MÜQƏDDƏSLƏR VƏ ONLARIN SÖYLƏDİKLƏRİ
Sirri Səqəti

Sirri Səqəti, ömrünün qırx ilini bal yemək arzusuyla yaşasa da, bal dadmaq ona qismət olmamışdı...

Günlərin bir günü Səqəti moizə oxuyan vaxt məscidə, təmtəraqlı müşayətlə Xəlifə təşrif buyurur. O, məclisə daxil olarkən, Səqətinin:
- Bütün yaradılanların ən nəcibi insandı. O, Allahın ən sevimli yaranışı olsa da, daim günah edir. - dediyini eşidir.
Moizədən sonra sarayına qayıdan Xəlifə bütün gecəni Allah cəzasının qorxusundan yata bilmir. Səhəri gün isə, bahalı xəlifə libasını bir kənara atıb, kasıb dərviş əbasına bürünür, Səqətinin yanına gəlib, onun moizəsindən sonra, qəlbinin bu dünyadan üz çevirdiyini, içində təklənmək ehtiyacının baş qaldığını söyləyir, ondan, ona kamilliyə çatmağın ən qısa yolunu göstərməyi xahiş edir.
Səqəti ona belə cavab verir:
- Bunun iki yolu var. Birinci yol, gecə-gündüz dua oxuyub, namaz qılmaq, dilənçilərə sədəqə verib, vacib buyrulmuş dini ayinləri vaxtlı-vaxtında icra etməkdi. İkinci yol, daha qısa və təsirli olanı - heç kimdən heç nə ummamaq, insanlardan heç nə qəbul etməmək, Allahın verdiyi ilə kifayətlənmək, istədiyini yalnız və yalnız Allahdan diləməkdi.
Səqətinin bu sözlərindən sonra Xəlifə saraya qayıtmadan, səhralığa üz tutur.
Bu hadisənin üstündən bir müddət keçmiş, Səqətinin yanına Xəlifənin gözüyaşlı anası gəlir.
Qadın, onun sözlərinin oğlunu yolundan azdırıb, çöllərə saldığını, taxt-tacından imtina etdirib, yeri-yurdu bilinməyən dərvişə çevirdiyini deyərək, ağlamağa başlayır.
Səqəti qadını sakitləşdirib, oğlunun tezliklə geriyə dönəcəyini deyir və onu yola salır.
Bir müddətdən sonra, Səqətinin yanına dərviş-xəlifənin özü gəlir. Səqəti adam göndərib Xəlifənin anasını, avadını və oğlunu evinə çağırtdırır.
Xəlifənin anası, arvadı və oğlu içəri daxil olub, Xəlifəni görəndə ağlayıb sıtqamağa, yalvarıb, ondan, saraya qayıtmağı xahiş eləməyə başlayırlarsa da, Xəlifə saraya qayıtmaqdan imtina edir, yığışışıb getmək istəyəndə, arvadı ondan, oğlunu da, özü ilə aparmasını xahiş edir.
Xəlifə arvadının bu xahişindən sonra oğlunun bahalı şahzadə libasını əynindən çıxarıb, ona, cod yundan olan dərviş əbası geyindirir. Bunu görən ana oğlunun qolundan yapışıb, öz yanına çəkir. Və hər üçü kor-peşman geriyə - saraya qayıdırlar. Xəlifə isə, gəldiyi yerə - səhralığa çəkilir.
Bu hadisədən bir müddət sonra Səqətinin yanına bir adam gəlib, yaxın günlərdə Xəlifənin bura gələcəyini, o zamana qədər isə, Səqətini öz yanına çağırdığını bildirir.
Səqəti Xəlifənin olduğu yerə - qəbiristanlığa yollanır və orada onu, torpağın üstündə üzüqoyulu uzanan yerdə tapır. Yanında diz çöküb, başını qucağına alanda, Xəlifə güclə eşidiləcək halda:
- Bir az gec gəldin... - deyir və bir neçə dəfə Allahın adını təkrar edib canını tapşırır.
Səqəti, Xəlifəni torpağa basdırandan sonra geriyə qayıdır və yolda, əllərində kəfən, qəbiristanlığa üz tutan adam dəstələriylə rastlaşır. Onlardan hara getdiklərini soruşanda, adamlar, qulaqlarına Allahın sədasının gəldiyini, Onun onlara, bu qəbiristanlığa gəlib, indicə canını tapşıran ən sevimli dostunu torpağa basdırmağı əmr etdiyini deyirlər.

***
Səqətiyə görə, Allahı tanıyan - bu dünyadan üz çevirib tənhalığa çəkilməlidi ki, dünyavi olanların cəzbinə düşüb, ruhunu məhv etməsin.

***
Səqəti deyirdi: "Daim Allahı düşünmək və bu dünyadan çəkinmək gərəkdi. Kamillik yolu budu."

***
Səqəti deyirdi: "Həkim xəstələnərsə, dərmanı kimdə axtaraq? Allahın mələyi Xıdır yolunu azarsa, Yolu kim göstərər?"

***

Bir gün Sirri Səqəti bir müqəddəsdən soruşur:
- Adın nədi?
O:
- O. - cavab verir.
Ondan:
- Sənə yeməyə nə verək? - soruşanda, o:
-Onu. - cavab verir.
Müqəddəs o biri sualları da, belə cavablandıranda, Səqəti:
- Sən "o" deyəndə, kimi nəzərdə tutursan? - soruşur.
Müqəddəs:
- Hamıdan Uca və Müqəddəs Allahı. - cavab verir.
Müqəddəsin bu cavabından Səqəti huşunu itirir.

***

Günlərin bir günü Səqəti, tələbəsi Həzrət Cünayddan soruşur:
- Sevgi nədi?
Cünayd:
- Bəzilərinə görə bu, Allahın əmrlərinə itaətdi. Digərlərinə görə, Onun istəklərinə ram olmaqdı.
Səqəti əlini qoluna atıb, dərisini çəkmək istəyirsə də, arıqlıqdan dərisi sümüyünə yapışdığı üçün bunu edə bilmir və deyir:
- Əgər desəm ki, məni bu hala salan, qanımı, canımı qurudan, həmin o sevgidi, düzü bu olacaq.
Səqəti bunu deyəndən sonra huşunu itirib yerə yıxılır. Üzü isə, Günəş tək, nur saçmağa başlayır.
Bir qədərdən sonra özünə gələndə, o:
- Sevgi - ona mübtəla olanı o hala salır ki, ildırım da, vursa, o ağrı hiss etmir. - deyir. - Əvvəllər mən, bunun nə olduğunu bilmirdim. Amma O (Allah), mənə Öz Mərhəmətini göstərdi və mən sevginin nə olduğunu anlamağa başladım...
***
Bir dəfə tələbələri Səqətidən xahiş edir ki, o, Allaha yalvarsınıb, onlar üçün Ondan bilik istəsin.
Səqəti tələbələrinin sözünü yerə salmır, diz çöküb Allaha yalvarmağa başlayır ki, qoy O(Allah), tələbələrinə o biliyi versin ki, bu bilik onlara, Onun (Allah) barədə fikirləşməyə mane olmasın.


Tərtib və tərcümə: A. Məsud

DİGƏR MƏQALƏLƏR