ƏDƏBİ DƏYƏRLƏR
Lermontov 200

MİXAİL YURYEVİÇ LERMONTOV - 200


Böyük rus şairi Lermontov…

Bu il cəmi 27 il ömür sürmüş bu “həmişəcavan” şairin doğulduğu gündən nə az-nə çox düz 200 il vaxt ötür. Bu dünyada vur-tut 27 il ömür sürüb, əvəzində 200 il yaddan çıxmamaq böyük hünərdir; axı Tanrı insana necə bir istedad bəxş etməlidir ki, onun sayəsində bu qədər yaşamağı bacarasan?!

Amma o heç yaşadımı? 

Bircə göz qırpımı çəkən bunca qısa zamanda onun yazdıqlarına nəzər salanda adamı heyrət bürüyür – o, dünyaya yaşamaq üçün deyil, sanki yazıb-yaratmaq üçün gəlmişdi... 

1837-ci ildə Puşkinin dueldə öldürülməsindən təsirlənərək “Şairin ölümü” adlı şeir yazmış və nə yazıqlar ki, dönəmin o vaxtkı çar üsul-idarəsi şairin ölümündə əli olanları deyil, şeirdəki suçlamaları onlara atılmış böhtan kimi əsaslandıraraq şairi “işlətdiyi cinayətə” görə Qafqaza sürgün etmişlər. 1937-ci ildə sürgündən sağ-salamat qayıdan Lermontov Peterburqa dönərək, bir-birinin ardınca dərc etdirdiyi şeirləriylə o dövrün ədəbi mühitində geniş rezonans doğurmuş və sənət adamları tərəfindən “Puşkinin sələfi” kimi dəyərləndirilmişdir.

1840-cı ildə Fransanın Rusiyadakı səfirinin oğluyla qatıldığı duelə görə yenidən “suçlanmış” və “işlətdiyi cinayət”i bəhanə gətirərək onu Peterburqdan uzaqlaşdıraraq, yenidən Qafqaza sürgün etmişlər.

1841-ci ildə sürgündə özünü “yaxşı apardığına görə” təkrar Rusiyaya – Peterburqa dönməyə icazə verilir. Amma yolda xəstələnərək Pyatiqorsk şəhərində bir müddət müalicə alır və elə həmin şəhərdə 1841-ci ilin 27 noyabrında fransız əsgəri Martınovla qarşılaşdığı dueldə öz  sələfi Puşkin kimi “öldürülməsi” Rusiyada dərin bir üzüntüyə səbəb olur.

27 yaşında gülləyə tuş gəlməsəydi, hələ nələr… nələr… yarada bilərdi!..

Amma iki yüz ili arxada qoyub, əsrlərin o üzündən bu günümüzə gəlib çıxmış bircə sözü də köhnəlməyən, bircə ləçəyi də solmayan gül ətirli şeirlərin canlı nəfəsini duyunca, bir daha əmin olursan ki, “o adda, o nişanda, o gözəl gənc cahanda olmayıb”, yox… olub və ən azı, 200 il sonra da olacaq.

Bu il böyük rus şairinin doğulduğu gündən 200 il, Qafqaza, o cümlədən Azərbaycana gəlişindən 177 il, şeirlərinin dilimizə çevrilməsindən isə ən azı 100 il ötür.

Elə bilirik ki, “Xəzər”in oxucularına təqdim olunan bu tərcümələr, böyük şairimiz  Vaqif Bayatlı Odərin Lermontova həsr etdiyi şeir, ona Axundovla başlanan böyük Azərbaycan sevgisinin davamıdır.

