KORİFEYLƏR
Dostoyevski

Dostoyevskinin yaradıcılığı üçün səciyyəvi olmayan, satirik üslubda yazılmış “Timsah” hekayəsi dilimizə ilk dəfədir tərcümə olunur. Hekayə 1865-ci ildə “Epoxa” jurnalında dərc olunmuşdur. Dostoyevski öz xatirələ­rində qeyd edir ki, 1864-cü ildə bir alman Pasajda pulla timsah nümayiş etdirirmiş, bunu eşidən yazıçı, Qoqolun “Burun” povesti ruhunda satirik-fantastik bir əsər yazmaq fikrinə düşür. Hekayədə yer alan ironiya liberal əhval-ruhiyyədə olan siyasi dairələrə ünvanlanır – müxtəlif jurnalların səhifələrində Dostoyevskinin onlarla ciddi polemikalar apardığı məlumdur.      


Orijinaldan tərcümə: Etimad Başkeçid


TİMSAH

(hekayə)

 

Timsahın bəlli yaşı, məlum görkəmi olan bir cənabı diri-diri udması və bundan sonra cərəyan edən hadisələr haqqında gerçək hekayət.

Ohé Lambert! Où est Lambert? As-tu vu Lambert?

 

I

Cari altmış beşinci ilin on üç yanvar günündə, günorta saat birin yarısında mənim mədəni, təhsil görmüş dostum, həmkarım və uzaq qohumum İvan Matveiçin arvadı Yelena İvanovna bəlli ödənişlə  Pasajda nümayiş etdirilən timsaha baxmaq həvəsinə düşdü. Xaricə yollanmaq üçün (xəstəlikdən daha çox maraq naminə) biletini cibində hazır saxlayan, demək ki, artıq xidməti məzuniyyətdə sayılan və beləliklə, o səhər tamamilə boş-bekar olan İvan Matveiç, arvadının bu qarşısıalınmaz istəyinə əngəl törətmədiyi bir yana, maraq onun özünə də dov gəldi: “Gözəl fikirdir,  – o razılıqla dedi. –  Timsaha baxarıq! Avropaya getməyə hazırlaşarkən, oranın yerliləri ilə tanış olmaq heç də pis olmazdı”, – bu sözlərlə o, arvadı ilə qol-qola verib, dərhal Pasaja yollandı. Mən də adəti üzrə ailənin dostu qismində onlara qoşuldum. Hələ indiyə kimi İvan Matveiçi belə xoş əhval-ruhiyyədə görməmişdim, yaddaşıma həkk olunmuş həmin səhər onun çiçəyi çırtlamışdı. Doğrudan da, biz öz taleyimizi qabaqcadan görə bilmirik!.. Pasaja girər-girməz o, binanın dəbdəbəsinə heyran kəsildi, yenidən paytaxta gətirilmiş yırtıcının nümayiş etdirildiyi mağazaya yaxınlaşdıqda isə irəli düşüb, timsahın baxıcısına mənim əvəzimə də iyirmi beş qəpik ödədi. Əvvəllər o heç vaxt belə etməzdi. Kiçik otağa girincə gördük ki, timsahdan savayı burada kakadu cinsindən olan tutuquşular, üstəlik, xüsusi şkaflarda bir dəstə meymun da saxlanılır. Girişdə, sol divarın yanında isə möhkəm dəmir torla örtülmüş, vannaya bənzər tənəkə qutu qoyulmuşdu, qutunun dibində bir gireh* qədərində su vardı. Bu dayaz gölməçədə kötük kimi tamamilə hərəkətsiz bir timsah uzanmışdı. Görünür, bizim qonaq-qara sevməyən nəmli iqlimimizdə heyini itirmişdi. Bu yırtıcı əvvəl-əvvəl heç birimizdə xüsusi maraq oyatmadı.                                 

– Timsah dedikləri budur?  – Yelena İvanovna sözləri uzada-uzada məyusluqla dedi, – mən də elə bilirdim, o… nəsə başqa cür olur!

