MEMUAR
Çe Gevara

“PARTİZAN MÜHARİBƏSİNİN ƏLİFBASI”

Çe Gevaranın “Boliviya gündəliyi”ni çoxdan tərcümə etməyə başlamışdım. Hətta kitabın böyük bir hissəsini tərcümə edib bitirmişdim. Amma təxminən 1 il bundan əvvəl “Boliviya gündəliyi”nin yeni, daha təkmil və tam versiyası əlimə keçdi. Məlum oldu ki, Boliviya hökuməti gündəliyin ölkənin təhlükəsizliyinə təhdid kimi qiymətləndirdiyi bəzi səhifələrini illərdir arxivində saxladığına görə, “Boliviya gündəliyi”nin müxtəlif dillərdə bu günə qədər çap edilən bütün versiyaları yarımçıq olub. Amma çap olunan son varianta bu səhifələr də əlavə edilmişdi. Ona görə də tərcüməyə bir daha “əl gəzdirməli” oldum. 

Təbii ki, istənilən gündəliyi ixtisarla çap etmək onun effektini ən azı yarıbayarı azaltmaq deməkdir. Xüsusilə də, Çe Gevaranın bu gündəliyində hadisələr zəncirvari cərəyan edir. Amma “Xəzər” üçün bu materialı hazırlayanda gündəliyin mümkün qədər əhəmiyyətli hissələrini seçmiş və onları tam verməyə çalışmışam. “Boliviya gündəliyi” kitab şəklində yaxın zamanda “Tərcümə Mərkəzinin  kitabları” seriyasında işıq üzü görəcək.

Bir az da kitabın özü haqqında... Bu, bütün dünyada şöhrəti müəllifinin şöhrətinə bərabər olan az sayda kitablardan biridir. Mən bu kitabı “Partizan müharibəsinin əlifbası” adlandırardım. Çe Gevaranın populyarlığının ilbəil artmasında “Boliviya gündəliyi”nin də rolu az deyil. Bu gün Çe Gevara dünyanın hər yerində gənclərin ən sevimli qəhrəmanıdır, onun şəkilləri olan maykalar, döş nişanları öz satış tirajına görə dünyanın ən məşhur futbol komandalarının atributlarını belə geridə qoyur. “Boliviya gündəliyi” hər il yüz min tirajla fərqli dillərdə yenidən çap olunur, yenidən oxunur, yenidən sevilir. Azərbaycan dilində isə gündəlik ilk dəfə işıq üzü görəcək. İnqilabın sonuncu romantikinin bu maraqlı əsərinin azərbaycanlı oxucu tərəfindən də maraqla qarşılanacağına heç bir şübhəm yoxdur.


BOLİVİYA GÜNDƏLİYİ

Tərcümə: Rövşən Ramizoğlu

1966
7 noyabr
  
Yeni mərhələnin başlanğıcı. Maneəsiz gəlib çatdıq; rançoya gecə yetişdik. Koçabambada Paçunqoyla1 mən lazımi şə­kildə qrimlənib bir neçə gərəkli tanışlıq əlaqəsi qurduq. Sonra iki gün ərzində iki “cip” ilə ayrı-ayrı yol gəldik.
Bizim kokain istehsalı ilə məşğul ol­du­ğumuzu düşünən qonşunu2 şübhələn­dir­məmək üçün rançoya çatmamış bir maşına oturduq. Maraqlıdır ki, şayiələrdə əsas kimyagər bizim bənzərsiz Tumaini3 hesab olunur. 
İkinci reys zamanı Biqotes4  mənim kim olduğumu biləndə maşınla xəndəyə uça­caqdı; qabaq təkərlər havadan asılı qaldı. 20 km piyada yol gedəndən sonra rançoya gecəyarıdan keçmiş gəlib çatdıq. Burada bizi artıq üç yoldaşımız gözləyirdi.5
Biqotes partiyanın mövqeyinə baxmadan bizimlə əməkdaşlıq etməyə hazır olduğuna işarə vurdu, amma o, hədsiz hörmət etdiyi və az qala ilahiləşdirdiyi Monxeyə6 sadiq qalacaq. Onun sözlərinə görə Rodolfo7  və Koko8 da bu mövqedədirlər. Çalışmaq lazımdır ki, partiya bizi dəstəkləsin. Mən Biqotesdən xahiş etdim ki, birincisi, danışıqlarda bizə yardımçı olsun, ikincisi, ən azından hazırda Bolqarıstanda olan Monxe geri dönüncəyə qədər öz yoldaşlarına heç bir şey deməsin. O razılaşdı.
 
25 noyabr
  
Gözətçilər xəbər verdilər ki, rançoya içində iki-üç sərnişin olan “cip” yaxınlaşır. Məlum oldu ki, bunlar malyariya ilə mübarizə xidmətinin əməkdaşlarıdır. Qan nümunələri alandan sonra çıxıb getdilər. Paço və Rolando9  bizim xəritədə gördüyümüz bulağa gedib çıxdıqlarına görə gecəyarıdan xeyli keçmiş qayıtdılar. Çayla üzüyuxarı qalxarkən onlar atılmış zəmilərə rast gəliblər.
 
27 noyabr
 
Xorxe hələ də gəlib çıxmayıb. Bütün gecəni keşik çəkməyi tapşırmışdım, amma La-Pasdan ilk “cip” saat 21.00-da gəldi: Koko Xoakini10 , Urbanonu11  və bizimlə qalacaq Ernesto12  adlı boliviyalı tibb məktəbi tələbəsini gətirib. Sonra Koko yenə çıxıb getdi və Rikardo13, Braulio14, Migel15 və İnti16  adlı bizə qoşulmaq qərarına gəlmiş başqa bir boliviyalı ilə geri döndü. İndi biz dəstədə on iki, rançonun sahibi rolunu oynayan Xorxe ilə birlikdə isə on üç nəfərik. Koko və Rodolfo əlaqələrin qurulmasıyla məşğul olacaqlar. Rikardo həyəcanlı xəbərlər gətirib: Boliviyada olan Çino  mənə baş çəkmək və özü ilə 20 döyüşçü gətirmək istəyir. Estanislaonun [Monxe] dəstəyini almadan hərəkatı beynəlmiləlləşdirmək düzgün deyil. Hələlik qərarlaşdırdıq ki, Çinonu17 Santa-Krusa yönləndirək və orada Koko onu qarşılayıb bura gətirsin. Rikardo və Koko iki “cip”də səhər tezdən çıxıb getdilər: birinci La-Pasa, ikinci isə Xorxenin başına nə gəldiyini öyrənmək üçün don Rembertonun18 yanına yollandı. İnti mənimlə söhbətində Estanislaonun dəstək verəcəyinə o qədər də inanmadığına işarə vurdu. O özü bütün körpüləri yandırıb bizimlə sona qədər bir yerdə olmağa hazırdır.
  
Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 2/2014 nömrəsində çap olunub
  

DİGƏR MƏQALƏLƏR