ƏDƏBİ MOZAİKA

Alber Kamyunu DTK-nın agentləri öldürüb

Nobel mükafatı laureatı Alber Kamyunun ölümü barədə belə bir versiya Avropa mətbuatında işıq üzü görüb.
Kamyunun ölümü təsadüfü olmaya bilərdi. Onu Sovet İttifaqını tənqid etdiyinə görə aradan götürə bilərdilər. Bu fikrin müəllifi italiyalı alim Covanni Katellidir. O, çex şair və tərcüməçi Yan Zabranın gündəliklərini oxuyandan sonra bu fikrə gəlib. Yan Zabran isə «məlumatlı» adamın dediklərinə istinad edir. Həmin adamın dediyinə görə Kamyunun ölümü ilə nəticələnən avtomobil qəzası DTK-nın agentləri tərəfindən təşkil edilib. Onlar guya Kamyunun maşınının təkərlərini deşiblərmiş. Səbəb isə onun Sovet rejimini kəskin tənqid etməsi olub. Alber Kamyu 56-cı il Macarıstan hadisələrini «qırğın» adlandırıb və bu qırğında sovet diplomatiyasının rəhbəri Şepilovu günahlandırıb. Bundan sonra guya məhz Şepilov onun aradan götürülməsinə əmr verib. Başqa bir səbəb də Kamyunun Boris Pasternaka göstərdiyi mənəvi dəstək ola bilərdi. Onu da qeyd edək ki, britaniya mütəxəssisləri bu versiyaları mübahisəli adlandırırlar.
Xatırladaq ki, Alber Kamyu ədəbiyyat üzrə Nobel mükafatı alandan üç il sonra -1960-cı ildə həlak olub.

Amerikalı yazıçı Filip Rot Beynəlxalq Buker mükafatına layiq görüldü

Beynəlxalq Buker mükafatının dördüncü laureatı 77 yaşlı amerika yazıçısı Filip Rot olub.
Onun adı on üç namizədin arasından seçilib.
Filip Rot 1933-cü ildə anadan olub.
«Etinasızlıq» adlı ilk romanını 29 yaşında nəşr etdirib. O vaxtdan 25 kitabı işıq üzü görüb. «Ədəbiyyat zəncisi», «Adi adam», «Mənim ərim kommunistdir» və s. kitabları ona şöhrət qazandırıb. «Amerikaya qarşı qəsd» romanı bestseller olub.
2010-cu ildə Rotun yeni kitabı - «Nemezida» povestlər toplusu nəşr olunub. Kitabın nəşrindən əvvəl yazıçı deyib ki, onun elektron kitablardan xoşu gəlmir, müasir texnologiya isə adamları kağız kitabları oxumaq gözəlliyindən məhrum edir. Filip Rot iki milli amerika mükafatına, üç Folkner mükafatına, Pulitser mükafatına və Frans Kafka adına beynəlxalq mükafata layiq görülüb.
«Ümid edirəm ki, mükafat almağım, kitablarımdan xəbəri olmayan oxucuların da yaradıcılığıma maraq göstərməsinə səbəb olacaq», - o deyib.
Beynəlxalq Buker mükafatının əvvəlki qalibləri İsmayıl Kadare (Albaniya), Çinua Açebe (Nigeriya) və Elis Manro (Kanada) olub. Mükafatın həcmi 60 min funt sterlinqdir.

Leonard Koen şahzadə Asturiyski mükafatını alıb

Kanada şairi və müğənnisi Leonard Koen ədəbiyyat sahəsində şahzadə Asturiyski mükafatına layiq görülüb. Jüri onun mahnı mətnlərini, həmçinin «Hitler üçün çiçəklər» şeirlər məcmuəsini, «Gözəl uğursuzlar» və «Sevimli oyun» romanlarını qeyd edib.
Leonard Koen ən məşhur Kanada musiqiçilərindən biridir. Bundan başqa ona yaxıq şeir kitabının və bir neçə romanın müəllifidir. Laureata fəxri diplomdan əlavə 50 min avro təqdim olunacaq.
Ədəbiyyat sahəsində şahzadə Asturiyski mükafatı 1981-ci ildən verilir.
İsmayıl Kadare, Amos Oe, Marqaret Etvud, Doris Lessinq bu mükafatın laureatları olublar.

