SƏHNƏ ƏDƏBİYYATI
Artur Miller

XX əsr dramaturgiyasının əfsanəsi

Amerika, ümumilikdə dünya dramaturgiyasının klassiki və əfsanəsi Artur Miller 1915-ci ilin 17 oktyabrında Nyu-Yorkda anadan olub. Millerin 1943-1999-cu illər, yəni yarım əsrdən artıq bir müddəti əhatə edən pyes yaradıcılığı onun XX əsr dünya dramaturgiyasındakı yerini müəyyən etdi. Və şübhəsiz ki, onun yeri birincilər sırasındadı. Millerin dramları Amerikanın və Avropanın ən nüfuzlu teatrlarında oynanılıb, ədəbi tənqidçilər və teatrşünaslar indi bu əsərləri XX əsrin sənət hadisəsi adlandırırlar.
Teatr təbii ki, vizual sənətdi, amma Millerin pyesləri hardasa dramaturgiya ilə nəsrin vəhdətində, daha doğrusu, sərhədlərində yazılıb. Çünki dialoqlar obrazların daxili aləmin psixoloji vəziyyətini açmağa yönəlib. Artur Millerin pyesləri əsasən sosial yönümlü olsa da, ABŞ-dakı böyük depressiyadan bəhs etsə də, dramaturqun qəhrəmanları bu mövzunu bəşəri tema anlamı səviyyəsinə qaldıra bilirlər.
Məhşur dramaturqun «Xəzər» oxucularına təqdim etdiyimiz 1968-ci ildə yazılmış «Qiymət» pyesi illuziyalar və gerçəklər, həqiqət və yalan, yaxın adamların bir-birinə doğmalığı və yadlığı haqqındadı.

 

Qiymət

(pyes)

İkipərdəli dram
İştirakçılar
Viktor Frans
Ester Frans
Qreqori Soloman
Uolter Frans


BİRİNCİ PƏRDƏ

Bu günlər. Nyu-York. Arxa tərəfdə iki pəncərə. Gün işığı üstünə təzə əhənglə xaç işarəsi vurulan bulaşıq pəncərədən içəri keçir. Bina söküləcək.
İşıq çardağın pəncərəsini də yarıb keçərək səhnənin ortasında qoyulan çəhrayı parçalı kreslonun üstünə düşür. Bu pəncərə də çirkdən qaralıb. Kreslonun sağ tərəfində, balaca stolun üstündə iyirminci illərin çox incə işlənmiş radioqəbuledicisi və köhnə qəzetlər var. Arxada torşer görünür. Sol tərəfdə isə qədim patefon və onun yanındakı stolun üstündə bir topa plastinka var. Digər əşyalarla yanaşı ağ, təmiz süfrə, süpürgə və vedrə gözə dəyir. Otaq heç də pis görünmür. Kreslonun ətrafı canlı təsir bağışlayır. Burda stullar və taxt qoyulub. Amma otağın o biri hissəsi bütünlüklə - divarlardan tutmuş ortaya qədər bir-birinə qarışıb. Sanki on otaqlıq mebeli bir otağa basıblar. Dörd taxt, üç divan-taxt, kreslo, divan.
Stullar necə gəldi atılıb qalıb. Üstəlik, üç divardan tavan boyunca əl işi olan yemək stolu, bra, şkaflar, hündür sekreter, tumbalar, jurnal stolları, yazı masaları, kitab rəfləri, alçaq servantlar və başqa şeylər tıxlanıb qalıb. Döşəmədə bükülü xalçalar və palazlar var. Həmçinin qayıq avarı, çarpayılar, çamadanlar gözə dəyir. Tavandan naqillə birləşdirilərək ipdən bir iri və bir xırda çilçıraq asılıb. Solda yemək stolunun yanında cərgəylə on iki stul düzülüb. Otaq çah-cəlallı görünsə də, canında nəsə elə bil ağırlıq var. Mebel qədim alman üslubundadı. Sanki elə bu qədimlik də öz ağırlığını bu müxtəlif şkaflara, çıxıntılara, divarlara hopdurub. Otaq dəhşətli dərəcədə basırıqdır, burada tərpənmək belə mümkün deyil. Odur ki, mebellərin gözəl, yaxud əksinə, yekə və biədəb olduğunu demək çətindir.
Avansəhnədə, sağ tərəfdə çexola salınmayan arfa tək-tənha dayanıb. Onun qızılı rəngi qopub tökülüb. Səhnənin dərinliyində balaca əl-üz yuyan, qaz plitəsi və köhnə soyuducu görünür. Sağ qapı yataq otağına, sol qapı gözlə görünməyən dəhlizə və ardınca pilləkənə açılır. Biz Manhettendə, sökülməli olan bir malikanənin çardağındayıq.
Sol qapıdan Viktor Frans daxil olur. O, polis serjantı formasındadır. Viktor dayanıb yan-yörəsinə baxır, sonra ehtiyatla bir addım atıb təzədən dayanır. Sifəti o qədər də ifadəli deyil, otağın bu görünüşü onu narahat etmir. Nəzərlərini bir əşyadan o birinə tuşlayır, sanki onların niyə burda olduqlarını anlamaq istəyir.
O sanki tabuta yaxınlaşan kimi arfaya sarı gəlib, bir qədər düşünərək simlərinə toxunur. Sonra dönüb yemək stoluna tərəf gedir. Üstündə tapança olan kəmərini, ardınca mundirini çıxarıb başqa stullarla yanaşı baş-ayaq dayanan stullardan birini düzəldib üstündən asır. Sonra bir müddət saata baxır. Qəflətən gözləri patefonun yanında olan bir topa plastinkaya sataşır. O, qapağı açıb plastinkanı yerinə taxır və adapteri onun üstünə qoyub işə salır. Qallaher və Şin oxuyur. O gülümsəyir.
Plastinka oxuyan müddətdə o, mebelə söykənmiş uzun avarı götürür. İndi yadına nəsə düşdü. Şkafın içindən rapira və maskanı alır. Hələ də nəyisə xatırlaya-xatırlaya rapirayla sanki havanı parça-parça eləyir. Sonra rapirayla maskanı stolun üstünə qoyub bir neçə plastinka götürür. Qəflətən bir plastinkanın adını görüb gülür. İndi bu plastinkanı qoyur. İki nəfər bir sözü axıra çatlırmaq istəsə də heç cür alınmır, elə hey bu yerdə onları gic gülmək tutur.
Onun da dodağı qaçır. Sonra pıqqıldayır. Sonra özü də gülməyə başlayır. Gülüş ciddi-cəhdlə onu öz əsirinə çevirir. Budur, o, artıq qarnını tutaraq yerə oturub, yıxılmasın deyə, ayağını irəli verir.
Sol qapıda arvadı Ester peyda olur. O, arxası Esterə tərəfdir. Esterin üzündə təbəssümə oxşar nəsə əmələ gəlib. Onun baxışları əriylə birlikdə gülən adamı axtarır. Sonra ərinə tərəf gedir. Viktor addım səslərini eşidib dönür.
Ester. Nə olub?
Viktor (təəccüblə). Salam! (Plastinkanı saxlayıb gülür. Yüngülcə utanan kimidir.)
Ester. Xeyir ola, bu nə bayramdır belə? (Plastinkaya işarəylə.) Bu nədir?
Viktor (öz narazılığını açıq bildirmək istəməyərək, onu öpür.) Harda içmisən?
Ester. Sənə demişdim axı, müayinəyə getmişdim. (Hər şeyi yaxşı dərk elədiyini göstərmək üçün bic-bic gülür.)
Viktor. Sənin də o həkimindən heç olmaz! Mən elə bilirdim o sənə tövbə dərmanı yazıb.
Ester (gülür). Yalnız bir tablet. Bir tabletdən də ki, çətin bir şey çıxa. Ümumiyyətlə, mən tam qaydasındayam. Ondan sənə də salam var. (Yan-yörəyə baxır.)
Viktor. Neynək, lap gözəl. Yeri gəlmişkən, alıcı indilərdə gəlib çıxacaq. Əgər sən nəyisə burda saxlamaq istəyirsənsə...
Ester (otağa göz gəzdirərək köks ötürür). İlahi, yenə eyni şey!
Viktor. Qarı necə işləyib, bəyəndin?
Ester. Hə, burda heç vaxt belə təmizlik olmayıb. (Ətrafı göstərərək.) Maraqlıdır.
Viktor (çiynini çəkərək). Maraqlı bircə odur ki, o hətta məni tanımadı! Təsəvvür edirsən?
Ester. Əzizim, axı üstündən yüz əlli il keçib. (Yan-yörəyə baxığ başını bulayır.) Ha-ha.
Viktor. Nə deyirsən?
Ester. Mən vaxtı nəzərdə tuturam.
Viktor. Anlayıram.
Ester. Bu müddət ərzində burada çox dəyişiklik olub.
Viktor. Yox əşi, hər şey olduğu kimidir. (Otağın bir küncünü göstərərək.) Mənim masamla çarpayım bax burdaydı. Qalanları elə öz yerindədir.
Ester. O qarı gözümə həmişə iddialı, hətta əsl burjua kimi görünüb. Amma bununla belə onun öz üslubu var ki, bu üslub da məncə, yenidən dəbdədir. Qəribədir!
Viktor. Di yaxşı, burda nəyi saxlayırıq?
Ester (yan-yörəsinə baxıb tərəddüdlə). Heç özüm də bilmirəm. Necə də... Onu hara qoyacağıq? Amma qiyamət kamoddur. (Kamoda yaxınlaşır.)
Viktor. Bu mənimdir. (Otağın o biri küncünü göstərir.) O biri Uolterin idi. Cüt idilər.
