SƏHNƏ ƏDƏBİYYATI - Atur Miller

XX əsr dramaturgiyasının əfsanəsi

Amerika, ümumilikdə dünya dramaturgiyasının klassiki və əfsanəsi Artur Miller 1915-ci ilin 17 oktyabrında Nyu-Yorkda anadan olub. Millerin 1943-1999-cu illər, yəni yarım əsrdən artıq bir müddəti əhatə edən pyes yaradıcılığı onun XX əsr dünya dramaturgiyasındakı yerini müəyyən etdi. Və şübhəsiz ki, onun yeri birincilər sırasındadı. Millerin dramları Amerikanın və Avropanın ən nüfuzlu teatrlarında oynanılıb, ədəbi tənqidçilər və teatrşünaslar indi bu əsərləri XX əsrin sənət hadisəsi adlandırırlar.

Teatr təbii ki, vizual sənətdi, amma Millerin pyesləri hardasa dramaturgiya ilə nəsrin vəhdətində, daha doğrusu, sərhədlərində yazılıb. Çünki dialoqlar obrazların daxili aləmin psixoloji vəziyyətini açmağa yönəlib. Artur Millerin pyesləri əsasən sosial yönümlü olsa da, ABŞ-dakı böyük depressiyadan bəhs etsə də, dramaturqun qəhrəmanları bu mövzunu bəşəri tema anlamı səviyyəsinə qaldıra bilirlər.
Məhşur dramaturqun «Xəzər» oxucularına təqdim etdiyimiz 1968-ci ildə yazılmış «Qiymət» pyesi illuziyalar və gerçəklər, həqiqət və yalan, yaxın adamların bir-birinə doğmalığı və yadlığı haqqındadı.

 

Bəxti gətirən adam
(pyes)


Üçpərdəli dram

İştirakçılar
Deyvid Bivz
Şori
Cey Bi Feller
Endrü Folk
Peterson Bivz
Ester Folk
Den Dibbl
Qustav Eberson
Oqi Belfast
Bell xala

Elə də keçmiş əyyamlar deyil.
Birinci pərdə. Birinci şəkil. Təmir emalatxanası kimi istifadə olunan sarayın içi. İkinci mənzərə. Saray sübh çağı öncəsi. İkinci pərdə. Birinci mənzərə. Təxminən üç ildən sonranın iyunu. Folkların qonaq otağı artıq Deyvidə məxsusdur. İkinci şəkil. Sabahkı gün. Qonaq otağı. Üçüncü pərdə. Birinci şəkil. Gələn ilin fevralı. Qonaq otağı. İkinci mənzərə. Bir ay sonra. Axşamcağı. Qonaq otağı.
BİRİNCİ PƏRDƏ.
Birinci şəkil.
Haradasa Mərkəzi Qərbin balaca şəhərlərindən birində olan saray. Tamaşaçı bu sarayı aşağı küncdən görür. Sarayın iri giriş qapıları ora-bura yellənir. Sağ tərəfi divar boyu tutan oyuqda avtomobil təmiri üçün lazım olan alətlər, ehtiyat hissələr, əski və başqa şeylər var. Oyuğun üzərindəki rəfdə qaykalar, nasos və başqa alətlər var. Divarın sol tərəfində normal ölçülü qapı Şorinin dükanına və sarayın bir hissəsi olan taxıl ambarına açılır. Bir qədər solda səhnənin arxası boyu uzanan tərəfdə olan divara o baş bu baş sement torbaları yığılıb. Onların qarşısındakı bir neçə çəlləkdə gübrə var.
Mərkəzdə, avansəhnədə balaca dəmir soba qızarır. Oyuğun üzərindən elektrik lampası asılıb. Döşəmədə iri domkrat və stul kimi istifadə edilən bir neçə köhnə çəllək var ki, onlardan da ikisi sobanın yanındadır. Avansəhnənin sağında iri spirt çəni var. Onun ətrafına dəmir-dümür səpələnib. Bu köhnə saraydan müəyyən qədər ambar, müəyyən qədər də avtomobil təmiri emalatxanası kimi istifadə edilir. Rəngsiz palıd dirəkələr bu saraya sanki bir istilik gətirir. Bu şəkildə əsas olan da elə bu ağacın öz təbii rəngidir. Sement torbalarının bozumtulluğunu da bu mənzərəyə əlavə etmək lazımdır. Pərdə qalxanacan avtomobillərin aramsız siqnal səsləri eşidilir. Onlardan biri köhnə "Ford"un bir vaxtlar çıxardığı təxminən özü kimi köhnə "qu-qa" səsidir.
Pərdə qalxır.
Deyvid skamyanı altına qoyub spirt çəninin kranını açıb doldurur. Onun iyirmi iki yaşı var. Belə baxanda ciddi şəhərli iş adamı təsiri bağışlayır. Amma bu təsəvvür özü elə istəyənəcən davam eləyir. Elə ki, kimliyini unudaraq, olduğu kimi görünməyə başlayır, o, qəribə, məzəli, sadəlövh, həmişə axtarışda olan bir gəncdir. O, əynini yüngül geyinib. Cey Bi Feller saraya daxil olur. O, qışa uyğun geyimdədir, enli sifətində müəyyən qədər zərif cizgilər olan əlli yaşlı kök bir kişidir. Çəkisinə baxmayaraq addımları yüngül atır.
Cey Bi. Deyvid, belə görürəm, sən əlini alkoqolla isidirsən! (Pəncəsi üstə yeriyir.) Belə şaxtada məhz belə eləmək lazımdır.
Deyvid. Elə bilirəm, bu gün hamı gələcək. Aprel! Nə komediya oldu!
Cey Bi (avansəhnədə başını bulayır). Mən tərəf elə soyuq idi ki, uşaq şöbəsini bağlamalı oldum. Gələn qış gərək fırlanan qapı qoydurtduram. (Oturur.) Nədən belə bəzənmisən?
Deyvid (bir dizüstə dayanıb bankanın ağır-ağır dolmasını müşahidə eləyir). Esterlə görüşüm var.
Cey Bi (narahatlıqla). Təklikdə?
Deyvid. İndi özü bura gələcək. Sonra onlara gedəcəyik. Ümid eləyirəm, nəhayət, ondan rəsmən qızını istəməyə özümdə cürət tapacağam. Əgər mənim qayınatam olmağa razıdırsa, gərək onunla birtəhər yollaşaq.
Cey Bi (eyni tonla). Ancaq onunla ehtiyatlı davran, hər addımına nəzarət elə.
Deyvid (kranı bağlayıb bankanı götürür və qalxır). İnanmıram ki, üstümə dava-qırğınla gələ. Səncə, gələr?
Cey Bi. O qoca Folkdan iblis də baş açmaz, Ceyv.
Sağ tərəfdən fit səsi gəlir.
Deyvid (əlindəki bankayla sağ tərəfə gedir). İndi kimdir orada? (Çıxır.)
Şori əlil arabasında saraya girir. O, nədənsə çox narazıdır. Otuz səkkiz yaşı var, amma tük deyilən şeydən tamam-kamal xali olmasına görə dazdır, hətta bığ-saqqal nədir, qaşı-kipriyi də yoxdur. Odur ki, onun yaşını müəyyənləşdirmək müşkül məsələdir. Şori ucadan qəhqəhə çəkə və eyni anda hiyləgərcəsinə qımışa bilər. Əlləri tünd göy odeyalla örtülüb. Əlil arabası dayanır. Şori yumruqlarını əsdirir. Danışmağa başlayanda fit səsi gəlir.
