NOBEL KÜRSÜSÜ
Patrik Madiano

2014-cü ilin ədəbiyyat nominasiyasında Nobel mükafatı laureatı fransız yazıçısı və ssenaristi Patrik Modiano oldu.
69 yaşlı Modiano ədəbiyyat sahəsində Nobel mükafatını alan on birinci fransız yazıçısıdır.
Modiano bu mükafata "işğal dövründə insan talelərinin təsvirinə görə" layiq görülüb. İsveç Akademiyası Modianonun əsərlərini Marsel Prustun yaradıcılığıyla müqayisə edir: "Onun yaradıcılığında insanı valeh edən budur ki, bütün əsərləri bir-biriylə səsləşir, bir-birinin əks-sədasıdır və onları unikal edən də məhz budur. O, dövrümüzün Marsel Prustudur".
Modiano 1945-ci ildə Parisdə anadan olub. Onun ilk romanı "Ulduz meydanı" (1968) müəllifinə şöhrət gətirib. "Bulvar dairəsi" romanı (1972) Fransız Akademiyasının Böyük mükafatını, "Qaranlıq dükanlar küçəsi" romanı (1978) isə Qonkur mükafatını alıb.
Modiano həyatda qapalı, azdanışan və çox utancaq bir insandır. O, yığıncaqlardan, çıxışlardan qaçır, baxmayaraq ki, hər yeni kitabıyla yazıçıdan müsahibə almaq, onu televiziya verilişinə, mətbuat konfransına dəvət etmək istəyənlər çoxdur. Təbii ki, Modianonun oxucularına deməyə sözü var. Amma üzbəüz ünsiyyətdənsə, onlarla romanlarının səhifələrindən danışmağa üstünlük verir.
Onun əsərləri adi insanların yaddaşının keşiyində ayıq-sayıq durmuş əsgərə bənzəyir. Özü isə deyir ki, əlinə qələm alandan bəri eyni əsər üzərində işləyir və Nobel mükafatının ona verilməsi çox qəribə bir şeydir - "Niyə məni seçdilər, başa düşmədim..."

 

“HARDAN GƏLDİYİ BƏLLİ OLMAYAN 

SƏSLƏR”

Patrik Modianonun “Bülten Gallimar”a müsahibəsi

 

“Bülten Gallimar”: “Tanımadığımız qadınlar” triptix təşkil edən üç qadın monoloqundan ibarətdir. Nədən bu dəfə sözü qadınlara vermək qərarına gəldiniz?

Patrik Modiano: Mən yeni rakurs tapmağa çalışır, əvvəlki romanlarımdakı “mən”dən fərqli başqa təhkiyəçi tapmağa çalışırdım ki, rəvayətçi deyil, dinləyici olum. İstəyirdim oxucuda elə bir təəssürat oyadım, sanki hər dəfə radiodan səs eşidir – kimsə öz həyatından hadisə danışır və qəflətən veriliş kəsilir, ya da onu efirdəki yad səslər, xışıltılar pozur. Dinləyici əbəs yerə çalışır ki, radionun düyməsini hərləyib, dalğanı tapsın, hadisənin davamını öyrənə bilsin.

“B. G.”: Adətən, sizin qəhrəmanlar özlərinin, öz keçmişlərinin axtarışıyla məşğul olan insanlardır. İndi isə, deyəsən, bu axtarış yoxdur...

P. M.: Hər bir qadın həyatının bəlli parçasından söz açır, lakin oxucu nə bu qadınların kimliyini, nə onların adını bilir. Rəvayətçilər adsız qalır. Həmin bu üç mətni kiminsə makinada çap etdiyi şahid ifadələri kimi də oxumaq olar. Çap edib, lakin dindirilənlərin adlarını, soyadlarını göstərməyi unudub. Və artıq şəxsiyyəti müəyyən etmək mümkün deyil. 

“B. G.”: Bir zamanlar demişdiniz: “Mən anladım ki, keçmişi “diriltməkdə” gücsüzəm. Ondan yalnız fraqmentlər, pərakəndə epizodlar qalır”. “Tanımadığımız qadınlar”ı yaddaşın öləziməsi mövzusunda bir variasiya kimi qəbul etmək olarmı? 

P. M.: “Tanımadığımız qadınlar”da bizim qarşımızda məhz elə fraqmentlər, dağınıq epizodlar durur. Aydındır ki, hər qadın öz keçmişindən danışır. Amma bəlli deyil, onlar indi, öz hekayətlərini danışarkən hardadırlar və sonradan başlarına nə gəlib. Qısası, eyni zamanda həm çox yaxın, həm də uzaq olan bu səslərin hardan gəldiyi bəlli deyil. Və bütün bu əhvalatları qəhrəmanın sonrakı həyatıyla bağlamaq qeyri-mümkün olduğundan, adama elə gəlir ki, hər bir hekayə böyük buzlaqdan qopmuş, dalğalar qoynunda əbədilik tənha üzməyə məhkum bir buz parçasıdır.

“B. G.”: Hərdən xəyallar pərdəsi yırtılaraq, qəddar gerçəkliyin üzünü qismən açır – qəfil həbs, qətl. Bu nədir – reallığın kabusa çevrilməsi, yoxsa xəyalpərəst birisinə özünü kobud bir tərzdə xatırladan reallıq? 

P. M.: Mən düşünürəm ki, xəyallara dalanın rastlaşdığı elə reallıqdır və bu görüş onu hər dəfə qəddarcasına yuxusundan oyadır. Lakin hər üç epizod keçmişə aid olduğundan, o, “qəddar gerçəklik”də yuxu, ya da fantaziya cizgiləri tapır.

