ROMAN - Herman Melvil


Dünya ədəbiyyatının klassik nümayəndələrindən Herman Melvilin (1819-1891) "Mobi Dik" (Ağ Balina") romanı on doqquzuncu əsr Amerika ədəbiyyatının ən populyar nümunələrindən hesab olunur. Janr tələblərinin bütün xüsusiyyətlərinə rəğmən bu unikal romanın əsas süjet xəttində - nəhəng dəniz Əjdahası, yəni Ağ Balina-Mobi Dik durur; əsər on doqquzuncu əsrin birinci yarısında Amerikada balina ovçuluğu ilə məşğul olan insanların dəniz həyatından, habelə bu ovun insanlara və dəniz heyvanına gətirdiyi müsibətlərdən bəhs edir. Romandakı maraqlı süjet xətti, epik dəniz mənzərələrinin təsviri, habelə yazıçının müxtəlif insan xarakterlərini öz fəlsəfi mülahizələri və ümumiləşdirmələri ilə ustalıqla uzlaşıdra bilməsi bu əsəri dünya ədəbiyyatının şedevrləri sırasına daxil etmişdir.Herman Melvil həmçinin "Taypu" (1846), "Omo" (1847) əsərlərinin və "Döyüş fraqmentləri", "Müharibə aspektləri" şeir toplularının müəllifidir.


Mobi Dik
Dühasına hörmət etdiyim dostumNataniel Hotorna ithaf olunur


Üçüncü fəsil

"Balina Fəvvarəsi" Hoteli


Hündür damı olan "Balina Fəvvarəsi" hotelinə girəndə, qədimdən qalma ölüm gəmisinin bortunu xatırladan, köhnə taxta panellərdən üzlük vurulmuş alçaq tavanlı geniş bir otaq görürsünüz. Divarın birindən böyük bir şəkil asılıb, qurum tutmuş bu rəsm o qədər köhnədir ki, zəif işıqda ona yalnız dönə-dönə diqqətlə baxmaqla, qonşuları təkidlə sorğu-suala tutmaqla, nəhayət, burada nə təsvir olunduğunu anlaya bilərsiniz. Rəsmdə kölgələr o qədər bir-birinə qarışıb kı, əvvəlcə sizə elə gəlir, qarşınızda Yeni İngiltərədə ifritələrin məşhur olduğu zamanlardakı cadugərlik hərc-mərciliyini göstərmək istəyən ümidverici gənc rəssamın əsəridir. Lakin bu rəsmə baxıb uzun və fasiləsiz düşüncələrdən sonra - həm də otağın uzaq küncündəki xırda pəncərəni açmaq yadınıza düşür - nəhayət, bu qənaətə gəlirsiniz ki, belə bir fikir nə qədər anlaşılmaz olsa da, o qədər də əsassız deyil. Lakin sizi həyəcanlandıran, çaşdıran rəsmin ortasında üc mavi şaquli xəttin üstündə, köpüklü burulğanda üzən uzun əcayib qara kütlədir. Hə, şəkil, doğurdan da, necəsə yayğındır, qeyri-müəyyəndir, əsəbləri zəif olan adamları haldan çıxara bilər. Eyni zamanda şəkildə dumanlı, sirli, əlçatmaz olsa belə, nəsə bir ucalıq, nəsə bir əzəmət var; məhz bu, sizi əsərə dəfələrlə baxmağa vadar edir və nəhayət, ixtiyarsız olaraq özünüzə söz verirsiniz ki, nə olur-olsun, bu lənətə gəlmiş rəsm əsərində nə təvir olunduğunu öyrənəcəksiniz. Sizdə tədricən gözəl, lakin təəssüf ki, aldadıcı bir fikir oyanır: bu, Qara Dənizdə fırtınalı gecədir. - Dörd ünsürün qeyri-təbii mübarizədir. - Süpürgə kollarının başı üzərində tufandır. - Şimal ölkələrində qış mənzərəsidir. - Zaman çaylnda buzların əriməyə başlamasıdır... Lakin bütün bu fantaziyalar rəsmin ortasındakı əcayib kütlə qarşısında geri çəkilir; əgər onu başa düşsən, şəkil tam aydın olar. Dayanın bir görüm; bu ortadakı kütlə hansısa bir möhtəşəm balığa oxşamırmı? Bəlkə elə Spermasetli Balinanın özüdür?Doğurdan da, söhbət etdiyim bir çox yaşlı adamın ümumi fikrinə müəyyən mənada əsaslansam, mənim sonuncu versiyama görə, rəssamın əsərinin məzmunu bundan ibarətdir: şəkildə Balina təsvir olunub; Horn Burnunda şiddətli dəniz fırtınası onu yaxalamışdır; okean yarıya qədər batan gəmini amansızcasına yırğalayır; və suyun üzündə onun yalnız üç yalın dor ağacı görünür; yuxarıda isə qəzəblənmiş nəhəng bir Balina gəminin üstünə tullanmaq istəyir - bu, o dəhşətli anın, yəni Balinanın həmin yekə şişə bənzəyən üç dor ağacına çırpılması anının təsviridir.Qarşı divardan başdan ayağa əcayib nizələr və dəyənəklər asılmışdı. Taxta tutacaqların üstünə nəyinsə parıldayan dişləri düzülüb; elə bil sümükdən düzəldilmiş mişarlardı. O biri alətlər isə insan kəkilləri ilə bəzədilmişdi. Bu ölüm silahlarından birinin orağabənzər forması və iri əyri sapı vardı; qoşqu ləvazimatını xatırladır, biçənəklərdə istifadə edilən uzun dəryazı andırırdı. Ona baxarkən ətin ürpəşirdi; özündən soruşurdun:: görəsən bir zamanlar bu qorxunc oraqla öz ölüm məhsullarını yığan yırtıcı adamyeyən nəymiş belə? Elə ordaca balina ovlayan paslanmış köhnə harpunlar və çəngəllər asılmışdı; hamısı sınıq-salxaqdı, əyilmişdi. Hərəsi hansısa bir hadisəylə bağlıydı. Bir vaxtlar uzun və dümdüz olan, indisə hec nəyə yaramayan əyilmiş bu çəngəllə Natan Sveyn əlli il əvvəl gün çıxandan gün batana qədər on beş balina öldürüb. Hələ bir o harpuna bax - indi gör nəyə bənzəyir, propka açan burğuya dönüb - amma nə vaxtsa Yava sularında istifadə olunub, Balinaya atılıb, lakin balina sivişib aradan çıxıb və çox-çox illərdən sonra Blanko burnunda ölü vəziyyətdə tapılıb; harpun onun quyruq nahiyyəsinə girib; amma bu müddət ərzində harpun insan bədənində gəzən iynə kimi onun cəmdəyinə təxminən qırx fut yeriyib; nəticədə onu ölən balinanın belindəki yumşaq ətindən tapıb çıxardıblar.Tağlı alçaq qapı vasitəsilə yarıqaranlıq otaqdan keçib bufetə daxil olursunuz. Bu otaq o birindən də qaranlıqdır; düz başınızın üstündə ağır tirlər görünür, ayağınızın altında isə elə köhnə və kələ-kötür taxtalar düzülüb ki, bir anlıq sizə elə gəlir ki, qədim bir gəminin aşağı göyərtəsindəsiniz; xüsusilə əgər gecədirsə, elə bilirsiniz, bu qədim Nuh gəmisi lövbər saldığı yerdə şiddətli küləkdən silkələnir. Divarın yan tərəfində alçaq, uzun stolun gözünə bənzər şüşə yeşiklər düzülüb; orda dünyanın müxtəlif yerlərindən gətirilən toz basmış əcayib şeylər gözə dəyir. Otağın uzaq küncündə Qrenlandiya balinasının kəlləsini xatırladan piştaxta irəli çıxmışdı. Çox qəribəydi ki, bu, doğrudan da, balinanın tağa bənzər çənəsiydi; o qədər böyük idi ki, altından dördtəkərli minik arabası keçə bilərdi. Piştaxtanın divarlarına köhnə taxta rəflər vurulmuşdu; bu rəflərdə qədim qrafinlər, şüşələr, mehtərələr və müxtəlif su qabları düzülmüşdü; adamı mat qoyan bu cəhəngdə lap ikinci İona kimi (yeri gəlmişkən, onu elə belə də çağırırdılar) balacaboy, qırışıqlı bir qoca çalışırdı; o, dənizçilərə nağd pilla üçqat qiymətinə qızartma satırdı.Qocanın öz zəhərini süzdüyü stəkanların vahiməli görünüşü vardı; çöldən silindr təsiri bağışlayırdılar, amma qabarıq yaşıl şüşələr aşağıya doğru getdikcə nazilir, dibi də şişman görünürdü. Stəkanların şüşə divarına bu qədəhləri dövrələyən paralel meridianlar döyülmüşdü. İlk ölçü xəttinə qədər süzəndə, sizdən bir penni alırdılar; o birisinə qədər süzəndə yenə bir penni, beləcə, ən yüksək xəttə - yəni balina dozasına çatanda isə bir şillinq alıb qoyurlar cibə.İçəri girəndə gördüm ki, stolun ətrafında bir neçə gənc dənizçi oturub; onlar solğun işıqda xaricdən gətirilmiş əcayib bir şeyə tamaşa edirdilər. Mən gözlərimlə hotelin sahibini aradım və ona gecələmək üçün otaq istədiyimi bildirdim. O dedi ki, otaq yoxdur, yerlər hamısı tutulub.