MƏKTUBLAR
Rilke, Svetayeva və Pasternakın məktublaşması

Ədəbiyyat tarixində, ədəbi si­ma­ların həyat tarixçəsində epistolyar janr – məktub­laş­malar xüsusi əhəmiyyət daşıyır. Söhbət dahi­lər­dən gedəndə mənzərə daha da rəngarəng olur, min bir çalarıyla göz önünə gəlir.

XX əsr Avropa poeziyasının üç nəhəngi – Rilke, Svetayeva və Pasternakın məktublaşmaları təkcə onların iç dünyalarını, poetik baxışlarını ifadə etməsi baxımından yox, həm də o dövrün ab-havasını bu günümüzə daşıması baxımından maraq doğurur. O məktubların hamısı əslində gələcəyə – bizlərə, bizlərdən də o yana yazılmış məktublardı. 1926-cı ilin əvvəlində bu üç şairi bir-birinə bağlayan tellərin çox zaman faciəvi səbəblərdən olduğu onların yazış­ma­larından da açıq-aydın görünür. Həmin vaxt 50 yaşında olan Rilkenin (1875-1926) yanında Pasternak da (1890-1960), Svetayeva da (1892-1941) çox cavandılar və tale Rayner Mariyanı ağır imtahana çəkmişdi… O heç kəsə bildirmədən mübtəla olduğu amansız xəstəliklə mübarizə aparmaqdaydı. Bu dövrdə, yəni 1920-ci illərin ortalarında 1914-cü ildən başlayan, 1917-ci ildə Rusiyada Oktyabr inqilabını, sonra isə vətəndaş müharibəsini də özüylə gətirən I Dünya müharibəsinin ağrı-acıları hələ çəkilib getməmişdi. Rusiya əsilzadələri, ictimai-siyasi xadimləri və ziyalılarının böyük bir hissəsi, o cümlədən Marina Svetayeva Avropada mühacirətdə yaşayırdı.

Müharibənin acı yelləri Rusiya çöllərindən Avropanın o başınacan böyük bir ərazidən çox şeyi, bunların içində də poeziyanı alıb aparmışdı. Poeziya sanki göyə çəkilmişdi. Belə bir vaxtda Rilkenin varlığı, Svetayevanın dediyi kimi, “poeziyanın özü”nün varlığı, canlı olması, ayaq üstdə durması demək idi. Və belə bir zamanda bu üç şairin bir-biriylə tanışlığı və yazışması əsl poeziyanın küllər altından üzə çıxması, cücərməsi kimi bir şeydi.

1899-cu ildə ədəbi aləmdə o qədər də tanınmayan Rilkenin Rusiyaya ilk səfəri baş tutur. Avropa ilə müqayisədə daha çox öz təbiiliyində qalan Rusiya şairə nağıllar ölkəsi kimi xoş təsir bağışlayır. O, Moskvada Pasternakın atası rəssam Leonid Osipoviçlə tanış olur, Tolstoyla görüşür. Rus dilini öyrənmək həvəsinə düşür. Dostoyevski, Çexov, Tolstoy kimi yazıçıları orijinaldan oxumağa çalışır.

1900-cü ilin yayında Moskvada Kursk vağzalında ailəsiylə Odessaya getmək istəyən Leonid Osipoviç təsadüfən Rilke ilə rastlaşır və bu görüş balaca Borisin yaddaşında ömürlük yaşayır.

Svetayevanı Rilke ilə Pasternak tanış edir (təbii ki, məktub vasitəsiylə). Nə Svetayeva, nə də Pasternak (10 yaşında gördüyü xaric) Rilke ilə görüşə bilmir.

Həm Svetayeva, həm də Pasternak Rilkedə dövrün “ruhsuzluğuna” qarşı dura biləcək poetik bir potensial, ecazkar bir güc görürdülər. 1920-ci illərdə yaradıcılıq böhranı keçirən Pasternakı müəyyən mənada yenidən poeziyaya qaytaran da Rilke olur.

Marina Svetayeva ilə Pasternakın tanışlığı daha əvvəllərdən başladığı kimi, yazışmaları da 1926-cı ildən 3-4 il əvvəllərə gedib çıxır. Onların bir-birinə yazdıqları məktubların (xüsusilə Svetayevanın Pasternaka) sayı kifayət qədər çoxdur. 

Hər üç şairin “məktub üslubu” – əgər belə demək mümkünsə –şeirlərindəki döndərmələr qədərində qəlizdir. Svetayeva Pasternakın atası Leonid Osipoviçə məktubunda yazırdı: “Onun (Boris Pasternak nəzərdə tutulur – tərc.) yazdığı məktublar şeirlərindən heç də “asan” deyil”.

Rilke, Svetayeva və Pasternak arasındakı yazışmaların, onları bir-birinə bağlayan səbəblərin başında Pasternakın atası Leonid Osipoviç Pasternakın köhnə tanışı Rayner Mariya Rilkeyə 20 illik fasilədən sonra yazdığı təbrik məktubu gəlir. 

