MEMUAR
Yuri Trifonov

Rusiyada XX əsrin 60-70-ci illərinin ədəbi prosesində böyük uğurlar qazanmış yazıçılardan biri də Yuri Valentinoviç Trifonovdur. O, 1925-ci ildə Moskva şəhərində görkəmli partiya işçisi, bolşevik Valentin Andreyevıç Trifonovun ailəsində doğulmuşdur. Bu ailə 1932-ci ildən 1937-ci ilə qədər məşhur Hökumət evində yaşamışdı; o zaman heç kəs bilmirdi ki, təqribən qırx il keçəcək və həmin ev Y. Trifonovun povestinin adı ilə «Sahildəki ev» adlandırılacaq.

Ölkədə cəza tədbirlərinin tüğyan etdiyi 1937-ci ildə Y. Trifonovun atasını, anasını və əmisini həbs etdilər; az sonra atası da, əmisi də güllələndi. Yurini bacısı ilə birlikdə nənəsi çox ağır məhrumiyyətlər şəraitində böyütmüşdür.

Almaniya ilə müharibə başlayanda Y. Trifonov Daşkəndə köçürüldü və 1943-cü ildə Moskvaya qayıdıb hərbi zavodda işləməyə başladı. Həmin zavodda işlədiyi vaxt 1944-cü ildə Ədəbiyyat İnstitutunun qiyabi şöbəsinə daxil oldu və sonra əyanı şöbəyə keçdi.

O, cavan yaşlarından yazmağa başlamışdı. Ilk şeirləri və hekayələrini həbsdə olan anasına da göndərirdi.

1949-1950-ci illərdə yazdığı, həm də onun diplom işi olan «Tələbələr» povesti gözlənilmədən Y. Trifonovu məşhurlaşdırdı. Əsər «Novıy mir» jurnalında çap olundu və Stalin mükafatına layiq görüldü.

Yazıçı uğur qazanmış ilk iri həcmli əsərindən sonra uzun müddət əsasən hekayə yazmışdır. 1960-cı illərin birinci yarısında isə bir-birinin ardınca onun «Susuzluğun yatırılması» romanı və «Tonqal işıltısı» sənədli povesti çap olundu. Roman Orta Asiyada Böyük Türkmən kanalının çəkilişinə, povest isə müəllifin atasının inqilabi fəaliyyətinə həsr edilmişdi.

1973-cü ildə işıq üzü görmüş «Dözümsüzlük» romanı tarixi faktlar əsasında yazılmışdır. Bu əsərdə XIX əsrin ikinci yarısında geniş yayılmış «xalqçılıq» hərəkatının bədii təsviri verilmişdir. Y. Trifonovun «Moskva povestləri» adlandırılan «Mübadilə», «İlkin nəticələr», «Uzun çəkən vidalaşma» və «Başqa həyat» povestləri onun yaradıcılığında yeni bir mərhələ olmuşdur. Bu əsərlərdə təsvir edilən hər bir insanın mənəvi aləmi adi məişət hadisələri, ailə münasibətləri şəraitində açılır. Həmin dövrdə Sovet ədəbi tənqidi müəllifi xırda məsələlərə əhəmiyyət verdiyinə və «işıqlı gələcək» idealı uğrunda mübarizədən kənar dayandığına görə günahlandırırdı.

Lakin yazıçı öz mövqeyini dəyişmək fikrində deyildi. Onun 1976-cı ildə «Drujba narodov» jurnalında dərc edilən «Sahildəki ev» povesti keçən əsrin 70-ci illərinin ədəbi uğurlarından biri hesab olunur. Povestdə totalitar sistemin zülmü altında yaşamağa məcbur olan insanlara mühitin təsirinin bədii təhlili verilmişdir. Əsas personajlardan biri - Vadim Qlebov «Zəmanə beləydi» deməklə özünə haqq qazandırır, bütün günahlarını ört-basdır etməyə çalışır. Y. Trifonovun bir çox başqa əsərlərində də zəmanənin, şəraitin insan xarakterinə təsiri təsvir edilir. V.Qlebov maddi nemətlərə sahib olmaq məqsədilə vəzifədə qalmaq, başqalarından daha üstün mövqe qazanmaq istəyir və ona görə də qanunsuz hərəkətlərə yol verir. Lakin onun satqınlığının və mənəvi düşkünlüyünün səbəbi yalnız mənsəbpərəstlik və acgözlük hesab edilə bilməz, həm də bütün ölkəni bürümüş terror dalğasının qorxusu da burada mühüm rol oynayır. Rusiyanın tarixinin müxtəlif dövrlərini ustalıqla təsvir etmiş yazıçı bu povestdə insanın cəsurluğunu və zəifliyini, bəsirətini və korluğunu, böyüklüyünü və cılızlığını sənətkarlıqla göstərə bilmişdir. Elə ona görə də Sovet ədəbi tənqidi bu əsəri bəyənmədi və o uzun müddət yazıcının heç bir kitabına daxil edilmədi.

«Sahildəki ev» povestindən sonra Y. Trifonov 1918-ci ildə Don çayı boyunda baş vermiş qanlı hadisələrdən bəhs edən «Qoca» pomanı üzərində işləmiş və onu 1978-ci ildə tamamlayıb «Drujba narodov» jurnalında çap etdirmişdir. Burada romanın əsas qəhrəmanı Pavel Letunov öz vicdanı qarşısında hesabat verir. O, gərgin və faciəli bir həyat yolu keçmişdir. Neçə illər əvvəl baş vermiş bir hadisə ona rahatlıq vermir: doğrudanmı o zaman korpus komandiri Miqulin satqınlıq etmişdi? Müstəntiqin sualına cavabında Letunov cavab veribmiş ki, Miqulin əksinqilabi qiyamda iştirak edə bilər və bununla da onun günahlandırılmasında əsas rol oynamışdi.

1980-ci ildə Henrix Böllün təklifi ilə Nobel mükafatı almaq üçün Yuri Trifonovun namizədliyi irəli sürülmüşdü və layiq görülmə imkanları çox yüksək qiymətləndirilirdi. Lakin 1981-ci ilin martında yazıçının ölümü buna mane oldu.

Yuri Trifonovun ən dərin, etiraflarla dolu romanı «Zaman və yer» adlanır və yazıçının sağlığında çap olunmamışdı. Əsər 1982-ci ildə çox böyük senzura ixtisarları ilə işıq üzü gördü. Onun əvvəllər «Novıy mir» jurnalı tərəfindən qəbul olunmamış «Dağılmış ev» hekayələr toplusu da həmin il çap olundu.

 

Tonqal işıltısı


Düşmənlə amansız döyüşə girdik,

Naməlum talelər gözləyir bizi.

Köhnə inqilabi mahnıdan

 

Hər bir insanda tarixin işıltısının izi var. Bəzilərini o, qaynar və qorxunc istisi ilə yandırır, başqalarına cüzi təsir edir, azacıq isidir, amma hamıya özünü göstərir. Tarix nəhəng bir tonqal kimidir, alovlanır və bizim hər birimiz ona öz çırpımızı atırıq.

Atam kağız çərpələng düzəltməyi sevirdi. Şənbə günü bağa gəlirdi, biz gecəyədək otururduq, taxta yonurduq, kağız kəsib yapışdırırdıq, kağızda idbar sir-sifət çəkirdik. Sübh tezdən arxa alaqapıdan çaya qədər uzanan çəmənə çıxırdıq, oradan çay görünmürdü, onun ancaq qarşı tərəfdəki hündür sahilini, sarı qumlu enişi, şam ağaclarını, bu ağacların arxasında sahilin dikdirindəki Troitsk-Lıkov kilsəsinin zəng qülləsini görə bilirdik. Mən ipi aça-aça nəm otluqda qaçırdım, qorxurdum ki, atam nəyi isə yaxşı eləməyib, çərpələng qalxmayacaq və doğrudan da, çərpələng əvvəlcə qalxmırdı, bir qədər ot üzərində sürünürdü, uçmağa cəhd eləsə də alınmırdı, yerə düşürdü, toyuq kimi çapalayırdı və birdən yavaş-yavaş arxa tərəfimdən qəribə tərzdə qalxırdı və mən var gücümlə irəli qaçırdım.

Məndən başqa heç kəsin belə böyük, bərkdən şaqqıldayan çərpələngi yox idi. Çünki atam onları hərbi xəritələrdən hazırlayırdı, onlar qalın kağızda çap olunmuşdu, bəzilərinin hətta kətan astarı olurdu.

