ROMAN
Herman Melvil

Dünya ədəbiyyatının klassik nümayəndələrindən Herman Melvilin (1819-1891) "Mobi Dik" (Ağ Balina") romanı on doqquzuncu əsr Amerika ədəbiyyatının ən populyar nümunələrindən hesab olunur. Janr tələblərinin bütün xüsusiyyətlərinə rəğmən bu unikal romanın əsas süjet xəttində - nəhəng dəniz Əjdahası, yəni Ağ Balina-Mobi Dik durur; əsər on doqquzuncu əsrin birinci yarısında Amerikada balina ovçuluğu ilə məşğul olan insanların dəniz həyatından, habelə bu ovun insanlara və dəniz heyvanına gətirdiyi müsibətlərdən bəhs edir. Romandakı maraqlı süjet xətti, epik dəniz mənzərələrinin təsviri, habelə yazıçının müxtəlif insan xarakterlərini öz fəlsəfi mülahizələri və ümumiləşdirmələri ilə ustalıqla uzlaşıdra bilməsi bu əsəri dünya ədəbiyyatının şedevrləri sırasına daxil etmişdir.

Herman Melvil həmçinin "Taypu" (1846), "Omo" (1847) əsərlərinin və "Döyüş fraqmentləri", "Müharibə aspektləri" şeir toplularının müəllifidir.

 

Mobi Dik

Dühasına hörmət etdiyim dostum
Nataniel Hotorna ithaf olunur

Etimologiya

(Vərəm xəstəliyindən dünyasını dəyişmiş Qrammatika Məktəbi müəlliminin köməkçisinin topladığı məlumatlar).
O indi də mənim gözümün qabağındadır - solğun bənizli, nimdaş pencəkli bir gənc; pencəyi kimi beyni, qəlbi və bütün bədəni də nimdaş idi. O bütün günü üstündə dünya xalqlarının sanki lağa qoyulan alabəzək bayraqları çəkilmiş qəribə burun dəsmalıyla köhnə lüğət və qrammatika kitablarının tozunu silərdi; bu kitabların tozunu silmək xoşuna gələrdi; belə bir dinc məşğuliyyət onu nədənsə ölüm barədə düşünməyə vadar edirdi.
"Əgər sən başqalarına dərs deməyi boynuna götürüb onlara "bizim dildə balıq-balinanı "whale" adlandırırlar" deyib öyrədirsənsə, bu zaman öz savadsızlığın ucbatından sözdəki "h" hərfini buraxırsansa və bununla da sözün bütün mənası dəyişirsə, deməli, sən bilik yox, yanlışlıq öyrədirsən".
Haklyut
"Whale". İsveç dilində - hwal. Bu heyvan adı "GİRDƏ, YUMRU" anlayışları ilə bağlıdır; daniya dilində "hvalt"- əyilmiş, bükülmüş, qabarılmış, yaxud "tağlı" deməkdir.
Vebsterin lüğətindən
"Whale" - holland və alman dillərindəki "wallen" sözündən əmələ gəlib, anqlosaksonlar ona "walwian" deyirlər, mənası "gəzmək, diyirlənmək, çırpınmaq, çapalamaq" deməkdir.
Riçardsonun lüğətindən

Qədim yəhudi dilində -Jil
Yunan dilində - xntos
Latın dilində- cetus
Anqlosakson dilində- whoel
Daniya dilində- hvalt
Holland dilində- wal
İsveç dilində- hwal
İsland dilində- whale
İngilis dilində- whale
Fransız dilində- balein
İspan dilində- ballena
Fician dilində- PEKEE-NUEE-NUEE
Erromanqoan dilində- PEKEE-NUEE-NUEE

Çıxarış
(materiallar kitabxanaçının kiçik köməkçisi tərəfindən toplanmışdır)
Oxucu əmin ola bilər ki, bu zavallı kiçik köməkçi Vatikanın bütün kitabxanalarını və bukinist dükanlarını ələk-vələk edib; orda balinalar haqqında hər hansı bir söz, yaxud kitab, material, ya da məlumat əldə etmək məqsədilə kafirlərdən tutmuş ta dindar adamların kitablarına qədər hamısını nəzərdən keçirib. Buna görə də balina haqqında pərakəndə sitatları (şübhəsiz, onlar dürüst olsalar belə) yevangelist təriqətinin müqəddəs və danılmaz ayələri kimi bütün hallarda qəbul eləmək olmaz. Əlbəttə, adları çəkilən şair və qədim müəlliflərin əsərlərindən parçalar bizim üçün maraqlı və dəyərlidir; çünki onlar bizə Leviafan - Spermasetli Balina haqqında bütün millətlərin və nəsillərin, indikilər də daxil olmaqla, düşündükləri, dedikləri barədə ümumi məlumat verirlər.
Artıq əlvida, mənim zavallı kiçik köməkçim. Sən o mağmun tayfaya mənsubsan ki, bu dünyada onları heç bir şərabla qızındırmaq olmaz; onlar üçün hətta ağ şərab belə çox tünddür; lakin hərdən sənin kimisiylə ikilikdə oturmaq adama məmnunluq gətirir, onda sən də özünü bədbəxt və yalqız hiss edirsən, göz yaşlarına qərq olub müsahibini dərindən anlamaq istəyirsən; nə qədər ki, bizim göz yaşımız qurumayıb, stəkanlarımız boş, qəlbimiz isə şirin kədərlə doludur, sizə əmmasız-filansız açıq demək istəyirəm: "Bu işi boşlayın getsin, kiçik köməkçilər! Siz dünyanı razı salmaq üçün nə qədər çox güc sərf etsəniz, o qədər az təşəkkür alacaqsınız. Eh, kaş sizin üçün Həmpton-Kortu, ya da Tyulri sarayını təmizləyə biləydim! Amma göz yaşınızı silin, başınızı dik tutun, ruhdan düşməyin! Yuxarı baxın, lap gəmi dorunun kəlləsinə baxın! Çünki sizi qabaqlayan dostlarınız göyün yeddinci qatını sizin üçün boşaldacaq və siz gəlməmiş ordan əsl ərköyünləri- Cəbrayılı, Mixaili və Rafaili qovacaqlar. Burda biz yalnız parçalanmış qəlblərimizin səsini eşidirik; orda isə siz qırılmayan qədəhlərinizi bir-birinə vura bilərsiniz!"
Çıxarış
"Və Allah nəhəng balinalar yaratdı".
Tövrat