- Amma... bir dayanın görüm, - deyə hotel sahibi əliylə alnını ovuşdurdu, etiraz etməsəniz sizə bir harpunçu ilə eyni yatağı bölüşdürməyi təklif edərdim... Axı siz balina ovlayan gəmiyə minmək istəyirsiniz, elə deyilmi? Belə şeylərə gərək öyrəşəsiniz...Ona dedim ki, bir yataqda iki nəfərin yatmasını xoşlamıram, əgər buna razılıq verəsi olsam, onda harpunçunun kim olduğunu da öyrənməliyəm; əgər doğurdan da boş otaq yoxdursa, əgər o harpunçu da normal adamdırsa, əlbəttə ki, razıyam; bu şaxtalı gecədə qərib şəhəri veyil-veyil gəzməkdənsə, hər hansı bir namuslu adamla bir ədyal altında yata bilərəm...- Çox yaxşı, mən də belə düşünürəm... Keçin oturun... Bir şey yeyəcəksizmi? Şam yeməyi bu saat hazır olar...Mən köhnə taxta skamyada oturdum; bu oymalı oturacaq Battəri parkındakı skamyalardan heç də pis deyildi. Skamyanın o biri başında hansısa matros fikirli-fikirli oturub başını aşağı dikmişdi, ayaqlarını aralayıb cib bıçağı ilə oturacağı oyurdu; o nəsə yelkənli bir gəmi cızmağa cəhd edirdi, amma deyəsən heç alınmırdı. Nəhayət, bizi - beş-altı nəfər olardıq - qonşu otaqdakı nahar stoluna çağırdılar, Bura soyuq idi, elə bil İslandiyadasan; buxarı yanmırdı, sahibkar dedi ki, buxarını yandırmaq ona sərf eləmir; təkcə oyulmuş iki şamdandakı piy şamlar yanırdı. Biz dənizçi gödəkçələrimizin düymələrini bağlamalı olduq və barmaqlarımızın uclarını isti parçların qulpu ilə qızdırdıq. Bizə yaxşı yemək gətirdilər; ət və kartofdan başqa yumşaq bulka da verdilər; təsəvvür edin, şam yeməyində yumşaq bulka!- Heyy, oğlan, - deyə hotel sahibi dilləndi,- bu gecə sənin dəhşətli gecən olacaq!- Ağa, bu həmin harpunçundu?- pıçıltıyla soruşdum.- Yox əşşi, - deyə sahibkar nəsə şeytani bir gülüşlə cavab verdi.- O harpunçu əsmər cavan bir oğlandır. O heç bulka da yemir, təkcə bifşteks yeyir...Özü də qanlı-qanlı yeyir...- Ağzının dadını bilir. Bəs hardadı o? Burdadı?- İndilərdə gələr...Bu qarabuğdayı harpunçu məndə yavaş-yavaş qorxu oyatmağa başladı; hər ehtimala qarşı belə qərara gəldim ki, əgər onunla birgə yatmalı olsam, onu məcbur edəcəm, birinci o soyunub yatağa girsin.Axşam yeməyi bitdi və hamı bufetə döndü; burda vaxt öldürməkdən savayı heç nə görmürdüm və mən axşamın qalan hissəsini ətrafdakıları müşahidə etməklə keçirdim. Birdən bayırdan güclü səs-küy gəldi. Hotel sahibi başınıqaldırıb ucadan qışqırdı:Bunlar "Delfin"in heyət üzvləridir! Səhər qəzetdən oxudum ki, "Delfin" gəmisi limana yan alıb. Bu gəmi düz üç il idi ki, okeanda idi, budur, qayıdıblar; özü də əliboş gəlməyiblər. Anbarları doludur. Eşq olsun, uşaqlar! İndi öyrənərik görək Ficidə nə var, nə yox!Dəhlizdən matros çəkmələrinin səsi eşidildi; qapılar taybatay açıldı və içəri bir sürü vəhşi dəniz canavarı girdi; daha doğrusu, onlar saçaqlı, isti yarımkürklərində və başlarına dolamış yun şarflarında lap yırtıcı Labrador ayılarına bəzəyirdilər; cır-cındır və yamaqlı əyin-başları vardı, saqqalları buz sırsırasına dönmüşdü. Gəmidən indicə düşüb bura gəlmişdilər. Onların birbaşa piştaxtaya - balina çənəsinə doğru cummaları təəccüblü deyildi. Zəhmətkeş, büzüşmüş qoca İona da hər birinə ağzınacan dolu bir stəkan şərab süzdü. Gələnlərdən biri soyuqdəymədən şikayətlənirdi, buna görə də qoca İona ona daha tünd içki - nişastalı spirtlə qarışdırılmış ingilis arağı verdi; qocanın dediyinə görə, bu, krallara məxsus can dərmanıdı, hər bir xəstəliyi -dəxli yoxdu harda tutmusunuz və nə vaxt tutmusunuz, Labrador sahillərində, yaxud elə hansısa aysberqin külək tutan tərəfində - soyuqdəyməni, qızdırmanı, iltihabı sağaldacaq...Çox keçmədi ki, matroslar dəmləndilər; onlar sahilə çıxanda beləcə əməlli-başlı əylənməyə başlayırlar. Mən onlardan birinin kənarda durduğunu gördüm; əlbəttə, aydın idi ki, o yoldaşlarının şən əhval-ruhiyyəsini öz ciddi və ayıq siması ilə pozmaq istəmir; lakin, hər halda, bir qədər sakit görünürdü. Bu adam dərhal mənim diqqətimi çəkdi; sonralar dəniz allahları bu adamı mənimlə bir gəmidə yol yoldaşı kimi üzməyə məhkum edəcəkdilər (yalnız lal rolunda, hər halda, bu kitabın səhifələrində). Mən onun portretini təsvir etməyə çalışacağam. Onun boyu demək olar ki, altı fut olardı, güclü çiyinləri və enli sinəsi vardı - xalis sualtı işlər üçün yarayan adam idi. Mən çox nadir hallarda belə cüssəli insan görmüşdüm; sifəti gündən yanmış və tünd-qəhvəyi rəngə çalırdı, ağ dişləri isə sadəcə göz qamaşdırırdı. Lakin gözlərinin lap nəmli dərinliyində hansısa xatirələr gizlənmişdi; görünür, acı xatırələr idi. Danışığından dərhal məlum oldu ki, cənubdandır; əla bədən quruluşu adama deyirdi ki, o, Virciniyanın dağlıq Allehan rayonunda böyüyüb. İçəridə içki dostlarının kef məclisi qızışıb son həddə çatanda o, xəlvətcə otaqdan çölə çıxdı və mənim gəmi yoldaşım olana qədər onu bir daha görmədim. Lakin bir neçə dəqiqədən sonra nə üçünsə yoldaşları onu axtarmağa başladılar; görünür, onu sevirdilər, çünki onu ucadan səsləməyə başladılar:- Bulkinqton! Bulkinqton! Hardasan, Bulkinqton!Hamı hoteldən onun dalınca çıxdı.Saat doqquza qalmışdı. Otaqda hay-küylü məclisdən sonra, demək olar, qəribə bir sükut yarandı və mən matroslar gəlməzdən əvvəl beynimdə fikirləşdiyim xırda bir plana görə özümü təbrik elədim.Heç kəs bir çarpayılıq yerdə qoşa yatmaq istəmir. Hətta doğma qardaşla da bir yerdə yatmaq istəməzsiniz; hər kəs istəyir ki, onun ayrıca yatağı olsun. Bilmirəm nə işdir, adamlar yalnız yatan zaman tək olmağa çalışırlar. Lakin əgər sən naməlum bir hoteldə, naməlum bir şəhərdə, naməlum, yad bir adamla birlikdə yatırsansa, hələ üstəlik həmin naməlum adam harpunçudursa, onda sənin tərəddüd və etirazların ikiqat artır. Bir matros kimi mən elə bir şəraitə düşməmişəm ki, kiminləsə bir çarpayıda yatım; çünki matroslar qurudakı subay krallara nisbətən dənizdə çox nadir hallarda ikilikdə yatırlar. Əlbəttə, yatmağına hamı bir otaqda yatır, lakin hər kəsin ayrıca ədyalı, ayrıca çarpayısı olur.Həmin harpunçu barədə nə qədər çox fikirləşirdimsə, onunla birlikdə yatacağım bir o qədər də məni qıcıqlandırırdı. Ədalət naminə güman etmək olardı, bir halda ki, o harpunçudur, deməli, onun yatağı da, mələfəsi də pis kökdə olacaq, səliqə-səhmandan söhbət belə gedə bilməz. Mən artıq çimçəşməyə başlayırdım. Bir yandan da artıq gecəydi və mənim ədəbli harpunçum bu vaxtacan gəlib yerinə girməliydi. Birdən gec gəldi, yaxud gecənin bir yarısı gəlib düz mənim üstümə yıxıldı, onda necə? Axı hardan bilim ki, o hansı palçıqlı xəndəkdən çıxıb gəlib, hə?- Ser,- deyə hotel sahibinə müraciət etdim.- Mən harpunçuyla yatmaq fikrimi dəyişdirdim. Elə bax çalışaram burda, skamyanın üstündə birtəhər yatım...- Necə istəyirsiz... Amma təəssüf ki, mən sizə döşək verə bilməyəcəm, burdakı taxtalar isə, gördüyünüz kimi, kələ-kötürdür... hamısı oyuq-oyuq və dəlmə-deşikdir... Hə, dostum, baxım görüm, burda bufetdə rəndə olmalıdır, bircə dəqiqə gözləyin, mən indi yerinizi, necə lazımdı, rahatlayaram...