Ester (müqayisə eləyərək). Hə, elədir. Sən onunla əlaqə saxlamısan?
Viktor (kənara baxır. Bu suala cavab vermək ona elə də xoş deyil.) Bu səhər bir də zəng vurdum. Konsiliumda idi.
Ester. Öz xəstəxanasında?
Viktor. Hə. Tibb bacısı gözləməyimi xahiş eləyib zəngimi ona xəbər verdi. Amma bu, elə də vacib deyil. Bilir ki, onu axtarmışam, indi nə istəsəm eləyə bilərəm.
Ester cavab vermək həvəsini özündə boğaraq lampanı götürüb qaldırır.
Viktor. Bu, yəqin əsl saxsıdır. Bəlkə yataq otağına gedər, hə?
Ester (lampanı yerə qoyaraq). Mən axı, niyə qayıtdım? Bütün bunlar necə də adamın əsəblərinə toxunur.
Viktor. Neyləməli. Bir də ki, bu, çox çəkməz. Əyləş dincəl. O, bu dəqiqələrdə gəlib çıxar.
Ester (taxtda oturaraq). Bu mebeldən heç vaxt xeyir gəlməyib, heç vaxt da gəlməyəcək. Bəli, bəli. Bütün bu tarixçə...
Viktor. Yaxşı, qızışmaq lazım deyil. Satarıq gedər. Mən yeri gəlmişkən, bilet almışam.
Ester. Yaxşı. (Başını arxaya eləyir.) Əzizim, ümidvaram ki, film heç olmasa baxımlıdır.
Viktor. Baxım nədir, şedevrdir. Qiyməti də iki yarım...
Ester (qəflətən ucadan). Cəhənnəm olsun! Onsuz da harasa getməliyik, ya yox?! (Bu mövzunu qapayaraq, otağa göz gəzdirir.) İlahi, bütün bunlar nə deməkdir? İndi pilləkənlə qalxanda bütün qapıları taybatay... Adam inanmaq istəmir!
Viktor. Balası, burda hər gün haranısa sökürlər.
Ester. Hə, bilirəm, amma belə olanda adam özünü yüz yaşlı kimi hiss eləyir. Boş otaqlardan zəhləm gedir. (Xatırlayaraq.) O küçə quldurunun adı nə idi? O qənşər otağı kirələyən vardı ha... həmin o saksofon düzəldəni deyirəm?
Viktor (gülərək). Hə, Zalsman. (Əllərini açaraq.) Amma zalım oğlu bir dəqiqəsini də boş buraxmırdı.
Ester. Elədir. Hər dəfə sənin yanına qalxanda şorgöz meymun kimi mənə baxa-baxa qalırdı. Görən, o gözəlçə qızlar onun nəyinə belə axışırdı?
Viktor (gülür). Kim bilir, yəqin ondan yaxşı qoxu gəlirmiş.
Ester də gülür, Viktor da.
Viktor. Hərdən bura da qaçıb gəlirdi, hardasa günün günorta çağında. Viktor, deyirdi, tez düş, gör, yanımda nə gözəllər var?
Ester. Sən də düşürdün?
Viktor. Niyə də yox? Əgər artıqdırsa...
Ester (qızararaq). Sən heç vaxt bunu mənə deməmisən.
Viktor. Əlbəttə, bu axı, sənə qədər olub. Daha çox...
Ester. Erkək at.
Viktor. Nə olsun? Axı böyük depressiya dövrü idi.
Bu izahatdan Esterin üzündə təbəssüm yaranır.
Viktor. Bəli, doğru deyirəm, məncə o vaxt insanlar nəsə başqa cür idi, hətta günün günorta çağı da sevişmək olurdu. Maklaflin maşbüronun tibb bacılarıyla, elə ordaca, divandaca... (Gülür.) Atam o bacılar haqqında deyirdi ki, onlar bir-iki dollara sənin təkcə hərarətini yox, haranı istəsən ölçərlər...
Ester gülür və ehtiraslar soyuyur.
Ester. Yəqin onlar hamısı indi o biri dünyadadır.
Viktor. Zalsman ola bilsin, hansısa özgə dünyaya yollanıb. Amma... (Heyrətlə başını bulayıb astadan gülür.) Öldür məni, onun öldüyünə inanmaram. Məncə indi o elə... mən yaşda olar. Ha-ha! (Vaxtın amansızlığı barədə düşüncələrə qərq olaraq bir anlıq susur.)
Ester (qalxıb arfaya tərəf gedir). Sənin bu alıcın axı, harda qaldı?
Viktor (saata baxaraq). Altıya iyirmi dəqiqə qalıb. İndilərdə gəlməlidir.
Ester barmaqlarını simlərə toxundurur.
Viktor. Buna görə nəsə verərlər.
Ester. Elə məncə də. Özü də tək buna yox. Amma sən aydın məsələdir ki, gərək qiyməti öldürməyə qoymayasan. Onlar deyən qiymətlə razılaşmaq olmaz...
Viktor (etiraz edərək). Mən alver eləməyi bacarıram. Narahat olma, elə-belə vermərəm.
Ester. Alver qəbul olunan bir şeydir. Elə deyil?
Viktor. Sən niyə narahat olursan, biz ki, hələ heç başlamamışıq? Mən, əlbəttə, alver eləyəcəyəm. Üstəlik, mən onlarla necə danışmağın yollarını da bilirəm.
Ester (mükalimənin davamından yayınaraq, patefona sarı gedir. Onun üzündə yüngül sevinc ifadəsi var.) Bu nə plastinkadır?
Viktor. Komiklər. İyirminci illərdə bu, şlyager idi.
Ester (maraqla). Sən onları xatırlayırsan?
Viktor. Belə də, çox tutqun. Onda mənim beş, ya altı yaşım olardı. Onları müxəlif tədbirlərə məxsusi bir məqsədlə dəvət edirdilər ki, görək kim özünü daha çox ciddi saxlaya biləcək. Hamı onları əhatəyə alıb gülməkdən qəşş eləyirdi.
Ester. Çox gözəl.
Onların münasibətləri təxminən qaydasına düşüb. Viktor diqqətlə ona baxır.
Viktor. Sən heç də pis görünmürsən.
Ester üzündə təbəssüm utana-utana ona baxır.
Viktor. Doğru deyirəm. Mən dedim axı, alver eləyəyəcəm, bəs sən niyə...
Ester. Hə, mən inanıram. Kostyumum budur.
Viktor. Budurmu? Neçəyədi? Bir dön görüm.
Ester (dönərək). Təsəvvür edirsən, qırx beşə? Dedilər, beləsini almazlar, çox sadədir.
Viktor (razılaşmayaraq). Balası, qadınlar qiymət bilmir. O həqiqətən də gözəldir. Görürsən, sən nəsə alanda mən etiraz etmirəm. Amma əslində satılan şeylərin yarısı xalis nəcisdir. (Ona yaxınlaşaraq.) Yeri gəlmişkən, bu, nə yaxalıqdır? Onu da təzə almısan?
Ester (yaxalığa baxaraq). Yox, bu köhnədir.
Viktor. Neynək, olsun. (Esterə öz ayaqqabısının dabanını göstərərək.) Onlardan şikayət eləmək istəyirəm. Cəmi üç həftə keçib, bir bunun vəziyyətinə bax!
Ester. Düz yerimək lazımdır. Amma ümidvaram sən formayla getməyəcəksən?
Viktor. O cavan oğlanı öldürmək də azdır. Növbəmi təzəcə dəyişmişdim. Makqouan bu əclafın əl izlərini götürürdü. O da müqavimət göstərirdi. Odur ki, Mak onun əllərini burmaq istədi. Elə bu vaxt əclaf düz burnumun altında...
Ester (sanki bu, ona nəyisə xatırladır). İlahi!
Viktor. Mən də onu dərhal və təcili... Altıya söz veriblər.
Ester. Kofeyə şəkər qatılmışdı, gavalıyla idi?
Viktor. Hə.
Ester. Onda altıya çətin çata.
Viktor (özünü sakitləşdirərək). Söz veriblər.
Ester. Sən bunu yaddan çıxar.
Qısa pauza. İndi Ester həyəcanlanıb, baxışları ora-buranı gəzir.
Viktor. Yaxşı. Bu ki, olsa-olsa kinodur.
Ester. Amma biz ora-bura elə nadir hallarda gedirik ki... Odur ki, sənin nə qədər qazandığını hamı bilir. Mən hər yerdə olmaq istəyirəm. Restorana getmək istəyirəm. Amma istəyirəm, elə yerə gedək ki, öz şanlı polis keçmişindən əhvalatlar danışan əyyaşlar gəlib adama ilişməsin.
Viktor. Sən də ki... Belə şey cəmi iki dəfə olub. Ester mənə elə gəlir, bütün bu illər boyu...
Ester. Bilirəm, bu elə də əhəmiyyətli bir şey deyil. Amma istəyirəm, o vaxtkı o adam kimi səni heykəltaraş bilsinlər.
Viktor. Mən heykəltaraşa oxşayıram.
Ester (özünü saxlayaraq). Bu, sadəcə, adama xoş gəlir, vəssalam. Vik, həqiqətən da bu kostyum sənə yaraşır. Məgər elə deyil? (Təzədən başını arxaya atır.) Bu viskinin adını gərək yadımda saxlayaydım.
Viktor. Hamısı bir zibildir.
Ester. Bilirəm, amma içində dadlıları da olur.