Şori. Onlar bu fit səsini nə vaxtsa kəsəcək, ya yox?! Bir dəqiqə ulaşmasalar olmaz?!
Cey Bi. Sakit, onlar axı onun müştəriləridir!
Şori (Cey Biyə sarı dönərək). Bəs, sən burda nə eləyirsən? Yaşayırsan?
Cey Bi. Məgər sən əleyhinəsən? (Sobaya sarı gedib əllərini isidir.) İlahi, o bu sazaqda necə işləyə bilər axı? Elə bil soyuducu kamerasıdır! Başqa nə ad vermək olar?
Şori. Belə piyli olasan, özün də üşüyəsən? Baş aça bilmirəm.
Cey Bi. Nədənsə, hamı elə bilir, kök adama həmişə istidir. Guya köklərin əsəbləri yoxdur.
Şori. Dükana get, ora istidir. Beyzik oynayarıq. (Geri dönüb qayıdır.)
Cey Bi. Bu gün Deyvid Folkla görüşür.
Şori (dayanır). Deyv bu gün Folkla görüşmür.
Cey Bi. İndicə özü mənə dedi.
Şori (təzədən dönərək). Qulaq as. O, bura gəlib məndən iş istədiyi elə birinci gündən onunla görüşüb. Ester barədə söhbət etmək istəyir. Budur, yeddi ildir o, görüşü təxirə salır, yəqin bu gün də təxirə düşər. Bir də ki, sənin nə işinə qalıb? Nədir, elçi-zadsan məgər? Yoxsa arvadın yenə səni evdən qovub?
Cey Bi. Yox, mən daha içmirəm. Doğrusu, çox içmirəm. (Çəlləyn üstə oturur.) Sadəcə, bu iki balanı düşünürəm. Axı bizim zəmanədə bir-birini lap uşaqlıqdan istəyən iki nəfərə çox nadir hallarda rast gəlinir. Bu, heç də boş məsələ deyil.
Şori. Hər halda, arvadınla aranda nə məsələdir?
Cey Bi. Heç... biz, sadəcə, razılaşdıq ki... əgər uşaq olmursa...
Şori (halına acıyaraq). Bəs həkim nə deyir?
Cey Bi. Çox gecdir. Bizim iri, gözəl mağazamız var. Zarafat deyil, otuz bir şöbə! Gözəl evimiz var, amma uşaq səsinə həsrətdir. Nə demək istədiyim çatır da. Sən ölürsən, ölən kimi də sənin qapıdakı adını rənglə silib yox eləyirlər. Bax, belə-belə işlər. (Qısa pauza. Dərindən nəfəs alaraq mövzunu dəyişir.) Mənə elə gəlir, Deyv üçün nəsə bir iş görə biləcəyəm.
Şori. Nədir, havalanmısan, yoxsa səndə Şaxta Baba kompleksi əmələ gəlib?
Cey Bi. Yox, sadəcə, o mənə kimisə xatırladır. Məsələn, elə mənim özümü. Amma onun yaşında mən bir yerdə qərar tuta bilmirdim. O isə sanki linoleum parçasıdır, özüyçün dayanıb qalıb. Səbəbini bilməsəm də hərdən onun yanına gələndə nədənsə mərdə belə bir hiss yaranır ki, elə bil sonunun yaxşı qurtaracağını əvvəlcədən bildiyin o köhnə filmlərdən birinə baxırsan... (Qəflətən Şorinin kürəyinə vurur.) Yəqin səbəb onun belə gənc olması, mənimsə dəhşətli bir sürətlə... qocalmağımdır...
Şori. Onu kimin yanında işə düzəltmək istəyirsən?
Cey Bi. Mənim Berlidəki qaynımın yanında. Den Dubbli deyirəm. Tanıyırsan da, rançosu da var, orada su samurları saxlayır.
Şori. Yox, indi ona ora getmək lazım deyil, indi...
Cey Bi. Məsələ burasındadır ki, onun maşını tez-tez xarab olur. Odur ki, yaxşı mexanik ona hava-su kimi lazımdır.
Şori. Əşi, o yekəbaş bir qəpiyindən də keçən deyil, əgər ona...
Küçədən mühərrikin səsi gəlir. Balaca qaykanın başı cibindən çıxan Deyvid daxil olur. O, daxil olanda maşınlar sürüb gedirlər. Deyvid kanistrə yaxınlaşıb onun içindəki benzinlə əllərini yuyur.
Deyvid. Elə bircə o birləşdirici kəməri qaldırmaq lazımmış. Saat neçədir, Con?
Şori. Hara hazırlaşırsan? Sənə Folkun evinə getmək lazım deyil.
Bell xala dükandan çıxır. Onun əlində kağıza bükülmüş çanta və köynək var. Bu qadın sanki heç vaxt cavan olmayıb. Bədəncə gombul, sifətdən quşa oxşayan bu qadın həmişə burnunu çəkir və burun dəsmalı da, deyəsən, heç vaxt əlindən düşmür.
Bell (Deyvidə). Elə bilirdim, sən dükandasan. Ester xahiş elədi, tələsəsən.
Deyvid (ona yaxınlaşaraq). Təşəkkür eləyirəm, Bell. (Köynəyin kağızını açaraq.) Məgər bu, təzədir?
Bell (dəhşət içində). Sən təzəsini istəyirdin?
Deyvid (köynəyə baxaraq). Ah Bell, haçan sənin huşun yerində olacaq? Ester sənə demişdi ki, mənə təzə köynək gətirəsən.
Bell (çantadan qaloşları çıxararaq). Əvəzində... əvəzində bir gör, sənə nə gətirmişəm.
Deyvid. Əşi, mən məgər qaloş geyinirəm?! Köynək də mən istəyən deyil, Bell! Sən hərdən lap...
Bell ağlayır.
Deyvid. Yaxşı, yaxşı, unutduq getdi.
Bell. Mən istəyirdim yaxşı olsun. Bir də ki, yeri gəlmişkən, mən sənin anan-zad deyiləm.
Deyvid (onu ovunduraraq). Bell xala, üzr istəyirəm. İndi isə bir də təşəkkür eləyirəm, gedə bilərsən.
Bell (hələ də içini çəkərək). Atan sənin qardaşın Eymosun küçəylə qaçdığını görəndə...
Deyvid. Hə, yaxşı... çox sağ ol.
Bell (burnunda dəsmalla). Məcbur elədi ki, ayağına qaloş geyinsin. Niyə səni məcbur eləmədi ki...
Deyvid (onun əlini tumarlayaraq). Esterə denən, mən bir az gec gələcəyəm.
Şori. Bell, heç bilirsənmi, nədən belə huşsuzsan? Çünki burnunu yaman çox çəkirsən. Burun da ki, birbaşa beyinlə əlaqəlidir. Odur ki, orda olanlar axıb burundan çıxır.
Deyvid. Bəsdir, Şori!
Bell içinı çəkə-çəkə çıxır.
Deyvid. Anam öləndən bəri o mənimlə uşaq kimi davranır. Elə bil mənim yeddi yaşım var! (Köynəyi götürür.)
Şori (həyəcanla). Qulaq as, qoca səni öldürər! (Köynəyi əlindən alıb altına basır.)
