədi ki, yanağında əmələ gətirdiyi qızartı indi çox yaxşı görünür.
Onlar maşına əyləşib hill-stritə yollandılar. Çarlz onu öz kabinetinə gətirdi. Kabinet birinci mərtəbədəydi. Düz döşəməyəcən gələn və xudmani bağa baxan iri, ikiqatlı pəncərə taybatay açıq idi. Onlar divanda oturdular.
Culiya:
- Yuxarı işığı söndürün ki, qaranlıq otağa axsın - deyib, ardınca "Venetsiya taciri"ndən bir iqtibas gətirdi: - "Zərif mehin ağacları yaladığı həmin o gecədə..."
Çarlz qapaqlıdan savayı bütün lampaları söndürdü. Təzədən gəlib oturanda Culiya ona qısıldı. O, Culiyanın belini qucaqladı, o da başını Çarlzın çiyninə qoydu.
Culiya pıçıltıyla:
- İlahi, nə yaxşıdı, - dedi.
- Mən sizdən ötrü dəhşətli darıxmışdım.
- Fürsət tapıb şuluqluq eləmədiz ki?
- Hə. Enqrın (Jan Ogüst Dominik Enqr - fransız rəssam, 1780-1867) şəklini almaq üçün bir qalaq pul xərclədim. Getməzdən əvvəl mütləq onu sizə göstərəcəm.
- Yaddan çıxarmayın. Hardan asmısan?
Evə girdikləri ilk dəqiqədən Culiya öz-özünə sual edirdi: onu harda yoldan çıxarsın, kabinetdə, yoxsa yuxarıda?
Çarlz cavabında:
- Öz yataq otağımdan, - dedi.
"Doğrudan da, ora daha rahatdı". Bu dəqiqə Culiyanın fikrində ancaq bu idi.
Culiya yazıq Çarlzın onu öz yatağına çəkmək üçün bundan yaxşı bir şey fikirləşə bilmədiyini düşünəndə gülməkdən özünü zorla saxladı. Bu kişilər necə də axmaqdılar! Onların qətiyyəti həddini aşır və elə dərd də burasındadı. Culiyanın ürəyindən ani bir ağrı qopdu. O, Tomu xatırladı. Cəhənnəm olsun, Tom! Çarlz elə sevimlidi ki... Və Culiya onu bu uzun illik sədaqətinə görə mükafatlandırmaq qərarından bir addım da çəkilən deyil.
Culiya özünün azca xırıltılı sinə səsiylə:
- Siz mənə əsl dost olmusuz. Çarlz, - dedi və ona sarı elə döndü ki, sifətləri qabaq-qənşər dayana bilsin. Dodaqları yenə ledi hamiltonun dodaqları kimi azca aralıydı. - Elə bilirəm, mən sizə qarşı heç də kifayət qədər nəzakətli olmamışam.
Culiya dərilmək istəyən şaftalı kimi ağlı başdan eləyəcək dərəcədə cəzbediciydi və bu anda öpüşdən yayınmaq qeyri-mümkün idi. Sonra Culiya öz ağ, zərif əlləriylə onun boynuna sarılacaq... Amma Çarlz, sadəcə, gülümsədi.
- Belə deməyin, siz həmişə ürəyimi fəth etmisiz.
("Zavallı, quzum mənim, o özünü tamam itirib!")
- Məni heç vaxt, heç kim sizintək sevməyib.
Çarlz yüngülcə onu özünə tərəf çəkdi.
- Mən indi də sizi sevirəm. Bunu özünüz də bilirsiz. Siz mənim həyatımda yeganə qadınsız.
Təklif etdiyi dodağını Çarlz qəbul etmədiyindən Culiya azca başını döndərdi. Fikirli-fikirli elektrik sobasına baxdı. Heyif ki, yanmır. Bu mizansəhnədə yanar soba çox yerinə düşərdi.
- Əgər o vaxt birlikdə Londondan qaçıb getsəydik, həyatımız tamam başqa cür olardı. Çarlz, hey-hoy!
Bu nidadan tez-tez pyeslərdə istifadə olunsa da Culiya onun mənasını bilmirdi, amma ah kimi ağızdan çıxan bu söz həmişə çox kədərli səslənirdi.
- Onda İngiltərə özünün nəhəng aktrisasını itirmiş olardı. İndi mənə çatır ki, o vaxt sizə teatrı tərk etməyi təklif edəndə necə xudbinlik eləmişəm.
- Uğur heç də hər şey demək deyil. Hərdən özümə sual eləyirəm görən, o vaxt o səfeh, o xırda şöhrətpərəstlik hisslərimi təmin etmək naminə həyatımın ən böyük dəyərini qurban vermədinmi? Əslində, insanı yaşadan yalnız məhəbbətdi.
