KLASSİK HEKAYƏLƏR
Kamilo Xose Sela

İspaniya Kral Akademiyasının üzvü (1957), ədəbi yaradıcılığı 1989-cu ildə Nobel mükafatına layiq görülmüş ispan yazıçısı Kamilo Xose Sela (1916-2002) XX əsr dünya ədəbiyyatında xüsusi çəkiyə malik “Arı yuvası” və “Paskual Duartenin ailəsi” romanlarının müəllifi kimi məşhurdur. Görkəmli sənətkarın bu iki əsəri ispan ədəbiyyatını yeniləyən romanlar sayılır. 

Senzura yazıçının ilk romanına qadağa qoyduğundan “Paskual Duartenin ailəsi” kiçik tirajla Argentinada çap olunmuşdu. Lakin roman çox qısa müddətdə böyük populyarlıq qazandı. Müharibədən sonrakı nəsil bu kitabı “həyat dərsliyi” kimi mütaliə edirdi. Tək bircə faktı qeyd etmək yetər ki, artıq ispan ədəbiyyatının klassik əsərləri sırasına daxil edilmiş “Paskual Duartenin ailəsi” ayrı-ayrı ölkələrdə yüz otuz dəfə (öz ölkəsində səksən dəfədən artıq!) nəşr edilməklə bu günə qədər İspaniyada əcnəbi dillərə tərcümə olunmuş kitabların siyahısında birincidir. 

Ümid edirik ki, yaxın vaxtlarda Kamilo Xose Selanın dünya şöhrətli romanları doğma dilimizə də çevriləcək. Hələliksə, yazıçının bir hekayəsini “Xəzər”in oxucularına təqdim edirik. 

 

BLANŞAR KÜÇƏSİNDƏ SİRLİ QƏTL

(hekayə)


Tərcümə: Mahir N. Qarayev

 

Taxta qıçından canlı şam ağacıtək sarımtıl və bulanıq qatran süzülən Joaken Bonom içəri keçib, arxasınca qapını çəkdi.

– Bir şey tapdın?

– Yox.

Şüşə gözündən qabaqlar olduğu kimi sarımtıl və bulanıq maye süzülən arvadı Mençu Agirresabala əməlli-başlı hirsləndi; arvadın gözünü doğmaca qardaşı Fermin hələ Bordoda ispanka epidemiyasının tüğyan elədiyi günlərdə vurub çıxartmışdı

 

Qış mövsümləri Tuluzanı büsbütün qaramat basır. Hava tez qaraldığından qaz fənərləri elə axşamdanca yandırılır; uzaq­lardan atılmış uşaqların zığıltısını andıran şarmanka səsləri gəlir; kafelərin pəncərəsinə qırçınlı pərdələr çəkilir; zirək qadınlarsa artıq heç nəyə yaramayan köhnə-kürüş məişət əşyalarını toplamaqçün dəridən-qabıqdan çıxırlar. Bir daha xatırladaq ki, Tuluza çox kədərli, çox cansıxıcı yerdi; belə yerlərdə isə, aydın məsələdir ki, adamın fikri də dağınıq olur – bir də gördün basıb əzdilər.

Joaken Bonom xeyli peşə dəyişmişdi: şaxtaçı, qrimçi, aptek firmasının ticarət agenti, piyada qoşunu serjantı, monarxist, bank quluqçusu, vergiyığan, hətta Arkaşonada jandarm da işləmişdi. İşləyib bir neçə min frank yığandan sonra belə qərara gəlmişdi ki, evlənsin. Amma qərar verməzdən qabaq yaxşı-yaxşı fikirləşmişdi (kəbin ciddi məsələdir!), xeyli düşünüb-daşınmışdı, öz ağlına çox da bel bağlamayıb, hətta özgələrlə də məsləhətləşmişdi. Və yalnız bundan sonra, el arasında deyildiyi kimi, şeytanın qıçını qırmışdı. 

Xalis ifritə olan Mençu çox yöndəmsiz, yekəpər, yekəburun, keçəl, qırmızısifət bir arvaddı, həm də elə müzürdü ki, hətta bir dəfə öz doğmaca qardaşı (əsla ifritəyə-filana bənzəməyən!) Fermin hirsindən onun bir gözünü vurub tökmüşdü.  