Deyvid (pərt olaraq, eyni zamanda inadkar təbəssümlə köynəyini geri almağa cəhd edir). Bura ver, əgər mən onunla görüşməyə qərar vermişəmsə, mütləq görüşəcəyəm.
Pet və Eymos küçədən içəri daxil olur. Pet təxminən qırx beş yaşlı bəstəboy, əsəbi bir kişidir. Eymosun iyirmi dörd yaşı var. O danışanda sözləri uzadır və yeriyəndə ayaqlarını yerə bərkdən vurmaq adəti var.
Pet (içəri girən kimi Deyvidə). Niyə sobanın yanında büzüşüb qalmısan? Bilmirsən ki, yüksək hərarət damarlara pis təsir edir?
Eymos (rezin topu əlində sıxaraq). Sən hara belə hazırlaşmısan, Deyv?
Şori (Petə). Ata, oğluna bir ağıl ver.
Pet. İndi verərəm. (Sanki indicə əmr verəcəkmiş kimi Deyvidə sarı dönür.) Sən nə qərar qəbul etmisən?
Deyvid. Qərara gəlmişkəm ki, elə indicə mister Endrü Folkun yanına gedib ona qızıyla evlənmək istədiyimi deyim.
Pet. Əla qərardır.
Şori. Əladan da əla. (Petə işarə eləyərək, Coy Biyə tərəf dönür.) Ataya da bir denən.
Cey Bi (onun Petə münasibəti Şoridən fərqlidir. Onun Petə ürəyi yanır). Məncə, kimsə ona qoşulub getməlidir.
Pet (qətiyyətlə Deyvidə). Əlbəttə, kimsə ona qoşulub getməlidir.
Eymos (Deyvidə). Mənə icazə ver. Əgər bir şey olsa, mən...
Deyvid (hamıya). Siz hamınız axır anlayacaqsnıız ki, lənət şeytana...
Pet (Deyvidə). Mən sənə söyüş söyməyi qadağan eləyirəm. Yaxanı bağla, Eymos. (Eymos barədə.) O, elə indicə iki mil qaçıb. (Eymosun paltosunda daha bir düyməni bağlayaraq Cey Bidən soruşur.) Bu yeni metodika necədir, bəyənirsən? Eymos, göstər ona.
Eymos (topu nümayiş etdirir). Rezin topu əlimdə sıxıram.
Cey Bi. Bu nədir, barmaqlar üçündür?
Deyvid diqqətlə qardaşına baxır.
Pet. Barmaq üçün yox, çiyin üçün. Çiyin möhkəm deyilsə, barmağın, əlin qiyməti sıfırdır.
Şori (Petə). Nədir, kömək eləyəcəksən, yoxsa qoyacaqsan onu o evdə öldürsünlər?
Pet. Kim öldürəcək? Hansı evdə? (Xatırlayaraq.) Hə, oh Deyv...
Şori (Ağzını əyərək). Hə, oh Deyv. Sən axı onun atasısan. Tanrı xətrinə...
Deyvid. Yaxşı, məsləhət kifayət eləyər. İndicə Ester gələcək. Biz onunla gedib birlikdə hər şeyi müzakirə edəcəyik. Əgər...
Şori. O Endrünün çoxdan ağlı azıb, onunla nə danışacaqsan? O səni istəyən adam deyil, özü də deyib ki, işdi-şayəd əgər evinə gəlsən səni öldürəcək. Xəstəxanada işləmək istəyib-istəmədiyini özün düşün və bir qərar qəbul et.
Pauza.
Deyvid. Siz mənə nə məsləhət verirsiniz? İstəyirsiniz, o, Esteri oxumağa göndərsin, biz bir də görüşməyək? Bilirəm, axırı necə olacaq.
Şori. Yox, bilmirsən. İki il mən belə bir gənc oğlanı gözləyə-gözləyə qaldım, ona iş verdim. Niyə axı, nəyə görə? Əlbəttə, mən bəlkə də səfehləyirəm, qoca kişiyəm, əldən-ayaqdan düşmüşəm. Amma orada, dənizlər arxasında öyrəndiklərim az olmayıb.
Deyvid. Məsələn, nə?
Şori. Məsələn, canı xata-bəladan necə qorumağı. Mən çox gözlədim, sən də gəlib çıxdın. İndi də sən bir az gözlə.
Pet. Deyv, mən də onunla razıyam.
Deyvid. Mən hələ lap uşaqlıqdan Esterlə ailə qurmaq arzusundayam! (Çəlləyin üstə oturur.) İlahi, siz axı hardan bilirsiniz ki, insan haçan gözləməli, haçan cürətə gəlib qərar qəbul etməlidir?
Şori, Tələsən təndirə düşər.
Deyvid. Cey Bi, sənin sözün nədir?
Cey Bi. Deyv, şəxsən mən çox gözləməyin əleyhinəyəm, amma, hər halda, sizin qoca Folkun dalınca sürünməyinizi görmək istəməzdim. Adam boğulmayacağına yüz faiz əmin olmadan dərin suya kəllə vurmamalıdır.
Pet (qabağa əyilib Deyvidə müraciət edir). Deyvid əminlik böyük şeydir. Məsələn, elə məni götür. Mən dənizdən qayıdanda...
Deyvid. Con, saat neçədir? Ata, üzr istəyirəm.
Cey Bi. Səkkizə iyirmi dəqiqə qalıb.
Deyvid (Şoriyə). Köynəyimi özün verəcəksən, yoxsa əlindən dartıb alım?
Pet (sözünə davam etmək istəyərək). Bax belə, mən ki, dənizdən qayıtdım...
Şori (Eymos barəsində). Sən o dənizinə gedənəcən, burada artıq bir oğlunun tərbiyəsini pozmuşdun.
Pet. Mənmi? Niyə pozmuşdum? Çünki sən elə düşünürsən ki, zirzəmidə məşq etmək olmaz, eləmi? Ötürmə verən ilk növbədə... traektoriyanı düzgün hesablamağı bacarmalıdır, əks halda, o...
Şori. Heç nədir.
Pet. Hə, nə qədər ki, yadımdan çıxmayıb bir şey soruşum. Bu spirtdən silgi vasitəsi kimi istifadə etmək olarmı? (Çəni göstərir.)
Deyvid. Olar. Amma orada bir şey qalmayıb, bir-iki damcı ola ya olmaya.
Eymos. Demək, sən hamısını bu gün satmısan? (Sevincək Petə.) Deyirdin axı, o, hamısını sata biləcək.
Şori. Yaxşı görək, qardaşından dahi düzəltmə, sadəcə, havaya görə belə alınıb. Adətən, apreldə günəş od kimi qızdırır.
Eymos. Bu gün isə şaxtadır.
Şori. Amma o haradan bilirdi ki, aprel belə soyuq keçəcək.
Cey Bi. Bəlkə bilirdi. Bilirdinmi, Deyv?
Deyvid. Belə də... güman eləyirdim.
Pet. Dahilər iki cür olur: qoluna görə və ağlına görə. Məsələn, Kristi Metyuson, yaxud Uolter Conson kimi beysbolçuları götürək. Onlar hər ikisi dahidir.
Şori. Bir kəlməylə həll etdi.
Pet (ilk öncə sıxılır, amma Eymosun və özünün müdafiəsinə qalxmaq istəyi get-gedə daha qabarıq görünür). Çünki onlar həyatdan nə istədiklərini yaxşı dərk eləyirlər. Heç də hamı belə deyil.