Viktor (saata baxır.) Bir buna bax, amma düz altının yarısına söz vermişdi. Bir düz danışan yoxdur. (Esterin bu əhvalından narazı qalsa da, bunu gizləmək istəyərək, get-gedə artan həyəcanla otaq boyu var-gəl edir. Baxışları kamodun açıq qalmış rəfində ilişib qalır, onu qabağa çəkib konkini çıxarır.) Bir bura bax, bunları hələ də işlətmək olar. (barmağıyla konkinin dəmirini yoxlayır.)
Ester ona baxır, sonra başını çevirir.
Viktor. Hətta korşalmayıb da. İmkan tapıb katoka getmək lazımdır. (Onun israrla susmaq niyyətində olduğunu görür.) Ester, sənə dedim ki, alver eləyəcəyəm... Görürsən, içməyi bacarmırsan, bu da bir cür depressiyadır.
Ester. Belə depressiya gözəldir.
Viktor. De gəlsin.
Ester. Mənim ideyam var.
Viktor. Nə ideya?
Ester. Niyə axı çıxıb getməyəsən? Mənə də kofe, siqaret üçün xırda-para pul göndərərsən.
Viktor. Onda sən heç yataqdan qalxmazsan.
Ester. Qalxaram, həftədə bir dəfə.
Viktor. Məndə daha yaxşı ideya var. Niyə axı sən özün bir-iki həftəliyə harasa çıxıb getməyəsən. Məsələn, elə öz həkiminlə, hə? Mən ciddi deyirəm, əhvalın da yaxşılaşar.
Ester. Əgər alınsaydı.
Viktor. Get də, niyə də yox. O tamam sənə uyğun gəlir. İti də özünlə götürərsən. Bəli, bəli, məhz iti.
Ester gülür.
Viktor. Gülməli bir şey yoxdur. Çünki hər dəfə, hətta, yağışda belə sən gəzməyə çıxanda mən iynə üstə oturan kimi oturub gözləyirəm, görən, indi özünlə nə gətirəcəksən.

Ester (yenə gülür). Sən ki, iti istəyirsən?
Viktor. Çox istəyirəm! Sən yeyib-içib özünlə evə gətirdiyin it-pişiyi mən çox istəməliyəm?! Mən lənətə gəlmiş, o iti heç də istəmirəm.
Ester (yenidən gülür, amma bu dəfə səsindəki xoş çalarlara hiddət qatılıb). Amma mən necə də it istəyirdim.
Viktor (azca ləngiyib). Ester, it problemi həll etmir. Sən ağıllı, əlli-ayaqlı bir qadınsan, gərək bütün günü yataqda yıxılıb qalmayasan. Hətta az müddətə də olsa harasa getsən, hər halda, havanı dəyişərsən.
Ester. Mən heç də havamı dəyişmək firkində deyiləm. (Qısa pauza.) Sadəcə, Riçardın yoxluğuna öyrəşə bilmirəm. Olan budur, vəssalam.
Viktor. Balası, o gedib. O artıq uşaq deyil, sən indi özün üçün nəsə bir şey fikirləşməlisən.
Ester. Mən axı hər gün eyni yerə gedib-gələ bilmərəm. Heç ürəyim də istəmir. De görək, xahiş etdinmi, səni qardaşınla calasınlar?
Viktor. Tibb bacısından? Bəli. Amma qardaşım işdən aralana bilmədi.
Ester. İt oğlu. Bu, iyrənclikdir!
Viktor. Neyləmək olar! O heç vaxt mənə qarşı doğmalıq göstərməyib.
Ester. Nə doğmalıq? On altı il görmədiyi qardaşı üçün dəstəyi qaldırmağımı deyirsən? Bunun üçün sadəcə adamlıq lazımdır. (Qəfil hissə qapılaraq.) Sən incidin, eləmi?
Viktor. Təkcə özümdən. Neçə dəfə ona zəng elədim, axmaq kimi bütün həftə boyu... Cəhənnəm olsun, özüm öhdəsindən gələrəm. Belə daha yaxşıdır.
Ester. Bəs onun payı?
Viktor dilxor və həyəcanlı halda otaqda var-gəl edir.
Ester. Xırdaçı görünmək istəməsəm də, bu da puldu axı, hə, Vik?
Viktor susur.
Ester. Yoxsa, sən hər şeyi onunla bölüşmək istəyirsən, hə?
Viktor(qərar qəbul edərək). Mən bu barədə düşünmüşəm. Onun yarı paya haqqı var. Nədən axı durub-durduğu yerdə ondan imtina eləsin?
Ester. Mən düşünürəm, sən bu məsələni onun öz ixtiyarına buraxacaqsan.
Viktor. İndi fikrimi dəyişdim. Bir də harda yazılıb ki, onun mənə nəsə borcu var?
Ester. Ancaq maraqlıdır, görən, onun nə qədər «kadillakı» var?
Viktor. Nə qədər lazımdır o qədər. Adam gərək onun-bunun pulunu saymaya.
Ester. Mən, sadəcə, başa düşə bilmirəm, bu filantropiya, sənin nəyinə lazımdır? Mənəvi borc adlanan bir şey də var, axı. Vik, ona karyera qurmaqda kömək olmusan axı. Kim deyir ki, tibb institutunda yalnız o, təhsil ala bilərdi?
Viktor. Ester, xahiş eləyirəm, gəl, bu haqda danışmayaq, hə?
Ester. Danışmayaq deyirsən, danışmayaq, amma sən axı ondan yaxşı oxumusan. Həqiqətən də o öz mənəvi borcu barədə düşünməlidir. Əgər atanızı sən öz yanına gətirməsəydin, o, heç vaxt təhsilini başa vura bilməzdi. Demək istəyirəm, bu, diqqətdən yayınmamalıdır. O ki qaldı, indi söhbətin puldan getdiyi bir vaxtda...
Viktor. Boş şeydir. Bunlar ki, nə əntiq, nə də...
Ester. Əgər bizimdirsə, deməli, ucuz bir şeydir, hə?
Viktor. Başa düşmürəm, sən nəyə işarə vurursan?
Ester. Ona işarə vururam ki, biz düz fikirləşmirik. Necə fikirləşiriksə, elə də yaşayırıq.
Viktor (kəskin tərzdə). Adam telefona da gəlmir, mən isə gərək...
Ester. Ona məktub yaz, qapısını sındır! Mebel axı, sənə məxsusdur!
Viktor (Esterin bu sözləri necə səmimiyyətlə deməsindən əməlli-başlı heyrətlənib). Amma niyə bu səni belə həyəcanlandırır?
Ester. Ona görə ki, belə olsa sən ehtiyata arxayın çıxa bilərən!
Qısa pauza.
Viktor (öz məqsədlərini gizləməyə çalışaraq, həvəssiz halda). Məsələ heç də pulda deyil.
Ester. Onda bəs nədədir?
Viktor susur.
Sadəcə, mən düşündüm ki, ürəyincə olan bir iş tapana qədər sən bir-iki ay arxayın otura biləsən.
Viktor. Elə mən də indi məhz bu barədə düşünürəm. Özü də bunun üçün istefaya çıxmaq heç də vacib deyil.
Ester. Amma məncə, bu düşüncələrindən heç bir şey çıxmayıb.
Viktor. Nədir, bəyəm asandır? Bu gün-sabah əllini haqlayıam. Bu yaşda hər şeyi sıfırdan başlamırlar. Başa düşə bilmirəm, bu, niyə birdən sənin ağlına gəldi?
Ester (gülür). Birdən ağlıma gəldi? Sənə vəzifə verilən gündən mən bunu deyib durmuşam. Düz üç ildir, sözümün əvvəli də budur, axırı da!
Viktor. Üç olmaz...
Ester. Martda düz üç il olacaq! Üç il keçir. Əgər o vaxt sən fakültəyə qayıtsaydın, indi artıq qurtarmışdın... Onda nəsə maraqlı bir işlə məşğul olmaq imkanı qazanardın. Nədir, düz demirəm? Niyə indi fəallıq göstərməyəsən?
Viktor (yubadır, görünür ki, utanır). Sənə olanı deyəcəm. İnanmıram ki bundan nəsə alına. Mən başlayanda əlli üç, əlli dörd yaşım olacaq.
Ester. Sən ki, bunu bilirdin.
Viktor. Bilirdim. Amma məsələ işə gələndə... bunun bir mənasının olacağına nəsə inanmıram.
Ester (aralanır, qəmli səslə). Elə mən də sənə min dəfələrlə məhz bunu təlqin etmək istəmişəm. Xeyr, burda məna var. Bəlkə qabaqda hələ iyirmi ilin var. Bu heç də az deyil. Bu müddət ərzində xeyli maraqlı işlər görmək olar. (Qısa pauza.) Sən necə də cavansan, Vik.
Viktor. Doğrudan?
Ester. Əlbəttə. Mən yox, amma sən cavansan. İlahi, qızlar hələ də gözlərini səndən çəkə bilmirlər. Adama başqa nə lazımdır?
Viktor (yüngülcə gülüb). Cavab vermək çətindir, Es, mənim belə şeylərdən başım çıxmır.
Ester. Niyə axı sənin başın çıxmayan şeylərdən danışmayaq? Niyə axı sən yalnız özünü avtoritet hesab etməlisən?
Viktor. Balası, ən azı ona görə ki, bizlərdən kimsə sükan arxasına keçməlidir.
Ester. Sən istəyirsən, mən özümü elə göstərim ki, guya hər şey gözəldi? Sən başıma oyun açasan, mən də özümü elə aparım ki, guya başa düşmürəm? (Bu hisslər çoxdan dərinə işləmişdi, indi üzə çıxıb.) Mən düz əlli dəfə səndən xahiş elədim ki, Uolterə məktub yazasan...
Viktor (qeyri-ixtiyari). Yenə Uolter? Onun axı bu məsələyə nə dəxli...