L.O.Pasternak – Rilkeyə

Berlin, 8 dekabr 1925
 
Əziz və çox hörmətli cənab Rayner Mariya Rilke! 
…Mənim əziz şairim, o vaxtlar bir-birimizlə yazışdığımız rus dilini hələ unutmamısız ki? Unutmamısınızsa, bundan sonrasını rusca yazacağam. (L.O.Pasternak Rilkeyə məktubunu almanca yazmışdı – tərc.)
İndi əfsanəyə, nağıla dönən köhnə, əsrarəngiz Moskva hələ xatirinizdədirmi? Tolstoy, onun evi, Yasnaya Polyana necə? Romanın o sehrli, isti, qaranlıq gecəsi Borqeze yaxınlığındakı malikanədə bir xeyli adamın içində “İqor polku haqqında dastan” barədə söhbətimiz yadınızdadı? İsveçrə qatarına minərkən təsadüfən, həm də son dəfə rastlaşdığımızı xatırlayırsız?.. Bu, bizim son görüşümüz idi.
Bizi Avropa və mədəni dünyadan qoparan inqilab illərində, rus həyatının o dəhşətli dövründə hamımız  – yəni mən və ailəm sizin ölüm xəbəriniz barədə şayiələri eşidəndə ürəkdən acıdıq, göz yaşı tökdük.
Kaş bilsəydiniz, mənim uşaqlarım Sizin şeirlərin hər bəndini, hər misrasını nə qədər çox sevirlər! Ələlxüsus da, böyük oğlum Boris – Rusiyada ən çox şöhrət qazanan və dəyərləndirilən gənc şair – Sizin odlu pərəstişkarınız, Sizə qəlbən bağlı olan və qədir-qiymətinizi bilən, özünü Sizin şagirdiniz sayan, Rusiyada hələ tanınmadığınız vaxtlar yaradıcılığınızı təbliğ edən birisidir. 
Xaricə gedəndə eşitdik ki, şükür Allaha, Siz sağ-salamat və yaradıcılığınızın çiçəklənən çağındasınız. Nə qədər sevindik, ilahi! İndi Siz harda yaşayırsız, xanımınız necədir? 1921-ci ildə xaricə getməyin rəsmi şəkildə mümkün olduğu vaxt mən həyat yoldaşım və qızlarımla birlikdə Berlinə gəldim. Qızlarım burda universitet təhsillərini başa vurmaqda, mən isə öz işimdəyəm – əsasən portretlər çəkirəm. İki oğlum Moskvada qaldı. Əgər nə vaxtsa Berlinə gəlsəniz, Siz Allah, mənə xəbər verin, neçə ki sağam, istəyirəm Sizin portretinizi işləyəm. 
Bir daha Sizə Tanrıdan uğurlar diləyir, neçə belə illər arzulayıram. Səmimi salamlarımı, həm də təbriklərimi sevimli xanımınıza çatdırmağı rica edirəm. Hər şey könlünüzcə olsun! 
Sizi sevən L.Pasternak.
L.Pasternakın məktubu Rilkeyə o vaxtlar tez-tez müalicə olunduğu Val-Mon sanatoriyasında yetişir. Rilkenin cavab məktubunda artıq faciəvi notlar sezilməyə başlayır: bu dövrdə şairin mübtəla olduğu leykoz – ağ qan xəstəliyi ona həm mənəvi, həm də fiziki cəhətdən əziyyət verirdi. Bütün xəstəliklərinə etinasız yanaşan, həkimsiz keçinən Rilke bu sıxıntılarının səbəbini öz asket, tərki-dünya həyat tərzində, tənhalığında görürdü. Bu barədə sonralar Svetayevaya yazmışdı.
  
Rilke – L.O.Pasternaka

İsveçrə, Val-Mon, 
14 mart 1926
 
Əzizim Leonid Osipoviç Pasternak!
Yox, mən Sizə rusca yaza bilməyəcəyəm, ancaq məktubunuzu oxudum. Rus dilini tamam yadırğasam (bu dil hələ çox yaxşı yadımdadı, ancaq təəssüf ki, ona nadir hallarda qayıdıram), hətta bu dili tamam unutsam belə, Sizin məktubunuzu oxumaq elə gözlənilməz və böyük bir sevincdir ki, əvvəl bildiyim nə vardısa hamısını bir anlığa mənə qaytara bilər; istənilən şəraitdə, istənilən dildə bu şanlı məktubu anlaya bilərəm, möhtərəm dostum. Bir də Sizi əmin etmək istəyirəm ki, məktubunuzda yadıma saldıqlarınızın hamısı mənimçün həmişə doğma, dəyərli və müqəddəs olub, əbədiyyən ömrümün, həyatımın bir parçasına çevrilib!
Bəli, hamımız çox qarğaşalardan keçməli olmuşuq, illah da sizin ölkə… Siz və Sizin kimi sədaqətli insanlar vətəninizi ancaq ona görə tərk etdiniz ki, köhnə Rusiyanın gizlində qaldığı indiki dövrdə ona sadiqliyinizi qoruyub saxlayasız. 
Əziz Leonid Osipoviç, mən bunu böyük bir həyəcanla keçən il Parisdə hiss elədim: orda mən köhnə rus dostlarımla görüşdüm, yeniləriylə dostlaşdım, ayrı-ayrı adamlardan oğlunuz Borisin erkən çağlarında şöhrət qazanması barədə xəbərlər eşitdim. Parisdə olanda axırıncı dəfə oxumaq istədiyim onun gözəl şeirləri oldu. (İlya Erenburqun çap elətdirdiyi kiçik həcmli bir antologiyada – təəssüf ki, sonra mən onu rus rəqqasəsi Mila Sirula hədiyyə elədim, ona görə “təəssüf” deyirəm ki, bundan sonra neçə dəfə onları təkrar oxumaq istədim.) İndi məni bir xəbər həyəcanlandırır: yəni adi Boris yox, yeni nəslin artıq ictimaiyyət tərəfindən tanınmış şairi mənimlə, mənim yaradıcılığımla maraqlanır... 
…1919-cu ildən mən İsveçrəyə köçmüşəm və indiyəcən burda, füsunkar Vallisdə, öz peyzajlarıyla İspaniyanı, ya da Provansı xatırladan 13-cü əsrə aid balaca, köhnə bir qəsrdə tamamilə tək-tənha yaşayıram, işim-gücüm bağçadakı qızılgüllərə qulluq eləməkdi. Bu “iqamətgahın” tənhalığı məni sıxanda hərdən Parisə, ya da İtaliyaya gedirəm. Hal-hazırda evdə deyiləm, ta dekabrdan Val-Monda sanatoriyadayam, nəsə səhhətim düzəlmir, əvvəllər, adətən, elə-belə keçib gedərdi. Ona görə cavabınızı bir az gecikdirdim (burdan, demək olar, heç kəsə məktub yazmıram). Ümidvaram ki, bunu oxuyandan sonra cavabı gecikdirdiyimə görə məni bağışlayacaq və bu barədə hər şeyi unudacaqsınız.
Bütün qəlbimlə hamınızı bağrıma basır və qucaqlayıram.
Sizin Rilke.
Rilkenin bu məktubunu alan ata Pasternak  dərhal oğlu Borisə məktub yazır. Rilkenin sağ olduğunu ona xəbər verir. Leonid Osipoviçin oğluna çatdırmaq istədiyi daha önəmli xəbər  isə Rayner Mariya Rilkenin onun şeirlərini oxuduğu və çox bəyəndiyi xəbəriydi.
Boris Pasternak həm Rilkenin sağ-salamat olması xəbərindən, həm də onun şeirlərini bəyənməsindən son dərəcə həyəcanlanır. Nə vaxtdan bəri düşüncə və qəlbini bürümüş qaramatdan qurtulur və ilk dəfə Rilkeyə məktub yazır.
 
