DEBÜT
Dino Butsati, Yaroslav Qaşek

1989-cu ildə İsmayıllı şəhərində anadan olmuşam. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıram, eyni zamanda Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunda media monitoru işləyirəm.

Bədii ədəbiyyat məni hərfləri tanımağa başladığım gündən cəlb edib. Mütaliəyə dərslərdən də çox maraq göstərirdim.
Sonralar bir oxucu kimi mütaliədən aldığım həzzi başqa oxucularla bölüşmək istəyərək ilk dəfə bədii tərcüməyə maraq göstərdim. Üzərimə götürdüyüm işin məsuliyyətli olduğunu anlayıram - axı oxucuda ilk dəfə tanış olduğu yazıçı haqqında düzgün təəssürat oyatmaqda tərcüməçinin də müəyyən rolu var. Tərcüməçi əsəri tərcümə etməzdən əvvəl yazıçının həyatına və ədəbi irsinə hərtərəfli bələd olmalıdı.
Özümü peşəkar hesab etmirəm, bu yolda hələ ilk addımlarımı atıram. Qələm adamlarının və oxucuların fikirlərini eşitmək mənə sonsuz məmnunluq gətirərdi.

 

Dino Butsati


1906-cı il də Belluno kommunasının San-Pelleqrino məhəlləsində dünyaya gəlib. Milanda təhsil alıb hüquq diplomuna yiyələnir, 22 yaşında ən nüfuzlu İtalyan qəzetində - Milanın "Korryere della Sera" qəzetində işə düzəlir. 30-cu illərin əvvəllərində Butsatinin "kafkasayağı" tərzdə qələmə aldığı ilk romanları meydana gəlir. İkinci Dünya Müharibəsi illərində İtaliya Kral Hərbi Dəniz Qüvvələrinin tərkibində Afrikada jurnalist kimi fəaliyyət göstərir. 1943-cü ilin sentyabrında Milana qayıdır və qəzetdə redaktor işləyir. "Sevgi" romanı 1963-cü ildə işıq üzü görür.
Daha çox romançı və dramaturq kimi nüfuz qazanmışdır. Butsati nəsri fantastikaya meyl edir, bu mənada onu çox zaman Edqar Po və Kafka ilə müqayisə edirlər. Onun yaradıcılığında praktik olaraq hər zaman fövqəltəbii nəsə mövcuddur. Məşhur romanlarından birində - "Tatar səhrası"nda (1940) - səhranın sərhədində hamı tərəfindən unudulmuş istehkamdan bəhs edilir. İstehkamda olanlar hər an səhradan hücum olacağını gözləyirlər və özlərini ölkənin xilaskarı hesab edirlər. Heç kim qalanı atıb gedə bilmir. Kitab əsasında Valerio Dzurlininin eyni adlı filmi çəkilmişdir (1976). "Kolombr", "Yeddi Çapar" hekayələrinin qəhrəmanları öz ideyalarının qulu və qurbanlarıdır.
Müəllif öz kitablarına illüstrasiyalar çəkmiş, teatrda işləmiş, bir neçə pyes və radio tamaşası yazmış, bunlarla yanaşı, libretto, şeir və hekayələr qələmə almışdır. Butsatinin sağlığında Milanda onun şəxsi sərgisi keçirilmişdir.
"Altmış hekayə" kitabına görə Streqa mükafatçısıdır (1958). Bir çox əsərləri ekranlaşdırılmışdır. "Maraqlı olay" dramını (1953) Alber Kamyu 1956-cı ildə fransız dilinə tərcümə etmişdir. "Tatar səhrası" romanını Borhes öz şəxsi kitabxanasında saxlamışdır.
Dino Butsati 1972-ci ildə Milanda mədəaltı vəzin xərçəngindən dünyasını dəyişmişdir.

