ROMAN
Ernesto Sabato

Tanınmış Argentina yazıçısı Ernesto Sabatonun (1911-2011) ilk kitabı esselər məcmuəsindən ibarət olsa da, 1948-ci ildə işıq üzü görən “Tunel” romanı artıq onu bir yazıçı kimi tanıtdırıb. Alber Kamyunun əsər haqqında dediyi xoş sözlərdən sonra roman dərhal onlarla dilə tərcümə olunub. 1961-ci ildə çap olunan “Qəhrəmanlar və məzarlar” romanı isə XX əsrin ən yaxşı romanlarından sayılır.

Sabato XX əsrin nəhəng yazıçılarından olan Kortasar, Borxes, Qabriel Qarsia Markes və Jorji Amadu ilə birlikdə “magik realizm”in əsasını qoyanlardan hesab olu­nur.

Ernesto Sabato “Mediçi” (İtaliya, 1977), “Migel de Servantes” (İspaniya, 1984),  “Yerusəlim” (İsrail, 1989) mükafatlarına layiq görülüb.

 

TUNEL
Tərcümə: Saday Budaqlı

XIX

Əgər Mariya Alyendeyə ərə gedibsə, yəqin, haçansa bu adama qarşı laqeyd olmayıb. Etiraf edim ki, "Alyende problemi", onu belə adlandırıram, hər şeydən çox mənə rahatlıq vermirdi. Müəmma çox idi, ancaq mən xüsusən ikisini bilmək istəyirdim: onu nə vaxtsa sevibmi? Və yenə də sevirmi? Bu suallara ayrı-ayrılıqda cavab vermək olmazdı və onlardan başqa suallar doğurdu: əgər Alyendeni sevmirsə, onda sevgilisi kimdi? Mən? Xanter? Ya gizli həmsöhbətlərindən biri? Bəlkə, hərdən kişilərdə olduğu kimi, onun da eyni vaxtda bir neçə məşuqu var? Ya bəlkə, heç kimi sevmir, biz təcrübəsizləri, sadəlövhləri asanca inandırır ki, o, yeganədi, qalanları isə vur-tut kölgələrdi və onlarla münasibət ciddi deyil?
Bir dəfə "Alyende problemi"ni özümçün aydınlaşdırmaq istədim. Mariyadan soruşdum ki, niyə ona ərə gedib?
- Mən onu sevirdim, - cavab verdi.
- Demək, indi onu sevmirsən?
- Mən demədim ki, daha sevmirəm, - etiraz elədi.
- Sən "sevirəm" yox, "sevirdim" dedin.
- Sən həmişə sözü qurdalayıb, içindən nəsə çıxarırsan, - Mariya hirsləndi. - Dedim, onu sevdiyimə görə ərə getmişəm, bundan elə çıxmır ki, daha sevmirəm.
- Demək, Alyendeni sevirsən, - tezcə dedim. Guya əvvəlki dindirmələrdə yalan ifadə verdiyini ifşa eləmək istəyirdim.
O susub, qaşqabağını salladı.
- Cavab verməyin nə mənası? Belə söhbətlər aramızda onsuz da çox olub.
- Ancaq bugünkü söhbət tamam ayrıdı. Mən soruşdum ki, Alyendeni hələ də sevirsənmi, sən də "hə" dedin. Yeri gəlmiş­kən, yadıma gəlir, bir dəfə limanda dedin ki, guya mən sənin sevdiyin ilk adamam.
Mariya yenə susdu. Onun fikrini tez-tez dəyişməyi, bir də konkret bir sözü ondan kəlbətinlə qoparmağım məni həmişə əsəbiləşdirirdi.
- Buna nə deyirsən? - təkidlə soruşdum.
- Müxtəlif cür sevmək olar, - bezmiş halda cavab verdi. - Axı sən başa düşürsən ki, mən indi Alyendeni evləndiyimiz vaxtdakı sevgiylə sevə bilmərəm.
- Hansı sevgiylə?
- Hansı? Mənim nə demək istədiyimi gözəl bilirsən.
- Təsəvvürüm belə yoxdu.
- Bu barədə sənə dəfələrlə demişəm.
- Demisən, ancaq heç vaxt izah elə­mə­misən.
- "İzah eləməmisən!" - hirslə qışqırdı. - Özün həmişə deyirsən: elə şeylər var ki, izaha ehtiyacı yoxdu, indisə istəyirsən belə dolaşıq məsələdən baş çıxarım. Dəfələrlə demişəm ki, Alyende ilə yaxın dostuq, onu qardaş kimi sevirəm, qayğısına qalıram, onun ağlının itiliyinə heyranam, hər cəhətdən məndən qat-qat yüksək olduğuna inanıram. Onun yanında özümü çox əhəmiyyətsiz və günahkar hiss eləyirəm. Onu sevmədiyimi sən necə ağlına gətirə bilərsən?