- deyə hotel sahibi rəndəni götürüb skamyanın üstündəki tozu nimdaş dəsmalı ilə sildi və yerimi rəndələyə-rəndələqə istehza ilə gülümsədi. Yonqarlar hər tərəfə səpələndi və ağa, az qala, qolunu burxudacaqdı; allaha dua edirdim ki, o dayansın, mənim üçün bu yer elə belə də kifayət qədər yumşaq idi; axı mən yaxşı bilirdim ki, nə qədər rəndələsən də, şam ağacından düzəldilmiş lövhədən heç vaxt pərğulu döşəkçə alınmaz. Ağa yenə istehzalı gülüşlə yerdəki yonqarları yığıb otağın ortasındakı iri sobaya atdı və məni qanıqara halda qoyaraq çıxıb getdi.Skamyaya uzananda gördüm ki, o məndən, demək olar, bir fut qısadır; lakin onun ayaq tərəfinə stul qoymaq olardı. Ancaq o həm də çox dar idi; otaqdakı digər skamya isə mənimkindən təxminən dörd düym hündürdü - belə ki, onları yanaşı qoymağın xeyri yox idi. Daha sonra skamyamı divara yaxınlaşdırdım, divarla skamya arasında bir qədər boş məsafə saxladım ki, kürəyimi söykəməyə imkan olsun. Lakin sonra hiss elədim ki, pəncərədən də soyuq gəlir və yalnız bu zaman başa düşdüm ki, cızdığım plan boş çıxdı; üstəlik, soyuq o biri tərəfdən də, taxta giriş qapısından da vururdu; soyuq hava kütləsi otaqda birləşib düz mənim yatacağım yerin böyür-başında xırda burağan yaratmışdı.Lənətə gəlsin bu harpunçunu! Sonra fikirləşdim ki, bəlkə elə ondan qabaq gedib xəlvətcə girim yatağa, içəridən qapını kilidləyim; qoy nə qədər istəyir döysün, açıb-eləyən deyiləm, onsuz da durmayacam... Bu fikir mənə pis görünmədi, lakin bir qədər də düşünüb bu fikirdən imtina etdim... Kim bilir, birdən elə səhər otaqdan çıxanda harpunçu məni görüb təpiyinin altına salacaq?Mən ətrafa bir də göz gəzdirdim; özgə yatağına girib yatmaqdan savayı çıxış yolu görmədim və düşündüm ki, bəlkə elə bu yazıq tanımadığım harpunçu haqqında nahaqdan pis fikirləşirəm. Bir az da gözləyim, görək nolur, çox geçməz, yəqin ki, gəlib çıxar. Bəlkə onunla lap yaxşı yola gedərik və bir yerdə də yatarıq. Lakin vaxt keçirdi, hotelin digər sakinləri iki-bir, üç-bir hotelə qayıdır, öz otaqlarına çəkilir, mənim harpunçumdan isə xəbər-ətər yox idi.- Heyyy, cənab, - deyə hotel sahibinə müraciət etdim,- o harpunçu necə adamdır? Həmişə belə gec gəlir?Saat on ikiyə az qalmışdı. Ağa yenə əvvəlki istehzalı təbəssümüylə mənə baxdı, elə bil başa düşmədiyim nəsə onu əyləndirirdi.- Yox, adətən tez gəlir... Tez yatıb, erkən də durur. Ümumiyyətlə, o, sübhdən durur. Kim ki, erkən durdu, allah onun çörəyini bol edər. Lakin bu gün alış-verişə getdi. Heç başa düşmürəm ki, nə üçün bu qədər gecikir... Görəsən, başını sata bildimi?- Başını? Nə boş-boş danışırsan?- yavaş-yavaş hövsələm daralmağa başladı.- Bəlkə deyəsən ki, bu harpunçu şənbə günləri, yaxud da bazar günü səhərlər çıxıb bütün şəhəri gəzib dolanır ki, başını satsın?- Elədir ki var!- deyə ağa təsdiq etdi.- Mən ona demişdim ki, sən başını burda sata bilməyəcəksən, çünki bazar doludur...- Nə ilə belə doludur bazar?- deyə bir qədər də ucadan soruşdum.- Necə nəylə, satlıq başla! Nə qədər desən baş var hər yanda!- Bura bax, cənab,- deyə təmkinimi pozmadan astadan dedim,- məsləhət görürəm ki, bu nağıllarını özgə adama danışasan, mən sənin üçün maymaq-zad deyiləm...- Ola bilsin...- diş təmizləyən çöpü götürərək mənimlə razılaşdı,- amma harpunçu bilsə ki, siz onun başını necə təhqir edirsiniz....onda...- Onun başını əzərəm!- deyə yenə sahibkarın məntiqsiz söhbətlərinə əsəbiləşdim.- Onun başı onsuz da əzilib!- Əzilib? Yəni, necə əzilib?- Çox sadə, əzilib də! Yəqin elə buna görə başını sata bilmir!Mən ona bir qədər də yaxınlaşdım; bütün bədənim qar çovğunundakı Müqəddəs Hekla vulkanı kimi soyumuşdu.- Heyyy, cənab, bəsdi dişinizi qurdaladınız! Biz gərək biri-birimizi başa düşək! Özü də təcili! Mən sizin hotelə gəlib otaq istəyirəm, siz isə mənə deyirsiz ki, heç üzünü görmədiyim hansısa harpunçuyla bir yerdə yatım, bir çarpayıda! Üstəlik mənə nağıl danışırsız! Hələ bir o insana qarşı da məndə qıcıq oyadırsız... Tələb edirəm ki, üstüörtülü söhbətlərinizi kənara qoyasınız və izah edin görüm bu harpunçu kimdi belə... Onunla birgə yatsam, mənə xətər dəyməz ki? Xahiş edirəm, cənab, lütfən deyin ki, bu başla bağlı söylədikləriniz uydurmadır... Yoxsa mən elə başa düşəcəyəm ki, bu harpunçunun doğurdan da başı xarabdır... və onunla birgə yatmaq da heç istəmirəm! Sizi isə, ser, hə, hə, sizi, məni buna şüurlu surətdə vadar etdiyinizə görə məhkəmə məsuliyyətinə cəlb etməyə hüququm çatır!- Yaxşi, yaxşı!- deyə ağa köks ötürdü.- Uzun danışma! Lap uşaq kimi özündən çıxırsan! Nahaq yerə narahat olursan, özünü ələ al! Haqqında danışdığım harpunçu ki var, Cənub sularından təzəcə qayıdıb gəlib. Ordan bir yığın mumiyalanmış Yeni Zelandiya kəlləsi alıb gətirib (onlar burda yaxşı pula gedir). Hamısını satıb, biri qalıb; bu gün axırıncı kəlləni də mütləq satacağını demişdi, çünki sabah bazar günüdü; bazar günləri küçələrdə insan kəllələrini satmaq ayıbdı, camaat kilsəyə gedir, görə bilər. Ötən bazar günü mən onu qoymadım çıxsın bazara, əlində dörd insan kəlləsi vardı, muncuq kimi ipə keçirib düzmüşdü...Bu izahat bir qədər bundan əvvəl qaranlıq və müəmmalı görünən məsələyə aydınlıq gətirdi və məlum oldu ki, mehmanxana sahibi heç də məni ələ salmırmış; lakin axı ölü bütpərəstlərin kəlləsi ilə alver edən bir adam haqqında nə fikirləşərsən?- Ser, inanın, bu harpunçu çox təhlükəli adamdı...- Pulunu vaxtı-vaxtında ödəyir,- ağa cavab verdi.- Amma indi çox gecdi... yaxşı olar ki, gedib onun çarpayısında yatasan, vallah, əla çarpayıdı... yatarsan birtəhər. O gecə bizi də ələ salırdılar, Salli ilə mən elə bu çarpayıda yatdıq. İki nəfərə gen-bol yer var - istəsən o yan bu yana da çevrilə bilərsən... Biz o çarpayıda yatarkən Salli ayaq tərəfdə hələ bir uşaqlar üçün də - Sem və Coni üçün də yer elədi... Sonralar bir dəfə mən dəhşətli yuxu gördüm, başladım yuxuda şıllaq atmağa və Semi vurub döşəməyə yıxıtdım... Az qala uşağın əli sınacaqdı... Bundan sonra Salli dedi ki, belə yatmaq olmaz... Gəlin gedək, bir özünüz də baxın.O şam yandırıb mənə uzatdı. Mən bir an tərəddüd etdim və birdən o, otağın küncündəki saata baxıb bərkdən dedi:- Budur, artıq bazar günüdü! Bu gecə siz harpunçunu daha görməyəcəksiz! Görünür, hardasa gecələməli olub. Gəlin, gəlin gedək! Gəlirsiz, ya yox?Mən bir qədər də düşündüm; sonra pilləkənlə yuxarı qalxdıq; ilbiz çanağı kimi soyuq, balaca bir otağa girdik; otağın ortasında doğurdan da əcayib bir çarpayı vardı; çarpayı o qədər iriydi ki, ora rahat dörd harpunçu yerləşə bilərdi.- Hə, bax budur, - deyə ağa əlindəki şamı köhnə matros sandığının üstünə qoydu; sandıq stolu və əlüzyuyan ləyəni qoymaq üçün altlığı əvəz edirdi.