Çox güman ki, timsahın brilyantdan olduğunu düşünürmüş. Bizi görməyə çıxan alman – timsahın yiyəsi son dərəcə qürurlu və təşəxxüslü görünürdü.

 – Düz eləyir, – İvan Matveiç qulağıma pıçıldadı, – çünki bilir ki, indilərdə bütün Rusiyada timsahı təkcə o göstərir.

Mən tamamilə bu cəfəng mülahizəni də başqa hallarda paxıllığını gizlədə bilməyən İvan Matveiçin həddən ziyadə xoş əhval-ruhiyyəsinə bağlayıram. 

– Mənə elə gəlir ki, sizin timsahınız canlı deyil, – sahibin ədalarından qıcıqlanan Yelena İvanovna bu kobud insanı öz cızığına qaytarmaq üçün məlahətlə gülümsünərək üzünü ona tutdu. Bu, qadınlar üçün çox səciyyəvi manevrdir.

– Yox, yox, madam, – o, sınıq-salxaq rus dilində cavab verdi və dərhal yeşiyin qapağını yarıyacan qaldırıb, çubuqla timsahın başını dürtmələməyə başladı.

Onda məkrli yırtıcıda həyat əlamətləri göründü. Timsah pəncələrini və quyruğunu yüngülcə tərpədərək başını qaldırdı və sürəkli fısıltıya bənzər səs çıxardı.

– Yaxşı, hirslənmə, Karlxen! – izzəti-nəfsini qoruduğundan məmnun qalan alman, nəvazişlə dedi. 

– Nə iyrənc timsahdır! Məni qorxutdu, – Yelena İvanovna işvəylə kəkələdi, – yuxuma girməsə yaxşıdır.

– Amma o, sizi yuxuda dişləməz, madam, – alman onun sözlərini göydə qamarladı və öz hazırcavablığına hamıdan əvvəl gülməyə başladı, ancaq bizlərdən heç kəs onun səsinə səs vermədi. 

– Gedək, Semyon Semyonıç, – Yelena İvanovna yalnız mənə müraciət edirdi, – yaxşısı budur meymunlara baxaq. Meymunlardan ötrü ürəyim gedir; elə sevimlidirlər ki… timsahsa dəhşətlidir.

– O-o, qorxma, dostum, – arvadının yanında özünü ürəkli göstərməkdən xoşlanan İvan Matveiç arxamızca qışqırdı, – Firon səltənətinin bu yuxulu sakini bizə heç nə eləməz, – deyərək yeşiyin yanında qaldı. Üstəlik, əlcəklərini götürüb timsahın burnunu qıdıqlamağa başladı. Bununla, sonradan etiraf etdiyi kimi, timsahı yenidən fısıldamağa məcbur etmək istəyirdi. Sahib isə Yelena İvanovnanın ardınca (xanım olduğu üçün) meymunların olduğu şkafa doğru getdi.

