TÜRK QARDAŞLARIMIZ
Nərmin Ərbil

İraq türkmən şeİrİnİn solmayan çİçəyİ...

Onu  hər yerdə, mübaliğəsiz, bax elə beləcə adlandırırlar.

İraq Türk (türkmən) ədəbiyyatının ünlü qadın şairlərindən olan, min illərdi türklüyün əyilməyən elm və irfan qalası  sayılan, ata-baba ocağı Ərbili özünə soyad götürən Nəsrin Ağa Ərbil 1939-cu ilin 29 sentyabrında İraqın qədim türkmən şəhəri olan Ərbildə doğuldu. 

Atası Ataullah Ağa Rəşid bəy Ərbilin sayılıb-seçilən sülaləsindən, anası Xeyriyyə xanım isə Kərkükün tanınmış Sarıkəhya ailəsinə mənsub İzzət Paşanın (1920-ci illərdə İraqın ilk Təhsil və səhiyyə naziri) qızıdır. 

 Atası və qardaşları dövrünün tanınmış ədib və şairlərindən olan Nəsrin xanım, hələ kiçik yaşlarından ailə kitabxanasında bilgilərini artırmış, poeziya və rəssamlıqla maraqlanmış və yaxın çevrəsində formalaşan ədəbi ortamda, xüsusən türk  və ərəb dilində yaşadığı dönəmin ünlü şairlərindən olan atası Rəşid bəyin isti misralarına qızınaraq ilk qələm təcrübələrini yazmağa başlamışdır. Sonralar Türk şeirinin Məhməd Akif Ərsoy, Tofiq Fikrət, Yahya Kamal Bayatlı, Cahid Sıtqı Tarançı və Orxan Vəli Qanıq...  kimi üslub və forma baxımından bir-birindən fərqli məktəblərə məxsus şairlərin yaradıcılığıyla tanış olaraq onlardan təsirləndi. Ana dili türkcədən başqa bir sıra dil kurslarına gedərək ərəbcə, ingiliscə və almancanı öyrəndi. 1956-cı ildə Amerikada “Musiq City” tərəfindən təşkil olunmuş yarışmaya qatılaraq “All for love” (“Hamımız sevgiyə”) adlı ingilis dilində yazdığı şeirilə bi­rincilik qazandı. Bu, gənc Nəsrin xanımın ilk uğuru idi və bu uğur onun şeirlə daha ciddi məşğul olmasına stimul verdi... Elə həmin illərdə Heminquey və Steynbeq kimi dünya romançılığında bir məktəb yaratmış yazıçıların əsərlərini orijinaldan oxuyaraq təsirləndi. Bu təsir də onun sənətə baxışlarının cilalanmasına və öz gələcək yaradıcılığına tamam ayrı bir rakursdan  baxmasına təkan oldu. 

60-cı illərdə İraqda formalaşan modern Türk ədəbiyyatında sərbəst şeirin ən öndə gələn isimlərindən biri kimi böyük maraq oyatdı. Daha sonra öz üslubunu yaradaraq  ünlü şair Salah Növrəslə birlikdə “saf şeir” deyilən axının yaradıcılarından biri kimi yeni ədəbi cığırın açılmasında önəmli rol oynadı. Şeirlərinin çoxunu “Qardaşlıq” dərgisində çap etdirdi.

1968-ci ildə “Dəniz röyası” adlı ilk kitabı Ankarada yayımlandı. 1975-ci ildə ədəbi mühitdən qırağa çəkilsə də poeziya ilə daha ciddi məşğul oldu; “Dəniz röyası” (Ankara, 1969), “İki şəhər” (İstanbul, 1998),  “Gələcəyəm” (Ərbil, 2004) kitablarında həsrət, ayrılıq, hüzn yer alan şeirlərində axıcılıq, bir-birindən gözəl obrazlarla oxucular arasında daha möhkəm bağ qurmağa nail oldu.1980-ci ildə ailəsi ilə Bağdada yerləşsə də, orada baş verən olaylar ucbatından Ankaraya köçməli oldu.

Nəsrin Ərbil – İraq türkmən şeirinin solmayan çiçəyi...