 
L.O.Pasternak – Rilkeyə
12 aprel 1926,  Moskva
 
Vurğunu olduğum böyük şair!
Artıq iyirmi ildir ki, Sizə duyduğum sevgi, sayğı və heyranlıq hisslərimi var səsimlə bəyan etmək istəsəm, bilmirəm bu məktub harda qurtarar, yaşadıqlarımı nə dərəcədə əks etdirə bilər.
Mən xarakterimin əsas cizgilərinə və mənəvi həyatımda qazandıqlarıma görə Sizə borcluyam. Sizinlə indi cərəyan edən hadisələrin qaynaqlandığı, baş alıb gəldiyi, zamanın çox ötəsində qalan bir keçmişlə danışırmış kimi danışıram. Məni bir şair kimi tanımağınızın sevincindən özümdə deyiləm, təsəvvürümə gətirə bilmirəm ki, söhbət Puşkindən, Esxildən yox, məndən gedir.
Bu sətirləri yazarkən hiss edirəm ki, talelər arasında belə bir bağın qeyri-mümkünlüyü duyğusu öz ürəksıxıcı dirənişiylə mənə sirayət edir və izahata gəlmir. Diqqətinizi cəlb etməyim bir möcüzədir, bu, məni heyrətə saldı. Bu xəbər qəlbimdə elektrik kimi qığılcım saçdı. 
Hamı evdən getmişdi, mən otaqda təkbaşına atamla yazdığınız məktubdan bir neçə sətir oxuyub bu yerə çatanda özümü pəncərənin qabağına atdım. Qar yağır, yaxından adamlar keçirdi. Heç nə eynimə gəlmirdi, ağlayırdım. Oğlum dayəsiylə gəzintidən qayıtdı, sonra arvadım gəldi. Mən susurdum. Bir neçə saat ərzində bir kəlmə belə dilimdən çıxmadı.
Bu vaxta qədər poeziyanızdakı bitib-tükənməz, geniş və dərin lətafətə görə Sizə heyran olmuşam. İndi isə belə bir vaxtda xeyirxah bir niyyətlə qəfildən taleyimə qarışdığınıza görə Sizə minnətdaram. Bu təfərrüatlardan belə çıxır ki, mən Sizin diqqətinizə layiqəm, amma Siz özünüz bunu deməyincə heç vaxt belə fikirdə ola bilmərəm. Bu, həm də tarixin faciəli hadisələr zəncirini dərk etmək və onlar barədə danışa bilmək anlamına gəlir. Güman edirəm, bu da  mənim gücüm xaricindədir.
Bununla belə, öyrənməyi bacaran hər kəs bizim həyat təcrübəmizdən görüb-götürə bilər ki, böyük olan bilavasitə təzahür etdikdə öz əksinə çevrilir. O, əsl həqiqətdə öz böyüklüyünə rəğmən əhəmiyyətsizləşir, aktivliyini itirərək süstləşir.
Belə baxanda bizim inqilab da bu cürdü – meydana çıxdığı gündən ziddiyyətlərlə doludu: durğun və qorxunc bir diqqətçəkicilik görkəmində zamanın axarını dəyişmək… Bizim taleyimiz də belədi: durğun, qısa, tarixin qaranlıq və qeyri-adi müstəsna olaylarından asılı, ən xırda və gülməli təzahürlərdə belə faciəvi…
…8 il sürən uzun bir vaxt ərzində o dərəcədə bədbəxt idim ki, ən kədərli vaxtımda belə inqilabın pardaqlanan tragizmi yaddaşıma həkk olunmuşdu. Mən qətiyyən yaza bilmirdim, iradəsiz, özümdən asılı olmadan yaşayırdım. Hər şey artıq 1917-1918-ci illərdə yazılmışdı. 
İndi isə mən sanki yenidən doğulmuşam. Bunun iki səbəbi var. Onlardan birincisi haqda artıq danışmışam. Minnətdarlıqdan, az qala, dilim tutulur, bu barədə nə qədər yazsam da, mənim duyğularımla onlar müqayisəyə gəlməz. 
İcazənizlə digər səbəbdən də danışım, üstəlik, bunlar bir-biriylə bağlıdır və söhbət Sizi məndən heç də az sevməyən şair xanımdan gedir. O şairdən ki, Sizin poetik tərcümeyi-halınızın bir parçasına çevrilə bilər.
Sizdən məlumat aldığım gün saxtakarlıqlan uzaq, doğru-dürüst yazılmış bir poema da aldım. SSRİ-də bizim heç birimiz daha bu cür yaza bilmərik. Bu, günün ikinci sarsıdıcı hadisəsiydi. O, Marina Svetayevadı, anadan­gəlmə böyük istedada malik, poetik tərziylə Debord-Valmora yaxın olan şair. Hal-hazırda Parisdə mühacirətdədi. Mən istərdim (Allah xatirinə, bu ədəbsizliyimə və Sizi usandırdığıma görə məni bağışlayın), arzu edərdim ki, mənə bəxş etdiyiniz sevincdən bir az da o dadsın. Avtoqraflı bir kitabınızı, eləcə adını eşitdiyim “Duinez ağıları”nı ona göndərsəniz, təsəvvür eləyirəm, bu onunçün nə demək olar… Lütfən, məni bağışlayın! Ancaq çərxi dönmüş dünyada bu dərin və uzun sürən təsadüfi, gözqamaşdırıcı sevinc içində belə təsəvvür etmək istəyirəm ki, həqiqət məhz bu sınıqlıqda, bu dönüklükdə mövcuddur. İnanıram ki, xahişim əməl olunacaq bir işdir və onun mənası var. Kiminçün, niyə? Bunu deyə bilmərəm. 
İcazə verin, Svetayeva ilə bağlı xahişimə müsbət cavab verəcəyinizə inanım. Bu, gələcəkdə də Sizə məktub yazacağımın bir işarəti olacaq…
Mən Sizi poeziyanın sevildiyi qədər, sevilməsi lazım olduğu qədər sevirəm… Sizi sevirəm və bununla fəxr edə bilərəm ki, Sizi nə mənim, nə də artıq haqqında danışdığım ən böyük və yəqin ki, yeganə dostum Marina Svetayevanın məhəbbəti aşağılamır.
Əgər Siz öz əlinizlə yazacağınız bir neçə sətirlə məni xoşbəxt etmək istəsəniz, yenə də Marina Svetayevanın ünvanından istifadə etməyinizi xahiş edirəm. Çünki İsveçrədən gələn poçtun bizə çatacağına ümid yoxdu.
Sizin Boris Pasternak.
 