Ester. O, elm xadimidir, özü də yeni sahə üzrə işləyir... Mən qəzetdə onun xəstəxanasının şəklini görmüşdüm.
Viktor. Ester, o adam mənə on altı ildə bir dəfə də zəng eləməyib.
Ester. Amma elə sən də ona!
Viktor təəccüblə Esterə baxır.
Hə, elə sən də. Bu, faktdır.
Viktor (sanki bu qeyri-adi fikir indicə ağlına gəldi). Mən nə səbəbə ona zəng eləməliyəm?
Ester. Ona görə ki, sənin qardaşındır. Onun nüfuzu var, sənə köməyi dəyə bilər. Hə, Vik, hamı belə eləyir. Onun dərc olunan məqalələrində həqiqi idealizm, əsl insanlıq çalarları var. Demək istəyirəm, insan dəyişir.
Viktor (dönərək). Bağışla, amma mənim ona ehtiyacım yoxdur.
Ester. Demirəm ki, sən onun başını tumarlayasan. O, əlbəttə ki, dəhşətli dərəcədə xudbinin birisidir, amma sənə doğru yol göstərə bilər. Mən burda alçaldıcı heç nə görmürəm.
Viktor (dilxor və əsəbi halda). Amma, hər halda, mən belə tələskənliyin səbəbini başa düşmürəm.
Ester. Səbəb odur ki, lənət şeytana, mən sabahımızın necə olacağını bilmirəm. (Bu ifadəsini cığırtıyla bitirməyi Esterin özünü də təəccübləndirir. Viktor susur. Ester davam edir, amma indi bir qədər yumşaq tonda.) Əgər belə olacağını bilsəydim, mən hər şeyə əl atardım. Bütün bu illər boyu deyirdik ki, qoy bir təqaüdə çıxaq, bax onda, gün görərik. Bu, ona oxşayır ki, iyirmi beş il bir qapını döyə-döyə qalasan, nəhayət, o açılanda... yerindəcə donub qalasan. Hərdən məni heyrət bürüyür. Ola bilsin, mən səni başa düşə bilmirəm. Sən işini beləmi çox sevirsən?
Viktor. Zəhləm gedir.
Ester. Onda günah təkcə məndədir! And içirəm, əgər mən inadkarlıq göstərsəydim, səni heç şübhəsiz işindən aralaya bilərdim.
Viktor. Düz demirsən. Sən çox gözəl arvad...
Ester. Mən elə düşünmürəm. Əlbəttə, evdə sənə rahatlıq yaratmaq lazım idi. Mən də elə bunu təlqin edirdim. Amma başqa şeylər də eləməliydim. İlahi, köçməzdən əvvəl mən buranı görmüşdüm axı. Hər şey pis gündəydi. Köhnə dəbli, nimdaş, töküntülü. Mənim zövqüm pis deyil, özüm də bilirəm! Burda hər şey müvəqqəti idi, elə özümüz də. Elə bil heç vaxt adam olmamışıq, yalnız buna hazırlaşmışıq. İndi müharibəni xatırladım. Hər axmaq ondan istifadə eləyib nə qədər pul qazandı! Elə sən gərək onda işdən çıxaydın. Mən bunu biridim, bilirdim!
Viktor. O vaxt özüm də belə istəyirdim.
Ester. Vik, mənim başımda yalnız bir fikir var idi, odur ki, lazım deyil...
Viktor. Bəli, məhz lazım deyil. Hər şeyi baş-ayaq eləmək olmaz, balası. Mən istəyirdim, amma sən qorxurdun.
Ester. Çünki deyirdin, müharibədən sonra böhran olacaq.
Viktor. Neynək, get, kitabxanadan qırx beşinci ilin qəzetlərini götür oxu, gör nə yazılıb.
Ester. Cəhənnəm olsun! (Öz bədgümanlığından narazı halda dönür.)
Viktor. Doğru sözümdür, Es, hərdən sən elə danışırsan ki, elə bil biz, ümumiyyətlə, yaşamamışıq.
Ester. İlahi, anam necə də haqlıymış. Amma mən, mən heç vaxt öz gözlərimə inanmamışam! Mən bilirdim ki, sən heç vaxt işdən getməyəcəksən. Əgər müharibə dövrü getmədinsə... Mən nələr baş verdiyini görürdüm. Görürdüm və susurdum. Amma bilirsənmi, lənət şeytana, ən dəhşətlisi nədir?
Viktor (Esterin qiyamının sonunun yaxınlaşdığını hiss eləyərək, saatına baxır). Hə, lənət şeytana, ən dəhşətlisi nədir?
Ester. Ən dəhşətlisi odur ki, biz heç vaxt ciddi şəkildə pul barədə düşünməmişik. Əlbəttə, pul bizi narahat eləyirdi, ondan söhbət salırdıq, danışırdıq, amma əslində, ciddi şəkildə onu heç vaxt arzulamamışıq. Vik mən həqiqətən də onu istəmişəm. Hə, Vik! MƏN PUL İSTƏYİRƏM!
Viktor. Buna görə səni təbrik edirəm!
Ester. Cəhənnəm ol, görüm!
Viktor. Ester mən istəyirəm, sən özünü başqalarıyla müqayisə etməyəsən. Son vaxtlar sən yalnız belə eləyirsən.
Ester. Deməli, başqa cür daha bacarmıram.
Viktor. Onda balası, sənin üçün çox çətin olacaq. Çünki həmişə kimsə səni ötüb keçəcək. Amma bunu faciə eləməyə dəyərmi? Mənim xasiyyətim də səninkilə eynidir, amma mən dəyişmirəm...
Ester. Yox, sən hətta daha çox dəyişmisən. Ehtiyata çıxmaq məsələsi hələ lap uzaqdan baş qaldırandan, sən nəsə qəribə olmusan...
Viktor. Neyləməli, bu axı, cəncəl məsələdir. Əlbəttə, istərdim, daha tox bir həyat sürək, amma... Bilirsən, mən artıq bir neçə sənədi doldurmuşam.
Ester (həyəcanla). Və?
Viktor (səbəbini özü də bilmədən çətinliklə). Sadəcə, ümid eləyirəm ki, sonda nəsə bir şey... (Sözünü yarımçıq kəsir.)
Ester. Sən hələ də nəyəsə ümid eləyirsən?
Viktor. Başa düşürəm, bu, səfehlikdir. Amma zəhrimara qalmış o kağızları görəndə özünə sual verməyə bilmirsən: necə, düz iyirmi səkkiz il elə protokol imzalamışam, vəssalam? Bu da son? Əlbəttə, olan elə budur. Amma dərd burasındadır ki, nəsə təzə bir şey düzüb qoşmaq istəyəndə beş böyründəki sıfırla gəlib gözünün qabağında dayanır. Adamı tər basır... Amma, hər halda, nəsə eləmək lazımdır. Lazımdır! (Səsinin tonu mülayimləşir.) Hələlik nə etməli olduğumu bilmirəm, amma hər dəfə bu barədə fikirləşəndə, qorxu...
Ester. Nə?
Viktor. Bilirsənmi, ilk dəfə bura girəndə özümü necə hiss elədim? (Yan-yörəyə baxır.) Bu dəlilik məni elə heyrətləndirdi ki. Ən bahalı bir şey kimi bu cır-cındırı gətirib bura yığmaq... (Yüngülcə gülmək istəyir.) Lənət şeytana, axı mən də hər zir-zibili yığıb saxlamışam, hətta xalçanın mıxlarını da. (Ortada dayanan kresloya tərəf dönür.) Bütün bunlar hamısı da ona görəydi. İndi bu, səfehlik kimi görünür.
Ester (artıq halına yanmaqdan çox, Viktora yazığı gəlir). Neynək... deməli, onu sevmisən...
Viktor. Bilirəm, amma sözlə demək... O, kim idi axı? Yüzlərdən biri kimi müflisləşmiş biznesmen. Amma mən özümü onun yanında elə aparırdım, guya dünya dağılıb... İndi düzünü desəm, bütün bu tarixçə mənə elə bil yad görünür. Sənə elə gəlmir?
Ester. Eynilə.
Viktor. Onda gəl...
Ester. Bu, həqiqətdir. İlk dəfə mən bu pilləkənləri on doqquz yaşımda qalxmışam. Sən o çamadanı açanda mənim ilk formanı görməyim yadındamı? Onu ilk dəfə əyninə keçirməyini xatırlayırsan? Sən dedin, əgər bir hadisə-zad baş versə, polis çağır.
Hər ikisi gülür.
Ester. Eynilə maskaradda olduğu kimi idi. Həqiqətən də ona oxşayırdı.
Viktor (onun xiffətindən təsirlənərək). Bilirsənmi, Ester, sən hərdən lap uşaq kimi olursan...
Ester. Mən elə də olmaq istəyirəm! Bezmişəm... Yaxşı, qurtardıq. Mən içmək istəyirəm. (Pul kisəsinə tərəf gedir.)
Viktor (heyrətlə). Xeyir ola, yenə macəra axtarırsan? Durub durduğun yerdə hara belə hazırlaşırsan?
Ester. Daha burda dayanıb qala bilmirəm, gedim bir az gəzim.
Viktor. Bəsdir, yalan dedin.
Ester. Nədir, mən əyyaş-zadam?!
Viktor. Yeri gəlmişkən, çoxlarından xeyli yaxşı gündəsən. Mütləq gərək nəyləsə məzələnəsən, yoxsa nədir?
Ester (mebeli göstərərək). Məni uşaq yerinə qoyub danışma, Viktor, bu otaqda belə söhbət heç olmaz. Bütün bunlar sənə görə neçə illərdir, burada yığılıb qalıb. Öz doğma qardaşınla belə danışa bilmirsən! Hə, mən hələ bir məzələnirəm! Əşi, sən özün hələ də on səkkiz yaşının içində qalmısan! Neynək, beyinsiz olsam da, hər halda, bunu görə bilirəm!
