ƏDƏBİ MOZAİKA

“Man Booker Prize” 2014-ün qalibi Riçard Flanaqan oldu

Ədəbiyyat üzrə nüfuzlu “Man Booker Prize” mükafatı Avstraliya yazıçı Riçard Flanaqana verilib. Təşkilat komitəsinin açıqlamasında bildirilib ki, yazıçı bu mükafata “Şimala aparan dar cığır” (“The narrow road to the deep north”) romanına görə layiq görülüb. 

Mükafatlandırma mərasimində çıxış edən tanınmış ingilis filosofu Antoni Qreylinq Flanaqanın romanını “ədəbiyyatın ən mühüm iki mövzusu olan məhəbbət və müharibədən bəhs edən böyük əsər” adlandırıb. 

Mükafatı Uels şahzadəsi Kamilladan alan yazıçı, romanı yazarkən İkinci Dünya müharibəsində həbs olunan atasının xatirələrindən təsirləndiyini deyib: əsər, yapon əsir düşərgəsində avstraliyalı əsgərlərdən bəhs edir. Məhbuslar Myanmarla Tailand arasındakı “ölüm dəmiryolu”nda işləyirlər. 

Flanaqan: “Uşaq olanda atam mənə düşərgədə daşıdığı əsir nömrəsini göstərib, “ölüm dəmiryolu”nun övladıyam demişdi. Mən də bir yazıçıyam, izahı çətin olan mövzuları ifadə etmək bizim öhdəmizə düşür”, – deyib.

 “Man Booker”in rəhbərliyi bu il mükafatın verilməsi qaydalarında dəyişiklik edib. Əvvəllər mükafat yalnız Böyük Britaniya, İrlandiya və İngilis Millətlər Birliyinin üzvü olan ölkələrin vətəndaşlarına verilirdi. Dəyişiklikdən sonra isə əsərin Böyük Britaniya və İrlandiyada nəşr olunması təqdimat üçün kifayət edir. Mükafatın keçən ilki sahibi isə 28 yaşlı Yeni Zelandiya yazıçısı Elanor Katton olub. Qeyd edək ki, mükafatın dəyəri altmış üç min avrodur. 

 

 

Markesin arxivi şöhrətlər kitabxanasında

Nobel mükafatlı yazıçı Qabriel Qarsia Markesin yarımçıq qalan romanının da yer aldığı şəxsi arxivi ABŞ-ın Texas universitetinə satılıb. Ceyms Coys, Heminquey, Folkner və Borxes kimi yazıçıların arxivinin də yer aldığı mərkəz, Markesin ailəsinə ödədiyi məbləği açıqlamayıb. 

Bu ilin aprelində 87 yaşında vəfat edən və Servantesdən sonra ispan dilinin ən önəmli yazıçısı hesab edilən Markesin arxivi Texas universitetinin “Harrly Ronsom Mərkəzi”ndə saxlanılacaq.

Mərkəzin araşdırma kitabxanasında sərgilənəcək arxivdə dünyada 50 milyon tirajla satılan “Yüz ilin tənhalığı”nın orijinal mətnilə yanaşı, Markesin Qrem Qrinə, Milan Kunderaya, Günter Qrassa, Karlos Fuentesə yazdığı məktublar və yazıçının yaxın dostu Fidel Kastro ilə bağlı sənədlər yer alıb.

Təqribən iki min bölmədən ibarət olan arxivdə 40-dan çox fotoalbom, əsərlərini yazdığı “Smith Corona” markalı yazı makinası və 5 kompüterlə yanaşı, yarımçıq qalan “Bir-birimizi avqustda görəcəyik” romanı da var. Ailəsi isə yarımçıq qalan romanın çapı barədə hələ yekun qərara gəlməyib. 

Kolumbiya mədəniyyət naziri Mariana Qarçes, arxivin Texas universitetinə satılmasını ölkəsi üçün böyük itki adlandıraraq, yazıçının ailəsinin arxivlə bağlı onlara müraciət etmədiyini də bildirib.