Beləliklə, hər şey yaxşı gedirdi və heç nəyi əvvəlcədən bilmək olmazdı. Yelena İvanovna meymunlarla əməllicə əylənirdi, başı tamamilə onlara qarışmışdı. O, sevincdən qışqırır, sahibə heç əhəmiyyət verməyərək, mənə müraciət edir, yeni tanışlar və dostlarla meymunlar arasında oxşarlıqlar tapıb uğunurdu. Mən də əylənirdim, çünki onun tapdığı oxşarlıqlar şübhə doğurmurdu. Mülkiyyətçi alman bilmirdi gülsünmü, gülməsinmi, odur ki, lap axırda qaşqabağını tökdü. Elə bu məqamda qəfildən dəhşətli, hətta deyə bilərəm ki, indiyəcən eşidilməmiş bir çığırtı qopdu. Əvvəl-əvvəl yerimdəcə donub qaldım, bilmədim nə fikirləşəm, sonra Yelena İvanovnanın da çığırdığını görüncə tez çevrildim və… nə gördüm! Nə gördüm, – aman Tanrım! – Gördüm ki, bədbəxt İvan Matveiç timsahın qorxunc çənəsinə keçib. Timsah İvan Matveiçin bədənini eninə dişlərinə keçirmişdi, beləcə havaya qaldırmışdı və o, havada üfüqi vəziyyətdə çapalayırdı. Bir an sonra o yoxa çıxdı. Bunu təfərrüatıyla danışmaq istəyirəm, çünki bütün bu müddət ərzində mən hərəkətsiz dayanmışdım və gözümün qabağında baş verənləri son dərəcə diqqət və maraqla izləyə bilmişdim. “İşə bax, – həmin faciəvi anlarda düşünürdüm, – bütün bunlar İvan Matveiçin yox, mənim başıma gəlmiş olsaydı, çox xoşagəlməz iş olardı, çox!” Mətləbdən uzaqlaşmayaq. Timsah əvvəlcə yazıq İvan Matveiçi öz qorxunc dişlərində fırladıb, ayaqlarını özünə sarı çevirdi və öncə bu ayaqları uddu; sonra onun çənəsindən qurtulmağa çalışaraq yeşikdən yapışan İvan Matveiçi, gövşək gətirirmiş kimi, bir qədər geri buraxdı və yenidən öz içinə çəkdi. Bu dəfə onu qurşağacan uddu. Sonra bir az da geriyə buraxıb bir daha, bir daha udqundu. Beləcə, İvan Matveiç gözümüz önündəcə yavaş-yavaş yoxa çıxmağa başladı. Timsah son dəfə udqunaraq mənim təhsil görmüş, savadlı dostumu yerli-dibli öz içinə çəkdi. Kənardan baxarkən timsahın qarnındakı İvan Matveiçin bədən quruluşunun bütün incəliklərini görmək olardı. Mən yenidən bağırmağa hazırlaşırdım ki, qəfildən taleyin acı istehzası ilə üzləşdik: yəqin, udduğu böyük olduğu üçün timsahın boğazında qalmışdı. Timsah bir daha öz dəhşətli ağzını açdı və İvan Matveiçin başı bir saniyəliyə yenidən göründü. Onun üzündə çıxılmazlıq ifadəsi həkk olunmuşdu. Gözlüyü burnunun üstündən yeşiyin dibinə düşdü. Adama elə gəlirdi ki, bu bəlalı baş son dəfə ətrafa göz gəzdirmək və bütün dünyəvi zövq-səfayla vidalaşmaq üçün boylanır. Ancaq onun arzusu gözündə qaldı: timsah güc toplayıb yenidən udqundu və baş bu dəfə həmişəlik yox oldu. Bu canlı insan başının görünüb yox olmaları çox müdhiş mənzərə idi, bununla belə,  hadisələrin tezliyindən və gözlə­nil­məzliyindənmi, yoxsa gözlüyün sürüşüb düşməsindənmi  burada o qədər gülməli vəziyyət yarandı ki, mən özümü saxlaya bilməyib pıqqıldadım; ancaq birdən ayılıb, indiki halda bir ailə dostu kimi gülməyin ayıb iş olduğunu kəsdirdim və dərhal üzümü Yelena İvanovnaya tutaraq, simpatik üz ifadəsiylə dedim:

– Sizin İvan Matveiçinizin axırı çatdı!

Bu hadisələr baş verən müddətdə Yelena İvanovnanın necə bərk həyəcanlandığını ifadə etmək üçün baş sındırmaq belə istəmirəm. Birinci çığırtıdan sonra o, yerində donub qalmış kimiydi və sanki bu həngaməyə etinasızca, lakin hədsiz dərəcədə bərəlmiş gözlərlə baxırdı; sonra birdən tükürpərdən səslə ikinci dəfə çığıranda mən onun əllərini tutdum. Elə bu an dəhşətdən hövllənmiş sahib də əllərini bir-birinə şappıldatdı və gözlərini səmaya dikərək bağırdı:

– Ah, mənim timsahım, o meyn allerlibster Karlxen! Mutter, mutter, mutter!2

Bu bağırtıyla arxa qapı açıldı və toxunma baş örtüyündə, alyanaq, yaşlı və pərişan görkəmli mutter içəridən çıxıb, ciyiltili səslə özünü öz almanının üstünə saldı.