"Balinanın ardınca həyat yolu açıldı; Dərinlik ağappaq görünür".
İyov

"Və İonanı udmaq üçün Allah nəhəng balığı yaratdı".
İona

"Orda gəmilər üzür; orda Sənin oynamaq üçün yaratdığın Balina da vardır".
Zəbur surəsi
"Həmin gün Allah öz böyük, güclü, ağır qılıncıyla Balinaya zərbə endirəcək; qıvrılan ilanı, dəniz əjdahasını öldürəcək".
İsayya
"Bu əjdahanın dəhşətli cəhənginə nə keçsə- ya bir vəhşi heyvan, ya gəmi və ya daş, dəxli yoxdur, dərhal udur və onlar əjdahanın nəhəng qarnının qaranlıq dibində məhv olur".
Plutarxın "Əxlaq dəyərləri" əsərinin Holland tərəfindən tərcüməsindən
"Hind Okeanında dünyada mövcud olan nəhəng və ən böyük balıqlar üzür; onlar arasında Balinalar, ya da Su Əjdahaları var, onların uzunluğu təxminən dörd akrdır".
Hollandın Pliniydən etdiyi tərcümə
"Biz gəmiylə ikicə gün idi üzmüşdük ki, birdən sübh çağı nəhəng balina sürüsünə və digər dəniz Əjdahalarına rast gəldik. Onlardan biri son dərəcə nəhəng idi. O, ağzını açıb bizə yaxınlaşdı, böyür-başında iri dalğalar yaratdı və dənizi köpükləndirdi... "
Tuk. Lukiananın "Həqiqi Tarix"nin tərcüməsindən
"O bizim ölkəyə həm də balina ovlamağa gəlmişdi; çünki bu heyvanların dişi qiymətlidir və nümunə kimi onlardan krala hədiyyə də gətirdi. Ancaq ən böyük balinalar onun vətənində ovlanır; bəzilərinin uzunluğu qırx səkkiz, bəzilərininki isə əlli metrə çatır. O deyir ki, onlar (onunla birlikdə daha beş nəfər) iki gün ərzində altmış balina öldürmüşlər."
Ottarın danışdıqlarıi- İsa Peyğəmbərin anadan olmasından əvvəl, 890-cı ildə Kral Alfred ondan eşidib yazmışdır.
"Dünyada canlı-cansız nə varsa, hər şey- dəxli yoxdu, gəmi ya canlı varlıq olsun - onun dəhşətli ağzına düşsə, ordan salamat çıxmayacaq; bu qorxunc əjdaha-balina onu udub dərhal məhv edir; xırda dəniz balıqları onun qarnında tam təhlükəsiz şəraitdə yatırlar..."
Monten. "Raymond Sebondun Mədhiyyəsi"
"Gəl qaçaq! Gəl çıxıb gedək burdan! Bura dəhşətli yerdir; bu, həmin Balinadır kı, mərhəmətli Musa peyğəmbərimiz müqəddəs İyov haqqında rəvayətdə təsvir eləmişdi... "
Rable
"Bu Balinanın ciyərini iki arabaya yüklədilər..."
Stou. "Salnamə" əsərindən
"Nəhəng Balina, dənizi qaynayan qazan kimi köpükləndirirdi..."
Lord Bekon. Zəbur surəsinin tərcüməsi
"Bu nəhəng Əjdaha-Balinanın cəmdəyinə, ya da bədən quruluşuna gəlincə, biz dəqiq heç nə deyə bilmərik; bu barədə məlumatımız yoxdur. Bu dəhşətli varlıq qeyri-adi dərəcədə nəhəngdir və demək olar ki, bir balinadan təsəvvürəgəlməz həcmdə yağ almaq olar..."
"Həyat və Ölümün Tarixi"
"Dünyada kontuziyanın ən yaxşı dərmanı balinanın spermasetidir"
Kral 1V Henri
"Balinaya çox bənzəyir..."
"Hamlet"
"Onun qabağını kim kəsə bilər? O qorxmadan qanlı döyüşə girir; intiqam alır, nə aman, nə mərhəmət bilir; vurulmuş, yaralı balinanı dalğalar sahilə gətirib çıxarır..."
"Pərilər kraliçası"
"...okeanın ölü sükutunu bir anda lərzəyə gətırən nəhəng balina kimi..."
Ser Uilyam Davenant. "Qondibert"ə ön sözü
"Spermaset nədir? Düzü, bunu insanlar bilmirlər; hətta otuz illik tədqiqatlarından sonra alim Hofman öz kitabında açıq-aydın etiraf etdi: nescio quid sit".
Ser T. Braun "Spermaset və Balinanın spermaseti haqqında" Bax: T. Braun. "Yayılmış yanlışlıq haqqında Traktat"
"İgid Spenser kimi o da quyruğuyla ətrafa ölüm və qorxu səpələyir..."
"Dalında elə bil bütöv bir meşəni gətirir, dalğaları aşaraq üzür, üzür,..."
Uoller. "Yay Adalarında döyüş"
"Həmin nəhəng Əjdaha-Balinanı yaradan incəsənətdir; buna Dövlət deyilir (latınca Civitas) və o da yalnız süni insandır..."
Qobbs. "Leviafan"da giriş sözündən
"Sarsaq şəhər Mənsoul onu çeynəmədən bütöv uddu, balina xırda balığı udan kimi..."
"Zəvvarın Yolu"
"Allahın yaratdığı bütün canlılar arasında ən nəhəngi okean sularında üzən Spermasetli Balinadır..."
"İtirilmiş Cənnət"
"Leviafan, dəniz əjdahası Allahın yaratdıqları arasında ən nəhəngidir; o üzür, suyun dibində mürgüləyir; üzən ada kimidir sanki, nəfəsi təngişəndə sinəsiylə dənizi yarır; sonra da suları vulkan kimi göylərə püskürdür..."
Yenə orada
"Nəhəng balinalar dəniz sularında üzürlər; eyni zamanda onların içində də yağ dənizi üzür..."
Fuller. "Xalq hakimiyyəti və ilahi hakimiyyət "
"Balina pusquda durub gizlənir; hərəkətsiz öz ovunu gözləyir; ov onun geniş açılmış ağzına girir və elə bilir ki, yeganə xilas yolu buradır..."
Drayden. ANNUS MIRABILIS
"Onlar Balinanın cəmdəyini gəminin arxa hissəsinə bağlayıb onun başını kəsir, sonra da onu sahilə dartırlar; lakin heyvanın bədəni on iki-on üç fut dərinlikdə suyun dibinə qədər uzanır..."
Tomas Edcin "Şpitzbergenə doqquz səyahət"kitabında Parçessdən sitat
"Onlar yolda çoxlu balina gördülər; okeanda əylənirdilər; çiyinlərindəki qapaq və borucuqlar vasitəsilə göyə su şırnaqları buraxırdılar..."
Ser T. Herbertin "Asiya və Afrikaya Səyahət"indən. Con Harrisin seçilmiş əsərlərindən
"Onlar burda elə böyük balina sürüsünə rast gəldilər ki, gəmini ehtiyatla idarə etməyə başladılar...qorxurdular ki, gəmi birdən balinalara toxunar..."
Skauten. "Altıncı dövri-aləm səyahəti"
"Güclü şimal-şərq küləyi nəticəsində biz "Balina bətnində İona" adlı gəmi ilə Elba adası ağzından uzaqlaşdıq... Bəziləri deyirlər ki, balina ağzını aça bilmir, lakin bunlar hamısı uydurmadır. Matroslar adətən dor ağacının başına dırmaşır və ordan balinalara göz qoyurlar. Belə ki, balinanı birinci görən matrosa mükafat verilir...həmin adama pul verilir. Mənə danışırdılar ki, Şetlənd adalarında bir balina tutulub və həmin balinanın qarnında bir cəlləkdən çox siyənək balığı varmış... Harpunla dəniz heyvanları ovlayan adamlardan biri deyir ki, necə oldusa, bir dəfə o, Şpitzbergendə balina vurmuşdu; heyvan başdan ayağa ağ rəngdə idi..."
Qrenlandiyaya Səyahət, 1671-ci il, Harrisin Seçilmiş əsərlərindən
"Burda Fayf sahillərində dəniz balinaları bəzən sahilə vurub çıxarır. Miladın 1652-ci ilinin yayında sahilə bığlılar növünə aid olan səksən fut uzunluğunda bir balina çıxmışdı; mənə dedilər ki, onun cəmdəyindən bir yığın yaçdan savayı, təxminən 500 arşın balina bığı da əldə ediblər. Onun çənəsi Pitferrenin bağında arka kimi qurulmuşdu..."
Sibbald. "Fayf və Kinros"
"Dedim, o Spermasetli Balinanı görəsən öldürə bilərəmmi; lakin heç vaxt eşitməmişdim ki, belə balinalar insan əli ilə öldürülsün, çünki onlar çox çevik və amansız olurlar..."
Riçard Strafford. "Bermud Üçbucağından məktub". Filologiya, qeydlər, 1688
"Dənizdə balinalar Allahın əmrinə itaət edirlər..."
Əlifba Kitabı. Yeni İngiltərə Nəşriyyatı
"Biz burda çoxlu sayda nəhəng balinaya rast gəldik; deyərdim ki, onlar Şimal sularına nisbətən Cənub dənizlərində yüz dəfələrlə çoxdur."
Kapitan Kauley. "Dövri-aləm dəniz səyahəti". 1729.
"... və balinanın nəfəsindən çox vaxt elə pis qoxu gəlir ki, bu iydən adamın beyni dumanlana bilər... "
Ulloa. "Cənubi Amerika"
"Qadın donunun altındakını, yaxşı olar, əlli ən etibarlı pəriyə etibar edək... Axı bu qala dəfələrlə tutulub... lap balinanın qabırğaları ilə də möhkəmlətsən, yenə ora girəcəklər..."
"Zülfün oğurlanması"
"Əgər biz quruda yerüstü heyvanların böyüklüyünü suda yaşayan heyvanların böyüklüyü ilə müqayisə etsək, görərik ki, birincilər sadəcə olaraq heç nədir. Heç şübhəsiz, balina Allahın yaratdığı ən nəhng heyvandır..."
Qoldsmit."Təbii Tarix"
"Əgər siz xırda balıqlar üçün nağıl yazmaq fikrinə düşsəydiniz, onlar sizin kitabınızda azman balinalar kimi danışardılar".
Qoldsmit- Samuel Consona
"Axşama yaxın qayaya oxşar bir şey gördük; sonra məlum oldu ki, bu, qaya deyil, ölü balinadır. Onu asiyalılar öldürmüşdülər, sahilə dartırdılar. Görünür, onlar balinanın cəmdəyi arxasında gizlənmişdilər ki, biz onları görə bilməyək..."
Kuk. "Səyahət"
"Onlar nisbətən daha iri balinalara hücum etməkdən çəkinirlər. Bu balinalar elə dəhşətli olurlar ki, dənizdə onların adını belə çəkməyə qorxurlar; velbotlarında həmişə peyin, əhəng, ardıc kolları və buna bənzər şeylər daşıyırlar ki, balinaları qayıqlara yaxınlaşmağa qoymasınlar."
Uqo Van Troil." 1772-ci ildə Benks və Solanderin İslandiyaya gəmi səyahəti haqqında məktublar"
"Spermasetli Balina Nantaket əhalisinə tanışıdır; azğın və çevik heyvandır, onu ovlayan balıqçılardan fövqalədə məharət və cəsarət tələb olunur."
Tomas Cefferson. Balina yağının idxalı üzrə Fransız nazirinə yazdığı məktublardan, 1778
"Allah xətrinə, ser, deyin görüm onu dünyada nə ilə müqayisə etmək olar?"
Edmund Burke. Nanauket parlamentində balina ovu barədə çıxışndan
"İspaniya Cənub-Qərbi Avropanın sahilinə atılmış nəhəng balinadır."
Edmund Burke. (hansısa çıxışından)
"Kral sarayının onuncu qanuni gəlir mənbəyi onunla şərtlənir ki, kral dənizi pirat və quldurlardan qoruyur; və onun kral balığına - yəni nərə balığına və balinaya hüququ vardır. Sahilə atılmış, yaxud yaxınlıqda ovlanmış həmin balıqlar kralın şəxsi malı elan edilir."
Bləkstoun
"Yenə hamı ölüm döyüşünə, əlbəyaxa vuruşa hazırlaşır; hiddətlənmiş Rodmond iti harpununu başı üzərinə qaldırdı..."
Folkonner."Gəmi qəzası"
"Damları, qüllələri, gümbəzləri işıqlandıran fişənglər gurultuyla göyə milləndilər. Bir an səmada asılıb qaldılar və gecənin zülməti yoxa çıxdı. Əgər odu su ilə müqayisə etsək, balina okean sularını beləcə göylərə fışqırdır".
Kuper. "Kraliçanın Londona səfəri haqqında"
"Onun ürəyinə vurulan ilk zərbədən qan fışqırdı...
Cəmi on beş qallon qan axdı... "
Con Hanter. "Balina (çox da böyük olmayan) cəmdəyinin anatomiyası haqqında hesabat"
"Balina ürəyinin baş arteriyası London körpüsündə ən yoğun diametrə malik olan su borusundan da böyükdü; bu borudan axan suyun sürəti, balinanın ürəyindən fışqıran qanın surətindən azdır".
Paley. "Teologiya"
"Balina - əl-ayağı olmayan məməli dəniz heyvanıdır".
Baron Kaviyer
"Biz 40 dərəcə cənub tərəfdə spermasetli balinaları gördük, lakin mayın birinə qədər ova başlamadıq; sanki dəniz balinalarla örtülmüşdü".
Kolnet. "Balina ovunu genişləndirmək məqsədilə dəniz səyahəti"