Viktor (alçalmış halda). Oldu. Tərpən, tərpən.
Ester (heç cür gedə bilmir). Qəbz haradadır? Ver, onu götürüm.
Viktor tərpənmir.
(Dəqiqləşdirir). Mən sadəcə mütləq gəzişməliyəm.
Viktor (qəbzi götürüb ona verir. Qəhqəhəylə). Bu, birbaşa beşinci avenyu tərəfədir. Burda ünvan da var. (Aralanır.)
Ester. Götürən kimi dərhal qayıdacağam.
Viktor. Balası, ürəyin necə istəyir, elə də elə. Doğru sözümdür.
Ester. Bu gecə sən yenə dişlərini qıcayırdın. Xəbərin var?
Viktor. Hə, mən də deyirəm qulaqlarım niyə ağrıyır.
Ester. Heyif ki, maqnitafonu qoşmadım. Səsini yazardı. Demək istəyirəm, dəhşət idi, elə səs çıxarırdın ki, elə bil şüşə şüşəyə dəyirdi. Gərək özün də qulaq asasan, bəlkə onda mənəm-mənəmliyin getdi.
Viktor cavab vermir. O, təhqir olunmuş və həyəcanlı vəziyyətdə səhnənin dərinliyinə tərəf gedir. Sanki mebelə baxmaq istəyir.
Viktor. Oho! Deyəsən, radioqəbuledicini tapmışam.
Ester (təşviş içindədir. Gülümsəmək istəyir və onun ardınca gedir). Hansı radioqəbuledici?
Viktor (stulu çəkib diz çökür və dolabdan iri qədimi radionu çıxarır). Hansı olacaq?
Qısa pauza.
Ester (naqillərə baxaraq). Bu nədir?
Viktor. Oh, bu, mənim əldədüzəltmə köhnə radioqəbuledicilərimdən biridir. İlahi, sən bir bu lampalara bax!
Ester (kinayə ilə). Barı, işləyirmi?
Viktor. Yox, batareya lazımdır. (Nəsə xatırlayaraq, qəflətən tavana baxır.)
Ester (O da eyni hərəkəti edir). Orda nə var?
Viktor. Bir batareya partlayıb düz ora dəydi. (Göstərir.) Görürsən, suvaq başqa rəngdədir?
Ester (söhbətə körpü salmaq istəyərək). Bu, Tokionu tutduğundur?
Viktor (yumşalmayaraq, ehtirasla). Hə, həmin köpəyoğludur.
Ester (mehribanlıqla). Niyə onu yerinə qoymursan?
Viktor. Xeyri yoxdur.
Ester. Elə bil demişdin, burda sənin laboratoriyan var, yoxsa yuxuda görmüşəm?
Viktor. Əlbəttə, var idi. Amma atam bura gələndə yığışdırmalı olduq. O divar Uolterin, bu birisi mənim idi. Burada nə oyunlardan çıxmamışıq!
Ester baxışlarıyla onu izləyir. Viktor isə yan-yörəsinə baxaraq, var-gəl eləməyə başlayır.
Balası, sənlə açıq danışacam. Məndə nəsə qəribə hallar baş verir. Hər şeyi dərk eləyirəm: nədir, necədir, nədəndir, nə səbəbədir, amma heç bir nəticə çıxara bilmirəm. (Arfaya yaxınlaşıb simlərinə toxunur.) Bilirsən, qəribədir, lap unutmuşdum, bir vaxtlar bu iş otağında musiqi də səslənərdi. Anam kitabxanada saatlarla arfada çalardı. Qəribədir, arfa axı, zil səs çıxaran alət deyil, amma o səs necəsə bura da gəlib çatardı.
Ester. Sən yaxşı adamsan, Vik, sən... (Viktora yaxınlaşır, lakin dönüb saata baxır.)
Viktor. Başqasını çağırmalı olacağıq. Gəl, birlikdə gedək. (Qurama, əzabverici sevinc hissiylə.) Formanı da götürək, baxarsan, hər şey...
Ester. Vik, mən istəmirəm ki, sən...
Viktor. Oldu. Gözlə, qoy bunları yığışdırım, birdən kminsə ayağı ilişib-eləyər. (Rapira ilə maskanı götürür)
Ester. Sən hələ də bacarırsan?
Viktor (səsindəki soyuqluğa qüssə qatılır). Yox, bunun üçün gərək formada olasan. Məsələn, bax burda, ayaqlar...
Ester. Nə olar, göstər görüm, mən heç vaxt səni bu cür görməmişəm.
Viktor (azca geri çəkilərək). Yaxşı, amma hamısını yox. (Ayaqlarını lazımı yerə qoyaraq, mövqe alır, amma yıxılmaqdan özünü zorla saxlayır.)
Ester. Bəlkə elə bununla məşğul olasan.
Viktor. Yox, nə danışırsan, məşqsiz... Bu, ən incə idman növlərindəndir. (Təzədən mövqe alır.) Yaxşı, sən bura keç.
Ester. Mən?
Viktor. Hə, qorxma. (Rapiranın dəstəyindən tutaraq.) Əla rapiradı, gör bir neçə yaşı var! Bu mənə Prinstonda qələbə gətirdi. (Yorğun-yorğun gülümsəyir və irəli hərəkət edir edir: rapiranın dəstəyi az qala qarnına toxunur.)
Ester (kənara çəkilərək). İlahi! Viktor!
Viktor. Nədir?
Ester. Sən necə də gözəlsən!
Viktor heyrət və yüngülcə utanc hissiylə gülür. Bu vaxt hər ikisi qapıya sarı dönür. Dəhlizdən get-gedə artan öskürək səsi gəlir. Qreqori Solomon daxil olur. Qeyri-adi mənzərə: adamın doxsan yaşı var, amma belini elə dik tutub ki. O elə nəhəngdir ki, sanki vücuduyla bütün boşluğu zəbt edib. Solomon əsayla gəzsə də bu, onun zəifliyinə dəlalət etmir. Əynində gözəgəlimli olmayan palto, başında toz basmış, kənarları xəzli, eynən Cimmi Uokerdə olduğu kimi sağ tərəfi yüngülcə əyilmiş nimdaş qara şlyapa var. Köynəyinin kip yaxalığının ortasında iri qotazlı qalstuk görünür. Qalstuk azca sağa əyilib. Jileti qırış-qırışdır, şalvarı əynində torba kimi qalıb. Sol əlinin şəhadət barmağında iri brilyant üzük var. Qoltuğunun altında üzü üzlər görmüş dəri portfel tutub. Solomon bu gün hələ üzünü qırxmayıb.
Hələ də öskürərək, nəfəsini saxlayaraq, pencəyinin üstündən siqarın külünü çırparaq (biznesmen kimi görünmək üçün ümidsiz cəhd) Esterə və Viktora başıyla salam verib indicə danışacağına işarə kimi əlini qaldırır. Bu zaman fürsət tapıb şübhəli nəzərlərlə Viktorun hələ də dəstəyindən tutaraq üzüyuxarı saxladığı rapiraya baxır.
Viktor. Bəlkə, su lazımdır?
Solomon öskürəyini boğmağa cəhd edərək, əlinin işarəsiylə etiraz işarəsi edir.
Viktor. Niyə əyləşmirsiniz?
Solomon jestlə minnətdarlığını bildirərək səhnənin ortasındakı kresloda əyləşir və get-gedə öskürəyi kəsilir.
Viktor. Əminsiniz ki, sizə su lazım deyil?
Solomon (yerli ləhcəylə). Mənə su lazım deyil, amma qan olar... Təşəkkür edirəm. (Ağır-ağır nəfəs alaraq Viktora baxır. Viktor rapiranı aşağı salır) Ah, bu pilləkənlər.
Ester. İndi yaxşısınız?
Solomon. Bir-iki pillə də artıq olsaydı, indi cənnətdəydim. Oh, bağışlayın, rəis, mənim axtardığım ailənin famili... (Əlini jiletinin cibinə salır.)
Viktor. Frans.
Solomon. Bəli, bəli Frans.
Viktor. Mənəm.
Solomon hələ də inanmır.
Viktor Frans.
Solomon. Siz demək, polissiniz, hə?
Viktor (qımışaraq). Aha.
Solomon (Esteri göstərərək). Onda hər şey qaydasındadır. Bilirsiniz, çox idbar məşğuliyyətdir, amma hərdən burda da maraqlı adamlarla rastlaşırsan. Doğrudur, hələ polislik bir işim olmayıb. (Əlini uzadır.) Tanış olmağımıza çox şadam. Mənim adım Qreqori Solomondur.
Viktor (əlini sıxaraq). Bu da mənim həyat yoldaşımdır.
Ester. Salam.
Solomon (Esterə tərəf razılıqla başını tərpədib). Çox şadam. (Viktora.) Bu ki, lap gözəllər gözəlidir. (Esterə sarı gedir.) Xoş gördük, əzizim. Necə də gözəl kostyumdur!
Ester (gülərək). Doğrudan? Mən bunu elə indicə almışam!
Solomon. Deməli, üstəlik hələ sizin yaxşı zövqünüz də var! Təbrik eləyirəm, sağlıqla geyinin.
Ester. Əzizim, mən camaşırxanaya dəyib tez də qayıdıram. (Qapıya tərəf bir addım atıb Solomona.) Bu, uzun çəkəcək?
Solomon (mebelə elə bil indicə mübarizə aparacağı rəqib kimi baxır). Mebel işində heç vaxt bilmək olmur - uzun çəkəcək, uzun çəkməyəcək, yaxud çox da uzun çəkməyəcək.