Culiya yenə ona baxdı. Onun yaşla dolmuş gözləri heç vaxt olmadığı qədər gözəl idi.
- Bilirsiz, əgər təzədən cavan olsaydım, elə bilirəm sizə qoşulub gedərdim.
Culiyanın əli aşağı sürüşüb onun əlini tapdı. Çarlz onun əlini ürəkdən sıxdı.
- Ah, əzizim...
- Mən bizim arzularımızdan doğan o mülkü elə tez-tez yadıma salıram ki! Zeytun ağacları, oleandrlar və mavi dəniz, əmin-amanlıq və rahatlıq. Hərdən həyatımı bürüyən bu yeknəsəklikdən, üzücülükdən, kobudluqdan təngə gəlirəm. Siz isə mənə gözəllik vəd etmişdiz. Bilirəm, artıq gecdi. O vaxt mənə bu qədər əziz olduğunuzu özüm də bilmirdim, ağlıma da gəlməzdi ki, illər ötdükcə siz mənim həyatımın mənasına çevriləcəksiz.
- Sizdən belə sözlər eşitmək ilahi bir sevincdi, əzizim. Bu mənə çox böyük mükafatdı.
- Mən sizdən ötrü hər şeyə hazıram. Mən xudbin olmuşam. Nə elədiyimi özüm də bilmədən sizin həyatınızı məha eləmişəm. Culiyanın astadan gələn səsi əsirdi. O, başını arxaya atanda boğazı ağ sütuna bənzədi. Açıq yaxalığından xırda, yumru döşləri göründü. Culiya əlini sinəsinə qoydu.
Çarlz yüngülcə etiraz elədi:
- Siz belə danışmalı, belə düşünməli deyilsiz. Siz həmişə mükəmməllik mücəssəməsi olmusuz. Siz mənə belə lazımsız. Ah, əzizim, həyat belə qısa, məhəbbət elə ötəridi... Faciə burasındadı ki, bəzən arzularımız gerçək olur. İndi arxaya boylananda görürəm ki, siz məndən xeyli ağıllı olmusuz. "Sonsuz çəmənliklər, hardadı o xatirələr..." Sonrası yadınızdadımı? "Sən ey gözəl gənc, çələng gülsüz olmayan kimi, sən də nəğməsiz olmazsan; sən ey mərd aşiq, öz sevgilini öz sevginin ehtirasına bələ; özü də qəm yemə, nə qədər canın sulu, ruhun durudu, xoş günlərə qonaq məhəbbətin də əbədi və nurludu".
("Axmaqlığa bir bax!")
Culiya ah çəkib:
- Necə gözəl misralardı, - dedi. - Ola bilsin, siz haqlısız. Hey-hou!
Çarlz sinədən deməkdə davam elədi. Onun bu vərdişini Culiya bir qədər cansıxıcı hesab eləyirdi.
- "Ah, solmaq bilməyən bahar yarpağı nacə xoşbəxtdisə, məhəbbəti görüş kimi sonsuz, hər dəfə yenilənən kəs də eləcə xoşbəxtdi[16]».
Amma indi bu vərdiş ona düşünmək üçün vaxt verirdi. Culiya gözlərini də qırpmadan yanmayan sobaya baxa-baxa qalmışdı. Kənardan baxana elə gəlirdi ki, o, həmin şeirin gözəlliyinin ovsununa düşüb. Çarlz sadəcə, heç nə anlamadı, bunu görmək heç də çətin deyildi. Bir də ki, burda təəccüblü nə var? İyirmi il Culiya onun ehtiraslı yalvarışlarına qarşı kar olmuşdu və təbii ki, Çarlz da onun bütün cəhdlərinin artıq əbəs olduğunu dərk etmişdi. Bu hardasa, Everesti fəth etmək misalına bənzəyirdi. Məsələn, əgər uzun illər məşəqqətli cəhdlərlə Everestin zirvəsini fəth etmək istəyən cəsur alpinistlər qəflətən ora aparan asma nərdivan görsəydilər, qarşılarındakının tələ olduğu qənaətinə gələrdilər. Culiya hiss elədi ki, bir xeyli məsələlərə nöqtə qoymaq zamanı yetişib. O, necə deyərlər, suda boğulana əl uzatmalıydı.
Culiya astadan:
- Artıq gecdi, - dedi. - Mən evə gedim. Amma əvvəlcə təzə aldığınız şəkli göstərin.
Çarlz ayağa duranda Culiya divandan qalxmasına kömək eləmək üçün hər iki əlini ona uzatdı. Onlar yuxarı qalxdılar. Çarlzın səliqəylə qatlanmış xalatıyla pijaması stulun başındaydı.
- Siz subaylar özünüzə yaman qulluq eləyirsiz. Necə də rahat, yaraşıqlı yataq otağınız var.