"Qarşımdakı sularda oynayan, sürətlə üzən, ölüm sacan bütün növ və rənglərdə dəniz heyvanları vardı. Onları dillə təsvir etmək çətindi. Heç bir dənizçi ömründə Spermasetli Balina kimi qorxunc heyvan görməyib... Hər yerdə düşmənlə qarşılaşmaq qorxusu olsa da, onlar sonsuz ümmanda dalğaları yara-yara instinktlə öz ünvanlarına doğru səhvsiz üzürlər. Balinalar, köpək balıqları, dəniz ilanları - onların silahı qılınc, buynuz və amansız əyri dişləridi..."
Montqomeri. "Dünya Nuh əyyamından qabaq"
"Eşq olsun! Yaşasın Balıq hökmranlığı! Onun üçün nə tufan, nə də xırda ləpələr qorxuludu! Bütün Atlantik okeanında, sahilsiz və amansız sularda ikinci belə bir Balina tapa bilməzsən! Hələ heç vaxt heç bir balıq belə yağlı olmayıb; heç kəs və heç nə dövri-aləmi onun kimi belə azad, belə sərbəst üzüb dolaşmayıb..."
Çarlz Ləmb."Balinanın Triumfu"
"1690-cı ilin yayında hündür təpələrin üstündə bir neçə nəfər durub balinaların üzməyinə və fəvvarələr buraxmasına tamaşa edirdi. Kimsə əli ilə okeanın uzaq nöqtəsini göstərib dedi: "Orda yaşıl çöllük var, bizim nəvələrimizin uşaqları çörək dalınca oraya gedəcəklər..."
Ovid Meysi. "Nantuketin Tarixi"
"Mən Süzan və özüm üçün ev tikdim; evimizin qapılarını Balinanın çənə sümüklərindən qotik üslubda düzəldilmiş tağ formasında qoydum..."
Hotorn. "İki dəfə danışılmış hekayə"
"Qadın mənim yanıma məsləhətə gəlmişdi; cavanlığında sevdiyi bir adama heykəl qoymaq istəyirdi; həmin adamı isə qırx il bundan qabaq Sakit Okeanda balina öldürmüşdü..."
Yenə orada
"Yox, ser, bu, əsl Balinadır,- Tom dedi.- Mən onun buraxdığı fəvvarəni gördüm; o, göyə iki qövsi-qüzeh fışqırtdı; onlar elə gözəl idi ki, hər bir xristian baxıb ləzzət alırdı. Bu vəhşi heyvan çox yağlıdır, əsl Spermaset Çəlləyidir."
Kuper. "Losman"
"...və müxtəlif qəzetlər paylandı; biz Berlinin teatr xəbərlərinə göz gəzdirərkən öyrəndik ki, orda səhnəyə dəniz əjdahaları və balinalar çıxarılır."
Ekkermənn. "Göte ilə söhbətlər"