 

Yeddi çapar

(hekayə)

Atamın krallığını yoxlamaq üçün yola düşüb hər gün şəhərimizdən daha çox uzaqlaşıram; oradan gələn xəbərlər isə get-gedə seyrəlir.
Səyahətə yaşım otuzdan bir qədər ötəndən sonra başlamışam. Budur, artıq otuz səkkiz yaşım var. Dəqiq desək, səkkiz il altı ay on beş gündür daim yoldayam. Evi tərk edəndə fikirləşirdim bir neçə həftəyə heç bir çətinlik çəkmədən krallığın sərhəddinə çatacağam, ancaq qarşıma hey yeni yaşayış məskənləri çıxır, hamısında da mənim dilimdə danışırlar, mənim təbəələrim olduqlarını deyirrlər.
Hərdən mənə elə gəlir coğrafiyaşünasımın kompası havalanıb, düz cənuba getdiyimizi düşündüyümüz halda, əslində dövrə vururuq, bizimlə paytaxt arasındakı məsafə də dəyişilməz qalır; yəqin ona görə krallığın hüdudlarına heç cür yetişə bilmirik.
Lakin tez-tez məni bir fikir narahat edir: bəlkə elə krallığın sonu yoxdur, o sərhədsizdir, nə qədər irəli getsəm də, heç vaxt məqsədimə çatmayacağam.
Səyahətə otuz yaşımda başlamışam - bəlkə bu, çox gecdir? Dostlarım və doğmalarım mənim planlarımı həyatımın ən yaxşı dövrünün mənasız hoqqabazlıqları hesab edərək gülürdülər. Həqiqətən də, təbəələrimin çox az bir hissəsi mənə yoldaş olmağa razılıq vermişdi.
Mən dərdsiz-qəmsiz adam olsam da - indi elə demək olmaz! - səfər zamanı yaxınlarımla əlaqə saxlamaq üçün mühafizə dəstəsindən yeddi ən yaxşı süvari seçərək özümə çapar götürmüşdüm.
Təcrübəsizlikdən elə düşünürdüm yeddi çapar artıqlaması ilə bəs edəcək. Amma vaxt ötdükcə əmin oldum ki, onların sayı gülməli dərəcədə azdır; özü də çaparların heç biri bir dəfə də olsun xəstələnməmişdi, quldurların əlinə keçməmişdi və atını yorub yolda qalmamışdı. Yeddi çaparın yeddisi də mənə elə mətanətlə, sədaqətlə xidmət edirdi, çətin ki, nə vaxtsa onları mükafatlandırıb xidmətlərinin əvəzini ödəyə biləydim.
Çaparları ayırd etmək asan olsun deyə, onlara əlifbanın ilk yeddi hərfi ilə başlayan adlar vermişdim (Latın əlifbasını nəzərdə tuturam.): Alessandro, Bartolomeo, Kayo, Domeniko, Ettore, Federiko, Qreqorio.
Doğma evimdən nadir hallarda ayrılırdım, ona görə səksən mil məsafə qət edər-etməz, ikinci gün axşama yaxın Alessandro ilə evə məktub yolladım. Növbəti axşam əlaqəni kəsməmək üçün ikinci çaparı yolladım, ardınca üçüncünü, dördüncünü və beləcə səyahətin səkkizinci gününədək sonuncunu - Qreqorionu da evə göndərdim. Birinci göndərilən hələ gəlib çıxmamışdı.
Alesssandro bizi onuncu gün gecələmək üçün kimsəsiz bir dərədə düşərgə saldığımız zaman haqladı. Onun gözlədiyimdən ləng tərpəndiyini düşündüm; axı hesab edirdim ki, əla yorğa yerişli atla təkbaşına, hamımızın bu müddət ərzində qət etdiyimiz məsafədən iki qat artığını gedə bilər. O isə bu yolu vur-tut orta sürətlə qət eləmişdi: biz qırx mil getmişdiksə, o, cəmi altmış mil getmişdi.