Başqa adla desək: Yaralı Quşu!

 

ANAMA

Qapanacaqmı qapılar üzümə

Ayrılacaqmı yollarımız

Buzdan bir dağ çökmüş içimə

Fəsillər döndü

Bahar düşməz oldu pəncərəmə

Günlər rəng dəyişmiş

Gecələr – qorxunc

İçimdən bir şeylər qoparır saxta gülüşlər

Göl-göl, ovuc-ovuc...

Qış gəldi, 

Şüşələrə dəydi yağmurlar

Yarpaqlar hüznlərini sərdi pəncərəmə

Sil göz yaşlarını ana

Unutmadım bətnindəki rahat uyğumu

Amma gəl gör

Sonraya saxlama kim olduğumu...

 

 

YALNIZLIQ

Günəşsiz bir yolla 

Gedirəm ümidsiz yalnız

Sevgisiz bir hava kəsdirmiş ətrafımı

Yaxınlaşır kipriklərimə

Mavilərlə dolu bir səma

Çılpaq yollar qədər

Çılpaq həqiqət

Tamamlayır üzüntümü qətrə-qətrə

Səssizlik ətrafa işləmiş

İliklərimə qədər

Yalnızam dəniz dolusu

Doldurur yuxumu

Gecələrlə dolu bir həsrət

Hər döngə ayrı bir nağıl gizləmədə –

Uzanarkən yollar-yollarca 

Uzanarkən addımlar dolusu yorgunluq 

Yazılırdı alın yazıma qaralarca

Örtməyə başladı göyüzünü

Qara bir əl

Uzaqlarda

Dilək dolu bir yalnız kaydı

Gözlərim uzaq ulduzla yandı

Gərilməyə başladı düşüncələrim

Köy-köy, umud-umud...

 

DƏNİZ RÖYASI

Bir şəhər vardı 

Gümüşü sularında yaxanırdı günəş 

Mövsümlər təzə rənglər 

İnsanlar incə zövqlər 

Quşlar yeni nəğmələrlə gəlirdi 

Dənizi 

Dənizlərin ən mavisi 

İnsanları həsir-nəsir 

Suların dibinə enib 

Balıqların nağıllarını dinlərdim 

Günlər 

Dördnala atlar gətirirdi mənə 

Elə ani keçdi ki o mövsüm 

Nəfəs-nəfəsə qaldım 

Bağçalar soldu birər-birər 

Artıq hər kəs öz düşüncəsində 

Hər kəs yalnız 

Dənizlər mavi deyil 

Quşlar dərdli 

Və mən qərib

Uzaq bir dəniz xülyasında 

Acı həqiqətlər dünyasında 

 

YARALI QUŞ

Biz də torpağında yetişən

Bir sünbülün dənələriydik

Dəlicə ruzigarlar

Diyar-diyar

Məmləkət-məmləkət dağıtdı bizi

Keçdi neçə dörd mövsümlər

Dörd rəng içində

Arzularım

Dəmir çevrənin içində unudulmuş

Bir aslan hirsi

Əslim

Dədəmin gümüş qılıncının qəbzəsində

Tozlanmış

Bir yanar bir sönər

Yalnız ulduzlu bir səma yuxusu

Aydınladır dərdlərimizi

Bir gün

Uzaq bir diyardan

Yaralı bir quş gəldi

Halsizdi bitkindi nəfəssizdi

“Onu gördüm” dedi

“Sənin üçün ağlar

Yarası var irmaq-irmaq

Dərdləri var dağlar-dağlar

Sənə salam göndərdi

Torpaq qoxulu

Ana kimi isti bir salam

Sonra can verdi yaralı quş

canlanan əməlimə

silkindi sənələr

tozlanmış xatirələrdən

Və qabardı aslan hirsim

Paslanmış dəmirlər arasında

Parladı əslim

Dədəmin gümüş qılıncından

Nəhrlər daşdı yol verdi

Genişləndi dostluğu unutmuş dar yollar

Gərildi savaş illərinin yayı

Ta Kərkükdən Ərbilə qədər

 

Hazırladı: Tofiq Qaraqaya

DİGƏR MƏQALƏLƏR