NOBEL KÜRSÜSÜ
Yasunari Kavabata

(1899 - 1972)

«Yapon düşüncə tərzini ustalıqla ifadə etdiyinə görə» 1968-ci ildə Nobel mükafatına layiq görülən görkəmli yapon yazıçısı Yasunari Kavabata milli ədəbi ənənələrlə bağlılığıyla seçilir. Yapon dəyərlərini samuraylıqda görən bir çox yapon yazıçısından fərqli olaraq onun əsərlərində qəhrəman döyüşçü obrazı yoxdur. Kavabata adi adamların daxili dünyasını göstərməyə çalışıb.
Kosmos əsrində yapon adət-ənənələrinin itmək təhlükəsindən qorxan yazıçı öz əsərlərində xalqının özünəməxsus mədəniyyətini, mənəvi saflıq və zəriflik saydığı gözəllik haqqında təsəvvürlərini qabarıq şəkildə ifadə etmişdir.
Yasunari Kavabatanın «Minqanadlı durna», «Qarlı diyar», «Dağın səsi», «İdzulu rəqqasə» və bir çox başqa əsərləri, qəribə də olsa, zaman keçdikcə öz ölkəsində daha maraqla oxunur.

 

NOBEL NİTQİ


Yaponiya gözəlliyindən doğulanlar
(ixtisarla verilir)

Yazda - çiçəklər,
Yayda - qu quşu.
Payızda - Ay.
Ağappaq soyuq qar - qışda.

Dzen sənətkarı Dogen (1200 - 1253) yazdığı bu şeirin adını «Əzəli obraz» qoyub.

Qışda doğan Ay,
Buludların arxasından çıxıb
Məni ötürürsən.
Qar səni üşütmür?
Külək səni titrətmir?

Bu şeir isə müqəddəs Möenindir (1173 - 1232). Xatirə üçün nə isə yazmağımı xahiş eləyəndə, mən bu şeiri yazıram.

Mən də dağın arxasından çıxaram.
Sən də gəl, Ay.
Bu gecəni, gecələri
Birlikdə keçirək.

Gecəyarısından sübhə qədər «qışda doğan Ay haqqında» Möe üç şeir yazıb. Sayqe deyib: « Şeir yazanda, yazdığın barədə düşünmə». Möe açıq ürəklə bir dostu kimi, yaxın bir adamı kimi Ayla söhbət eləyir.
«Aya baxanda mən Ay oluram... Mənim baxdığım Ay mənə çevrilir. Mən təbiətin seyrinə dalıb ona qovuşuram».
Bu şeirləri ona görə xatirə kimi yazıram ki, onlarda insana, təbiətə qarşı xeyirxah duyğular var, onlar yapon qəlbinin zərifliyini ifadə eləyir.
Bottiçellinin dünyada tanınmış tədqiqatçısı, Şərq və Qərb incəsənətinin bilicisi professor Yasiro Yukio bir dəfə deyib ki, yapon incəsənətinin xüsusiyyətini vur-tut bir poetik cümlə ilə ifadə etmək olar: «Yaxın dostun haqqında heç vaxt qara, çiçəyə, Aya baxanda olduğu qədər düşünmürsən». Qarın, Ayın gözəlliyindən zövq alanda, ilin dörd mövsümünə heyran olanda, gözəlliklə qarşılaşmaq ürəyini çırpındıranda dostun üçün daha çox darıxırsan: sevincini onunla bölüşmək istəyirsən. Bir sözlə, gözəlliyin seyrinə dalmaq şəfqət və sevgi hissləri oyadır və onda «insan» sözü «dost» kimi səslənir.
Altmış səkkiz yaşlı qoca Rökan iyirmi doqquz yaşlı rahibəylə rastlaşıb ona dəlicəsinə vurulur.

Bir yerdəyik...
Bundan artıq nə arzulayaq?