 

 

Servantes mükafatının  qalibi bəlli oldu

Mükafat bu dəfə katalonyalı yazıçı Xuan Goytisolaya təqdim edilib.
83 yaşlı yazıçı mükafata görə 125 min avro da qazanıb.
Bir sıra beynəlxalq mükafatlara layiq görülən Xuan Goytisola 2008-ci ildə İspaniya Milli Ədəbiyyat Mükafatını da əldə edib. Onun yaradıcılığı çoxşaxəlidir: şeir, hekayə, səyahət romanları, roman, film ssenariləri və s.

Xuan Goytisola əvvəllər ABŞ-ın bir sıra universitetlərində ədəbiyyatdan mühazirələr oxuyub. Yazıçının bəzi kitabları İspaniyanın diktatoru Franko dövründə sen­zuraya məruz qalıb.
Mükafatın təqdimetmə mərasimi böyük ispan yazıçısı Servantesin ölüm tarixi olan 23 apreldə baş tutacaq və həmin gün Xuan Goytisolaya mükafatı İspaniya kralı VI Filipp təqdim edəcək.

1975-ci ildə İspaniya Mədəniyyət Nazirliyi tərəfindən təsis edilən "Servantes mükafatı" ispan ədəbiyyatının ən nüfuzlu ali mükafatı hesab olunur və "İspaniya Nobeli" kimi tanınır.

 

 

Elektron kitab 2018-ci ildə kağız kitabları üstələyəcək

Böyük Britaniyanın beynəlxalq konsaltinq və audit kompaniyası olan “PricewaterhouseCoopers”in araşdırmaçılarının gəldiyi qənatə görə dünyada elektron kitab satışları 2018-ci ildə kağız kitabları geridə qoyaraq, birinci sıraya yüksələcək. 

Mobil cihazların geniş yayılması və tabletlərin bazara girməsi, son illərdə elektron kitab satışını artıraraq daha çox diqqət çəkməyə başlayıb. Hətta elektron kitab satışlarındakı artımın yaratdığı böyük ajiotaj “Steve Jobs”la “Amazon”u elektron kitab bazarında qiymətlərin nizamlanması haqqında razılığa gəlməyə də məcbur edib.

Dünya miqyasında elektron kitab satışı artıq yeni bir mərhələyə qədəm qoyub. ABŞ-da kitab satışından əldə olunan gəlirin 40 faizi elektron kitabların payına düşür. Böyük Britaniyada da nəşriyyatların gəlirlərinin 25 faizi elektron kitabların hesabına formalaşır. 

Hesablamalara görə 2018-ci ildə ABŞ və Böyük Britaniya nəşriyyatlarının qazancının yarısından çoxu elektron kitabdan gələcək. Avropanın aparıcı ölkələ­rindən olan Fransa və İspaniyada da elektron kitabların yüksələrək 20 faiz, Almaniyada isə 10 faiz olacağı gözlənilir.

 


“Qonkur” mükafatına Lidi Salver layiq görülüb 

Fransanın ən nüfuzlu ədəbiyyat mü­ka­fatı hesab olunan “Qonkur” mükafatına bu il “Ağlama” romanına görə Lidi Salver la­yiq görülüb. 

Roman 1936-1939-cu illərdə İspaniyada baş verən vətəndaş müharibəsindən bəhs edir. Faşist diktatoru Frankonun qalib gəlməsindən sonra yazıçının respublikaçı valideynləri 30-cu illərdə Fransaya qaçır. 

Salver də 1948-ci ildə Fransanın Tuluza şəhərində dünyaya gəlib. Tuluza Univer­sitetində tibbi təhsili alıb. İxtisasca psixiatr olsa da, 80-ci illərdən yazıçılıq fəaliyyətinə başlayıb. 

