ƏDƏBİ MOZAİKA

«22.11.63» romanı noyabrda işıq üzü görəcək


Stiven Kinq keçmiş Amerika prezidenti Con Kennedinin qətlinə həsr olunmuş (onu 22 noyabr 1963-cü ildə Dallasda güllələyiblər) kitabı bitirib.

Romanın qəhrəmanı Cek Eppinq adlı məktəb müəllimidi. O öyrənir ki, restoran sahibi olan dostunun evində 1958-ci ilə aparan portal var. Bu portalın köməyilə Eppinq keçmişə
qayıdır. Onun məqsədi Kennedinin qətlinin qarşısını almaqdı. Əsərin qəhrəmanı güman edilən qatil Li Harvi Osvaldla, həmçinin ömrü boyu sevəcəyi gözəl kitabxanaçı qızla tanış olur.

Kinq Kennedinin qətlindən yazan ilk yazıçı deyil. Ondan əvvəl bu mövzuya Amerikanın tanınmış yazıçıları Don DeLillo və Ceyms Ellroy da müraciət edib.
Kitab ingilis dilində bu ilin noyabr ayında nəşr olunacaq.

 

 


Astrid Lindqren mükafatı «Oskar» laureatına verildi


Uşaqlar üçün yazılan ədəbi əsərlərə verilən Astrid Lindqren adına mükafatın 2011-ci ildə laureatı avstraliyalı yazıçı və rəssam Şon Tan olub. 

Jüri şəkilli uşaq kitablarının inkişafında yeni yollar açan laureatın öz əsərlərində mətn və təsvirləri birləşdirmək bacarığını xüsusi qeyd edib. «Şon Tanın əsərləri humanist duyğular aşılayır, - jüri üzvləri bildiriblər. - Onun hər kitabı şifahi və vizual baxımdan eksperimentdir». 

Avstraliyalı yazıçı 1974-cü ildə anadan olub. Şon Tan «Dovşanlar» (1998), «Heç kimin əşyası» (1999), «Qırmızı ağac» (2001), «Mənzil başına yetişmək» (2006) kitablarının müəllifidir. Tan 2010-cu ildə 15 dəqiqəlik «Heç kimin əşyası» cizgi filminin çəkilişində iştirak edib və buna görə «Oskar» alıb.

Astrid Lindqren mükafatı 2003-cü ildən təqdim edilir.

 


Con Le Karre beynəlxalq «Buker»dən imtina etdi


Kəskin süjetli romanlar müəllifi Con Le Karre beynəlxalq «Buker»in jürisindən onun adının namizədlər siyahısından çıxarılmasını xahiş edib.
«Soyuqdan gələn casus» və «Sadiq bağban»a, ümumiyyətlə, ədəbiyyatı zənginləşdirdiyinə görə namizəd göstərilən 79 yaşlı yazıçı ona olan diqqətdən məmnunluğunu, ancaq prinsipial mülahizələr səbəbindən ədəbiyyat yarışmalarında iştirak etmədiyini bildirib.
Buna baxmayaraq, jüri sədri Rik Cekoski bildirib ki, Le Karrenin adı finalçılar siyahısında qalacaq. Cekoski casus janrının ustadının müsabiqədə iştirak etmək istəmədiyindən
heyfsiləndiyini söyləyib və qeyd edib ki, bütün jüri üzvləri onun pərəstişkarlarıdı.
Beynəlxalq «Buker» iki ildən bir təqdim olunur. İstənilən ölkənin yazıçısı onun laureatı ola bilər, yeganə şərt odur ki, əsər ingilis dilində yazılmalı, ya bu dilə tərcümə olunmalıdır. Mükafatın yarandığı 2005-ci ildən İsmail Kadare, Çinua Açebe və Elis Munro qadib olublar.
2011-ci il namizədlərinin 29 martda açıqlanan siyahısına Le Karre ilə birlikdə 13 yazıçı daxil edilib. Onların arasında Xuan Qoytisolo, Amin Maaluf, Filip Pulman, Merilin Robinson, Filip Rot və Enn Tayler də var. Qalibin adı 18 mayda açıqlanacaq.

 

 

«Sakit Don» ilk dəfə senzurasız çap olunacaq


Mixail Şoloxovun «Sakit Don» romanı ilk dəfə müəllif variantında, yəni əlyazma halında, redaktor və senzura düzəlişləri olmadan çap olunacaq. Roman Ukraynada işıq üzü görəcək.
Kitabı nəşrə yazıçı Aleksandr Struçkov və Şoloxovun böyük qızı hazırlayıb. Verilən məlumata görə, yeni nəşrdə bir neçə min Şoloxov sözü və Veşenski stanitsasındakı üsyana həsr olunmuş fəsil bərpa olunacaq.
«Sakit Don» 1927-ci ildə çap olunmağa başlayıb, elə o vaxt da Mixail Şoloxovun romanın müəllifi olmadığı barədə şailər yayıldı (ilk fəsillərin çap olunduğu vaxt onun vur-tut 22 yaşı varıydı). Belə bir xəbər meydana çıxdı ki, Şoloxov güllələnmiş ağqvardiyaçının əlyazmasını mənimsəyib. Onillər ərzində müəllifin kim olduğu barədə mübahisələr xaricdə və Rusiyada kəsmək bilməyib.
Romanın ilk iki kitabının əlyazması itmiş hesab olunurdu və yalnız 1999-cu ildə, yazıçının vəfatından 15 il sonra tapıldı. Qrafoloji ekzpertiza mətnin Şoloxov tərəfindən yazıldığını təsdiq elədi.
Ancaq romanın müəllifinin Şoloxov olmadığı fikrində olanlar, öz müəllifliyini sübut eləmək üçün mətnin Şoloxov tərəfindən sonralar köçürülə biləcəyini deyirlər.

 

 

«Rus Bukeri» ləğv oluna bilər

«Rus Bukeri» ədəbiyyat mükafatı müqavilə müddəti keçən il başa çatan BP şirkətinin əvəzinə yeni sponsor tapa bilməyib.
«Rus Bukeri» ədəbiyyat mükafatının təşkilatçıları bildiriblər ki, keçən il mükafat üçün sonuncu ola bilər. Səbəb isə çox adidi - BP şirkətiylə beşillik müqavilə 2010-cu ildə başa çatıb, yeni sponsorlarla danışıqlar isə hələ bir nəticə verməyib.
Mükafatın ədəbi katibi İqor Şaytanov bildirib ki, maliyə işləri yoluna qoyulsa da, «Rus Bukeri - 2011», ola bilsin, baş tutmasın, çünki jüri üzvləri onlara təqdim olunan kitabların hamısını, sadəcə, oxumağa macal tapa bilməzlər.
Mükafat 1991-ci ildə ingilis mədəniyyətini təbliğ edən Britaniya şurasının Rusiya şöbəsi tərəfindən təşkil olunub. İndiyə qədər Mark Xaritonov, Bulat Okucava, Lyudmila Ulitskaya, Vasili Aksyonov, Aleksand İliçevski kimi tanınmış yazıçılar «Rus Bukeri»nin laureatı olublar.
Hər il təqdim olunan mükafat 600 min rubldur.

 

 

DİGƏR MƏQALƏLƏR