"Allah xətrinə, cənab Çeys, nə olub axı?"
Cavab verdim:
-Gəmi balina ilə toqquşub və gəminin bütün gövdəsi deşilib...
Nanauketin "Esseks"adlı balina ovlayan gəmisinin qəzaya uğramasının təsviri. Bu gəmiyə Sakit Okeanda balina hücum etmişdi, bu barədə Ouen Çeys yazmışdır; o həmin gəmidə kapitanın böyük köməkçisi olmuşdu.
Nyu-York. 1821

"Dor ağacının başında müşahidəçi durmuşdu; külək gah güclənir, gah da nazlana-nazlana əsirdi; ay işığı gah çıxır, gah da batırdı. Lap uzaqda balina üzürdü; onun suda açdığı izlər göy rəngli fosfor kimi yanırdı..."
Elizabet Ouks Smit
"Təkcə bir balinanın ovlanması üçün bütün yelkənli qayıqlarda işlədilən kəndirin ümumi uzunluğu 10,440 yard idi ki, bu da ingilislərin altı milinə bərabərdir...
Balina öz nəhəng quyruğunu hərdənbir havada yellədir; elə bil suya dəhşətli bir şaqqıltı ilə qamçı dəyir və bu səs təxminən üç-dörd mil uzaqdan eşidilir..."
Skorsbi
"Hücum zamanı yaralanan Spermasetli Balina ağrıdan qəzəblənir; suda azğıncasına dövrə vurur; nəhəng başını yuxarı qaldırır, cəngini açır, ağzına düşən hər şeyi qırıb-sındırır; velbotları qabağına qatır, onları görünməmiş bir sürətlə təqib edir, nəhəng alın zərbələri ilə qayıqları parça-parça edib suya batırır...
...Kommersiya baxımından çox əhəmiyyət kəsb edən Spermasetli Balinanın, son illər davranışlarını öyrənmək üçün gözəl imkanları olan alimlər tərəfindən öyrənilməməsi heyrət doğurur..."
Tomas Biyl. "Balinanın Tarixi", 1839

"Spermasetli Balina Həqiqi Qrenlandiya Balinasından daha yaxşı silahlıdır; belə ki, onun yan tərəflərində öldürücü alətləri var və o, tez-tez bu alətlərdən istifadə etməyə meyl göstərir; o bunlardan qəzəb və hiddətlə, amansızcasına istifadə edir və ona görə də bu balinanı dəniz heyvanları arasında balina nəslindən olan ən təhlükəli yırtıcı heyvan adlandırırlar..."
Frederik Debell Bennet. "Dövri-aləmdə Balina ovu". 1840

"13 oktyabr.
- Üfüqdə fəvvarə görürəm!- dor ağacından kiminsə səsi gəlir.
- Hardadı? - kapitan soruşur.
- Külək istiqamətində üç rumb o yanda, ser!
- Sükanı sola burun! Bax belə saxlayın!
- Oldu, ser!
- Heyy, gözətçi, indi necə, onu görürsən?
- Əlbəttə, əlbəttə, ser! Bir sürüdürlər! Fəvvarə buraxırlar, suda atılıb-düşürlər!
- Nə görsən xəbər ver!
- Baş üstə, ser! Budur, fantan! Yenə də, yenə də, biri də!
- Uzaqdadılar?
- Təxminən iki mil yarım olar!
- Durduğumuz yerdə işə düşdük! Necə də yaxındılar! Hamını yuxarı çağır!"
C. Ross Braun. "Balina ovu zamanı qeydlər", 1846

"Balina ovlayan "Qlobus"gəmisi Nantaket adasına məxsus idi; gəmidə həmin o dəhşətli hadisələr baş vermişdi və biz indi onu sizə danışmaq istəyirik..."
"Qlobus" gəmisində qiyamın təsviri. Yeganə sağ qalanlar Ley və Hasseyin dedikləri. 1828
"Yaralanmış balina bir dəfə onu təqib etməyə başladı; əvvəlcə ov üçün düzəldilmiş mızraqla heyvanın hücumunun qarşısını almaq istədi, lakin qəzəblənmiş dəniz əjdahası özünü yelkənli qayığa çırpdı; onlar suya tullanmaqla xilas ola bildilər, başqa cür müdafiə olunmaq mümkün deyildi..."
Tyrman və Bennetin səyahət gündəliyi
"...Nantaketin özü də milli gəlirin özünəməxsus və nümunəvi mənbəyidir,- cənab Vebster dedi.- Burada səkkiz-doqquz min əhali yaşayır; onlar dənizlə dolanırlar, öz cəsurluqları və zəhmətləri hesabına ilbəil milli rifahın yüksəldilməsinə nail olurlar..."
Nantaketdə dalğaqıran bəndin tikilməsi haqqında Qanun Layihəsi ilə bağlı ABŞ Senatında Daniel Vebsterin çıxışından. Hesabat, 1828
"Balina cəld onu qamarladı və çox güman ki, onu dərhal öldürdü".
Möhtərəm Henri T. Çiver. "Balina və onu ovlayanlar, yaxud balina ovçusunun macəraları və balina həyatının təsviri. "Kommodor Prebl" gəmisi ilə geri qayıdarkən Çiver tərəfindən yazılıb"
"Hünərin var cınqırını çıxart, səni cəhənnəmə göndərərəm,- deyə Samuel donquldandı."
"Qardaşı Vilyam Komstok tərəfindən yazılan Samuel Komstokun (Qiyamçı) həyatı". Başqa bir versiyada isə "Qlobus" gəmisində hadisələr təsvir edilir
"Hindistana yol tapmaq məqsədilə hollandların və ingilislərin Şimal Buzlu Okeanı ilə üzməsi arzu edilən nəticəni vermədi. Lakin onlar balina olan su sahələri tapdılar..."
Mak-Kullokun "Kommersiya lüğəti"
"Belə şeylər bir-biri ilə əlaqəlidir; topu yerə bərkdən vururlar ki, havaya daha çox qalxsın; eləcə də balinalar olan yerləri kəşf etməklə, balina ovçuları dolayısıyla Şimal-Qərb keçidinin sirrini tapmağa səbəb oldular".
Dərc olunmayan məlumatdan
"Əgər okeanda balina ovlayan gəmiyə rast gəlsən, onun görünüşü səni heyrətə gətirər. Bu gəminin dor ağacları altında yığılmış yelkənlər var, dor ağacının başında isə üç gözətçi uzaqlara baxır. Bu gəmi o biri gəmilərdən xeyli fərqlənir..."
"Axın və balina ovlama sənayesi". Amerika tədqiqatçı ekspedisiyasının Hesabatlarından
"Ola bilsin, London ətrafında, ya başqa yerlərdə gəzərkən darvazaların üstündə, ya köşklərin girişində ucları yerdən çıxan tağ formalı uzun sümüklər görmüsünüz və bunların balina qabırğası olduğunu yəqin sizə deyiblər..."
Antarktika sularında balina ovu ilə bağlı hekayətlərdən

"... və balinaları təqib edən velbotlar qayıdanda ağ dərili adamlar gördülər ki, onların gəmisi quldurların - keçmiş heyət üzvlərinin əlinə keçib..."
"Qorxunc Ruh" balina gəmisinin itirliməsi və sonra necə ələ keçirilməsi haqqında qəzet materialı
"Hamıya məlumdur ki, okeana çıxan amerikalı balina ovçularının çox az qismi evə elə həmin gəmidə geri qayıdır..."
"Balina ovlayan gəminin səyahəti"
"Birdən suda nəhəng bir cəmdək göründü və dik yuxarı sıçradı. Bu, Balina idi".
"Miriyam Koffin, yaxud Balina tutan adam"