Boris Pasternakla Marina Sveta­ye­va­nın tanışlığının qəribə bir tarixçəsi var. I Dünya müharibəsi və inqilab illərində onlar elə-belə, “atüstü” tanış olmuşdular. Bu barədə Pasternak sonralar belə yazırdı: “İnqilabın ilk vaxtlarında başqalarıyla yanaşı onun da şeir oxuduğu bir ədəbi gecədə mən də iştirak edirdim. Hərbi kommunizm zamanı bir qış günü hansı bir tapşırıqlasa onun yanına getmişdim, mən nəsə elə-belə şeylərdən danışdım, cavabında da boş-boş şeylər eşitdim. Svetayeva  mənə çatmadı”.
1922-ci ildə Svetayeva, uzun ayrılıq­dan sonra, Berlinə ərinin yanına gedir. Bu arada Pasternak onun bir il öncə çapdan çıxmış “Verstı” kitabını oxuyur, təsir­lənərək Svetayevaya həyəcan dolu uzun bir məktub yazır. Onlar arasında ilk yaxınlıq burdan başlayır. Pasternak Svetayevanı öz dövrünün ən istedadlı şairlərindən biri sayır, Rilkeyə yazdığı ilk məktubunda Svetayevanı da ən yaxın dostu kimi onunla tanış etmək istəyir. Svetayeva-Pasternak məktublaş­mala­rın­da hər iki şairin bir yerdə Rilkenin ziyarətinə getmək arzusu ifadə olu­nur. 1926-cı ilin 22 may tarixli Rilkeyə məktubunda Svetayeva Pasternakın bu cümləsini sitat gətirir: “Bu dünyada səninlə mən neyləyə bilərik? Rilkenin yanına gedə bilərik”. 
3 aprel 1926-cı ildə Pasternak Svetayevaya bir sorğu  anketi göndərir. Və ona istədiyi formada cavab verməsini xahiş edir. Bu anket XX əsr yazıçılarının bioqrafik lüğətini hazırlamaq məqsədilə inqilabi ədəbiyyat kabineti tərəfindən tərtib edilirdi. Svetayevanın cavabları onun həyatını, ədəbi və ictimai-siyasi baxışlarını ifadə etdiyindən maraq doğurur. Bu həm də Svetayevanın Pasternaka, ümumiyyətlə, ədəbi aləmə məktubudur.
  