Bu şeir çoxdan arzuladığı sevginin sevinci haqqındadı.
Rökan mənim «Qarlı diyar» povestində təsvir etdiyim Etiqo əyalətində doğulub. Yaponiyanın şimalında yerləşən bu əyalətə Sibirin Yapon dənizindən keçən soyuq küləkləri gəlib çatır. O, ömrü boyu bu əyalətdə yaşıyıb. Rökan yetmiş dörd yaşında vəfat edib. Mənə elə gəlir ki, son baxışında rahib şairə şimal təbiəti xüsusiylə gözəl görünüb. Mənim «Son baxış» adlı essem var. Orada intihar etmiş Akutaqava Rünöskenin (1892 - 1927) son məktubundan məni sarsıdan bəzi cümlələr misal gətirilir: «Mən yəqin heyvani qüvvə adlanan yaşamaq instiktindən tədricən məhrum olmuşam. Mən əsəblərin iltihablaşdığı buz kimi şəffaf dünyada yaşayıram... İntihar etmək fikri məndən əl çəkmir. Ancaq təbiət heç vaxt mənə bu qədər gözəl görünməyib! Sizə yəqin gülməli görünür: təbiətin gözəlliyinə heyran olan adam intihar haqqında düşünür. Ancaq təbiət ona görə belə gözəldi ki, mənim son baxışımda əks olunur».
1927-ci ildə otuz beş yaşında Akutaqava intihar elədi. Mən onda «Son baxış»da yazmışdım: «Bu dünya nə qədər yad olsa da, intihar könlü işıqlandırmır. Özünü öldürən adam nə qədər mərd olsa da, ona müdrik deyə bilmərəm. Nə Akutaqavanı, nə müharibədən sonra intihar edən Dadzay Osamunu (1909 - 1948), nə bir başqasını mən anlamıram və ona rəğbət bəsləmirəm. Mənim avanqardist rəsam dostum varıydı. O da cavan öldü, o da tez-tez intihar haqqında düşünürdü. «Son baxış»da onun da sözləri var. O təkrar eləməyi xoşlayırdı: «Ölümdən böyük sənət yoxdur», ya «Ölmək yaşamaq deməkdir». Budda məbədində doğulan, Budda məktəbini bitirən bu adam ölümə Qərbdə olduğundan fərqli baxırdı. «Düşünən adamlar arasında kim axı intihar haqqında düşünməyib?» Yəqin elədi. Elə rahib İkkyunu (1394 - 1481) götürək. Deyilənə görə, iki dəfə özünü öldürmək istəyib. Bu adamı hətta uşaqlar tanıyır, onun haqqında çoxlu lətifələr var. İkkyu səmimi, xeyirxah rahib olub. Deyirlər, o, imperatorun oğlu olub. Altı yaşında onu Budda məbədinə veriblər, elə o vaxtlarda poetik istedadı üzə çıxıb. İkkyu həyat və din haqqında düşünürdü. «Əgər allah varsa, qoy məni xilas eləsin! Əgər yoxdusa, qoy məni gölün dibindəki balıqlar yesin». O doğrudan da özünü gölə atıb, ancaq onu xilas eləyiblər. O öz şeirlər kitabını «Köun» («Dəli buludlar») adlandırıb və bunu özünə təxəllüs götürüb. Bu kitabda dzen poeziyasına xas olmayan elə erotik şeirlər var ki, hətta adamı tər basır. İkkyu dzen qadağalarına məhəl qoymurdu: balıq yeyirdi, çaxır içirdi, qadınlarla görüşürdü. Azadlığı xatirinə monastr qaydalarını pozurdu. Bəlkə həmin iğtişaşlar dövründə adamlarda ruh yüksəkliyi yaratmaq üçün əsl insanın necə yaşamalı olduğunu göstərmək istəmişdi.