"Tutaq ki, siz balinanı harpunla vura bildiniz; qəzəblənmiş azğın balinanı onun büzdümünə ilişmiş kəndir vasitəsilə necə idarə edəcəyinizi təssəvürünüzə gətirin!"
"Sümüklər və Əsgilər". Balina ovu haqqında fəsildən
"Bir dəfə mən iki bədheybət nəhəng balina müşahidə etmişəm; çox güman ki, bunlardan biri erkək, o birisi dişi idi; onlar biri-birinin ardınca yavaş-yavaş üzürdülər; lap sahilə (Terra Del Fuego-Od saçan Torpağa) yaxınlaşdılar, o qədər yaxına gəldilər ki, daş atsaydın onlara çatardı..."
Darvin."Naturalistin səyahəti"
"Geriyə! Geriyə döndər!"- deyə kapitanın böyük köməkçisi qışqırdı və dönüb arxaya baxanda gördü ki, balinanın geniş açılmış ağzı qayığın düz burnunun ucundadır; onlar ölümün bir addımlığındaydılar.
Kapitan köməkçisi yenə əmr etdi:
- Geriyə, tam geriyə döndərin! Kim canını istəyirsə avarları tam sürətlə tərsinə çəksin!"
"Varton- Balina-Killer!"
"Hə, igidlər, səs-səsə verib dartın kəndiri,
Harpunçumuz yaman ilişdirib balinaya harpununu!"
Nantaket nəğməsi
Bir qoca Balina suda yaşayır,
Nə tufan, nə boran eyninə deyil.
Dəniz hökmdarı, dəniz şahıdır.
Bütün güclülərdən, bütün güclərdən
Daha qüdrətlidir, əzəmətlidir
O qoca Balina, azman Balina!
Balina ovçularının nəğməsi

 