Qalanlarıyla da eyni cür oldu. Səfərimizin üçüncü axşamı şəhərə göndərilən Bartolomeo yalnız on beşinci gün qayıtdı. Dördüncü axşam yola salınan Kayo da iyirminci gün geri döndü. Tezliklə mən anladım - növbəti çaparın nə vaxt qayıdacağını bilmək üçün yolda keçirdiyimiz günlərin sayını beşə vurmaq kifayətdir.
Ancaq biz paytaxtdan uzaqlaşdıqca hər çaparın yolu daha da uzanırdı və səyahətin əllinci günü onların gəlişi arasındakı vaxt nəzərə çarpacaq dərəcədə artmağa başladı. Əgər əvvəl düşərgəyə beşinci gün qayıdırdılarsa, indi artıq iyirmi beşinci gün qayıdırdılar. Beləliklə, mənim şəhərimin səs-sorağı kəsilməyə başladı; bəzən həftələrlə oradan xəbər tuta bilmirdim.
Yarım il beləcə keçdi. Biz Qırqovul dağlarını aşmışdıq, çaparların gəlişi arasındakı vaxt isə artaraq dörd aya çatmışdı. Onların gətirdiyi xəbərlər də köhnəlmiş olurdu - zərflər əzik-üzük halda, çox vaxt da çaparlar açıq səma altında gecələdiklərindən, üstündə kif ləkələri ilə mənə çatırdı.
Ancaq biz yolumuzdan qalmırdıq. Əbəs yerə özümü inandırmağa çalışırdım ki, başım üzərində qaçışan buludlar mənim uşaqlıqda gördüyüm buludlardır, uzaqlarda qalmış şəhərimizin səması yuxarıda gördüyüm mavi günbəzə bənzər səmanın eynidir, hava da həmin havadır, yel də həminki kimi əsir, quşların da səsi həminkidir. Amma buludlar da, səma da, hava da, külək də, quşlar da başqa idi, elə mənim də onlara yad olduğum duyulurdu.
İrəli, yalnız irəli! Düzənliklərdə rast gəldiyimiz sərsərilər bizə deyirdilər ki, sərhədə az qalıb. Mən adamlarımın inamsızlıq dolu səslərini batıraraq onları təslim olmamağa səsləyirdim. Səfərə çıxmağımdan dörd il keçmişdi. Yol necə də uzun imiş! Paytaxt, evim, atam - hər şey sirli şəkildə məndən uzaqlaşmışdı, onların mövcudluğuna indi, az qala, şübhə edirdim.
Çaparlarımın gəlişi arasında indi iyirmi aylıq sükut və tənhalıq hökm sürürdü. Onlar rəngi saralmış qəribə məktublar gətirirdilər, orda unudulmuş adlara, mənə tanış olmayan ifadələrə, anlamadığım hisslərin təzahürünə rast gəlirdim. Növbəti gün səhər yenidən yola düşdüyümüz zaman bircə gecə istirahət etməyə güclə macal tapmış çapar mənim çoxdan yazdığım məktubu çatdırmaq üçün geri qayıdırdı.
Səkkiz il yarım ötmüşdü. Bu gün axşam tənha şam elədiyim zaman çadıra Domeniko girdi. Yorğunluqdan güclə ayaq üstündə dayanmasına baxmayaraq, gülümsəməyə özündə güc tapmışdı. Onu, demək olar, yeddi iliydi görmürdüm. Bütün bu uzun illər ərzində o, çöllərdən, meşələrdən, səhralardan keçmişdi, kim bilir məktublarla dolu bu bağlamanı gətirənədək neçə at dəyişmişdi; mənsə onu açmaq belə istəmirəm. Domeniko dərhal yatmağa getdi ki, sabah hava işıqlaşan kimi geri dönsün.