- İndi rahatlanın, gecəniz xeyrə qalsın!Mən çarpayıdan gözümü çəkəndə mehmanxana sahibi artıq çıxıb getmişdi.Ədyalı çəkib yatağa əyildim; əlbəttə, çox gözəl olmasa da, babat bir yataq idi, dözmək olardı. Sonra otağa göz gəzdirdim; çarpayıdan və sandıqdan başqa burda elə bir şey gözə dəymirdi; biri-birinə calanmış rəflər, dörd divar, buxarının ağzına yapışdırılan kağıza çəkilmiş balinanı öldürən insan şəkli, vəssalam. Otaq avadanlıqlarına dəxli olmayan bir əşya da gözümə sataşdı: küncə atılmış asma çarpayı və yol çamadanı əvəz eləyən iri dənizçi kisəsi; şübhəsiz, bu, harpunçuya məxsus idi. Bundan başqa, buxarının üstündəki rəfdə sümükdən düzəldilmiş əcaib formalı balıqçı qarmaqları bağlaması, çarpayının baş tərəfində isə uzun bir harpun durmuşdu.Bəs sandığın içində nə var belə? Mən onu götürüb işığa tutdum, əllə yoxladım, sonra iylədim və hər vasitəylə çalışdım ki, içindəkinin nə olduğunu öyrənəm. Onu yalnız payəndazla -qıraqlarında ornamentli lələkləri olan hindu mokasinlərinin saçaqlarını xatırladan iri ayaqaltı ilə müqayisə edə bilərdim. Bu ayaqaltının ortasında deşik vardı, daha doğrusu, dar kəsik vardı; məsələn, biz bu cür kəsikləri Mərkəzi və Cənubi Amerikada hinduların geydiyi bürüncəklərdə görmüşük. Ola bilərmi ki, harpunçu bu ayaqaltına bürünüb xristian şəhərinin küçələrini belə görkəmdə gəzsin? Həvəslənib onu əynimə keçirdim; elə bil ağır ərzaq kisəsidir, az qala, məni yerə əyəcəkdi; qalın, uzunsaçaqlı bir geyim formasıydı və mənə elə gəldi ki, bir qədər də nəmdir; sanki o müəmmalı harpunçu bunu yağış yağanda geyinib. Mən güzgüyə yaxınlaşdım; ömrümdə belə bir şey görməmişdim; onu boynumdan elə tələsik çıxartdım ki, az qala, boğulacaqdım.Daha sonra çarpayının ayaq tərəfində oturub, insan kəlləsi alveri ilə məşğul olan harpunçu və onun ayaqaltısı barədə düşündüm; sonra ayağa durdum, buşlatımı çıxarıb otağın ortasında var-gəl etməyə başladım; gödəkçəmi çıxartdım, yenə başladım fikirləşməyə; əynimdə təkcə köynək qalmışdı. Hiss etdim ki, soyuq məni birtəhər edib, donmağa başlayıram və bir də yadıma düşdü ki, mehmanxana sahibi harpunçunun bu gecə gəlməyəcəyini dedi; beləliklə, tərəddüdlərimə son qoyub ayaqqabılarımı və şalvarımı çıxartdım, şamı söndürüb çarpayıya girdim və özümü taleyin ixtiyarına buraxdım.Döşəyin içində, görəsən, nə vardı: gəmirilmiş qarğıdalı qıçaları, ya sınmış qab-qacaq qırıntıları - bilmək olmurdu. Uzun müddət o tərəf bu tərəfə çevrildim, yata bilmirdim. Nəhayət, mürgülədim; elə təzəcə yuxuya getmək istəyirdim ki, dəhlizdən ağır addım səsləri eşitdim və qapının kandarında zəif işıq göründü.Aman allah, yəqin harpunçudur gələn; o lənətə gəlmiş kəllə alverçisi. Yerimdə tam sakitcə uzanmışdım, tərpənmirdim; mənimlə danışmayınca səsimi çıxartmayacaqdım. Bir əlində şam, o biri əlində də yenizelandiyalı kəlləsi tutmuş naməlum adam içəri girdi və çarpayıya baxmadan şamı döşəmənin uzaq küncünə qoydu; sonra bayaq otaqda gördüyüm ağzı bağlı iri kisənin ipini açmağa başladı. Mən onun üzünü görmək istəyirdim, lakin o, bir müddət arxası mənə sarı durdu. Nəhayət, kisənin ağzını açıb mənə tərəf döndü: aman, ilahi! Mən nə görürəm! Bu, nə görkəmdi?! Tünd-qırmızı rəngli, bir azca sarımtıl olan sifət iri, qara kvadratlarla örtülmüşdü. Hə, elə belə də zənn edirdim! Görünür, kiminləsə möhkəm dalaşmışdı, sifətini doğram-doğram etmişdilər və sonra elə bil həkim ora plastır yapışdırmışdı. Elə bu vaxt o, üzünü işığa sarı tutdu və mən apaydın gördüm ki, bunlar plastır deyil, onun yanaqlarındakı qara kvadratlardır! Onun dərisinin üstündə nəsə ləkələr vardı; bunun nə olduğunu əvvəlcə bilmədim, daha sonra anladım vəziyyəti. Yadıma ağ adam haqqında bir hekayət düşdü - balina ovçusu hannibalların arasına düşür, onlar da bu ağ adamın bədənini tatuirovka ilə doldururlar; və mən bu qənaətə gəldim ki, bu harpunçu da gəmi ilə uzaq səfərə çıxmış, başına buna oxşar bir macəra gəlmişdir. Ancaq düşündüm ki, bu vur-tut onun xarici görkəmidi, o, vicdanlı adam da ola bilər! Lakin onun insana bənzəməyən sifətini nə ilə izah etmək olardı!? Axı tatuirovka olunmamış yerlərdə dərisinin rəngi də dəhşətlidir! Ola bilsin, tropik sularda gün yandırıb; lakin mən ömrümdə eşitməmişəm ki, ağ dərili adamı gün bu kökə salsın, yəni dərisini tünd qırmızı-sarımtıl rəngə boyasın. Axı mən heç özüm də Cənub sularında hələ üzməmişəm; bəlkə Cənub günəşi dəridə belə qeyri-adi rənglər əmələ gətirir? Bu qarışıq fikirlər beynimdə ildırım sürətiylə dolaşırdı, harpunçu hələ də məni görmürdü. O, kisəylə əlləşib, nəhayət, onu açdı; bir qədər içində eşələndi və tomaqavk və suiti dərisindən olan üstü xəzli bir çanta çıxartdı; onları otağın ortasındakı sandığa yerləşdirəndən sonra yenizelandiyalının kəlləsini götürdü - dəhşətli bir şey idi!- və onu kisəyə soxdu. Sonra papağını çıxartdı - qunduz xəzindən təzə papaq idi, - bu vaxt, az qala, heyrətdən böyürəcəkdim; onun başında tük yox idi, hər halda, düz alnının üstündə burulmuş balaca bir düyündən başqa mən saç görmədim. Bu tünd qırmızı baş xalis kiflənmiş kəlləyə oxşayırdı. Əgər bu adam mənimlə qapı arasında durmasaydı, otaqdan güllə kimi çıxardım.Lakin elə bu vəziyyətdə dərhal fikirləşdim ki, pəncərədən də olsa xəlvəti aradan çıxım; amma bizim otaq üçüncü mərtəbədə yerləşirdi. Mən qorxaq deyiləm, amma bu tünd qırmızı başlı quldur mənim dərrakəm xaricindəydi. Xəbərsislik - qorxunun anasıdır və boynuma alıram ki, mən bu əcayib vəziyyətdən elə hövllənib qorxmuşdum ki, həmin naməlum adamı gecənin bir yarısı otağıma soxulmuş cin-şeytan kimi görürdüm. Doğurdan da, mən ondan elə qorxdum ki, cürətim çatmadı soruşum ki, axı sən kimsən, sən hansı sirli aləmin adamısan... Bu vaxt o soyunmağa başladı; nəhayət, onun çılpaq sinəsi və əlləri göründü. Əgər yalan deyirəmsə, qoy elə burda da ölüm; bu adamın bədəninin adətən paltarla örtülü hissələri qəfəsşəkilli cızıqlarla doluydu, eynilə sifəti kimi; belində də eyni qara kvadratlar vardı, zalım oğlu elə bil şil-küt olunmuş halda otuzillik müharibədən bu saat qayıdıb . Hələ bu azmış kimi, ayaqları da o gündə idi; elə bil tünd-yaşıl qurbağa balaları cavan palma gövdələrinin üstünə dırmaşıblar. İndi hər şey aydın idi: bu adam hansısa Cənub sularında balina ovlayan gəmiyə minmiş və beləliklə də xristian torpaqlarına gəlib çıxmış vəhşiydi. Məni sadəcə dəhşət bürümüşdü; o, kəllə alveri edirdi - bəlkə elə bu kəllələr onun qardaşlarınınkıydı? Birdən bu kəllələrə mənim də başımı əlavə etdi, onda necə? İlahi, özün kömək ol! Onun tomaqavkına bax bir!