Marina İvanovna Svetayeva – 
26 sentyabr 1892-ci ildə Moskvada doğul­mu­şam. İctimai mənşəyim – zadəgan.
Atam – Vladimir quberniyası ruhanisinin  oğlu, Bolon universitetinin professoru, filoloq, əvvəl Kiyev, sonra isə Moskva universitetində mədəniyyət tarixi professoru, Rumyantsev muzeyinin direktoru, 1913-də Moskvada vəfat etdi. Min bir əziyyətlə yığdığı kitabxanasını, bir kitab belə götürmədən Rumyantsev muzeyinə bağışladı.
Anam – Polşa knyazları soyundan, Rubinşteynin tələbəsi, xüsusi musiqi istedadı olan xanımdı. Tez öldü. Şairliyim ondan gəlir. O da kitabxanasını (həm özünkünü, həm də babasınınkını) muzeyə verdi. Erkən uşaqlığım Moskva və Tarusada keçdi. 10-13 yaşlarımda (anamın ölümündən sonra) xaricdə yaşadım, 17 yaşımda yenidən Moskva… Rus kəndində heç vaxt yaşamadım.
Başlıca təsirlər – anam (musiqi, şeir, Almaniya. Yəhudilik ehtirası. Təkbaşına hamıya qarşı). Daha çox gizli olsa da atamın təsiri anamınkından heç də az olmayıb (əməyə həvəs, karyerizmə yad olmaq, sadəlik, mühitdən təcrid olmaq bacarığı). Ata və anamın bir-birinə  qarışmış təsiri – məhrumiyyətlərə dözən, sadəliyi sevən adam. Bir evdə iki leytmotiv: musiqi və muzey. Evin havası burjua yox, intelligent-cəngavər havasıdı. Səviyyəli bir həyat.
Mənəvi olayların sürəkliliyi: erkən uşaqlıq çağı – musiqi, 10 yaş – inqilab və dəniz (Nervi – Genuyanın yaxınlığındakı mühacir yuvası), 11 yaş – katoliklik, 12 yaş – ilk dəfə vətən duyma (“Varyaq”, Port-Artur), 12 yaşdan indiyəcən – 1905-ci ildə Spridonova və Şmidt tərəfindən təzələnmiş Napoleoniada, 13-15 yaşlarımda – narodovolçuluq, “Znamya” dərgisi… Tarasovun şeirləri, 16 yaş – ideyalardan qopma, Sara Bernara məhəbbət (“Orlyo­nok”), bonapartizm partlayışı, 16 yaşdan 18 yaşacan – Napoleon, fransız və alman şairləri (Viktor Hüqo, Beranje, Frederik Mason, Tyer, memuarlar…)
Sevimli kitablar ardıcıllığı (hərəsi bir dövrü ehtiva edir): Undina (uşaqlıq), Lixtenşteyn (yeniyetməlik). Rostanın “Qartal balası” (ilk gənclik). O vaxtdan indiyəcən: Heyne – Höte – Gölderlin. Rus yazıçılarından – indikilərdən deyirəm – Leskov və Aksakov. Rus şairlərindən – Derjavin və Nekrasov. Müasirlərimdən – Pasternak.
Uşaqlığımda çox sevdiyim şeirlər – Puşkinin “Dənizə doğru” və Lermontovun “Qaynar açar”. Puşkinin “Qaraçı”sını 7 yaşımdan indiyəcən dəlicəsinə sevirəm. “Yevgeni Onegin”dən heç vaxt xoşum gəlmədi. 
Dünyanın sevimli kitabları: “Nibelunqlar”, “İliada”, “İqor polku haqqında dastan”.
Sevimli ölkələr: qədim Yunanıstan və Almaniya.
Təhsilim: 6 yaşda – musiqi məktəbi, 9 yaşda – IV qadın gimnaziyası, 10 yaşda – heç nə, 11  yaşda – Lozanda katolik pansionu, 12-də – Şvarsvaldda katolik pansionu, 13-də – Yalta gimnaziyası, 14-də – Moskvada Alfyo­rova pansionu, 16-da – Bryuxanenko gimnaziyası, VIII sinifdən çıxdım.
16 yaşımda Sarbonnada qədim fransız ədəbiyyatı kursunun dinləyicisi olmuşam…
6 yaşımdan şeir yazıram. 16 yaşımdan çap olunuram. Fransız və alman dillərində də yazıram.
İlk kitabım – “Axşam albomu” gimnaziyada oxuyarkən özüm nəşr etdirmişəm. İlk rəy – Maks Voloşinin böyük təbrik məqaləsi. Ədəbi təsir tanımıram, tanıdığım insani təsirdi.
Sevdiyim yazıçılar: Rilke, R.Rollan, Pasternak…
Heç bir siyasi və poetik cərəyana mənsubiyyətim yoxdu və olmayıb. Moskvada sırf məişət məsələsi səbəbindən Yazıçılar İttifaqının üzvü olmuşam.
Dünyada sevdiyim şeylər: musiqi, təbiət, şeir, tənhalıq.
İctimai işlərə, teatra, plastik sənətə, seyrçiliyə tamamilə laqeydəm. Sahiblik duyğularım uşaqlar və dəftərlərdən o yana keçmir.
Bir lövhə olsaydı, “mərhəmət eləmə” yazardım.
Həyat – vağzal, tezliklə gedəcəm, hara? – demirəm.
Marina Svetayeva
  