Saysız-hesabsız yer adlarının xırda hərflərlə yazıldığı bu qədim xəritələri korladığımıza görə həmişə heyfsilənirdim. Çar hökümətinin ordu xəritələri olsalar da, onları bizimkilər vətəndaş müharibəsi dövründə istifadə edirlərmiş.

Atamın nə üçünsə bu xəritələrə heyfi gəlmirdi. Bəlkə də hesab edirdi ki, onlar artıq öz işlərini görmüşlər.

1918-ci ilin yayından 1919-cu ilin yayına qədər atamın çox ağır aylarını keçirdiyi Şərq cəbhəsinin xəritələrindən düzəldilmiş çərpələng mavi səmanın ənginliyində üzür və şaqqıldayırdı.

Lakin bu barədə mən sonra bildim. Biz çərpələng uçurtduğumuz həmin bağdaki evdən gecə vaxtı hərbi paltarlı adamlar atamı həbs edib aparanda mənim 11 yaşım vardı. Mən də, bacım da yatmışdıq, atam bizi oyatmaq istəməmişdi. Beləcə biz vidalaşmadıq. Bu, 1937-ci ilin iyun ayının 22-nə keçən gecə olmuşdu.

Atamın kimliyini və inqilab dövründə nə etdiyini başa düşənə qədər çox illər ötdü və bundan da çox illər sonra mən bu barədə danışa bildim. Yox, mən atamın günahsızlığını, uşaq vaxtımdan buna həmişə inansam da, nəzərdə tutmuram. Mən atamın inqilab üçün gördüyü işləri, onun qırmızı qvardiyanın və Qızıl Ordunun yaranmasında, vətəndaş müharibəsi hadisələrində rolunu nəzərdə tuturam. Bax, bu barədə çox gec bildim. Aşağıda yazılanlar nə tarixi oçerkdir, nə atam haqqında xatirələrdir, nə onun bioqrafiyasıdır, nə nekroloqdur. Bu onun həyatı barədə hekayə də deyil.

Hər şey sandıqda tapılan kağızların oxunmasından sonra başlandı. Bu kağızlarda fakt varıydı, onlardan tarix qoxusu gəlirdi, ancaq lazümsız kağızlar çox olduğundan insan ömrünü tam əhatə eləmirdi, bəzən əsas mətləb bir kənarda qalırdı, əhəmiyyətsiz şeylər üzə çıxırdı, ona görə aşağıda yazılanlar bitgin deyil, hadisələr tam əhatə olunmayıb, tarixi əsər üçün vacib olan mühüm adlar çəkilmir və bioqrafiya üçün lazım olan ardıcıllıq yoxdur. Hər şey çox qısa və eyni zamanda çox geniş yazıla bilərdi. Sonra mən bəzi yerləri genişləndirdim, istəyirdim ki, atamın yanında olan başqa şəxslərdən də yazım. Və mən arxivlərə baş vurdum. Məni köhnə teleqramlarda, protokollarda, qəzetlərdə, vərəqələrdə, məktublarda izi qalmış zamanın qoxusu ovsunlamışdı. Onların hamısı əvvəlki Rusiyanı yandırıb külə döndərən nəhəng alovun qırmızı rənginə boyanmışdı.

Atam oda yaxın dayanmışdı. O, alovu körükləyənlərdən idi: yorulmaq bilməyən işçi, inqilab ocaqçısı, bu nəhəng yanğını qalayanlardan biriydi.

Sandığın üst hissəsində xəritələr, altda isə çoxlu kağızlarıydı. Yox, atam özünün bütün kağızlarına köhnə ordu xəritələrinə olduğu kimi başdansovdu yanaşmırdı. Bəzilərini həddindən artıq qoruyurdu. Belə kağızların çoxu atamın Petroqrad Qırmızı qvardiyasında, qalanları Ural, Cənub-Şərq və Qafqaz cəbhələrində vətəndaş müharibəsi zamanı İnqilab Hərbi Şurasının üzvü olduğu dövrə aid sənədləriydi. Yadımdadı, atam Qırmızı qvardiya barədə nə isə - ya tarixi oçerk, ya da xatirələr kitabı yazmaq fikrindəydi, amma yazmadı. Ömrü boyu gərgin işlədi və bu işin tələb etdiyini - yəni iqtisadiyyata, hərbi və beynəlxalq məsələlərə dair məqalələr yazdı, memuar üzərində çalışmağı isə daha sərbəst olacağı vaxtlara saxladı. Elə bir dövr isə gəlib çatmadı.

1917-ci ildə Qırmızı qvardiyaya başcılıq edən adamların əksəriyyəti kimi Valentin Andreyeviç Trifonov həbsxana və sürgünlərdən keçmiş peşəkar inqilabçı, köhnə bolşevik idi. Mənşə etibarilə Don kazakıydı, Novoçerkassk stanitsasının Verxne-Kunduryuçensk xutorunda doğulmuşdu, amma valideynləri öldüyündən yeddi yaşından Maykop şəhərində yaşamışdı, peşə məktəbində tərbiyə almışdı.

Onlar iki qardaş idilər: böyüyü Yevgeni, kiçiyi Valentin. Hər ikisi lap cavan yaşlarında, 1904-cü ildə, atamın on altı, Yevgeninin on doqquz yaşı olanda Rostovda partiyaya üzv olmuşdular. Və çox tez, bir ildən sonra onlar sübut etdilər ki, öz həyatlarını ona görə partiya ilə bağlamıyıblar ki, gizli mənzillərdə axşamlar «Hegel dialektikasını», Lippertin və Mijuyevin kitabçalarından mədəniyyət tarixini öyrənsinlər. 1905-ci ildə hər iki qardaş Rostovda silahlı üsyanda iştirak etdilər, üsyan yatırıldıqdan sonra hərbi-dairə məhkəməsi Yevgenini mühakimə etdi. Yevgeni 10 il katorqa cəzası aldı, Valentin isə məhkəməsiz Sibirə inzibati qaydada sürgün edildi. Onlar partiyaya bu cür daxil oldular. Onların gəncliyi beləcə barrikada, məhkəmə və Sibirlə başlandı və eləcə də sona çatdı.

Əslində onların gəncliyi olmuşdumu? Yetimlik, özgə adamların yanında ac-yalavac yaşamaq; lap kiçik yaşlarından üzücü, ağır əmək: atam dəmiryol emalatxanalarında çilingər işləyirdi, Yevgeni limanda yükdaşıyan, dəyirmanda fəhlə, yük paroxodlarında yağlayıcı olmuşdu, bir müdət kazak alayında xidmət etsə də, oradan özbaşına çıxıb getmiş, səfillərlə, Rostov xuliqanlarının Rostov və Naxçıvan ətraflarını qorxu içində saxlayan «bozlar» adlı dəstəsi ilə tapışmışdı. «Bozlar» qəşəng və şıq geyinir, enli kəmər qurşayırdılar. («Məndən yox, mənim qırmızı kəmərimdən qorx» - yəni, orada bıçaq var). Dəstə onlara müqavimət göstərən cavan fəhlələrlə toqquşurdu, bıçaqlaşırdı. Tezliklə Yevgeni «bozlar»a nifrət edib onlardan uzaqlaşdı.

Atamın da elə bu cür yurdsuz-yuvasız gəncliyi olmuşdu, amma qardaşı kimi deyildi, dolaşıq işlərə, «bozlara» baş qoşmurdu. Bu onun xarakterindən irəli gəlirdi. Valentin kiçik olsa da ayıq və təmkinliydi, Yevgeni isə özündən çıxan, dalaşqan idi, onun qanında kazak coşğunluğu özünü göstərirdi.

Onlar necəsə bir-birlərinə oxşasalar da, hər halda, görkəmcə müxtəlifiydilər: atam enlikürək, qarasaç, Yevgeni kürən, boy-buxunluydu və həmişə qardaşından cavan görünürdü. Hər ikisi yaxını pis görürdü və bu, ailəyə xas xüsusiyyət idi, amma atam danışırdı ki, onun görmə qabiliyyəti həbsxanada döyüləndən sonra çox pisləşib.

Atamın gənclik illəri barədə az bilirəm. Məlumdur ki, Maykopda sənət məktəbində tətilin təşkilatçısı kimi ilk dəfə həbs olunub. Amma Yevgeni «Fəhlənin qanı coşur» kitabında həyatının inqilab öncəsi Rostov dövründən bəzi hadisələri təsvir etmişdi. (Vətəndaş müharibəsindən sonra o, 20-ci illərdə dəbdə olan həmin coşğun, romantik üslubda yazılmış bir-neçə şeir və nəsr kitabının müəllifi idi, sürgün, inqilab və müharibə haqqında xatirələr çap etdirmişdi. O, «Kuznitsa» cəmiyyətinin üzvü idi və Yevgeni Brajnev təxəllüsü ilə yazırdı).