İndi əsib-titrəməyə vaxt da qalmamışdı, çünki bu vəhşi indi mənim marağımı çəkən elə bir şey eləməyə başladı ki, qarşımdakının bütpərəst olduğuna tamamilə inandım. Stulun söykənəcəyinə asdığı öz bürüncəyinə, ayaqaltına - heç bilmirəm necə adlandıram - yaxınlaşıb ciblərini eşələməyə başladı və əhayət, üçgünlük zənci körpəsi rəngində eybəcər bir şey çıxartdı. Həmin mumiyalanmış kəllələri yadıma salıb, az qala, inanmaq istəyirdim ki, bu qara şey euni cür mumiyalanmış körpədir, lakin onun daş kimi bərk olduğunu və pardaxlanmış qara ağac parçası kimi parıldadığını görüb qərara aldım ki, yəqin ağacdan düzəldilmiş bütdür və dərhal da buna əmin oldum. Çünki vəhşinin buxarıya yaxınlaşıb, öz taxta bütünü ora qoyduğunu gördüm. Buxarının yan divarları və içi qalın his qatı ilə örtülmüşdü və mən düşündüm ki, bu buxarı Afrika bütü üçün əməlli-başlı mehrabdır, daha doğrusu, bütxanadır.Gözümün ucuyla onun gizlətdiyi bütə tərəf baxmağa başladım; o hayda olmasam da, onun bundan sonrakı hərəkətlərini izləmək maraqlıydı. Gördüm ki, gödəkçənin cibindən iki ovuc yonqar çıxartdı və onları ehtiyatla bütün qabağına səpələdi; sonra onların üstünə bir parça suxarı qoydu və şamla yonqarları yandırdı. Alov qalxanda cəld hərəkətlə barmaqlarını odun içinə saldı, dərhal da oddan çəkib barmaqlarını üfürməyə başladı (görünür, barmaqlarını alovun içində çox saxlamışdı) və alovun içindəki kömürə dönmüş suxarını götürüb, onu bir qədər üfürərək, ehtiramla öz qara körpəsinə uzatdı. Lakin, görünür, külə dönmüş yemək balaca şeytanın ürəyincə olmadı - o, dodaqlarını belə tərpətmədi. Bütün bu qəribə hərəkətlər daha əcayib boğaz səslərilə müşaiyyət olundu; bu səsləri mənim bütpərəst harpuncum çıxarırdı; ya dua edirdi, ya da duaya oxşar bir surə oxuyurdu, bu zaman ağız-burnunu da eybəcər şəkildə əzib-büzürdü. Nəhayət, alovu söndürdü, buxarıdan bütü saymazyana çıxartdı və ovçu vurduğu meşə cüllütünü heybəsinə qoyurmuş kimi, yenə gödəkcəsinin cibinə dürtdü.Bütün bu müəmmalı hərəkətlər mənim həyəcan və təşvişimi yalnız artırırdı; təsvir olunan işgüzar əməliyyatların sonunun yaxınlaşdığını görüb anladım ki, indi harpunçu şamı ya söndürəcək, ya da söndürməmiş mənim yatdığım çarpayıya girəcək və başa düşdüm ki, işıq sönməmiş bu ovsundan çıxmalıyam. Lakin o, çarpayıya girməmiş daha bir qorxulu iş baş verdi; harpunçu stolun üstündən tomaqavkı götürdü və bir müddət sapına baxıb, onu şamın alovuna tutdu, sonra tomaqavkın küpünü ağzına alıb, havaya xeyli tüsü buraxdı. Şam dərhal söndü; bu vəhşi hannibal ağzında tomaqavk düz mənim çarpayıma tullandı. Daha özümü saxlaya bilməyib dəhşətdən bağırdım, o isə təəccübünü adi bir səslə bildirdi və məni əli ilə yoxlamağa başladı.Dilim topuq vura-vura nəsə dedim, heç özüm də bilmədim nə dedim; divara tərəf geriyə sıçradım, başladım ona lənət oxumağa. Mənə tərəf gəlməsini istəmirdim, şamı yandırmaq üçün fürsət axtarırdım. Lakin onun boğaz səsləri və cavablarından bildim ki, o mənim sözlərimi o qədər də başa düşmür. Nəhayət, harpunçu donquldandı:- Sən kimsən, lənət şeytana? Səsini... çıxartmırsan... Az qala səni. öldür...müş-düm...O bu sözləri deyərkən, közərmiş tomaqavk qaranlıqda əyri-üyrü cizgilər cızdı.- Ağa! Heyyy, cənab Piter Tabut! Allah xətrinə, mənə kömək edin! - deyə qışqırdım. - Heyy, gözətçi, hardasan? Allah, allah, sən özün kömək ol! Heyy, ağa! Kömək edin!- De görüm... səəəə.... kim... Kim səəəən?... yoxsaaaa.... öldürrrrr... - hannibal bağırdı, tomaqavkı da yuxarı elə qaldırdı ki, ondan qığılcımlar səpələndi və az qala, yorğan-döşəyim od tutub yanacaqdı. Lakin elə bu vaxt bəxtimdən otağa əlində şam tutmuş hotel sahibi daxil oldu və mən özümü onun üstünə atdım.- Sakit ol, qorxma, - deyə o bic-bic güldü,- bizim dostumuz Kvikeq sizə xətər yetirməz...- Buraxın bu hoqqanı... Nə gülürsünüz? - deyə bağırdım.- Mənə nə üçün demədiniz ki, bu harpunçu, lənət şeytana, hannibaldır?- Düşündüm ki, siz özünüz biləcəksiniz. Axı sizə demişdim ki, o, kəllə alveri ilə məşğul olur... Boş yerə həyəcanlanmayın... Qorxub eləməyin, sakitcə yıxılıb yatın. Heyy, Kvikeq, bura bax, bu adam səninlə... birlikdə... yatacaq... Qandın? Adam burda... birlikdə... səninlə... yatacaq...Kvikeq donquldandı:- Mənimm... çarpayım... çoxxxxx... yer... başa düşdüm...- trubkasından tüstü buraxa-buraxa əlavə etdi: - Gəl... gir... yerinə...- ədyalı götürüb mənə göstərdi. Doğurdan da, bunu nəinki nəzakətlə etdi, hətta mənə əsl qonaqpərvər nəvazişi göstərdi. Bir anlıq durub ona baxdım; bədəni tatuirovkayla dolu olsa da, təmiz, qəşəng hannibal idi. Bəs nə üçün mən bu qədər hay-küy qopardım? O da mənim kimi bir insandır, onun da məndən qorxa bilərdi. Sərxoş xristianla yatmaqdansa, ayıq hanniballa yatmaq daha yaxşıdır.- Cənab, - deyə hotel sahibinə müraciət etdim, - xahiş edirəm ona deyin ki, baltasını, ya trubkasını, bilmirəm nə adlanır, gizlətsin, məndən uzaq eləsin. Qısası, ona deyin ki, tənbəki çəkməsin, onda mən yataram. Mən yataqda tənbəki çəkən adamı xoşlamıram. Bu, təhlükəlidir, mənim isə sığortam yoxdu...Mənim xahişim Kvikeqə çatdırıldı və o da dərhal buna əməl etdi; sonra yenə nəzakətlə məni yatağa dəvət etdi və özü də künc tərəfə qısıldı; bununla demək istədi ki, narahat olma, mənim heç ayağım da sənə toxunmayacaq.- Gecən xeyrə, cənab, gedə bilərsiz...- hotel sahibinə dedim.Mən yatağa girib yuxuya getdim; ömrümdə belə daş kimi yatmamışdım.

Dördüncü FəsilYorğanSəhər yuxudan ayılanda gördüm ki, Kvikeqin nəvazişli əlləri mənim üstümdədir, elə bil onun arvadıyam, məni qucaqlamışdı. Bizim yorğan quramaydı- müxtəlif rəngli kvadrat və üçbucaqlı güllərlə toxunma bir ədyal idi; onun əli bu ilməli, naxışlı və hər tərəfində xüsusi bəzəkləri olan yorğanın üstündəydi və mənə elə gəldi ki, bu əl dəniz səyahətlərində tez-tez günəş şüaları altında qaldığından yorğanın özü kimi bəzək-düzəklidir; doğrusu, gözlərimi açanda gördüm ki, bu naxışlar və onların tonu biri-birinə qarışıb və üstümdəki ağırlıqdan hiss etdim ki, Kvikeq məni qucaqlayıb.Qəribə hisslər yaşadım, indi çalışaram bu hissləri təsvir edim. Yadımdadı, uşaq olanda, bir dəfə mənimlə belə bir hal baş vermişdi; bu nə idi - şirin bir xəyal, yoxsa gerçəklik? Bunu hələ də özüm üçün aydınlaşdıra bilmirəm. Bu hadisə belə baş vermişdi: yadımda olan budur ki, mən nadinclik edib buxarının borusuyla dama dırmaşmağa cəhd göstərdim; özümü bir neçə gün qabaq bizə gələn boru təmizləyən adam kimi göstərmək istəyirdim. Həmişə məni danlayan və sam yeməyi vermədən yatağa göndərən analığım məni bacadan dartıb çıxartdı və yatmağa göndərdi. Lakin həmin gün dünyanın ən uzun günüydü - 21 iyun. Gündüz saat iki olardı. Bu vaxtı nə yatmaq? Bu, mənim üçün dəhşətli bir iş idi. Lakin nə etmək olardı? Pilləkənlərlə qalxdım üçüncü mərtəbədıə yerləşən yatağıma; asta-asta soyundum, acı bir ah çəkib girdim yerimə. Mən uzanıb məyus-məyus saatı hesablayırdım; düz on altı saat yatmalıyam, sonra durmalıyam. On altı saat yataqda qalmaq olar? Elə bu fikirlə başladı belim sızıldamağa. Bayırda günəşli hava vardı; pəncərədən günəş şüaları düşür, küçədən minik arabalarının gurultusu