ESSE
Milan Kundera

Milan Kundera 1929-cu ildə Çexoslovakiyanın Brno şəhərində doğulub.1968-ci il hadisələrinin fəal iştirakçısı olub. 1975-ci ildən Fransada yaşayır.

M.Kundera yaradıcılığa şair kimi başlayıb. “İnsan: Böyük bağ”(1953), “Sonuncu may”(1955), “Monoloqlar”(1957) adlı poetik toplularını nəşr etdirib. 1962-ci ildə “Açarçılar” adlı pyesini yazıb. Həmin vaxt nəsrlə ciddi məşğul olan  Milan Kunderanın novellaları, romanları və esseləri müəllifə böyük şöhrət qazandırıb. “Gülməli əhvalat” (1963-1968) novellalar toplusu, “Zarafat” (1965), “Burda olmayan həyat” (1973), “Gülüş və yaddaş kitabı” (1978), eyni zamanda “Mövcudluğun dözülməz yüngüllüyü”, “Ölməzlik”, “Arxayınlıq” romanları onu dünya ədəbiyyatının nəhəng simaları sırasına çıxarıb. 

 M.Kundera nəzəriyyəçi kimi də çox məşhurdur. O, yazdığı esselərində öz romanları barədə mülahizələrini söyləyir. Oxu­culara təqdim elədiyimiz bu esseni müəllif “romanlarında olan başlıca sözlər və roman estetikasının başlıca sözləri” adlandırıb. Esse kiçik ixtisarla tərcümə olunur.

YETMİŞ ÜÇ SÖZ

Məndən hansı dildə fikirləşdiyimi, hansı dildə yuxu gördüyümü soruşurlar.
Deyirəm: insan hansı dildə danışır-danışsın yuxular görür,  
fikirləşir, düşünür. Dil ancaq o vaxt reallıq olur ki, gördüyünü və
fikirləşdiyini kimlərləsə bölüşmək qərarına gəlirsən.

 İosif Brodski

Tərcümə: Nəriman Əbdülrəhmanlı
1968-69-cu illərdə “Za­ra­fat” romanı bü­tün qərb dillərinə tərcümə olunmuşdu. Amma heyrətlənmişdim! Fransada tərcüməçi mənim üslubumu bəzəyib, romanı təzədən yazmışdı. İngiltərədə naşir əsəri doğrayıb refleksiyayla1 bağlı bütün hissələri kəsib atmış, musiqişünaslıq fəsillərini çıxarmış, hissələrin sıralanmasını dəyişmişdi. Tərcüməçilərimin biriylə təsadüfən rastlaşıram. O, çex dilində bir kəlmə də bilmir. “Bəs necə çevirmisiniz?” – “Mənə qəlbim pıçıldadı”, – cavab verir,  portfelindən şəklimi çıxarır. O elə qanışiriniydi, telepatiya sayəsində tərcümə eləməyin mümkün olduğuna az qala inanmışdım. Əlbəttə, hər şey sadəydi: o da argentinalı tərcüməçi kimi, fransızcadan çevirmişdi. Daha bir ölkə: bu dəfə çex dilindən tərcümə. Kitabı açıb təsadüfən Helenanın monoloquna rast gəlirəm. Hər biri bütöv abzası tutan uzun cümlələr çoxlu sadə cümlələrə bölünüb… “Zarafat”ın tərcüməsilə bağlı keçirdiyim sarsıntı qəlbimdə həmişəlik iz buraxdı. Xoşbəxtlikdən, sonralar dəqiq tərcümələrə rast gəldim. Amma təəssüf ki, eyni zamanda dəqiq olmayan tərcümələrə də… Məndən – çex oxucusundan tamamilə məhrum olmuş bir adamdan ötrü tərcümə hər şey deməkdi. Bax buna görə də bir neçə il qabaq, nəhayət, kitablarımın xarici nəşrlərində qayda yaratmağı qərara aldım. Bu isə mənə münaqişələr və yorğunluq bahasına başa gəldi: oxumaq, nəzarət, oxuya bildiyim üç, yaxud dörd dildə köhnə və təzə romanlarıma təzədən baxmaq həyatımın böyük bir dövrünü əlimdən aldı…
  
Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 2/2014 nömrəsində çap olunub
  

DİGƏR MƏQALƏLƏR