Darya Donçova Rusiyanın ən çox nəşr olunan yazıçısıdır

Darya Donçova dördüncü dəfə Rusiyanın ən çox nəşr olunan yazıçısı olub. Keçən il Donçovanın kitabları 5,4 milyon nüsxə ilə çap olunub. İkinci yeri Yuliya Şilova (4 milyon), üçüncü yeri Tatyana Ustinova (1,8 milyon) tutub. Onların hamısı Donçova kimi detektiv yazırlar.
2010-cu ildə Rusiyada ən çox çap olunan xarici yazıçı (1,9 milyon nüsxə) Artur Konan Doyl olub. İkinci yerdə Aleksand Düma gedir (1,5 milyon). 2009-cu ilin qalibi Stefani Mayer öz «Alatoran» kitabıyla bu dəfə üçüncü yerə çıxıb.
Korney Çukovski ikinci dəfə dalbadal kitabları ən çox satılan (3,7 milyon nüsxə) uşaq yazıçısı olub. İkinci və üçüncü yerlərdə Vladimir Stepanov (2 milyon) və Aqni Barto (1,2 milyon) gedir.
2010-cu ildə Rusiyada, ümumiyyətlə, 650 milyon nüsxə kitab nəşr olunub.

«Yasnaya Polyana» mükafatını Fazil İsgəndər aldı

«Yasnaya Polyana» ədəbi mükafatının «Müasir Klassika» nominasiyasının laureatı yazıçı Fazil İsgəndər olub. Mükafat ilk dəfə qısaldılmış şəkildə 1973-cü ildə «Novıy mir» jurnalında çap olunan «Çeqemlı Sandro» roman-epopeyasına görə verilib. Roman bütov şəkildə 1979-cu ildə ABŞ-da, SSRİ-də isə 1989-cu ildə nəşr olunub. Yazıçıya 900 min rubl həcmində pul mükafatı verilib.
«XXI» əsr nominasiyasında mükafat «Bir qoca ilə bir qarı varıydı» əsərinə görə Yelana Katişonoka təqdim edilib. Onun pul mükafatı 750 min rubl olub. Katişonok altı namizədin arasından seçilib. Ondan başqa «Yasnaya Polyana»ya Natalya Klyuçaryova, Erqali Qer, Yuri Mamleyev, Dmitri Şevarov və İrina Mamaeva namizədlər arasında olublar.
«Yasnaya Polyana» mükafatı Lev Tolstoyun ev muzeyi tərəfindən təsis edilib. 2010-cu ildə mükafat fondu iki dəfə artaraq 1,8 milyon rubla çatıb. Mükafat 2005-ci ildən iki nominasiya üzrə verilir.

Tumas Transtremer Nobel mükafatı aldı

2011-ci ilin Ədəbiyyat üzrə Nobel mükafatına İsveç şairi Tumas Transtremer layiq görülüb. Onun indiyə kimi 12 şeir və nəsr kitabı işıq üzü görüb. Tumas Transtremerin «On iki şeir» adlı ilk kitabı 1954-cü ildə çap olunub. O bir çox ədəbi mükafatlara, o cümlədən Petrarka adına mükafata layiq görülüb. Tumas həmçinin peşakar pionoçu və musiqişünasdır. 90-cı illərdə iflicdən bədəninin sağ tərəfi fəliyyətdən qaldığına görə, o, sol əllə yazmağı öyrənib.
Nobel mükafatı şairə son dəfə 1996-ci ildə verilmişdi. O vaxt polşalı Vislava Şimborska bu mükafata layiq görülmüşdü.

DİGƏR MƏQALƏLƏR