- Onu sevmədiyini demədim. Sən dedin ki, onu daha əvvəlki kimi sevmirsən. Deməli, onu əvvəllər, sənin sözlərinə görə, indi məni sevdiyin kimi sevmisən. Ancaq bir neçə gün əvvəl limanda dedin ki, sənin həqiqi mənada sevdiyin ilk adamam.
Mariya pis-pis mənə baxdı.
- Yaxşı, bu ziddiyyətləri bir kənara qoyaq, - sözümə davam elədim, - qayıdaq Alyendeyə. Deyirsən, onu qardaş kimi sevirsən. Onda mənim bir sualıma cavab ver: onunla yatırsan?
Mariya qüssəylə mənə baxdı. Bir az susandan sonra zəif səslə soruşdu:
- Bu suala da cavab verməyim vacibdi?
- Çox vacibdi! - hökmlə dedim.
- Dəhşətdi ki, məni belə sorğu-suala tutmağı özünə rəva görürsən!
- Axı bu çox sadədi: ya hə de, ya yox.
- Sən düşündüyün qədər də sadə deyil. Bəzən məğzinə varmadan nəsə eləmək olur.
- Çox gözəl, - soyuq tərzdə dedim. - Deməli, hə.
- Hə.
- Deməli, onu istəyirsən.
Gözümü qəsdən ondan çəkmədən dedim, çünki belədə nəsə bir nəticə çıxarmaq asandı. Əlbəttə, Alyendeyə olan ehtirasının həqiqiliyinə inanmırdım (intəhası, Mariya temperamentdə adamdan nə desən gözləmək olardı), ancaq məcbur eləmək istəyirdim "qardaş sevgisi" deyəndə nəyi nəzərdə tutduğunu izah eləsin. Düşündüyüm kimi, Mariya cavabı ləngidirdi. Təbii ki, söz axtarırdı. Nəhayət, dilləndi:
- Onunla yatdığımı dedim, onu istədiyimi demədim.
- Aha! - qalib gəlmiş kimi bərkdən dedim, - deməli, ona laqeyd olsan da, onunla yatırsan, ancaq bununla belə, onu bunun əksinə inandırmağa çalışırsan!
Mariya donub qaldı. Sifətindən göz yaşları süzüldü. Gözləri çatlamış şüşə kimi sanki torla örtüldü.
- Mən bunu deməmişəm, - o pıçıldadı.
- Bir şey aydındı, - ona acımadan sözümə davam elədim, - əgər sən göstərsən ki, heç nə hiss eləmirsən, bu, səninçün əziyyətdi, vur-tut mehribanlığına, ağlına və başqa şeylərə görə onunla yaxınlıq eləyirsən, - Alyende səninlə bir də heç vaxt yatağa girməz. Başqa sözlə desək, əgər o özünü əvvəlki kimi aparırsa, deməli, sən təkcə öz sevgini yox, hisslərini də imitasiya eləyə bilirsən. Həzz aldığını yalandan göstərməyi də gözəl bacarırsan.
Mariya döşəməyə baxa-baxa dinməzcə ağlayırdı.
- Sən dəhşətli dərəcədə qəddarsan, - nəhayət, dilləndi.
- İndi iltifat göstərməyin yeri deyil, məni işin mahiyyəti maraqlandırır. Mahiyyət də ondan ibarətdi ki, sən uzun illərdi təkcə sevgini yox, hisslərini də imitasiya eləməklə ərini aldatmağı bacarmısan. Adi bir məktəbli də bundan nəticə çıxara bilər: bəs məni niyə aldatmayasan? Səndəki dəyişikliklərin səmimiliyinə niyə şübhə elədiyimi indi başa düşürsən. Otelloya xəbərdarlıq eləyən Dezdemonanın atasını həmişə xatırlayıram: atasını aldadan qadın istənilən kişini də aldada bilər. Uzun illər ərzində Alyendeni aldatmağın heç cür başımdan çıxmır.
Birdən qəddarlığın lap son həddinə çatmaq istədim və öz sözlərimin kobudluğunu, iyrəncliyini bütün çılpaqlığıyla anlasam da, əlavə elədim:
- Kor adamı aldadırsan.

 

Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 2/2014 nömrəsində çap olunub

DİGƏR MƏQALƏLƏR