O, axırıncı dəfə gedir. Öz qeyd dəftərçəmdə hesablamışam ki, hər şey qaydasında olarsa və mən də, o da həmişəki kimi yolumuza davam edəriksə, onu bir də otuz dörd ildən sonra görəcəyəm. Onda mənim yetmiş iki yaşım olacaq. Lakin artıq yorğunluq hiss edirəm və ölümün məni onun gəlişindən əvvəl haqlayacağı da istisna deyil.
Otuz dörd ildən sonra Domeniko mənim düşərgəmin işıqlarını görəndə həmişəkindən az yol getdiuimə təəccüblənəcək. Sevimli çaparım bugünkü kimi zamanın saraltdığı, artıq yaddaşlardan silinmiş mənasız xəbərlərlə dolu məktublarla çadıra daxil olacaq və məni hər iki tərəfdən əllərində məşəllər tutmuş iki əsgərin arasındakı yürüş taxtında hərəkətsiz uzanmış görəcək.
Nə olur-olsun, get, Domeniko, mənim qəddarlığımdan şikayətlənmə! Doğma şəhərə mənim sonuncu salamımı yetir. Haçansa mənim də olan dünyayla sən mənim yeganə ünsiyyət vasitəmsən. Sonuncu dəfə aldığım məktublardan bilirəm ki, orda çox şey dəyişilib - atam dünyadan köçüb, taxt-tac böyük qardaşıma verilib, uşaqlıqda altında oynamağı çox sevdiyim palıd ağaclarının yerində indi daş binalar ucaldılıb. Bütün bunlara baxmayaraq ora mənim doğma yurdumdur. Sən onların hamısı ilə sonuncu bağsan, Domeniko. Allahın izni ilə bir il səkkiz aydan sonra gəlməli olan beşinci çapar Ettore daha geri qayıda bilməyəcək, çünki onsuz da mənim yanıma yetişə bilməyəcək. Səndən sonra sükut çökəcək, Domenikom mənim, - məgər mən o istəkli sərhədə çatacağam? Ancaq nə qədər irəli gedirəmsə, sərhədlərin olmadığını bir o qədər dərk eləyirəm.
Mənə elə gəlir sərhədlər, adətən, biz onu anladığımız mənada mövcud deyil. Nə hündür sədd var, nə keçilməz bataqlıq, nə aşılmaz dağ. Ola bilsin, hiss etmədən sərhədləri ötürəm və heç nə unamadan yenə irəli gedəcəyəm.
Bax, buna görə də düşünürəm ki, Ettore və ardınca da qalan çaparlar qayıtdığı zaman mən onları yenidən paytaxta yollamayacağam, əksinə, yeni yerlərdə məni nə gözlədiyini əvvəlcədən bilmək üçün irəli göndərəcəyəm.
Neçə vaxtdır ki, axşamlar mənə qeyri-adi həyəcan hakim kəsilir; bu, səyahətin əvvəlində olduğu kimi keçmiş xoşbəxt günlərin qüssəsi deyil, üz tutduğumuz, səbirsizliklə gözlədiyim yad torpaqlarla tanış olmaq arzusudur.
Heç kimə etiraf etməsəm də inandırıcı olmayan məqsədimizə yaxınlaşdıqca, səmanın qeyri-adi bir tərzdə işıqlandığını sezirəm - belə bir şeyi mən yuxumda da görməmişəm; bu bitkilər, dağlar, üstündən adladığımız çaylar sanki bambaşqa, öyrəşmədiyimiz bir maddədən yaranıblar və nəyinsə baş verəcəyi get-gedə mənə hakim kəsilir.
Səhər tezdən yeni ümidlər məni irəli - indi gecənin zülmətində uyuyan insan ayağı dəyməmiş dağlara səsləyəcək. Mən yenə düşərgəni ayağa qaldıracağam, Domeniko isə əks tərəfə hərəkət edərək mənim heç kimə lazım olmayan məktubumu uzaqlarda qalan şəhərə çatdırmaq üçün üfüqdə gözdən itəcək.