  
Rilke – L.O.Pasternaka
  
Əzizim Boris Pasternak!
Sizin istəyiniz dərhal yerinə yetirildi, məktubunuzdakı səmimiyyət məni quş qanadlarının yellədiyi hava kimi vurdu: “Ağılar” və “Orfeyə sonetlər” artıq şairin əlindədir! Həmin kitabları Siz də alacaqsınız. Möcüzəli bir şəkildə öz gözünüzdə məni bu qədər böyütmüsünüz, bunu mənə hiss etdirdiyinizə və yaşatdığınıza görə bilmirəm təşəkkürümü necə bildirəm. Öz könlünüzdə mənə o qədər yer ayırmısınız ki, bu, Sizin səxavətli qəlbinizin ucalığıdır. Bütün xeyir-dua­lar və Tanrının mərhəməti üstünüzdə olsun!
Bağrıma basıram. 
Sizin Rilke
 
 
Pasternak bu məktubu ömrü boyu saxlayıb, uzaq səfərə çıxanda belə onu özüylə götürüb. Şairin oğlu Yevgeni yazır ki, “1960-cı ildə atam öləndə bu məktubu üzərində “Ən qiymətli” sözləri yazılmış zərfdən çıxardıq”. Zərf isə Pasternakın dəri portmanatının içində, pencəyinin cibindəymiş.
Boris Pasternakın məktubundan sonra Rilke Sevatayevaya iki kitabını göndərir və ona ilk məktubunu yazır.
  
  
Rilke – Svetayevaya
Val-Mon, 18 may 1926  
Əziz şair!
İndicə Boris Pasternakın sevincdən aşıb-daşan, məni valeh eləyən məktubunu aldım. 
Onun yazdıqlarının içimdə doğurduğu həyəcan və buna qarşılıq təşəkkürlər (onun sətirlərindən anladığıma görə) mən tərəfdən əvvəlcə Sizə, sonra isə Sizin vasitənizlə ona çatmalıdır! Bu məktubun ardınca Sizə göndəriləcək iki kitab (çapdan çıxan sonuncu kitablarım) şəxsən Sizinçün nəzərdə tutulub. Sizə məxsusdur. Ondan sonra isə əgər qalıbsa, iki kitab da Boris Pasternaka göndəriləcək – güman edirəm ki, senzura onları buraxacaq.
Onun yazdığı sözlər öz gücü və dərin mənasıyla məni elə sarsıdıb ki, bu gün bundan başqa heç nə deyə bilmirəm: zərfin içindəki ikinci məktubu bir təbriknamə kimi Moskvaya – dostunuza göndərərsiz.
Ayrı nə deyim? Bilirsiz, düz 26 ildir ki (Moskvada olduğum vaxtdan), Borisin atası Leonid Osipoviç Pasternakı sadiq dostla­rımdan biri hesab edirəm. Uzun-uzadı bir fasilədən sonra bu qış (qışın lap əvvəli) Ber­lin­dən – ondan məktub aldım və cavab yaz­dım. Yenidən tapışdığımıza çox sevindim. Hələ Leonid Osipoviç yazmamışdan bilirdim ki, onun oğlu güclü bir şair kimi özünü təsdiq edib. Mən Parisdə olarkən dostlarım onun şeirlərindən bir neçəsini mənə verdilər, onları böyük bir həyəcan hissiylə oxudum. (Mən hələ də rusca elə bir çətinlik çəkmədən oxuya bilirəm.) Ötən il səkkiz aya yaxın Parisdə qaldım, bu müddət ərzində düz 25 il görmədiyim rus dostlarımla yenidən görüşdük. Bəs niyə – özümdən soruşuram – Mariya İvanovna Svetayeva, Sizinlə görüşmək mənə nəsib olmadı? İndi, Boris Pasternakın məktubundan sonra, inanıram ki, bizim görüşümüz hər birimizə dərin və mübhəm bir sevinc gətirərdi. Görəsən, nə vaxtsa bu, bizə qismət olacaqmı?
Rayner Mariya Rilke
 
 
Bu məktubdan sonra Marina Svetayeva ilə Rilke arasında qısqanclıq həddinə çatan yazışmalar başlayır. Marina Svetayeva onu Rilke ilə tanış eləyən dostu Pasternakı belə Rilkeyə qısqanırdı.
  