Birinci fəsil
İlğım görünür
Mənim adım İzmaildir. Bir neçə il bundan qabaq - dəqiq vaxt göstərməyimin əhəmiyyəti yoxdur - mən gəmiylə səyahətə çıxmağı, bir qədər həyata su dünyasından baxmağı qərara aldım; cibimdə bir qəpiyim belə yox idi və quruda məni maraqlandıra biləcək elə bir şey də qalmamışdı. Düşünürdüm ki, bekarçılığın və darıxmağın daşını belə ata bilərəm; bu, həm də adamın qan dövranını yaxşı tənzimləyir. Hər dəfə ağzımın qıraqlarında məşum büküşlər görəndə, qəlbimdə çiskinli, yağışlı noyabr ağalıq edəndə, hər dəfə tabut qayıran ustaların elan lövhələri qabağında boynumu bükəndə və daha sonra isə rastıma çıxan hər bir dəfn mərasiminin arxasınca düşüb düzlənərək gedəndə məni böyük ruh düşkünlüyü ağuşuna alıb özüylə aparır; belə vaxtlarda yalnız ciddi əxlaq prinsiplərim imkan vermir ki, küçəyə çıxıb yoldan ötüb-keçənlərin şlyapalarını başlarından çıxarmağa məcbur edim; buna görə də indi başa düşürəm ki, artıq gəmi ilə səyahətə çıxmaq vaxtıdır; özü də nə qədər tez olsa, o qədər yaxşıdır. Bu, mənim üçün tapança və gülləni əvəz edə bilər. Qaton fəlsəfi jest edir, özünü qılıncla öldürür; mən isə çox sakitcə gəminin göyərtəsinə qalxıram. Burda təəccüblü bir şey də yoxdur; sadəcə, adamlar bu barədə özlərinə hesabat vermirlər; axı gec-tez çoxları okeana elə təxminən mənim kimi münasibət bəsləməyə başlayacaq, yəni su dünyasına olan hisslərini mənim kimi yaşayacaqlar.
Budur, bu da sizin Manhetten şəhəri; sualtı mərcan qayaların əhatəsindəki Hind adalarını xatırladır; hər tərəfi liman körpüləri ilə mühasirəyə alınıb, yan-yörəsi ticarət köşkləri ilə doludur. Lakin hansı səmtə burulsanız, su görərsiniz. Şəhərin işgüzar mərkəzi və ən son nöqtəsi isə Battəridir; onun ləpələr yuyan möhtəşəm bəndinin divarlarını cəmi bir neçə saat bundan qabaq açıq dənizdən əsən gilavar yalayırdı. Sulara tamaşa edən adamlara da bir baxın. Yuxulu bir bazar günü şəhəri gəzib dolaşın, Korlear döngəsindən burulub ta Koentizin gəmi təmiri yerlərinədək gedib çıxın, ordan da Uaytholl küçəsiylə şimala gedin. Nə görəcəksiniz, hə? Bütün şəhər ətrafında ölümə məhkum edilmiş minlərlə adam gözlərini postda duran lal-dinməz gözətçilər kimi dalğın-dalğın okeana zilləmişdir. Onlardan bəziləri sahilin məhəccərinə söykənmiş, digərləri lap bəndin tinində oturmuşlar; o birilər isə Çindən gələn gəminin göyərtəsinə baxırlar; elələri də var ki, dor iplərinin təpəsinə dırmaşıblar ki, okeanın uzaq nöqtələrini görə bilsinlər - guya orda nəsə var. Bu adamların hamısı quruda işləməyə öyrənmiş adamlardır; onlar adi günlərdə dükanların taxta divarlarına söykənir - skamyalara mıxlanır, ya da hündür stolların üstündə bellərini büküb uzanırlar. Axı nə üçün belədir? Məgər onlar üçün yerdə yaşıl çöllüklər yoxdu? Bu adamların burda nə işi var?
Amma baxın! Buraya yeni insan kütləsi axışmaqdadır; onlar lap dənizin qırağındadı, sanki bu saat suya baş vuracaqlar. Qəribədir! Sahil kənarından başqa onları dünyada razı salacaq bir yer yoxdur; orda, anbarın kölgəsində oturmaq da onları qane etmir. Yox! Onlar dalğalar qoynuna canlarını belə qurban verməkdən qorxmayaraq mütləq suya, mümkün qədər dəniz sahilinə yaxın yerdə durmalıdırlar; hə, bax, beləcə, bu adam kütləsi uzunluğu təxminən bir mil olan sahil boyu durmuşlar... Onlar, bütün bu quru sakinləri, sahilə küçə və döngələrdən, prospektlərdən - şimaldan, cənubdan, qərbdən və şərqdən axışıb gəlmişlər; burda onlar birləşiblər. Bəlkə elə onları buraya çəkib gətirən bütün o gəmilərdəki kompas əqrəblərinin cazibə qüvvəsidi?
Yenə bir misal. Təsəvvür edin ki, şəhərdən kənardasınız; hardasa təpəliklərin əhatəsində, göl olan bir ərazidəsiniz. İstədiyiniz cığırlardan birini seçin və o cığırla da gedin; məsələn, on cığırdan birini tutub gedin; o sizi yaşıl bir vadiyə çıxaracaq və o yerdə qurtaracaq ki, orda su xırda bir gölə tökülür. Bax, elə möcüzə də bundadır. Ən fikirli və dalğın adamlardan birini götürüb ayaq üstə qoyun, bir azca itələyin ki, ayaqları hərəkətə gəlsin və o sizi düz suyun kənarına gətirəcək; əlbəttə, əgər o ətrafda, ümumiyyətlə, su varsa... Ola bilsin ki, nə vaxtsa siz böyük Amerikanın çöl-biyabanında susuz qalasınız; əgər sizin karvanda, heç olmasa, bir metafizika bilicisi varsa, onda bu eksperimenti həyata keçirin; bəli, bəli, hər kəs bilir ki, düşüncə və su əbədi olaraq biri-biri ilə bağlıdır.
Ya da götürək rəssamı. Rəssam Sako vadisi boyu ecazkar, ən poetik, dinc, kölgəli, romantik bir mənzərə çəkməyi könlündən keçirir. Bu rəsmdə o hansı əsas elementlərdən istifadə edər? Bax hər yan ağacdı, hamısı da koğuşludu, düyün-düyündü, bura çəmənlikdi, orda sürü mürgü vurur, o evin bacasından isə tənbəl-tənbəl tüstü çıxır. Arxa planda qalın meşəyə qədər gedib çıxan və havanın şəffaf rəngləri ilə çimən sıra dağların ətəklərinə qədər uzanan əyri-üyrü bir cığır görünür. Hər halda, sehrli yuxuya dalmış bu şəkil bizim qarşımızda dursa da, şam ağacı öz ah-naləsini yarpaqlar kimi çobanın başına töksə da - öz çobanını qıjıltıyla axan çaya baxmağa vadar eləməsə, rəssamın bütün zəhməti hədər olacaq. İyun ayında narıncı çöl zanbaqlarıyla örtülmüş dizə çıxan otların arası ilə onlarca mil yeriyə biləcəyiniz çölə gedin - bəs bu füsunkar məkanda nə çatışmır? Su, orda bir damçı belə su yoxdur! Əgər Niaqara vur-tut qum püskürsəydi, adamlar min kilometrlərlə məsafəni qət edib bura gözəllikdən həzz almağa gələrdilərmi? Gözlənilmədən iki ovuc gümüş pul tapan tennesili yoxsul şair nə üçün tərəddüd etməyə başladı: ehtiyacı olduğu paltonu alsın, yoxsa bu pulları Rokavey Biçə piyada səyahətə sərf etsin? Nə üçün normal, sağlam qəlbli hər bir normal, sağlam oğlan əvvəl-axır hökmən dənizdən ötrü dəli-divanə olur? Nə üçün siz ilk dəfə dəniz səyahətinə çıxarkən, sahilin artıq görünmədiyini eşidəndə başlayırsız həyəcan keçirməyə? Niyə qədim farslar dənizi müqəddəs hesab eləyiblər? Nə üçün yunanlar ona xüsusi bir səcdəgah kimi baxmışlar və Zevsin doğma qardaşını dəniz Allahı etmişlər? Görünür, bütün bunların hamısında dərin bir məna var. Və deyim ki, daha dərin məna Narsis haqqında povestdədir; Narsis göldə öz əksini, ilahi gözəlliyini görüb onu tutmaq üçün iztirab çəkmiş, tuta bilməmiş və özünü suya tullayıb boğulmuşdur. Axı elə biz özümüz də öz əksimizi həmin çaylarda, okeanlarda görürük; bu, həyatın dərkolunmaz ilğımının obrazıdır; bütün sirrlərin açarı da bundadır!
