SƏHNƏ ƏDƏBİYYATI
Aleksandr Mardan

Tanınmış dramaturq Aleksandr Mardan 1956-cı ildə Vladivostokda anadan olub. Yaradıcılığa başlayana qədər ali təhsilli mühəndis kimi teatrdan tamamilə uzaq sahələrdə çalışaraq, sanki səhnə həyatı verəcək insanlarla bərabər həyat təcrübəsi keçib.
Bu gün Mardanın pyesləri Ufadan tutmuş, Nyu-Yorka qədər dünyanın müxtəlif teatr­larında tamaşaya qoyulur. Əsərlərində daha çox absurd elementlərinə üstünlük verən müəllif oxuculara təqdim etdiyimiz "Müqəddəs Valentin gecəsi" pyesində də üslubuna sadiq qalır.

 

MÜQƏDDƏS VALENTİN GECƏSİ

(İki hissəli pyes)

Orijinaldan tərcümə:  Yaşar

 

BİRİNCİ HİSSƏ

 

Hadisə 14 fevralın axşam saatlarında  vaqe olur.

Səhnə qaranlıqdı.

Müəllifin səsi eşidilir:

“Meşəkənarı” adında bağlıq qəsəbə bu yaxınlarda salınıb. Şam meşəsinin yaxın­lı­ğında dörd bir yanı çəmənliklə dövrələnmiş evlər ucalıb.

14 fevralın axşamı. Ay bədirlənib. Az əvvəl qar yağıb. Qar şam ağaclarının budaqlarında və  üstü biçilmiş kolların üstündə qalıb. Budaqlar öz kölgələriylə qarda sirli-sehrli mənzərə yaradır. Küçənin tək rəqəmli hissəsindəki ən hündür evə bir maşın yaxınlaşır.

Maşından ilk düşən kişi qadının düş­məyinə kömək edir. Onlar qardan təmizlənmiş yolla evlərinə tərəf gedirlər. Kişi qapını açır. Pəncərələr işıqlanır.

 

***

İşıq yanır. Səhnədə bağ evinin geniş qonaq otağı görünür. Mebel köhnə əyyamları хatırladır: pianino, kamin, kaminin  qarşısında xalça. Qonaq otağının ortasında balaca stol var. Evin sahibi qadınla otağa daxil olur. O, qadına xəz paltosunu soyunmağa kömək edir, sonra da öz  kürkünü çıxarır. Qadın özünə baxan qadınlardandı – gözəldi, zövqlə geyinib. Evin sahibi pencək və qara qolf şalvardadır.

 

S a h i b: … Nağıl gərək gözəl sonluqla bitsin. Yatmış şahzadə oyanıb görəcək ki, meşədə qarçiçəkləri  baş qaldırıb.

Q a d ı n: Bəlkə çiçəkləmədi?

S a h i b: Çiçəkləyər, çiçəkləyər! Pulu çatıb!

Q a d ı n: Pulu çatıb? Bu ki lap postmodernizm oldu.

S a h i b: Postmodernizm, şahzadə, Zoluşka paltar yumaqdan qazandığı pulla yaşayanda olur. Bizdə isə klassikadı. Ən azı modern. Keçin, əyləşin…

 

Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 2/2014 nömrəsində çap olunub

DİGƏR MƏQALƏLƏR