Şori (Deyvidə işarə eləyərək). Bax, bu, ən bariz nümunədir.
Pet (özünü buna inandırmağa çalışdığından get-gedə səsini qaldırır). Mən həmişə bilmişəm ki, Deyvid özünü toparlaya bilmir. Amma Eymos başqa məsələ. Mən dənizdən qayıdıb evə gələndə nə gördüm? Ananın qucağında bir uşaq gördüm. Ona əlimlə toxunan kimi başa düşdüm ki, o, güclü adam olacaq. Öz-özümə dedim: bu gənc həyatını bazara döndərməyəcək, eyni vaxtda on yeddi işlə məşğul olan yarımçıq papaqçılardan olmayacaq... Özümə dedim ki, o, beysbolçu olmalıdır. Odur ki, bu ideyaya mübtəlalıqla düz on iki il həftədə yeddi dəfə məşq eləyirdim. Bax, əsl toparlanmaq buna deyərlər! Bax, əsl inam buna deyərlər! Həyatı əlinə ala bildinsə, onun hansı şəklə istəsən sala bilərsən. Bunun mütləq səmərəsini görəcəksən. Özü də elə fikirləşməyin ki, kənardakılar bunu görmür.
Şori. Kim görmür ki?
Pet (qışqıraraq). Siz! Sizin ona münasibətiniz mənim xoşuma gəlmir.
Hamı susub ona baxır.
Pet. İndi hələ də qışdır. Qışda o, harada oynamalıdır?
Şori. Sən kimdən danışırsan?
Deyvid (kənara çəkilir. Bu, onun nəzərində darıxdırıcı və ikrahedici bir mənzərədir). Ata, o demədimi ki...
Pet. O heç nə deməli deyil. Deyəsən, siz elə düşünürsünüz ki, beysbol ona, sadəcə, başını qatmaq üçün lazımdır. İstirahət günləri topdur da, özü üçün qovur. Əsla! Beysbol onun həyatının mənası, mağazadan, təmir emalatxanasından və sairdən heç də aşağı olmayan daimi iş yeridir. İndi qışdır, oyunlar təxirə salınıb. Odur ki, o da beləcə evdə oturub gözləyir!
Cey Bi. Əlbəttə, Pet, işinin başqa adı nədir?
Pet. Elə isə niyə axı hamı ona elə baxır ki, elə bil... (Əlini alnına qoyur. Qəflətən belə qızışmağına görə utanıb xəcalət hissi keçirir. Araya sükut çökür.)
Deyvid (özünü saxlaya bilməyərək, Petə yaxınlaşır). Ata, əyləş. Əyləş. (Çəlləyi Petə tərəf itələyir.)
Pet baxışlarını bir nöqtəyə zilləyərək, halsız halda əyləşir.
Pet. Yox, mən, hər halda, heç cür anlaya bilmirəm. Vilayətin bütün qəzetləri onu fenomen adlandırır.
Deyvid hiss eləyir ki, bu mənzərəni müşahidə eləmək onun üçün ağırdır. Odur ki, bir neçə addım kənarlaşıb gözünü bir küncə zilləyir.
Pet. O, məğlubedilməzdir. O, güclülər dəstəsində çıxış etməyə hazırdır. Amma nədən axı onunla müqavilə imzalamırlar. Bunun səbəbini kim izah edə bilər?
Deyvid. Ata, mən də bu haqda çox düşünmüşəm. Bəlkə sən təzədən «Detroyt teykers»lə danışasan?
Eymos. (Nə vaxtdan içində qalan hikkəsini çölə çıxararaq). O heç vaxt onlarla danışmayıb!
Pet. Qulaq as, Eymos...
Deyvid (qınayıcı tərzdə). Ata...
Eymos. Heç vaxt da danışmayacaq. Mən bunu bilirəm, ona görə də istəyirəm...
Deyvid. Amma axı ötən yay sən deyirdin...
Pet. Mən onlara dəfələrlə zəng etmişəm, amma... istəyirdim, hər şey təbii alınsın. Bu gərək öz-özünə, təbii alına, Deyv.
Şori. O onların rədd cavabını eşitmək istəməyib.
Pet. Belə də... bəli, ola bilər (Deyvidə.) Əgər mən bu saat zəng vurub cavab tələb etsəm, «yox» deməli olacaqlar. Mən də istəmirəm ki, Eymos barədə belə bir söz eşidim. Burada psixoloji bir məqam var: bir dəfə rədd etdilərsə, ikinci cəhdin faydası yoxdur.
Deyvid. Amma, ata, bəlkə... bəlkə... onlar, sadəcə, unudublr. Onu yoxlamalı olduqlarını unudublar. Bəlkə elə düşünürlər ki, ona baxıblar. Sən onlara zəng vurub xəbər eləyəndə ki, gələn olmayıb, bu xatırlamaya görə hələ üstəlik sənə minnətdar olacaqlar. (Hamıya.) Sizə isə sözüm budur: gəlin gözləyək, olan olacaq, olmayan da olmayacaq.
Şori (əlini bir-birinə sürtərək). Belə, indi də gedək, beyzik oynayaq. Gedək! Con, Pet, gəlin!
Onlar dükanın qapısına tərəf gedirlər.
Cey Bi (saata baxaraq). Arvad məni öldürər.
Şori. Nəyə görə? Beyzik araq deyil, iyisi qalmır.
Pet. Eymos, istəyirəm, sən də baxasan. Beyzik, müəyyən mənada şüurun inkişafına çox yaxşı təsir göstərir. Di haydı, paltonun düymələrini aç.
Pet Şori və Cey Binin ardınca dükana tərəf gedir. Eymos da elə görünür ki, onların ardınca getmək niyyətindədir, amma qapının ağzındaca dayanıb qalır. Sonra qapını onların arxasınca örtüb Deyvidə yaxınlaşır.
Eymos. Deyv, səndən bir xahişim var. (Qapıya baxıb sonra astadan sözünə davam edir.) Məni irəli çək, yaxşımı?
Deyv ona baxır.
Eymos. Mənim üçün nəsə elə. Mən hələlik sakitcə oturub qalacağam, heç hara getməyəcəyəm. Amma and içirəm ki, mən sıxılıb eləmirəm.
Deyvid. Nə danışırsan, Eym, sən axı niyə...
Eymos. Heç də elə deyil. Mən oynamağa təzə-təzə başlayanda hamı deyirdi (Təqlid edərək.) «Eymos çox uzağa gedəcək. Eymos çox uzağa gedəcək. "Mən artıq beş ildir məktəbi bitirmişəm, amma hələ də həmin o pulları xərcləyirəm. Özümə bir qız tapmaq, evlənmək istəyirəm. Öz işimi qurmaq istəyirəm. Deyv, sən torpağın üstə özünü suda balıq kimi hiss eləyirsən, elə bil meydançadasan, nə elədiyini bilirsən. Məni də irəli çək, yaxşımı?
Deyvid. Amma mənim beysboldan atam bildiyinin yarısı qədər də başım çıxmır: nə məşqlərdən, nə də...
Eymos. Zərər yoxdur. Sənin maşından da başın çıxmırdı. İndi bir gör, nələr alınır.
Deyvid. Nələr alınır ki? Heç nə alınmır. Mənim hələ də bu işdən başım çıxmır.