Valentin və Yevgeni qohum-əqrabaları ilə əlaqəni çoxdan itirmişdilər və bir-birilə də az görüşürdülər.

Tezliklə onların yeni fəhlə yoldaşları meydana çıxdı, içərilərində bir-neçəsi gizli sosial-demokrat təşkilatı ilə əlaqəli idilər. Onların vasitəsiylə Yevgeninin əlinə Don komitəsinin intibahnamələri və Leninin «İskra»sı keçməyə başladı. Əvvəlcə bəzi mətləblər aydın deyildi, amma qəzetdə çar, keşişlər, jandarmlar barədə açıq, cəsarətlə yazılması onun xoşuna gəlirdi. Sonra - ilk dərnək, qiraət, mübahisələr, ilk partiya ləqəbi «Jenka Kazak» və «siyasətə görə» ilk həbs.

Polis idarəsində məlum olub ki, Yevgeni xidmətdə olduğu 24-cü süvari alayın Xristian kazarmasından icazəsiz qaçıb; onu öz doğma stanitsasına, Novoçerkassk hərbi həbsxanasına göndərirlər. Orada rejimə sadiq qəddar kazaklar onu «cuhudlara satıldığına» görə yarımcan olana qədər döyüblər. (Bu epizodu Brajnevin özü çox gözəl təsvir edib: «Kazak deyirlər buna, zibil! Sakit Donun oğlu! - həbsxana növbətçisi kiçik zabit nifrətlə donquldanırdı. - Köpək uşağı, kazak adını ləkələyir... Kazak bayraq uğrunda canını verir, sən bayrağın altından qaçırsan?! Bölükdən niyə qaçmısan, qanmaz, cuhud yaramazı, heyvan! Sənin ananı! Hə? Niyə qaçmısan?» - zabit qəzəblə bağırdı. Və həmin an elə bil gözümdə od parıldadı və otağın altı üstünə çevrildi»). Bundan sonra Yevgenini alaya göndərirlər. Amma Novoçerkasskdan Persianovkaya gedən yolda mühafizəçini aldadaraq qaçmağa müvəffəq olur. Bu hadisə 1905-ci ilin fevralında olmuşdu, mayda onu yenidən həbs edirlər, ancaq tezliklə buraxırlar, iyulda yığıncaqda Valentini də tuturlar və onu da azad edirlər, çünki polisin əlində hələ sübut yoxuymuş. Nəhayət, oktyabrda hər ikisini intibahnamə çap edəndə artıq dəlil-sübutla həbs edirlər. Bu dəfə onların hayına «mərhəmətli manifest» çatıb, qardaşlar oktyabrın sonunda azadlığa çıxıblar. Dekabrda hər ikisi Temernikdə silahlı üsyanda iştirak edib, həm də drujinaçılar «onluğunun» komandirləri olublar; «onluq» dedikdə silahlı qrup nəzərdə tutulurdu və bu qrupda on beş, iyirmi adam da ola bilərdi. Maraqlıdır ki, «onluq» adını Piterin qırmızı qvardiyaçıları 1917-ci ildə öz nizamnamələrində də saxlamışdılar.

1905-ci ildəki qanlı, qısa müddətli - təxminən on gün davam eləmişdi, onun da üç günü qəfil dumana görə nisbətən sakit keçmişdi - Rostov üsyanından çox yazılıb. Moskvada Oktyabr inqilabı arxivində Y.Trifonovun 1935-ci ildə Rostov üsyanının 30 illiyi münasibətilə siyasi katorqalılar cəmiyyətində etdiyi məruzəsi saxlanılır. Tüfəng, tapança, əldəqayırma bombalarla alayarımçıq silahlanmış beş yüz drujinaçı, kazaklardan dekabrın 15-də aldıqları Temerniki, dəmiryol emalatxanalarını və vağzalı bir neçə gün əllərində saxlamışdılar. Amma qüvvələr bərabər deyildi.

Kazaklar barrikadalara bir neçə dəfə hücum etsələr də, geri çəkilməyə məcbur olublar və gücü veriblər artilleriyaya. İki batareya səhərdən axşama kimi Temerniki amansızcasına topa tutub. Topçulara heç kəs mane olmurdu. Onlar hərbi təlimdə olduğu kimi rahatca atəş açırdılar. Temernik yanırdı, fəhlələrin daxmaları dağılırdı, dinc əhali məhv olurdu, drujinaçıların isə silahı çatmırdı, patronları qurtarmışdı. Dekabrin 17-də dumandan istifadə edən Y.Trifonov Naxçıvana gedib pulla daşnaklardan 10 karabin alır... «Araba tutub, - o xatırlayırdı, - bütün polis maniələrini ötərək, Temernikə getdim, Temernikə yaxınlaşanda arabaçı bildi ki, mən nə aparıram, onu qarın ağrısı tutdu». Dekabrın 20-də geriyə çəkilmək qərara alınır... Naxçıvan tərəfə çəkilməyə başlayırlar. Silahı, barıtı, bombaları «Aksay» zavodunun yeməkxanasına yığıb, doqquz nəfərlik gözətçi qoyurlar, sonra orada drujinaçıların bütün silah və sursatını məhv edən partlayış olur. Partlayışın səbəbi indiyədək məlum deyil. Yəqin ki, adicə bədbəxt hadisə baş verib. Bununla da partizan müharibəsi aparmaq istəyi - drujinaçılar buna ümid edirdilər - məhv olur. Gizlənmək lazım idi. Kim bacarırsa, Rostovdan çıxıb gedir.

RSDFP-in Don komitəsi o zaman əsasən menşeviklərdən ibarət idi və üsyanın əleyhinə çıxırdı. Y.Trifonov qəti bildirir: «Əgər üsyan başlandısa, bu komitə ilə razılaşmamaq hesab olunmalıdır. Fəhlələrin silahlanmasına illərlə maneçilik törədilməsi barədə xeyli faktlar göstərmək olar». Sonra uğursuzluğun səbəbləri haqqında da danışır: «Biz klssik inqilablarda olduğu kimi hərəkət edirdik, amma texniki vasitələr dəyişib. Barrikadalar qurub bizə hücum edəcəklərini gözləyirdik. Əvəzində isə başımıza uzaqdan dəmir yağdırdılar». Bundan əlavə, hesab edilirdi ki, Rostova yaxın şəhərlərin fəhlələri də ayağa qalxacaqlar, amma bu baş vermədi. Temernikə gələn kömək cüzi idi: Tixoreskdən yüz nəfər gəlmişdi, Taqanroq və Kavkazskdan gələnlər isə bundan da az idi.

Trifonov qardaşları bir müddət polisdən gizlənə bilirlər, amma fevralın 27-də Yevgenini qorodovoy Boldırev üzdən tanıyıb saxlayır: döyüş vaxtı bu qorodovoy drujinaçılar tərəfindən əsir götürülübmüş. Don vilayət jandarm idarəsinin rəisi 1906-cı il martın 30-da polis departamentinə xəbər verirdi: «Bildirirəm ki, 17 yaşlı kazak Valentin Andreyeviç Trifonov silahlı üsyan zamanı qiyamçıların tutduğu qorodovoy Boldırev tərəfindən döyüş drujinasının üzvü kimi tanınaraq Rostov-Don şəhərində saxlanmışdır. Axtarış zaman Trifonovdan brauninq sistemli revolver və qiyamçıların ştabının yeri qeyd olunduğu Rostov-Don-Temerniq ətrafının planı tapılmışdır. Istintaq məlumatlarına əsasən Trifonov Rostov-Don şəhərində üsyanın başçılarından biri kimi tanınır və əlində silah tutulduğuna görə müharibə dövrünün qanunları ilə mühakimə olunmaq üçün məhkəməyə verilməlidir».

Bəs niyə burada Yevgeni əvəzinə Valentinin adı gedib?