Əsl mərəkə bundan sonra qopdu. Yelena İvanovna çılğın səslə yalnız bir şey qışqırırdı: “Yırtmaq! Yırtmaq!” O gah sahibin, gah da mutterin üstünə yüyürərək, fədakarcasına, vəcdlə kimisə nəyə görəsə yırtmaq üçün onları dilə tuturdu. Sahib və mutter isə bizə heç fikir vermirdilər: onlar yeşiyin yanında dayanıb buzov kimi mələşirdilər. 

– O məhv olmaq, o indi partlamaq, çünki o, hans3 məmuru udmaq! –  sahib özünə əl qatmışdı. 

– Unzer Karlxen, unzer allerlibster Karl­xen vird şterben!4 – sahibə hönkür-hönkür ağlayırdı.

– Biz yetim və çureksiz! – sahib onunla ağız-ağıza vermişdi.

– Yırtmaq, yırtmaq, yırtmaq! – almanın sürtüyündən yapışmış Yelena İvanovna göz yaşlarına qərq olmuşdu. 

– O hirsləndirdi timsah, əriniz niyə hirsləndirmək timsah! – yaxasını qadının əlindən qoparmaq istəyən alman qışqıra-qışqıra deyirdi. – Əgər Karlxen  vird udmaqsa, siz bunun əvəzini ödəmək, das var meyn zon, das var meyn ayntsinger zon!5 

Boynuma alıram, gəlmə almanın xudbinliyini və pərişan mutterinin daşürəkliliyini görüncə hiddətlənmişdim, buna baxmayaraq, Yelena İvanovnanın dayanmadan “yırtmaq, yırtmaq” deyə təkrarlaması təlaşımı daha da artırırdı, nəhayət, mən bütünlüklə bu çığırtılara qapıldım və hətta qorxuya düşdüm… Bəri başdan deyim ki, bu əcaib nidalar tərəfimdən tamamilə yanlış başa düşülmüşdü: mənə elə gəlirdi ki, Yelena İvanovna bir anlığa havalansa da, İvan Matveiçin müsibətli ölümünün hayıfını almaq üçün timsaha çubuq cəzasının kəsilməsini tələb edir. Lakin onun niyyəti tamam başqaymış. Mən xəcalətli baxışlarla qapıya nəzər salaraq, Yelena İvanovnanın sakitləşməsi, ən əsası isə əcaib “yırtmaq” sözünü işlətməməsi üçün onu dilə tutmağa başladım. Çünki Pasajın ortasında, elmli, oxumuş cəmiyyətin içində, bəlkə də, bu dəqiqə cənab Lavrovun açıq mühazirə oxuduğu6 zalın iki addımlığında bu cür mürtəce çağırışın səslənməsi yolverilməzdi, hətta imkansız bir şey idi. Hər an mədəni adamlar bizi fitə basar, cənab Stepanovun karikatura hədəfinə7 gələrdik. Bədbəxtlikdən çox keçmədi ki, şübhələrim doğruldu: timsahın saxlandığı yerlə, girişdə – iyirmi beş qəpikliklərin toplandığı otaqcığın arasındakı pərdə aralandı və bığlı-saqqallı, əlində furajka tutmuş, bədəninin yuxarı hissəsini lap irəliyə əymiş və  giriş pulunu ödəməmək üçün bir ayağını ehtiyatla kandarın eşiyində saxlamış bir fiqur göründü. 