Lakin mən deyəndə ki, hər dəfə gözlərim dumanlananda, ağ ciyərlərim özünü hiss elətdirəndə dəniz səyahətinə çıxıram, məni səhv başa düşməsinlər: mən dəniz səyahətinə sərnişin kimi getmirəm. Axı sərnişin olmaq üçün gərək pul kisən olsun, əgər pul kisən boşdursa, kisə yox - cındır parçasıdı! Bundan başqa, sərnişinlər dəniz xəstəliyindən əziyyət çəkirlər, qızğın mübahisələr edirlər, gecələr yatmırlar, bir qayda olaraq öz səyahətlərindən az ləzzət alırlar; bəli, mən heç vaxt sərnişin kimi getmirəm, keçmiş dənizçi olsam da, heç kommodor, kapitan, aşpaz kimi də getmirəm. Bu vəzifələrlə bağlı şöhrət və hörməti onlardan xoşu gələn adamlara bağışlayıram; mənim isə bütün əzab-əziyyətli, şərəfli işlərdən, narahatçılıqlardan zəhləm gedir. Öz qeydimə qalsam bəsimdi; yox bir, hələ gəmilərin, yükdaşıyan çay gəmilərinin, ikidorlu yelkənli qayıqların, nə bilim özgə nələrin də qayğısına qalmalıyam. Aşpaz vəzifəsinə gəlincə, onun çox hörmətli vəzifə olduğunu etiraf eləyirəm, o da bir növ gəmi komandiridi; mən quşu ocaqda qızartmaqdan elə də xoşlanmıram, ancaq necə lazımsa bişirilsə, yağı, duzu, istiotu yerli-yerində olsa, mənim qədər heç kim qızardılmış o quş haqqında böyük ehtiramla danışa bilməz. Bu qədim misirlilər bişmiş qaraleyləyə, qızardılmış begemota elə sitayiş edirdilər kı, biz indi də onların iri piramidalarında bunların mumiyalarına rast gəlirik.
Yox, mən dənizə çıxanda, adi matros kimi çıxıram. Doğrudur, belədə məni çox incidirlər, bütün gəmi boyu ora-bura yüyürdür, bu reydən o reyə tullanmağa məcbur edirlər, elə bil may biçənəyindəki cırcıramasan. İlk vaxtlar belə şeylər sənə xoş gəlmir. Adamın ləyaqətinə toxunur, xüsusilə də əgər Van Renseller, Rəndolf, yaxud Hardikanuts kimi qədim zadəgan familiyalarından birini daşıyırsansa. Və ən başlıcası isə əllərini qətran çəlləyinə salmamışdan qabaq əgər kənd müəllimi kimi bu əllərini bircə dəfə yelləməklə öz yekəpər şagirdlərinin belə canına vəlvələ salmısansa. Müəllimlikdən dənizçiliyə keçid çox çətin məsələdir; inandırım sizi, gərək dəmir dözümün olsun və Senekanın güclü müalicəvi həbin olsun ki, bütün bunları təbəssümlə qarşılaya biləsən. Əlbəttə, bu da vaxt ötdükcə təsir gücünü itirir.
Ancaq bütün bunlar mənə göyərtəni süpürməyi əmr edən kaftar kapitanın nə vecinə. Əgər Bibliyanın tərəzisində ölçsək, görən çoxmu alçalmışam? Sizə elə gəlir ki, məlaikə Cəbrayılın fikrincə, qoca kaftarın əmrini bu dəfə tez yerinə yetirdiyimə görə çoxmu şey itirəcəyəm? Deyin görək, bizim hansımız quluq? Yaxşı, madam belədirsə, qoca kapitanların mənimlə necə rəftar etməsindən asılı olmayaraq özümə təskinlik verməliyəm ki, bütün bunlar təbiidi, fiziki, ya metafiziki mənada hamı təxminən eyni dərəcədə öz payını alır; beləliklə, bir dünyəvi şapalaq insandan insana ötürülür və cəmiyyətdə hər kəs qonşusunun dirsəyindən çox, yumruğunu hiss eləyir, biz də bununla razılaşmalıyıq.
Bundan başqa, ona görə həmişə dənizçi kimi səyahətə çıxıram ki, gördüyüm işlərə görə mənə pul verirlər; sərnişinlərə gəlincə, deməliyəm ki, onlara heç yarım sent də ödəmirlər, əksinə, sərnişinlərin özləri hələ pul ödəməlidirlər. Ödəniş etməklə əmək haqqı almaq arasında isə çox böyük fərq var. Ödəniş etmək, məncə, bir qədər xoşagəlməz cəzadır; Adəm və Həvvanın alma bağlarında başlarına gələn əhvalata bənzər bir şeydir. Lakin sənə pul verilməsi başqa məsələdi! Bundan gözəl şey olar! Biz o pulu lütfkarcasına alırıq; əslində qəribədir - biz pulu ciddi şəkildə bütün yerüstü düşmənçiliklərin kökü hesab edirik və qəti şəkildə inanırıq ki, varlı adamın heç cür və heç bir vəchlə göylərdə yeri yoxdur. Ahhh, gör biz əbədi ölümlə necə gülərüzlə barışırıq!
Nəhayət, mən səyahətə ona görə həmişə dənizçi kimi çıxıram ki, dəniz havası mənim sağlamlığıma yaxşı təsir edir, təmiz havada fiziki əmək adamı günrah saxlayır. Çünki bizim dənizçi dünyasında küləklər arxadan yox, daha çox öndən əsir (əlbəttə, əgər Pifaqorun təlimlərini nəzərə alsaq). Buna görə də şkansdakı kommodor öz hava payını göyərtənin qabaq hissəsində duran matroslardan sonra alır. O elə bilir ki, dəniz havasını birinci udan odur, lakin bu, belə deyil. Sadə camaat da bir çox məsələlərdə öz rəhbərlərini qabaqlayırlar, rəhbərlərin isə bu heç ağlına da gəlmir.
Əvvəllər dəfələrlə ticarət gəmilərində dənizə çıxmış bir adam nə üçün birdən-birə balina ovlayan gəmiyə üstünlük verdi? Mənə daim nəzarət edən, xəlvətcə izləyən, hərəkətlərimə gizlicə təsir eləyən gözəgörünməz polis zabiti Qəzavü-qədər bunu hamıdan daha yaxşı izah edə bilər. Şübhə yoxdur ki, mənim balina ovlayan gəmi ilə səyahətə çıxmağım Taleyin qabaqcadan planlaşdırılmış böyük bir proqramının tərkib hissəsidir. Mənim həyatım, necə deyərlər, geniş çıxışlar arasındakı qısa intermediya və sola nömrəsi rolunu oynayıb. Məncə, afişada bu təxminən belə yazılmalıydı:
BİRLƏŞMİŞ ŞTATALARDAKI PREZİDENT SEÇKİLƏRİNDƏ PARTİYALARIN KƏSKİN MÜBARİZƏSİ
İZMAİL ADLI BİR NƏFƏRİN BALİNA OVLAYAN GƏMİYLƏ SƏYAHƏTİ
ƏFQANISTANDA QANLI QIRĞIN
Rejissor-talenin balina ovlayan gəmidə mənə nə üçün belə bir miskin rol ayırdığını dəqiq bilmirəm, axı başqalarına faciələrdə gözəl rol verilir, sentimental dramlarda epizodik, məzhəkələrdə şən rollarda çıxış edirlər; niyə belə alındığını dəqiq bilməsəm də, indi hər şeyi xatırlayanda, həmin rolu oynamağa məni nəyin təhrik etdiyinin gizli səbəblərini, deyəsən, anlamağa başlayıram, üstəlik, hətta inanmağm gəlir ki, mən bu rolu öz istəyimlə seçmişəm.
Bu səbəblər arasında ən başlıcası isə nəhəng və əzəmətli balina idi. Belə qəddar yırtıcı mənim marağımı çəkməyə bilməzdi. Bir yandan da görkəmindən təhlükə yağan ada boyda balinaların yırğalana-yırğalana üzdüyü təlatümlü dəniz və bütün bunların fonunda Atlantik və Hind okeanı sahillərinin gözəllikləri, qəşəng mənzərələr mənim istəyimi daha da gücləndirirdi. Ola bilsin, başqalarını belə şeylər cəlb eləmir, ancaq uzaqlar həmişə məni çəkib. Mən heç kimin üzmədiyi sularda üzməyi, vəhşi sahillərə yan almağı xoşlayıram. Yaxşılığı qiymətləndirməklə yanaşı, mən pisliyi də tezcə duyuram və imkanım olsa pis adamlarla da yola gedə bilərəm, axı çörəyini böldüyün adamlarla gərək mehriban olasan.
Bax elə bütün bu səbəblərə görə mən balina ovlayan gəmiylə səyahətə çıxmağa böyük məmnuniyyətlə hazır idim; möcüzələr aləminə aparan iri şlüzlər taybatay açılmışdı və məni öz məqsədimə doğru çağıran xəyallarımda iki cərgə ilə düzülmüş balinalar ağır-ağır üzüb gedirdilər və onların arasında biri qarlı zirvə kimi yüksəyə qalxmışdı.
İkinci fəsil
Yol çantası
Mən köhnə yol çantama bir-iki göynək dürtərək onu qoltuğuma vurub Sakit okeandakı Horn burnuna tərəf yola düzəldim. Gözəl Manhetteni tərk edib vaxtında Nyu Bedforda yetişdim. Dekabr ayı idi, şənbə günü axşamdan xeyli keçmişdi. Nantaketə gedən xırda poçtdaşıyan gəminin artıq yola düşdüyünü öyrənəndə dilxor oldum, bazar ertəsinə qədər oraya daha heç nə getmirdi.
Balina ovçuluğunun əzab-əziyyətlərinə qatlaşmaq istəyən gənclərin çoxu okena çıxmaq üçün məhz Nyu Bedfordda qalırdılar, ancaq onlar kimi hərəkət eləmək mənim ağlıma da gəlmirdi. Mən yalnız Nantaket gəmisində üzməyə qərar vermişdim, çünki şanlı tarixi olan bu qədim adayla bağlı hər şeydə mənim üçün son dərəcə cəlbedici sağlam bir başlanğıc varıydı. Son vaxtlar Nyu Bedford balina ovçuluğunu tədricən inhisara alsa da, qədim və yoxsul Nantaket indi bu sahədə ondan geri qalsa da, Tir Karfagenin sələfi olduğu kimi Nantaket də onun böyük sələfi idi, axı Amerikada öldürülmüş balina ilk dəfə Nantaketdə sahilə çıxarılmışdı. İlk balina ovçuları - qırmızıdərili hindular öz qayıqlarında dəniz əjdahası ovuna hardan getmişlər? Əlbəttə, Nantaketdən... Rəvayətə görə, yarıya qədər uzaqdan gətirilmiş daşla doldurulmuş balaca qayıq məhz Nantaketdən okena çıxmışdı ki, daşları balinaya atıb qayığın hədəfə nə qədər yaxınlaşdığını və harpunu işə salmağın zamanı olub-olmadığını bilsinlər.