Ester. Mən ümidvaram ki, siz ona layiq olduğu qiyməti verəcəksiniz, eləmi?
Solomon. Aha. (Əl eləyir.) Qulaq asın, siz işinizdə olun, biz özümüz hər şeyi çox gözəl yoluna qoyacağıq.
Ester. Çünki mən bilirəm, burada yaxşı şeylər çoxdur. Mən bilirəm, o bilmir.
Solomon. Mən altmış iki ildi bu işdəyəm, bir dəfə də kiməsə kəf gəlməmişəm. Gedin və getdiyiniz yerdə sizə uğurlar.
Ester və Viktor gülür.
Ester (Solomonu barmağıyla hədələyərək). Ümid eləyirəm, sizdən razı qalacağam.
Solomon. Gözəlim, qadınlar məndən həmişə razı qalıblar. Başqa söhbət ola bilməz!
Ester (hələ də gülərək, qapıya tərəf gedib Viktora). Sən ehtiyatı əldən vermə.
Viktor (başını tərpədərək). Hələlik.
Ester çıxır.
Solomon. Qadınlarda olan bu inamsızlıq xoşuma gəlir.
Viktor (heyrətlə gülümsəyir). Siz nəyi nəzərdə tutursunuz?
Solomon. Onu nəzərdə tuturam ki, əgər qadın həddindən artıq inamlıdırsa, ona necə inanmaq olar?!
Viktor razılıqla gülümsəyir.
Solomon. Bax, mənim də arvadım vardı... (Jestlə öz sözünü kəsərək). Əşi, nə fərqi! Əlbəttə, əgər istəyirsinizsə, cavab verin görüm, məni necə tapdınız?
Viktor. Telefon kitabçasından.
Solomon. Ah, boşlayın görək, kitab nədir!
Viktor. Necə yəni, nədir?
Solomon (müəmmalı baxışlarla). Yox, yox, hər şey qaydasındadır, hər şey qaydasındadır!
Viktor. Siz orada qiymət qoyan kimi qeydiyyata düşmüsünüz.
Solomon. Hə, mən qeydiyyata düşmüşəm. Mən patent alıram. Məni hətta səpgiyə qarşı peyvənd də ediblər.
Viktor gülür.
Gülməyin. Əgər siz qeydiyyata düşməmisinizsə, yalnız bir yolunuz qalır: liftlə qalxıb özünüzü pəncərədən atmaq. Niyə axı mən sizə bunu deyirəm. Siz ki, polissiniz, bu həyata yaxşı bələdsiniz. (Etimad göstərərək.) Məgər belə deyil?
Viktor (təmkinlə). Bəlkə də belədir.
Solomon (mebeli gözdən keçirərək. Bir əlini baldırına, o biri əlini hardasa təbii və eyni zamanda kübarcasına kreslonun qoltuq hissəsinə qoyub). Belə. (Yan-yörəyə baxıb müəmmalı təbəssümlə davam edir.) Nə qədər mebeliniz var! Nədir, hamısını satırsınız?
Viktor. Aha.
Solomon. Yaxşı, yaxşı. Mən, sadəcə, bir də əmin olmaq istədim. (Qarşılıqlı təbəssümə azca ümidlə.) Açığını desəm, buranı belə tığ vurulmuş halda görəcəyimi qəti gözləmirdim.
Viktor. Bu axı bütün evin əşyalarıdır.
Solomon (hansısa bədgümanlıqla). Qulaq asın, niyə həyəcanlanırsınız, hər şey yaxşı olacaq. (Kreslodan qalxıb görünür, gözünün tutduğu bir cüt şifonerə sarı gedir. Sonra çilçırağa, ardınca Viktora baxır.) Mən çürükçü kimi görünmək istəməsəm də soruşacağam. Bunlar, sizdə hardandı?
Viktor. Mebel mənim ailəmə məxsusdur.
Solomon. Boşla görək, bunlar yüz ildir buradadır, elə deyil?
Viktor. Hə, iyirmi doqquzuncu ildəki böhrandan sonra atam hamısını bura daşıtdırdı. Ev sərmayədarlara keçdi, yalnız bu mərtəbə onda qaldı.
Solomon (sanki ona inandığını göstərərək). Aydındır. (Arfaya tərəf gedir.)
Viktor. Siz artıq qiyməti müəyyənləşdirmisiniz, yoxsa gərək...
Solomon (arfanın çərçivəsini tumarlayaraq). Hələ yox, amma bu dəqiqə haqq-hesab eləyərəm. Sizi çox ləngitməyəcəyəm, özümün o qədər işim var ki. (Simlərə toxunub qulaq asır. Sonra əyilib barmaqlarını rezonatora sürtür). Sizin atanız ölüb?
Viktor. Hə, çoxdan, təxminən on altı il olar.
Solomon (belini dikəldərək). Bu da burada beləcə on altı ildir dayanıb-durub, eləmi?
Viktor. Biz nəyəsə toxunmaq istəmirdik, amma ev sökülməlidir, deməli... Amma özünüz də görürsünüz ki, yaxşı qalıblar. Düzdür, o vaxt bunları almaq atam üçün boş bir şey idi.
Solomon. Hə, özüm də görürəm, çox yaxşıdırlar. (Arfaya son dəfə bir də baxıb.) Mən özüm də yaxşıydım, amma indi o qədər də yaxşı deyiləm. Siz də bilirsiniz ki, zaman məşəqqət şeydir. (Arfanı göstərərək.) Budur, rezonator da çatlayıb, görürsünüz? Amma siz həyəcanlanmayın, hələ də pis deyil. (Şkafa tərəf gedib fanerə toxunur.) Bu şkafların çox gülməli taleyi var. Otuz il əvvəl bunlara baxan da yox idi, onlardan cüzamlı xəstədən qaçan kimi qaçırdılar, amma bu gün qəflətən təzədən dəbə miniblər. Məəttəl qalmalı işdir. (Kamodlardan birinə tərəf gedir.)
Viktor (razı halda). Neynək, yaxşı bir qiymət deyin, məsələni çürüdək.
Solomon. Təxmini qiymət. Özünüz də görürsünüz ki, mən sizə kəf gəlmirəm. (Komodu göstərir.) Bu şifoner bir həftə də tab gətirməz. (O birini göstərir.) Özünüz də görürsünüz ki, onlar cütdürlər.
Viktor. Bəli, görürəm.
Solomon. Stul da pis deyil. (Yemək stulunun üstündə oturub bərkliyini yoxlayır.) Stulu sevirəm.
Viktor. Yataq otağında da var, istəyirsinizsə, keçək?
Solomon. Hə? (Yataq otağına tərəf gedir.) Burada nələriniz var? (Yataq otağına nəzər salır.) Bir çarpayıya bax! Çox gözəl çarpayıdır! Beləsi göydə gedər. Bu sizin valideynlərin çarpayısıdır?
Viktor. Bəli. Məncə, onu Avropadan alıb gətirmişdilər. Səyahətə çıxmağı xoşlayırdılar.
Solomon. Çox gözəldir, çox yaxşıdır, mən bəyənirəm. (Mebelləri gözdən keçirib, otağın ortasındakı kresloya sarı qayıdır.) Görünür, mehriban ailə olmusunuz.
Viktor. Yeri gəlmişkən, yemək stolu açılır, ətrafında on iki adamı əyləşdirmək olar.
Solomon (stola baxaraq). Mən bilirəm. Elədir. Bərk ayaqda hətta on dördünü də otuzdurmaq olar. (Rapiranı qaldırır.) Bəs, bu nədir? Deyəsən, mən içəri girəndə, siz bununla arvadınızı deşmək istəyirdiniz.
Viktor (gülür). Yox əşi, sadəcə, bunu elə həmin dəqiqələrdə tapmışdım. Mən bir vaxtlar qılıncoynatmayla məşğul olmuşam.
Solomon. Siz kollecdə təhsil almısınız?
Viktor. Bəli, iki il.
Solomon. Çox maraqlıdır.
Viktor. Bu çoxdan olub.
Solomon. Xeyr, bilirsinizmi, mənim üçün ən əsası hansısa hadisənin baş verməsidir. Məni nə vaxt çağırırlar? Ya kimsə boşananda, ya da kimsə öləndə. Hər dəfə də tamam fərqli bir iş olur. Yəni, ümumilikdə, eynidir, amma bununla belə, hər halda, fərqlidir. (Kresloya oturur.)
Viktor. Siz də qır-qırıntıları yığırsınız, hə?
Solomon. Bunu yaxşı dediniz. Qır-qırıntıları yığıram. Məncə, bizim işimiz oxşardır. Sizdə də axı hər dəfə fərqli olur.
Viktor. Nəsə maraqlı bir şey heç də tez-tez baş vermir.
Solomon. Siz yol tənzimləyənsiniz, yoxsa kimsiniz?
Viktor. Mən Rokveydə, əsasən də aeroportlarda işləyirəm.
Solomon. Bu haradır, Sibirdir, yoxsa?
Viktor (gülür). Yox. Amma bu iş məni təmin edir.
Solomon. Deməli, siz başqasının işinə burun soxmağı xoşlamırsınız...
Viktor (gülür). Düz tapdınız (Mebeli göstərir.) Neçəyə oldu?
Solomon. Qiyməti soruşursunuz? (İki siqar çıxarıb ora-bura baxır.) Siqar çəkirsiniz?
Viktor. Təşəkkür edirəm, mən çoxdan atmışam. Qiyməti öyrənmək istəyirəm.
Solomon. Görürəm, siz iş bilən adama oxşayırsınız.
Viktor. Düz tapdınız.