Kiotodakı Daytokudzi məbədi indi də çay mərasimlərinin keçirildiyi ən sevimli yerdi. Çay otağının taxçasındakı İkkyunun xəttatlıq nümunələri müştəriləri buraya cəlb eləyir. Həmin nümunələrdən ikisi də məndə var. Birində yazılıb: «Buddanın dünyasına girmək asandı, şeytanın dünyasına girmək çətindi». Bu sözlər məni təqib edir. Mən onları da tez-tez yazıram. Bu sözləri müxtəlif cür başa düşmək olar. Onların mənası genişdi. Ancaq «Buddanın dünyasına girmək asandı» sözlərinin arxasınca «şeytanın dünyasına girmək çətindi» sözlərini oxuyanda, İkkyu öz dzen mahiyyətilə mənim ürəyimə girir. «Həqiqət, Xeyirxahlıq və Gözəlliyi» axtaran sənət adamları «şeytanın dünyasına girmək çətindi» sözlərində gizlənən istəyi, həvəsi həmişə hiss eləyirlər. «Şeytanın dünyası» yoxdursa, «Buddanın dünyası» da yoxdu. «Şeytanın dünyasına» girmək çətindi. Ruhən zəif olan adamların buna gücü çatmaz.
«Buddayla qarşılaşsan, buddanı öldür. Patriarxla qarşılaşsan, patriarxı öldür» - məşhur dzen şüarıdır. Budda məktəbləri kənardan xilasa (tariki) və öz mənəvi gücünün səyəsində (dziriki) xilasa inananlara bölünürlər. Dzen təbii ki, sonuncuya aiddi. Həmin sərt sözlər burdan doğur.
Ardıcılları kənardan xilasa inanan Sinsyu (Həqiqət) təriqətinin yaradıcısı Sinran (1173 - 1262) bir dəfə deyib: «Əgər yaxşı adamlar cənnətdə təzədən doğulurlarsa, bilmirəm onda pis adamlar haqqında nə deyim?!» Sinranın və İkkyunun «buddanın dünyası», «şeytanın dünyası» sözləri arasında yaxınlıq - könül və fərq var. Sinran həm də deyib: «Bir şagirdin də olmasın». «Patriarxla rastlaşsan, patriarxı öldür». «Bir şagirdin də olmasın», - sənətin acı taleyi bu deyilmi?
Dzen məktəblərinə ibadət təsvirləri yaddı. Doğrudu, dzen məbədlərində Buddanın təsvirləri var, ancaq məşq yerlərində və meditasiya üçün zallarda buddanın heykəli və təsviri yoxdur. Şəxsi «məni» itib «Heç nə» başlayana qədər gözüyumlu, hərəkətsiz otururlar. Bu Qərbdə başa düşülən «Heç nə» deyil. Bu, hər şeyin sərhədsiz olduğu Boşluqdu. Bu, ucsuz-bucaqsız Könül dünyasıdı.
Deyirlər ki, Çinin ilk patriarxı ulu Bodhidharma doqquz il mağarada üzü divara tərəf oturaraq satorini (qəlbin işıqlanmasını) hiss eləyib. Dzendə oturaraq meditasiya eləmək Bodhidharmadan başlayıb.
Tszin-Nun deyib: «Əgər budağı məharətlə çəksən küləyin necə uğuldadığını eşidərsən». Dzen müəllimi Dogen isə deyib: «Məgər qəlbin işıqlanmasına gedən yol bambuğun səsindən keçmirmi? Könlün işıqlanması sakuranın çiçəkləməsində deyilmi?»
Yapon bağları təbiətin əzamətinin simvoludur. Əgər Avropa bağları simmetrik prinsiplərə uyğun salınırsa, yapon bağları, adətən, asimmetrikdir. Simmetriyadan çox asimmetriya hüdudsuzluğu və forma müxtəlifliyini təcəssüm etdirir. Doğrudur, assimmetriya yaponlara xas zəriflik və gözəlliklə tarazlaşdırılır.
Gülün gözəlliyini bir gül yüz güldən daha artıq hiss elətdirir.