Eymos. Başın çıxır. Hamı bilir ki, başın çıxır.
Deyvid. Əşi, onlar hamısı səfehləyir. Mənə həsəd aparma, Eym, əgər düzəltdiyim hansısa maşın sabah xarab olsa, hamı deyəcək, mən heç bir işə yaramıram. Bu da təbiidir. Mən Şorinin «ford»undan başlamışam, sonra başqa bir maşını düzəltdim. Beləcə, bu işi hələ öyrənib qurtarmamış mexanik kimi ad çıxardım. Amma axı bu işi mənə yox, sənə öyrədirdilər. Səndə nəsə var, Eym (Dərin rəğbət hissiylə onun əlindən tutur)... sən böyük adam olmalısan. Çünki buna layiqsən. Sən həqiqətən də bacarıqlısan. Mənə belə baxma. Elə günü sabah məni küçəyə atsalar, belə xoşbəxt görünməyəcəyəm. Atamıza da gülüb eləmə, Eym, sən onun həyatının mənasısan. Məni eşidirsən? Onunla tez-tez bir yerdə ol.
Eymos. Oldu, Deyv, onsuz da sən həmişə məni bu cür sakitləşdirirsən. (Qəflətən Pet kimi eyforiyaya qapılır.) Mən güclülər dəstəsində olanda, sənə alacağam... sənə tayı-bərabəri olmayan bir qaraj alacağam.
Ester daxil olur. O, tamamilə yetkin, yaşına uyğun olmayan qədərində yetişmiş bir qızdır. O, sürətlə qaça, uzun müddət üzə, hətta nə ağırlıq desən, qaldıra bilər. Həm də bu işləri özünü nümayiş elətdirmək üçün görmür, bu, ondan ötrü su içmək kimi bir şeydir. Hündürdən və yoluxdurucu tərzdə gülə bilər. Ondakı bu qadınlıq təravəti Deyvidi ehtirasla sevməsi səbəbindəndir. Deyvid yanında olmayanda sanki bütün bu xüsusiyyətləri də qeybə çəkilir. İndi özünü elə aparır ki, elə bil heç nə baş verməyib. Amma içəri girəndə nəfəsini güclə alır. Səbəb yolu qaça-qaça gəlməsi deyil, mühüm hadisələr öncəsi bunun həyəcanını yaşayır.
Ester. Oh, Deyvid, nə yaxşı ki, evdəsən! (Yaxınlaşıb onun başını tumarlayır.) Elə indicə qayıtmısan? Hazırsanmı? (Deyvidin yanından Eymosa baxır.) Salam, Eym, əlin necədir?
Eymos. Hər şey qaydasındadır, Es.
Ester. Sənə göstərdiyim hərəkətləri edirsənmi?
Eymos. Hə, xırda-xırla istifadə eləyirəm.
Ester. Çox xeyirlidir. Təzədən meydançaya qayıdıb hərəkətlərinin necə çevik olduğunu görəndə özün də anlayacaqsan. Deyvid, indi biz getməliyik.
Eymos (müəmmalı baxışlarla.) Di... sizə uğurlar. (Dükanın qapısına tərəf gedir.)
Deyvid. Təşəkkürlər, Eym.
Eymos əl eləyib dükana keçir və arxasınca qapını örtür.
Deyvid. Es, mən qorxuram. Bunu nahaq sənə desəm də bil ki, qorxuram.
Ester. Qorxursan, o səni döyər.
Deyvid. Özün bilirsən ki, mən belə şeylərdən heç vaxt qorxmamışam.
Ester. Amma biz həmişə bilmişik ki, gec-tez bunu onun üzünə deməliyik.
Deyvid. Elədir, amma mən həmişə düşünmüşəm ki, o vaxtacan nəyəsə nail olacağam. Sən də bilirsən axı...
Ester. Nail də oldun.
Deyvid. Sən onun tərəzisiylə ölç. O, varlı-hallı fermerdir, düz yüz on akr ən yaxşı torpağın yiyəsidir. Təsəvvür elə ki, mənə sual edəndə ona cavabım nə olur. Bu günkü gəlirim də daxil olmaqla üç yüz doxsan dörd dolların yiyəsiyəm, deyirəm.
Ester. Sən axı həmişə deyirdin ki, üç yüz əlli toplayan kimi onun yanına xahişə gedəcəyik.
Deyvid. İlahi, əgər mən vəkil, həkim, yaxud hətta mühasib olsaydım...
Ester. Mexanik heç də mühasibdən pis vəzifə deyil!
Deyvid. Elədir... amma mən hətta mexanik olduğuma da tərəddüd eləyirəm. (Onun əlindən tutur.) Qulaq as, Es, ola bilsin, bircə ildən sonra mən əsl biznesə girişdim ki, o hər şeyi görüb...
Ester. Bir il?! Deyvi, doğrudanmı sən...
Deyvid. Demək istəyirəm... gəl, heç ondan soruşub eləmədən elə günü bu gün evlənək.
Ester. Sənə demişdim axı, bacarmaram...
Deyvid. Əgər biz baş götürüb uzaqlara getsək...
Ester. Hara da getsək, həmişə qorxu-hürkü içində olacağam ki, o gəlib çıxacaq. Özün bilirsən ki, cin təpəsinə vursa ondan nə desən gözləmək olar. Anamın axırına o çıxmadımı... O bilməsə olmaz, Deyvi. Mənə elə gəlir ki, hələ uşaqlıqdan belə olacağını hiss etmişdim. Səninlə mətbəx pəncərəsindən danışmağı xoşlayandan, sən məni Şorinin maşınında karxanaya aparandan bəri duyuq düşmüşdüm. Hətta altıncı «B»də mənə «Sonuncu mogikan» kitabını oxumağa verdiyin də yadımdadır. O vaxtdan bilirdim ki, biz birlikdə yaşaya-yaşaya onun üstümüzə necə kəkələndiyini dinləməli olacağıq. Biz başqa cür eləyə bilmərik, Deyvi. (Sanki ona seçim imkanı vermək üçün kənara çəkilir.)
Deyvid (üzünə təbəssüm qonur). Bilirsənmi, Es, sən təkcə mənim sevgilim yox, həm də ən yaxın dostumsan.
Ester onun üstünə qaçıb öpür. Onlar elə bir-birlərini qucaqlamağa bənd imiş kimi, qəflətən kimsə içəri girir. Bu, balaca, günün altında qalmaqdan quruyan fermer Den Dibbldir. Əyin-başı səliqəlidir: əynində makintoş, başında şlyapa. Bir neçə saniyə susandan sonra sözə başlayır.
Dibbl. Bağışlayın, mən Cey Bi Felleri görmək istərdim. O, buradadır?
Deyvid. Cey Bi? Əlbəttə, buradadır. (Dükanın qapısını göstərir.) Oradadır.
Dibbl. Çox təşəkkür edirəm.
Deyvid. Hər şey qaydasındadır, Ser.
Dibbl şlyapasını qaldıraraq Esteri salamlayır, dükana tərəf bir neçə metr gedib dayanır və geri qanrılır.
Dibbl. Siz... siz mexanik Deyvid Bivz deyilsiniz?
Deyvid. Bəli, ser Deyvid mənəm.
Dibbl başını tərpədir və cəld dükana girib, arxasınca qapını örtməyi unutmur. Deyvid onun ardınca baxır.
Ester. Gedək, Deyvi.
