BƏŞƏRİ POEZİYA
Ceyms Arlinqton Rayt

13 dekabr 1927-ci ildə Ohayo ştatının Martins Ferri şəhərində  anadan olmuş, 25 mart 1980-ci ildə Nyu-York ştatının eyni adlı şəhərində 52 yaşında dünyasını dəyişmişdir. 

1952-ci ildə Kenon kollecini, 1959-cu ildə isə Vaşinqton Universitetini bitirmişdir. 

1956-cı ildə ədəbiyyat aləmində görünməyə başlayan Rayt, növbəti il Amerikanın ən istedadlı şairi kimi Ualedə poeziya festivalında ödülə layiq görülmüşdür. Uzun illər bir yerdə işlədiyi məşhur şair Robert Blayla tərcümə sahəsində sıx əməkdaşlıq etmiş, bir çox dünya şairlərini ingilis dilinə çevirərək müxtəlif dərgilərdə və ayrıca kitab halında nəşr etdirmişdir. Alman və Latın Amerikası şairlərindən etdiyi tərcümələr onun şəxsi yaradıcılığına da təsirsiz ötüşməmişdir. 

1972-ci ildə dərc olunmuş şeirlər kitabı poeziya nominasiyası üzrə Amerikanın ən ali mükafatlarından birinə – “Pulitser” mükafatına və Amerikanın “Milli kitab” mükafatına layiq görülmüşdür.

O, amerikalıların ən çox sevdiyi şairlərdən biridir. 

1981-ci ildən başlayaraq, hər il yüzlərlə şair və yazıçı Raytın anım günündə Martins-Ferridə – poeziya bayramına toplaşırlar. 

 “Bədənimdən çıxsam, çiçəkləyərəm” – Açığını deyim, Rayt məni bu deyimi ilə cəzb etdi. Bu misra mənə qədim sufi Məhəmməd-əd din Nəsəfinin “Sən ruhlar dünyasından gəlmisən, ora da dönəcəksən” kəlamını xatırlatdı. 

Rayt  isə xəstə bədənin sağlam ruha verdiyi əzablardan qurtarsa, çiçəkləyəcəyini dilə gətirdi. 


Orijinaldan sətri tərcümə əsasında çevirdi: Zakir Fəxri

 

 

AYILTMA MƏNTƏQƏSİNDƏ DİVAR YAZISI

 

Unudulmaz, 

yaddaşımdan silinməz bir an…

İnan, inan, 

indiki kimi dəyərli, 

qiymətli olmamışdı

həyatım heç zaman.

 

Gözlənilmədən yaxalandım,

Qəfildən 

başımın üstünü aldılar.

Sürükləyib, 

ayıltma məntəqəsinin 

qaranlıq otağına saldılar, 

lüt bədənəcən axtardılar.

O ki var daradılar 

deyinə-deyinə, 

söyə-söyə….

 

Təəccüblə, heyrətlə baxdım

sətirlərimə 

gözlərimi döyə-döyə…

 

Qəbir daşıtək 

kif atmış divar qatında

kobud dırnaqlarla

cızılmış sətirlər,

qanla yazılmış sətirlər

sirri-xuda kimi

yanıb-sönsəydi əgər,

onları oxuyan

peşəkar qatil belə

özünü alammazdı ələ.

Mərhəmət odunda

hiddətdən qaqqıldayardı,

çənəsi şaqqıldayardı…

Şükür ki,

Tanrıya şükür etmək

haqqı var insanların.

Kobud dırnaqlardan

divarlar ovula-ovula

hər sətirdən yuxala-yuxala

az qalır yıxıla…

…onların bulanıq yazılarından.

Amma

sonuncu narkoman

divarda təzə,

qanla yazılmış adından

öncə qeyb oldu…

Burdan çıxmaq istərdim…

Dənizdə sakitlik,

dinclik tapıb

yuxuya qərq olardım,

sularda azardım...

İsayadan, Kabiradan,

Ansaridən, Uitmendən...

kimdən olursa-olsun,

bir neçə söz yazardım

kif atmış bu divarlara;

Öz sözlərimi

yazdım, amma

barmaqlarımdan axan

qanla…

Bu bir alın yazısıdı,

axı mən kiməm?

İnnən belə,

ömrümün sonuna qədər,

onları oxumağa məhkumam…

Razı olub

uf deməzdim ölümə,

sirr kimi saxladığım bu sözləri

gətirməzdim dilimə…

Qaranlıq

anlaşılmaz qaldı mənə,

yaşadığım ömürlərdən biri

yazılmamış kitabın dərinliyində

qayğısızlıq arzularıyla

boğulmuş, qapanmış,

kömür-kömür yanmış

usanmış…

Qəribə, sirli hönkürtü səsi

dəydi qulağıma,

qayıtdım ötən günə – dünənə...

İti yazan dırnaqlarım sındı…

Qoy ölülər

öz ölülərinin

dərdini çəksin,

onların mərhəmətindən

mənə nə?!

 

 

XEYİRXAH NİYYƏT

 

Qara qayanın üstündə

tənhayam, təkəm.

Sümüyümə,

iliyiməcən təkəm,

İki yol ayrıcında

donub qalmışam.

Başım suallarla dolu…

Amma yenə,

öz yolumu seçirəm,

öz getdiyim yolu.

Tənhayam, təkəm,

Qəbirtək açılmaz

sirli qaya,

Tək-tənha

qərib biçimdə

özümü

bu qayanın içinə bükəm…

Ancaq gec-tez

darıxan ruhum

qara qayaya tapınacaq…

Açılacaq qara qaya,

məni içinə alacaq

və qapanacaq,

İnsan ömrü heçdi…

Bax indicə

məndən aşağıda

bir cüt maral keçdi –

iti sürətlə,

dırnaqlarıyla

daşları dağıda-dağıda.

İstərdim qəbrim üstdən

bayquş uçsun,

qanadlarının kölgəsi

qəbrimi qucsun…

Elə hey düşünürəm,

Düşünüb, üşünürəm:

mənim yazıq İudam

tək-tənha veyillənir

sərsəmləyir təklikdə.

Nə qədər ki, 

yarası açılmayıb,

Ağrı-acısı 

içinə yığılacaq,

belindən kəmər düşüb,

parça-parça dağılacaq.

Eh!

Cenni, Cenni…

Bir tək sənə bağışladım

bu talesiz kitabı.

Əvəzində

məni üzü həyata döndər...

heç olmasa,

yazı yazmağa yenə

quş lələyi göndər.

İnan mənə!

Bir kimsəyə

vermərəm onu,

səndən başqa

kim anlayar axı bu şeiri?

Tüpürüm hər şeyə,

elə onlara da…

Necə başa düşər axı

onlar bu şeiri?

Necə anlasınlar

səni, ya məni.

Odur ki, bax beləcə, –

diz-dizə,

göz-gözə

səbr eləmək qalır bizə.

Şeirlər bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 2/2014 nömrəsində çap olunub

  

DİGƏR MƏQALƏLƏR