Solomon. Çox gözəl. Onda sənədlər hanı? Vərəsəlik sənədləri?
Viktor. Məndə yoxdur... amma... (Gülmək istəyir.) Varis tək özüməm, vəssalam.
Solomon. Başqa sözlə desək, nə bacın, nə qardaşın...
Viktor. Qardaşım var.
Solomon. Aha. Siz də onunla yaxşı münasibətlərdəsiniz? Elə düşünməyin, mən sizlərin işinə qarışıram. Bilirsiniz... can deyb can eşidən ailələr görmüşəm ki, valideynlərdən biri ölən kimi o saat bir-birlərinə qarışırlar: bu mənim, o sənin.
Viktor. Bizdə belə deyil.
Solomon. Əgər söhbət bir, ya iki əşyadan getsəydi, birtəhər yola verərdik, amma bütün bunların hamısını sənədsiz...
Viktor. Yaxşı, siz narahat olmayın, mən ondan sənəd alaram.
Solomon. Çətin alasınız. Çünki inanmazsınız, ən yekə adamlar - hüquqşünaslar, professorlar, kinoulduzlar belə qəpik-quruşa dəyməyən hansısa kitab şkafını məhkəmədə udmaq üçün vəkilə beş yüz verməyə hazırdır. Hamısı da ona görə ki, bilirsiniz, heç kim özününkünü əldən buraxmaq istəmir. Demək...
Viktor. Dedim ki, sənədi alıb gətirəcəyəm. (Ətrafı göstərir.) Sözün nədir?
Solomon. Oldu, indi işə keçək. (Yemək stoluna işarə edir.) Bax, siz deyirsiniz ki, bu yemək stolu ispan yakobizmi adlanr. Min iki yüzə, bəlkə də min üç yüzə alınıb, amma iyirmi birinci, yaxud iyirmi ikinci ildə. Elədirmi?
Viktor. Bəlkə də elədir.
Solomon (öskürərək). Görürəm, siz ağıllı adama oxşayırsınız, odur ki, işi davam eləməzdən əvvəl sizə belə bir məsləhətim var: köhnə mebel satanda gərək emosiyalarını cilovlayasan.
Viktor (gülür). Mən heç ağzımı da açmamışam!
Solomon. Sözüm budur ki, siz polis, mən mebel alverçisiyəm. İkimiz də nəyin neçəyə olduğunu bilirik. Odur ki, indi mənim üçün öz vərəmimi başqasına satmaq, sizin ispan yakobizminizi satmaqdan daha asandır.
Viktor. Nə səbəbə? Stol əla vəziyyətdədir.
Solomon. Rəis, siz əslində düz deyirsiniz, amma köhnə mebel haqqında elə danışmaq düz deyil. Üslubu bəyənmədilərsə, vəssalam, iş bitdi. Bəzən bəyənməmək nədir, görəndə dəli olurlar. Eyni sözü həmin o bufet barədə, bu birisi... (Sağı, solu göstərir.)
Viktor. Bu, olmadı, deməli, qiyməti öldürürsünüz. Ya hamısı, ya heç biri. Gəl, söhbəti bitirək. Axı, sizi xəbərdar etdim ki, məndə bütöv bir aləmdir.
Solomon. Hər halda, bu tələskənlik nəyə lazım? Sakit danışsaq, hər şey aydınlaşar. Axı, Roma bir günə tikilməyib, hə? (Yenidən götürmək istədiyi əşyalara baxaraq, bir neçə saniyə fikirli halda haqq-hesab eləyir.) Sonra qalxıb təzədən arfaya toxunur.) Başa düşdünüzmü, nəyi nəzərdə tuturam? Mən qiyməti öldürmürəm, bu cır-cındıra görə sizə elə pullar təşkil edərəm ki...
Viktor. İstisnadır.
Solomon (cəld). İstisnadır?
Viktor. Burda mən mağaza-zad işlətmirəm, əsas da odur ki, evi sökürlər.
Solomon. Lap yaxşı! Demək, biz bir-birimizi anlayacağıq, həm də... (Dostyana təbəssümlə.) əsəbiləşmək lazım deyil. (Plastinkalara tərəf gedir.) Bunları da satırsınız? (Birini götürür.)
Viktor. Ola bilsin, üç-dördünü özümdə saxlayım.
Solomon (adını oxuyaraq). Sən bir fikir ver, Qallaher və Şin!
Viktor (üzündə təbəssüm yaratmaq istəyərək). Siz məgər dinləmək istəyirsiniz?
Solomon. Dinləmək nədir? Mən həmin o Qallaher və Şinlə bəlkə də əlli teatrda bir yerdə olmuşam.
Viktor (təəccüblə). Siz aktyorsunuz?
Solomon. Aktyor? Yox, akrobat. Bizim ailədə hamı akrobat idi. (İlk çıxışda olduğu kimi çiyinlərini qaldırır.) Məgər siz «Beş Solomon» haqqında heç vaxt eşitməmisiniz? Yerləri behişt olsun. Ən aşağıda mən idim.
Viktor. Qəribədir, yəhudilərin akrobatlığı nəsə mənə inanılmaz bir şey kimi görünür.
Solomon. Bəs, İakov? O, pəhləvan deyildimi? Baş mələklə döyüşən o deyildimi?!
Viktor gülür.
Solomon. Yəhudilər dünyanın yaranışından akrobatdırlar. Onda mən dəf kimiydim: içki, qadın, nə istəyir, buyursun. Məni saxlamaqmı olardı?! Amma həyat məni saxladı. Hə, mənim oğlum. (Təxminən məhəbbət hissiylə plastinkanı stolun üstünə qoyur.) Qallaher və Şin bax, belə olub.
Viktor (özü də istəmədən, daha fikirli və yalnız pul barədə danışmağa daha həvəssiz halda). Demək, nə qərara gəldik?
Solomon (yan-yörəsinə nəzər yetirir, sonra Viktora tərəf dönüb zəndlə ona baxır). Deyin görək, bu gün cinayətkarlıqla mübarizədə vəziyyət nə yerdədir? Doğrudanmı, artır?
Viktor. Bəli, hər gün. Qulaq asın, mister Solomon, istəyirəm biləsiniz ki, mən elə də söhbətcil adam deyiləm.
Solomon. Elə?
Viktor. Bəli, elə! Mən pis biznesmenəm və elə də söhbətcil adam deyiləm. Odur ki, qiymətinizi deyin, məsələni çürüdək. Oldu?
Solomon. Demək, siz bizim dostlaşmağımızı istəmirsiniz, hə?
Viktor. Bəli!
Solomon. Demək, biz dost olmayacağıq. (Ah çəkir.) Amma məni daha yaxşı tanımağınız üçün sizə nəsə göstərəcəyəm. (Cibindən dəri üzlüklü şəhadətnamə çıxarıb Viktora uzadır.) Bunu kral donanmasından təxris olunanda mənə veriblər. Görürsünüz? Zati-ailələrinin xidmətində!
Viktor (sənədə baxır). Oho! Siz həmin o Britaniya donanmasında nə işlə məşğul idiniz?
Solomon. Əşi, Britaniya donanmasının məsələyə nə dəxli! Doğum ilinə bax, gör orda nə yazılıb!
Viktor. On səkkizinci... (Heyrətlə Solomona baxır.) Sizin təxminən doxsan yaşınız var?
Solomon. Bəli, mənim oğlum. Mən Rusiyadan altmış beş ildir çıxmışam. Onda mənim iyirmi dörd yaşım vardı. Bütün ömrüm boyu içmişəm də, çəkmişəm də, hər rastıma çıxanla... eləmişəm də. İndi kələk gəlmək mənim harama yaraşar?
Viktor. Nə vaxtdan kələk gəlmək yaraşıq olub?
Solomon. Yox, sizin kimisi hələ mənim rastıma çıxmayıb!
Viktor. Çıxıb, məndən betərləri çıxıb. Nədir, qiyməti deyəcəksiniz, ya...
Solomon (indi o, həqiqətən də təşviş içindədir. Çünki həm Viktoru toruna sala bilmir, həm də hələ ki, olub-qalan körpüləri yandırmaq istəmir). Nə qiymət deyəcəm, siz ki, mənim bir sözümə də inanmırsınız!
Viktor (təkəbbür dolu təbəssümlə). Sizi mən ilk dəfədir görürəm. Hələ bir istəyirsiniz, ilk dəfə gördüyüm adama etibar edim?!
Solomon (ehtiyatla). Sizinlə necə danışıqlar aparım? Siz, əlbəttə, bağışlayın, amma burda polisin iştirakı lazım deyil. Əgər işi görmək istəyirsinizsə, ya inanmalısınız, ya da, ümumiyyətlə, heç nə alınmayacaq... Mən... mən... Yaxşı, bunu yaddan çıxaraq. (Qalxıb əlini portfelə uzadır.)
Viktor (heyrətlə). Sizə nə oldu?
Solomon. Mən belə işləyə bilmirəm. Ağzımı açan kimi mənə oğru deyilməsinə sakitcə durub qulaq asmaq mənlik deyil. Bunun üçün mən çox qocayam.
Viktor. Sizə kim oğru dedi?
Solomon (qapıya tərəf hərəkət edərək). Yox, bu mənə lazım deyil. Mənim mağazamda belə iş görmürlər. (Viktoru hədələyərək.) Mən hətta hələ sizə qiyməti deməmişdən özünüzü belə aparırsınız. Hələ hətta qiyməti deməmişdən!
Viktor (hiddətlə). Nədir, siz mənim boynuma minnət qoymaq üçün bura gəlmisiniz? Ümumiyyətlə, bu nə söhbətdir?