– Xanım, bu cür mürtəce istək, – biz tərəfə keçməmək üçün özünü tarazlamağa çalışan naməlum şəxs dedi, – sizin mədəni səviyyənizə şərəf gətirmir və bu, beyninizdəki fosfor çatışmazlığından irəli gəlir.8 Siz tərəqqinin xronikasında və bizim satirik vərəqlərimizdə dərhal fitə basılacaqsınız…

Ancaq sözünü sona çatdırmağa macal tapmadı: özünə gələn sahib heç nə ödəmədən timsahın olduğu otağa girib danışan adamı görüncə dəhşətə gəldi və qəzəblə naməlum şəxsin üstünə şığıdı, yumruqlarını işə salıb, onu çölə fırlatdı. Hər ikisi bir dəqiqəliyə pərdənin arxasında gözdən itdi və nəhayət, mənə çatdı ki, əslində bütün bu həngamə boş yerdən yaranıb; Yelena İvanovnanın heç bir günahı yoxdu: o, yuxarıda dediyim kimi, timsaha geridəqalmışcasına alçaldıcı çubuq cəzası vermək istəmirmiş, sadəcə, istəyirmiş ki, onun qarnını bıçaqla yırtıb, İvan Matveiçi azad etsinlər. 

– Necə! Siz istəmək mənim timsah məhv olmaq! – Tələsik içəriyə qayıdan sahib bağırdı. – Yoxx, qoy əvvəlcə sizin ər məhv olmaq, sonra timsah!.. Meyn fater timsah göstərmək, meyn qrosfater timsah göstərmək, meyn zon timsah göstərəcək, mən də timsah göstərəcək! Hamı timsah göstərəcək! Mən hans Avropa tanınır, sizsə hans Avropa tanınmır və mənə cərimə ödəmək. 

– Ya, ya! –  qəzəbli alman qadını onun səsinə səs verdi, – biz sizi buraxmaz, cərimə, Karlxen yırtılanda!

– Onun qarnını yırtmağın xeyri də yoxdur, – Yelena İvanovnanı tez evə aparmaq üçün sakitcə əlavə etdim, – çünki əzizimiz İvan Matveiç, çox böyük ehtimalla, hardasa, empiriyalarda dolaşır. 

– Dostum, – bu məqamda heç göz­lə­nil­mədən İvan Matveiçin bizi çaşbaş salan səsi eşidildi, – dostum, mənim fikrimcə, birbaşa nəzarətçinin kontoruna müraciət etmək lazımdır, çünki polisin köməyi olmadan alman həqiqəti dərk etməz.

Sarsılmaz iradədən xəbər verən, qətiyyətlə, təmkinlə səsləndirilmiş bu sözlər əvvəlcə bizi o qədər təəccübləndirdi ki, qulaqlarımıza inanmadıq.

Sözsüz ki, o saat timsahın salındığı yeşiyə sarı qaçdıq və inamsızlıqla, inamsız olduğumuz qədər də dərin hörmət və ehtiramla bədbəxt “məhbusu” dinləməyə başladıq. Onun boğuq, nazik və xırıltılı səsi, sanki çox uzaqlardan gəlirdi. Elə bil, başqa otağa keçən hansısa zarafatcıl birisi adi balışı ağzına tutaraq qışqırmağa başlayır və bunu o biri otaqda qalmış adamlara, iki mujikin   səhrada və ya aralarındakı böyük yarğanın üstündən bir-birini səsləməsi kimi göstərmək istəyir. Bir dəfə Milad bayramı günlərində belə bir səhnənin məmnuniyyətini yaşamışdım. 

– İvan Matveiç, dostum, deməli, yaşayırsan! – Yelena İvanovna kəkələdi.

– Yaşayıram, özü də sağ-salamatam, – İvan Matveiç cavab verdi, – Tanrının köməyi sayəsində heç xəsarət almadan udulmuşam. Məni yalnız bir şey narahat edir: rəhbərlik bu məsələyə necə baxacaq? Axı xaricə getmək üçün bilet götürdüyüm halda gəlib timsahın qarnına düşmüşəm, bu elə də ağıllı iş sayılmaz… 

– Dostum, ağıl-fərasət barədə düşün­mə­yin yeri deyil; hər şeydən öncə səni burdan eşələyib çıxartmaq lazımdır, – Yelena İvanovna onun sözünü kəsdi. 