Məsələ burasındadır ki, həddi-buluğa çatmış və əvvəllər məhkəməyə cəlb olunmuş şəxs kimi Yevgeni Trifonova ölüm cəzası düşürdü, ancaq həddi-buluğa çatmamış Valentinə güzəşt edilə bilərdi. Ona görə də Yevgeni özünü Valentin adlandırmışdı, Valentin isə bir-neçə gün sonra polis tərəfindən həbs edildikdə, qardaşının hiyləsini bilib, Yevgeni olduğunu söyləmişdi. Bu kələk Yevgeninin həyatını xilas edib. Atamı 1906-cı il martın 9-da Samoxin qrupu adlanan qrupun işinə görə həbs ediblər, onlar həmin 9 mart günündə toplaşıb Naxçıvanda Qureviç mətbəəsinə silahlı basqın edəcəklərmiş. Hamını fitnəkar Akim Mayorov satmışdı. Satqının həmin gün polis məntəqəsində verdiyi ifadənin protokolu da qalmışdır, burada Mayorov - kəndli, 21 yaşında, peşəsi mürəttib, cəmisi iki həftə əvvəl Postova iş axtarmağa gəlib -soyuqqanlılıqla qrupu necə ələ verdiyini danışır. Əvvəlcə o, başçıların - Samoxin və Epşteynin həbsini təşkil edib, sonra ona silah verəcək başqa yoldaşların gözlədiyi çayxanaya gedib. Onu doğrudan da iki nəfər gözləyirmiş, onlardan biri V.Trifonov imiş. Çayxanadan çıxıb şəhər bağına gediblər və orada V. Trifonov deyib ki, dörd revolver gətirib. Elə oradaca hamısını saxlayıblar. Atamı yaxşı tanımadığından satqın onu, özü həbs vaxtı necə adlandırıbsa o cür - Yevgeni Trifonov adlandırır.

Protokolda yazılmış sonuncu cümlə belədir: «Xahiş edirəm, bu ifadə tam məxfi saxlanılsın, çünki əks halda həyatım təhlükədə olacaq». Atamla birlikdə Qavriil Borisenko, Dmitri Mixin, İvan Bokov, Mixail Çudovski də həbs edilib. Onlardan yeddi revolver, bəzi əlyazma şəklində qeydlər və döyüş drujinasının nizamnaməsini alıblar.

Oktyabr inqilabının Mərkəzi Dövlət Arxivində nizamnamənin surəti var; maraqlı yazıdır, ondan bir parçanı nəzərinizə çatdırmağa dəyər:

«Ümumi göstərişlər. Revolveri evdə doldur, güllələri cibinə qoy. Revolveri elə gizlət ki, çıxarmaq asan olsun. Yaxşı bıçağa, beşbarmağa, dəyənəyə və s. etinasızlıq eləmə. Yığıncağa, yoldaşlarla döyüşə kiçik qruplarla get. Camaatın içində atəş açma: yoldaşını vura bilərsən. Yoldaşının sifətini yandırmamaq üçün revoliveri ondan aralı tut. Güllələri qoru, havayı yerə atma. Gedə-gedə güllə atma, dayan və nişan al... Əsgərlər atəş açmağa hazırlaşırsa, dərhal sən atəş aç. Tələsmə və yaxşı nişan al. Zabit əmr verən kimi onu öldür. Əsgərlər süngü döyüşünə hazırlaşırlarsa, 30 addıma qədər yaxına gəlməyə imkan ver və atəş aç.

Süvarilər. Yaxınlıqda araba və ya başqa iri bir şey varsa, yolda köndələn qoy. Dörd uclu mismar varsa, ətrafa səpələ. Süvariləri 60 addım yaxına burax, cəld və tez-tez atəş aç. Bir yerə yığışın, at dəstəyə yaxın getməz. Süvarilər camaatın içinə qarışıbsa, atlılara atəş aç və bıçağı atın böyrünə sox».

Görünür, Y.Trifonov Temernikdə barrikada müdafiəçilərinin bəzilərinin güllə ata bilmədiklərini söyləməkdə haqlı imiş.

Valentini qardaşı olan kameraya gətiriblər. Yadımdadır, atam danışırdı: «Məni içəri saldılar, gördüm Yevgeni paltoda oturub. «Niyə geyimlisən?» - «Sən də geyin. İndicə döyəcəklər». Doğrudan da, axşam yoxlanışında həbsxana rəisi kameraları gəzir. Əmr verilir: «Qalx ayağa!» Siyasi məhbuslar nümayişkaranə qalxmırlar. Nəzarətçilər irəli cumur və döyməyə başlayırlar. Hər axşam bu cür olur».

Müstəntiqlər qardaşların adları ilə bağlı şübhəyə düşürlər, Trifonovların böyük bacısı Zinaidanı Novoçerkasskdan çağırıb, həbsxanaya aparırlar və həyətə çıxardıqları Yevgenini pəncərədən ona göstərirllər. Yevgeni heç nə unamadan ətrafa boylanır - hər tərəf bomboşdur, bir adam da yoxdur. Bacısından soruşurlar: « Bu sənin qardaşındır?» - «Hə». - «Adı nədir?» Bacı ağzını açmaq istəyəndə, qəfil bir hiss onu saxlayır: «Qardaşlarımı ata-anamız öləndən, on ildən çoxdur görmürəm. Onlar evdən didərgin düşüblər, heç tanıya da bilmirəm...»

Atam1906-cı ilin aprelində qardaşının adıyla Tobolsk quberniyasına inzibati sürgünə göndərilir. Tezliklə ordan qaçıb, doğma şəhərə qayıdır, oktyabrda tutulur və Rostov həbsxanasında üç ay saxlandıqdan sonra yenidən Tobolsk quberniyasına göndərilir. Yevgeni Trifonovun və silahlı üsyanın digər iştirakçılarının işi üzrə istintaq isə davam edir. Məhkəmə 1906-cı il dekabrın sonunda başlayır. 43 nəfəri mühakimə edirdilər. Bu iş bütün şəhəri həyəcanlandırır, böyük səs-küyə səbəb olur. Fəhlə çıxışlarından qorxan qeneral-qubernator əhalini xəbərdar edir ki, hərbi vəziyyət ləğv olunmayıb və hər cür yığıncaq, mitinq silah gücünə dərhal dağıdılacaq. Məhkəmə gedən kazarmanın binası qarşısına top qoyulubmuş, polis və kazak hissələri döyüş hazırlığı vəziyyətinə gətirilibmiş.

Hər bir müttəhimin qarşısında soyadı, adı və atasının adı yazılmış lövhə asılmışdı. Yevgeninin qarşısındakı lövhədə yazılmışdı: «Trifonov Valentin Andreyeviç».

Üsyanın 43 içtirakçısından 29-u məhkum edilir, 14-ü isə bəraət alır. Yevgeni məhkəmə tərəfindən daha ağır cəzalandırılanlardan biri idi: həddi buluğa çatmamış, yəni Valentin kimi 10 il katorqa cəzasına məhkum edilir. Onu Sibirə dərhal göndərmirlər. Bir neçə ay Novoçerkassk hərbi həbsxanasında qalır, oradan qaçmaq cəhdi baş tutmur. Bir dəfə axşam məhbuslar nəzarətçilərə hücum edirlər, xüsusi fəndlə arxadan boğazlarını sıxıb - küçə döyüşlərində buna «hülqumdan yapışmaq» deyirlər - qollarını bağlayaraq həyətə çıxırlar. Həyəcan siqnalı verilənə qədər artıq bir neçəsi hündür divarı aşa bilir. Yevgeni divara dırmaşarkən tutulur.