Çarlz çərçivəyə salınmış şəkli divardan işığa tərəf gətirdi. Bu, ləçəkdə və enli ətəkli, yaxası açıq paltarda olan kök bir qadının karandaşla çəkilən şəkliydi. Qadın Culiyanın gözünə kifir, don gülməli göründü. Culiya ucadan:
- Qiyamətdi, - dedi.
- Bilirdim ki, xoşunuza gələcək. Yaxşı şəkildi, eləmi?
- Heyrətamizdi.
Çarlz şəkli qaytarıb mıxdan asdı. Təzədən Culiyaya sarı dönəndə gördü ki, o, çarpayının yanında xacənin qiymət vermək üçün baş vəzirin yanına gətirdiyi kəniz kimi dayanıb. Onun bu duruşunda valehedici bir tərəddüd var idi. Elə bil özünü bu saatca arxasıüstə çarpayıya yıxmağa hazır dayanmışdı, amma bununla yanaşı həm də elə bil kraliçalığın astanasında dayanan bakirə qız idi. Culiya dərindən ah çəkdi.
- Əzizim, necə də gözəl gecə idi. Mən hələ bu vaxtacan özümü sizə belə yaxın hiss eləməmişdim.
Culiya əlini ağır-ağır arxadan gətirib özünün anadangəlmə heyrətamiz ritm duyumuyla ovucları açıq halda elə irəli uzatdı ki, elə bil orda gözlə görünməyən qiymətli qab tutmuşdu, qabın içində də ona hədiyyə etdiyi ürəyi var idi. Culiyanın gözəl gözləri itaətlə və nəvazişlə baxırdı, dodaqlarından utancaq bir təbəssüm boylanırdı. Culiya təslim oldu.
Culiya Çarlzın sifətinin donub qaldığını gördü. Nəhayət, hər şey Çarlza aydın oldu, özü də necə!
("İlahi, mən ona lazımam! Bütün bunlar hamısı oyun imiş") Siftə-siftə bu kəşfdən büsbütün sarsıldı.
("İlahi, bunun altından necə çıxım? Yəqin mən lap səfeh yerində görünürəm!")
Culiya az qala həm mənən, həm cismən müvazinətini itirəcəkdi: Nəsə fikirləşmək lazım idi, özü də yubanmadan. Çarlz qarşısında dayanıb yaxşı gizlədə bilmədiyi çaşqınlıqla ona baxırdı. Culiya özünü itirmişdi. Qiymətli qabı tutan bu əliylə nə eləsin? Tanrı şahiddi ki, əlləri böyük deyil, amma indi onlar ona kolbasa bişirilən yerdə qarmaqdan asılan qaxac budlar kimi görünürdülər. Çarlza nə deyəcək? Saniyələr ötdükcə düşdüyü vəziyyəti və duruşu daha da dözülməz olurdu.
("Murdarın biri murdar! Bu illər uzunu məni axmaq yerinə qoymaq!")
Culiya yeganə mümkün qərarı qəbul etdi. O, bu duruşunu saxladı. Öz-özlüyündə tələsməməyi lazım bilib ovuclarını birləşdirdi, barmaqlarını daraq eləyib başını arxaya atdı və əlini ağır-ağır boğazına tərəf apardı. Bu duruş da əvvəlki kimi çox gözəl idi və həm də Culiyaya danışmaq imkanı verirdi. Onun dərindən, ucadan gələn səsi aşıb-daşan hisslərindən əsirdi.
- Ötən günlərimizi yada salanda sevinirəm ki, bizim o keçmişimizdə bir-birimizi qınamaq üçün səbəb yoxdu. Həyat bizim özümüzün yox, məhəbbətimizin öləri olduğuna görə acıdı. ("Buna oxşar bir şey hansısa pyesdə var"). Əgər məşuqəniz olsaydım, çoxdan sizi bezdirmişdim. İndiyə nə qalardı? Yalnız öz zəifliyimə heyifslənmək. Şellinin o misrasını təkrar eləyin, indicə mənə oxuduğunuz həmin o "...xoş günlərə qonaq..."
Çarlz düzəliş verib:
- Kitsin misrasıdı, - dedi- "...xoş günlərə qonaq məhəbbətin də əbədi və nurludu..."- Belə, belə. Bəs əvvəli?
Culiya vaxt udmalıydı.
- "...nə qədər canın sulu, ruhun durudu...".
Culiya əllərini geniş açıb tellərini yellətdi. Bu an üçün ən lazımlı jest idi.
- Tamamilə doğrudu. Əgər ani ehtirasa qurban gedib dostluğumuzun bizə bəxş etdiyi bu böyük xoşbəxtlikdən özümüzü məhrum etsəydik nə qədər axmaq bir iş görmüş olardıq. İndi heç nədən utanmalı deyilik. Biz təmiz qaldıq. Biz bütün dünyanın düz gözünün içinə baxmaqdan qorxmadan başımızı dik tutub gəzə bilərik.