Deyvid. Hə, qoy paltomu geyinim. (Paltosu asılmış asılqana tərəf gedib geyinməyə başlayır.) İlahi, köynəyi gərək dəyişəm. Şori götürüb, yəqin özündədir.
Ester (məsələdən hali adam kimi). O, hesab eləyir ki, sən gərək getməyəsən.
Deyvid. Yox əşi... o, sadəcə, səfehləyir. Bir dəqiqədən sonra qayıdacağam. (Dükana tərəf gedib qapıya yaxınlaşır.)
Cey Bi, Dibbl, Eymos dükandan çıxır, Şori də gəlib çıxır. Görünür ki, Cey Bi nədənsə həyəcanlanıb.
Cey Bi. Deyv bir bura gəl. (Denə.) Den, sən peşman olmayacaqsan. Deyv, mənim Berlidən gələn qayınımla tanış ol. Bu Den Dibbldir.
Deyvid. Ser, salam.
Cey Bi. Den təzə «marmonuyla» gəlib. Dəfn mərasiminə gəlib, mənim evimdə qalır.
Deyvid (Cey Biyə müəyyən qədər tərəddüdlə). Dedin ki, «marmonuyla» gəlib?
Cey Bi. Bəli, «marmonuyla». (Əminliklə.) Deyv, sənin «marmondan» başın çıxır?
Deyvid. Az-çox. (Denə.) Gətirsəniz, məmnuniyyətlə, baxaram. Amma təəssüf ki, indi getməliyəm.
Cey Bi. Den, hələlik, mənim maşınımın yanında gözlə. İndi mən ona bir-iki şeyi başa salacağam, sonra gəlim, gedərik.
Dibbl. Ancaq cəld ol, küçə soyuqdur. Sabaha qədər düzəltmək lazımdır. (Cey Biyə.) Bilirsənmi, məni necə silkələyir, yəqin təzədən bir də appendisit olacağam.
Cey Bi (onu qapıya ötürərək). Əgər bir dəfə appendesitini kəsiblərsə, çətin bir də əmələ gələ.
Dibbl. Birdən əmələ gəldi?! Bir də ömrümdə belə zibilə pul vermərəm! (Çıxır.)
Cey Bi (Deyvidin yanına qayıdaraq). Yeri gəlmişkən, o axmaq Berlinin ən varlı fermerlərindəndir. Sənə demişəmmi, o öz rançosunda su samuru saxlayır?
Deyvid. Qulaq as, mən axı «marmon» sarıdan hırla-zırı qanmıram.
Cey Bi. Elə o da sənin günündədir. Onun evində iki tozsoran ola-ola döşəməni hələ də süpürkəylə süpürür. İndi diqqətlə mənə qulaq as. O dedi ki, maşınının açar yerində nəsə problem var. Düz iki həftə dilə tutmuşam ki, gətirib sənə göstərsin. Nəhayət... Su samurlarından başqa onun ucu-bucağı görünməyən taxıl zəmiləri, beş traktoru var.
Ester. Beş traktor?
Cey Bi. O, axmağın biridir, amma həmin o samurlardan yaxşı pul qırır. Əgər sən onun «marmonunu» düzəldə bilsən, ştatın ən böyük fermasının yolu üzünə açıq olacaq. Yeri gəlmişkən, traktora görə də, özün yaxşı bilirsən ki, əməlli-başlı pul verirlər. Onun minlərlə dostu var, hər yerə onlarla gedir. Mənim yanıma da gətirib.
Deyvid. Demək belə, amma traktordan mənim heç başım çıxmır.
Ester. Lənət şeytana, başın çıxsın da!
Deyvid. Bircə onun öz traktorları olmasın.
Ester. Məhz onun...
Cey Bi. Mənə qulaq as, bəlkə də bu, sənin ən böyük şansındır... «Marmon» mənim evimdədir. O, qarda ümumiyyətlə onu sürməyə qorxur. Mən özüm sürüb gətirərəm, sən də bir əncam qılarsan. Oldumu?
Deyvid. Qulaq as, Con, mən...
Cey Bi. Səhər ertədən qalx, işə başla. Yaxşımı?
Ester (sevincək). Deyvid, bu ki, lap əla oldu!
Deyvid (tələsik). Məncə, yaxşısı budur, tələsməyin, Es. Altı aydan sonra, bəlkə də daha tez mənim də ona göstərməyə nəyimsə olacaq.
Ester. Əgər biz bu gün, elə indicə ora getməsək, mən bir həftədən sonra Normalda olacağam.
Şori. Sən onu məcbur eləyəcəksən, Ester.
Ester (qəflətən səsini qaldıraraq). Amma sən ona təzyiq eləmə! İnsan qurbağa deyil ki, nəsə baş verənəcən dinməzcə oturub gözləsin.
Şori. Əgər sən onu ora çəikb aparsan, atanla üz-üzə gələcək. Atan onu öldürə bilər!
Deyvid (təmkinlə Esterin əlindən tutur). Yaxşı, Es, gedək. (Cey Biyə.) Maşını sür gətir, mən tez qayıdacağam.
Qəflətən Cey Bi baxışlarını küçəyə dikir. Deyvid və Ester də onun bu hərəkətini tutaraq həmin tərəfə baxır. Ester hər ehtimala qarşı ondan bir neçə addım kənara çəiklir. Endrü Folk daxil olur. O, dəmir kimi möhkəm, hündürboylu, qəddi azca əyilmiş, görmə qabiliyyəti zəif olan bir kişidir. Küçədən mühərrikin səsi gəlir. Görünür, onun maşınına nəsə olub.
Cey Bi (bir neçə saniyədən sonra). Mən sən deyən kimi edəcəyəm, Deyvid. Beşcə dəqiqədən sonra.
Deyvid (tox səslə, amma əslində hələ də narahatdır). Oldu. Cey Bi, mən onu düzəldəcəyəm. Minnətdaram, Con!
Cey Bi çıxır və Endrü Folk gözlərini Esterə zilləyir. Ester üzünü çevirir. Deyvid Folka sarı dönüb ondan hansısa məlumat almaq istəsə də xeyri olmur. Elə bu vaxt Pet Şorinin dükanından çıxır.
Pet. Axşamınız xeyir, mister Folk! Şorinin yanına getmək istəməzsiniz? Burada stul da yoxdur.
Folk dönüb zənnlə ona baxır.
Pet. Siz mühərriki yanılı qoymusunuz. İstəyirsiniz, gedim söndürüm?
Folk. Bəlkə tərpədə də bilərsən?
Deyvid. Məgər akkumlyatoru yatıb?
Folk (qımışaraq). Mənim başım çıxmır, amma nədisə yerindən tərpənmir. (Esterə). Sən də tez evə.
Ester (təbəssümlə Folka yaxınlaşır, amma toxunmur). Atacan, biz elə indicə evə getməyə hazırlaşırdıq.
Folk. Bi-iz?! Tez evə, Ester!
Deyvid. Biz sizinlə danışmaq istərdik. Mister Folk. (Şorinin dükanını göstərərk.) Orada söhbət edə bilərikmi?
Folk. Ester, sənə nə dedim?! Tez evə!
Deyvid (özünə nəzarəti itirərək). Mən istərdim ki, o burada qalsın, mister Folk.
Folk (hətta Deyvidə sarı gözünün qırağıyla da baxmadan). Bu dəqiqə evə! (Esterin əlindən tutub aparmaq istəyir. Ester müqavimət göstərir.)