  
VƏTƏN 

Abbas Səhhətin tərcüməsi (1912)

Mən sevirəm vətənimi, amma qəribə sevmək,
Ağlım çatmaz təyin edəm o eşqimin payəsin.
Nə qan töküb qazanılmış şöhrətinə güvənmək,
Nə kibr ilə dolu olan etibarın sayəsin.
Nə qaranlıq, mübhəm, qədim rəvayətin istərəm,
Bu şeylərin heç birisi xatirimi şad etməz.
Çox sevirəm.
– Nədən ötrü?
Mən özüm də bilmirəm.
Onun sərin yaylaqların, könül necə yad etməz.
Qalın, gözəl meşələrin, dərya kimi çayların,
Arabaya minib gündüz çaparaq yol getməyi,
Tikiş tikən anaların ləzzətli laylayların,
Kəndin titrək odlarına gecə nəzər etməyi.
Od vurulmuş küləşlərin göyə çıxan tüstüsün, 
Qışlaqlardan yaylaqlara köçüb gedən elləri.
Dərzlərlə dolu olan xırmanların istisin,
Axşam çağı yavaş-yavaş əsən sərin yelləri.
Mən görürəm küləş ilə örtülmüş bir qazmanı,
Arxasında kotan ilə sürülmüş bir yamacı.
O ətrafda xeyli tanış olmadığım insanı,
O təpənin lap başında bir cüt yaşıl ağacı.
Nə vəqt ki, kəndimizdə olur bayram axşamı,
Bir hampanın doqqazına gəlib cəm olur hamı.
Çox sevirəm cavanların gülüb danışmaqların,
Bir-birilə xırda uşaqların oynaşmaqların.
  

YELKƏN

Hüseyn Arifin tərcüməsi (1977)

Mavi dənizdəki dumanlıqlarda 
Bir yelkən ağarır, bir qərib yelkən...
Nədir aradığı uzaq diyarda?
Niyə didərgindir öz ölkəsindən?
Ləpələr oynayır, külək açıb dil,
Dönür dor ağacı, yaman kökdədir.
Əfsus, o, səadət eşqində deyil,
Nə də səadətdən qaçıb yan gedir.
Altında şəfəqdən işıqlı zolaq,
Üstündə günəşdən qızıl naxışlar.
Fırtına axtarır, fırtına ancaq
Guya fırtınada bir rahatlıq var.
  

QAFQAZ 

Eyvaz Borçalının tərcüməsi

Ömrün sülh çağında bu çərxi-fələk
Məni ayırdısa, a dağlar, sizdən,
Ömürlük bəs imiş bircə yol görmək;
Odur ki, yurdumun nəğmələritək
Sevirəm Qafqazı mən.
İtirdim anamı lap körpəlikdə;
Çöldə qürub vaxtı sanıram hərdən,
Səsini əks edir dağlar o yerdən;
Könlüm həyan tapır qayalı dikdə;
Sevirəm Qafqazı mən.
Ötən xoş günlərim sovuşdu yeltək,
Beş ilim çay kimi axdı dərədən.
İlahi gözləri sizdə görəndən
Çırpınır hələ də sinəmdə ürək:
Sevirəm Qafqazı mən.
  
 
DİLƏNÇİ 

Nəzir Əhmədlinin tərcüməsi

Monastır yanında durmuşdu tində
Yeməksiz, içməksiz quru bir bədən.
Bu müqəddəs yerdə, əzab içində
Sədəqə umurdu gəlib-gedəndən.
Bir parça çörəkçün gözündə kədər
Yazıq əl açırdı ona, gah buna.
Bir də gördüm, yoldan keçən bir nəfər
Yastı bir daş qoydu onun ovcuna.
Səndən sevgi umdum beləcə mən də,
Ağladım, yalvardım, “açdım ovcumu”.
“Daşla” əvəzlədin “çörəyi” sən də,
Ömürlük məhv etdin ən saf duyğumu.
  