Bir-neçə ildən sonra, 1912-ci ildə artıq Turuxanskda sürgündə olanda atam Yenisey qubernatorunun adına ərizə yazır ki, onun əsl adı özünə qaytarılsın və elə bir ərizəni də Tobolsk həbsxanasında katorqa cəzası çəkən qardaşı yazır. Atamın ərizəsi bir-neçə il davam edən çox dolaşıq rəsmi yazışmanın başlanğıcı olur. Oktyabr inqilabi arxivində işləyərkən, «Kazak Yevgeni Trifonovun iş»inin 50 vərəqdə təsvir edilmiş, polis təfəkkürünün bu əziyyətli və korafəhm abidəsi ilə rastlaşdım. Yazışmaya polis departamenti, Ədliyyə nazirliyi, Yenisey, Tobolsk qubernatorları və Rostov bələdiyyə rəisindən başqa, bir-neçə digər şəhərin jandarm idarələri, Don qoşunları kazak atamanı, kənar şəxslər, qohumlar, əvvəllər katorqada olmuş adamlar, Maykop texniki və Novoçerkassk ataman məktəblərinin müəllimləri də cəlb edilmişdi və bütün bunlar adların dəyişdirilməsində bəd niyyət güdüldüyünü, yoxsa bunun təsadüfən alındığını aydınlaşdırmaq üçün idi. Çoxillik səmərəsiz cəhdlərin xeyri olmadı: bəd niyyət aşkara çıxmadı. 1916-cı ildə qardaşlara öz adlarını qaytarmağa icazə verildi. Mən bu tarix, daxilolma və göndərilmə nömrələri qoyulmuş, nə vaxtsa böyük gücə malik, indi isə çətin seçilən, yarıpozulmuş imzaları olan səliqə ilə tikilmiş gerbli sənədlər yığınını araşdırır və fikirləşirəm: hər birimizi nə qədər kağız əhatə edir! Biz heç bilmirik ki, kağızların əsirliyindəyik. Onlar görünmürlər, bizim izimizlə gedirlər, onların sayı-hesabı yoxdur, müddəti yoxdur, ölümü yoxdur. Onlar bizim dünyada mövcudluğumuzun öləndən sonrakı kölgələridir, axı biz ölürük, onlar qalır. Nə Yevgeni var, nə Valentin var, nə qubenatorlar var, nə kargüzarlar var, nə katiblər var, nə həbsxana gözətçiləri var, heç kəs yoxdur, təkcə kağızlar var. Onlar nə üçünsə lazımdır. Nə isə gözləyirlər. Bax, mən 1933-cü ildə sənədlərin siyahıya alınması vaxtı arxiv müdirinin işarə qoymasından sonra əlli il heç kəsin toxunmadığı bu köhnə qovluğu götürdüm, vərəqlədim, oxudum və geri qaytardım; yenə də heç kim əlli, yüz, üç yüz il ona toxunmayacaq. Cənablar, üç yüz ildən sonra kağızlar o qədər çox olacaq ki, insana yer qalmayacaq. Yəqin milli parklar kimi nəhəng arxiv əraziləri yaradılacaq, sonra arxiv şəhərləri salınacaq, daha sonra kağızlar üçün bu cür şəhərlər yer altında qurulacaq, bəşəriyyət başqa dünyalara köçəndə isə bizim köhnə planetimiz nəhəng bir arxivə çevriləcək!

Yeri gəlmişkən, məni «Kazak Yevgeni Trifonovun işi»ndə atamın və əmimin şəkilləri daha çox maraqlandırirdı. Onlar orada olmalıydı. Demək olar ki, hər kağızda bu barədə yazılmışdı. Amma şəkillər yox idi. Bəlkə də elə həmin siyahıya alma vaxtı kimə isə lazım olmuşdu. Bəlkə də bir az əvvəl, ya bir az sonra. Heç kimə bəlli deyil. Heç kəs mənə müəyyən cavab verə bilmədi. Kağızlar daş kimi, buzlaqlar kimi minilliklərə hesablanmış öz gizli, sakit ömürlərini yaşayırlar.

¬

Atam sürgündə on yeddi yaşından iyirmi altı yaşına qədər ən yaxşı illərini keçirib. Bu illər barədə o, çox az danışıb. Bəzən anamla söhbətdə yarızarafat tərzdə: «Sürgündə kim olub? Sən, yoxsa mən?» deyərdi və bu istehzalı sözlərdə əziyyətli keçmiş günlər hesabına evdə hansısa güzəşt tələbi vardı. Biz, uşaqlar üçün belə söhbətlərin zarafat olması aşkar idi və ona görə də atamızın sürgününə bir o qədər də ciddi yanaşmırdıq. Yəni, nə olsun, dörd dəfə sürgün edilib, oradan qaçıb - bu, yəqin, çox maraqlıdır, romantikdir. Təzədən uzun illər keçdi və atamın yarım əsrdən də qabaq sürgündə olması barədə bəzi şeylər öyrəndim.

Onlarda çox az romantika vardı. Amma şaxta, qar, evsizlik, aclıq, əsgərlər tərəfindən döyülmə (atamın döş sümüyünü tüfəng qundağı ilə vurub sındırmışdılar) həddindən artıq çox idi, xəstəliklər, satqınlıqlar varıydı, soyuq düşərgədə qütb səması altında dostların ölümü varıydı və bir də bütün bunlarla var qüvvəsiylə vuruşan cavanlıq vardı.

Bu oçerkin ilkin variantı «Znamya» jurnalında çap olunduqdan sonra V.Trifonovu tanıyanlar fikirlərini bildirməyə başladılar. Onu sürgündə tanıyanlardan ikisindən cavab gəldi. Axı çoxu ölüb: hər halda əlli ildən çox keçib. Amma iki nəfər - iki pirani qoca sağdır: Nikolay Nikandroviç Nakoryakov, tanınmış adamdır, London qurultayının nümayəndəsi, Dövlət nəşriyyatının direktoru olub, bir də Boris Yevgenyeviç Şalayev, peşəcə istilik texnikası mühəndisidir, hazırda Sverdlovskda yaşayır, onun da inqilabi keçmişi var. Bir dəfə evdə telefon zəng çaldı və mən ucadan danışan qocanı eşitdim: «Mən sənin dədəni 1907-ci il Tümen sürgünündən tanıyırdım. Biz onu Trişka çağırırdıq. Bir az axsayırdı».

Mən atamın axsadığını eşitməmişdim. Amma yəqin ki, elə belə də olub.

N.N.Nakoryakov atam Tobolskdan, inzibati sürgündən Tümenə qaçanda onunla tanış olub. Onda atam sifətini dəyişmək üçün saqqal buraxıbmış. Çox güman ki, həm də yerişindən tanınmaması üçün axsayırmış. Mən Nikolay Nikandroviçin Mansurov döngəsindəki evinə getdim, amma görmə qabiliyyəti tamam zəifləsə də, gözəl yaddaşı olan bu qoca telefonla dediyinə çox az şey əlavə edə bildi. 1907-ci ildən sonra atamı bir dəfə də görməyibmiş. Onun yaddaşında atam 20 yaşında cavan oğlan kimi, yaşı iki dəfə mənimkindən az olan Trişka kimi qalmışdı. Ona görə də məyus halda dedi: «Siz öz atanıza oxşamırsınız». Bir də xatırladı ki, atam Tümendə Maşarovun zavodunda çilingər işləyirmiş.

Boris Yevgenyeviç Şalayevdən mən xeyli məktub, bir də Permdə gizli fəaliyyət, Tobolsk sürgünü və V.Trifonovla görüşdüyü Tümen haqqında «Sıravi adamın keçmişindən» adlı çox maraqlı xatirələrini aldım. B. Şalayevin taleyi həqiqətən də yüzilliyin əvvəlində sıravi rus adamının taleyidir: Uralın əldən-ayaqdan uzaq bir yeri, hansısa Aşağı Salda meşəbəyi ola bilmiş mədən kəndlisinin ailəsi, orta məktəbdə təhsil, müxtəlif, amma daha çox «ciddi» kitablara həvəs, sobanın yanında qış axşamlarında yeniyetməlik folosofluğu və qəfildən - bombalar, partlayıcılar, Sverdlovla tanışlıq, döyüş drujinası, fitnəkar Papoçkinin satqınlığı, həbs və Perm həbsxanasının «qulləsi». 1907-ci ilin payızında B. Şalayev Tobolsk quberniyasına inzibati sürgünə göndərilmişdi. O, atamdan iki yaş böyük idi.

Şalayevin xaritələrində təsvir edilmiş Tümendən Tobolska 250 verst yolu atam iki dəfə gedib. «Sutkada orta hesabla 25-30 verst gedirdik. Hər üç sutkadan sonra bir günlük istirahət verilir. Nəhayət, Tümendən çıxırıq. Mühafizəçilər qışqırırlar, tüfəng qundaqları ilə hədələyirlər. Tələbkarlıq yüksək səviyyədədir! Şəhərdən kənara çıxırıq. Üç verst gedəndən sonra əmr gəlir: «Dayan! Siyasilərin başçısı mühafizə rəisinin yanına!» Söhbət qısa olur: «De görək, hansılara zamin olursan ki, qaçmayacaqlar, hansılara etibar etmirsən. Kimə zamin olursansa, necə istəyirlər, getsinlər. Amma kənddə həyəcan siqnalı verilən kimi yaxınlaş, bax, aldatma». Keyfimiz necə istəyirdi, elə də gedirdik. Bəs niyə bu cür inanılmaz sərbəstlik verilirdi? Məsələ çox sadə idi! Beçinci ildən sonra orduda son dərəcə artmış şübhəli elementlərlə neyləyəcəyini bilməyən hökumət onları cəmiyyətdən təcrid etmək üçün dəstə-dəstə ən uzaq yerlərə göndərməyə məcbur olurdu».