Ester (az qala ağlaya-ağlaya). Ata, niyə axı? (Düz onun gözlərinin içinə baxaraq əlindən çıxır və küçəyə qaçır.)
Folk nəfəsini dərib ağır-ağır Deyvidə sarı dönür.
Deyvid (hiddətlə). Daha belə olmaz, mister Folk. Biz uşaq-zad deyilik, özü də...
Pet (onları sakitləşdirməyə cəhd edərək). Qulaq as, Folk, niyə axı, biz...
Folk (Peti nifrət dolu baxışlarına qonaq edərək, Deyvidə). Ay uşaq, Bivz, bu barədə söhbətə son qoyduq. Yoxsa səni...
Deyvid. Bilirsinizmi, siz məni gözü götürməyən yeganə insansınız. Başqaları...
Folk. Mən sənin əsl sifətinin tanıyan yeganə insanam.
Şori (dükanın qapısından). Di de görüm, onun sifətində nə var? Burada nə oyun çıxarırsan...
Folk (ilk dəfə səsini qaldıraraq, Şoriyə). Sənin öz sifətin hamıya çoxdan tanışdır, o zəhrimar dilini də ağzında saxla, çölə çıxarma. Nə qədər ki, mən buradayam...
Şori (təşvişlə Deyvidə). Bir ona bax, ağlını tamam itirib! Sən də onunla danışmaq istəyirdin. Ümumiyyətlə, ona toxunma, bir halda, o...
Folk (hirslə Şorinin üstünə atılır). Sən mumla... murdar köpək. Axırıncı balanı da qovdun - çək, bu da sənə Tanrı cəzası!
Şori (xırıltılı hiddətlə). Mənə xox gəlmə, Folk. Sən düz iyirmi ildir, gəbərmisən! Niyə axı özünü torpağa basdırmırsan?
Folk gözlənilmədən sakitləşib aralanır, boynunu paltosunun yaxalığıyla örtmək üçün çiynini qaldırır. Küçədən gələn mühərrik səsi kəsilir. Folk pəncərəyə baxır.
Deyvid. Yəqin mühərrik söndü. Sizin üçün onu işə salım?
Folk. Mənim heç nəyimə əl vurma! (Pauza!) Mən səni Esterlə çayın qırağında yaxalayanda nə edirdiniz? Mənə cavab verməyə kişiliyin çatacaqmı?
Deyvid (yadına salaraq). Amma... biz axı onda lap uşaq idik... elə-belə zəvzəyirdik, vəssalam.
Folk. Gəlib məndən icazə istəmədən! Hər dəfə siçan kimi deşikdən çıxırsan.
Deyvid. Amma... Es həmişə sizə deməkdən qorxub, elə mən də... çox güman... ona qulaq asmışam.
Folk. Elə indi də qorxursan, eləmi? Özü də bilirsənmi niyə, Bivz? Bil ki, mən sənin dabbaqda gönünə bələdəm.
Deyvil. Gönüm necədir ki?
Folk. Səninmi? Sən məhv olmuş adamsan. Mən axı sənin buzun üstə oturub açdığın deşikdən necə balıq tutduğunu da görmüşəm. Tək-tənha oturmuşdun, uşaq sifətli qoca! Keldon meşəsində qaladığın ocağı necə, unutmamısan ki? Az qala, kilsəni yandıracaqdın.
Deyvid. Siz nə danışırsınız, mən o ocağın heç yaxınında belə...
Folk. Bu işi ancaq sən görə bilərdin! Bu mənə gün kimi aydındır!
Eymos. O yanğın olanda biz zirzəmidəydik.
Folk (Eymosa baxaraq). Bəyəm mən koram? (Yenidən Deyvidə.) Esteri alan kişi gərək kişi olsun. Gərək ona bel bağlaya bilim, bütün ömrüm boyu ərsəyə gətirdiklərimi ona etibar edə bilim. O gərək Tanrısını tanıya, billə ki, haradan gəlib, hara gedir. Sən o adam deyilsən. (Dönüb getmək istəyir.)
Deyvid. Mən Esterlə evlənəcəyəm, mister Folk.
Folk dayanıb dönür.
Deyvid. Üzr istəyirəm, amma biz evlənəcəyik.
Folk. Qulaq as, Bivz, əgər bir də mən tərəfə ayaq qoysan səni tikə-parça eləyəcəyəm. Mənim sözlərimi yadda saxla... Mən zarafat eləmirəm, Bivz. Bir də Esterə yaxın getməyəsən. (Şoriyə.) Bu murdar insanla kəlmə kəsən sənin kimilər də bundan sonra mənim gözümün düşmənidir! (Təzədən getmək istəyir.)
Deyvid. Mən Esterlə evlənəcəyəm, mister Folk! Görərsiniz!
Folk. Sən gözlə hələ bir ağzının südü qurusun. Mənim yaşım çoxdur, dünyalar görmüşəm, nə dediyimi bilirəm. Özünü gözlə! (Giriş qapısına sarı gedib açır və küçələdə maşınını saxladığı səmtə baxır.)
Deyvid tərəddüd içindədir, o, hələ də ona öz köməyini təklif etmək istəyir.
Şori (Deyvidə və addımlayıb həm də öz-özünə). Qoy özü işə salsın, ona-buna nökərçilik eləmə!
Folk tələsik çıxır.
Pet (Deyvidə). Hər halda, bəlkə ona kömək eləyəsən?
Şori. Lazım deyil, Deyv! (Addımlayaraq Deyvidlə qapı istiqamətinin arasında dayanır.)
Deyvid (pəncərəyə baxaraq). O, bacarmayacaq, Şori, bacarmayacaq! (Çölə çıxmaq istəyir.) Mən gərək ona kömək edim!
Şori (onu itələyərək). Geriyə! (Folka xitabən.) Belə, atacan, canına cəfa ver! İtələ onu, itələ! Bərk itələ, it oğlu! Buradan çox da uzaq deyil, cəmi yarım kilometr! Hə, belə, güc ver! (Ucadan və kinayə ilə gülür.)
Deyvid (kreslonu kənara eləyərək). Bəsdir, yetər!
Şori. Onunla danışma! Sənin məsələn aydındır: axmaqsan ki, axmaq!
Deyvid (gözlənilmədən). Gedək, Eym, gedək Esteri götürək. Ancaq gərək o evə çatanacan, ötürə bilək. Doğru sözümdür, belə lazımdır!
Eymos (nə etməli olduğundan ehtiraza gəlib topu səhnənin o başına atır). Getdik!
Pet (Deyvidi tutub saxlayaraq). Olmaz, Deyv!
Deydid (hiddətlə). Yox, ata, mən belə etməliyəm!
Pet. Mən sənə qadağan edirəm! (Eymosa.) Sənə də onunla getməyi qadağan edirəm! (Deyvidə.) Öz qızıdır, özü bilər, Deyvid.
Deyvid. Öz qızıdır? Axı o qız məni istəyir!
Pet. Onda qoy, ordan çıxsın. Ora sənlik deyil.
Deyvid. Axı, bilirsənmi ondan necə qorxur?! Biz ikimiz bilərik. Heç cür başa düşə bilmirəm, niyə axı o mənim olmasın?!
Şori (kinayə ilə). Məgər bunu izah etməyə ehtiyac var?