 

 

Yaroslav Qaşek


Məşhur çex yazıçısı Yaroslav Qaşek (1883 - 1923) Praqada mü əllim ailəsində dünyaya göz açıb. Nümayişdə iştirakına görə gimnaziyadan xarij olunan Qaşek 18 yaşından çap olunmağa başlayır. Yazıçının dünyagörüşünün formalaşmasında onun Avstriya-Majarıstanın tərkibində olan Çexiya, Majarıstan, Qalisiya kimi ölkələrə səfəri, həmçinin sonradan ayrıldığı anarxistlərlə görüşləri əsas rol oynamışdır.
Birinji Dünya müharibəsi onun həyatında kəskin dönüş yaradır. Rus ordusuna əsir düşən Qaşek Rusiyada yaradılan Çexoslovakiya legionuna daxil olub, inqilabi hərəkata kömək etmək üçün partiya tərəfindən 1920-ji ildə Praqaya göndərilir. Lakin o zaman inqilab dalğası artıq zəifləmişdi və burcua mətbuatının tənqidlərinə tuş gələn yazıçı Praqadan getməyə məjbur olub, Qavliçkov Brod şəhərində romanı üzərində işləməyə başlayır.
Qaşekin ədəbi irsi satirik və yumoristik hekayələrdən ibarətdir. 1921 - 1923-jü ildə çap olunan «Jəsur əsgər Şveykin majəraları» romanı onun ən məşhur əsəri sayılır. Şveyk bu gün dünya ədəbiyyatı qəhrəmanları arasında özünəməxsus yer tutur.