VƏSİYYƏT 

Mahir N.Qarayevin tərcüməsi

Gəl əyləşək, qardaşım, 
Gəl dərdləşək bir qədər: 
Mən ömrümü yaşadım, 
Lap az qalıb deyirlər! 
Evə gedirsən, ancaq 
Nə deyim... bir sözüm yox; 
Mənə canı yanacaq 
Orda bircə kəsim yox. 
İşdir, əgər bir adam 
Gəlsə, soruşsa məni... 
De ki, yaralanmışam, 
Güllə dəlib sinəmi; 
Qurban getmişəm çara, 
Həkimlər də xamdı de; 
Bir də doğma diyara 
Məndən çoxlu salam de. 
İnanmıram indiyə 
Atam, anam sağ olsun... 
Sağ olsalar da, niyə 
Dərdim təzə dağ olsun; 
De ki, işdə-gücdədir, 
Çox tənbəldir yazmağa, 
Alay da yürüşdədir –
Gözləməsinlər daha... 
Bir də qonşu qız... ancaq 
Biz ayrılan nə vaxtdır!.. 
Məni soruşmayacaq, 
Yox, gözləmə, nahaqdır... 
Sən danış, qoy dinləsin,
Boş qəlbə yanmayasan; 
Qoy ağlasın, inləsin... 
Nə var ki, bundan asan! 
  
VAQİF BAYATLI ODƏR

ÖLÜMÜNDƏN SONRA BAŞLAR ŞAİR ÖMRÜ 

Noldu birdən-birə, Mixail Yuryeviç,
İndicə gülürdünüz?!
İndi qəbir tüfəng lüləsitək dar,
Xam xəyal!
Elə bilirdiniz hamının Allahı var?!
Mərdlik – dünənin uşağı.
Qatillər – dünyanın yaşıdı,
Diz çökün, diz çökün, 
cənab Martınovlar!
Bir şair də söndü – 
Sevdalar yaşılı, ocaq kösöyü,
Üstündə Allahı, üstündə göyü.
Diz çökün, diz çökün, 
cənab Martınovlar!
Fələyin zülmü çox,
Allahın mərhəməti!
Diz çökün!
Kimin günahı var, kimin ahı var,
Dünyanın nə qədər pis sabahı var
Hamsına, hamsına şairlər bayıs
Cənab Martınovlar!
Güllələyin şairləri, sonra diz çökün!
Alın yazısına, qara günə də,
bazarda soğanın qiymətinə də,
bir bəhanə gərək, bir bayıs gərək.
Hamısına, hamısına şairlər bayıs,
Cənab Martınovlar!
Güllələyin şairləri, sonra da diz çökün!
Güllələyin kar qulaqları oxşamayan 
                                            təzə sözü.
Ölü damarlara sığmayan 
                                             təzə qanı!
Güllələyin Nerudanı, Lorkanı,
Güllələyin lirikanı,
Güllələyib güllələnmək əsridi.
Koroğlu zəncirdə, Qıratı darda,
Dəlləklər gəzirlər karetalarda.
İndi ağlayanlar güləcək gorda,
Gorda ağlayanlar güləcək harda?!
Şairlər ölürlər yaz yağışından,
Arvad qarğışından, qız baxışından.
Dünyanın tələsik yır-yığışından 
Günahlı, günahsız şairlər köçür.
Onsuz da öləcəklər, geci-tezi var,
Güllələyin şairləri, cənab 
                                Martınovlar!
Qəbiristanlıqlar ölüyə həsrət!
Dəlixanalar dəliyə həsrət!
Ancaq tövbə gecəsi 
yaralı Puşkinin ayaqlarından öpməyə 
                        yüyürsün Dantes,
ona çatar-çatmaz 
qəfil yox olan,
şairin yerindən qalxan 
                           bir məbəd qapısında 
səhərəcən böyürsün Dantes;
Sonra yol verməsinlər mələklər,
yol verməsinlər cənab Martınova 
yıxılan Lermontovu qucaqlamağa. 
  
Hazırladı: Əlisəmid Kür
  

DİGƏR MƏQALƏLƏR