eşidilir, bütün evdən isə şən əhval-ruhiyyəli səslər gəlirdi. Hiss edirdim ki, mənim əhvalım anbaan pisləşir və nəhayət, yataqdan durub geyindim; corablarımı ayağıma keçirib sakitcə pilləkəndən aşağı endim, analığımı aradım; mən özümü qəfildən onun ayaqları altına atdım və başladım yalvarmağa; qoy məni ayaqları ilə təpikləsin, mən hər bir cəzanı çəkməyə razıyam, bircə yataqda uzun müddət qalmayım; bu, dözülməzdir. Lakin analığım yaxşı və ağıllı qadın idi; məni geri, öz otağıma qaytardı; beləliklə, mən orda bir neçə saat uzandım, yatmadım; özümü əvvəlkindən daha pis hiss eləməyə başladım; hətta bundan əvvəlki müsibətli günlərimdəkindən də pis hiss etdim özümü. Daha sonra yuxuya getdim, heç nədən xəbərim olmadı; lakin birdən, yarıyuxulu vəziyyətdə yavaş-yavaş gözlərimi açdım - bundan əvvəl pəncərəmdən günəş şüaları düşən otağım zülmətə qərq olmuşdu. Bütün bədənim əsməyə başladı; mən heç nə görmürdüm və heç nə eşitmirdim; amma hiss edirdim ki, kiminsə çəlimsiz əli ədyalın üstündədir. Və hansısa heyrətamiz, əcayib, sakit bir kabus gözümə göründü: o, düz mənim çarpayımın yanında oturmuşdu; mənə elə gəldi ki, uzun müddət, bütöv bir əsr yatmışam; məni dəhşətli bir vahimə basmışdı, qolumu belə tərpədə bilmirdim; lakin bununla belə hiss edirdim ki, bir balaca qolumu tərpətsəm, bütün pis ruhlar, qarabasmalar çıxıb gedəcək. Nəhayət, bu qarabasmalar xəbərsiz-ətərsiz məni tərk etdi; səhər yuxudan duranda yenə təşviş içində onu yadıma saldım; günlər, həftələr, aylar gəlib keçirdi, amma mən o kabusu unuda bilmirdim, bu sirrin nədən ibarət olduğunu anlamaq üçün əzab çəkirdim. Allaha and olsun, mən elə bu günün özündə də onun nədən ibarət olduğunu anlaya bilmirəm.Hə, deməli, əgər qorxunu kənara atsaq, mən öz əlimin üstündə o çəlimsiz əli hiss etdiyim zaman nə duymuşdumsa, indi də bax belə bir duyğu yaşadım; Kvikeqin bütpərəst əlinin mənim üstümdə olmasını görüncə eynilə uşaqlıqda yaşadığım həmin anları yaşadım. Lakin səhər açıldıqca mən gecəki hadisələri daha ayıq başla yadıma salmağa başladım; başa düşdüm ki, mən necə bir çətin, həm də komik vəziyyətdəyəm. Kvikeqin əlini üstümdən çəkməyə çalışdım, lakin o yuxulu-yuxulu məni bərk-bərk qucaqlamışdı; sanki bizi biri-birimizdən ölüm ayıra bilərdi. Mən onu oyatmağa çalışdım:- Kvikeq!- deyə səslədim. Lakin cavabında o xoruldadı. Mən böyrü üstə çevrildim, elə bil çiynimdə ağır bir yük vardı; birdən nəsə məni yüngülcə çırmaqladı. Ədyalı üstümdən tullayıb gördüm ki, harpunçu böyrünə qoyduğu tomaqavkla yatıb; bu əşya sivri üzlü o qara körpəyə bənzəyirdi. Belə de, düşündüm, günün günorta çağı uzanıb hannibal və onun tomaqavkı ilə birlikdə yatasan, özü də özgə bir yerdə!- Kvikeq! Sən Allahın, oyan!Nəhayət, qıvrılıb onun qucağından qurtuldum; məndən qəribə bir bağırtı qopdu və o, səksəkə içində əlini çəkdi, elə bil Nyufaundlənd itiydi, sudan çıxıb çırpındı; Kvikeq hövlnak durub çarpayıda oturdu, durna balığı kimi gözlərini ovuşdurub mənə zilləndi; sanki məni indi görürdü və başa düşməyə çalışırdı ki, bura hardan gəlib çıxmışam; sonra baxışları yavaş-yavaş istiləşdi, yəni məni artıq tanıdığını hiss etdim. Mən hələ yataqdan durmamışdım, sakitcə onu müşahidə edirdim, ondan daha heç bir təhlükə, yaxud qorxu görmürdüm; buna görə də bu heyrətamiz varlığa daha diqqətlə baxmaq istəyirdim. Nəhayət, mənim kim olduğumu anladı və hiss etdim ki, mövcud vəziyyətlə barışmalı oldu; Kvikeq yataqdan döşəməyə hoppandı və mənə də işarə elədi ki, o, geyinib ilk olaraq otağı tərk edəcək, bundan sonra otağın sahibi kimi mən tənha qala bilərəm. Hə, Kvikeq, düşündüm, bu, mövcud vəziyyətdə ən yaxşı nəzakət formasıdır. Düzü, nə deyirsiniz deyin, kobud insanlarda nəsə anadangəlmə məxsusi bir nəzakət forması olur; onların incə və ədəbli olmasına adam heyrət edir. Kvikeq barədə ona görə bu rəyə gəlirəm ki, mənə qarşı xeyli mərifət və iltifat göstərdi, mən isə ona qarşı bir qədər ədəbsizlik etdiyimi boynuma alıram: məsələn, yataqda uzana-uzana onun hərəkətlərinə göz qoyurdum, üst-başını necə qaydaya salmasına baxırdım, hədsiz maraq mənim bütün ədəb meyarlarımı üstələmişdi. Axı Kvikeq kimi adamı hər gün görmürük; bu adam və onun hərəkətləri də mənim diqqətli müşahidələrimə layiqdir.O, qunduz xəzindən olan şlyapasının böyürlərini dikəltdi, sonra başına qoydu, şalvarını geyinməmiş başmaqlarını aradı. Allaha and olsun, bilmirəm nə üçün belə edirdi, sonra əlində başmaqlar, başında da şlyapa çarpayının altına girdi; onun hıqqanmasından bildim ki, orda ayaqqabılarını geyinir; mən heç bir yerdə oxumamışam ki, adam ayaqqabılarını gizlincə geyinsin. Bu Kvikeq, görürsüz də, keçid dövrünün varlığıdır; nə ondandı, nə bundan. O elə bir mühitin yetirməsiydi ki, qabalığını qeyri-adi vasitələrlə ortalığa qoymalıydı; təhsili hələ natamam idi, təzəcə başlamışdı oxumağa. Əgər bir qədər oxuyub təhsil görsəydi, çox güman ki, ayaqqabıları ilə beləcə əlləşməzdi; digər tərəfdən, o qaba olmasaydı, ayaqqabısını çarpayı altında geyinməzdi. Nəhayət, o, başında şlyapa çarpayı altından çıxdı; şlyapası lap gözlərinə qədər pərçimlənmişdi. Kvikeq axsaya-axsaya otaqda gəzişməyə başladı. Ayaqqabısı cırıltılı səslər çıxarırdı. Görünür, öküz dərisindən tikilmiş hələ nəm olan bu başmaqlara öyrəşməmişdi, üstəlik də, səhərin soyuq havası onun ayaqlarını sıxırdı.Bizim pəncərədə pərdə yox idi; otağımız dar dalanın o tərəfindəki evdən əl içi kimi görünürdü; ayağında başmaqlar, başında isə şlyapa Kvikeq mənasız varlıq kimi görünürdü; mən onu başa salmağa çalışdım ki, əyin-başını, heç olmasa, şalvarını mümkün qədər tez geyinsin. O mənim sözlərimə diqqətlə qulaq asdı, sonra əl-üzünü yumağa başladı. Həmin gün səhər onun yerinə hər hansı bir xristian olsaydı, üzünü yuyardı, qəribədir ki, Kvikeq sinəsini, çiyinlərini və əllərini yudu, sonra jiletini geyindi, sandığın üstündə əl-üz yumaq üçün qoyulmuş ləyəni götürdü, sabunu su ilə dolu ləyənin içinə tulladı, sonra yanaqlarını sabunladı. Mən gözləyirdim ki, o hardansa ülgüc çıxardıb üzünü qırxacaq, lakin harpuncu çarpayının küncündəki harpunu götürdü, uzun taxta saplağını ayırdı, onun tiyəsini qınından çıxartdı, iti tiyəni bir neçə dəfə ayaqqabısının altına sürtdü, sonra divarın dibindəki sınıq güzgünün qabağında dayanıb, cəld hərəkətlərlə üzünü qırxmağa başladı, daha doğrusu, üzünü harpunlamağa başladı. Hə, Kvikeq, məncə, sən Rocerin birinci dərəcəli ülgüclərindən əntiqə yararlanırsan. Sonralar mən bu əməliyyata görə o qədər də təəccüblənmədim; çünki öyrəndim ki, harpunları əla keyfiyyətli poladdan hazırlayırlar, onların uzun və dümdüz tiyələri yaman iti olur.Çox keçmədi ki, Kvikeqin geyim-keçim mərasiminin sonrakı prosedurları da bitdi; o, uzun losman buşlatını geyinib marşal əsasıtək əlində tutduğu vəfalı harpunuyla birlikdə ağayana-ağayana otaqdan çıxdı.