 “Qonkur” mükafatı 1903-cü ildən verilir. Mükafatı Qonkur qardaşları – Edmon de Qonkur və Jül de Qonkur təsis edib. “Qonkur” Akademiyasının üzvləri ənənəvi olaraq Parisin “Druan” kafesində xüsusi təşkil edilən şam yeməyində səsverməylə mükafatın qalibini seçirlər. Mükafat hər yazıçıya bir dəfə verilir. Yalnız Roman Qari mükafatı iki dəfə alıb. Xatırladaq ki, “Qonkur” mükafatının məbləği simvolik olaraq 10 avrodur.  

 


Markes mükafatının qalibi argentinalı Qiermo Martinesdir

Kolumbiyada Qabriel Qarsia Markesin adına təsis olunan mükafatın ilk təqdimetmə mərasimi keçirilib. Kolumbiya prezidenti Xuan Manuel Santos mükafatın təqdimolunma mərasimində iştirak edib və bu mükafatın təsisinin böyük yazıçının layiqli anımı adlandırıb.

Mükafatın qalibi argentinalı yazıçı Qiermo Martines, bu mükafata “İyrənc xoşbəxtlik” adlı hekayələr toplusuna görə layiq görülüb və bu hadisənin əhəmiyyətini vurğulayaraq, mükafatın XXI əsr Latın Amerikası ədəbiyyatında layiqli yeri olacağına ümid etdiyini bildirib.

Qeyd edək ki, Qiermo Martines 1962-ci ildə Argentinanın Bahiya Blanka şəhə­rində anadan olub. O, “Böyük Hell” (1989), “Roderer haqqında” (1993), “Qadın müəllimə” (1998), “Borxes və riyaziyyat” (2003), “Oksford cinayətləri” (2005), “Esseler toplusu” (2009) kitablarının müəllifidir.

 2013-cü ildə ispandilli ölkələrdə çap edilən 123 əsərin təqdim edildiyi müsabiqənin finalçıları isə argentinalı Karolina Bruk, meksikalı Ektor Manxares, ispan Oskar Sipan və çilili Alexandro Sambra olub.

 

 

“Russkiy Buker” mükafatını Vladimir Şarov qazandı

“Russkiy Buker” mükafatının 23-cü laureatı yazıçı Vladimir Şarov olub. Bu müküfatı o, “Misirə qayıdış” romanına görə alıb. 1,5 milyon rus rublu olan bu mükafat dekabrın 5-də Moskvada “Qızıl üzük” mehmanxanasında təqdim edilib. “Russkiy Buker”in finalçıları arasında Viktor Remizov, Zaxar Prilepin, Anatoli Vişnevski, Natalya Qromova və Yelena Skulskaya da var. Onlara isə 150 min rubl dəyərində həvəsləndirici pul mükafatı təqdim edilib.

Vladimir Şarov “Misirə qayıdış” romanı üzərində 5 ildən artıq işləyib. Roman ilk dəfə 2013-cü ildə “Znamya” jurnalında dərc olunub. 2014-cü ildə isə AST nəşriyyatında kitab kimi nəşr edilib.

Vladimir Şarov 1952-ci ildə anadan olub, 1977-ci ildə Voronej dövlət universitetinin tarix fakültəsini bitirib. 

Ədəbiyyata poeziya ilə gələn Şarovun şeirləri ilk dəfə 1979-cu ildə “Novıy mir” jurnalında çap olunub. Onun ilk romanı “Addımbaaddım: bir nəslin xronikası fikirlərdə, şərhlərdə və əsas tarixlərdə” 1991-ci ildə “Ural” jurnalında dərc olunub. Bundan başqa, Şarov “Vaxtından əvvəl və vaxtında”, “Məşqlər”, “Qarımış qız”, “Lazarın dirilməsi” romanlarının da müəllifidir.

DİGƏR MƏQALƏLƏR