V.Trifonov də bu barədə yazırdı: bir dəfə onları yatab aparırlarmış - bəlkə də elə həmin yolla Tobolska, - mühafizəçilər çox yaxşı uşaqlarıymış, çalışırlarmış yolda heç kəs əziyyət çəkməsin. Sürgünə göndərilənlər öz aralarında qərara gəlirlər ki, yolda qaçmasınlar, mühafizəçiləri zərbə altında qoymasınlar. Beləcə, axıra kimi gediblər və sonra oradan qaçıblar.

Tümen mühafizə dəstəsi yolun yarısına qədər - Tura çayının vadisindəki İyevlevo kəndinə kimi gedirdi. Burada yatabçıları Tobolsk mühafizə dəstəsi qəbul edirdi. Tobolskda «aşağıya», yəni Ob çayı ilə şimala gedən paroxodu günlərlə, həftələrlə gözləməli olurdular; hərə öz yaşayacağı yerə aparılırdı.

Bir az cəsarətli olsan, ya bəxtin gətirsə, həmin paroxodla «aşağıya» - Tobolska qayıtmaq da mümkün idi: saxta pasport əldə edən B.Şalayev bu cür qayıtmışdı. Eyni qayda ilə bir il əvvəl Tobolska V.Trifonov da qayıtmışdı, sonra oradan Urala gedib (orada özünün Rostov təcrübəsini yada salaraq döyüş drujinalarına təlim keçirdi), daha sonra isə doğma Rostova qayıdıb və nəhayət, həbs olunub. Əslində, inzibati sürgündən qaçmaq çətin deyildi. Başlıca çətinlik sonra ələ keçməməkdi. Sibirdən kənarda tutulanlar üç ilə qədər katorqa işləriylə ciddi cəzalandırılırdılar.

1906-cı ilin sonunda V.Trifonovu Rostov həbsxanasından Saratova göndərdilər, orada bir-neçə ay qalır - Saratov həbsxanasında, az qala, katorqa rejimiydi, döyülmək, karserə salınmaq adi hal idi, atam orada tez-tez xəstələnirdi, - təzədən onu Tobolsk quberniyasına, bu dəfə Turinskə sürgün eləyirlər. B.Şalayev atamla görüşünü belə xatırlayır:

«1907-ci ildə V.Trifonov Turinsk şəhərində A.A.Solts və E.A.Solts (Aron Aleksandroviçin bacısı) ilə inzibati sürgünə gətirildi. Hər iki Solts Tümenə köçürüləndə, Valentin Andreyeviç gizlicə Yekaterinburqa getdi və Yekaterinburq komitəsinin təşkilatçısı və üzvü kimi fəaliyyətə başladı. Onun həyatının bu dövrü barədə mən ancaq eşitmişəm, çünki Tobolsk şəhərinə sürgünə 1907-ci ilin qışında gəlmişdim.

1908-ci ildə gəmilər hərəkətə başlayanda, ilk paroxodlardan biri ilə A.A.Solts Tobolska gəldi, mənimlə görüşüb Tümenə köçürülməyimi təşkil elədi.

Tezliklə mən Tümendə Valentin Andreyeviçlə də görüçdüm. O, uzaq şimala sürğün edilənlərin içərisindən Tümen və Yekaterinburq üçün təcrübəli kadrlar seçmək məqsədilə «aşağıya» getməyə hazırlaşırdı. Mənə müraciət elədi ki, uyğun gələn adamlardan ona tövsiyə eləyim. Mən bir-neçə nəfərin soyadını dedim, amma xəbərdarlıq elədim ki, onların hansının dəvətə razı olacağını bilmirəm, xüsusi etibar ediləsi işçilərdən şimalda tanıdığım yoxdur. O da yadımdadır ki, səfərdən qayıdanda deyindi: «Yaman imiş bu tövsiyə edilənlər!» Sən demə, ona deyilənlərdən bir hissəsini tapa bilməyib, qalanları da gəlməyə razı olmayıblar, çünki həmin yerə uyğunlaşıblar və müəyyən qazanc yeri tapıblar. Xatırlatmaq lazımdır ki, o vaxt ən pis irtica dövrü idi. Hər yerdən yeni edamlar və katorqa ilə cəzalandırmalar barədə xəbərlər gəlirdi. Fitnəkarlıq baş alıb gedirdi, əvvəlki məğlubiyyət hələ yaddan çıxmamışdı, partiya işinin bərpası çətinləşmişdi.

Bilirəm ki, Trifonov şimalda bacarıqlı işçilərdən Melniçanskini tapmışdı və o da gizlicə Tümenə gəlmişdi».

O illərdə Tümen özünəməxsus xüsusiyyətləri, qaynar həyatı, zavodları, emalatxanaları, gəmi tərsanəsi və dəmiryol deposuyla həm tacir, həm də proletar şəhəriydi. Bundan başqa, Tümen - Sibirə göndərilən və geri qayıdan, demək olar, bütün rus inqilabçılarının keçdiyi, məskən saldığı, gizləndiyi bir mərkəz idi. Üç əsr ərzində Tümen minlərlə siyasi məhbus və cinayətkar üçün ötürmə məntəqəsi olmuşdu: onlar Ural sıra dağlarını aşaraq, ən əvvəl Tümen həbsxanasına - Sibirin ilk həbsxanasına düşürdülər. Şəhərdə fəhlələr kifayət qədərdi, Rusiyanın hər yerində olduğu kimi ağır işlərdə əldən düşənə qədər işləyirdilər, bayramlarda isə yaxşıca əyyaşlıq edirdilər və şil-küt olana qədər yumruqlaşırdılar. Həmin illərin Tümen inqilabi xadimlərindən biri olan Mixail Mişin Tümen əhvalatlarını 30 il əvvəl «Katorqa və sürgün» jurnalında çap olunmuş xatirələrində təsvir edib.

Bu xatirələrdə qana qəltan etməklə nəticələnən, çoxlu adamın iştirakçı olduğu yumruq davaları, beşinci ilin may tətili, sosial-demokrat təşkilatının yaranması, mətbəənin qurulması, bolşeviklərlə menşeviklərin mübahisələri, eserlərlə mübarizənin necə başlandığı təsvir edilib. 1907-ci ildə mətbəə dağıdıldı, Mişin həbsxanaya düşdü. Həbsxanadan çapı hektoqrafla yoluna qoymağa cəhd elədilər, amma bu işi bacaran işçilərdən azadlıqda heç kəs qalmamışdı. «Yenə də sürgündən qaçanlar kömək etdilər, - Mişin xatırlayır. - Şimaldan qaçan V.Trifonov və A.Valek müvəqqəti işləmək üçün orada qaldılar. (On iki il sonra Anton Valek Yekaterinburqda Kolçak tərəfdarları tərəfindən asıldı.) Inqilabi iş həqiqi mənada ancaq bir ildən sonra, şəhərə A.A.Soltsun gəlib çıxması ilə canlandı.

Aron Solts haqqında mən bir az ətraflı danışmalıyam. O, inqilabımızın görkəmli şəxsiyyətlərindən biri idi. Onda ədalətin gücünə sarsılmaz inam varıydı. V.Trifonov Solts ilə Turinskdə tanış olmuşdu, Tümendə isə dostlaşmışdılar. A.Solts atamdan böyük idi, gizli fəaliyyətdə zəngin təcrübəsi varıydı, 1895-ci ildən inqilabi hərəkata qoşulmuşdu, «Raboçeye znamya» qrupunda V.P.Noginlə birgə işləmişdi, sonra «İskra»ya qoşuldu. Onun başqa sürgün olunmuş gənc fəhlələrə olduğu kimi V.Trifonova da təsiri çox böyük idi, onları mənəvi cəhətdən tərbiyə edirdi, marksist, leninçi ədəbiyyata, ümumiyyətlə, çoxlarında olmayan mədəniyyətə, biliklərə alışdırırdı. V.Trifonovun A.Soltsla dostluğu ömürlük oldu. Əslində, atamın Aron Soltsdan yaxın dostu yox idi.

Onu uşaqlıqdan xatırlayıram - biz bir evdə yaşayırdıq - ağsaçlı balacaboy adam idi. Onun qalın dodaqları, nüfüzedici iri domba gözləri varıydı. Çox ağıllı, hirsli və xəstə adam təsiri bağışlayırdı, həmişə ağır-ağır, xırıltıyla nəfəs alırdı. Bundan əlavə, onu əla şahmatçı hesab edirdim. Həmişə məni udurdu.