Beşinci fəsilSəhər yeməyiMən dərhal onun dalınca bufetə düşdüm, xımır-xımır gülümsəyən sahibkarla mehribancasına salamlaşdım. Ötən gecəki hadisə zamanı mənimlə bir qədər əylənsə də, ona qarşı kin-küdurətim yox idi. Hərdən ürəkdən gülə bilmək gözəl şeydi. Ancaq heyif ki, belə hallar az-az olur. Bundan başqa, əgər bir adam öz personası ilə onunla zarafat etmək üçün material verirsə, onda qoy çəkinib eləməsin, qoy həmin adam özünü bütünlüklə bu işə həsr etsin. İnandırım sizi, zarafat olunası adam siz düşündüyünüzdən də əhəmiyyətli adamdır.Bufetdə ötən gecə gələn müsafirlər vardı; mən dünən onları görməmişdim. Hamısı demək olar ki, balina ovlayan gəmidən düşmüşdü: kapitanın birinci, ikinci, üçüncü köməkçiləri, gəmi təmirçiləri və dəmirçiləri, harpuncular, avar çəkənlər. Qarabuğdayı, əzələli, üzlərini tük basmış matroslar səhərin gözü açılan kimi xalat əvəzinə buşlatlarına bürünüb gəlmişdilər bufetə.Matroslardan hansının sahilə nə vaxt çıxdığını çox asanlıqla müəyyən etmək olardı; məsələn, bu cüssəli cavanın yanaqları günəş şüalarının bəs qədər yandırdığı arnudu xatırladır; bu yanaqlardan elə bil meyvə qoxusu gəlir; çox yox, cəmi üç gün bundan qabaq Hindistandan qayıdıb. O birisi isə, yanındakını deyirəm, onun kimi əsmər deyil - elə bil qırmızı ağac parçasıdır. Üçüncünün sifətində hələ tropik günəşin izləri qalıb, lakin indi bir qədər solğundu; şübhəsiz, bu adam bir neçə həftədir sahildədir. Lakin Kvikeqin yanaqlarıyla heç bir kəsinki müqayisəyə gəlməz; onun sir-sifəti müxtəlif rəngli zolaqlarla doluydu; And dağlarının qərb yamacları kimiydi, sanki onun üzündə bütün iqlim zonalarının naxışları cəmləşmişdi.- Heyyy! Yemək hazırdı!- nəhayət hotel sahibi qapıları taybatay açıb hamını çağırdı; biz qonşu otağa keçib səhər yeməyinə başladıq.Deyirlər, dünyagörmüş adamlar digərlərindən təbii maneraları ilə fərqlənirlər, özlərini hər hansı bir mühitdə itirmirlər. Lakin bu, həmişə belə olmur: məsələn, Yeni İngiltərədən olan böyük səyahətçi Ledyard və şotlandiyalı Munqo Park qonaqlıqda özlərini tamamilə itirərmişlər. Ola bilsin ki, itlərin qoşulduğu kirşələrdə ucsuz-bucaqsız Sibirə səyahət etmiş Ledyard, yaxud qara Afrikanı qarış-qarış tənha gəzib dolaşan zavallı Munqo qəhrəmanlıq göstəriblər; lakin yenə deyirəm, belə şücaətlər dünyanın incəliklərini görmək üçün ən yaxşı vasitə də deyil. Hər halda, bu məsələ çox incə məsələdir.Bu mülahizələr nədən ortaya çıxdı? Biz səhər yeməyinə başlayanda mən özümü balina ovu haqqında şücaətli hekayətlər eşitməyə hazırlamışdım; təəccüblü olsa da, hamı susurdu. Bundan başqa, hamıda elə bil pərişanlıq görüntüsü sezilirdi. Hə, hə, beləydi! Mənim yanımda dəniz canavarları oturmuşdu; onlardan çoxu qorxu-zad bilmədən açıq dənizdə nəhəng balinalar ovlamışdı; onlar əcayib və qorxulu dəniz heyvanlarıyla ölüm-dirim savaşı aparmış, qələbə çalmışdılar; burda onlar birlikdə səhər yeməyi süfrəsi arxasında oturmuşdular - hamı eyni sənətin sahibiydi, eyni zövqə malik idi; onlar biri-birlərinə elə cürətsiz baxırdılar ki, deyirdin bəs, Yaşıl Dağlardakı qoyun damlarından başqa heç yeri görməmişlər. Qəribə paradoksal mənzərəydi: utancaq ayılar, cəsarətsiz balina ovçuları!Mənim Kvikeqimə gəlincə, deyim ki, o da həmin adamların arasında oturmuşdu; bilmirəm təsadüfdən idimi, ya yox, baş tərəfdə oturmuşdu; buz kimi soyuq və təmkinliydi. Yəqin ki, onun maneraları çox da yaxşı deyildi; hətta onun ən çılğın pərəstişkarı belə riyakarlıq etmədən harpunun yemək məclisinə gətirilməsinə bəraət qazandırmazdı; Kvikeq harpununu düz stolun yanına çəkmişdi və yanında oturanların başı üzərindən stol boyu uzadıb onun iti tiyəsi ilə bifşteksləri qabağına çəkirdi. Lakin qeyd edim ki, o bunu soyuqqanlılıqla edirdi; axı hər kəs bilir ki, əksər adamların gözündə təmkinli olmaq kübar nəzakət qaydalarına uyğundur.Biz Kvikeqin digər qəribəliklərini sadalamayacağıq; onun isti bulka və kofedən necə incəliklə imtina etməsindən və bütün iştahını yalnız bifşteksə verdiyindən də danışmayacağıq. Yalnız onu demək kifayətdir ki, səhər yeməyi bitəndən sonra mən bayıra çıxıb gəzməyə gedəndə, o hamıyla bərabər istirahət otağına keçdi, öz trubkasını-tomaqavkını yandırdı; vəfalı papağı başında, səhər yediklərini həzm edə-edə sakitcə trubkasını sümürməyə başladı.
Altıncı fəsilKüçəƏgər Kvikeq kimi əcəib adamı mədəni bir şəhərdə ilk dəfə görəndə xeyli təəccüblənsəm də, gündüz Nyu Bedford şəhərinin küçələrində gəzərkən bu təəccübüm dərhal yoxa çıxdı.Bu iri liman şəhərinin sahil körpülərinə yaxın küçələrində demək olar ki, dünyanın hər yerindən gəlmiş ən qəribə və təsvirəgəlməz adamları görmək olardı. Hətta Brodvey və Çestnat küçələrində belə bəzən qorxmuş amerikalı ledilərini Aralıq dənizi matroslarının itələdiklərinin şahidi olarsan. Recent küçəsində arabir hindu və malay matrosları görünür, Bombeydə isə çox vaxt yerlilər yankilərdən hürkürlər. Amma Nyu Bedford hamısını - Uoter və Uoppinq küçələrini də üstələyir. Bu küçələrdə daha çox adi dənizçiləri görmək olar; Nyu Bedfordda isə əsl hanniballar döngələrdə durub naqqallıq edirlər. Onlara heyrətlə baxmayasan, neyləyəsən?Lakin Fici, Tonqatoboarr, Erromanqoan, Pannancian, Briccian adalarının sakinlərindən və buradakı küçələri gəzib dolaşan balina ovculuğu sənayesinin yoldan ötənlərin diqqətini cəlb etməyən kobud nümayəndələrindən başqa, biz Nyu Bedfordda daha maraqlı, daha gülməli mənzərələri müşahidə edə bilərik. Vermon və Nyu Həmpşirdən buraya hər həftə yeni insan dəstəsi gəlir; onlar balina ovçuluğunun şan-şöhrətinə çatmaq arzusu ilə yanırlar, əsasən cavan, qolugüclü oğlanlardır, öz baltalarını harpunlarla əvəzləmək istəyən dünənki meşəqıranlardır. Bu cavanlar gəldikləri Yaşıl Dağlar kimi yaşıldılar; bəzən adama elə gəlir ki, bunlar elə təzəcə yumurtadan çıxıblar. Məsələn, bax o oğlan, ciddi görkəmlə tindən çıxan oğlanı deyirəm; başında qunduz dərisindən papaq var, mundirinin dal ətəyi də qaranquş quyruğuna bənzəyir, amma matros kəməri bağlayıb, hələ üstəlik xəncərini də belinə taxıb. Ora bax, biri də gəlir, əynində sukeçirməyən plaşı var, üstündən də mantiya salıb.Şəhər modabazı ilə ot biçini zamanı əlinə maral dərisindən əlcək geyinən (guya əlini günvurmadan qoruyur) kənd modabazı heç vaxt müqayisəyə gəlməz. Əgər həmin o kənd modabazının beyninə seçilmək, yaxud şəhərdə karyera qurmaq, yaxud da elə balina ovlayan gəmiyə düşmək istəyi girdi, siz onda bu adamı müçahidə edin, görün o, limanda nə hoqqalar çıxarır! Özünə matros geyimi sifariş verərkən jiletin düymələrinə mütləq dəbdə olan zınqrovlar qoyacaq və öz parusin şalvarına isə üzəngi vurulmasını tələb edəcək. Təəssüf! Avam kənd camaatı! Bu üzəngilər elə ilk küləkdən xıncım-xıncım olur; bəs sənin o zınqrov və üzəngilərin şiddətli fırtınaya düşsə, onda neyləyəcəksən, hə?Bununla belə, elə düşünməyin ki, bu şanlı şəhərin sakinləri yalnız harpunçular, hanniballar və kənd avamlarından ibarətdir; heç də belə deyil, Nyu Bedford əslində çox heyrətamiz şəhərdir. Əgər biz, balina ovçuları, olmasaydıq, bu yerlər yəqin ki, indi də Labrador sahilləri kimi acınacaqlı vəziyyətdə qalardı. Şəhər kənarında, sahildən bir qədər aralı olan yerlər indi də lüt-üryandır; burda elə yerlər var ki, adam görəndə lap vahimələnir. Lakin şəhərin özü gözəldir, demək olar ki, bütün Yeni İngiltərəni gəzsən belə gözəl şəhər tapa bilməzsən. Əsl zeytun yağının vətənidir, əlbəttə, Kanaandan sonra; bura həm də taxıl və şərabın məskənidir. Amerikanın heç bir yerində Nyu Bedforddakı kimi şahanə evlər, parklar və dəbdəbəli bağlar tapa bilməzsən. Bunlar hardandı belə? Vulkan püskürməsindən sonra yaranmış yoxsul bir şəhərdə bunlar necə əmələ gəlib?Gedin bu şəhərin dəmir çərçivələrinə yaxşı-yaxşı baxın, onların içindəki çubuqlar sanki harpun kimi əyilib; o birilərinə - hündür villanın ətrafındakı çərçivələrə baxın, onda yuxarıdakı suala cavab taparsınız. Bütün bu səliqəli, yaraşıqlı binalar, dəbdəbəli bağlar buralara Atlantik, Hind və Sakit okeandan gəlib çıxıblar. Bütün bunları bir zaman balina ovçuları dənizin dibindən çıxarıb buraya gətirmişlər. Belə bir şücaəti heç herr Aleksandr da göstərə bilməz.Deyirlər, Nyu Bedfordda atalar qızlarına cehiz kimi balina verirlər, qardaş və bacı qızlarına isə delfin hədiyyə edilir; Nyu Bedforda gedin, əsl dəbdəbəli toya baxın; deyirlər orda, o varlı adamların hər birinin evində balina yağı ilə dolu iri çənlər anbarı var və hər axşam burda insan boyundan uzun olan spermasetli şamlar yanır.Yayda şəhər xüsusilə gözəl olur, elə bil ağcaqayın meşəsinə düşmüsən - yaşıl və qızılı xiyabanlar göz oxşayır.Avqust ayında isə qalın şabalıdlar yoldan keçənlərin başları üstündə çətir kimi açılır. Bütün Nyu Bedfordda çılpaq qaya parçaları üstündə gülüstan yaradılıb.Hələ Bedfordun qadınlarından danışmıram! Onlar elə öz zərif əlləri ilə əkdikləri qızıl gül kimi açırlar. Lakin qızıl güllər yalnız yayda çiçəkləyirlər, qadınların yanaqları isə qərənfil kimi ilboyu yanır, elə bil göyün yeddinci qatında günəş gülümsəyir sənə. Belə bir gül selinə dünyanın heç bir yerində rast gəlməzsən, əlbəttə, bircə Salemdən başqa; eşitmişəm Salemdə cavan qızların nəfəsindən müşk ətri gəlir və matroslar dənizdə, sahildən bir neçə mil uzaqda olarkən belə öz sevgililərinin ətrini bu müşkə görə tanıyırlar, elə bil sahildəki puritan evlərə yox, ətirli Molukka adasına gedirlər.
