GÜMÜŞ DÖVRÜN ŞAİRLƏRİ
Svetayeva, Mayakovski

Marina Svetayeva Mayakovskinin ölümünə həsr etdiyi şeirlərdən birində “İlahi, öz düşməninin ruhuna rahatlıq ver” deyirdi.
Amma Mayakovski Allahdan daha çox özünün düşməni idi. Yəqin ki, dünya poeziyası öz böyük istedadını bu cür həvəslə məhv etmiş ikinci dahi şair tanımır. Hətta on doqquz yaşında şeir yazmaqdan imtina edib, bundan sonra şeirsiz-filansız on doqquz il də ömür sürən böyük fransız şairi Artur Rembo belə, öz istedadına qarşı Mayakovskidən daha insaflı və vicdanlı olub. Ən azı, istedadına layiq olmayan bircə misra da yazmayıb.
Əslinə qalsa, 37 yaşında intihar edən Mayakovskinin yaradıcılığının dahiyanə dövrü Rembonunkundan o qədər də çox çəkməyib. Çünki Mayakovski də özünün ən dahiyanə şeir və poemalarını yaradıcılığının ilk dövründə – 21-23 yaşlarında yazıb. Onun “futurizm” cərəyanının bayraqdarı olduğu, içi Puşkin qarışıq, o vaxta qədərki rus şairlərinin və yazıçılarının hamısını “müasirlik gəmisindən atmağa” iddia etdiyi inqilaba qədərki o dövr həm də Birinci Dünya Müharibəsi illəri idi. Və bu müharibə havası da onun həmin dövrdə yazdığı bir çox şeir və poemalarda duyulur.
Mayakovskinin inqilabdan sonra yazdıqları (bir neçə şeirini və “Bu barədə” adlı dahiyanə poemasını çıxmaqla), əslində, onun bir şair kimi yaşadığı böhran və tənəzzülün məhsuluydu. Özü də, bu böhran və tənəzzül qaynar, gurultulu şeir gecələrinin, kəskin ədəbi savaşların hay-küyü altında baş verirdi. Bu illərin Mayakovskisi şairdən daha çox döyüşçüydü. İçiylə yox, çölüylə yaşayırdı. Bütün düşmən saydıqlarına, sağçılara, əks-inqilabçılara və sairəyə atəş açmaqla məşğul idi. Və bu “gülləbaran” günlərin bir günü onun öz ürəyinə sıxdığı gülləylə sona yetdi. Yenə Svetayevanın şeirində deyildiyi kimi:
“O həmişə sağa güllə atardı,
Qəfil birdən sola çaxdı gülləni”.
RAMİZ RÖVŞƏN
Orijinaldan tərcümə: Ramiz Rövşən
V.V.Mayakovski
MÜƏLLİF BU SƏTİRLƏRİ SEVİMLİ ÖZÜNƏ HƏSR EDİR
Bu sözləri beynimizə
görən kim mismarladı;
“Allahın Allah yeri var,
padşahın padşah yeri”.
Bəs mən onda hara gedim,
mənim yuvam hardadı?
Varmı mən boyda adama
bir sığınacaq yeri?
Mən də Sakit okeantək
xırda olsaydım əgər,
Sularımda çimən ayla
sevişərdim gecələr.
Özüm boyda yarı indi
hardan tapım özümə?
Mənim yarım sığışarmı
darısqal göy üzünə?
Axx, əgər kasıb olsaydım
mən də milyarder kimi,
Başıma yağan pul-para
başımı qatardımı?
Qoşun-qoşun hücum çəkən
arzumu, istəyimi
Doyurmağa
bu dünyanın
qızılı çatardımı?
Cızmaqara eləsəydim
Dantetək, Petrarkatək,
Şeirlərim od salsaydı
sevgilimin canına –
Bu dünyanın gözəlləri
sıraya düzülərək
Sevişməkçin
dəstə-dəstə
axışardı yanıma.
Göydə çaxan ildırımtək
batıq olsaydı səsim,
Heç diksinib qorxardımı
göydə uçan quş belə?
Mən bir dəli nərə çəksəm
titrəyər yer kürəsi,
Ulduzlar da başı üstə
tökülər göydən yerə.
Günəştək sönük olsaydım –
neyləyərdim mən onda?
Görən oya bilərdimmi
zülmətin gözlərini?
Mən istəsəm –
qoca dünya
çimər mənim nurumda,
İşığıma bələyərəm
çılçılpaq dizlərini.
Amma məndən işıq uman,
sevgi uman kimdi, kim?
Kiminçündü
bir yük kimi
sürüdüyüm bu sevgim?
Axı hansı bəd saatda,
hansı ulduzun altda,
Hansı günahkar bir eşqin
meyvəsi olmuşam mən?
Heç kəsə lazım olmayan
bu yekəpər vücudla
Görən hansı nəhəng divin
belindən gəlmişəm mən?!..
1916
MARİNA SVETAYEVA
* * *
Bir babam skripka çalandı mənim,
Üstəlik, oğruydu, həm də atçapan.
Onun qanı gəzir canımda mənim,
Mən də avarayam, oğruyam yaman.
Bəlkə də, o özü mənim əlimlə
Oğruyur bazardan bu ərikləri.
Onun güdazına getmişəm elə;
Ah, o donqarburun, qıvrımsaç dəli.
Nə bir ağac əkib, nə yer şumlayıb,
Əkinə, biçinə yad olubdu, yad.
Onun ömrü boyu dostu olmayıb,
Amma qızbazlıqda ad çıxarıb, ad.
Bir qonşu xanıma gözü düşəndə
Muncuq bağışlayıb ona əlbəəl.
Mənə elə gəlir, o babam həm də
Bir az qorxaq olub, bir az ağciyər.
Qəlbində cin-şeytan yuva salsa da,
Gecə qəbristandan keçməyib heç vaxt.
Çəkməsinin uzun boğazındasa
O, bıçaq gəzdirib həmişə, bıçaq.
Pişiktək cəld olub,
qurd kimi kinli,
Ondan zara gəlib bütün el-oba.
Yox, mənə nədənsə elə gəlir ki,
Heç vaxt skripka çalmayıb babam.
Vecinə almayıb –
dünya dağılsa,
Babam belə olub... Olsun da, nə qəm.
Babam necə skripka çalıbsa,
Mən də elə bax o cürə şairəm.
23 iyun 1915
Şeirlər bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 2/2014 nömrəsində çap olunub