 


Sosial bərabərsizlik
(hekayə)


Prikazçik Nikles və təsərrüfat rəhbəri Passeri bir-birinə gözəgörünməz tellər möhkəm bağlayırdı. Hər gün "Tisk" pivəxanasında otururdular; o qədər ayrılmaz cütlük hesab olunurdular ki, kənddə kiminsə hər hansı fırıq işi olanda, prikazçik Nikles və təsərrüfat rəhbəri Passerin ayağına yazırdılar. Prikazçik Nikles təsərrüfat rəhbəri Passeri çox sevirdi, ancaq hərdən onların da arasından qara pişik keçirdi. Niklesin üzü tez-tez qaşqabaqlı ifadə alırdı və altdan-altdan hiddətlənirdi.
İkisi də "Tisk" pivəxanasında oturar, birlikdə içərdilər, sonra da, adətən, gecə kənd strajnikini tutaraq arxa saldıqlarını xatırlayıb gülərdilər. Bu cür "şənlikdən" sonra həmişə kənddə deyirdilər ki: "Dünən prikazçik Nikles donuz kimi sərxoş idi, cənab təsərrüfatçı isə bir qədər kefli idi".
Əslində isə onlar eyni cür içərdilər, içdikləri də beyinlərinə eyni cür təsir eləyərdi. Lakin hamı yenə eyni sözü deyirdi. "Prikazçik Nikles donuz kimi sərxoş idi, cənab müdirsə bir qədər kefli idi".
Prikazçik Nikles bu cür ədalətsizliyə görə özündən çıxırdı. Bir dəfə hətta qərara aldı ki, sərxoş olmamaq üçün nəfsini saxlasın. Passer üç parc pivə içəndə o yalnız birini içdi. Axşama yaxın Passer artıq otuz, Nikles isə cəmi on parç içmişdi və həmişəki hoqqabazlıqlara baş qoşmaqdan da imtina etmişdi.
O, cənab təsərrüfatçının qoluna girmişdi, bu axşam sakit və fikirli idi, özünü təəccüblü dərəcədə nəzakətli aparırdı. Təsərrüfatçı isə, əksinə, qışqırmaqdan boğazını yırtır, pivəxana sahibi pan Tiski söyüb yamanlayırdı. Buna baxmayaraq, növbəti gün Nikles eşitdi ki, Tisk dünən onların pivəxanada özlərini necə apardıqları barədə soruşanlara belə cavab verib: "Hmm, bilirsiz, prikazçik Nikles donuz kimi sərxoş idi, cənab təsərrüfatçı isə bir qədər kefli idi".
Nikles anladı ki, bütün bunların günahı sosial bərabərsizlikdədir və o heç cür cənab təsərrüfatçının tayı ola bilməz. O çox istəyirdi heç olmasa bir dəfə də desinlər: "Hə, prikazçik kefli idi, cənab təsərrüfatçı isə donuz kimi sərxoş idi".
Lakin onun arzusu yerinə yetmirdi. Kənddə yenə əvvəlki qaydada danışırdılar: cənab təsərrüfatçının hörmətini saxladığından Nikles çox az içdi. Amma evə ğedəndə təsərrüfatçıdan həmişə eyni qanqaraldıcı sözləri eşitdirirdi:
- Görürsən, mən yenə öz kefimdəyəm.
Prikazçik Nikles başa düşdü ki, xeyri yoxdur - nə qədər az içir-içsin, həmişə "donuz kimi sərxoş" olacaq, cənab təsərrüfatçı isə "bir qədər kefli" kimi də qalacaq.
Günlərin birində təsərrüfatçı və Nikles o ki var içdilər. Prikazçik bilirdi ki, onsuz da buna görə heç nə itirməyəcək. Təsərrüfatçı isə öz ad-sanına arxayın olaraq həmişəki sayğısızlıqla pivə parçını başına çəkirdi. Sonra onlar kəndin içindən keçəndə, küçə ilə gedən forma geyinmiş bir nəfəri fərqinə varmadan tutub gölə atdılar. Bu, adi dələduzluqlardan biri idi və belə əməllərə görə təsərrüfatçı hər gün kənd strajnikini pivə və siqara qonaq edirdi.
Deyirlər, heç kim öz taleyindən qaça bilməz. Onlar da qaça bilmədilər. Sən demə, həmin şəxs kənd strajniki deyil, ərazisini yoxlamadan keçirən jandarm imiş. Həm də qanunun 81-ci - rəsmi şəxslərə əl qaldıranların layiqli cəza almasını nəzərdə tutan maddəsini qoruyur.
Tezliklə hər iki dələduz dairə məhkəməsinə çağırıldı. İkisi də sərxoş olduqlarını səbəb gətirərək hərəkətlərinə bəraət qazandırmağa çalışdılar, pivəxananın sahibi, kəndxuda və onların otuz parç pivəni necə içdiklərini gözləri ilə görən üç nəfər kəndli də şahid durdu.
Əvvəlcə pivəxana sahibi pan Tiski dindirdilər.
- Demək belə, cənab şahid, - hakim dilləndi, - Nikles sizin restorandan çıxanda nə vəziyyətdə idi?
- Mən deyərdim, Nikles donuz kimi sərxoş idi, - deyə Tisk cavab verdi.
- Bəs təsərrüfatçı Passer necə?
Tisk ehtiramla təsərrüfatçıya baxaraq dedi:
- Cənab, pan Passer bu dəfə azca kefli idi.
Bütün ifadələr protokollaşdırıldı.
Növbə digər şahidlərə çatanda onlar da eyni sözləri təkrarladılar: "Prikazçik donuz kimi sərxoş idi, pan Passer isə bir qədər kefli idi".
Əhvalat hakimlərə aydın oldu və onlar "bir qədər kefli" olduğu üçün təsərrüfatçıya bir ay həbs cəzası kəsdilər, "sərxoş donuz Nikles" isə içkili vəziyyətdə hərəkətlərinə cavabdeh ola bilmədiyi üçün məsuliyyətdən azad edildi. Məhkəmənin qərarı elan olunduqdan sonra prikazçik Nikles daha bir açıqlamadan məmnun qaldı: qərarı eşidər-eşitməz təsərrüfatçı Passer ucadan qışqırdı: "İsa-Məryəm, panlar, axı mən də donuz kimi sərxoş idim!"