  
Svetayeva – Rilkeyə
9 may 1929   
  
Rayner Mariya Rilke!
Mən sizə bu cür müraciət edə bilərəm? Siz – poeziyanın canlı təcəssümü – bilməlisiz ki, təkcə adınız belə şeirdir…
Siz mənimçün ən sevimli  (“ən sevimli” – dərəcədir) şair deyilsiniz, Siz təbiət hadisəsisiniz. Elə bir təbiət hadisəsi ki, onu özününküləşdirə bilmirsən və onu sevmirsən, bütün varlığınla hiss edirsən. Siz beşinci duyğunun təcəssümü, poeziyanın özüsünüz...
Sizdən sonra nə qalır şairlərə? Şair ustadlardan birini (deyək ki, Höteni) ötə bilər, ancaq sizi ötmək poeziyanın özünü ötmək olardı. Şair odur ki, həyatı ötüb keçir.
Siz gələcək şairlər üçün həlli mümkün olmayan məsələsiniz. Sizdən sonra gələn şair Siz olmalıdır, yəni Siz yenidən doğulmalısız…
Rayner, mən səndən nə istəyirəm? Heç nə. Hər şey. İstəyirəm həyatımın hər anında başımı qaldırıb məni qoruyan (xata-bəlanı sovuşduran daşlaşmış mələk misalı) dağlara baxdığım kimi sənə baxmağa müsaidə edəsən.
Neçə ki səni tanımırdım, bunu bacarırdım, indi səni tanıyandan sonra mənə müsaidən lazımdır.  
Çünki mənim ruhum yaxşı tərbiyə olunub.
Sənin məktubunu okeanın sahilində oxu­dum, okean da mənimlə bərabər oxudu, biz birlikdə oxuduq. Darılmırsan ki, o da oxudu? Başqası olmamalıdı, çünki mən çox qıs­qan­cam (səni qısqanıram).
Marina Svetayeva
XX əsrin üç nəhəng şairi – Rilke, Pasternak və Svetayevanın 1926-cı il ərzində davamlı məktublaşmaları həm onların poeziyaya münasibətində, həm də öz aralarındakı qarşılıqlı münasibətlərdə olduqca maraqlı məqamları üzə çıxarır. Svetayevanın Rilkeyə olan böyük sevgisi Rayner Mariyanın həyatının son günlərində bu üçlük arasında, daha doğrusu, Pasternakla bağlı bir sərinlik də yaradır. 
Svetayevanın Rilkeyə məktubundan sətirlər:
“Dinlə, Rayner, sən bunu lap əvvəldən bilməliydin. 
Mən pisəm. Boris yaxşıdı. Məhz pis olduğuma görə susurdum… Birdən belə bir şikayət (Pasternakın məktubu nəzərdə tutulur – tərc.): “Nədən məni uzaqlaşdırmaq istəyirsən? Mən ki onu (Rilkeni – tərc.) səndən az sevmirəm”.
Hansı hissləri keçirdim? Peşmançılıq? Yox. Heç vaxt. Qətiyyən. Heç nə vecimə gəlmədi, ancaq bu yandan da fəaliyyətə başladım. Sənin ilk iki məktubunun üzünü köçürüb göndərdim ona. Neynim axı, Rayner, mən pisəm, lap Allahın özü də olsa, heç kəslə şərik olmaq istəmirəm…
“Sevin, deyir, ruhum dodaqlarıma, sevin, tezliklə hər şey bitəcək!” Bir ağacı, ya bir adamı qucmaq eyni şeydi mənimçün. Mövcudiyyət.
Bu, işin bir tərəfi. İndi başqa tərəfi: Səni Boris mənə ərməğan elədi. Bu hədiyyəni aldığım vaxtdan onun tək sahibi olmaq istəyirəm. Bu, son dərəcə haqsız və əzabverici bir davranışdı ona qarşı. Sənin məktublarını buna görə yolladım ona. 
…Rayner, dünən bulud gəlirdi, evdən çıxdım ki, sərgidəki ağları yığım. Əsən yeli – yeli yox, Quzeyləri ağuşuma aldım. (Sabah bu, Güney olacaq!) Mən onu içəri aparmadım, qaldı evin astanasında. O, içəri girmədi, amma gözümə yuxu gedən kimi məni qoynuna alıb özüylə dənizə apardı.
“Bircə işarə də yetər bizlərə”.
Bir də sevənlər barədə…
“Ay işığı altında səssiz, upuzun bir yol…”
Bütün bunların hamısı ancaq bu deməkdi: “Mən səni sevirəm”.
Əzizim! Sənə bir söz ərməğanım var, ola bilər, Mariya, bəlkə də sən onu bilmirsən.
“Ağrı haqq sözdü, ağrı  məhrəm sözdü, ağrı rəhmli sözdü”.(Müqəddəs Kuniqunda. XIII əsr)
Bu məktubu oxuyarkən sığallayacağın birinci it mən olacam. Onun baxışlarına diqqət yetir”. 
Pasternakla Svetayeva arasında ilk münasibətlər 1920-ci illərin əvvəlindən başlayır. 1922-ci ildə Svetayevanın şeirlərindən vəcdə gələn Pasternak ona məktub yazır.  Bu vaxt Marina xaricdə – Praqada yaşayırdı. O vaxtdan bir-birlərinə yaxınlaşır, həm poeziya barədə baxışlarını, həm də sevgilərini bölüşməyə başlayırlar. Pasternak və Svetayeva arasındakı dostluq və həqiqi sevgi onların bir-birinə yazdığı şeirlərdən tutmuş məktublarına qədər hər yerdə özünü büruzə verir və Svetayevanın qızı Ariadna Efronun yazdığına görə, 1922-ci ildən 1935-ci ilə qədər davam edir. 20-ci illərin ortasında bu münasibətlər ən yüksək həddə çatır, sonra isə yavaş-yavaş kəsilmək dərəcəsinə gəlir. 
20 avqust 1955-ci il tarixli məktubunda M.Svetayevanın qızı Ariadna Efron Pasternaka yazırdı: “Anamın qeyd dəftərçələrində və qaralama dəftərlərində sənin haqqında çox şey var. Köçürdüb göndərərəm, yəqin ki, onların çoxundan xəbərin yoxdu. O, səni çox sevirdi, bütün ömrü boyu!..”
Marina Svetayevanın Rilkeyə məhəbbəti Pasternaka sevgiləri axarında ortaya çıxmışdı. Dilə-dişə düşən bu eşq Boris Pasternakla öz həyat yoldaşı arasında da söz-söhbətə səbəb olmuşdu.
29 fevral 1925-ci il tarixli məktubunda Svetayeva O.E.Çernovoya yazırdı: “Boris Pasternakla yaşaya bilmərəm. Bilirəm. Bu səbəbdən də, hər ikimiz və mən) səbəbindən də: Seryojanı1 qoyub get­mə­yin faciəvi mümkünsüzlüyü, ikincisi, on­dan az faciəvi olmayan sevgidən həyat dü­zəltmək, əbədiyyətdən günlər şəklində qam­qalaq qopartmaq… Boris Pasternakla yaşamağım mümkün deyil, ancaq ondan bir oğlum olmasını istərdim, istərdim ki, o, məndən doğulan həmin varlıqda yaşasın. Əgər belə olmasa, mənim həyatım, hə­ya­tı­mın mənası puç oldu deməkdi”.
  