– Eşələmək!  – sahib çığırdı, – mən qoy­maz eşələmək timsahı. İndi camaat çox-çox gəlmək, mən də fuftsiq9 qəpik almaq, Karlxen də çox tıxmamaq.

– Qot zey dank!10 – mutter onun səsinə səs verdi.

– Onlar haqlıdırlar, – İvan Matveiç sakitcə dilləndi, – iqtisadi prinsip hər şeydən əvvəl gəlir.

– Dostum, – qışqıraraq dedim, – bu dəqiqə rəhbərliyin üstünə qaçıb şikayətlənəcəyəm, çünki hiss edirəm ki, bu işi təkbaşına görə bilməyəcəyik.

– Mən də elə düşünürəm, – İvan Matveiç dedi, – ancaq indiki ticari böhran dövründə iqtisadi maraq olmadan timsahın qarnını yarmaq çətin məsələdir, bu mənada qaçılmaz sualla üzləşirik: sahib öz timsahı üçün nə qədər pul istəyəcək? Burdan da başqa sual çıxır: bu pulu kim ödəyəcək? Sən axı bilirsən, əlim aşağıdır…

– Ümid qalır maaşa, – çəkinə-çəkinə dedim, ancaq sahib o dəqiqə sözümü yarıda kəsdi:

– Mən timsahı satmamaq, mən üç min satmaq timsahı, mən dörd min satmaq timsahı! Artıq çox adam gəlmək! Mən beş min satmaq timsahı!

Bir sözlə, o, əməlli-başlı həyasızlıq edirdi; tamahkarlıq və pul-para hərisliyi onun gözlərində sevinc qığılcımları kimi sayrışırdı.

– Mən getdim! – qeyzlə qışqırdım.

– Mən də! Mən də gedirəm! Andrey Osipıçın özünün yanına gedəcəyəm, onu göz yaşlarımla rəhmə gətirəcəyəm, – Yelena İvanovna zarıdı.

– Bunu eləmə, dostum, – İvan Matveiç tələsik onun sözünü kəsdi; çünki çoxdandı arvadını İvan Osipiçə qısqanırdı və bilirdi ki, arvadı gedib təhsilli adamın qarşısında həvəslə ağlayacaq, çünki ağlamaq ona çox yaraşırdı. –  Elə sənə də məsləhət görmürəm, dostum, – o, mənə müraciət etdi, – götür-qoy eləmək lazımdır: nə olar, nə olmaz. Yaxşısı budur bu gün, elə-belə, şəxsi ziyarət kimi Timofey Semyonıçın yanına gedəsən. O, köhnə fikirli və dayaz adamdır, amma ağırtaxtalıdır, başlıcası isə sözü üzə deyəndir. Ona əvəzimdən baş endir və işin təfərrüatını danış. Sonuncu kart oyununda ona yeddi manat borcum qalıb, fürsətdən istifadə eləyib, bu pulu ödə: bu, zabitəli qocanı yumşaldar. Hər halda, onun məsləhətini əldə rəhbər tutmağa dəyər. İndi isə, hələlik, Yelena İvanovnanı burdan apar… Sakit ol, dostum,  – o davam edirdi, – mən bu hay-küydən və arvad dedi-qodularından yoruldum, bir az yatmaq istəyirəm. Bura isti və rahatdır, düzdür, hələ bu gözləmədiyim yerə tam göz gəzdirməmişəm…

– Göz gəzdirmək! Məgər ora işıqlıdır?  – Yelena İvanovna sevincək çığırdı.