Lakin bu etiraf məhkəmə qərarını dəyişdirə bilmədi.

 

Qorjitski qradonaçalniki ilə söhbət
(hekayə)

Qorxuram birdən Qorjitski şəhərinin rəisinin mənə acığı tuta. Ancaq nə edəsən! Yazsam ki, əhvalat Kolində, Kut dağında və ya Çexiya Budeyovitsalarında baş verib, o zaman oradakı şəhər rəisləri məndən inciyəcəklər. Əslində, bütün Çexiya və Moraviyada qradonaçalniklər, çox kiçik istisnalar olmaqla, doğma qardaş kimi bir-birlərinə bənzəyirlər; təkcə qarınlarında fərq var - bəzilərininki iridir, bəzilərininki ortabab.
Hə, qayıdaq əsas məsələyə.
Qorjitski qradonaçalniki yerli qəzet redaktorunu yanına çağırmışdı.
Axşama yaxın öz məmuruna saymazyana dedi:
- Sabah saat onda redaktor burda olsun.
Gecə ilə polislər redaktoru isti yatağından qaldırıb bölməyə apardılar. Səhər saat onda onu qradonaçalnikin kabinetinə ötürdülər.
Özünü itirmiş redaktor yaxalıqsız idi, gecə ona özünü qaydaya salmağa macal verməmişdilər. Şalvarı düşməsin deyə, əliylə tutmuşdu - aşırmalarını almışdılar ki, özünü asıb intihar etməsin. Elə bir görkəmi vardı, sanki bu saat dar ağacından xilas olub.
Qradonaçalnik şəstlə redaktorun qarşısında dayanmışdı, yuxarıdan aşağı bu miskin soxulcana - redaktora baxırdı.
"İlahi, - qradonaçalnikin parlaq düyməli mahud formaya sığmayan yoğun qarnına baxa-baxa redaktor düşündü, - qarnıyla məni zərblə divara qısnasa, xırda cücü kimi əzilərəm".
Qradonaçalnik isə hələ də iti baxışlarla redaktoru süzürdü və o da bu baxışların mənasını yaxşı anlayırdı: "Sənin canın mənim əlimdədir, həşəratcığaz, bircə dəfə səni vursam - canın çıxar".
Bu, hakimiyyətlə gücsüzün mübarizəsi idi. Fil və böcəyin mübarizəsi... Böcək! - elədir ki var, - bu, qradonaçalnikin axtardığı söz idi.
- Siz böcəksiz, cənab redaktor! Qəzetinizin axırıncı nömrəsində "Qayğıkeş təsərrüfatçılara məsləhət və göstərişlər" rubrikasında nə yazmısız? Kimə lazımdır sizin bu ən yaxşı növ meyvə ağaclarının siyahısı? Almalardan qışlıq qızıl parmeni məsləhət görürsüz və yazırsız ki, Fransada bu ren-de-renet adlanır. Ardınca bel-de-bo-skop-u və fondante-de-bua-nı - "meşə gözəli"ni reklam edirsiz, sonra da Amerika armudu aydaho və İngiltərə uaylder-erlisini. Bunlar ki dövlət çevrilişləridir! Bəs fransız gavalısını niyə tövsiyə edirsiz? Biz hər şeyi bilirik, cənab redaktor! Eyni qayda ilə Amerika mənşəli yaşıl "Vaşinqton" renklodunu tərənnüm edirsiz. Təbii ki, Avstriya növləri haqqında susursuz. Niyə yazmırsız ki, tirol ranetləri necə yaxşıdır? Ona görə ki, özlüyünüzdə düşünürsünüz: "Bu tirolların lap zayı çıxıb". Niyə zayı çıxıb? Ona görə ki, tirollar monarx uğrunda canlarından keçməyə hazırdırlar. Bəs kassel raneti? Onu niyə məsləhət görmürsüz? Çünki yaxşı bilirsiz ki, Kassel - alman şəhəridir, sizsə onların məğlubiyyətini görmək istəyirsiz. Elə ona görə də qravenşteyn almasını da rədd edirsiz, çünki qravenşteyn qusarlarının devizi sizin məsləkinizlə daban-dabana ziddir: "Tanrı, kayzer və vətən uğrunda!" Belə görürəm ki, qraf Altan gavalısı da sizin ürəyinizcə olmaz - qraf Altan Avstriya generalı olub, sizinsə düşüncənizə bircə fikir hakim kəsilib: görüm allah lənət eləsin bütün Avstriya generallarına. Odur ki, təkrar edirəm, fransız və amerikan gavalılarını, ingilis armud və almalarını tərifləyirsiz, istəyirsiz ki, oxucularınız yalnız bir şey düşünsün: "Bircə Fransa, Amerika və İngiltərə Almaniya və Avstriyanın dalından tez dəyəydi!"
Hələ bir bu məqalənizə nəzər salın: "Arpanın müxtəlif növləri üçün hansı torpaq sahələri yararlıdır?"