Culiya daxilən hiss elədi ki, bu, pərdənin enməsi ərəfəsində sonuncu replikadı. Ardınca sözlərinə jestlə dayaq verərək, başını dik tutub qapıya tərəf getdi və onu taybatay açdı.
Onun oynamaq həvəsi elə güclüydü ki, bu mizansəhnə ovqatı pilləkənin ən sonuncu pilləsinə qədər davam elədi. Orda bu ovqatı çiynindən atdı və kölgə kimi ardınca düşən Çarlza sarı dönüb qeyri-adiliklə:
- Mənim bürüncəyimi - dedi.
Çarlz onu geyindirə-geyindirə:
- Maşın gözləyir, - dedi, - mən sizi evinizə qədər ötürəcəm.
- Yox, icazə verin, tək gedim. Mən bu axşamı ürəyimə möhürləmək istəyirəm. Ayrılıq öncəsi məni öpün.
Çarlz Culiyanın uzatdığı dodaqlarını öpdü. Culiya hönkürtüsünü zorla içində boğub ondan qopdu və bir hərəkətlə çıxış qapısını açıb onu gözləyən avtomobilə sarı qaçdı.
Evə çatıb öz yatağına girəndə içindən ona yüngüllük gətirən xırıltılı hıçqırtı qopdu.
"Ağılsız qadın. Bu nə səfehlik idi. Şükür ki, yaxşı qurtardım. O lap eşşəkmiş, yəqin nəyə işarə vurduğumu başa düşmədi". Amma hər halda, Çarlzın donmuş təbəssümü Culiyanı şübhələndirmişdi. "Ola bilsin o, əvvəl-əvvəl nəsə güman eləmişdi, amma sonra səhv elədiyinə tamamilə əmin olmuşdu. İlahi, mənim ağlım nədən belə azmışdı?! Xoşbəxtlikdən hər şey yaxşı qurtardı, onun xəbəri belə olmadı. Yaxşı ki, vaxtında ayıldım. Bir dəqiqə də ötsəydi paltarım əynimdən çıxacaqdı. Zarafat məsələ deyil".
Culiya güldü. Əlbəttə, alçaldıcı vəziyyət idi, o, axmaq yerində qalmışdı, amma əgər səndə azca da olsa yumor hissi varsa, hər şeydə gülməli bir şey tapa biləcəksən. Heyif ki, kiməsə ürəyini boşalda bilməz. Özünü gülünc yerinə qoysa da, bu çox əla əhvalatdı. Yalnız bir şeylə barışa bilmirdi. O, Çarlzın illər uzunu əbədi məhəbbət mövzusunda oynadığı komediyaya inanmışdı. Əlbəttə, bu, görüntü imiş. Sadiq aşiq rolunda olmaq Çarlza, sadəcə xoş gəlirmiş və ondan ötrü belə görünür, bu sədaqətinin mükafatlandırılması heç də əsas deyilmiş.
"Məni barmağına doladı, burun dəsmalı kimi silib atdı!"
Qəflətən ağlına gələn fikirdən Culiyanın çöhrəsindəki təbəssüm qeyb oldu. Əgər kişi qadının intim təklifindən imtina edirsə, onda iki məsələdən biridi: ya o, homoseksualdı, ya da impotentdi. Culiya fikirli-fikirli siqaretini yandırdı. Özünə sual etdi: bəlkə, Çarlz meyilli olduğunu gizlətmək üçün ondan istifadə etmişdi? Culiya başını buladı. Yox, belə bir şey olsaydı, kimsə ona işarə eləyərdi. Müharibədən sonra cəmiyyət içində söhbətlər demək olar ki, ancaq bu mövzularda idi. Amma o, impotent ola bilərdi. Culiya onun yaşını hesabladı. Zavallı Çarlz! Yenidən gülümsədi. Əgər doğrudan da belədisə, onda Culiya yox, o özü naqolay, hətta gülməli vəziyyətdə qalmışdı. Güman ki, o yazıq quzu qorxudan lap ölübmüş. Aydın məsələdi ki, bu, kişinin həvəslə etiraf edəcəyi məsələ deyil, üstəlik, əgər kişi qadına dəlicəsinə vurulubsa. Culiya bu haqda daha çox fikirləşdikcə, bu izahat ona daha inandırıcı görünürdü. Onun Çarlza lap ana kimi yazığı gəldi.
Soyunmağa başlayıb ürəyində öz-özüylə danışdı: "Nə edəcəyimi bildim. Sabah ona ağ zanbaqlardan bağlanan böyük bir dəstə göndərəcəm.

DİGƏR MƏQALƏLƏR