Solomon. Mister, mənim sizə yazığım gəlir. Ah, insanlar, sizlərə axı nə olub? Siz mənim qızımdan da betərsiniz. Dünyada heç nəyə inanmırsınız, heç kəsə hörmət eləmirsiniz... Bu cür necə yaşayırsınız? Elə bilirsiniz, ağıllı hərəkət eləyirsiniz? Özü də elə dəridən-qabıqdan çıxırsınız ki... Sizə balaca bir məsləhətim var: heç nəyə inanmamaq asan işdir, çətini nəyəsə inanmaqdır. Bəli, bu, xeyli çətindir. Amma bunu bacarmasan, mənim əzizim, kitabın bağlandı! (Qapıya tərəf gedir.)
Viktor (zorla da olsa özünü saxlayır). Solomon, qayıdın!
Solomon. Yox, yox. Problem sizin problemdir, amma məni dinləmək belə istəmirsiniz!
Viktor. Mən axı dinləyirəm. Sizi and verirəm, nə istədiyinizi deyin! Nədir, qarşınızda diz çöküm?
Solomon (portfeli qoyub, cibindən əzik santimetr çıxarır). Yaxşı, bura gəlin. İndi başa düşdüm ki, siz iş-güc adamısınız, amma bəzən gülməli işlər də olur. (Santimetrlə şkafın içini ölçür.) Sizcə, burda nə qədər olar? (Dönüb Viktora göstərir.)
Viktor (ona yaxınlaşır). Qırx düym. Nədir ki?
Solomon. Mənim oğlum, odur ki, müasir evlərdə yataq otaqlarının eni otuz düym, uzaqbaşı otuz iki düym olur. Demək, bunu ora soxmaq mümkün deyil.
Viktor. Bəs, köhnə evlərdə?
Solomon (onun ümidsizliyi get-gedə artır). Yalnız onu demək istəyirəm ki, mənim imkanlarım get-gedə azalır.
Viktor. Problem nədədir?
Solomon. Arxitekturada. Qulaq asın. (Üzünü silir. Diqqətini kabinet masası cəlb edir. Ona yaxınlaşır.) Məsələn, burda sizin masanız qoyulub. Samballı, gözəl şeydir. Amma, di gəl görüm, içində kabinet olan müasir mənzil tapa bilirsənmi! Əgər heç olmasa əvvəlki mehmanxanalardan tikilsəydi, onu sata bilərdim, amma axı yalnız müasirləri inşa olunur! İnsanlar daha əvvəlki kimi yaşamırlar. Bu əşya tamam özgə dünyanın məhsuludur. Mən sizə müasir insanın baxışlarını göstərmək istəyirəm. Çünki köhnə mebelin qiyməti birbaşa bu baxışlarla əlaqəlidir. Və əgər siz bunu anlamasanız, onun niyə bu qiymətə olduğunu anlamayacaqsınız.
Viktor. Sizin o baxışlarınıza görə, bütün bunlar dəyər-dəyməzinə satılmalıdır?
Solomon. Bu, sizin sözünüzdür, mən belə bir şey demədim. Stulların dəyəri var, şifonerlər, çarpayı, arfa...
Viktor (dönərək). Yaxşı, getdik. Siz qiymət öldürməkdən əl...
Solomon. Niyə axı bu cür nəticə çıxarırsınız?
Viktor (yenidən ona sarı dönərək). Pərvərdigara, siz bir qymət deyəcəksiniz, ya yox?
Solomon (əlini alnına qoyub kənara çəkilir). Oh, oğlum, oh, oğlum, oh, oğlum... Yəqin siz artıq bir milyon insan həbs etmisiniz.
Viktor. İyirmi səkkiz ildə on doqquz insan.
Solomon. Onda niyə belə üstümə düşmüsünüz?
Viktor. Çünki puldan başqa hər şeydən danışırıq. Mən hələ də başa düşə bilmirəm ki, onda sizin burda nə itiniz azıb?
Solomon (barmağını qaldıraraq). İndi biz puldan danışacağıq. (Gedib kresloda əyləşir.)
Viktor. Çox gözəl. Amma sizin hər sözünüzdən sonra qiymətin düşdüyünə göz şahidliyi elədiyimə görə mən günahkar deyiləm.
Solomon (əyləşdiyi yerdən). Mənim oğlum, bura girdiyim dəqiqədən bu yana qiymət bir qəpik də aşağı düşməyib.
Viktor (gülərək). Lap yaxşı. Demək, neçəyə?
Solomon yan-yörəyə baxır, onun hazırcavablığı öləziyib, sifətində əzgin ifadə əmələ gəlib.
Viktor. Nə oldu? Nədən belə həyəcanlandınız?
Solomon. Üzr istəyirəm, mən gərək gəlməyəydim. Elə bilirdim, burda cəmi bir neçə əşya olacaq, amma... (Barmaqlarıyla gözlərini tutur.) Bu, mənim üçün həddən artıq çoxdur.
Viktor. Bəs, onda niyə gəlmisiniz? Mən axı sizi xəbərdar etdim ki, ev ağzınacan doldudur.
Solomon (etiraz eləyərək). Siz məni çağırdınız, mən də gəldim. Nədir, məgər ölüb qalmaıydım? (Yenidən vəziyyəti dəyişmək istəyir.) Qulaq asın, mən çox istəyirəm ki, bir qiymət deyəm, amma iş burasındadır ki... (Susur. Qorxur ki, ağzından nəsə artıq bir söz çıxar.)
Viktor. Şeytan da baş aça bilməz.
Solomon. Qulaq asın, bu axı mənim üçün lap göydəndüşmədir! Amma... (Sanki yalnız Viktorun onu anlaması üçün danışır.) Qulaq asın, indi mən sizə bütün həqiqəti deyəcəyəm. Mən artıq neçə ildir, mağazamın içini demək olar, bütünlüklə satmışam. Yalnız üstünə odur qoyulması üçün bir neçə İngiltərə dayaqlığı qalıb. Vaxtı gələndə onları da satacağam. Fikirləşdim ki, səksən yaşım var, səksən beş yaşımda vaxtım çatar. Gözlədim, gözlədim, amma heç nə baş vermədi. Mən hətta mənzilimi də dəyişdim, indi bircə plitəsi qalan mağazamda yaşayıram. İndi də heç nə baş vermir. Mənim sağlamlığım yüz faiz yerindədir, yüz faiz olmasa da özümü, tfu-tfu göz dəyməsin, çox yaxşı hiss eləyirəm! Odur ki, ağlımdan keçdi, bəlkə sizdə maraqlı nəsə bir şey oldu. Demirəm ki, qalanlarını satmaq mümkün deyil, amma axı bunun üçün bir il, hətta il yarım gözləmək lazımdır. Mənim üçün də bu xeyli çoxdur. (Özüylə cəng apararaq, yan-yörəyə baxır.) Mənim bədbəxtliyim işimi çox sevməyimdədir. Sevirəm, amma... (Boşalaraq.) Özüm də bilmirəm, sizə necə deyim.
Viktor. Yaxşı, bunu bir kənara qoyaq.
Solomon (qalxaraq). Siz hara belə tələsirsiniz?
Viktor. Oh, siz gah bura, gah da ora!
Solomon. Siz mənim hara getməli olduğumu da bilirsiniz? Özünüz də görürsünüz ki, bu, əlahiddə mebeldir, adi bir alıcıya onu göstərsən dərhal dilxor olacaq.
Viktor. Solomon, siz yenə dediyinizdən əl çəkmirsiniz?
Solomon. Mən ki, sizinlə alver eləmirəm.
Viktor. Qəribədir, niyə axı müştəri dilxor olmalıdır?
Solomon. Başa düşəcək ki, beləsini sındırmaq daha mümkün deyil.
Viktor (artıq öz havasını alaraq). Bəsdir görək, nə qədər olar! Rəhminiz gəlsin!
Solomon. Mənim balam, siz insan psixologiyasına bələd deyilsiniz! Əgər stol sınmırsa, deməli, daha heç nəyi dəyişmək mümkün deyil. Məsələn, götürək elə... (Stola tərəf gəlir.) bu stolu... Qulaq asın. (Zərblə stola vurur.) Onu heç tərpətmək belə mümkün deyil! İnsan belə bir stolun arxasında əyləşəndə nəinki yalnız evli olduğunu hiss eləyir, onu da başa düşür ki, bu evliliyi əbədidir və daha nəyisə dəyişmək mümkün deyil.
Viktor gülür.
Solomon. Gülürsünüz, amma mən sizə vəziyyəti təsvir etdim. Bu gün ən dəbdə olan söz nədir? Dəyişkənlik. Nə qədər çox tullantınız olsa, bir o qədər yaxşıdır. Maşın, mebel, arvad, uşaq - hər şey dəyişilməlidir. Çünki özünüz də görürsünüz ki, bu gün ən əsas iş alış-veriş eləməkdir. Min il əvvəlin insanı bədbəxt idi. Çünki başını soxmağa yer tapmırdı. Odur ki, kilsəyə gedirdi, inqilab eləyirdi, yəni guya nəyləsə başını qatırdı. Bəs siz, bu gün ağır günümüzdə nə edirsiniz? Əlbəttə, alış-veriş eləyirsiniz.
Viktor (gülür). Solomon, siz lap dahisiniz. Amma mən sizi dişimə çəkmişəm, mənlə nömrə keçməyəcək.
Solomon (incik halda). Necə yəni, keçməyəcək? Bilmirəm, vaxtıma nə qədər qalıb, amma sizə bir məsləhət versəm, həddimi aşmış olmaram. Sizin probleminiz ondadır ki, belə cavansınız, amma bunu dərk etmirsiniz...

ARDI VAR

DİGƏR MƏQALƏLƏR