Ağıllarına həmişə səfeh şeylər gətirən mənzil sahibləri axır vaxtlar Ferminin uşaqbazlığından şübhələnib, onu gözümçıxdıya salmışdılar, cahıl oğlan da bu dedi-qoduların ucbatından axırda Aspetiyanı tərk etməyə məcbur olmuşdu. O vaxt Ferminin on doqquz yaşı vardı. İki il keçəndən, bacısının gözünü tökəndən sonra isə Bordodakı balaca “Müzett” yemək­xanasında məşhur bir aktrisanı təqlid etmişdi. Fermin həmişə xarici araq içir, “L'amouret le printemps”1 mahnısını zümzümə edir, qaşlarını da aldırırdı.   

Ömrü boyu heç bir bəd təsadüfdən gileylənməyən Joaken ayağını toydan az sonra, çox səfeh şəkildə itirmişdi – Bayonnadan gedərkən qatarın altına düşmüşdü. Düzdür, Joaken and-aman eləyirdi ki, guya qatarın altına onu arvadı itələyib salıb, amma çox güman ki, elə özü yıxılmışdı, çünki həmin gün bərk kefliydi. Hər necə olsa, o gündən Joaken ayaqsız qaldı və şam ağacından protez ayaq hazırlanana qədər yazıq az əziyyət çəkmədi.

Arvadını Joaken lap hamının gözü qabağında da günahkar çıxarırdı və tamamilə gözlənilən idi ki, nə vaxtsa dalından təpik ilişdirib biryolluq evdən qovsun. Təpik məsələsini xəyalında çox düşünmüşdü, di gəl, bu işin onu ciddi narahat edən bir əmması vardı – qorxurdu ki, təpik elə xam xəyal olaraq qalsın. “Bu nə kişilikdir axı, – yazıq heç cür toxtamaq bilmirdi, – arvada təpik ilişdirmək üçün gərək yanında həmişə bir cüt stul hərləyəsən!..”    

Mençu ərinin şikəstliyini lağa qoyub, kişini açıq-aşkar ələ salırdı, Joaken isə arvadını qarğıya-qarğıya axırda hirsindən hətta ayağının ağrısını da unudurdu. Özü də o ayaq ki, olsa-olsa, aparıb zibilliyə tullamışdılar. Bu neçə vaxtda Joaken nə illah eləsə də, ha cəhd göstərsə də, ayağının hara yox olduğunu öyrənə bilmədi.

– Axı onu neylədilər?

Zibillikdə bir parça ətə göz yummaq göründüyü qədər də asan məsələ deyil – Fransa mədəni ölkədir, ola bilsin jandarmlar ayağı tapıb, xəstə bir tifil kimi əskiyə bükərək prefekturaya aparmışdılar. Komissar da dişqurdalayanı ağzından çıxarıb, xidməti kürsünün kəlləçarxında qərar tutan mötəbər zatlara məxsus bir təbəssümlə tələsmədən bığlarını tumarlamış, sonra masanın siyirməsindən lupanı götürüb (lupada isə napnazik tük belə məftil yoğunluğunda görsənir!) gəmi kimi qaltaq, ev qulluqçuları kimi burunlarını hər yerə soxmağı xoşlayan jandarmlarına üz tutaraq mənalı-mənalı demişdi:

– Aydındır, uşaqlar, aydındır…

Jandarmlar isə, heç şübhəsiz, bu etimaddan xoşallanaraq bir-birinin üzünə baxmışdılar. Dəhşət! Bəzi fikirlər sadiq tulalar kimi əl-ayağımıza dolaşıb bizdən əl çəkmir, bəzi fikirlər də əcaib kabuslar kimi canımıza daraşıb bizə olmazın əzab verirlər. Belə şeylərin dərinliyinə varanda adam özünü istər-istəməz narahat hiss edir.

 

 

Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 2/2014 nömrəsində çap olunub

DİGƏR MƏQALƏLƏR