– Ətrafımı zülmət bürüyüb, – bədbəxt dustaq cavab verdi, – ancaq mən, necə deyərlər, hər yanı əlləyə-əlləyə yoxlaya bilirəm… Salamat qal, sakit ol və əyləncələrindən qalma. Sabaha qədər! Sən isə, Semyon Semyonıç, axşamtərəfi mənə baş çəkərsən. Dağınıq adam olduğun üçün məni unuda bilərsən, barmağına düyün vur ki, yadından çıxmasın…

Boynuma alıram, elə özüm də çıxıb getmək istəyirdim, çünki çox yorulmuşdum, üstəlik, bir az da bezmişdim. Odur ki, vaxt itirmədən hüznlü, amma həyəcandan qəşəngləşmiş Yelena İvanovnanın əlindən tutub, timsahın olduğu yerdən çölə çıxardım.

– Axşam giriş iyirmi beş qəpik!  – sahib arxamızca qışqırdı.

– İlahi, nə xəsis adamlardır!  – deyəsən, qəşəngləşdiyini özü də hiss eləyən Yelena İvanovna Pasajdakı divar və pəncərə aralıqlarından asılmış bütün güzgülərə göz yetirə-yetirə söylənirdi. 

– İqtisadi prinsip, – mən yüngül həyəcanla və yoldan keçənlərin qarşısında öz xanımımla qürrələnərək cavab verirdim. 

– İqtisadi prinsip… – O, simpatik səslə, sözləri uzada-uzada dedi, – mən bayaq İvan Matveiçin bu iyrənc iqtisadi prinsip haqqında dediklərindən heç nə başa düşmədim.

– Mən sizə izah edərəm, – cavab verdim və dərhal xarici kapitalın vətənimizə cəlb edilməsinin xeyirli nəticələri haqqında danışmağa başladım, bu barədə hələ səhər-səhər “Peterburqskie izvestiya” və “Volos” qəzetlərində11 oxumuşdum. 

– Bütün bunlar çox qəribədir! – o, bir müddət dinlədikdən sonra məni dayandırdı, – bəsdir, mənfur adam, cəfəng şeylər danışırsınız… Deyin görüm, çox qızarmışam? 

– Siz qızarmamısınız, gözəlləşmisiniz! – ona kompliment demək fürsətini əldən qaçırmadım. 

– Dəcəl!  – özündən razı halda söyləndi. – Yazıq İvan Matveiç, – bir dəqiqə sonra başını işvəylə yana əyib, əlavə etdi, – ona, doğrudan da, yazığım gəlir, aman Tanrım! – qəfildən səsini ucaltdı, – bəs o, bu gün orada necə yemək yeyəcək və…və… nəsə eləmək istəsə, neyləyəcək?

– Gözlənilməz sualdır, – sual məni də çətinə saldı. Doğrusu, bu, mənim ağlıma gəlməmişdi, gör həyati məsələlərin həllində qadınlar biz kişilərdən nə qədər baca­rıqlıdırlar!

– Zavallı, nə pis ilişdi… əyləncə-filan yox, qaranlıq yer… hayıf ki, məndə onun foto-kartoçkası qalmayıb… Deməli, indi bir növ dulam, – yəqin ki, özünün yeni vəziyyətini düşünərək, şirin-şirin gülümsədi, – hm… hər halda, heyf ondan!..

Bu sözlərdə cavan, yaraşıqlı arvadın öz ərinin xiffətini çəkməsi ifadə olunurdu. Nəhayət, onu evə gətirdim, sakitləşdirdim, onunla birgə nahar etdim və bir fincan ətirli qəhvə içdikdən sonra saat altıda Timofey Semyonıçın yanına yollandım. Fikirləşirdim ki, bəzi ailəli iş adamları bu saat evdə oturur, ya da uzanıb dincəlirlər. 

Bu birinci fəsli haqqında danışdığımız hadisələrə uyğun səpkidə  qələmə aldım, ancaq oxucunu bu başdan xəbərdar edirəm ki, bundan sonra, yüksək üslub sayılmasa da, daha təbii yazı tərzindən istifadə edəcəyəm.  

 

Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 2/2014 nömrəsində çap olunub

DİGƏR MƏQALƏLƏR