Beləliklə, mən Nantaketə yola düşməzdən qabaq bir gecə, bir gün və yenə bir gecə Nyu Bredfordda qalmalıydım, buna görə də ciddi bir məsələ meydana çıxdı: bu vaxt ərzində harda yeyib-yatacaqdım? Çox qaranlıq və tutqun, şaxtalı və xoşagəlməz bir gecəydi. Bu şəhərdə heç kəsi tanımırdım. Mən qıc olmuş barmaqlarımın ucuyla ciblərimi eşələdim, ordan olan-qalan gümüş qəpik-quruşumu çıxartdım. Çantamı çiynimə atıb kimsəsiz bir küçənin ortasında durmuşdum; şimal tərəfdəki səmanın tutqunluğunu cənubdakı səmanın qaranlığı ilə müqayisə edərək özüm-özümə dedim:"Hə, İzmail, əziz dostum, hara getsən, bu gecə harda birtəhər başını girləsən, qiymət soruşmağı unutma və vasvasılıq da eləmə..."
Küçələrdə çəkinə-çəkinə dolaşarkən gözümə dükanların birinin üstündə asılmış lövhəcik dəydi: "Çarpazlaşan Harpunlar". Heyif ki, gəl-gəl deyən bu dükandan bahalıq yağırdı. Bir qədər qabaqda "Qılınc-balıq" hotelinin işıqlı pəncərələrini gördüm, qırmızı lampaların işığı qarşıdakı qar topasının və buzların üstünə düşərək, sanki onları qızdırıb əridirdi; hər yan təxminən on santimetrlik buzla örtülmüşdü, bu sürüşkən yolla addımlamaq mənimçün çətin idi, çünki uzun müddət fasiləsiz və ağır əməklə məşğul olduğumdan ayaqqabımın altı acınacaqlı haldaydı. "Bura da çox baha yerə oxşayır, - deyə düşündüm və bir anlıq dayanıb küçəyə düşən parlaq işığa baxdım, içəridən eşidilən stəkanların çingiltisinə qulaq verdim. - Hə, İzmail, nə durmusan, çıx get, eşitmirsən? Qapının ağzından rədd ol, sənin yamaqlı başmaqların girişi zibillədi! " Və ordan uzaqlaşdım. Mən indi qeyri-ixtiyari birbaşa sahilə aparan küçələrə burulurdum. Orada, şübhəsiz, ən ucuz və çox da təmtəraqlı olmayan bir hotel taparam.
Nə hüznlü küçələrdir! Hər yan qaranlığıydı, sərdabə zülmətinin dolanbaclarından gələn işıq kimi orda-burda vur-tut şam işığı sayrışırdı. Ötən həftənin sonuncu günü buralar tamam kimsəsiz görünürdü. Amma indi yastı, uzun tikilinin yarıaralı qapısından süzülən işıq zolağını gördüm. Bina baxımsız, bərbad vəziyyətdə idi; dərhal fikirləşdim ki, bu elə ictimai istifadə üçün nəzərdə tutulub. Qapıdan içəri girəndə ayağım kandardakı kül tökülmüş yeşiyə ilişib yıxıldım. "Bəli də, - kül dumanında boğularaq öz-özümə dedim, - birdən bu, məhv olmuş Qomorra şəhərinin külü olar? Orda "Çarpazlaşan Harpunlar", sonra "Qılınc-balıq" hoteli, indi isə yəqin "Tələ"yə düşmüşəm". Hər halda, içəridən gur bir səs eşidib ayağa qalxdım və ikinci qapını ayağımla itələyib açdım.
Bu nədir? Elə bildim cəhənnəmdə Qara Parlamentin iclasına girmişəm; təxminən yüzə yaxın qara üzlü adam mənə sarı döndü, onların arxasında, lap uzaqda isə qara ölüm mələyi əlini açılmış kitabın üstünə qoymuşdu. Bu, zənci kilsəsi idi və moizəçi deyirdi ki, qaranlıq elə bir zülmətdir, ordan yalnız ölü nəğməsi eşidirsən, inilti, zarıltı gəlir ordan, sonra da dişlərini qıcırdırsan. "Hə, İzmail,"- deyə mən geriyə, qapıya sarı addımladım, - yaman yerdə axşamladın, bu "Tələ"də səni heç də maraqlı əyləncə gözləmir".
Yenə küçələri dolaşmağa başladım; nəhayət, liman körpüsünün yaxınlığında hansısa zəif işıq gələn yer gördüm, sonra xəfif bir cırıltı eşitdim; başımı azca yuxarı qaldırıb gördüm ki, qapının üstündə bir lövhə yellənir, üstündə ağ rənglə bu sözlər yazılmışdı: "Balina Fəvvarəsi" Hoteli, Piter Tabut".
"Necə? Tabut? Fəvvarə? Belə bir vəziyyətimdə kifayət qədər uğursuz görünür!"- düşündüm. Yeri gəlmişkən, axı deyirlər bu familiya Nantaketdə geniş yayılıb və elə bu Piter də, görünür, buraya adadan köçüb. Ordan zəif işıq gəlirdi və gecənin bu vaxtında ətraf çox sakit görünürdü, elə bil çürümüş taxta evi də yanğından məhv olmuş bir rayondan gətirib qoymuşdular buraya; üstündəki lövhəcik də yazıq-yazıq cırıldayırdı, başa düşdüm ki, yalnız burda cibimə uyğun yer tapa və babat bir noxud qəhvəsi içə bilərəm.
Qəribə bir tikiliydi; sivri damı olan bu köhnə ev tamamilə bir böyrü üstə əyilmişdi, elə bil iflic olmuş adamdır. Ev dar və qaranlıq bir küncə qısılıb qalmışdı; şiddətli şimal küləyi isə ətrafda daha bərkdən vıyıldayırdı; bu külək zavallı Pavelin köhnə gəmisi ətrafında əsən küləkdən də şiddətliydi. Lakin axı bu Şimal küləyi yatmazdan əvvəl evinin içində, buxarının qabağında oturub rahatca ayaqlarını qızdıran hər kəs üçün gözəl bir küləkdir. Əsərləri bircə nüsxədə bizə gəlib çatan qədim müəlliflərdən biri (onun kitabları yalnız məndədir) deyir ki, "Yevroklidon adlı Şimal küləyinə qiymət verərkən gərək fərqi biləsən: sən bu küləyə hardan baxırsan - səni soyuqdan qoruyan pəncərə şüşələri arxasından, yoxsa şüşəsiz pəncərədən? Bu zaman külək səni şil-küt edəcək və yalnız Ölüm adlı şüşə səni xilas edə bilər..." Bu sətirlər yadıma düşəndə fikirləşdim: "Doğurdan da qədim kitab düz deyir..." Həqiqətən bu gözlər - pəncərədir, mənim bədənim isə bu evdir. Təəssüf ki, bu evin dəlmə-deşikləri lazımi qaydada tutulmayıb; heç olmasa tiftikdən-zaddan gətirib bu deşiklərə basmaq olardı. İndi artıq bu düzəlişləri etmək gecdir. Dünyayi-aləm qurulub artıq, qübbənin əsas buxarısı da qoyulub və milyon illər bundan qabaq arabalarda çınqıl gətirilib. Zavallı Lazar başını panelin üstünə qoyub, dişlərini şaqqıldadaraq əynindəki sonuncu cındırdan titrəyə-titrəyə xilas olub; o, qulaqlarını əsgi-üsgülərlə tıxaya bilərdi, ağzını isə gəmirilmiş qarğıdalı qıçası ilə də doldura bilərdi; hətta belədə də o, Yevroklidondan, yəni Şimal küləyindən qaça bilməzdi.
- Yevroklidon! - qırmızı ev xalatı geymiş Zəngin Adam deyir (o özü üçün sonralar başqa bir xalat da aldı, daha qırmızısından).- Offfff! Gözəl şaxtalı havadı! Orion necə də sayrışır! Şimal şəfəqi necə də parıldayır! Qoy mənim qış bağımdakı kimi qurtarmaq bilməyən Şərq yayında kefi istədiyi qədər əssin. Mən öz yayımı öz şəxsi ocağında yaratmağın tərəfdarıyam.
Bəs bu barədə zavallı Lazar nə düşünür? O öz göyərmiş əllərini böyük Şimal şəfəqinə sarı uzatmaqla isidə biləcəkmi? Bəlkə Lazar burada yox, Sumatrada olmağı üstün tutardı? Bəlkə ekvatorun böyründə məmnuniyyətlə uzanmağa, ya hətta cəhənnəm alovunun içinə girməyə razı olardı, təki şaxtadan qorunsun?
Lakin Lazar dayaza çıxmış balina kimi, bax burda, Zəngin Adamın qapısı ağzındakı panelin üstündə uzanmalıdır, ancaq bu da Molukkas adalarından birinə aysberqin yan alması qədər məntiqsizdir. Elə Zəngin Adamın özü də donmuş nəfəslərdən tikilmiş buz evdə şah kimi yaşayır və ayıqlar cəmiyyətinin sədri kimi yalnız yetimlərin isti göz yaşlarını içir.
Ancaq sızıldayıb inləmək yetər! Biz balina ovuna gedirik və bütün bunlar hələ yetərincə olacaq! Gəlin donmuş ayaqqabımızın altındakı buzları qıraq və baxaq görək bu "Balina Fəvvarəsi" hoteli nə olan şeydir!

Tərcümə: Kamran Nəzirli

DİGƏR MƏQALƏLƏR