Aron Solts Vilno şəhərindən idi, nisbətən ziyalı və imkanlı tacir ailəsində böyümüşdü. Qranatın ensiklopedik lüğəti üçün öz tərcümeyi-halında A. Solts belə yazmışdı: «Gimnaziyada oxuyanda sosial məsələlərlə az maraqlanırdım, daha doğrusu, heç maraqlanmırdım, amma hakimiyyətdə olanlara qarşı müxalif əhval ruhiyyədəydim. Bu müxalifliyin mənbəyi, şübhəsiz, mənim yəhudi olmağım idi. Gimnaziyaya çox çətinliklə daxil ola bildim, çünki onda qəbul həddindən artıq məhdud idi və vətəndaş hüquqlarımda bərabərsizlik, əlbəttə, məni müxalif olmağa yönəltdi». Cəsarətlə deyilib, Solts bu cür deyə bilirdi.

B.Şalayev belə xatırlayır: bur dəfə Tümendə iclasdan sonra fəhlələr bir-birilə nə üçün bolşevik olduqlarından danışmağa başladılar. Demək olar, hamı «vəzifə borcunu dərketmədən» danışırdı, təkcə Şalayev boynuna aldi ki, vəzifə borcu onu qətiyyən narahat eləməyib, marksizmə isə bir ziyalı kimi fəlsəfədən gəlib. Ona sataşmağa başladılar. Xüsusilə yaşlı bir fəhlə - hamının hörmət etdiyi İvan İvanoviç Borisov onu daha çox lağa qoyurdu; ümumiyyətlə, Şalayevə «həqiqi» proletar ziyalıya baxan kimi - təkəbbürlə baxırdı. Amma Solts gözlənilmədən Şalayevi müdafiə elədi və dedi ki, o özü də marksizmə oxşar yolla gəlib. Sıxışdırılmaq, ədalət axtarışı fəlsəfəyə maraq yaradıb, fəlsəfə isə onu həqiqət və ideal axtarışına yönəldib.

Yeri gəlmişkən, «həqiqi» proletar Borisov bir-neçə ildən sonra fitnəkarlıq yolunu tutdu; bu, inqilabdan sonra aşkara çıxdı. Soltsun ən sevimli deyimlərindən biri belə idi: «Harda ki, ləyaqət barədə çox danışılır, orada mütləq hansısa bir cinayət gizlənib».

Gimnaziyadan sonra Solts Piterdə universitetdə oxuyub, marksistlərlə xalqçıların mübahisələrinin mərkəzundə olub, iğtişaşlarda iştirakına görə oradan qovulub və 1901-ci ildə ilk dəfə həbsə alınıb. Sonra dəfələrlə həbsdə olub, sürgünlər görüb, sürgünlərdən qaçıb, aclıq elan eləyib, imperialist müharibəsinin əvvəlində məşhur «Rədd olsun müharibə!» intibahnaməsinə görə hərbi məhkəmə tərəfindən iki il qalada yatıb. Fevral inqilabından sonra «Sosial-demokrat», sonra isə «Pravda» qəzetlərinin redaktoru olub. Qıtlıq olan on doqquzuncu və iyirminci illərdə Mossovetin ərzaq şöbəsində işləyib. Bir dəfə cüzi paylardan və Soltsun inadkarlığından bezmiş hansısa fəhlə nümayəndə heyəti onun özünə nəzarət etmək fikrinə düşüb: «Yaxşı, yoxlayaq, görək, rəislər nə tıxırlar!» Onun mənzilinə gediblər, bütün künc-bucağı axtarıblar və bir-neçə don vurmuş kartofdan başqa heç nə tapmayıblar. Həmin dövrdə ərzaqla dolu vaqonlar mənzil sahibinin ixtiyarında idi.

Bu təkcə A.Soltsa aid deyil, inqilabi əxlaq üçün xarakterik misaldır.

Bir çox köhnə bolşeviklər A.Soltsu «partiyanın vicdanı» adlandırırdı. 1920-ci ildə A.Solts Leninin təklifi ilə yaradılmış Mərkəzi nəzarət komissiyasına daxil edilmişdi; o, 1934-cü ilə qədər MNK-nın və onun Rəyasət heyətinin tərkibində olmuşdur. A.Solts partiya etikası haqqında kitab yazmışdı. Bir çox illər ərzində Ali Məhkəmədə və partiyanın təmizlənməsi üzrə komissiyalarda işləmişdi. Mən onun partiyadan çıxarılmadan xilas etdiyi və partiyadan çıxartdığı adamlarla rastlaşmışam: hamısı onu hörmətlə xatırlayırdı. Çünki nə edirdisə, onu vicdanla edirdi.

Partiya etikası haqqında kitabda A.Solts yazırdı: «İnsan ayrı-ayrı hərəkətlərinə görə qiymətləndirilməməlidir. Insanın necə olduğunu bilmək üçün onu bütovlükdə tanımaq lazımdır».

1923-cü ilin yazında A.Solts elə faktlarla rastlaşdı ki, bunlar onu həbsxanaların yoxlanması ilə məşğul olmağa vadar etdi. Onun təşəbbüsü ilə Ümumittifaq Mərkəzi İcraiyyə Komitəsi kimi istəsə həbsdən azad etmək salahiyyəti olan xüsusi komissiya yaratdı. Bu komissiya bir-neçə min işə baxdı, hər bir məhbusla ayrıca söhbət etdi və qanunların düzgün tətbiq edilməməsinin, bürokratik münasibətin, xırda işlərə görə mənasız yerə uzun müddətə məhkum etmənin çoxsaylı biabırçı hallarını aşkara çıxardı. Işləri komissiya tərəfindən baxılmış şəxslərin üçdə ikisi azad edildi. Bundan sonra bütün İttifaq üzrə komissiyalar yaradıldı və geniş aministiya verildi. Bir il sonra, 1924-cü ildə «Soltsun komissiyası» yoxlamanı təkrar elədi, bu zaman həbsxanalardan başqa, minlərlə iş yığılmış xalq məhkəmələri də yoxlandı.

A.Solts tələb edirdi ki, ədliyyə işçiləri məhkəməyə cəlb etməyə, verilən hökmün düzgülüyünə görə cavabdeh olsunlar. 1933-cü ildə «İzvestiya» qəzetində onun «Məsuliyyətə cəlb etmə və hökmə görə cavabdehlik haqqında» məqaləsi çap olunmuşdu.

1937-ci ildə kütləvi repressiyalar başlayanda Solts kimi şəxs susa bilməzdi. Nadir adamlardan biri idi ki, mübarizə aparmağa cəhd elədi. O zaman Baş prokurorun məhkəmə məişət bölməsi üzrə köməkçisi işləyirdi. A.Solts xalq düşməni adlandırılan adamların günahının sübutunu tələb etməyə başladı, istintaq materiallarına yol tapmağa çalışdı, Yejovla, Vışinski ilə kəskin konfliktə girdi. Bir dəfə Vışinskinin yanına gedib Trifonovun işi üzrə materialları tələb elədi və bu zaman Trifonovun xalq düşməni olduğuna inanmadığını da söylədi. Vışinski dedi: «Orqanlar həbs ediblərsə, deməli düşməndir». Solts qıpqırmızı oldu, qışqırdı: «Yalan deyirsən! Mən Trifonovu otuz ildir əsl bolşevik kimi tanıyıram, səni isə menşevik kimi!» - və portfelini ataraq çıxıb getdi. Vışinskini, doğrudan da, çoxdan, hələ Piterdə hüquq fakültəsində oxuduğu vaxtdan tanıyırdı.

Soltsu işlərdən kənarlaşdırmağa başladılar. O təslim olmaq istəmirdi. 1937-ci ilin oktyabrında, repressiyanın qızğın çağında Sverdlovsk partiya fəallarının konfransında gözlənilmədən Vışinskini baş prokuror kimi tənqid etdi və onun bütün fəaliyyətini araşdırmaq üçün xüsusi komissiya yaratmaq tələbi irəli sürdü. Ona elə gəlirdi ki, Leninin yaşadığı dövrdə tətbiq edilən metodlar hələ qüvvədədir. N.N.Nakoryakov bu çıxış vaxtı orada olub və Solts haqqında hələ çap olunmamış, ancaq mənə məlum məqaləsində xatırlayır: Zalın bir hissəsi dəhşətdən donub qaldı, əksəriyyət isə qışqırmağa başladı: «Rədd ol! Düş tribunadan! Qoyun dərisinə girmiş canavar!» Solts danışmaqda davam edirdi. Qəzəblənmiş iştirakçılardan kimlər isə qocaya tərəf qaçıb onu tribunadan aşağı saldılar.