Yeddinci fəsilKilsəBedfordda balina ovçuları üçün kiçik bir kilsə də var, Hind okenanına, yaxud Sakit okeana çıxan balıqçılar səfərdən qabaq hərdənbir bazar günləri bura gəlirlər; mən də hər ehtimala qarşı kilsəyə getdim. İlk səhər gəzintisindən qayıdıb bir qədər dincəldikdən sonra yenidən küçəyə çıxdım; yalnız buna görə ki, həmin o kilsəyə gedim. Səhərki aydın, günəşli, soyuq havadan əsər-əlamət qalmamışdı, hava tamam dumanlıydı, sulu qar yağırdı. "Ayı dərisi" adlanan tüklü gödəkçəmi geyinib çölə çıxdım və şiddətli borana düşdüm. Az sonra kilsəyə girdim, içəridə adam az idi; bir neçə dənizçi, bir-iki matros arvadı və dul qadın vardı.Kilsənin içində dərin bir sükut hökm sürürdü; sükutu arabir bayırdakı boranın vıyıltısı pozurdu. Belə görünürdü ki, hər kəs biri-birindən məqsədli şəkildə aralıda oturmuşdur, sanki hər kəsin kədəri özünə aid idi və onu hər kəs içinə salıb təklikdə yaşamaq istəyirdi. Keşiş hələ gəlməmişdi. Kişi və qadın ziyarətçilər sanki lal adacıqlar kimi oturub kilsənin qara haşiyəli mərmər divarlarına tamaşa edirdilər. Kilsə divarlarının üstündə təxminən bu sözlər yazılmışdı (sitatların dəqiqiliyinə zəmanət vermirəm):1836-CI İL NOYABRIN 1-DƏ, PATAQONİYA SAHİİLƏRİNDƏKİ ADANIN YAXINLIĞINDA ON SƏKKİZ YAŞINDA HƏLAK OLMUŞ CON TALBOTUN XATİRƏSİNƏBU XATİRƏ DAŞI ONUN BACISINDAN YADİGAR OLARAQ DÜZƏLDİLİB31 DEKABR 1839-CU İLSAKİT OKEAN SAHİLLƏRİ YAXINLIĞINDA BALİNA OVUNDA HƏLAK OLAN "ELİZA" GƏMİSİNİN HEYƏT ÜZVLƏRİ - ROBERT LONQ, UİLS ELLERİ, NATAN KOLEMAN, VALTER KƏNNİ, SET MEYSİ VƏ SAMUYEL QLEYQİN XATİRƏSİNƏMƏRMƏR LÖVHƏ ONLARIN SAĞ QALAN DOSTLARI TƏRƏFİNDƏN QOYULUB
MƏRHUM KAPİTAN EZEKİL HARDİNİN XATİRƏSİNƏYAPONİYA SAHİLLƏRİNDƏ 3 AVQUST 1833-CÜ İLDƏ ÖZ YELKƏNLİ GƏMİSİNDƏ BALİNA TƏRƏFİNDƏN ÖLDÜRÜLMÜŞDÜRDUL QALMIŞ ARVADINDAN XATİRƏ LÖVHƏSİ
Mən şlypamın və gödəkçəmin üstündəki sulu qar dənəciklərini çırpıb qapının ağzında oturmuşdum və ətrafa göz gəzdirirdim; birdən təəccüblü də olsa Kvikeqi gördüm. Bu təntənəli şəraitdə o da ətrafa diqqətlə göz qoyurdu; baxışlarında inamsız bir maraq ifadəsi vardı. Bu çöl adamı mənim gəlişimi görən yeganə ziyarətçi oldu; o burda oxumağı bacarmayan yeganə adam olduğu üçün divardakı xatirə lövhələrindəki yazıları da oxumağa girişmədi.Bu kiçik kilsəyə gələnlər arasında adları mərmər lövhələrə həkk olunmuş dənizçilərin qohumları vardımı? Bunu deyə bilməzdim. Lakin dənizdə o qədər bədbəxt hadisə olur ki, bura gələn qadınlar geyimlərindən daha çox öz çöhrələrində həmin müsibətləri gətirmişdilər. Mən qəti inamla deyə bilərəm ki, bura gələn adamların qəlbindəki yaralar o soyuq lövhələrə baxdıqca təzədən sızıldayırdı.Eheyy! Siz, yaşıl otlar altında əzizi basdırılan adamlar, bax bu gül-çiçək arasında durub indi deyə bilərsinizmi ki, burda mənim sevdiyim adam yatıb! Siz bu ürəklərin necə iztirab çəkdiyini bilməzsiniz! Bu hüznlü mərmər lövhələrin altında heç bir cənazə yoxdur! Bu soyuq xatirə yazıları necə də inləyir! Burda necə də ölü bir boşluq var! Naməlum en dairələrində həlak olan və dəfn olunmayan adamların ruhu üçün yazılmış bu sətirlərdə bir allahsızlıq var! Bu lövhələrin də yeri bura deyil, Elefant mağarasıdır!Bizim ölülər əhalinin hansı siyahıyaalınmasına daxildir? Nə üçün hər yerdə belə bir zərbməsəl işlədirlər: məzarlar laldı, onlar Qudvin qumlarından da çox sirr saxlayırlar. Dünən o dünyaya köçmüş insanın adı qarşısında niyə belə əhəmiyyətli sözlər yazırıq, ancaq uzaq Hindistan sularında üzən adamlardan belə sözləri əsirgəyirik? Nə üçün sığorta şirkətləri cəsurların ölümündən sonra külli miqdarda məbləğ ödəyirlər? Milyon illər bundan qabaq həyatını itirmiş qədim Adəm indi hansı əbədi məkanda ümidsiz, iflic və ölü vəziyyətdə uzanıb? Necə izah etmək olar ki, əbədi rahatlığa qovuşan adamlar üçün biz beləcə ümidsiz-ümidsiz ağlayırıq? Nə üçün bütün dirilər ölən hər şeyi susdurmağa çalışırlar? Bəs tabutun içindən gələn taqqıltı niyə bütün şəhəri dəhşətə gətirir?Bütün bu sualların dərin bir mənası da var.Lakin inam qəbirlər arasında qidalanan çaqqal kimidir və o hətta bu ölü şübhələrdən belə həyatverici ümid əldə edir.Nantuketə səfərim ərəfəsi belə bir boranlı gündə bu mərmər lövhələrdən, məndən əvvəl balina ovuna getmiş adamların acı taleyi barədə hüznlü və kədərli yazılardan aldığım təəssüratların məndə hansı hisslər doğurduğunu anlamaq çətin deyil. Hə, İzmail, ola bilsin ki. səni də belə aqibət gözləyir. Lakin bir azdan yavaş-yavaş əhvalım düzəldi. Axı gəmi ilə üzmək və balina ovuna çıxmaq, sadəcə, maraqlıdır və uğur qazanmaq üçün yaxşı fürsətdir; allah qoysa, qəzaya düşmüş velbot əmək haqqımı artırmadan mənə ölməzlik bəxş edəcək. Bu bir həqiqətdir ki, balina ovçuluğunda ölüm adi haldır; çox qısa bir anda qarmaqarışıq vəziyyət olur, heç gözünü də qırpa bilmirsən, bir də görürsən artıq Əbədiyyətə qovuşmusan. Yaxşı, nə olsun axı, bəs sonra? Düşünürəm ki, biz burada Həyat və Ölüm məsələsini qarışdırırıq. Məncə, mənim kölgəm ki, var bu yer üzündə, elə o da mənim əsl mahiyyətimdir. Fikrimcə, mənəvi, ruhi hallara baxanda biz suyun içindən günəşi izləyən ilbizə bənzəyirik; ilbiz hesab edir ki, bu lilli su ən təmiz havadır. Mənə elə gəlir ki, mənim bədənim sadəcə mənim ən yaxşı varlığımın hansısa çöküntüsüdür. Əslində, deyirəm ki, kim istəyir mənim bədənimi götürsün, o - mənim deyil. Buna görə də mən Nantuketə getməyi alqışlayır, üç dəfə "urra" deyirəm; eşq olsun dəlmə-deşiyi olan zədələnmiş yelkənli gəmiyə! Eşq olsun əzilmiş kəlləyə! Mənim ruhumu heç Yupiterin özü də sındıra bilməz!

Səkkizinci fəsil

Ardı jurnalda

DİGƏR MƏQALƏLƏR