Yazırsız ki, yaxşısı budur Çexiyada "şevalye" adlanan fransız sortu becərilsin. Hm, demək, Çexiya və Fransa! Əla! Çox gözəl anlayırıq daşı kimin bostanına atırsız. Tək biz yox e, bunu hamı bilər. "Gül-çiçək həvəskarları" məqaləsində qırmızı, göy və ağ pelarqoniyalardan söz açırsız - bunlar qadağan olunmuş slavyan rəngləri deyilmi?
"Çili şorası - kartof üçün ən yaxşı gübrədir" nə deməkdir? İmperiyamızı barıtın ən əsas tərkib hissəsindən ayırmaqmı istəyirsiniz?
"Kartofu qüvvətsiz torpaqda əksən, şoranı birbaşa çalaya töküb doldurmaq olar..."
Biz sizi yerinizə oturdarıq! Sizə qulaqburması verərik, cavan oğlan! Bəs bunun mənası nədir: "...don vurmuş meyvələri tez istifadə etmək lazımdı, yoxsa çürüyür və kiflənir". Yaxşı başa düşürük çürük meyvə dedikdə kimə eyham vurursuz. Baltanı kökündən çalırsız, hörmətli cənab! Məqalələrinizin nə kimi təsir qüvvəsinə malik olduğunu bir polis vaxmistrının Vodantsdan göndərdiyi bu məktub da təsdiq edir:
"Cürət edib "Qorjitski xəbərləri"ndəki "Zəydən istifadə" məqaləsini diqqətinizə çatdırıram. Orda belə deyilir: "Hərdən motmutu və qarağatda bir neçə günə bütün yarpaq və meyvələri məhv edən çoxlu xırda tırtıllar əmələ gəlir". Belə güman edirəm ki, bu ifadənin dalında siyasi məqsədlər dayanır, bu da indiki çətin dövrdə bizim Sadovodçeski diyarında qalmaqala səbəb ola bilər. Həmin nömrədə hələ bir yazı da var: "Saralmış paltarları necə qaynatmalı", onun da ardınca dərhal "Mürəkkəb hazırlanması haqqında bir neçə söz" gəlir. Bu iki rəngin ahəngi hər kəsin gözü önündə canlanır və açıq-aydın hiss olunur ki, əsas məqsəd imperiyanın sarı-qara bayrağını gülünc vəziyyətdə qoymaqdır.
Bir sözlə, sizin qəzetiniz vətənpərvərlik və loyallıqdan tamamilə uzaqdır. "İslanmış ayaqqabı" yazısında bir cümlə var: "Yaş ayaqqabını çıxardıqdan sonra məsləhətdir onun içini quru yulafla doldurasınız". İcazə verin nəzərinizə çatdırım ki, bu, birbaşa yulafın müsadirə olunmasına tabe olmamağa çağırışdır"... Belə-belə işlər, əzizim! Görün bir haralara əl atırsız.
Qradonaçalnik susub gözlərini "böcəyə" - redaktora zillədi. Bu, həmin təhlükəli an idi - fil yazıq cırtdanı əzib xurd-xəşil edə bilərdi. Lakin fil onun yanından keçdi. Masanın siyirməsini açıb ordan bir qalaq kağız çıxardaraq, təntənəli şəkildə redaktora təqdim etdi:
- Hər bir məqaləniz hakimiyyətə sədaqət və loyallıq ruhunda köklənməlidir. Burda bir neçə yerinə düşən təsərrüfat məsləhətləri və göstərişləri yazmışam. Bunlar gələn nömrədən qəzetinizin səhifələrində olmalıdır. Gedə bilərsiz.
Evə çatan kimi redaktor təlaşla məqaləni açıb oxudu:
"Ucuz hava məlumatlandırıcısı. Divardan üstündə mərhəmətli monarxın şəkli olan açıqca asın, monarxın başından bir mismar vurun. Qısa bir sap götürüb mismara dolayın, sapın ucundan bir ədəd qara-qırmızı rəngə boyanmış toyuq və ya qaz lələyi asın. Açıqcanın üstündə lələyin yerləşdiyi hissəyə nişan qoyun. Hava yaxşı olacaqsa, lələk qalxıb düz mərhəmətli imperatorun burnuna dəyəcək, yox əgər yağış yağacaqsa, əvvəlki yerindən bir qədər aşağı sallanacaq".
"Cır qələmələri peyvənd etmək üçün ucuz başa gələn mumu 50 qram küknar qatranı ilə 250 qram mal piyindən düzəltmək olar. Bunları əridilmiş halda qarışdırıb 26 qram qatı skipidar əlavə edin və bizim Avstriya himnimizi iki dəfə oxuyub qurtarana qədər yavaş-yavaş qarışdırmağa davam edin".
"Süd yayda turşumasın deyə, içinə bir ədəd yabanı qıtığotu yarpağı atın və hörmətli monarxımıza üç dəfə şükür edin".
Bunları oxuyan redaktor sarı kəndir götürüb qara soba borusundan özünü asdı.


Tərcümə etdi: Nərmin

DİGƏR MƏQALƏLƏR