Deyvid (sanki projektorun işığından gözləri qamaşaraq, bir anlığa dayanır). Bəli, ehtiyac var. Mən bir kişi nə etməlidirsə, hamısını etdim. Pis bir iş tutmadım, özü də...
Şori. Tutmalı da, deyildin!
Deyvid heyrətlə ona baxır.
Şori. İnsan dalğanın aparıb gətirdiyi meduza kimi bir şeydir. Başına nə gəldiyindən hətta özünün də xəbəri olmur. Sən nə vaxt axı bütün bunları qanacaqsan?
Deyvid ona baxmaqda davam edir.
Pet. Yaxşısı budur, get evə, yat. Yuxu ən böyük həkimdir, bunu özün də yaxşı bilirsən.
Cey Bi hövlnak daxil olur.
Cey Bi. Den öz «marmonuyla» haradadır?
Pet. O bura gəlməyib.
Cey Bi. Ay eşşək! Ona dedim ki, mən sürüb gətirərəm, amma məgər Den Dibbl özündən başqa kimsəyə sükanını etibar edərmi?! Mən qayıtdım ki, Elliyə öz planlarımı deyəm, geri dönəndə onu yerində görmədim. (Sola tərəf gedir.) Ay səni, balqabaq...
Deyvid. Yəqin o öz Berlisinə qayıtmaq qərarına gəlib.
Cey Bi. Yox, əminəm ki, o hələ buradadır. Xudbin köpəyoğlu. Yəqin, haradasa palçıqlı yolla... (Qəflətən susur. Küçədə maşın qapısının bərkdən örtüldüyü eşidilir. Hamı çıxışa tərəf qaçır.)
Deyvid (həyəcanla). Ester! (Cəld çölə çıxır.)
Bir neçə dəqiqə Eymos, Pet və Şori donmuş vəziyyətdə oturub qalır. Sonra Eymos çıxıb, dərhal da Den Dibblin qolundan tutaraq geri qayıdır. Den Dibblin bütün bədəni əsir, özünü zorla saxlayır.
Dibbl (havalı şəkildə). Pərvərdigara, sən özün başımızın üstə... İlahi, xilas elə...
Ester hönkürtüylə içəri girir. Deyvid və Cey onun qolundan tutub. Deyvid onu sakitləşdirməyə çalışır.
Deyvid. Bəsdir, ağlama, de görək, nə məsələdir. Ester, bəsdir, de görək, nə olub? Cey Bi!
Dibbl (Tanrını köməyə çağıra-çağıra, dua eləyə-eləyə Esterə yaxınlaşır). Mən onu görə bilməzdim! Onun hətta faraları da yanmırdı.
Esterin ucadan gələn hönkürtüsü Dibblin səsini batırır.
Deyvid (Denə). Nə baş verib? Sən nə eləmisən?
Dibbl. Pərvərdigara, sən özün başımız üstə...
Cey Bi (yaxın gəlib onun əlini üzündən çəkir). Den... yetər! Səni and verirəm, de görüm, nə baş verib?
Dibbl. Bu qızın atası... qoca... mən onu görə bilməzdim... faraları sönmüş maşını itələyirdi. Ümumiyyətlə, gözə heç nə görünmürdü. O, qəflətən qaranlıqdan çıxdı, mən də... mən də maşını onun üstünə... sürdüm.
Esterin hönkürtüsü kəsilir, müəyyən müddət sakitlik yaranır. Ester Deyvidə, Deyvid də ona baxır və sonra Deyvid sanki yuxudan ayılır.
Deyvid (Denə). O, indi haradadır?
Dibbl (arxasına işarə edərək). Mən onu evə apardım... qızı da ordaydı. Hadisə onun evindən bir neçə metr aralıda baş verdi.
Deyvid (dəhşət içində). Niyə həkim çağırmamısınız? (Giriş qapısına tərəf gedir.)
Ester. Lazım deyil, Deyvi... o ölüb!
Deyvid daş kimi donub qalır və bir dəqiqə sonra cəld geri dönür. Lunatik kimi Esterə tərəf bir neçə addım atıb gözlərini ona zilləyərək dayanır.
Ester. O öldü.
Deyvid nəzərlərini ilk öncə Petə, sonra Eymosa, Şoriyə, Denə dikir. Yəni, bu xəbər doğrudurmu? Sonra yenə Esterə baxır və gedib içinə mıx yığılmış çəlləyin üstə oturur.
Deyvid (pıçıltıyla). Mən qarğışa gəlmişəm! (Esterə tərəf gedir.) Çox mütəəssir oldum!
Ester. Burada heç kimin günahı yoxdur, sadəcə, o yazığınkı da belə gətirdi.
Pet (Deyvidə yaxınlaşır). Yaxşısı budur, evə gedəsən, Deyv.
Deyvid (ayağa qalxır, Esterə yaxınlaşıb əlindən tutur). Es, mən doğrudan da çox mütəəssir oldum!
Ester başını qaldırır və birdən onun sifətində təbəssüm yaranır.
Deyvid (mərhəmət hissiylə Esteri qucaqlayıb ağlamsınır). Lazım deyil, Es, bəsdir ağladın. Xahiş edirəm! Con bu gün səni öz evinə götürəcək. Yaxşımı, Con?
Cey Bi. Mən elə də eləyəcəyəm (Esterin əlindən tutur.) Qız, gəl gedək. Hər şeyi mən özüm eləyəcəyəm.
Deyvid. Gecən xeyirə qalsın, Es. Amma bax, yat ha, oldumu?
Ester. Özünü günahkar hiss etmə, Deyvi.
Deyvid. Yəqin onu qızışdırıb özündən çıxarmaq lazım deyilmiş. Günahım ancaq budur. Amma o dedi ki, (səsində gülüş çalarlarıyla.) mənim heç nəyimə əl vurma.
Ester. Sənin günahın yoxdur, anlayırsan, heç bir günahın yoxdur!
Deyvid (tərəddüdlə başını tərpədir). Get yat, gedin.
Cey Bi (Esteri özüylə apararaq). Biz evə çatan kimi yatacaqsan.
Dibbl (onların ardınca səhnənin sağ tərəfinə gedir, sonra Deyvidə tərəf dönərək). Əgər maşında qan izləri olsa, silərsən, yaxşımı? Xahiş edirəm!
Den çıxır. Deyvid onun ardınca baxır.
Şori. Məni evə apar, Deyv.
Deyvid. Hə? Yox, bir azdan. Gərək onun maşınına bir baxam. Onu ötür, ata.
Pet (Şorinin kreslosunun arxasından tutur.) Əlbəttə. Gedək, Eymos.
Şori. Oyan, ey div yuxusuna getmiş! Vadidə yüz on akr ən əla torpaq! Pis deyil, hə?
Deyvid (hələ də məhəl qoymadan). Deyəsən, pis deyil.
Şori. Qardaş, belə fürsət bir də sənin əlinə düşməyəcək. (Təxminən zümzümə eləyərək.) Meduzalar üzmürlər. Dalğa özü onu gah o başa, gah bu başa sürüb aparır. Bu sözlərimi qulağına sırğa elə. (Petə.) Getdik, atacan.
Gedirlər. Deyvid hələ də çaşqınlıq içindədir, sanki ayaqüstəcə donub.
Pərdə.

İKİNCİ ŞƏKİL

 

Ardı jurnalda

DİGƏR MƏQALƏLƏR