Svetayevanın Pasternaka 10 iyul 
1926-cı il tarixli məktubundan: 
  
“…Nədi dünyanın leytmotivi?..
Güman ki, kişi leytmotivi!
Bir bədən olmağın mümkünsüzlüyü – bundan yanadı mənim gileyim. Qərq olmağın qeyri-mümkünlüyündən yana (“Əgər nə vaxtsa mən lap dibə ensəm…”)
…Boris, Boris, bir yerdə biz nə qədər xoşbəxt idik – Moskvada da, Veymarda da, Praqada da, bu dünyanın indi içimizə çökən hər guşəsində də. Sənin daimi “çıxıb getmə”lərin (mən belə görürəm bunu), bir də gizlincə sənin gözlərinlə uzanan baxışlar. Sənin həyatın – dünyanın bütün küçələrini dolaşıb qəfildən evə – mənim yanıma qayıtmaqdı. Bir yerdə qaxılıb qalmağa səbrim çatmır, sən də bacarmırsan bunu. Olsa, uyuşardıq bəlkə…
Mənimlə dolmuş ürəyini qopar yerindən, əzizim. Özünə əziyyət vermə. Yaşa. Arvadını və oğlunu pərt eləmə. Səni hər şeydən və hamıdan azad eləyirəm. Nə istəyirsən al götür – neçə ki, almaq istəyin var!
Yadına sal ki, qanımız bizdən uludur, illah da səndə – bir semitdə. Onun coşqunluğunu alma.  Bütün bunların hamısını lirik yox, epik ənginliklərdən götür…”
Svetayevanın Rilkeyə 14 avqust 1926-cı il tarixli məktubundan:
“…Əzizim Rayner, Boris daha mənə məktub yazmır. Sonuncu məktubunda belə yazırdı: “İçimdəki hər şey, iradədən başqa, “Sən” adlanır və Sənə məxsusdur”. “İradə” deyəndə hal-hazırda xaricdə olan arvadını və oğlunu nəzərdə tutur. Biləndə ki, onun ikinci “xariciyyəsi” var, yazdım ki, xaricdən iki məktub – yetər artıq! İki ölkə xarici olmur. Bir var ölkə daxilində, bir də var ölkədən xaric. Mən ölkə xaricindəyəm!..
Qoy o arvadına yazsın, arvadı da ona…”
“İm Frühling? Mir ist lang. Eher! Eher!”1  – Görüşmək barədə danışırdıq. Onun bu məktubuna cavab vermədim, sonra Bellevidən bir sətirlik məktub yolladım: “Rainer, was ist? Rainer, liebst Du mich noch?”2
Bu xəbər Pasternakın mənəvi dünyasını alt-üst edir, ən gözəl arzu və ümidlərini yarımçıq qoyur. 
5 fevralda Pasternak Svetayevanın bir fransız qəzetindən kəsib göndərdiyi, Rilkenin dəfnini təsvir edən qəzet məqaləsini alır.
3 fevralda isə Pasternak artıq bu xəbəri bilmişdi. Sarsıntısını bölüşmək üçün Svetayevaya üz tutmuş, aralarındakı yazışmanı yenidən bərpa etmişdi. Məktub bu sözlərlə başlayırdı:
“Əziz dostum! Bu məktubu sənə təsadüfən yazıram, sonra yenə susacağam. Sənin səbrinlə zarafat eləmək olmaz axı. Onun ölüm xəbərini alanda dumanlı pəncərələri ala­qa­ran­lığa qərq edən aramsız qar yağırdı… Nə qə­dər ağır olsa da, ikimizin necə yetim qaldığını təsəvvür edirsən? Yox, görünür, belə olmamalıdı – yazıqlığı tam boynuna götü­rən­də adam kiçilir. Mən lap heydən düşmüşəm. İndən belə uzun, təhqiramizcə  uzun ya­şa­ma­lıyıq – bu sənin də, mənim də borcumdu…”
Rilkenin ölümündən sonra Svetayeva ilə Pasternakın epistolyar romanı get-gedə arxada qalır. 31 dekabr 1929-cu ildə Svetayeva Pasternaka yazırdı: “Bizim hər məktubumuz sonuncudur. Biri – görüşə qədər sonuncu, o biri – həmişəlik sonuncu. Bəlkə ona görə az yazırıq ki, hər dəfə hər şey yenidən başlanır. Can həyatla qidalanır – burdasa canın qidası candı, özü-özünü yeməkdi, çarəsizlikdi… Vaxtım çatıncaya qədər Reyn xəzinəsi kimi,  Sən mənim içimə gömülüsən…”
25 yanvar 1930-cu il tarixli məktubunda Svetayeva sanki Pasternaka son sözünü deyirdi: “Bir-birimiz üçün həyat məsələsi olmaq nəsibimiz deyilmiş, Qiyamət günü mənim əvəzimə cavab verməyəcəksən ki…”
  
Tərcümə: Əhməd Oğuz

DİGƏR MƏQALƏLƏR