 

PATRİK MODİANO

Tanımadığımız qadınlar

 

Orijinaldan sətri tərcümə əsasında çevirdi: İlqar Əlfi

  

Bu il yaz həmişəkindən tez gəlib Son çayının sahillərini dumana bələdi, özüylə yağışlar və istidən qarsamış yarpaqlar gətirdi. Mən onda Furvyer təpəsinin ya­xınlığında, valideynlərimin evində yaşa­yır­dım. Özümə nəsə bir iş tapmalıydım. Yan­varda məni altıaylığına Krua-Pake meydanında yerləşən "Viskoza və ipək" şirkətinə makinaçı götürdülər və orda nə qazanmışdımsa, qəpiyinə kimi saxladım. Yayda elə o pula İspaniyanın cənubuna, Torremolinosa getdim. Onda mənim on səkkiz yaşım vardı və Fransanı ilk dəfəydi ki, tərk edirdim.
Torremolinos çimərliyində bir fransız qadınla tanış oldum, çoxdan əriylə burada yaşayırdı; adı Mirey Maksimoff idi. Effektli, gözəl, qarasaç bir qadındı. Onlar qaldığım otelin sahibiydilər. Mirey dedi ki, payızda uzun müddətə Parisə gəlmək istəyir, dostlarıgildə qalacaq; mənə ünvan da verdi. Alınsa, Parisdə ona mütləq baş çəkəcəyimi dedim.
Qayıdanda Lion mənə lap darıxdırıcı gəldi. Evimizin yaxınlığında, Sen-Bertelemi yamacının sağ yaxasında lazaret pansionu vardı. Təpənin döşündə tikilmiş bina cansıxıcı görkəmiylə küçə üzərində ucalırdı. Monastır divarındakı qapı mağara girişi kimi görünürdü. Mənim üçün Lionun həmin o sentyabr çağı elə lazaret monastırının divarı kimi bir şey idi. Payız günəşinin şüalarına həsrət qapqara divar. Belə dəqiqələrdə pansion adama tərk edilmiş, atılmış kimi gəlirdi. Lakin yağış yağanda bu divar məhbəs divarına oxşayırdı və həmin anlarda elə bilirdim ki, gələcəyə aparan yollarımı kəsir.
Bizimkilərin dükanında bir müştəri qadından öyrəndim ki, model evlərindən hansısa özünə maneken axtarır. Onun sözlərinə görə, ayda "Viskoza və ipək"dəkindən iki yüz frank artıq verirdilər. Mən bəxtimi sınamaq qərarına gəldim. Telefondakı qadın mənə amiranə tərzdə tapşırdı ki, gələn həftə, axşam saatlarına yaxın Qrole küçəsi, ev 4-ə gəlim.
Əvvəllər heç ağlıma gəlməsə də, özümü inandırdım ki, manekenlik peşəsinə yiyələnməliyəm. Bəlkə onda Liondan Parisə köçməyə müvəffəq ola bilərdim. Təyin olunmuş görüşün vaxtı yaxınlaşdıqca, canımı qorxu bürüyürdü. Bütün həyatım elə bil karta qoyulmuşdu. Öz-özümə deyirdim ki, əgər məni ora götürməsələr, belə bir fürsət əlimə bir də heç vaxt düşməyəcək. Görəsən, xırdaca olsa belə, şansım vardımı? Və bir də, görəsən, ilk görüş üçün necə geyinsəm yaxşıdır? Amma seçməli bir şey də yox idi. Yeganə gözəgəlimli paltarım boz ətək və ağ köynəkdən ibarət idi. Özümə alçaqdaban, tünd-göy ayaqqabı aldım.
Həmin günün ərəfəsində öz otağımda bəyaz köynək, boz ətək və tünd-göy ayaqqabımı geyib, şkafdakı güzgünün önünə keçdim və aynadakı əksi görüb, özümdən soruşdum ki, yəni hərəkətsiz donub qalmış bu qız mənəm? Bu sual məndə bir təbəssüm oyatdı, amma sabah taleyimin həll olunduğu yadıma düşən kimi, o da çəkilib getdi.
Gecikməkdən dəhşət qorxurdum, evdən təyin olunmuş vaxta bir saat qalmış çıxdım. Belkur meydanına çatanda yağış başladı və qaça-qaça özümü "Ruayyal" otelinin holluna saldım. Model evinə islaq başla gəlmək istəmirdim. Qapıçıya gop elədim ki, burda otaq tutmuşam, o da mənə çətir verdi. Qrole küçəsi, 4 nömrəli evdə mənə dedilər ki, salonda gözləyim - divarlarında boz ağac panelləri, döşəməyə qədər olan, iri pəncərələrində yenə boz ipəkdən pərdələri olan salon idi. Divar boyu qırmızı məxmər üzlüklü stullar düzülmüşdü. Yarım saat keçdi; başladım fikirləşməyə ki, yəqin məni unu­dublar. Stulların birində əyləşib, yağışın şırıltısına qulaq asırdım. Lüstrün parlaq ağ işığı vardı. Götür-qoy eləyirdim: bundan artıq gözləməyə dəyərmi? Amma o məqamda içəri təxminən əlli yaşında, saçları arxaya daranmış, yırtıcı baxışları olan, bığlı bir kişi girdi. O, tünd-göy kostyum və tünd rəngli zamşa ayaqqabı geymişdi. İndi də hərdən yuxularıma qonaq gəlir: qapını itələyib içəri girir, saçları da eynən elə otuz il qabaq olduğu kimi - qara...
  
  Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 2/2014 nömrəsində çap olunub
  

DİGƏR MƏQALƏLƏR