Hələ Rikyu ikebana üçün açılmış qönçəni götürməməyi öyrədirdi. Yaponiyada indi də çay mərasimləri vaxtı çay otağının taxçasına bir dənə açılmamış qönçə qoyurlar. Gülləri mövsümə uyğun seçirlər. Bir dənə ağ qönçə götürürlər. Qönçədə şeh olmalıdı. Gülə su çiləmək olar. Ümumiyyətlə, gül qoymamışdan əvvəl çini güldana da su çiləmək lazımdır. Su çiləyəndə onlar elə bil cana gəlirlər. Çay mərasimində istifadə etməmişdən əvvəl təbii parıltısını alması üçün, adətən, piyaləni də isladırlar.
Təxminən min il əvvəl tan mədəniyyətini qəbul edən Yaponiya çox gözəl Xeyan mədəniyyətini yaradıb. Xeyan dövründə səkkiz əsr ərzində ədəbiyyata təsir edən yapon gözəllik ənənələrinin əsası qoyulub. «Gendzi monoqatari» yapon nəsrinin bütün dövrlər üçün zirvəsidi. Artıq xaricdə də çoxları hələ X əsrdə belə gözəl və müasir ruhda əsər yaranmasını möcüzə adlandırırlar. Uşaqlıqda qədim dili elə də yaxşı bilmirdim, buna baxmayaraq, xeyan ədəbiyyatını oxuyurdum və bu povest ürəyimi yerindən oynatmışdı. Yapon ədəbiyyatı həmişə ona can atıb. Tətbiqi incəsənətdən tutmuş bağların salınmasına qədər, poeziyadan heç danışmağa dəyməz, bütün incəsənət növləri «Gendzi»də gözəlliyin mənbəyini tapıblar.
Xeyan mədəniyyəti saray mədəniyyəti idi. «Gendzi monoqotari» və «Makura-no sosi» dövrü bu mədəniyyətin çiçəklənmə dövrüdü.
Az sonra imperator sarayı o qədər zəiflədi ki, hakimiyyət zadəganlardan döyüşçülərə - samuraylara keçdi. Kamakura dövrü (1192 - 1333) başladı. Samurayların hakimiyyəti yeddi yüz il - Meydziyə qədər (1868) davam etdi. İntəhası, nə imperator sistemi, nə saray mədəniyyəti məhv edilmədi.
Möe və Sayqe poeziya haqqında fikirlərini bölüşürdülər. «Rahib Sayqe hər dəfə gələndə şeir haqqında söhbət eləyirikdik. Mənim poeziyaya öz baxışım var, - o deyirdi. - Mən çiçəkləri, ququ quşunu, qarı, Ayı vəsf eləyirəm. Əslində isə bütün bunlar gözlərimizin qabağını örtən, qulaqlarımızı dolduran eyni görüntüdü. Məgər bizim yazdığımız şeirlər Həqiqi sözlər deyilmi? Çiçəkdən yazanda axı onun, doğrudan da, çiçək olduğunu düşünmürsən. Ayı vəsf eləyəndə, onun, doğrudan da, Ay olduğunu düşünmürsən. Fürsət düşür, bir ovqata köklənirsən və şeir yazılır. Göyqurşağı doğur, adama elə gəlir, bomboş səma rənglənib. Gün çıxır və bomboş səma işığa bələnir. Ancaq axı səma öz-özünə rənglənmir, öz-özünə işıqlanmır. Biz də bu səma kimi müxtəlif şeyləri cürbəcür rənglərə boyayırıq. Yalnız belə poeziya Buddanın Həqiqətini ifadə eləyir».
Bu sözlərdən yapon, daha doğrusu, Şərq ideyası olan «Heçlik», «Yoxluq» duyulur. Tənqidçilər mənim əsərlərimdə də «Heçliyi» tapırlar. Ancaq bu heç də Qərbdə nihilizm kimi tanınan anlayış deyil. Məncə, bizim mənəvi köklərimiz fərqlidi.
Dogenin ilin dörd mövsümünü vəsf edən «Əzəli obraz» şeiri elə məhz dzendir.

DİGƏR MƏQALƏLƏR