Stalinin Soltsu niyə susdurmamasını, yəni həbs etdirməməsini izah etmək çətindir. Əlbəttə, Soltsun partiyada güclü nüfuzu vardı, böyük avtoritetə malik idi, amma Stalin də avtoritetlərin nazı ilə oynamırdı. 1938-ci ilin fevralında Soltsu prokurorluqda işdən tamamilə uzaqlaşdırdılar. O, Stalinin qəbuluna düşməyə çalışdı. Amma Stalin, 1912-1913-cü illərdə Piterdə gizli şəraitdə birlikdə işlədiklərinə, bir çarpayıda yatdıqlarına baxmayaraq, onu qəbul eləmədi.

Solts hələ də təslim olmurdu: aclıq elan eləmişdi. Onu psixiatriya müalicəxanasına saldılar. Iki zırpı sanitar onun Serafimoviç küçəsindəki evinə gəldi, balaca ağsaç adamı tutub, qollarını bağlayaraq aşağıda saxlanmış maşına apardı. Sonra onu müalıcəxanadan buraxdılar, amma artıq o sındırılmışdı. Mən Soltsu ölümündən bir az əvvəl, müharibə dövründə gördüm. O, uzunsov vərəqlərdə aramsız olaraq, sonsuz sayda rəqəmlər yazırdı. Bilmirəm bu nə idi. Bəlkə də köhnə gizli şifrlə mühüm bir şey yazırdı. Bu munlərlə rəqəm düzülmüş uzunsov vərəqləri heç kim saxlamayıb. Solts tənha və çox xəstə idi; bundan əlavə, gələcək barədə düşünməyə məcbur edən müharibə gedirdi, bütün keçmiş öz müəmmaları və faciələri ilə uzaq və ümumiyyətlə, az əhəmiyyətli görünürdü. Solts müharibənin bitməsinə doqquz gün qalmış öldü. Onun haqqında heç bir qəzet nekroloq vermədi.

Bütün bunlar Solts və Trifonovun Sibir sürgünündə tanışlığından çox illər sonra olmuşdu.

1933-cü ildə Sverdlovsk Partiya tarixi təşkilatı 1909-cu ildə Tümendə gizli fəaliyyət barədə A.A. Soltsa bir-neçə sualla müraciət eləmişdi. Solts yazır:

«O dövrə qədər Tümendə hansı təşkilat vardı? Cavab verirəm: Tümendə kifayət qədər sərbəst şəraitdən istifadə edib, bütün Uralı əhatə edən mətbəə qurdum. Tümenin özündə təkcə Maşarov zavodu vardı. Sosial-demokratların sayı az idi, menşeviklər bolşeviklərdən çox idi. Orada son zamanlar Mərkəzi Nəzarət komissiyasının üzvü olan yoldaş Novoselov və indi, deyəsən, menşevik olan Mişin vardı. Orada Rostov qiyamının «Kork» ləqəbli iştirakçısı Trifonov Valentin, Rusiyada Kautski ruhunda heç nə eləmək mümkün olmadiğina görə xaricə qaçmaq istəyən və mənim tutub saxladığım «Maksim» ləqəbli Melniçansı və Stetski vardı. Bir də ziyalılar qrupu vardı...»

Tümendə Soltsun Bolşaya Razyezdnaya küçəsindəki taxta evin ikinci mərtəbəsindəki mənzili Tümen partiya təşkilatının «mənzil-qərargahı» olmuşdu. A.Soltsun ailəsi yox idi. 1903-cü ildən partiyanın üzvü olan bacısı Esfir Aleksandrovna ilə yaşayırdı: uzun illər bir yerdə sürgündə olmuşdular, Tümendə də birlikdə idilər. B.Şalayev Soltsların mənzilində yaşayırdı. O belə xatırlayır: «Ümumi təsərrüfatımızı Esfir idarə edirdi, biz Aronla ona kömək edirdik, odun doğramaq, ocaq qalamaq kimi ağır işləri yerinə yetirirdik. Hər iki Solts dərs deməklə pul qazanırdı, Aron hətta qəza polis rəisinin uşaqları ilə məşğul olurdu. Tezliklə mən də dərs deməyə başladım».

Soltsun redaktor olduğu «Tyumenskiy raboçiy» qəzeti təşkilatın əsas gücünə çevrilmişdi. Qəzet yerli sənayeçiləri, məsələn, buxar dəyirmanının sahibi milyonçu Tekutyevi ifşa edən materiallar verirdi, tətillərə çağırırdı, öz mətbəəsində vərəqələr və intibahnamələr çap edirdi, esərlərlə «eks» məsələsinə aid polemikada mühüm rol oynayırdı. 1908-ci ilin sentyabr ayında eserler növbəti ekspropriasiya, yəni müsadirə əməliyyatını həyata keçirdilər: dövlət şərab dükanları üzrə pul yığanı qarət etdilər. Əsl günahkarları polis tuta bilmədi, amma onların əlinə RSDFP-nin üzvü fəhlə Martemyanov keçdi. Onu edam cəzası gözləyirdi. Müdafiə məsələsində çətinlik bunda idi ki, öz alibisini sübut edə bilmirdi: qarət zamanı Martemyanov fəhlələrə intibahnamələr paylayırmış. Partiya yoldaşını edamdan xilas etmək məqsədilə «Tyumenskiy raboçiy» B.Şalayevin yazdığı «Ekspropriasiyalar haqqında» xüsusi məqalə ilə çıxış etdi, burada eserlərdən susmamaq və qarətdə iştirak etdiklərini boyunlarına almaq açaqca tələb olunurdu. Eserlər hiddətləndilər, xəyanət barədə səs-küy saldılar, qəzetin bütün redaksiya heyətini «güllələməklə» hədələdilər, amma axırda «eks»in özlərinin olduğunu etiraf etdilər. Doğrudur, bu çox gec və gözlənilmədən baş verdi.

Martemyanovun işi üzrə istintaq getdiyi vaxt gizli polis bir-neçə fitnəkarın köməyilə təşkilata zərbə endirdi: 1909-cu ilin başlanğıcında mətbəə dağıdıldı, A.Solts, M.Mişin, B.Şalayev, Melniçanski, Stetski və Yerşov-Maksimov həbs edildilər. V.Trifonov bundan bir az əvvəl Yekaterinburqda ilişmişdi və Uraldan uzaqlaşmalıydı. O, vətəni Rostova getdi, dəmiryolunda tutuldu və dostları Tümen həbsxanasında əziyyət çəkəndə o, Rostovdaydı. Orada bir il həbsdə qaldıqdan sonra özünün üçüncü sürgün yerinə - Berezova göndərildi.

Ancaq Tümen barədə hekayətimi davam etdirmək istəyirəm, çünki Tümendəki yoldaşları onunla uzun müddət, bəziləri ömrü boyu əlaqəni üzməmişdilər: səkkiz il sonra, on yeddinci ildə Piterdə tale Trifonovu, Soltsu, Şalayevi, hətta Mişini bir evdə, hətta bir mənzildə rastlaşdırdı.

Tümendəki təşkilat 1909-cu ildə niyə dağıdıldı? Fitnəkarlar kimlər idi? Bu yalnız 1917-ci ildən sonra dəqiq məlum oldu. Fitnəkarlıq hər yerdəydi, həmin illərdə o bütün inqilabi partiyaların yuxusunu qarışdırırdı. 1908-ci ildə dünyanın bütün qəzetləri Azef barədə yazmışdılar. Sürgündə olan eserlər etiraf edirdilər ki, bilmirlər onların partiyası bu zərbədən necə özünə gələcək. «Fitnəkarlıq partiyalar arasında mövcüd inqilabi əlaqələr, həm də şəxsi tanışlıq vasitəsilə bizə qədər gəlib çatmışdı,- B.Şalayev öz xatirələrində yazırdı, - getdikcə bu təhlükənin daha da artacağı açıqca hiss olunurdu. Solts bunu bilirdi və mənimlə söhbətlərində açıqca ifadə edirdi. O deyirdi ki, gizli polisin ən qiymətli məlumatı yalnız fitnəkar vasitəsilə ala bildiyinə şəxsi təcrübəsinə əsasən əmindir.

Tərcümə: Aslan Qəhrəmanlı

DİGƏR MƏQALƏLƏR